Страницы

20.06.2015

Peyğəmbərdən (s) nəsihətlər

Həzrət Rəsuli-Əkrəmdən (s) mükəmməl sözlər, nadir və bənzərsiz hikmətli kəlamlar

◘Qur`an (bəşəriyyətin dərdinə) dərmandır. Dua ibadətin həqiqətidir. Borc zillətdir. Tədbir həyatın yarısıdır.

◘İnsanlarla xoş davranmaq əqlin yarısıdır. Qüssə qocalığın yarısıdır. Yaxşı sual soruşmaq elmin yarısıdır. Ailənin azlığı sərvət deməkdir. Salam vermək danışıqdan qabaqdır.

◘Süd xasiyyəti dəyişər. Bərəkət qocalardadır. Hər bir işin dəyəri (yaxşı və ya pis olması) onun axırından asılıdır. Dinin me`yarı pəhrizkarlıqdır (günahdan çəkinməkdir). Allahdan qorxmaq ən üstün hikmətdir.

◘Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir. İmkan olduğu halda borcu qaytarmamaq zülmdür. İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.) Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür. Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir.


◘Oruc (cəhənnəm odu qarşısında) sipərdir. Mülayim və xoşrəftar olmaq bütün hikmətlərin ən üstünüdür. Hikmət həkimlərin (hikmət sahiblərinin) itkisidir. Xoşrəftar olmaq ən gözəl xasiyyətdir. Cavanlıq dəliliyin bir hissəsidir.

◘Qadınlar şeytanın tələləridir. Şərab bütün günahların başıdır. Zina yoxsulluğa səbəb olar. Gözün zinası baxmaqladır. Qızdırma (hərarət) mö`minin cəhənnəmdən olan payıdır.

◘Qənaət (qane olmaq) mümkün olmayan bütün işlərin sərmayəsidir. Əmanətdarlıq ruzi gətirər. Xəyanət fəqirlik gətirər. Sübh çağı yatmaq ruzini kəsər. Əmmamə mələklərin tacıdır.

◘Həya başdan ayağa xeyirdir. Həyanın xeyirdən başqa səmərəsi yoxdur. Məscid pəhrizkarların evidir. Elmin afəti (onu zərərə uğradacağı şey) unutqanlıqdır. Sözün (danışmağın) afəti yalandır.

◘Ağılın afəti səfehlikdir. İbadətin afəti süstlükdür. Şücaətin afəti zülm etməkdir. Səxavətin afəti minnət qoymaqdır. Gözəlliyin afəti özünübəyənmə və təkəbbürdür.

◘Həsəb-nəsəbin (əsil-nəcabətin) afəti iftixar etməkdir. Dinin afəti nəfs istəklərinə tabe olmaqdır. Xoşbəxt odur ki, başqalarının başına gələnlərdən ibrət alsın. Günahın kəffarəsi peşman olmaqdır. Cümə namazı kasıbların (yaxud həccə getməyə imkanı olmayanların) həccidir.

◘Həcc hər bir imkansızın cihadıdır. Halal mal qazanmaq cihaddır. Elmi gizlətmək caiz deyil (yolverilməzdir.) Hazır (şahid) müşahidə edənləri qaib (qeyri-şahid) görmür. Xeyir işə vasitə olan və onun baş tutmasına səbəb olan şəxs, xeyri yerinə yetirən kimidir.

◘Hər bir yaxşı iş sədəqədir. İnsanlarla xoş davranmaq sədəqədir. Xoş söz sədəqədir. Abır-həyanın qorunması üçün sərf olunan hər bir şey sədəqə savabına malikdir. Qohuma sədəqə vermək həm sədəqədir, həm də sileyi-rəhm (qohum-əqrəbanı yoluxmaq.)

◘Sədəqə pis ölümün qarşısını alar. Gizli sədəqə Allahın qəzəbini söndürər. Sileyi-rəhm ömrü uzadar. Yaxşı işlər pis ölümlərin qarşısını alar. Sədəqə, su odu söndürdüyü kimi əzab atəşini söndürər.

◘Hər kəs sədəqə verməkdə həddini aşsa, sədəqəni qadağan edən şəxs kimidir. Tövbə edən günah etməyənlə bərabərdir. Zülm qiyamətin qaranlığıdır. Gülmək qəlbi öldürər. Susuzluqdan ciyəri yanan hər bir kəsə su verməyin (Allah yanında) mükafatı var.

◘Əməl sahibi olan alimlər camaat arasında Allahın e`tibar etdiyi şəxslərdir. Behişt səxavətlilərin evidir. Behişt qılıncın kölgəsi altındadır. Behişt anaların ayaqları altındadır.

◘Azan və iqamə arasında edilən dua geri qaytarılmaz. Halal ruzi kəsb etmək də vacibdir, lakin ümdə vaciblərdən (namaz, oruc) sonra. Xərci bütün qadınlardan az olan qadının bərəkəti digər qadınlardan daha artıqdır. Mö`min mö`minin güzgüsüdür. Mö`min mö`minin qardaşıdır.

◘Mö`minin xərci azdır. Mö`min ayıq-sayıq və zirəkdir. Mö`min ülfət və səmimiyyət əhlidir. Mö`min o kəsdir ki, camaatın malı və canı ondan amanda olsun. Facir (pozğun, günahkar) hiyləgər və alçaqdır. Mö`minlər bir tikilinin tərkib hissələri olduqları üçün bir-birlərini saxlayırlar. Mö`minin Mö`minə nisbəti, başın bədənə nisbəti kimidir. Mö`min qiyamət günü öz sədəqəsinin kölgəsi altındadır. Mö`minlər güzəştə gedən və yumşaq təbiətlidirlər. Qış mö`minin baharıdır. (Ona görə ki, qışın gecələri uzun olduğu üçün ibadət etməkdən ötrü, gündüzləri də qısa olduğu üçün oruc tutmaqdan ötrü münasibdir.)

◘Dua mö`minin silahıdır. Namaz mö`minin nurudur. Dünya mö`minin zindanı, kafirin behiştidir. Hikmət mö`minin itkisidir. Mö`minin niyyəti əməlindən üstündür.

◘Dilənçi Allahın mö`minin evinə göndərdiyi töhfədir. Ölüm mö`minin ərməğanıdır. Mö`minin şərəfi onun gecə namazı ilədir. Mö`minin izzəti camaata möhtac olmamağı ilədir. Elm mö`minin dostu, helm (həlimlik, yumşaqlıq) köməkçisi, əql yolgöstərəni, əməl bələdçisi, xoşrəftar olmaq atası, yaxşılıq qardaşı, səbr isə bütün qoşununun əmiridir.

◘Qeyrət imanın yarısıdır. Həya imandan irəli gəlir. Təvazökarcasına olan münasib geyim imandan irəli gəlir. Səbr imanın yarısı, yəqin isə onun hamısıdır. İman iki qismdir; yarısı səbr, yarısı şükr.

◘İmanın nişanəsi namazdır. Müsəlman odur ki, digər müsəlmanlar onun dilindən və əlindən amanda olsunlar. Müsəlman müsəlmanın qardaşıdır, nə ona zülm edər, nə də ona pis söz deyər. Müsəlmanlar düşmən müqabilində bir əl kimidirlər. Elm öyrənmək hər bir müsəlmana vacibdir.

◘Müsəlmanın qanı, malı və namusu bütün müsəlmanlara haramdır. Müsəlmanın malı da canı kimi möhtərəmdir. Mücahid (cihad edən) o kəsdir ki, Allah yolunda özü ilə döyüşsün. Zirək o kəsdir ki, öz nəfsini ram etsin və ölümdən sonrakı həyatı üçün (əməl vasitəsilə) çalışsın. Bacarıqsız o kəsdir ki, meylini nəfsani istəklərinin ardınca salır, Allahdan isə xam-xəyalla gözəl şeylər arzulayır.

◘İnsan qardaşları vasitəsi ilə artar və qüdrətlənər. İnsan dostunun dini ilə ölçülər. Hər kəs sevdiyi şeyə yaxındır. İnsanın kərəmi dini ilə, alicənablığı ağlı ilə, nəsəbi (əsl-nəcabəti) əxlaqı ilə müəyyən olunar. Müsəlman şəxsin yaxşı əməl sahibi olmasının əlaməti faydasız işləri tərk etməsidir.

◘İnsanlar darağın dişləri kimi bərabərdirlər. (Yə`ni Allahın hökm və göstərişləri müqabilində birdirlər.) İnsanlar qızıl və gümüş mə`dənləri kimidirlər. (Yə`ni fərqli əxlaq və ruhiyyə üzrə yaradılmışlar.) Ehtiyacsızlıq camaatın malına tamah salmamaqladır. Allaha iman gətirdikdən sonra əqlin əsası insanları sevməkdir. Hər kəs özünün mühasibidir.

◘Hər bir gələcək yaxındır. Naməhrəmə baxan hər bir göz zinakardır. Hər şeyin müəyyən bir əndazəsi var, hətta bacarıqsızlığın da. Hər alim elmin aşiqidir. Hər şeyin əsası var, bu dinin də əsası dərrakə və tədbirdir.

◘Sizdən hər biriniz digəriniz üçün nəzarətçi, əlinizin altında işləyənlərdən ötrü isə məs`uliyyətlisiniz. Qiyamət günü hər bir xainin öz xəyanətləri qədər bayrağı var. Qiyamət günü insandan soruşulacaq birinci haqq qan haqqıdır. (Qiyamət günü) hesabı çəkiləcək birinci vəzifə namazdır.

◘(Qiyamət günü) mizan tərəzisinə qoyulacaq birinci şey xoş xasiyyətdir. Bu ümmətdən götürüləcək birinci şey həya və əmanətdir. Din işlərində əldən verəcəyiniz birinci şey əmanət, axırıncı isə namazdır. Dostluq və düşmənçilik irsiyyətə keçər. Sevgi-məhəbbət insanı xar və kor edər.

◘Hədiyyə gözü və qulağı oğurlayar. Xeyir atın nalına bağlıdır. Qırmızı tüklü at mübarək hesab olunur. Səfər əzabın bir hissəsidir. Qadına itaət etmək peşmançılığa səbəb olar.

◘Danışıq bəla gətirər. Oruc səbrin yarısıdır. Hər şeyin zəkatı var, bədənin də zəkatı orucdur. Oruc tutan şəxsin duası geri qaytarılmaz. (Əgər oruc bütün şərtlərə malik olsa) Misvak (diş fırçalamaq üçün xüsusi ağac) fəsahəti (rəvan danışığı) artırar.

◘İmam-camaat (pişnamaz) ona iqtida edənlərin qiraət barəsində ona arxayın olduqları şəxs, müəzzin (azan verən) isə camaatın namazın vaxtı barəsində ona arxayın olduqları şəxsdir. Mənim şəfaətim böyük günah sahibi olan müsəlmanlar üçündür. Allahın əli yardımı cəmiyyətlədir. Sükut hikmətdir, lakin çox az adam ondan istifadə edir. Ruzi insan dalınca ölümdən möhkəm qaçır.

◘İnsanın yoldaşlığı və xoşxasiyyəti bə`zi ticarətlərdən daha yaxşıdır. Cəsarətsiz tacir məhrumdur. Cəsarətli tacir fayda əldə edər. Xoş əxlaq bərəkət, pis əxlaq isə bədbəxtlik gətirər. Dünya rüsvayçılığı axirət rüsvayçılığından asandır.

◘Bəla zamanı səbr etmək daha dəyərlidir. Altmış və yetmiş yaş arası ölümün cövlan etdiyi vaxtdır. Fırıldaq və hiyləgərlik atəş içindədir. And içməyin nəticəsi ya yanlışlıqdır ya da peşmançılıq. Yalandan and içmək evləri boş qoyar.

◘Al-ver zamanı yalandan and içmək malın zay olmasına və qazancın bərəkətinin itməsinə səbəb olar. Faydası olamayan elm xərclənməyən xəzinə kimidir. Yemək yeyib şükr edən kəsin mükafatı oruc tutub səbr edənlə bərabərdir. Namaz hər bir pərhizkarın Allaha yaxınlaşma vasitəsidir. Bəndə ilə küfr arasında fasilə namazı tərk etməkdir.

◘Namazın dində olan mövqeyi başın bədəndə olan mövqeyi kimidir. Doğruçuluq aramlıq, yalan isə iztirabdır. Qur`an elə bir sərvətdir ki, yoxsulluq gətirməz və elə bir hidayətdir ki, azğınlıq gətirməz. Qəza və qədərə olan iman qüssəni aradan aparar. Dünyada zahidlik etmək qəlbin və bədənin asayişidir.

◘Dünyaya rəğbət qəm-qüssəni artırar. Bekarçılıq qəlbin qəsavətinə səbəb olar. Alim və tələbə xeyirdə şərikdirlər. Əl zamindir ki, götürdüyü hər bir şeyi ötürsün. Övlad qadının qanuni ərinə məxsusdur, zinakarın payı isə daşdır. (Övladın zinadan olmadığı dəqiq mə`lum olsun, əks təqdirdə, ərə məxsus deyil).

◘Dilənçi ata minmiş olsa də haqqı var. Görəsən hansı dərd paxıllıqdan böyükdür? Bəxşiş verdiyi şeyi geri alan şəxs, qusduğunu yeyən it kimidir. Yaşıllığa baxmaq gözün nurunu artırar. Qiyamət günü dəstəmazın tə`sirindən mənim ümmətimin əl-üzü nurani olar.

◘Naməhrəmə baxmaq iblisin zəhərli  oxlarındandır. Qorxu və cür`ət iki qərizədir ki, Allah onları istədiyi qəlbə verər. Xəstəliyi, sədəqəni, müsibət və bəlanı gizlətmək gözəllik xəzinələrindəndir. (Lakin xəstəliyi gizlətməyin müalicəyə dəxli yoxdur.) İnsanın xoşbəxtliklərindən biri də budur ki, atasına oxşasın. (Yə`ni xoş əxlaq cəhətdən, çünki bu oxşarlıq halalzadə olmağın əlamətidir.) Xoşbəxtliklərdən biri də gözəl əxlaqdır.

◘Dünyada yaxşı iş görənlər axirətin də yaxşı iş görənləridir. Adəm övladının danışdıqlarının hamısı öz zərərinədir, əmr be mə`ruf, nəhy əz münkər və Allahın zikrindən başqa. Peyğəmbərlər yol göstərənlərdir, dərindən düşünüb dərk edənlər isə ali insanlardırlar. Onlarla həmnişin olmaq isə xeyir gətirər. Yeməkdən sonra əlləri yumaq isə qüssəni aradan aparar və gözün nurunu artırar. Tacir ruzi intizarındadır, möhtəkir isə (baha satmaqdan ötrü mal alıb yığan) lə`nət intizarında.

◘Bütün səadət Allaha itaətdə keçən uzun ömürdədir. Vay olsun o kəsə ki, ailəsi üçün xeyir qoyub gedir, Allahın hüzürunda isə şərlə varid olur. (Yə`ni qoyub getdiklərindən ötrü mal-dövlət qoyar, günahlarını isə qəbrə ararar.) Məzlumun (zülm olunan şəxsin) duası qəbuldur, hətta günahkar da olsa.

***
Həzrət Rəsuli-Əkrəmin (s) digər tərzdə olan ürəkoxşayan sözləri

◘Bilin ki, ən iti görən göz odur ki, xeyir yolunda açılsın. Bilin ki, ən iti eşidən qulaq odur ki, qəlbi (qəflətdən) oyadan söz eşitsin. Bilin ki, batil yolda mal sərf etmək israf və bədbəxtçilikdir. Bilin ki, qənaət və şəhvətə hakim olmaq ən böyük şərəf və təqvadır.

◘Bilin ki, dünya evində mö`minlik və zahidlikdən başqa yolla onun zərərlərindən salamat qalmaq olmaz və onun yemi olanlar, ondan nicat tapmaz. Bilin ki, sizin qiymətiniz, dəyəriniz behiştdən başqa bir şeyə dəyməz, məbada özünüzü ondan başqa bir şeyə satasınız. Bilin ki, təqva gözəl yerişli bir atdır, pərhizkarlar ona minib cilovunu əllərinə alıblar və o da onları behiştə tərəf aparır. Bilin ki, günah ram olmayan tərs ata bənzəyir; günahkarlar onun tərkinə minmişlər. Əgər yüyəni əllərindən çıxarsalar onları cəhənnəmin uçurumuna atar. Bilin ki, bu gün hazırlıq günü, sabah isə müsabiqədir. Müsabiqə behişt uğrundadır, məğlub olanların aqibəti isə cəhənnəmdir. Bilin ki, yoxsulluq bəladır, yoxsulluqdan da pis bədənin ağrılarıdır, ondan da pisi qəlbin (ruhun) xəstəliyidir.

◘Bilin ki, bol sərvət Allahın ne`mətlərindəndir. Mal-dövlətdən də yaxşı bədənin sağlamlığıdır. Sağlamlıqdan da yaxşı qəlbin təqvasıdır. Bilin ki, hər kəs düşünmədən bir işə başlasa gərək gözlənilməz hadisələrin intizarında olsun. Bilin ki, dərrakəli insan hər işə dəqiq, məqsədyönlü şəkildə və uzaqgörənliklə başlayan şəxsdir. Bilin ki, səfər (dünyadan köçmə) təbilini vurublar və yol azuqəsini də müəyyən edib tanıtdırıblar; belə isə öz canınızı qoruyun və özünüzlə yol azuqəsi götürün. Bilin ki, cihadın qiyməti behiştdir. Hər kəs özü üçün cihad etsə behiştə malik olar. Allahın ən böyük savabı o kəs üçündür ki, özünü tanısın.

◘Bilin ki, dinin hökmləri səhih və dəqiq olma baxımından birdir və onun yolları mö`tədildir. Hər kəs din yolu ilə getsə qənimət əldə edər və hər kəs üz döndərsə yolunu azıb peşman olar. Bilin ki, bilməyən kəs heç vaxt öyrənməkdən utanmasın. Çünki hər kəsin dəyəri onun mə`lumatı və elmi qədərdir. Agah olun! Dillər azad, bədənlər sağlam, bədən üzvləri ixtiyarınızda, şərait (meydan) geniş, macal çoxdur. Nə qədər ki, ölüm yetişməyib əməl sahibi olun!

***
Rəsuli-Əkrəmin (s) başqa şəkildə olan ibrətamiz kəlamları

◘Hər kəs sükut etsə nicat tapar. (O yerdə ki, danışmaq nəticə verməz.) Hər kəs Allaha görə təvazökarlıq etsə Allah onu ucaldar. Hər kəs təkəbbür etsə Allah onu xar edər.

◘Hər kəs başqalarının xətalarından keçsə, Allah da onun günahlarından keçər. Hər kəs başqalarını bağışlasa, Allah da onu əfv edər. Hər kəs müsibətə səbr etsə Allah onu (müsibəti) əvəz edər. Hər kəs öz qəzəbini udsa, Allah ona əcr verər. Hər kəs dolanışığında əndazə saxlasa Allah onun ruzisini verər. Hər kəs bədxərclik etsə Allah onun ruzisini kəsər. Hər kəs hökmdarların qapısına yaxınlaşsa əziyyət görər. Hər kəs öz malının müdafiəsi zamanı öldürülsə şəhid hökmündədir. (Bir şərtlə ki, özünü dünya malından ötrü bilərəkdən ölümə atmasın.)

◘Hər kəs öz ailəsini müdafiə edən zaman ölsə şəhid hesab olunar. Hər kəs öz dinini müdafiə edən zaman öldürülsə şəhid hökmündədir. Allah hər kəsi istəsə ona xeyir verər və ona dini bilik inayət edər. Hər kəs behiştin arzusundadırsa gərək xeyirli işlərə tələssin. Hər kəs atəşdən qorxur gərək şəhvətlərdən özünü qorusun.

◘Hər kəs ölüm intizarındadırsa gərək ləzzətlərə göz yumsun. Hər kəs dünyaya rəğbətsiz olsa müsibətlər ona asan gələr. Hər kəs öz əlaltılarının qollarının gücü hesabına izzət ələ gətirmək istəsə Allah onu zəlil edər. Hər kəs qarşı saxtakar və yalançı olsa bizdən deyil. Hər kəs bizim din işlərində özündən bid`ət (dində olmayan şeyi dinə aid etmək) icad etsə dindən çıxıb (müsəlman deyil).

◘Hər kəs aramla iş görsə öz məqsədinə yetişər və ya ona yaxınlaşar, amma hər kəs tələsik iş görsə ya xəta edər, ya da xətaya yaxınlaşar. Hər kəs xeyir əksə rəğbət və xoşluq biçər, hər kəs şər əksə peşmançılıq biçər. Hər kəs bilsə ki, Allah əvəz verir, səxavətlə bəxşiş verər. Hər kəs istəyir ən hörmətli şəxs olsun Allahdan qorxsun. Hər kəs istəyir ən ehtiyacsız şəxs olsun gərək öz əlində olandan daha çox Allahın əlində olana ümidvar olsun.

◘Hər kəs günah etməyə çalışsa, sonra məqsədindən dönsə onun üçün savab yazılar. Hər kəsə ki, Allah xeyir verib gərək həmin xeyrin əlaməti onda görsənsin. Hər kəsin danışığı çox olsa xətası da çox olar, hər kəsin xətası çox olsa günahı da çox olar, hər kəsin günahı çox olsa onun üçün atəş yaxşıdır. Hər kəs ruzi yolu tapsa əlindən buraxmasın, hər kəs ne`mət tapsa şükr etsin.

◘Hər kəs azdan ötrü şükr etməsə çoxdan ötrü də şükr etməz. Hər kəs müsibət üz verən adama təskinlik versə onun qədər savab əldə edər. Hər kəs mənim ümmətimlə xoş davransa Allah da onunla xoş davranar. Hər kəs xəstəyə baş çəksə behiştlik iş görüb. Hər kəs zalımla yol getsə günahkardır. (Bir şərtlə ki, ona zülm etməkdə kömək etsin və ya onun əlaltılarından hesab olunsun.)

◘Hər kəs müəyyən bir dəstəyə oxşasa onlardandır. (Yə`ni, öz əqidə və rəftarında hər hansı bir millətə oxşayan şəxs cəza və mükafatda da onlarladır.) Hər kəs elm tələbində olsa Allah onun ruzisinə zamindir. Hər kəsin elmi ona fayda verməsə, cəhaləti ona ziyan verər. Əməli onu geri aparan şəxsi nəsli irəli apara bilməz. Hər kəs qazi (qəzavət edən, mühakimə edən) olsa, başı bıçaqsız kəsilib.

◘Hər kəs öz malını əlində daşısa təkəbbürdən uzaqdır. Hər kəs şəfaəti inkar etsə ondan binəsib olar. Hər kəs yaxşı işdən xoşhal, pis işdən narahat olur mö`mindir. Hər kəs Allahdan qorxursa (cavanlıq və qüdrətli vaxtında) Ona itaət etməyə çalışsın və hər kəs çalışsa mənzilə yetişər. Hər kəs axirət izzət və şərəfini istəyir gərək dünya zinətlərindən əl çəksin.

◘Hər kəs gecə çox namaz qılsa, gündüz üzü nurani olar. Hər kəs dünyanı sevsə öz axirətinə ziyan vurur və hər kəs qəlbini axirətə bağlasa dünyaya zərər vurar. Hər kəs Allahın qüdrətini yüngül tutsa Allah onu xar edər və hər kəs Allahın qüdrətinə ehtiram etsə Allah onu əziz tutar. Hər kəs hansı işi sevsə - xeyir və ya şər - onu yerinə yetirən kimidir. Hər kəs Allahın adı ilə sizi sığınsa ona sığınacaq verin və hər kəs sizə Allaha and versə və nəsə istəsə, istədiyini ona verin.

◘Hər kəs sizi bir yerə də`vət etsə, də`vətini qəbul edin. Hər kəs sizə bir yaxşılıq etsə siz də onun əvəzini qaytarın. Əgər bacarmasınız həmin yaxşılıq ona çatana qədər onun üçün dua edin. Sizdən hər biriniz çox istədiyiniz (tamahınız çəkdiyiniz) bir şeyin ardınca gedəndə aramla gedin. Allah hər kəsə altmış il ömür versə (ömür cəhətdən) onun üçün heç bir üzr qoymayıb. Hər kəs gecəni səhər etsə və bir kəsə zülm etmək fikrində olmasa Allah onun günahlarını bağışlayar.

◘Hər kəs həya pərdələrini yırtsa, qeybəti yoxdur. (Onun barəsində edilən qeybət qeybət deyil.) Hər kəs öz pis əməlinə görə narahat olarsa istiğfar etməsə də Allah onu bağışlayar. Hər kəs Allahla görüşməyi sevirsə, Allah da onunla görüşməyi sevir, hər kəs ki, Allahla görüşməyi sevmir, Allah da onunla görüşməyi sevmir. Ondan elmi sual soruşularkən cavab verməyən alimin ağzına atəşdən yüyən vurular. Hər kəsin üzünə bir xeyir qapısı açılsa onu qənimət bilsin, hətta nə vaxt bağlanacağını bilməsə də.

◘Hər kəs öz qəzəbini işlədə bilsə və (Allaha xatir) onu sakitləşdirsə Allah onun qəlbini iman və əmniyyətlə doldurar. Hər kəs imanın ləzzətini dadmaq istəyirsə gərək saleh insanları sırf Allaha görə sevsin. Hər kəs qeyri-şər`i yolla pul ələ gətirsə onu çətin və xoşagəlməz işlərə xərcləməli olar. Hər kəs yoldaşlıq və mehribanlıqdan öz payını götürsə, dünya və axirətdən öz payını aparıb. Hər kəs Allaha olan məhəbbəti insanlara olan sevgidən üstün tutsa (Allahın məhəbbətini üstün tutsa) Allah onu camaatın şərindən qoruyar.

◘Hər kəs özünə behiştin ortasında məskən seçmək istəyirsə gərək xalqdan (yə`ni, müsəlmanların dini e’tiqad və göstərişlərindən ayrılmasın. Hər kəs peşman olduğu bey`əti pozsa, qiyamət günü Allah onun xatalarından keçər. Hər kəs ana və övladı arasında ayrılıq salsa, qiyamət günü Allah onunla dostları arasında ayrılıq salar. Hər kəs yoxsula əl tutsa Allah onun dünya və axirət işlərini asanlaşdırar. Hər kəs ona borclu olub borcunu qaytarmağa imkanı olmayan şəxsə möhlət versə və ya borcun müəyyən hissəsini ona bağışlasa qiyamət günündə (ilahi kölgədən olmayan bir zamanda başqa kölgə) Allah ona ərşin kölgəsində yer verər.

◘Hər kəs dünyada ikidilli olsa Allah onun üçün oddan iki dil qərar verər. Hər kəs icazəsiz başqasının yazısına baxarsa, elə bil atəşə baxır. Hər kəs əmr be mə`ruf etsə bu işi Allah bəyənən şəkildə (gözəl şəkildə) etsin. Hər kəs qırx gün özünü (əməllərini) Allahdan ötrü xalis etsə, hikmət çeşmələri qəlbindən dilinə axar. Allaha və axirət dünyasına imanı olan hər kəs gərək qonşusuna hörmət edib onunla xoş keçinsin.

◘Hər kəsin Allaha və qiyamət gününə imanı var xeyir söz danışsın ya da sakit otursun. Hər kəs bir kafiri müsəlman etsə behişt ona vacib olar. Hər kəs bir müsəlmana gizlincə kömək etsə Allah dünya və axirətdə ona kömək edər. Hər kəs mö`min qardaşının qəlbindən bir dünya qüssəsini aparsa, Allah onun qəlbindən bir axirət qüssəsini aparar. Hər kəs mö`min qardaşının ehtiyacını aradan aparsa, Allah da onun ehtiyacını aradan aparar. 

◘Hər kəs mö`min qardaşının eybini örtsə Allah dünya və axirətdə onun eyblərini örtər və nə qədər ki, bəndə mö`min qardaşına kömək edir Allah da onun köməyi olar. Hər kəs hətta toyuq-cücə hini boyda da olsa bir məscid tiksə Allah onun üçün behiştdə bir ev qərar verər. Hər kəs elm arxasınca getsə və tapsa iki savabı var və hər kəs elm arxasında getsə lakin tapmasa bir savabı var. Hər kəs elmi şöhrət qazanmaqdan ötrü bir vasitə qərar versə və camaatın qulağını öz elminin avazı ilə doldursa qiyamət günü Allah camaatın qulağını onun rüsvayçılıqları və biabırçılıqları ilə doldurar və onu həqir və dəyərsiz edər. Hər kəs axirət əməllərini dünya qazanmaqdan ötrü vasitə qərar versə axirətdə heç bir payı yoxdur.

◘Hər kəsə yaxşılıq etsələr əvəzini qaytarsın, əgər qaytara bilməsə təşəkkür etsin. Çünki təşəkkür həmən yaxşılığın əvəzidir. Hər kəsə bir yaxşılıq etsələr və təşəkkür etməkdən başqa əvəzini qaytarmağa imkanı olmasa gərək təşəkkür etsin və əgər etməsə naşükürlük etmiş olur. Hər kəs dünyada Əbdül-Müttəlibin nəslinə yaxşılıq etsə və onun yaxşılığının əvəzini qaytarmasalar mən qiyamət günü onun əvəzini verərəm. Hər kəs bir övrət (insanın eyib yeri) görüb onu örtsə, elə bil, qəbirdəki insan can verib onu qəbirdən çıxardıb. Hər kəs ümidini Allahdan başqa hər kəsdən üzsə Allah onun bütün ehtiyaclarını ödəyər və güman etmədiyi yerdən ruzisini yetirər və hər kəs ümidini dünyaya bağlasa Allah onu dünyada öz başına buraxar.

◘Hər kəs camaatın ondan xoşu gəlsin deyə Allaha günah etsə, elə gözünü dikdiyi camaat onu məzəmmət edər. Hər kəs Allahın razılığını qazanmaqdan ötrü camaatın acığına gələn iş görsə Allah özü ondan razı qalar və camaatı da ondan razı salar və hər kəs camaatın xoşuna gəlməkdən ötrü Allahın razılığına qarşı zidd bir iş görsə Allahın ona acığı tutar və camaatı da ondan narazı edər. Hər kəs dünyada etdiyi pis əməlinin cəzasını elə dünyada çəksə, Allah öz bəndəsini iki dəfə cəzalandıracaqdan daha ədalətlidir. Hər kəsin ki, Allah günahını dünyada bağışladı və onu rüsvay etmədi (axirətdə də bağışlananlar cərgəsindədir.) Allah öz əfvindən dönməkədn daha kərimdir. Hər kəsin onu xəlvətdə günahdan çəkindirəcək təqvası olmasa elmindən ibadət yolunda zərrə qədər də işlətməyib.

◘Hər kəs öz namazlarını camaat arasında gözəl, xəlvətdə isə pis qılsa Allaha xəyanət edib. Hər kəsin namazları onu pis əməllərindən çəkindirmirsə Allahdan uzaq düşməkdən başqa bir şey əldə etməyib. Hər kəs məqsədinə günah vasitəsi ilə çatmaq istəsə xeyri az, zərəri isə daha çox olar. Hər kəs saleh qəlbə malik olsa Allah onun qəlbindən çöhrəsinə məhbubiyyət gətirər ki, onunla tanınıb məşhurlaşar. Hər kəs bir işdən ötrü and içə sonra ondan daha  yaxşı bir iş irəli gəlsə gərək kəffarə versin və daha yaxşı olan işi yerinə yetirsin.

◘Hər kəsin bir qız uşağı olsa və ona yaxşılıq etsə həmin qız onunla atəş arasında sipərə çevrilər. Hər kəs də`vət olunmadan süfrə başında otursa oğurluğa gedib ev qarət edən şəxs kimidir. Hər kəs müsəlman qardaşına xeyir yetirsə və ya onun çətinliyini aradan aparsa (Allah qədəmlər titrəyən gündə ona sirat körpüsündən keçməyə kömək edər. Hər kim ki, qonaq gedir, ev sahibinin icazəsi olmadan müstəhəb oruc tutmasın. Hər kəs (dində olan) bid`ətlərin qarşısını alsa Allah onun qəlbini iman və əmniyyətlə doldurar.

◘Hər kəs bid`ətlərə arxa çevirsə Allah böyük vəhşət günündə onu amanda saxlayar. Hər kəs sağlam bədənə, xatircəmlik və əmniyyətə və bir günlük ruziyə malik olsa elə bil ki, bütün dünyaya malikdir. Hər kəs müsəlmanlardan birinin işi üçün qabağa düşsə (o işə rəhbərlik etsə) Allah da onun üçün xeyir istəyər və ondan ötrü saleh bir müavin tə`yin edər ki, Allahı yaddan çıxardıqda onun yadına salsın, yadında olanda ona kömək etsin. Hər kəs camaata əziyyət verməsə, yalan deməsə və və`dəsinə xilaf çıxmasa alicənablığı kamil, ədaləti aşkar, onunla qardaşlıq vacib, qeybəti haram olan kimsələrdəndir. Hər kəs dilini və övrətini (zinadan) qorusa behiştə daxil olar. Hər kəs bilərəkdən mənə yalan nisbət versə yeri cəhənnəmdir.

***
Rəsuli-Əkrəmdən (s) olan moizələr

◘Behişt narahatçılıq və əziyyətlər qapısının arxasında, cəhənnəm isə şəhvət və ehtiraslar qapısının arxasındadır. Allahın məhəbbəti qəzəblənən zaman həlim olmağı bacaranlara vacibdir. Mən mükəmməl sözlərlə məb`us (peyğəmbərliyə tə`yin) olunmuşam. (Yə`ni elm, əxlaq və hikmətlə dolu olan sözlərlə) Qiyamət günü insanların hər biri öz niyyətlərinə uyğun müəyyən olarlar.

◘Allah rəhmət etsin dilini islah edən kəsə. Allahın rəhməti olsun o kəsə ki, ya faydalı söz danışır, ya da susur. Allahın rəhməti mənim ümmətimdən o kəslərə olsun ki, dəstəmaz alan zaman və yeməkdən sonra dişlərini təmizləyib yuyurlar. Allah istəyir sevdiyi bəndəsinə həmişə onun gümanı gəlmədiyi yerdən ruzi versin. Fəqirlik küfr uçurumunun kənarındadır. Həsəd elə bir şeydir ki, sanki qəzavü-qədəri dəyişdirir.

◘Hər kim ki, camaatı tanıdı bəlaya mübtəla olar, hər kim ki, tanımadı asudə yaşayar. Hər bir xasiyyət mümkündür mö`mində olsun, yalnız din işlərində xəyanət, yalandan başqa.

◘(Siz, ey camaat!) Binalar tikirsiniz, lakin onda həmişəlik oturmursunuz, mal-dövlət toplayırsınız, lakin yemirsiniz və elə şeylərə ümid bəsləyirsiniz ki, onalara çata bilmirsiniz. Nə çox insanlar var ki, səhərlər sağdırlar, lakin axşama çata bilmirlər və ya sabahın intizarındadırlar, səhərə çıxmırlar. Təəccüb edirəm o qafilə ki, ondan qəflətdə deyillər. (O Allahdan qafildir, Allah isə ondan yox.)

◘Təəccüblüdür o kəs ki, dünyaya bel bağlayır, halbuki, ölüm arxasıncadır. Təəccüb edirəm o kəsə ki, ağzı gülməkdən cırılır, lakin bilmir Allah ondan razıdır ya yox. Təəccüb! Çox təəccüb o kəsə ki, əbədi yaşayacağını zənn edir və başdan ayağa hiylə olan bu dünya üçün çalışır. Mö`minin işi qəribədir, and olsun Allaha! Allah onun üçün xeyirdən başqa bir şey müqəddər etmir. Qiyamət yaxınlaşır lakin insanlar dünyaya hərislikdən başqa bir şey əldə etməyiblər, saleh kişilər bir-birinin ardınca aradan gedir, Allahın e`tina etmədiyi pis və alçaq adamlardan başqa bir kəs qalmır.

◘Siz tikanı qardaşınızın gözündə görürsünüz amma öz gözünüzdə budağı görmürsünüz. Bu böyük xəyanətdir ki, mö`min qardaşın sənə inanıb, sözlərini təsdiq etdiyi halda sən ona yalan danışırsan. (Bizim rəftarımız belədir ki,) sanki (dünyada) haqq yol başqaları üçün, ölüm də məhz təkcə onlar üçün yazılıb; sanki o ölüləri ki, müşayiət edirik, səfərə yola salırıq və guya tezliklə qayıdacaqlar, bədənlərini torpağa tapşırırıq və onlardan irs qalan mal-dövləti yeyirik, guya ki, biz onlardan sonra əbədi yaşayacağıq, nəsihət edənləri unutmuşuq, sanki bütün hadisələrdən amandayıq. Xoş o kəsin halına ki, öz eyibləri başını elə qatıb ki, başqalarının eyiblərini görmür və əlinə gələn malı günahdan başqa yolda sərf edir, elm və hikmət əhli ilə oturub-durur, günah və bəd əməl sahiblərindən uzaq gəzir. Xoş o kəsin halına ki, özü öz nəzərində dəyərsiz olsun, xoş əxlaq sahibi olsun, malının artıq qalanını (ehtiyacı olanlara) bağışlasın, artıq danışmasın, İslamın qoyduğu yol ona bəs etsin, bid`ətdən və digər batil yollardan özünü qorusun.

◘Xoş o kəsin halına ki, qazancı pak, daxilən ləyaqətli, zahirən də əziz və hörmətli olsun. Xoş o kəsin halına ki, elminə əməl edir. Ey Adəm övladı! Sənə kifayət edəcək qədər varındır. Sən isə tüğyana səbəb olacaq artığın dalınca gedirsən. Nə aza qane olursan, nə də çoxdan doyursan. Xoş o kəsin halına ki, İslama hidayət olub, kifayət qədər ruzisi var, özü də bundan qanedir. Bir sifət hər kəsdə olsa dünya və axirət onun fərmanına müt`i olar, behiştdə haqqa müqərrəb olma səadəti əldə edər. Dedilər: “Ya Rəsuləllah, o hansı sifətdir? Buyurdu: “Təqva. Hər kəs istəsə ki, hamıdan əziz olsun, Allah qarşısında təqvalı olsun. Sonra həzrət (s) bu ayəni oxudu: “Hər kəs ilahi təqvaya riyaət etsə Allah onun üçün (düşdüyü hər bir çətinlikdən) çıxış yolu qərar verər və ona gümanı gəlmədiyi yerdən ruzi nəsib edər.”

◘Bütün xeyirlərin başı Allahdan qorxmaqdır. Gəmini tə’mir edin ki, dərya dərindir, güc-qüvvənizi artırın ki, yol uzaqdır. Həvayi-nəfsinizlə mübarizə edin ki, özünüzə hakim olasınız! Ölüm çatdı və özünüzdən qabaq göndərdiyiniz xeyir əməllərdən başqa heç bir şey fayda verməyəcək. Ölüm çatdı və özünüzdən qabaq göndərdiyiniz yaxşı işlərdən başqa heç nə sizi ehtiyacsız etməyəcək. Hikmət qəlbinizi bürüyənə qədər şəhvətlərə qalib gəlməkdən ötrü nəfsinizlə mübarizə aparın. Yeməyinizi azaltmaqla nəfsinizlə cihad edin ki, məlaikələr sizə yaxınlaşsın və şeytan sizdən uzaq olsun. Gözün quruluğu qəlbin qəsavətindən irəli gəlir.

◘Dünyaya həris olmaq münafiqlik əlamətlərindəndir. Ailə ilə oturmaq mənim məscidimdə e`tikafdan üstündür. (O yerdə ki, ülfət və xoş ünsiyyətlə onların qəlbini şad etsin və gözəl əxlaq və ədəblə onları tərbiyələndirsin.) Allah pak əxlaqı özü ilə əlaqə üçün vasitə qərar verib və bu (fəzilət) sizin üçün bəsdir ki, sizi Allaha yaxınlaşdıracaq xoş bir xasiyyət əldə edəsiniz. Yaxşı insanlarla oturub-durun ki, yaxşı iş görəndə səni alqışlasınlar, pis iş görəndə isə sənə bundan çəkinmək üçün xəbərdarlıq etsinlər. Bu günah müsəlman kişi üçün bəsdir ki, öz qardaşının abrını aparsın və bu şər də onun üçün bəsdir ki, öz qardaşını təhqir etsin.

◘Tamahkarlığı dünyaya məhəbbət bəsləyən qəlbdən silmək mümkün deyil. Pəhrizkarlıq şəhvət düşkünü olan qəlbə heç vaxt daxil olmaz. Şəhvət düşkünü olan qəlb məlaikələr aləminə pərvaz etməkdən məhrumdur. Bu fəzilət din işlərində hər bir kişiyə kifayət edər ki, namazına vaxtlı-vaxtında riayət etsin. Yalançılığın əvvəlinci əlaməti budur ki, eşitdiyin hər bir şeyi nəql edəsən.

◘Nadanlığın əvvəlinci əlaməti budur ki, bildiyin hər bir şeyi aşkar edəsən. Elminə əməl edən alimin hörməti şəhidlərə və siddiqlərə olunan hörmət qədərdir. Sizlərdən ən yaxşısı odur ki, bütün sə`y və himmətini (ciddi-cəhdini) axirətə yönəldib. Sizlərdən ən yaxşınız odur ki, fəqirliyə razı olsun, camaatdan kənar gəzsin və özünün din və təqvasını qorusun (bir halda ki, onlarla əlaqə saxladıqda özü günaha düşsün və onları islah etmək qüdrətinə də malik olmasın.) Sizlərdən ən yaxşısı odur ki, Allah ona özünə malik olmaqda kömək etsin.

◘Hamıdan yaxşı o kəsdir ki, ömrün keçib-getmə sür`ətini bilsin və səfərə hazır olsun. Sizdən ən yaxşısı odur ki, onunla görüşməyiniz sizə Allahı xatırlatsın. Sizlərdən ən yaxşısı odur ki, danışığı sizin elminizi artırsın. Sizlərdən ən yaxşısı odur ki, sizi xeyir iş görməyə də`vət etsin. Sizlərdən ən yaxşısı o kəsdir ki, fəqirliyə razı olsun və dünyanı özündən aşağı bilib ondan vaz keçsin.

◘Sizlərdən ən yaxşınız odur ki, eyiblərdən uzaq olsun. Sizlərdən ən yaxşınız odur ki, günahdan çəkinsin, sizin ən yaxşı əməlləriniz odur ki, sizin axirətinizi islah etsin. Ən yaxşı xeyir əməllər onlardır ki, daimi olsun; hərçənd, az da olsa, ən yaxşı qardaşlar onlardır ki, sizə axirət işlərində kömək etsinlər.

◘Mənim ümmətimin ən yaxşıları onlardır ki, dünyaya qarşı e`tinasız olub axirətə daha çox dəyər versinlər. Sizin ən yaxşı qardaşlarınız o kəslərdir ki, sizi eyiblərinizdən xəbərdar etsin. Allah yanında ən üstün istiğfar günahdan əl çəkib peşman olmaqdır. Allahın ən üstün bəndələri o kəslərdir ki, ibadət üçün günəş və ayı izləyirlər. (Yə`ni, oruc və namazların intizarındadırlar.) Sizin ən yaxşı qardaşlarınız o kəslərdir ki, sizə ibadətdə kömək etsinlər, sizi günahdan çəkindirsinlər və Alahın razılığını əldə etmək üçün yol göstərsinlər.

◘Məlaikələr mənə dedilər ki, sənin ümmətinin ən üstün kəsləri onlardır ki, Allahın rəhmətinin intizarından xoşhal olsunlar və xəlvətdə isə onun dərdli əzabının qorxusundan ağlasınlar. Müsəlmanların ən yaxşısı odur ki, qənaəti çox, ibadəti gözəl olsun və bütün sə`y və himmətini axirət yolunda sərf etsin. Mənim ümmətimin ən yaxşısı odur ki, cavanlığını Allaha itaətdə keçirsin, dünya ləzzətlərindən əl götürsün və qəlbini axirətə bağlasın. Belə bir kəsə Allah behiştin yüksək dərəcələrini əta edər.

◘Allah yanında bəndələrin ən üstünü o kəsir ki, Allah qarşısında təslim və ona təvəkkül etməyi daha artıq olsun. Mənim ümmətimin ən yaxşısı odur ki, onunla nadanlıqla rəftar etsələr səbr etsin, cinayət görsə göz yumsun, ona əziyyət etsələr dözsün. (Yə`ni əgər onun bu xüsusiyyətindən sui-istifadə etmirlərsə, alicənablıqla bunlardan keçsin və intiqam almaq fikrində olmasın.)

◘Mənim ümmətimin ən yaxşıları onlardır ki, nə o qədər ne`mət içində olsunlar ki, tüğyan etsinlər və nə o qədər yoxsul olsunlar ki, dilənçiliklə məşğul olsunlar. Mö`tədil (orta həddə) olun ki, əcr əldə edəsiniz, səfər edin ki, səhhət və qənimət əldə edəsiniz, sərt olmayın, mülayim olun. Elmi yazmaqla qoruyub saxlayın. Borcunuzu az edin ki, rahat yaşayasınız, günahlarınızı azaldın ki, ölüm sizin üçün asan olsun. Təqvalı ol ki, insanların ən abidi olasan, qane ol ki, insanların ən çox şükr edəni olasan, özün üçün istədiyin şeyi camaat  üçün də istə ki, mö`min olasan, qonşunla xoşrəftar ol ki, müsəlman sayılasan, dostuna və yoldaşına yaxşılıq et ki, mö`min olasan, dinin vacibatına əməl et ki, abid olasan, ilahi qismətə razı ol ki, zahid olasan.

◘Camaatın malından tamahını çək ki, səni sevsinlər, dünyadan meylini çək ki, Allah səni sevsin. Dünyada qərib və qonaq kimi yaşa və özünü ölənlərin sırasında bil. O şeyə ki arxayın deyilsən onu boşla və daha e`tibarlı mətləbi öyrənməyə çalış. Din qardaşınla zalım da olsa, məzlum da olsa dostluq et. (Zalımın zülmünün qarşısını al, məzluma isə arxa dur.) Yer əhlinə rəhm et ki, göy əhli də sənə rəhm etsin. Mülayim ol ki, sənə qarşı da mülayim olsunlar.

◘Həvəslə dəstəmaz al ki, ömrün uzansın. Öz ev əhlinə (ailə üvlərinə) salam ver ki, evinin bərəkəti artsın. Nə qədər bacarırsan xahiş və təmənna etməkdən çəkin. Haqq acı olsa da onu söyləməkdən çəkinmə. Harada olsan Allahdan qorx.

◘Əgər günah etdin arxasınca ibadət et ki, onu məhv etsin. Camaatla xoş xasiyyətlə rəftar et. Bircə salam deməklə də olsa sileyi-rəhm edin. Bir-birinizdən ötrü hədiyyələr göndərin ki, aranızda olan mehr-məhəbbət artsın. Cihad edin ki, övladlarınız  əzəmət əldə etsin və çalışqan və fəal olsun.

◘Böyüklərin səhvlərinə göz yumun. Hədiyyə göndərin ki, kinlər aradan getsin. Hədiyyə göndərin ki, dostluğunuz daha da möhkəmlənsin və nigarançılığınız aradan getsin. Mənim dediklərimi camaata çatdırın, hərçənd bir Qur`an ayəsi olsa belə. Mö`minin dərrakəsindən qorxun, çünki o, Allahın nuru ilə görür.

◘Binalarda və evlərdə haram iş görmək oranın viran qalmasına səbəb olar. Öz övladlarınıza ehtiram göstərin və onları gözəl tərbiyələndirin. Gözəl söz danışın ki, qənimət əldə edəsiniz və pis danışıqdan uzaq olun ki, salamat qalasınız. Nütfələrdən (spermalardan) ötrü pak bətnlər seçin. Ləzzətləri tar-mar edəni (ölümü) çox yad edin.

◘Mehriban və doğan qadınlarla evlənin, çünki mən peyğəmbərlər arasında ümmətimin çoxluğu ilə iftixar edəcəyəm. Yarım dənə xurmanı sədəqə verməklə də olsa özünüzü cəhənnəm odundan qoruyun. Paxıllıqdan çəkinin, çünki keçmiş ümmətləri də həlak edən məhz paxıllıqdır. Ağzınızı yaxalayacaq suya da olsa qənaət etməklə ehtiyacsız olun. Zəkat verməklə mallarınızı sığorta edin.

◘Sədəqə vasitəsilə xəstələri müalicə edin. Duanı bəla qarşısında sipər edin. Ürəyiniz yumşaq olan zaman dua edin, çünki ürək yumşaqlığı rəhmətdir. Ömrünüz boyu xeyir dalınca olun və özünüzü Allahın rəhmət nəsim (mehi) qarşısında qərar verin, çünki Allahın hər kəs üzərində əsəcək rəhmət nəsimləri var. Hər hansı bir iş görərkən gizlində yerinə yetirin, öz məqsədlərinizi aşkar etməyin ki, bir işi görə biləsiniz. Öz yeməyinizi pərhizkarlara və xeyirxah mö`minlərə yedizdirin.

◘Mənim haqqımı Əhli-beytimin hüquqlarına riayət etməklə qoruyun. Mənim Əhli-beytim Nuhun gəmisi kimidir; hər kəs ona daxil olsa nicat tapar, hər kəs ona zidd olsa qərq olar.

***
Peyğəmbərin (s) digər nəzmlə olan hikmətli kəlamları

◘Mö`min bir yerdən iki dəfə sancılmaz. Camaata təşəkkür etməyən Allaha da şükr etməyib. Qəzanı (qəza və qədəri) duadan başqa heç nə qaytarmaz, ömrü başqalarına yaxşılıq etməkdən başqa bir şey artırmaz.

◘İbrət götürməyəndən başqası səbirli hesab olunmaz. Nadanlıqdan böyük fəqirlik yoxdur. Əqldən faydalı dövlət yoxdur. Xudpəsəndlikdən (özünəpərəstiş, eqoizm) də dəhşətli tənhalıq yoxdur. Məşvərət etməkdən gözəl həmkarlıq yoxdur.

◘Tədbir əqlin ən gözəl nümunəsidir. Xoşxasiyyətlik ən yaxşı əsl-nəcabətdir. Günahdan çəkinmək kimi pərhizkarlıq yoxdur. Təfəkkür kimi ibadət yoxdur. Səbr və həya kimi iman yoxdur.

◘Həddi-büluğa çatan heç kəs yetim hesab olunmur. Əmanətdar olmayan kəsin imanı yoxdur, əhdə vəfa etməyənin də dini yoxdur. (Yə`ni, din və imanları zəifdir.)

◘Üç gündən artıq küsülü qalmaq olmaz. İstiğfar (bağışlanma diləmək) vasitəsilə böyük günah qalmaz, təkrar vasitəsilə kiçik günah (yə`ni kiçik günahları təkrarlamağın özü) böyük günahdır. Dini üçün qəm çəkməkdən başqa qüssə yoxdur.

◘Qur`an oxuyan bəndə fəqirlik görməz. Ehtiyat müqəddər olunan şeyin qarşısını alır. Mö`min ehtiyatı əldən verib qəflətə düşməz. Başçısı qadın olan millət doğruluğun üzünü görməz. Gərək mö`min özünü xar etməsin. İkiüzlü adam Allah yanında e`tibarlı deyil. Ata-ana və ədalətli imamdan başqasına yaltaqlanmaq rəva deyil. Allaha günah etməkdən ötrü heç kəsə itaət etmək olmaz. Söz gəzdirənlər əsla behiştə getməz (tövbə edənlərdən başqa). Qonşusu ondan amanda olmayan heç bir bəndə behiştə getməz.

◘Müsəlmanı qorxutmaq heç bir müsəlmana halal deyil. Heç bir müsəlmana rəva deyil ki, üç gündən artıq öz müsəlman qardaşından ayrı gəzsin. (küssün) Sərvətli və ya işləmək qüdrəti olan şəxslərə sədəqə halal deyil. Nə qədər ki, bir kəsin qəlbi düzəlməyib, imanı da düzəlməz, nə qədər ki, bir kəsin dili düzəlməyib, qəlbi də düzəlməz. Özü üçün istədiyi xeyri mö`min qardaşı üçün istəməyən bəndənin imanı yoxdur.

◘Nə qədər ki, bir kəs ona yetişən şeyin qarşısını almaq və ona yetişməyən şeyi ələ gətirmək imkanının öz əlində olmadığını dərk etməyib, imanın həqiqətinə çatmaz (yə`ni Allahın qəza və qədərinə imanlı olsun). Sizlərdən heç birinin imanı dilinə hakim olmadığı müddətdə kamil olmaz. Camaata rəhm etməyən şəxsə Allah da rəhm etməz. Mümkün deyil ki, mö`min tox olsun qonşusu ac. Heç bir alim behiştə çatana qədər elmdən doymaz.

◘İnsanlar getdikcə paxıl olarlar və qiyamət qopan zaman Həzrət Mehdi (ə) və Məryəm oğlu İsadan (ə) başqa yer üzü şər insanlarla dolu olar. Nə qədər ki, yer üzündə kişilər az, qadınlar çox olmayıb qiyamət bərpa olmaz. Hər kəs bir bəndənin bədənini örtsə (onu geyindirsə), Allah da qiyamət günü onun bədənini örtər. Sənin haqqına riayət etməyən və səninlə oturub duran adamda xeyir yoxdur. Gözlərini əldən verən, lakin Allaha xatir səbr edən hər bir bəndə behiştə daxil olar. Heç kəs, nə qədər ki, harama düşməmək üçün şübhəli işlərdən çəkinməyir, pərhizkar hesab olunmaz. Mənim ümmətimdən bir dəstə Allahın hökmü gələnə qədər haqdan ayrı düşməz. Kişinin canı davamlı olaraq öləndən sonra nə qədər ki, ödənməyib öz borcundan asılıdır. Namazın intizarında olan bəndə üçün həmin müddətdə namaz savabı yazılar. Mö`min qardaşını məzəmmət etmə! Çünki, ola bilsin Allah ona afiyət versin, səni isə giriftar etsin.

◘Ruzigarı söyməyin, çünki, ruzigar özü elə Allah deməkdir (yə`ni işlərin təqdiri Allahın əmri ilədir). Ölüləri söyməyin ki, bu iş dirilərə əziyyət verir. Ölüləri söyməyin, çünki, onlar özlərindən qabaq göndərdiklərinə çatıblar. Heç kəs mö`min qardaşının hədiyyəsini qaytarmasın, hətta, imkanı varsa əvəzində o da hədiyyə etsin. Özün geyinmədiyin özgə paltarına əlini silmə. Dilənçini əliboş qaytarma, heç olmazsa yarım dənə xurma ilə onu razı sal. Müsəlmanların qeybətini etməyin və onların eyiblərini axtarmayın. Heç kəsin sirr pərdəsini yırtmayın. Heç bir yaxşı əməli kiçik saymayın. Elə ki, mö`min qardaşına və`d verdin, ona xilaf çıxma.

◘Məbada, sənə şiddət üz versə ölüm diləyəsən. Ölüm anında, məbada, Allaha xoşgüman olmayasınız (bəd güman olasınız). Nə qədər ki, bir kəsin işinin aqibətini görməmisiniz, onun əməlindən xoşhal olmayın. Məbada, bir kəsin məhəbbəti sizi haqqa əməl etməkdən saxlasın (yə`ni, haqqı tanıyasız, lakin ona əməl etməyəsiniz).

◘Məbada, bir kəs yad bir qadınla xəlvət bir yerdə qalsın. Çünki orada üçüncü kəs şeytandır. Heç kəsi Allahın qəzəbi ilə xoşhal etmə və Allahın sənə etdiyi lütfə görə heç kəsə təşəkkür etmə (yə`ni, ondan başqasına); Allahın səndən əsirgədiyi  lütfə görə də heç kəsi məzəmmət etmə. Çünki O, nə ruzini bir kəsin istəyinə əsasən artırır və nə də onu bir kəsin nifrətinə əsasən azaldır. Rəhbərlik istəyin olmasın. Çünki əgər ona istəmədən çatsan sənə kömək edərlər və əgər istədiyin halda çatsan köməkçin olmaz. Qiyamət yaxınlaşan zaman övlad qəzəbə səbəb olar, çoxlu yağış yağar, alçaqlar çox, alicənab insanlar az olar, kiçiklər böyüklərə qarşı və rəzillər kərim insanlara qarşı ədəbsizlik edər, alçaq adamlar yaxşı insanlara qarşı həyasızlıq edər. Məşvərət edən kəs uduzmaz. Əgər rəhbərlər hidayət yolunda olsalar rəiyyət heç vaxt fəlakətə düçar olmaz, baxmayaraq ki, zülmkar və bədəməldirlər.

***
Rəsuli-Əkrəmin (s) fərqli bəyanla olan başqa növ kəlamları

◘Söhbətlərin bə`zisi sehirli, şe`rlərin bə`zisi hikmətamiz, bilik mənbələrinin bə`zisi isə cəhalətdir. Mənim ümmətim mərhəmət olunan ümmətdir (yə`ni, Allahın onlar üzərində lütf və mərhəmət nəzəri var). Əhdə vəfa etmək imandandır. Xoşgümanlıq xoş bir ibadətdir. 

◘Alimlər peyğəmbərlərin varisləridir. Allahın dini saf və asandır. Allahın dini rahat və düzdür. Sileyi-rəhmin savabı hər ibadətin savabından tez yetişər. Hikmət insanın şərəfini artırar.

◘Allahın halalını haram edən kəs haramı halal edən kəs kimidir. Dünyapərəstlərin şərəfi mal ilə ölçülür. Haqq sahibinin sözü də haqdır. Ali əxlaq sahibi olmaq behişt əhlinin əməllərindəndir. Yaxşıların ən yaxşısı gözəl xasiyyətdir.

◘Behişt əhlinin əksəriyyəti sadəlöhv insanlardır. Behiştdə sakin olanların azı qadınlardır. Allahın ianəsi (maddi yardımı) ehtiyac miqdarındadır. (Bəndə nə qədər çox möhtac olsa kömək də o qədər çoxdur). Səbr müsibət qədər nazil olar. Ataya ən gözəl ehsan odur ki, ölümündən sonra onun dostlarına məhəbbət göstərəsən.

◘Şeytan Adəm övladına nəzərən (arterial  damarda axan) qan kimidir. İnsanlardan Allaha ən çox şükr edəni bəndələrin haqqını ən çox gözləyənidir. Mal-dövlətdə səxavət zəxirədir (ehtiyat), yığıb saxlamaq isə fitnə. Bu ümmətin əzabını bu dünyada qərar veriblər. (Yə`ni dünya narahatçılıqları mö`min bəndə üçün axirət əzabının əvəzidir). İnsan bə`zən günah səbəbinə ruzidən məhrum olur.

◘Bəndələrdən elələri də var ki, əgər Allaha and versələr həmin andla hacətləri rəva olar. Allahın elə bəndələri var ki, fərasətlə insanları tanıyırlar. Allah özünə borc bilir ki, dünyanı ucaldıb, onun əzəmətini artıran hər bir şeyi ikiqat alçaldsın. Allahın elə bəndələri var ki, onları çətinlikləri aradan aparmaqdan ötrü yaradıb. Məktubun cavabı da salamın cavabı kimi zəruridir.

◘Ən gözəl yemək kəsb olunan məhsuldur və övlad da kəsb olunmuşlardandır. (Yə`ni əgər övlad öz malını atasının ixtiyarında qoysa ata üçün zillət və haram deyil.) Həddindən artıq borcu olan və acınacaqlı vəziyyətdə olan fəqirlərdən başqasına dilənmək halal deyil. Elmə söykənən az əməl çoxdur, cəhlə söykənən çox əməl isə az. Bəndə xoş xasiyyətli olmaqla gündüzlər oruc olub, gecələr namaz qılanların dərəcəsinə çatar. Hər dinə məxsus olan bir əxlaqi xüsusiyyət var, mənim dinimə xas olan əxlaqi xüsusiyyət də həyadır.

◘Hər şeyin bir şərəfi var və ən şərəfli əyləşilən yer də üzüqibləyə olanıdır. Hər bir ümmətin bir fitnəsi var, mənim ümmətimin fitnəsi maldır. Hər bir yol gedənin məqsədi var və hamının son məqsədi ölümdür. Hər sözün yeri var, hər bir haqq da həqiqətə əsaslanır. Hər padşahın qoruğu var, Allahın qoruğu da haramdır.

◘Hər bir oruc tutanın qəbul olunacaq duası var. Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur. Hər şeyin mə`dəni var, təqvanın mə`dəni ariflərin qəlbidir. Hər şeyin qəlbi var, Qur`anın qəlbi də “Ya`sin” surəsidir. Hər peyğəmbərin duası var, mən isə öz duamı qiyamət günü öz ümmətimə şəfaət etməkdən ötrü ehtiyat saxlamışam.

◘Möminin çəkdiyi hər bir xərcə görə əcri var, yalnız torpaq və imarət üçün sərf etdiyindən başqa. (Ehtiyacını ödəməkdən ötrü olan hallar istisnadır. Yə`ni qeyri-şəri olmamalıdır.) Həsəd atəşin odunu aradan apardığı kimi yaxşı əməlləri aradan aparar. Atəşə daxil olmağın ən alçaq səbəbi ağız və fərcdir (cinsiyyət üzvü). İnsanı behiştə çatdıracaq ən gözəl şey təqva və xoş xasiyyətdir. Elə ki, fitnə hər yeri bürüdü, elm kölgəsində olan alimlərdən başqa hamı yerindən olar.

◘Pis göz kişini qəbrə salar, dəvəni qazana. Təkəbbür üzündən məxsus libas geyinənə Allah-təala qiyamət günü nəzər salmaz. Allah gözəldir və gözəlliyi də sevir (əlbəttə, əsas ruhun gözəlliyidir ki, düzgün əqidə və xoş əxlaqlı olsun). Allah dua edərkən israr edənləri sevir. Allah xoşxasiyyət insanları və tanınmayan pərhizkarları sevir.

◘Allah işləyib çalışan mö`mini sevir. Allah hər bir qəmgin qəlbi sevir (o halda ki, qəlbi mə`nasız və günah iş üçün qəmgin olmasın). Allah şərəfli və gözəl işləri sevir və dəyərsiz və alçaq işlərdən xoşlanmır. Allah Onun haramlarından çəkinməyi sevdiyi kimi halallarından da istifadə etməyi sevir. Allah şəhvətin tüğyan etdiyi vaxt iti görən gözü, şübhənin irəli gəldiyi vaxt kamil və dəqiq əqli və həmçinin bir neçə xurma qədərində də olsa bəxşişi və bir ilan öldürmək qədər olsa da şücaəti sevir.

◘Sənin Allahın bəyənilmiş işləri sevir. Allah öz bəndəsinin tövbəsini can boğaza çatana qədər qəbul edir. Allah heç bir mal və can xəsarəti görməyən şeytan və napak kişini düşmən bilir. Allah sizin üçün namaz halında oynamağı, gündüz vaxtı qadınla yaxınlıq etməyi və qəbristanlıqda  gülməyi bəyənmir. Allah sizi boş söz-söhbət etməkdən, malınızı bihudə tələf etməkdən, bir şey istəyərkən israr etməkdən (yalvarmaqdan) çəkindirir.

◘Allah müsəlman üçün qeyrət sahibidir; o da gərək qeyrətli olsun. Allah rəhimdil insanlardan başqasına rəhm etməz. Allah sədəqə verməyə görə yetmiş pis ölümü insandan uzaqlaşdırır. Allah bə`zən bu dini dinsiz insanın əli ilə möhkəmləndirir. Allah elə həmin miqdar bəndədən razı olar ki, yemək yeyərkən və su içərkən şükrünü yerinə yetirsin (və əlbəttə, bundan da mühüm şükür odur ki, bunlar (yemək və içmək) halaldan olsun).

◘Allah bəndəsinə verdiyi ne`mətlərin əlamətlərinin zahir olmasını sevir. Allah elmi sinələrdən almır, alimləri aparmaqla elm aradan gedir. Allah axirət məqsədi üçün dünya verir, lakin dünya məqsədi üçün isə axirət vermir. Allah ona tərəf qalxan əli boş qaytarmağa həya edir. Allah torpağı mənim üçün səcdəgah və paklayıcı qərar verib.

◘Allah yer üzünü mənə elə göstərdi ki, məşriqdən məğribə qədər hər yeri gördüm və gözümlə müşahidə etdiyim hər yerdə ümmətim hakimiyyət edəcək. Allah mənim ümmətimi nəfsinin xatalarına görə məzəmmət etməz. Yalnız o zaman qınanarlar ki, həmin xatalar əməl donu geyib dilə keçsin. Allah ədalət əsasında rahatlıq və rifahı yəqinin və öz müqəddər etdiyinə razı olmağın kölgəsində, qəm-qüssəni isə şəkk-şübhə və narazılıqda qərar verib. Allah, günü (yeni arvad) narahatlığını qadından, cihadı da kişidən ötrü qərar verib, onlardan hər hansı buna səbr etsə şəhid savabı əldə edər. Allah hər danışanın dili yaxınlığındadır.

◘Allah bir kəsin danışığını bəyənmədikcə əməlini qəbul etməz. Allah hər hansı bir millətə xeyir vermək istəsə onları imtahan edər (ki, təcrübəli və çalışqan olsunlar və öz hüquqlarını müdafiə edə bilsinlər). Qiyamət günü ən pis əzab əməlsiz alimlərdən ötrüdür. Qiyamət günü Allah hüzurunda duracaq ən pis insan o kəsdir ki, camaat onun dilindən qorxsunlar. Qiyamət günü ən pis insanlardan biri də  axirətini başqasının dünyasına satan bəndədir.

◘İnsanların ən bədbəxti o kəsdir ki, dünyada fəqir, axirətdə də əzab əhli olsun. Bağışlanmağa səbəb olan işlərdən biri də mö`min qardaşı sevindirməkdir. Şirindil olub salam vermək bağışlanmağa səbəb olan işlərdəndir. Dünya şirin və cəlbedicidir. Allah sizi keçmişdəkilərin yerində oturdub ki, görsün nə edirsiniz. İslamın ədəblərindəndir ki, ev sahibi qonağı evin qapısına qədər yola salsın.

◘Ruhul-qüds mənim qəlbimə belə ilham etdi: “Heç kəs nə qədər ki, öz müəyyən olunmuş ruzisinin hamısını yeməyib dünyadan getməz. Elə isə Allahdan qorxun və ruzi kəsb edərkən xoşrəftar olun.” Camaatın keçmiş peyğəmbərlərdən yadda saxladığı sözlərdən biri də budur ki, əgər həya yoxundursa hər nə istəyirsən et. Mənim ən xoşuma gələn məşğuliyyət namazdır. Namazqılan bütün cahan səltənətinin sahibinin evinin qapısını döyür və hər kəs döyməyi davam etdirsə, ümid var ki, qapını üzünə açarlar. Allah mənə göstəriş verib ki, danışığım zikr, sükutum təfəkkür, baxışım isə ibrət olsun.

◘Mən Allahın öz bəndələrinə hədiyyə etdiyi rəhmətəm. Nadanlığın şəfası soruşmaqdır. Fazillərin qədrini fəzilət sahibləri bilər. Mən gözəl əxlaqı təkmilləşdirməkdən ötrü məb`us olmuşam. Mən öz ümmətim üçün onları azdıracaq rəhbərlərdən qorxuram.

◘Əməllər niyyətə və nəticəyə bağlıdır. Dünyadan bəla və fitnədən başqa bir şey qalmayıb. Qəlblər də (dəmir kimi) pas atır. Soruşdular: Bəs qəlbin cilası nədir? Buyurdu: Ölümü çox yad etmək və Qur`an oxumaq. Cənnəti qazanmaq yolu təpəni qalxmaq kimi çətin və ağırdır. Cəhənnəmi (başqa bir rəvayətdə dünyanı) qazanmaq yolu asan və ləzzətlidir.

***
Peyğəmbəri-Əkrəmin (s) digər tərzdə olan hikmətli kəlamları

◘Eşitmək görmək kimi deyil. Fasiq  üçün qeybət yoxdur. Zülm əsasında yerdə bitən kök haqq cücərtməz. Yaltaqlıq mö`min xüsusiyyəti deyil.

◘Öləndən sonra üzürxahlıq yoxdur. O kəs ki, Allah ona imkan verib, o isə ailəsini pis dolandırır, bizdən deyil. Başqalarına oxşayan (yə`ni əxlaq və əməldə kafirlərə bənzəyən) şəxs bizdən deyil. Böyüklərə hörmət, kiçiklərə mərhəmət və nəhy əz münkər və əmr be mə`ruf etməyən şəxs bizdən deyil.

◘Hər kəs iki nəfəri barışdırmaq məqsədi ilə həqiqətə uyğun olmayan bir söz desə yalançı hesab olunmur. İmkanlı olmaq sərvətin çoxluğu ilə deyil, qəlbin genişliyi ilədir. Qəhrəmanlıq güləşməklə deyil, qəzəb zamanı özünü ələ almaqladır. Allah yanında heç bir şey dua qədər əziz və dəyərli deyil. Heç bir günahın əzabı zülmünkü kimi tez yetişmir.

◘Sən mal-dövlətdən yeyib aradan aparmaqdan, geyib köhnəltməkdən və sədəqə verib özündən əvvəl göndərməkdən başqa bəhrə görə bilməzsən. Bir çox gecə namazı qılanlar var ki, yuxusuz qalmaqdan başqa bəhrəsi yoxdur, nə çox oruc tutanlar ki, aclıq və susuzluqdan başqa fayda görmür! Nə çox yeyib şükür edənlər var ki, savabları səbirlə oruc tutanlardan çoxdur!

***
Rəsuli-Əkrəmin (s) ən gözəl şeyləri tanıtdıran digər hikmətli kəlamları

◘Zikrlərin ən yaxşısı gizli zikrdir. Ruzilərin ən yaxşısı odur ki, kifayət qədər olsun. İbadətlərin ən üstünü onun ən gizlində olanıdır. Ən gözəl məclis ən geniş məclisdir.

◘Sizin dininizin ən gözəl işi ən asan olanıdır. Ən gözəl evlənmək odur ki, daha sadə və daha asan olsun. Ən gözəl sədəqə odur ki rifah halında verilmiş olsun. Elmlərin ən üstünü ən faydalı olanıdır. Hidayətin ən üstünü odur ki, əməl mərhələsinə çatsın.

◘Qəlbə olan ilhamların ən yaxşısı yəqindir. İnsanların ən üstünü o kəsdir ki, başqalarına faydası hamıdan çox olsun. Dostların ən yaxşısı dostu üçün ən yaxşı olanıdır. Dostları ən yaxşı sayı dörddür. Sizlərdən ən yaxşınız Qur`anı öyrənib başqalarına öyrədəninizdir.

◘Sizdən ən üstününüz ailəsi üçün ən yaxşı olanınızdır. Sizlərdən ən üstününüz o kəsdir ki, camaat xeyrinə ümidvar və şərindən amanda olsun. Sizin evlərinizdən ən yaxşısı odur ki, orada yetimə ehtiram olunsun. Qadın üçün ən yaxşı məscid evin küncüdür. Ən gözəl libas ağ paltardır.

◘Sizin cavanlarınızın ən üstünü o kəslərdir ki, (əql, tədbir və nəfsani istəkləri ilə müxalifət etməkdə) özünü yaşlılara oxşatsın, yaşlılarınızın ən pisi o kəslərdir ki, (yelbeyinlik və boş-boş istəklərdə) özünü cavanlara oxşatsın. Kişilər üçün səflərin ən yaxşısı birici ən pisi axırıncısıdır. Qadınlar üçün isə səflərin ən yaxşısı axırıncı ən pisi isə birincisidir. Verən əl alan əldən daha üstündür. Az və kifayət qədər olan mal çox və insanı qəflətə düçar edən maldan daha yaxşıdır.Ən yaxşı mö`minlər qənaətkarlar (yə`ni qane olanlar) və ən pis mö`minlər isə tamahkarlardır.

◘Dünya, ehtiyacları ödəyəcək vəsaitlər yeridir və orada olanların ən yaxşısı isə ləyaqətli qadındır. Tənhalıq pis yoldaşdan daha yaxşıdır. Yaxşı dost tənhalıqdan yaxşıdır. İnsanın əməl dəftərində yazılacaq gözəl danışıq sükutdan, sükut isə pis danışıqdan daha gözəldir. Yaxşı və xeyir işi təkmilləşdirmək onu başlamaqdan daha üstündür. Dinə və sünnəyə uyğun olan az əməl bunlara müxalif olan çox əməldən üstündür.

◘Sizin ən yaxşınız günaha düşən zaman tövbə edəninizdir. Sizin ən yaxşınız öz borcunu daha yaxşı ödəyəninizdir. Mənim ümmətimin ən yaxşıları alimlərdir. Alimlərin də ən yaxşısı camaatla təmkinlə davrananlarıdır. Mənim ümmətimin ən yaxşı kəsləri qəzəblənən zaman tez sakitləşə bilən tündxasiyət şəxslərdir. Sədəqənin ən yaxşısı dilin sədəqəsidir.

◘Sədəqələrin ən yaxşısı insanlar arasında mehribanlıq yaratmaqdır. Ən gözəl sədəqə səninlə düşmənçilik edən qonşuna verilən sədəqədir. İbadətlərin ən yaxşısı Ali-Muhəmmədin fərəcinin intizarında olmaqdır. Mənim ümmətimin ibadəti Qur`an oxumaqdır. Elm ibadətdən üstündür.

◘Acı doydurmaqdan böyük ibadət yoxdur. Allaha yaxınlaşmağa səbəb olan axırıncı səcdə kimi ibadət yoxdur. Heç bir ata öz övladına ədəbdən də gözəl töhfə verməmişdir. Hikmətli söz nə gözəl hədiyyədir! Qıtlıq və kasıblıq vaxtı xurma ağacının gül açmağı nə gözəl maldır!

◘Saleh mal nə gözəldir! Sərvət təqvaya riayət etmək üçün nə gözəl köməkçidir. Sirkə-çörək yemək yaxşıdır. Ev müsəlman üçün yaxşı ibadətgahdır. Sözlərin ən doğru-düzgün olanı Allahın kitabıdır, ən möhkəm bəhanə təqva kəlməsidir və ən yaxşı hidayət peyğəmbərlərin hidayətidir.

◘Ən şərəfli ölüm şəhidlikdir. Ən gözəl ətir müşkdür. Çörəklə birlikdə yeməkdən ötrü ən yaxşı şey duzdur. Qaib olan şəxs üçün edilən dua tez qəbul olunar.

***
Peyğəmbəri-Əkrəmdən (s) olan bənzətmələr

◘Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Hər kəs ona minsə nicat tapar, hər kəs onunla müxalifətçilik etsə qərq olar. Mənim əshabım ümmətim üçün duzun yeməyə olan nisbəti kimidir. Yemək də duzsuz düzəlməz. Mənim ümmətim yağışa bənzəyir; başdan ayağa xeyirdir. Mə`lum deyil əvvəli yaxşıdır yoxsa axırı. Mö`min bal arısına bənzəyir; pak qidalar yeyər və pak bəhrələr verər.

◘Mö`minnin hekayəti küləyin yolu üstündə duran sünbülə bənzəyir. Gah yıxılır, gah durur (Mö`min dövranın fitnələri nəticəsində titrəyib büdrəyir, lakin sınmır; yenidən hərəkət edir). Kafirin halı düyünün sünbülünə bənzəyir; həmişə tərpənməz olaraq dik qalır, yerindən dartıb çıxarılanlar qədər. Mö`minlər dostluq və mehribanlıqda bədənin üzvləri kimidirlər. Biri ağrıyan zaman o birilər də oyaq qalıb narahat olurlar. Qəlb, küləyin yolu üstündə olan yarpağa bənzəyir (nəfsani istəklər hər an onu o tərəfə-bu tərəfə çevirir.) Qur`an bağlı dəvəyə bənzəyir, onu bağlasalar qalar, boş buraxsalar qaçar.

◘Qadın əyri qabırğa kimidir. Əgər düzəltmək istəsən sınar. Lakin həmin əyriliklə onu düzəltsən bəhrə apararsan. Saleh yoldaş ətir satan kimidir. Sənə ətir verməsə də onun ətrinin xoş iyi sənə hopar. Pis yoldaş isə dəmirçi kimidir. Atəşinin qığılcımı sənə çatmasa da pis iyi sənə əziyyət verər. Vacib namaz tərəziyə bənzəyir. Əgər tamam versələr, tamam götürərlər. Dünya ilə bizim məsəlimiz süvari kimidir: İsti gündə ağac kölgəsində dincəlib sonra hərəkət edər və kölgəni tərk edər. Dünya ilə axirətin fərqi barmağın ucunda olan sümüyün dərya ilə müqayisəsi qədərdir. Barmağını dəryaya sal gör nə qədər su götürə bilirsən?

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий