Страницы

09.06.2015

Qadın müəllimlər


Keçmişə ötəri bir nəzər. Cənub bölgəsində qadın kadrların yetişməsinin, vəzifə sahibi olmasının maraqlı tarixçəsi var. İslam dininin olduqca güclü dayaqları olan bu bölgədə uzun illər qadınlar ən yaxşı halda evdar qadın kimi fəaliyyət göstəriblər. Yalnız 1918-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra cənub bölgəsinin qadınlarının da təhsil yoluna işıq düşüb.
Öncə indiki Masallı ərazisinin Yeddioymaq adlanan kəndində anadan olan, sonralar Lənkəranda çalışan, Qori Müəllimlər Seminariyasında təhsil alan ilk cənublu şəxs - Teymurbəy Bayraməlibəyovun qızı Məryəm Bayraməlibəyovanın bu sahədə misilsiz xidmətləri olmuşdur. Məryəm xanım Bakıda və Moskvada yüksək səviyyədə təhsil aldıqdan sonra doğma yurdu Lənkəranda “Qızlar məktəbi” açır. Atası, görkəmli maarifçi Teymurbəy Bayraməlibəyovla kəndbəkənd, qapı-qapı düşüb qızları bu məktəbə cəlb edir. Bu günümüzdə qızların yuxarı siniflərə, ali təhsilə az maraq göstərdiyindən çoxlarının gileyləndiyi məqamda xatırlamaq yerinə düşər ki, hələ 100 il qabaq Məryəm xanımın “Qızlar məktəbi”nə o qədər qız şagird cəlb olunmuşdu ki, hətta siniflərdə onları yerləşdirmək müşkülə çevrilmişdi. Yaşlıların bildirdiyinə görə, bu qızlar məktəbinə hətta yaşlı dindar qadınlar da gəlirdi. Həmin məktəbdə qızlar üçün təhsillə yanaşı dram, xor, musiqi dərnəkləri də fəaliyyət göstərirdi. Sonralar ölkənin məşhur sənətçiləri olan Həqiqət Rzayeva, Cahan Talışınski, Münəvvər Kələntərli və başqaları bu məktəbin yetirmələri oldu.
"Legioner” rus dili müəllimləri. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də paytaxt Bakı şəhərindən yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər. Təkcə Masallı rayonuna 100-ə yaxın qadın rus dili müəllimi göndərilmişdi. Onların bir çoxu burada ailə həyatı qurmuş, eləcə də öz davamçıları olan qadın müəllimlər yetişdirmişdilər. Bütün bunlar qadınların müəllim peşəsinə məhəbbətini artırmışdı.
Bəs bu gün vəziyyət necədir? Qadın müəllimlər hazırda məktəblərdə sürətlə çoxalır. Belə ki, Masallı rayonunda çalışan müəllimlərin təxminən yarıdan çoxu qadındır. Şəhər məktəblərində isə qadın müəllimlər kişi müəllimlərə nisbətən ən az 2-3 dəfə çoxdur. Ötən il Masallıda məktəblərə təyin edilən 29 müəllimin 19 nəfəri qadın müəllimlər olmuşdur. Bu artım davam edir. Belə ki, ötən il Masallıdan ali məktəbələrə qəbul edilən 89 qızın 68 nəfəri müəllim peşəsini seçmişdir.
Bu yaxşıdır, ya pis? 1 saylı tam orta məktəb Masallıda ən çoxsaylı şagirdi və müəllimi olan məktəb sayılır. Bu məktəbin 1655 şagirdi var. Onlara dərs deyən 220 müəllimin 165 nəfəri, təxminəm 3-də 2-si qadındır. Digər məktəblərdə, xüsusən şəhər və şəhərətrafı məktəblərdə qadın müəllimlər açıq-aşkar üstünlük təşkil edir. Və bu proses yüksələn xətlə davam etməkdədir. Bəzi pedaqoqlar belə hesab edir ki, yaxın gələcəkdə məktəblərdə kişi müəllimlərini görmək problem olacaq.
Masallı 1 saylı tam orta məktəbin direktoru, Respublikanın Əməkdar müəllimi Mirqabil Hüseynovun dedikləri:
-210 nəfərlik pedoqoji kollektivimizin 165 nəfəri qadın müəllimlərdir. Təbii ki, onların sırasında bacarıqlı, təcrübəli, öz peşəsini dərindən bilən qadınlar kifayət qədərdir. Lakin qadın müəllimlərin çoxluğu problemlər də yaradır. Açıq deyək ki, qadın müəllimlər yuxarı sinif, 9-11-ci sinif şagirdləri ilə çox çətin işləyirlər. Məlumdur ki, yuxarı siniflərdəki oğlanlar daha müstəqildirlər. Qadın müəllim şablon qaydalarla onları idarə edə bilmir. Müəllimlər otağında qadın müəllimlər o qədər çoxdur ki, kişi müəllimlər həmin otağa girməyə utanırlar.
Əlişir Bəşirov (müəllim):
-Qadın müəllim həm də evdar qadındır, anadır, onların bir çoxunun azyaşlı uşaqları var. Uşaqlı qadınlara verilən qismən ödənilən məzuniyyətin məbləği çox az olduğundan (1. 5 ilə 30 manat, 1,5 ildən sonra 15 manat) əksər qadın müəllimlər həmin məzuniyyətdən faydalanmaq istəmir, nəticədə bu qadınların fikri dərsdən çox, evdə uşağın yanında qalır.
İş o həddə çatıb ki, Təhsil Naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, bu gün Bakı məktəblərində kişi və qadın müəllimlərin sayı ilə bağlı təhlükəli tendensiya var. 
Təhsil eksperti Etibar Əliyev də qeyd edib ki, bu, həqiqətən də, ölkədə təhsilin keyfiyyəti üçün təhlükəli bir durumdur: "Nazirliyin statistikasına nəzər salanda görürük ki, orta məktəblərdə müəllimlərin 85 faizi qadınlardır. Məktəb rəhbərliyinin də bu qədər faizi xanımların ixtiyarındadır. Təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və ən nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır. Sovetlər dönəmində kişi və xanım müəllimlərin sayındakı fərq 30-70 faiz nisbətində idi. Bu da şübhəsiz ki, təhsilin keyfiyyətinə təsir göstərirdi.
Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur. Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması isə fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Hansı ölkələrdə ki, kişilərin sayı qadınların sayından üstündür, bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir".
Bəs məktəblərdə kişilərin sayının azalmasının səbəbi nədir? Cənub bölgəsin tanınmış din xadimi Axund Sədinin maraqlı bir fikri var. Deyir, kimlərin ki, heç bir ali məktəbə daxil olmağa savadı çatmır, o, ya molla, ya müəllim olmaq istəyir.
Ekspert Etibar Əliyev Azərbaycanda kişi müəllimlərin sayının azalması məsələsinə belə aydınlıq gətirib: "Vəziyyətin tarixi təzə deyil. Bu proses müstəqillik əldə etdikdən sonra başlayıb. Xüsusilə, 1994-cü ildən sonra. Bu dövrün müəlliminin əmək haqqı sovet müəlliminin əmək haqqından, dolanışığından aşağı olduğu üçün kişilər məktəbləri tərk etməyə başladılar. Şübhəsiz, o əmək haqqı ilə ailə dolandıra bilməzdilər. 18 il əmək təcrübəsi olan müəllim 149 manat əmək haqqı alır. Bu, aşağı rəqəmdir. Ona görə də müəllim qadın peşəsinə çevrilib. Bu, qəbul imtahanlarında da özünü göstərir. Oğlanlar isə müəllim olmaq niyyəti ilə yox, sadəcə, kənarda qalmamaq üçün bu peşəni seçirlər".
Bölgələrdə qadın müəllimlərin sayının digər səbəbləri də var. Belə ki, son 15 ildə xeyli oyuncaq pedoqoji məktəblər yaranmışdı. Təkcə “Gəncə filialı” deyilən oyuncaq məktəb hər rayona ən azı 250-300 müəllim “bəxş” etmişdi. Bu məzunların da ən azı 90 faizi qadınlar idi ki, onların çoxu heç Gəncənin yolunu tanımırdı. Bu səbəblərə onu da əlavə edək ki, 2 il öncə 65 yaşlı müəllimlərin ixtisarı zamanı bu peşədən uzaqlaşdırılanların əksəriyyəti kişi müəllimlər oldu.
Əbdül Əsgərli (Məmmədoba məktəbində müəllim): 
-Bütün hallarda müəllimlərin əmək haqqı o dərəcədə artmalıdır ki, o məbləğ kişi müəllimlər üçün cəlbedici olsun. Hətta, mənə elə gəlir ki, kişi müəllimlər üçün imtiyazlar tətbiq olunmalıdır.
Bu yaxınlarda Bakıda “Qadın Gücünə Güc” layihəsi çərçivəsində keçirilən tədbirdə Almaniyadan gələn ekspert xanım Dorothea Maisch bildirdi ki, onun ölkəsində də qadınlar müəllimlik peşəsinə az maraq göstərir. Bunun səbəbi də odur ki, digər peşələrdə, xüsusən texniki sahələrdə əmək haqqı daha yüksəkdir.
Cənub bölgəsində qadınların həkim və müəllim peşəsini daha çox seçməsi də təsadüfi deyil. Çünki, bölgələrdə sənaye müəssisələri az olduğu üçün onlar sahib olduğu texniki ixtisaslar üzrə yerlərdə iş tapmağa çətinlik çəkirlər. Son vaxtlar isə yerlərdə banklar çoxaldıqca bu peşəyə qızların cəlb olunmasına da tələbat artıb.
Əksər təcrübəli pedaqoqların fikri odur ki, qadın müəllimlərin məktəblərdə həddən artıq çoxalması ciddi müzakirə mövzusuna çevrilməli, ölkə televiziyalarında, pedoqoji mövzuda keçirilən konfranslarda hərtərəfli araşdırılmalıdır. Eləcə də, qadınların digər ixtisaslara, xüsusən texniki ixtisaslara yiyələnməsinə hərtərəfli şərait yaradılmalıdır.

Zahir Əmənov                    cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий