Страницы

09.06.2015

Masallı tarixi abidələrdə

Bütün dövrlərdə Masallının indiki ərazisində qədim tarixə, zəngin mədəniyyətə böyük diqqət olmuşdur. Görkəmli sərkərdələrin, dövlət xadimlərinin, xarici səyyahların Masallıya gəlişi elə bu marağın ifadəsidir. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin, 1922-ci ildə görkəmli dövlət xadimi N. Nərimanovun, daha əvvəllər isə Makedoniyalı İsgəndərin, Nadir şahın bu ərazidən keçməsi və digər məqamlar da bunu bir daha təsdiqləyir.
Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Bu ərazi antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinə daxil olmuşdur. VII əsrdə ərəblər burada da İslam dinini yaymağa başlayırlar. Monqol yürüşləri də Masallı ərazisindən yan keçmir. XVI-XVIII əsrin ortalarına qədər Masallı Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Talış xanlığının, XIX əsrin ortalarından Lənkəran qəzasının tərkibində olmuşdur.
1930-cu ildə Masallı inzibati rayonu yaradılmış və müstəqil rayon kimi Azərbaycan xəritəsinə daxil olunmuşdur. Masallı tarixini şərtı olaraq yazıya qədərki və yazının meydana gəlməsindən sonrakı dövrlərə bölmək olar. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır.
Bəs Masallının qədim, yəni yazıya qədərki tarixi haqqında nə bilirik? Bu tarix arxeoloji abidələr sayəsində öyrənilir. Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeoloji, qalanları isə XX əsr abidələridir. 
Masallının qədim tarixinin müəyyən hissəsi Muğan mədəniyyəti ilə bağlıdır. 
Muğan mədəniyyəti - son tunc - erkən dəmir (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) dövrü arxeoloji mədəniyyətdir . Bu mədəniyyət nümunələri Azərbaycanda Muğan çölündə və Talış dağlarında aşkar edilmişdir. 
Muğan mədəniyyəti üçün sümükləri qıvrılmış və ya dartılmış halda daş qutularda və ya torpaq qəbirlərdə dəfnetmə səciyyəvidir. Həm tək, həm də qrup qəbirləri əmək alətləri, silah və bəzəklərlə müşayiət olunur. Muğan mədəniyyətini yaradan tayfalar maldarlıq, əkinçilik və ola bilsin ki, həm də balıqçılıqla məşğul olurdular. Əmək alətləri və silahlar tuncdan və dəmirdən hazırlanırdı, xüsusilə səciyyəvi olanlar isə dəstəyi haşiyəli tunc və dəmir qılınc ilə tunc xəncərlər idi. Gil qablar da müxtəlifliyinə görə seçilir. Zəngin və ya kasıb qəbir əşyaları nəsli icmanın dağılması prosesini və bu tayfalarda əmlak bərabərsizliyinin meydana gəlməsini göstərir.
Muğan mədəniyyətinin Cənubi Qafqazın digər rayonlarının və qədim Şərq ölkələrinin mədəniyyəti ilə əlaqələri aşkar edilmişdir. Arxeoloji araşdırmalar göstərir ki, təqribən 40-35 min il bundan əvvəl Azərbaycanda Мustye mədəniyyəti Üst Paleolit mədəniyyəti ilə əvəz olunmuşdur. Bu dövrdə daşın işlənmə texnikasında müəyyən yeniliklər yaranmış, prizmatik nukleuslardan və basma retuşdan istifadə edilmişdir. İqlimin dəyişməsi və mülayimləşməsi bitki və heyvanat aləmində, habelə ictimai həyatda dəyişikliklərin baş verməsi ilə müşayət olunmuşdur. Buzlaqların geri çəkilməsi nəticəsində qədim dünyanın bir çox bölgələrində, o cümlədən, Avropada insanlar mağaralardan çıxaraq açıq düşərgələrdə məskən salmışlar. 
Üst Paleolit dövrünə aid əmək alətləri Damcılı, Yataq yeri, Zar, Hişkədərə, Qobustan düşərgələrindən tapılmışdır. Bu dövrdə nəhəng maral və mağara ayısının kökü kəsilmiş, insanlar daha çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. heyvanları ovlamışlar. Göründüyü kimi, Masallı ərazisində da üst paleolit dövründə qədim insanlar yaşamışlar.
Cənub bölgəsini arxeoloji cəhətdən öyrənmək üçün 1985-ci ildə Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyası yaradılıb. 
Bunda əsas məqsəd, Cənub bölgəsinin arxeoloji tədqiqi, eyni zamanda arxeoloji abidələrin külliyyatının hazırlanması və xəritələşdirilməsidir. Bu, mühüm bir işdir. Abidələrin əksəriyyəti elmə məlum olmayan abidələrdir. Bunların sərhədləri müəyyən olunmalıdır. Onlarda arxeoloji tədqiqatlar aparılmalıdır ki, həmin abidə xəritəyə salınsın. Eyni zamanda yaşayış yerlərində, şəhər yerlərində, qala və ya qəbir abidələrində, onların mühümlüyünü nəzərə almaqla, arxeoloji tədqiqatlar aparılır. 
Bu iş uzun müddətdir ki, davam edir. Bir neçə rayon ərazisində faktiki olaraq, iş başa çatıb. Əslində, başa çatıb demək də olmur. Çünki hər gün yeni abidələr ortaya çıxır. Əksər abidələrin yerüstü əlamətləri olmur. Tutaq ki, hansısa bir kənd ərazisində arxeoloji kəşfiyyat-gəzinti zamanı heç bir əlamətə rast gəlinmir. Bir müddətdən sonra həmin ərazidə təsərrüfat işləri və ya qazıntı işləri aparıldıqda hansısa bir arxeoloji material üzə çıxır.
Misal üçün, keçən il Masallı rayonunda Seybətin kəndi ərazisində kanalizasiya və qaz xətti çəkilərkən, küp qəbirlər nekropolu aşkar edilmişdi. Arxeoloqlar məlumat daxil olan həmin əraziyə gələrək, tədqiqat işləri aparmış, aşkar edilən abidə arxeoloji xəritədə qeyd edilmişdi. Küp qəbirlərini təmizləyərək, arxeoloji materialları götürdük və həmin arxeoloji abidə Masallı rayonunun xəritəsinə salındı.Yerüstü əlaməti olmayan abidələr Azərbaycanın Cənub ərazisində çox geniş yayılıb. Onların əksəriyyəti təsərrüfat işləri zamanı ortaya çıxır. XIX əsrin sonlarında həvəskar fransız arxeoloqu Jak De Morqan və qardaşı Henri Morqan Lənkərana gələrək, Lerik rayonu ərazisində arxeoloji kəşfiyyat işləri aparıblar. Son Tunc və İlk Dəmir dövrü üçün səciyyəvi olan daş qutu qəbirlərdə arxeoloji tədqiqatlar aparıblar və xeyli miqdarda arxeoloji materiallar üzə çıxarıblar. Bunların arasında bəzək əşyaları, silahlar, məişət əşyaları, keramika nümunələri vardır. Bunların hamısı o vaxt Fransaya aparılıb. Fransada Senjermen adlanan kiçik şəhər var. Artıq bu şəhər Parisə birləşib. Nümunələr burada yerləşən Fransanın Milli Arxeoloji Muzeyində saxlanılır. Demək olar ki, həmin materialların əksəriyyəti fondda saxlanılır.Morqanın vaxtilə qazıntı işləri apardığı həmin ərazilərdə toxunulmamış qəbirlər yoxdur. Yaşı milyon illərlə ölçülən tarixi abidələri ilə zəngin olan torpağımız həmişə yadellilər tərəfindən talanmışdır. Əldə olunan maddi-mədəniyyət nümunələri müxtəlif yollarla ölkədən çıxarılaraq, dünyanın ayrı-ayrı muzeylərinə satılmışdır. Onun Muğan-Talış arxeoloji mədəniyyətinə böyük maraq göstərdiyi məlum olur.
Jak De Morqan 3 iyun 1857-ci ildə Fransanın Uisso-Syur-Koccon şəhərində anadan olmuşdur. 1889-1891-ci illərdə mühəndis De Morqanın rəhbərliyi ilə fransız arxeoloji missiyası İran və Azərbaycan ərazisinə gəlmişdir. De Morqan bu zaman ərzində İranın şimal-qərb rayonlarında, Xəzərin sahillərində, Talış xanlığında olmuş və arxeoloji qazıntılar apararaq tarixi abidələrimizi ölkədən kənara çıxartmışdır. O, 1889-cu ildə Korqanrud (Kəonru) mahalında qazıntılar aparmış və buradakı tarixi abidələrlə yanaşı, qızıl və digər qiymətli əşyaları Fransa muzeylərinə göndərmişdir. Qeyd edim ki, Korqanrud Talış xanlığının 11 (Əsalim, Korqanrud, Astara, Vılgic, Zuvand, Çay İçi Lənkəran, Dırığ, Uluf, Dəştivənd, Ucarud, Muğan) nahiyyəsindən biridir və çox qədim bir tarixə malikdir. De Morqan Lənkəran, Lerik və Astaranın ərazisində arxeoloji qazıntılara ilk olaraq Çay İçi Lənkəran (Ruədilə) mahalından başlayaraq, Astaranın, Lerikin,Masallının müxtəlif dağ kəndlərinə qədər olan ərazidə ən qədim abidələri, tarixi eksponatları, bir sözlə, bütün maddi mədəniyyət nümunələrini Fransaya yola salır. Qeyd etmək lazımdır ki, onun Azərbaycandan apardığı həmin nümünələr, son tunc, erkən dəmir dövründən 17-ci əsrə qədər olan dövrü əhatə edirdi. O, savadsız kənd camaatını müxtəlif yollarla aldadaraq qədim tarixə malik qəbirləri onlara qazdırmışdır.
1890-cı ildə tədqiqatcı həmyerlisi K.Şaffer və qardaşı Henri ilə birlikdə Talış dağlarının ətəyindəkı kəndlərin ərazisində arxeoloji qazıntılara başlayır. O, buradakı nəhəng qəbirləri (bu qəbirlər çəkisi 5-6 tondan ağır böyük daşlardan hazırlanıb, daşlar şaquli vəziyyətdə yerə basdırılıb və hər iki tərəfi bağlıdır. Onların üstünə böyük sal daşlar qoyulub) yerli əhaliyə qazdıraraq, qiyməti milyonlarla ölçülən tarixi abidələri Parisin Sen-Jemen muzeyinə göndərmişdir. O, daha sonra Lerikin Veri kəndi ərazisindəki "Qızılbaşlar" qəbristanlığında, Həmat kəndinin "Penəğəvıston" adlanan ən qədim qəbristanlığında uzunmüddətli arxeoloji qazıntılar aparmış və çox qədim eksponatları aşkar etmişdir. Hamarat kəndinin "Kəloci" adlanan ərazisində indi də de Morqanın dagıtdığı kurqanların, dolmenlərin və tarixi abidələrin qalıqları mövcuddur. Həmin vaxtdan indiyə kimi bu ərazidə demək olar ki, heç bir tədqiqat aparılmayıb. Artıq bu qəbirlərin çoxu sürüşmə və digər təbiət hadisələri nəticəsində itmişdir. Bu kəndlərin siyahısına Lerik rayonunun Zuvandçay, Çayrud, Buzeyir, Mondigah, Mistan, Hovil və digər kəndlərini də əlavə etmək olar. 
Bu qazıntılardan sonra o, Talış dağlarındakı kəndlərı "arxeoloji cənnət" adlandırmışdır.Yaşlı nəsildən qalan xatirələrə görə, de Morqan onlara bu torpaqların tarixini, burda yaşayan əhalinin məşğuliyyətini və dilini öyrənmək üçün bura gəldiyini söyləmişdir. Bu yolla o, insanları özünə inandırır. Sadə kənd camaatının inamını qazanan de Morqan onlardan talış dilində nağıllar, bayatılar, atalar sözləri və digər şifahi xalq ədəbiyyatı nümünələrini də öyrənmişdir. Beləliklə, o, Talış xanlığında 300-ə yaxın belə qəbirləri qazdıraraq içindəki sərvəti Fransaya daşımışdır. Arxeoloji qazıntılar nəticəsində bu mərtəbəli qəbirlərdən tunc və dəmir dövrlərinin öyrənilməsi üçün əhmiyyətli olan e. ə. 3-cü minilliyə aid olan nadir nümünələri tapmışdır. J. Morqan Cənubi Qafqazın bir sıra bölgələrində qarət məqsədi ilə "arxeoloji qazıntı" işləri aparmışdır. Onun istəyi zəngin arxeoloji mareriallar əldə edərək Fransa muzeylərinə satmaq idi. Bir sözlə onun bölgədəki "tədqiqatları" qiymətli əşyaların əldə edilməsi məqsədilə aparılırdı. Bunu J. Morqan özü də inkar etmirdi. Yazırdı ki, "mənim adamlarım bir neçə qazıntı aparmışdılar ki, mənim üçün əşyalar əldə etsinlər". Onun qarət xarakterli qazıntıları barədə məlumatlar o zaman siyasi rəhbərliyə qədər gedib çatmış və hətta Rusiya İmperator Arxeoloji Cəmiyyəti ona qazıntılar aparmagı qadagan etmişdir. 
Bu ərazilərdə yeni daş qutular aşkar edilib. Amma çox təəssüf ki, bunların əksəriyyəti dağıdılıb. SSRİ dağılandan sonra bu abidələr gizlin yolla, qaçaqmalçılıqla yerli əhalinin sadəlövhlüyündən istifadə edilib xarici ölkələrə daşınmışdır. Müstəqillik əldə edildikdən sonra bunun qarşısı müəyyən qədər alındı.

Mürüvvət Abbasov, tarix üzrə fəlsəfə doktoru                 cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий