Страницы

14.07.2015

AXUND MİRZƏ ƏBU TURAB AXUNDZADƏ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Azərbaycan tarixində dərin hörmət və rəğbət bəslənən böyük din xadimlərindən biri də görkəmli şəxsiyyət Axund Mirzə Turab Axundzadədir. 1817-ci ildə Bakıda içərişəhərdə tanınmış ruhani ailəsində dünyaya göz açmışdır. Əsl adı məlum deyil. Əbu Turab adı ona Ərəbistanda dini təhsil aldığı illərdə bir ləqəb kimi verilmişdi. Mirzə Əbu Turab Axundzadə sözün həqiqi mənasında Abşeron torpağının “atası” idi.

 İlk təhsilini o dövrdə Bakının məhşur təhsil ocaqlarından sayılan Mirzə Həsib Qüdsinin mədrəsəsində almışdır. Cəhalət və xurafatın hökm sürdüyü dövrdə həmin mədrəsənin üstünlüyü ondan ibarət idi ki, orada İlahiyyat elmləri ilə yanaşı dünyəvi elmlər də tədris olunurdu. Təəssüflər olsun ki, həmin mədrəsənin nə tarixi, nə də onun banisi olan gözəl şair, maarifçi din xadimi Mirzə Həsib Qüdsinin fəaliyyəti bu günədək işıqlandırılmamış və təhqiq olunmamışdır. Təkcə bu faktı göstərmək kifayətdir ki, uzun illərdən bəri hüzür miclislərində “Yasin” surəsindən sonra oxunan tilavət tərifi Mirzə Həsib Qüdsi tərəfindən inşa edilmişdir.
 Ərəb və fars dillərini mədrəsədə mükəmməl öyrənən Əbu Turab bununla kifayətlənmir. Təhsilini davam etdirmək üçün, Ərəbistəana yola düşür. Təhsilini Mədineyi Münəvvərədə başa vurur və hələ tələbəlik illərində Məkkə ziyarətində olur. Yeri gəlmişkən qeyd etmək istəyirik ki, Mədinədə təhsil almış ilk yeganə alimlərindəndir. Əbu Turab Axunzadə dövrünün ən görkəmli ilahiyyatçılarından hesab olunurdu. O, Bakının bir çox məscidlərində moizələr edərdi. Bəzən moizələrini ərəb dilində söyləyərdi. O, əsasən Bakının Əmircan məscidində fəaliyyət göstərirdi ki, bunun da səbəbi vardı. Bu din xadimi elmin və maarifin tərəfdarı idi. 1901-ci ildə öz qızını H.Z.Tağıevin qız məktəbinə qoymuşdu. 1845-1846-cı illərdə alim iki dəfə Tiflis şəhərinə dəvət olunmuş, Qafqaz baş canişini M.S. Verensov və Zaqafqaziya Şeyxülislamı Axund Məhəmmədəli tərəfindən qəbul edilmiş, ona Bakı vilayət qazısı vəzifəsi təklif olunmuşdu. Amma o bu vəzifədən imtina etmişdi.
 Əbu Turab Axund özünün ruhanilik fəaliyyəti ilə İslam dinini təhqir edənlərə qarşı amansız olmuşdu. Əbu Turab Axundzadənin Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə ilə eləcə də başqa ictimai xadimlərlə mübahisələri olmuşdur. Onun 1907-ci ildə əvvəlcə “Həyat” qəzetində, sonra isə Tiflisdə kitabça şəklində çap olunmuş “Bizə hansı elmlər lazımdır” məqaləsi həmin dövrdə müxtəlif mübahisələrə səbəb olmuşdu. Axund Əbu Turab yazırdı: “Təbiətin hikmətini bilməklə insan olmaq olmaz. İlahi hikməti ilə kamilləşmək insanı insan edər”. Məqalənin başqa hissəsində deyilir: “Tibb elmini bilməklə bədənin xəstəliklərinə əlac etmək olar, lakin onunla insanlığı kəsb etmək olmaz”.
 Azərbaycan xalqının fəxri, milyonçu H.Z.Tağıyevin Əbu Turab Axundla yoldaşlıq və dostluq münasibəti olmuşdur. Yaşca ondan böyük olan Axunda Hacı böyük ehtiramla və hörmətlə yanaşmışdır. Təsadüfi deyildir ki, Hacı öz şəxsi faytonundan istifadə etməyə ancaq Axunda icazə vermişdi. H.Z.Tağıyev dünyadan köçməzdən çox-çox əvvəl vəsiyyət etmişdi ki, öləndə onu Axund Mirzə Əbu Turabın ayağı tərəfində basdırsınlar. Bu vəsiyyət Hacı tərəfindən təsadüfən edilməmişdi. Onun maraqlı bir tarixi var. Hacı Zeynəlabidin Tağıyevin kiçik oğlu İlyasın hüzüründə məclisi Əbu Turab Axunzadə aparırdı. O “Yasin” surəsini başa vurduqdan sonra, Hacı ona belə bir sualla müraciət edir: “Yasin” surəsində belə bir ayə var: “İnnəmə əmruhu iza əradə şeyən ən yəqulə ləhu kün fəyəkun”. Onun mənası nədir?” Əbu Turab Axundzadə cavab verir: “Hər şey Allah taalanın əlindədir. Nə istəsə, həmin anda icra olunur”.
 Bu hadisədən düz on il sonra 1920-ci ildə qızıl ordu Azərbaycanı işğal edir. Aprelin 27-də milyonçu olan Hacının aprelin 28-də artıq heç nəyi qalmamışdır. Əbu Turab Axunzadə bunu deyirmiş, Hacı onun sözlərini indi başa düşmüşdü. Hacının vəsiyyətinə əməl olundu. Onu Mərdəkanda “ŞirHəsən altı” deyilən qəbristanlıqda Əbu Turabın məzarının ayaq tərəfində dəfn etmişlər.
 Əbu Turab Axunzadənin yetişdirmələrindən biri onun qohumu Bakı vilayət qazısı Axund Mir Məhəmməd Kərim Müzəffərzadə idi. Onun qazılığa namizədliyini 1904-cü ildə Əbu Turab Axunzadə vermişdi. M`lumdur ki, Mir Məhəmməd Kərim Müzəffər Quranın “Kəşfül-həqaiq” adlı üç cilddən ibarət Azərbaycan dilində təfsirini vermişdir. Dörd il üç aya yazılan bu əsərin əsas müddəaları Əbu Turab Axunzadə ilə razılaşdırılmış, onun dəyərli məsləhətləri isə nəzərə alınmışdı. 
 Axund Əbu Turab tanınmış publisist idi. Hansı mövzuda yazırsa-yazsın, insanları həmişə maarifə, biliyə və birliyə çağırırdı. Orucov qardaşlarının nəşriyyatında onun “İslam təfriqəsinin səbəbləri” adlı kitabı nəşr edilmişdir. Bu kitab ilə o İslamiyyət içərisində təfriqə salanları ifşa etmişdir.
 Öz dərin ağlı, zəkası, mərifəti və xeyirxahlığı ilə hörmət qazanmış, Bakı alimlərinin başçısı Mirzə Əbu Turab Axundzadə 1910-cu ildə Mərdəkən bağında vəfat etmişdir. Bakı milyonçusu Ağa Murtəza Muxtarov hörmət əlaməti olaraq onun qəbri üstündə memarlıq cəhətdən insanın diqqətini cəlb edən, günbəz inşa etdirmişdir.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий