Страницы

14.07.2015

Azərbaycan siyasətçilərinin İslam dərdi

Son 20 il ərzində, Azərbaycana Qərbin demokratik dəyərlərinin ayaq açmasından sonra ölkədə fəaliyyət göstərən bəzi siyasi simaların bir qisminin öz milli kökünə, xüsusilə dini dəyərlərinə qarşı laqeydləşməsi prosesi müşahidə edilir. Hətta sözügedən siyasilər bəzi hallarda kimlərinsə xoşuna gəlmək üçün özlərinin hansı dinə mənsub olmalarına belə, gizlətməyə çalışırlar. Bir qədər də qabağa getsək, bəzi simaların dini məsələlərə, xüsusilə xalqımızın milli-mənəvi dəyərlərinin bağlı olduğu İslama aşağılayıcı mövqedən baxdığının şahidi olarıq. Halbuki 1918-ci ildə Azərbaycanda ilk demokratik cümhuriyyət qurulanda, bu cümhuriyyətin banilərinin hamısı özlərinin müsəlman və milli kimliyinə möhkəm tellərlə bağlanmaqla yanaşı, bunu çox böyük fəxarətlə etiraf edirdilər. Buna sübut kimi həmin illərdə yaradılan Azərbaycan bayrağının rənglərinə nəzər yetirmək kifayətdir.

Lakin maraqlı olan budur ki, son 20 ildə nə baş verdi? Nə baş verdi ki, ölkənin bəzi aparıcı siyasi simaları xalqın dininə və inancına qarşı bu qədər yadlaşdılar? Nəyə görə hər hansı bir siyasətçi özünün inanclı olmasını ifadə etməkdə bu qədər narahatlıq keçirir?
FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən Xəzər Universitetinin Fəlsəfə və Sosiologiya Kafedrasının müdiri Mail Yaqub kifayət qədər maraqlı və diqqət çəkən məqamlara toxundu.
Müsahibin sözlərinə görə, istər Şərq, istərsə də Qərb ölkələrində dinindən asılı olmayaraq tanınmış insanların nəinki dinə, ümumiyyətlə keçmiş tarixi və milli adət-ənənəsinə münasibətinin formalaşması hazırda aktual olan məsələlərdəndir:
“Sözügedən məsələyə siyasətçinin münasibəti onun bacarığından və gedişindən asılıdır. Fərz edək ki, hər hansı bir siyasətçi buddistlərin yaşadığı Hindistanda  siyasi hakimiyyətə gəlmək istəyir. Əgər bu adam orada özünü müsəlman kimi təqdim etsə, bu addım siyasi baxımdan absurd və mənasız addım kimi dəyərləndiriləcək. Yəni o, adamın siyasi baxımdan belə bir gediş etməsi mənasızdır. Lakin siyasi ambisiyası olmayan hər hansı bir şəxsin digər dinlərin mövcud olduğu yerlərdə, heç kəsin inancını və hüququnu tapdalamadan özünün mənsub olduğu dini yayması və yaşaması normaldır. Sadaladığımız bu iki yanaşma bir-birindən ayrılmalıdır.”
XIX sərin axırlarında və XX əsrin əvvəllərində Azərbaycandakı cümhuriyyət hərəkatının liderlərinin İslami dəyərlərə münasibətinin müsbət olduğunu söyləyən Mail Yaqub bildirdi ki, bununla bağlı tarixdə kifayət qədər faktlar və sübutlar var:
“Düzdür, sözügedən liderlər arasında bəziləri İslama həddən artıq loyal, bəziləri isə daha dərindən bağlı olublar, amma ortaq nöqtə budur ki, Azərbaycanda istər siyasi adamların, istərsə də siyasətə aid olmayan Hüseyn Cavid kimi mütəfəkkirlərin İslami dəyərlərə baxışı müsbət olub. Təbii ki, Cəlil Məmməqduluzadə kimi  istisnalar da var, onlar da mübahisəli məsələlərdir. Lakin ümumi mənzərə bundan ibarətdir ki, Azərbaycanda heç zaman, hətta sovet dönəmində belə, siyasət adamlarımızın, ideoloqların və şairlərin dinə münasibəti kəskin olmayıb.”
Mail Yaqub onu da qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən hər hansı bir siyasətçinin özünü müsəlman adlandırmaması siyasi nöqteyi-nəzərdən çox gülməlidir:
“Görünür bu adamların siyasətdən xəbərləri yoxdur. Hətta Qərbin özündə belə, renosansdan sonra dinə qarşı ən kəskin dövr hesab edilən maarifçilik zamanında Con Lok kimi məşhur maarifçilərin də dinə qarşı münasibəti inkarçılıq formasında olmayıb. Con Lokun həmin dövrlərdə məşhur bir fikir var idi ki, əgər din olmasa idi, insanlar daxildən gələn ilahi fitri səslə müəyyən yaxşıları və pisləri bir-birindən ayırd edə bilərdilər.”
Azərbaycanda əhalinin 90%-dən çoxunun müsəlman, 100 faizə yaxınının isə Allaha inanan şəxslər olduğunu söyləyən müsahib, “mümkündür ki, özünün müsəlman kimliyini gizlətməyə çalışan bəzi siyasilər, özlərini siyasi baxımdan tam bataqlıqda gördüklərinə görə, İslama qarşı aqressiv mövqe sərgiləməklə, özlərini reklam etməyə çalışırlar”, - deyə bildirdi: 
“Əslində ortalığa çıxaracaq hər hansı bir təklifləri və cəmiyyət üçün faydalı ideyaları yoxdur. Yəni bu insanlar tükəniblər. Əslində, təəssüfləndirici bir haldır ki, siyasi liderlər öz işləri ilə məşğul olmaq əvəzinə, dinşünaslıqla məşğuldurlar”. /faktxeber.com/

Комментариев нет:

Отправить комментарий