Страницы

05.07.2015

Maskaların yarışı: Kim hakimiyyətə işləyir?

Son günlərin qəzet “duellər”i bu mövzu ətrafındadır: “Kim hakimiyyətə işləyir?”
Əlbəttə, hakimiyyət dalaşanları sakitləşdirmək üçün ortaya çıxıb barmağını tuşlayaraq ona xidmət edən “mübarizə tərəfini” göstərməyəcək.
Əvvəla, bu söz savaşında o, maraqlı tərəfdir, marionetlərin ipini əlində saxlamaqla şounu daha uzun müddətə davam etdirməyə çalışır. İkincisi, oyunun qaydaları məchulluq tələb edir.
Halbuki baş verənlərin səbəb, motiv və nəticələrini istənilən müşahidəçi asanlıqla anlaya bilər. Savaşa başlayan, onu genişləndirməyə və davamlı etməyə çalışan tərəfi sezmək yetərlidir ki, suala cavab məlum olsun.
Habelə tarixdə çoxsaylı misallar var və analogiyalar üzdədir. Həm də mövzu o qədər təkrarlanandır ki, hətta bədii ədəbiyyatda da dəfələrlə öz əksini tapıb.

Məsələn, oxşar hadisələri hələ 90 il əvvəl məşhur amerikalı yazıçısı Epton Sinkler (Lenin onu “nəzəri bilikdən məhrum sosialist” adlandırırdı) özünün “100 faiz” romanında təsvir edib. Orada yazıçı 1920-ci ildə ABŞ-da monopoliyaların və hakimiyyətin fəhlə hərəkatını cəsuslar sistemi və çeşidli təxribatlar vasitəsilə necə parçaladığını göstərməyə çalışıb. Romanın mərkəzi personajı Piter Hadc təxribatçının parlaq obrazıdır, yəni “100 faizli amerikalı”dır.
O vaxt məqsəd fəhlə hərəkatını parçalamaqdı. Bu məqsədlə cəsuslar vasitəsilə hərəkatda çatlar yaradılır, rejimə qarşı dayananlar parçalanma nəticəsində iki cəbhəyə bölünür. Cəbhələrdən biri dinc siyasət yolunu seçir, digəri isə üsyana çağırır. Sonuncuların cərgəsində xüsusilə “Gödəkboy” Hanton radikallığı ilə fərqlənir. O, işsiz təbliğatçıdır, onun mübarizəyə çağıran çıxışları fəhlələrin ürəyini fəth edir.
Piter Hadc onun nitqlərinə qulaq asdıqca qərara gəlir ki, o, Amerikanın ən təhlükəli inqilabçılarından biridir. Ancaq tezliklə anlamağa başlayır: “Gödəkboy” Hanton da elə onun özü kimi cəsusdur.
Tezliklə bu, sübutunu tapır. Parçalanan sosialist hərəkatından qopan Sol sosialistlərin arasında da nifaq salınır və o, iki partiyaya bölünür: Kommunist Partiyası və Kommunist Fəhlə Partiyası. “Gödəkboy” birinciyə- inqilaba çağıranlara qoşulur.
Partiyanın qurultayı keçirilərkən xəfiyyə Mak-Givni cəsus Hadcın yanına gələrək ona bildirir: hakimiyyətin Kommunist Partiyasının proqramını hazırlayan komissiyada öz adamı var və onun səyləri sayəsində partiyanın proqramına elə cümlələr daxil ediləcək ki, bundan istifadə edərək istənilən fərdin bu təşkilatda üzv olmasını artıq dövləti cinayət saymaq mümkün olsun. Yəni kim Kommunist Partiyasının üzvüdürsə, artıq bu fakta görə onu qanuna görə həbs əl atmaq olacaq.
Həmin cümlələr üslubuna görə ümumi qəbul olunmuş kommunist jarqonlarından fərqlənməməlidir və bu sahədə Piterin yazmaq bacarığına ehtiyac var.
Beləliklə, Piter gərəkli cümlələri yazır və bir neçə gün sonra partiya qurultayının stenoqramı ilə tanış olarkən nə görsə yaxşıdır? Qurultayda atəşin nitqlə çıxış edən “Gödəkboy” Hanton onun yazdığı cümlələri azlığın adından təkrarlayaraq partiya proqramına salmağa çalışır. Nail də olur.
Bir neçə ay keçir, hökumət kommunistlərə divan tutmağa başlayır, “Gödəkboy” Hantonu da həbs edirlər, ancaq cəmisi 2 gün sonra o, türmənin damını mişarla kəsərək dramatik qaçış həyata keçirir!
Əlbəttə, sıravi və ideyalı kommunistlərin nəzərində Hanton qorxmaz inqilabçıdır, ancaq cəsus Piter üçün o, sadəcə həmkardır.
Ən əcaib ssenari o olardı ki, əzilənlərin və sadəlövh etirazçıların adından mübarizəni Piter və Hanton aparsın, savaş da iki maskalının arasında getsin...
***
Daha bir misal. Sergey Kara-Murzanın “Sovet sivilizasiyası” kitabından bir epizod:
1966-cı ilin Kubası. Orada kimyaçı kimi çalışan müəllif məşhur Kuba karnavalından söz açır. Ona Batista rejimində qulluq etmiş, indi isə yeni hakimiyyəti bəyənmiş yaşlı polis danışır ki, diktatura illərində karnaval - qisas yeri idi. Kimin kimdə heyfi var, saxlayırdı karnavala. Maskanı geyir, istəmədiyini bıçaqlayır və yoxa çıxırdılar. Heç üzləri də görsənməyib, indi gəl tap.
İnqilabdan sonra yeni hakimiyyət maska taxmağı qadağan edir. Karnaval da dinc şənliyə çevrilir. Sakitlik bərpa olunur.
Kara-Murza soruşur: Doğrudanmı problem maskadadır? Axı yenə kütlədir, bıçaqladın- qarış kütləyə qaç. “Məsələ bunda deyil” -qoca izah edir,- “Maskasız adama vicdanı öldürməyə icazə vermir. Maska taxdınmı- başqa adam olursan. Heç kəs səni görmür. Sən özün də sanki özünü görmürsən”.
Maskalı adam cinayətini edib maskasını çıxarandan sonra gülünc bir təskinliklə inanır ki, qatil o özü deyildi, maska taxmış birisi idi. Və maskalı adamla maskasını çıxarmış adam başqa-başqa fərdlərdir. Biri qətl törədir, ikincisi isə adi obıvateldir və birinciyə görə məsuliyyət daşımır.
Xırda, ancaq diqqətəlayiq və psixoloji epizoddur. Həyatın başqa sahələrindəki kimi: insan rol oynayır, sonra rol onu oynayır. Və fərd özünü inandırır ki, burada söhbət iki ayrı-ayrı fərddən gedir: maskasız obıvateldən və maskalı qatildən. Biri digərinə görə məsuliyyət daşımır. Məsuliyyət maskadadır.
25 ildir maska ilə yaşayırsansa, sonunda maska dönüb sifətə çevrilir. O, sifətə o qədər yapışır ki, dərini və saçları da qoparmadan onu çıxarmaq mümkünsüz olur. Bir sözlə, birinci mərhələdə fərd sadəcə maska taxır. İkinci mərhələdə o, maska-adama çevrilir. Üçüncüdə isə maska özü çevrilib fərdin özü olur.
Azərbaycan üçüncü mərhələdədir. Maskalar yapışıb, qopmur, həm də onunla yaşamaq asandır. Hər bir cəllad ürəyinin dərinliyində özünə haqq qazandırır: Dövr bu cür gəlib, hamı bu karnavalda maska ilə iştirak edir, o da bunu təkrarlayır. Ona da cəllad maskası nəsib olub. Və o, rolunu mükəmməl oynamalıdır. Normal dövrlər gələr- o da ya quzu maskası taxar, ya da öz sifəti ilə yaşayar.
Bizim illərimizin qulu isə başqa təskinliklə yaşayır. Dövr bu cür gəlib, bu karnavalda ona da qul maskası qismət olub. Ölməmək üçün rolunu oynamalıdır. Normal dövrlər gələr, o da əvəzini çıxar. Normal dövrlərdə o, cəllad maskası taxar və bu günkü cəlladları qula çevirər.
Əsl həqiqət isə unudulur: bu günün cəlladları dünənin qullarıdır, bu günün qulları isə nə vaxtdandır cəllad olmaq arzusu ilə dözürlər. Maska daha rol deyil, həyatın özüdür.
Kimsə haralardasa öz sifəti ilə yaşamağa qayıdıb. Ağlım kəsəndən gördüyüm Azərbaycanda isə hər gün karnavaldır və bunu bəhanə edərək üzlər gizlədilib.
Azəri insanı ya qul maskası taxır, ya da cəllad. Hesab vermədən ki, bunlar çoxdan rol deyil, həyatın özüdür.
Azacıq inam ona qalır ki, normal dövrlər gələcək və bütün maskalar birdəfəlik tullanacaq. Biz onda uzun illərdən sonra insanların əsl sifətini görəcəyik. Əsl sifət isə istənilən maskadan yaraşıqlıdır...
Əfəl inamdır bəlkə də...

Məmməd Süleymanov          virtualaz.org

Комментариев нет:

Отправить комментарий