Страницы

05.07.2015

SSRİ-siz 21 il

SSRİ-nin varlığına rəsmi surətdə son qoyulmasından 21 il ötür. 21 il əvvəlin dünənki günündə, yəni 8 dekabrında Rusiya, Belarus və Ukraynanın liderləri Boris Yeltsin, Stanislav Şuşkeviç və Leonid Kravçuk Brest yaxınlığındakı Viskulda tarixə «Belovej razılaşması» kimi düşən saziş imzaladılar ki, sənəd SSRİ-nin süqutunu və müstəqil dövlətlər birliyinin yarandığını bəyan edirdi. Ötən müddətdə bu məsələ barədə çox danışılıb. Ümumənsə düşüncələr iki əsas məsələ üzərində köklənir.
Birincisi, SSRİ-nin iflası Viskuldakı saziş ilə müəyyənləşmirdi. Belovej razılaşması hakimiyyəti heç kəslə bölmək istəməyən üç siyasi liderin valyuntarizmindən başqa bir şey deyildi. Amma bu vəziyyət Sovet İttifanın ali rəhbərliyinin faktiki olaraq qabiliyyətsizliyinin də təcəssümü idi.
İkincisi, iflasın qarşısını almaq mümkün deyildi. Həmin vaxt «suverenlərin nümayişi» adlandırılan hadisənin önündə dayanmaq müşkilə çevrilmişdi və əgər Belovej razılaşması olmasaydı, çox güman, «boşanma» güc yolu ilə baş tutacaqdı.
Əlbəttə, indi mübahisə heç də illər keçdikcə daha çox akademik şəkil alan bu kimi  məsələlər üzərində qurulmayıb. Başqa bir məqamdan- Sovet İttifaqının vətəndaşlarının onların artıq bu dövlətin vətəndaşları olmadıqlarını eşitdikləri an göstərdikləri reaksiyadan danışmaq istərdik. Amma əslində burada da xatırlanmalı nə isə yoxdur. Xəbəri alan vətəndaşlar etiraz etmədilər, kütləvi nümayişlərə çıxmadılar. Halbuki 1991-ci ilin martında, yəni Belovejdən 9 ay öncə həmin vətəndaşlar referendumda SSRİ-nin saxlanmasının lehinə səs vermişdilər. Məsələ nədə idi?
Apatiyadanmı, siyasətdənmi, müntəzəm siyasi münaqişələrin az qala şəxsi həyatlarına da yol tapmasından yorulduqlarındanmı, ya nədəndir, insanların nə üçün seyrçi mövqe tutduqlarını birmənalı qaydada başa düşmək çətindir. Ola bilər, insanlar nəyin baş verdiyini də anlamırdılar. Əslində həmin vaxt o qədər gözlənilməzliklər baş verirdi ki, əsrin nəhəng geosiyasi qəzasının gerçəkləşdiyini duymaq sanki mümkünsüzə çevrilmişdi. Digər yandan, insanların əksəriyyəti məişət qayğıları ilə yüklənmişdilər. Yəni, sadələr sanki psixoza qərq olmuşdular. Bəs sadə olmayanlar necə, onlar nə düşünmüşdülər?
Hazırda Rusiya Dövlət Dumasının vitse-spikeri Sergey Jeleznyak 1991-ci ilin təbəddülatlarını xatırlayır: «Həmin vaxt hərbi dəniz qüvvələrinin zabiti idim. Latviyadakı Liapae hərbi bazasında xidmət keçirdim. Xəbər yayılanda birinci reaksiya yüksək hərbi hazırlığın elan edilməsi oldu. Hesab edildi ki, mövcud durumdan radikal qruplaşmalar, xarici qüvvələr istifadə edib silaha və hərbi texnikaya yiyələnərlər».
Amma həmin vaxtadək xarici qüvvələr öz planlarını həyata keçirmişdilər. Onlara nə silah, nə də sursat lazım idi. Əksinə, 1979-1990-cı illərdə Böyük Britaniyanın baş naziri postunu tutmuş «dəmir ledi» ləqəbli Marqaret Teççerin 1991-ci ilin noyabrındakı, dəqiq desək, «Belovej sazişi»ndən iki həftə öncəki çıxışından görünür ki, xaricilərə SSRİ-nin silahı lazım deyildi. «Nəzərə alsaq ki, SSRİ-nin təbii ehtiyatları çox böyük həcmdə idi, bu üstünlükdən rasional yararlanma sayəsində biz dünya bazarından tamamilə çıxışdırıla bilərdik. Buna görə də həmişə ölkənin iqtisadiyyatının zəif düşməsinə çalışırdıq. İstəyirdik ki, iqtisadiyyat daxili problemlərlə yüklənsin. Başlıca olaraq Sovet İttifaqını silahlanma yarışına cəlb edirdik. Bilirdik ki, sovet hökuməti silahlarını NATO ölkələri ilə eyni səviyyədə saxlamaq siyasətini yürüdür. Büdcəsinin 15 faizini silahlanmaya yönəldirdi. Bizim ölkələr isə cəmi 5 faizini. Təbii ki, bu imperiyanın iqtisadiyyatına mənfi təsir göstərirdi. Ruslar tələbat mallarına lazım olan vəsaitdən qənaət edib onu silahlanmaya yönəldirdilər. Bu zaman belə hesablayırdıq ki, SSRİ daxilində kütləvi etirazlar baş qaldıracaq. Əsas metodlarımızdan biri guya həddən artıq silahlanmamızın olduğuna dair informasiya sızdırmaq idi. Yenə də deyim, çalışırdıq ki, sovet hökuməti hərbi xərcləri artırsın. Artırırdılar da. Onlar vəsaiti tamamilə sərfəli olmayan bir sahəyə- hərbiyə yönəldirdilər».
Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanov SSRİ-nin necə dağıldığına aydınlıq gətirir: «Mən həmin zaman kəsiyində Sovet İttifaqı Kommunist Partiyasında sektor müdirinin müavini postunu tuturdum. Gözlərimlə ölkəni hara sürüklədiklərini görürdüm. Orta Asiyada, Qafqazda və Rusiyanın mərkəzindəki hərbi təlimlərdə iştirak etmişdim. Başa düşürdüm ki, partiyanın simasında sistemin məhvi xalq qarşısındakı ən böyük cinayətlərdəndir… 1991-ci ilin qışında partiyanın regionlardakı rəhbərləri ilə Qorbaçov komandasının üzvlərinin görüşünün təşəbbüskarlarından idim. Orada çıxış etdim və stabillişmə ilə bağlı öz proqramımı irəli sürdüm. İzah etdim ki, Sovet İttifaqının Kommunist Partiyası təkcə bir partiya deyil, on illiklərlə formalaşmış dövlət və siyasi idarəçiliyin sistemidir».
Sistem daxildən necə çökdürüldü? Bu suala aydınlıq gətirməküçün yenə də M.Teççerə müraciət edirik: «İstədiyimiz şəxs Mixail Qorbaçov idi. Biz onu ehtiyatsız, xoflana bilən və kifayət qədər şöhrətbaz adam kimi tanıyırdıq. Dövlətin siyasi elitasının əksər təmsilçiləri ilə yaxşı münasibətləri var idi. Buna görə də hesabımızı onun bizim köməyimizlə hakimiyyətə gəlməsinə qoyduq. O zamanlar «Xalq cəbhəsi»nin fəaliyyəti, yəni onun funksionerlərinin texniki və maliyyə dəstəyi elə də böyük məsrəf tələb etmirdi. Əsas maliyyə uzun müddətli şaxtaçı nümayişlərinin yaradılmasına xərclənirdi…
Boris Yeltsinin «Xalq cəbhəsi»nin lideri kimi irəli sürülməsi, sonradan Rusiya Respublikasının Ali Sovetinə seçilməsi və daha sonra Rusiyaya rəhbərlik etməsi məsələsi ətrafında böyük mübahisələrimiz oldu. Bu adamın Qorbaçova qarşı qoyulmasını nəzərdə tuturam. Ekspertlərin çoxu keçmişini və şəxsi xüsusiyyətlərini nəzərə alaraq Yeltsinin namizədliyinin əlehyinə idilər. Amma müvafiq məsləhətləşmələr aparıldı və qərara alındı ki, Yeltsini «irəliyə ataq». Çox böyük çətinliklə bu adamı Ali Sovetə sədr seçə bildik. O an da Rusiyanın suverenliyinə dair bəyamnamə qəbul olundu. Məsələ onda idi ki,  bu müstəqillik kimdən idi. Axı, digər respublikalar Rusiya ətrafında birləşmişdilər?.. Bu, həqiqətən də SSRİ-nin iflası idi.
Boris Yeltsinə çox böyük kömək göstərildi. Xüsusən də 1991-ci ilin avqust hadisələri zamanı. Məlumdur ki, həmin vaxt SSRİ-nin yüksək rəhbərliyi Qobaçovu sıradan çıxarmağa və dövlətin əvvəlki bütövlüyünü saxlamağa cəhd göstərdi. Yeltsinin tərəfdarları kifayət qədər dözdülər. Bu vaxtadəksə onlar güc strukturlarını yetərincə ələ keçirə bilmişdilər».
SSRİ-nin dağılacağını görənlər içərisində yazıçı Eduard Limonovun da fikirləri maraq doğurur. Limonovun sözlərinə görə, həmin vaxt ölkədə kifayət qədər məşhur şəxs olan «Sovet Rusiyası» qəzetinin baş redaktoru Valentin Çikinə Mixail Qorbaçovun həbsini təklif edib: «Rusiya siyasətində hər hansı əhəmiyyət kəsb etmədiyimdən heç kəs məni dinləmədi. Amma kifayət qədər təcrübə toplamışdım. Qərbin siyasi təşkilatlarının da iş təcrübəsinə bələd idim. Mənə hər şey gün kimi aydın idi. Bu, faciə idi. Ancaq o zaman bunu çox az adam bilirdi».
Rusiyanın «Yabloko» siyasi partiyasının lideri Sergey Mitroxininin fikirləri də maraqlıdır: «Hesab etmirəm ki, Belovejə görə yalnız Yeltsini, Kravçuku və Şuşkeviçi günahlandırmaq olar. Çünki ölkənin konstitusiyası elə qurulmuşdu ki, müttəfiq respublkalardan hər biri SSRİ-dən ayrılmaq hüququna malik idi»,- deyən partiya rəhbəri bütün günahı millətlərin öz müqəddaratını təyin etmək hüququnu tanıyan Lenin və Stalin dövrü siyasətçilərinin üzərinə qoyur və bildirir ki, bolşeviklər tədricən partayacaq bombanı işə saldılar. Yeltsin və onun komandası isə sazişə imza atmaqla bombanı tez bir zamanda partlatdılar.
SSRİ konstitusiyasının müddəalarına M.Teççer də diqqət yetirir: «Siyasətimizdəki əsas məqamlardan biri də SSRİ-nin konstitusiyasının nəzərə alınması idi. Sənəd formal olaraq ittifaqa daxil olan hər bir müttəfiq respublikanın oradan arzuladığı vaxt ayrılmasını nəzərdə tuturdu. Əlbəttə, bu hüququn reallaşdırılması Kommunist Partiyasının güc orqanlarındakı mövqeyi səbəbindən mümkünsüz idi. Amma yenə də bu konstitusyon imkandan yararlanmaq siyasətimizdə mühüm yer tutdu. Buna həmişədən cəhd göstərirdik. Amma təəssüf ki, uzun müddət SSRİ-də siyasi vəziyyət sabit qalırdı. İstəyimizin yerinə yetməsində mühüm cəhət raket əleyhinə müdafiə sisteminin yaradılması oldu. Etiraf etməliyəm ki, ekspertlərimizin əksəriyyəti buna qarşı idilər və vurğulayırdılar ki, sistem çox baha başa gələcək və kifayət qədər etibarlı olmayacaq. Biz yenə də hesab edirdik ki, SSRİ analoji sistemin yaradılmasına böyük qüvvə qoyacaq. Amma bu, baş vermədi. Moskva yalnız siyasi bəyanatlarla məhdudlaşdı. Bizim üçün heç də yaxşı olmayan vəziyyət formalaşdı. Amma tezliklə sovet liderinin öləcəyinə və hakimiyyətə bizim köməyimizlə gələcək şəxsin yiyələnəcəyinə dair informasiya gəldi. Planlarımızı reallaşdıra bilərdik».
Sonda «dəmir ledi»nin ABŞ-ın Texas ştatının Hyüston şəhərində etdiyi 21 il əvvəlki 45 dəqiqəlik çıxışının son hissəsini təqdim edirik: «Müttəfiq respublikalar vəziyyətdən yararlanaraq özlərinin müstəqilliklərini elan ediblər.  Əlbəttə, onların bəziləri bunu fərqli formada edib. Haradasa ittifaqda qaldıqlarını da bildiriblər. Beləliklə indi SSRİ de-fakto ifalasa uğrayıb, o, de-yure mövcuddur. Mən sizi inandırıram ki, yaxın aylarda siz Sovet İttifaqının hüquqi cəhətdən də məhvinin şahidi olacaqsınız».

168.az

Комментариев нет:

Отправить комментарий