Страницы

12.08.2015

Azərbaycandakı hücrə evlərdə aparılan İŞİD təbliğatı

Azərbaycanda hər keçən gün İŞİD və radikalizm təhlükəsi böyüməkdədir. Bir sıra məmurlar israrla bu faktı inkar etməyə çalışsalar da, açıqlanan rəsmi rəqəmlər belə bu təhlükədən xəbər verir. Bu günə qədər Suriyadan yüzlərlə ölüm xəbərinin gəlməsi və təkcə Türkiyə üzərindən 15-20 min azərbaycanlının həmin bölgəyə getməsi “Azərbaycanda İŞİD-in və digər radikalların sosial bazası yoxdur” bəyanatını təkzib etməkdədir.
Təəssüf ki, Elşad İskəndərov kimi naşı kadrların sayəsində dini sferada ciddi fəsadlar yaşandı və radikalizm istədiyini əldə etdi. Radikal şəxslərin dövlət tərəfindən ekspert kimi tanınması nəticədə sağlam əqidəli din adamlarının küncə sıxışdırılması və Əlixan Musayev kimilərin meydan sulaması ilə nəticələndi.

Bu gün hər kəs Suriyaya gedənlərdən danışır. Hər kəs eyni fikirdədir ki, ölkədə qalmaqdansa, radikallar çıxıb getsinlər. Ancaq problem də ondadır ki, radikalizmə yuvarlananların əksəriyyəti müxtəlif səbəblərdən Suriyaya gedə bilmirlər. Bu isə təhlükəli nüvənin ölkə içində qalmasına gətirib çıxarır. Gedib oradakı şəraitlə ayaqlaşmayıb, geri qayıdanlar isə başqa bir problem qaynağıdır.
Bəs bu baza necə yaranır? Adının çəkilməsini istəməyən dindarın sözlərinə görə, radikalizmlə bağlı söhbətlər məscidlərdə deyil, evlərdə aparılır: “Dərslərdə, xütbələrdə radikalizm axtaranlar yayınırlar. Radikallar hər şeyi açıq deyəcək qədər axmaq deyillər. Xüsusilə, Əlixan Musayev və Mübariz Qarayev özlərini ustalıqla gizlətməyi bacarırlar. Lazım gəldikdə, iki-üç nəfəri qurban verməklə, özlərini təmizə çıxarırlar. Onlar həmişə bu metoddan istifadə ediblər. İnsanlarla evlərdə qeyri-qanuni, xüsusi toplantılar keçirir, onlara radikalizmi təbliğ edirlər. Xütbə və dərslərdə isə olurlar “mələk”. Mən dəfələrlə o toplantılarda iştirak etmişəm. Qapıdan girdiyimiz zamanı bizi qarşılayan şəxs telefonlarımızı açaraq, nömrə və batareyanı çıxarmamızı “xahiş edir”. Bu “xahiş”i yerə salanın isə orada yeri yoxdur. Ondan sonra içəri buraxılırıq. Təhlükəsizlik tədbirlərindən tam əmin olunduqdan sonra söhbət başlayır. Əvvəlcə otaqdakıların nəbzi yoxlanır. Sonra içəridəki atmosferə uyğun söhbət qurulur. Əlixan tez-tez “əsl müsəlman cihad edənlərdir. Bu dediklərimi başqa bir yerdə mənim adımdan deyənlərə halallıq vermirəm” deyərək, səsinin yazılmamasının vacibliyini vurğulayır. Tam arxayın olduqdan sonra Ben Ladendən Bağdadiyə qədər hamı haqqında danışan Əlixan Musayev xüsusilə birincinin cihad etdiyinə şübhə olmadığını söyləyir”.
Şahidimiz bildirir ki, daha çox savadsız və islama yeni gələn gəncləri ətrafına toplayan Əlixan Musayev Suriyadakı hadisələri də cihad adlandırır və oraya getməyi aşılayır: “Bu gün nə qədər inkar etsə də, bütün təkfirçilər, xəvariclər və keçmiş sələfilər deyirlər ki, bizi bu yola Əlixan Musayev salıb. Beş-on gün öncə daha bir ailə Suriyaya yaşamağa getdi. Hansı ki, o ailənin böyüyü Əlixanın dizinin dibindən ayrılmırdı. “Səsimi yazana Allah lənət eləsin” deyə-deyə, hər dəfə onlarla insanı ya həbsxanaya göndərir, ya da Suriyaya. Keçən dəfə həyat yoldaşı Suriyada öldürülən xanım da “Yoldaşımı Əlixan Musayev Suriyaya göndərdi” dedi, ancaq kimsə əhəmiyyət vermədi. Çünki bu adam Özbəkistanda İslam Partiyası, yəni Hizbut Təhrir tərəfindən xüsusi yetişdirilib. Hamını idarə etməyi bacarır”.
Qısacası, Azərbaycanda İŞİD və digər radikal ünsürlərin bazası və gizli ideoloqları var, lakin onlar dini prossesləri yetərincə analiz edə bilməyən, dini camaatların fəaliyyət istiqamətlərini, tarixini öyrənməyənlərin ifşa edə bilməyəcəyi qədər ustadırlar. /yenicag.az/

Комментариев нет:

Отправить комментарий