Страницы

11.08.2015

Mənzilini satmış vətəndaşlara qarşı şok addım

Vergilər Nazirliyi 2003-cü ildən bəri mənzilini satmış şəxslərdən vergi vermələrini tələb edir

Avropa Oyunlarından sonra boşalmış büdcəni doldurmaq üçün hərəkətə keçən hökumət elə bir yol tutub ki, onun sonunun nə ilə nəticələnəcəyi məlum deyil. Əsas ağırlıq bu dəfə də Vergilər Nazirliyinin üzərinə düşüb. Amma nazirlik də verilən tapşırığı icra etmək üçün elə bir vasitəyə əl atıb ki, eşidən həm təəccübündən donub qalır, həm də gülmədən keçə bilmir.
Aldığımız məlumata görə, 2003-cü ildən indiyə qədər mənzil, həyatyanı torpaq sahəsi və bu qəbildən olan bütün əmlaklarla bağlı alqı-satqı həyata keçirmiş şəxslərdən gəlir vergisinin tutulmasına başlanılıb. Redaksiyamıza verilən məlumata görə, Vergilər Nazirliyinin müvafiq qurumları artıq bununla bağlı araşdırma aparıb və ilkin siyahını tətbiq edib. Həmin siyahıda adı olan şəxslərə bir-bir məktublar göndərilir. Orada həmin vətəndaşın filan tarixdə mənzilini satdığını, lakin gəlir vergisi ödəmədiyini xatırladaraq, ondan alqı-satqının məbləğinə uyğun olaraq 4 faiz vergi ödəməsini tələb edirlər.
Məlumatlarda vurğulanır ki, bu məktubda göstərilən tələbələri yerinə yetirməyənlərə isə ölkədən çıxış qadağası qoyulur.
Qeyd edək ki, belə bir addımın atılması olduqca gülüncdür. Çünki 2003-cü ildən bəri qəbul edilmiş qanunun icrasına 12 il sonra başlanılması həqiqətən də biabırçılıqdır. Üstəlik, nazirliyin rəsmiləri yaxşı bilirlər ki, qanunun geriyə tətbiqi halı mövcud deyil. Üstəlik, nazirlik bu 12 il ərzində harada yatmışdı ki, məsələ indi yadına düşüb?
Digər bir məqam da ondan ibarətdir ki, qeyd olunan müddətdən indiyə qədər mənzil alqı-satqısı notarial qaydada aparılıb. Üstəlik, tərəflərin bir birlərinə ödədikləri məbləğ mütləq bank vasitəsi ilə həyata keçirilməliydi. Belə olan təqdirdə, Vergilər Nazirliyi ən azından həmin dönəmdə vətəndaşlara xəbərdarlıq edərək, onlardan gəlir vergisi tələb edə bilərdi. Üstəlik, Dövlət Notarial Kontorunda imzalanan əqdnamədə də bu məsələ əksini tapmalıydı. Bütün bunlar edilmədiyi halda, nazirliyin 12 il əvvəl baş verənlərlə bağlı vergi tələb etməsi dünyanın heç bir yerində görünməyən hadisədir. Hətta sözügedən qurum bu addımı ilə «Ginnesin Rekordlar Kitabı»na düşə bilər.
Qarşı tərəfi də dinləməyə hazırıq. /jam.az/

Комментариев нет:

Отправить комментарий