Страницы

09.08.2015

ZƏRDÜŞTİLİK

Zərdüştilik qədim iranlıların dini olmuşdur və islamdan qabaqkı dövrə qədər İran xalqları bu dinə etiqad bəsləmişlər. Tarixi məlumatlardan aydın olur ki, zərdüştilik eynilə məcus dini kimidir ki, Qurani-Kərimdə ilahi dinlərdən biri kimi onun da adı sair dinlərlə yanaşı qeyd olunmuşdur. Qur’ani-Kərimdə buyurulur: «Həqiqətən, Allah möminlər, yəhudilər, sabiilər, məsihilər və müşriklər arasında qiyamət günü hökm edəcəkdir. Həqiqətən Allah hər bir şeyə şahiddir».
Bu ayədən məlum olur ki, məcus dini ilk əvvəllər tövhid əsasında olmuşdur; çünki burada o, təkallahlı dinlərlə yanaşı gətirilmiş, müşriklər isə “və” bağlayıcısı vasitəsilə onlardan ayrılmışdır.
Məcus dininin tövhid əsasında olmasını nəzərə alaraq, onu da ilahi dinlərlə bir sırada araşdırırıq. Diqqət yetirmək lazımdır ki, islam fəqihlərinin əksəriyyəti zərdüştləri kitab əhli hesab edərək, onları da rəsmi olaraq təkallahlı kimi tanımışlar.
ZƏRDÜŞTİLİYİN TARİXÇƏSİ. Zərdüştün zühurundan və zərdüştiliyin, yaxud Məzdai ayininin təsis olunmasından qabaq, iranlılar bir neçə allaha inanırdılar. Yəni, allahların allahı, yaxud Yəzdaların Yəzdasının əmri altında olan məbudlara sitayiş edirdilər. Bu dinin Hindistanın ariyailər əqidəsi ilə çox oxşarlığı və yaxınlığı vardır. Çünki ariyailərin ən məşhur məbudları olan od allahı Agini, təbiət allahı İndira, nur və günəş allahı Mitra, keşikçi allahı Varvina, su allahı Anatita olmuşdur; Agini ilə razi-niyaz edib ona pərəstiş etmə mərasimi onların arasında çox geniş yayılmışdır və həmin dövrlərdən e’tibarən od, Agininin təcəlli və zühur əlaməti olaraq, xüsusi hörmət və müqəddəsliyə layiq görülmüşdür.
Qeyd etmək lazımdır ki, qədim İranda iki din mövcud olmuşdur ki, onlar da öz növbəsində zərdüştilik ayininin formalaşmasında güclü təsirə malik olmuşlar. Başqa sözlə desək, zərdüştilik aşağıdakı iki din əsasında formalaşmışdır: 1. Muğan dini; 2. Mehrpərəstlik, yaxud Mitraizim.
MUĞAN DİNİ. Bu din həzrət Məsihin miladından qabaqkı minilliyin əvvəllərində və midiyalıların səltənət sülaləsinin təşkil olunmasından qabaq İranda mövcud olmuşdur. Müğ, yaxud Müg kəlməsi iki mənada işlənmişdir: 1. Xidmətçi və nökər; 2. Din.
Tədqiqatçılardan bə’ziləri inanırdılar ki, köçəri ariyailər İran ərazilərində hakim olduqdan sonra yerli əhali onlar tərəfindən əsir götürüldü. Buna görə də onların dini Muğan adlandırıldı.
Bəziləri inanırdılar ki, Müğ, yaxud Müg kəlməsi Avestanın ən qədim hissəsi olan müqəddəs Gata kitabında din mənasında işlədilmişdir. “Mügun” isə din ardıcılları mənasındadır ki, arami dilində “mügüs” formasına düşmüş və nəticədə Hicaz ləhcəsində ərəbləşərək Məcus kəlməsi kimi səsləndirilmişdir; Qurani-Kərimdə də məhz belə tələffüz olunmuşdur.
Bu ayinin əsas mənbələr məcmuəsindən belə başa düşülür ki, “Məcus” kəlməsi “məgus” sözünün təhrifolunmuş formasıdır və Muğan dini də məhz məcus dinindən ibarətdir.
Herodetdən nəql olunan məlumatlara əsasən, Muğanın etiqadi əsaslarının ən mühümü dördlük təşkil edən ünsürləri (od, torpaq, su və hava) müqəddəs saymaq, onların qarşısında, xüsusilə odun qarşısında ibadət etməkdən ibarətdir. Atəşgah yerləşən abidələrin tikintisinə geniş şəkildə başlanması bu dövrlərə təsadüf edilir ki, həmin iş sonralar zərdüşt dinində də davam etdirilmişdir. Bu ayində qeyd olunan dörd ünsürün paklığına riayət edilməsi elə bir səviyyədə idi ki, muğanların nəzərində murdar və istilahda isə tabo adlanan böyüklərin cəsədləri torpaqda dəfn edilmir, odla da yandırılmırdı; onları yüksək bir yerdə- açıq havada və küləyin qarşısında qoyurdular ki, qurd-quşa yem olsunlar. Bu məqsədlə muğanlılar tərəfindən “Bürci Xamuşan” binasının tikilməsi çox adi hal idi və bu iş sonralar zərdüştlər tərəfindən də davam etdirilmişdir.
Muğanın digər etiqadlarından biri də varlıq aləmində iki əzəli başlanğıca etiqad bəsləmək idi. Bu etiqadın mənası xeyir və nurun, zülmət və şərin müqabilində xeyir və nurun allahına iman gətirməkdir. Bu əqidə zərdüştilikdə dəyişdirilərək bir qədər fərqli hala düşdü. Yeni əqidədə xeyir və nurun əzəli başlanğıcı olan Ahura Məzda həqiqətdə hər bir şeyin xaliqi hesab olunurdu ki, nəticə etibarilə o, şər və zülmətin əzəli başlanğıcı olan Əhrimənə qələbə çalacaqdır. Halbuki Muğan təlimlərində onların hər ikisi xeyir və şərin xaliqi, bir-birinə bərabər olan qüdrət və bacarıq kimi göstərilirdi.
Muğan ayinində qiyamət gününə, ölümdən sonrakı əbədiyyətə inanc var idi ki, bu əqidə də ilahi dinlərin əsas prinsiplərindən biri hesab olunur.
Muğan təlimlərinin digər bir etiqadı da günəşə müqəddəs bir varlıq olaraq, yüksək məhəbbət göstərmək idi. Hətta bu iş, həmin məqsədlə xüsusi mərasimlərin təşkil olunmasına və onun qarşısında sitayiş edilməsinə gətirib çıxarırdı. Muğan ayininin ardıcılları günəşə pərəstiş etdikləri zaman “Bərsum” adlı bir ibadət növünü yerinə yetirirdilər ki, bu zaman yaşıl budaqları öz üzləri və burunları qarşısında tuturdular. “Həzqiyal Nəbi” kitabının səkkizinci fəslinin on yeddinci ayəsində bu mərasim haqda danışılır; həmin mərasim sonralar zərdüştilikdə də müşahidə olunmuşdur. Heredot yazır ki, Muğan təlimlərində sehr və cadugərliyə də etiqad var idi; onlar xüsusi əməllər və müxtəlif zikrlərə malik idilər; göy cisimlərinin insanların xoşbəxt və ya bədbəxt olmasında təsirli olmasına inanırdılar.
MEHRPƏRƏSTLİK, YAXUD MİTRAİZİM. Əvvəldə qeyd olunduğu kimi, qədim ariyailər çoxsaylı məbudlara etiqad bəsləyirdilər; onlar varlıq və təbiət təzahürlərindən hər birinin ayrıca bir allahı olduğuna inanırdılar. Bu təlimlərə əsasən, təbiətdə hər bir allahın özünü büruzə vermək üçün xüsusi təcəlli və məzhəri vardır. Məsələn, onlar günəş allahını Mitra adlandırırdılar. Ariyailərin fikrincə, bu allahlardan hər biri müxtəlif zamanlarda ayrı-ayrı ariya tayfaları arasında xüsusi şəkildə təcəlli etmiş və onların, digər allahlara diqqəti azaldaraq ibadət məqsədilə məhz ona tərəf üz tutmasına səbəb olmuşdur. Məsələn, əgər Agini əzəmətli və qorxunc bir hadisə xəlq etsəydi, ona sitayiş olunmaq üçün yetirilən diqqət, başqa məbudlara pərəstiş edilməsini kölgədə qoyurdu. Mehrpərəstlik, Mitraizm, yaxud Mitra təlimləri qədim İran xalqları arasında bu şəkildə meydana gəlmişdir.
Bu təlimlərdə deyilir ki, Mitra günəşin, yaxud mehr-məhəbbətin allahıdır. O, bir zamanlar insan şəklinə düşərək, bir dağın zirvəsində yerləşən mağarada zahir olmuş, həmin yerdə qoyun otaran çobanlar ona iman gətirmişlər. Bu zaman Mitradan müxtəlif möcüzələr və kəramətlər zahir olmuşdur. O, erkək bir dananı kəsib qanını torpağa səpmiş, qan damlalarının düşdüyü hər bir yer yaşıllaşıb bəhrə vermişdir. Mitra yer üzərində uzun illər qaldıqdan sonra böyük işlər baş verdi; sonra asimanlara getdi və orada əbədi varlıqlar cərgəsində yerləşdi. Amma onun ruhu yer üzərindəki bəndələrinə kömək etmək üçün həmişə hazırdır.
Mitranın ilk zühuru dağda olduğuna görə Mitraizm ardıcılları öz məbədlərini belə yerlərdə qururdular. Hal-hazırda bəzi məntəqələrdə tapılan bu məbədlərdə Mitranın heykəli müxtəlif surətlərdə düzəldilib qoyulmuşdur ki, bir çox kitabələrdə onunla əlaqədar olan əfsanələr də yazılmışdır.
Mehrpərəstlik əqidələri arasında Zərdüştilik etiqadı ilə uyğun gələn məsələ günəşə diqqət yetirməkdir. Zərdüştilik təlimlərində günəşə diqqət yetirməyin xüsusi bir mövqeyi vardır. Amma Mehrpərəstlik və Məsihilik ayinləri arasında daha artıq oxşarlıq gözə dəyir. O cümlədən çörək və su mərasimi; məsihilərin ruhani gecə adı ilə kütləvi şəkildə yerinə yetirdikləri çörək və şərab mərasimi demək olar ki, zərdüştilərin eynilə çörək və su mərasimi kimidir. Bu ayin Mehrpərəstlik dinini qəbul edən şəxslər üçün icra olunurdu. Onlar bundan əlavə, həmin şəxsə erkək dananın qanı ilə təmid edərdilər (Qana bulaşdırardılar). Məsihilikdə də tə’mid qüslü vardır, amma onlar bu mərasimdə qan əvəzinə sudan istifadə edirlər. Sentyabr ayının 25-i Mitranın təvəllüd günü kimi təyin olunmuşdur ki, bu gün sonralar həzrət Məsihin təvəllüd günü ilə uyğunlaşdırılmışdır. Onlar bazar gününü günəş günü adlandırırlar (Bu söz həqiqətdə Sunday-dan ibarətdir.) Mehrpərəstlər ayinində bu gün istirahət və günəşə ibadət günü sayılır. Məsihilikdə də bazar günü ibadət günüdür.
***
Din tarixini araşdıran tədqiqatçılar arsında qədim iranlıların peyğəmbəri olan Zərdüşt barəsində fikir ayrılığı vardır. İlk ixtilaf tarixdə belə bir şəxsin olub-olmaması ilə əlaqədardır. Yəni, bu barədə qarşıya çıxan ilk sual budur ki, görəsən, ümumiyyətlə nə vaxtsa belə bir peyğəmbər mövcud olmuşdurmu? Şübhə yoxdur ki, Zərdüştilik mənbələri onun varlığını tərəddüd etmədən qəbul edirlər. İslami mənbələrdə də Zərdüştiliyin eynilə Məcus dinindən ibarət olması təsdiq edilir; Qur’ani-Kərimdə də ona toxunulmuşdur. Məhz buna əsaslanaraq qəbul etməliyik ki, Zərdüşt bu dinin peyğəmbəri kimi həqiqi vücuda malik olmuşdur.
Başqa bir ixtilaf isə onun adı və nəsəbi ilə əlaqədardır. Zərdüşt kəlməsi bir çox şəkillərdə, o cümlədən “zərtüşt”, “zəradüşt”, “zəratüşt” və “zərdhəşt” kimi yazılmışdır. Avropalılar onun yunanca tələfüzzünü “zurratis”, yaxud “zurastra” kimi yazmışlar. Amma “zərdüşt” və “zərtüşt” daha çox yayılmış adlardandır. Ümumiyyətlə, bu kəlmə “Qasaha”da qeyd olunduğu kimi, əslində “zərasuştar” kəlməsindən götürülmüşdür ki, bu da sarı rəngli və ya qoca dəvələrin sahibi kimi tərcümə olunur. Onun atası “Purvəşəb” yəni, “qoca at sahibi” adlı bir şəxs, anası isə “doğdu”, yəni “dişi inəyi sağan” adlı bir qadın idi. O, “sepitəmə”, yəni ağ irqə mənsub olan sülalədən idi. Onun atası barədə qeyd olunur ki, o, sadə bir kəndli idi. Bəziləri də demişlər ki, “moğ” (mubəd) olmuşdur. Amma onu kəndli hesab edənlərin nəzəri zərdüştilərin mənbələri ilə uyğun olaraq, daha məşhur bir məlumat sayılır.
Digər bir ixtilaf Zərdüştün doğum yeri və zamanı ilə əlaqədardır. Əksər tədqiqatçıların qəbul etdiyi kimi, İran tarixi mənbələri onun Miladdan 660 il qabaq doğulduğunu qeyd etmişlər. Halbuki, bəzi tədqiqatçılar onun Miladdan ən azı min il qabaq doğulduğunu söyləyirlər. Əlbəttə, onu Miladdan altı min il qabağa aid edənlər də vardır.
Bu müxtəlifliyin əsas səbəbi bəzi tədqiqatçıların zərdüştlərin müqəddəs kitablarının yazılma tarixinə istinad etmələridir. Çünki bu kitabın bə’zi hissələri, xüsusilə “Qasaha” daha uzaq keçmişə malikdir. Bu kimi şəxslər müqəddəs kitabın bəzi izah və işarələrindən istifadə edərək bu ehtimalı gücləndirmişlər ki, Zərdüştilikdə çoxlu sayda Zərdüştlər mövcud olmuşdur. Miladdan 660 il qabaq doğulan Zərdüşt onların axrıncısı olmuşdur. Ümumiyyətlə, ən mötəbər sənəd və mənbələrdə Zərdüştün təvəllüd tarixinin Miladdan 660 il qabaq olduğu qeyd edilmişdir.
Zərdüştün harada doğulması barədə də müxtəlif fikirlər söylənmişdir. Məşhur müsəlman tarixçisi olan Təbəri qeyd edir ki, o, Fələstində doğulmuş, sonralar İrana köçmüş və orada peyğəmbərliyə çatmışdır. Bəzi tarixçilər də onun Əfqanıstanın Bəlx əyalətindən olduğunu söyləyirlər. Digər bir qrupun fikrincə isə, o, İran Azərbaycanında dünyaya göz açmışdır ki, bu dəstənin nəzəri daha mötəbər hesab olunur. Əlbəttə, belə bir ehtimal da verilir ki, o, Azərbaycanda doğulmuş və İranın şərq hissəsində yerləşən Bəlx əyalətində peyğəmbərliyə seçilmişdir. Amma Zərdüşt mənbələri onun peyğəmbərliyə seçilmə yerini Urmiyyə gölünün yaxınlığındakı dağın zirvəsini qeyd edirlər. Buna görə də həmin gölün suyu zərdüştlərin kitabında müqəddəs hesab edilib. Mötəbər mənbələrdən əldə olunan məlumatlara əsasən, Zərdüştilik Bəlx əyalətində yayılmağa başlamış və yerli hakim onun peyğəmbərliyinə iman gətirmişdir.
Zərdüştün təvəllüd tarixinin Miladdan 660 il əvvələ təsadüf etdiyini qeyd edən məşhur nəzəriyyə əsasən o, Miladdan 583 il qabaq, 77 yaşında ikən Bəlxdə yerləşən atəşgahda yerli hücumçular tərəfindən öldürülmüşdür.
PEYĞƏMBƏRLİYƏ SEÇİLMƏ. Zərdüştilik mənbələrində qeyd olunur ki, o, cavanlığının ilk çağlarından çox istedadlı, dərin ağıllı və dərrakəli bir şəxs olmuş, öz həmyaşıdlarından çox fərqlənmişdir. Belə ki, o, ilk baxışda hamının diqqətini özünə cəlb edirmiş; mehriban və incə xüsusiyyətlərə malik olmuş, 15 yaşında din təlimlərini öyrənməyə başlamış və öz müəlliminin əlindən kəştini almışdır. O zamandan etibarən “mubəd” ünvanı ilə öz dini-mə’nəvi həyatını davam etdirmişdir. Zərdüşt ilk əvvəllərdən öz zamanında geniş yayılmış bəzi əqidələrə qarşı müxalifətçilik edərmiş. O cümlədən qeyd olunur ki, o, bir gün bir dəstə alimin yanına gəlib soruşdu: “İnsanın ruhi sakitliyinə və aramlığına səbəb olan ən yaxşı əməl nədir?” Cavabında dedilər: “Acları doyurmaq, heyvanlara yem vermək, od yandırmaq, su və huma şirəsi səpmək, divlərə pərəstiş etmək”. Zərdüşt bu cavab barəsində bir qədər düşündükdən sonra deyir: “Əvvəldəki dörd iş layiqli əməllərdir; ədalətli insanlara yaraşan və bəyənilən məsələlərdir, qəbul oluna bilər. Amma divlərə pərəstiş etmək çox çətindir. Behişt insanları ondan bizardır”.
Zərdüşt cavanlıq illərində öz ata-ana yurdunu tərk edərək dağlara sığındı. Yeddi il müddətində mağarada sakit mühitdə tənha yaşadı. Otuz yaşında müşahidə etdiyi qeyri-adi işlərdən başa düşdü ki, pak olmaq və peyğəmbərlik məqamına yüksəlmək üçün Ahura Məzdanın hüzuruna çağırılmışdır. Bundan sonra səkkiz il müddətində kəşf və şühud aləmində müqərrəb mələklərlə (Əmşasepəndan) söhbətlər etdi, hər birindən bir həqiqəti öyrəndi və öz qəlbini saflaşdırıb nurani etdi. Bu müddətdən sonra daha on il Ahura Məzdaya pərəstiş etməyə məşğul oldu və sonra öz dini təbliğatına və dəvətə başladı. Uzun illər keçdi, lakin heç kəs ona iman gətirmədi. Deyirlər ki, o, bu müddət ərzində vəzifənin çətinliyinə və camaatın etdiyi əzab-əziyyətlərə görə bir neçə dəfə şeytani vəsvəsələrə düçar oldu və hətta Məzdaya ibadətdən əl çəkmək fikrinə düşdü. Amma yenə də öz əqidəsində möhkəm qaldı və cavabında dedi: “Xeyir! Mən yaxşı və düzgün dindən əl çəkməyəcəyəm. Hətta canımı alsalar və bədən üzvlərimi bir-birindən ayırsalar da Məzdaya pərəstiş etməkdən üz döndərməyəcəyəm”.
On il səy və fəaliyyətlərdən sonra əmi oğlusunu öz dininə gətirə bildi. Onun əmioğlusu Bəlx hakimi Viştasibin sarayında böyük hörmət sahibi idi və Zərdüşt onun vasitəsi ilə sarayın daxilinə yol tapa bildi. Zərdüşt bir müddət sarayda öz dinini Viştasibə təbliğ etməyə başladı. Firdosinin “Şahnamə” əsərində Qoştasib adı ilə qeyd olunan Viştasib pak qəlbli mömin və gözəl fitrətli bir insan idi; nəhayət Zərdüştün dəvəti ilə onun dinini qəbul etdi. Viştasib Zərdüştün dəvətini qəbul etdikdən sonra bu ayinin genişlənib yayılması üçün şərait yarandı. Çünki onun iman gətirməsinin ardınca sair saray əyan-əşrafları və əmirlər də Zərdüştə iman gətirib onun dinini qəbul etdilər. Bundan sonra artıq bu din kütləvi şəkildə genişlənib yayılmağa başladı.
Tarixi məlumatlara əsasən, qohumluq münasibətlərinin bərqərar edilməsi də bu yeni dinin genişlənib yayılması və bünövrəsinin möhkəmlənməsində çox təsirli olmuşdur. Viştasibin müşaviri Fəraşauştra öz qızını Zərdüştə ərə verdi; Viştasibin baş vəziri Camnasıpa Zərdüştün qızı ilə evləndi. Bu qohumluq əlaqələri sayəsində Zərdüşt padşahlıq sülaləsində xüsusi bir məqam kəsb etdi. Belə ki, hökumətin siyasi hərəkatları bundan sonra dini rəng aldı və hətta Zərdüştün həyatının son iyirmi ilində Viştasiblə turanlıların arasında baş verən iki müharibə müqəddəs Zərdüşt müharibələri adı ilə tanındı; Zərdüştiliyin müqəddəs kitablarında bu haqda danışılmışdır. Bu iki müharibə Viştasibin qələbəsi ilə sona çatdı, amma ikinci müharibədə turanlılar Bəlx şəhərini dağıdıb qarət etdilər; Turan əsgərlərindən biri Zərdüştü bir atəşgahda- atəş mehrabının qarşısında ibadətlə məşğul olan zaman tapıb qətlə yetirdi. Beləliklə, Zərdüşt yetmiş yeddi yaşında turanlıların əli ilə öldürüldü.
***
Təəssüflər olsun ki, Zərdüşt dininin araşdırılmasına məxsus olan tarixi mənbələrin çoxunda hadisələr və həqiqətlər əfsanələrlə qarışdırılmışdır; tədqiqatçılar da öz mətləblərini belə mənbələrdən iqtibas edir və onlar real gerçəklikləri əfsanələrdən ayırmağa müvəffəq olmamışlar. Buna görə də Zərdüştün həyatı və onun necə peyğəmbərliyə seçilməsi, öz təlimlərini İranda necə yayması haqda qəti bir nəzər vermək olmur. Amma qətiyyətlə demək olar ki, Zərdüşt təkallahlı bir din gətirən peyğəmbər olmuşdur və bu ayinlər də sonradan sair tövhidçi (islamdan başqa) dinlər kimi şirk və təhriflərə məruz qalmışdır.
ZƏRDÜŞTİLİYİN ƏQİDƏLƏRİ. 1. Tövhid, yoxsa ikilik? Zərdüştilik, və ya Məzda ayini barədə aparılan ən mühüm əqidəvi bəhs, bu dinin tövhid və təkallahlıq, yoxsa sənəviyyət və ya ikilik etiqadi prinsipi əsasında olmasını aydınlaşdırmaqdan ibarətdir. Şübhəsiz, Zərdüşt ilahi bir peyğəmbər kimi ikiliyə sitayişin bünövrəsini qoya bilməzdi. Çünki istisnasız olaraq, bütün ilahi peyğəmbərlər insanları tövhidə və yeganəpərəstliyə dəvət etmiş, hər cür şirki və ikiliyi qətiyyətlə rədd etmişlər. Əgər Zərdüşt dinində ikiliyə sitayiş müşahidə olunursa, şübhəsiz bu, Zərdüştdən sonrakı dövrlərdə həmin təlimlərin təhrifə məruz qalması nəticəsində meydana gəlmişdir.
Avestanın ən qədim hissələrindən, yəni qasahalardan belə məlum olur ki, Zərdüşt, Ahura Məzdanın hər bir varlığın yaradanı olmasına, hər bir şeyin Onun iradə və istəyi əsasında idarə edilməsinə inanırdı. Onun əqidəsinə görə, nur və zülməti yaradan məhz odur. Bu barədə qasahaların axırıncı ayəsində deyilir: “Kimdir ilk əvvəldən doğruluğu yaradan? Kimdir günəşi və ulduzları xəlq edən? Ayı öz qüvvəsi ilə bədirləndirən, sonradan onu hilala döndərən kimdir? Kimdir ki, yerin müvazinətini saxlayır və onun məhv olmasının qarşısını alır? Kimdir o bacarıqlı şəxs ki, qaranlığı və işığı, yatmağı və qalxmağı yaratdı? Suyu və ağacları yaradan kimdir? Kimdir buludlara və küləklərə hərəkət verən? Kimdir səhərləri və günortanı yaradan ki, insanlar vaxtında işlə məşğul ola bilsinlər? Mən bütün bu şeylərlə səni tanıdım, ey Məzda! Ey bütün varlıqları yaradan, mübarək ruhun köməyi ilə (səni tanıdım!)”
Zərdüştlərin bütün dua və münacatlarda çağırdığı “Ahura Məzda” sözü “hikmətli allah” mənasını daşıyır. Amma bu ad Zərdüşt tərəfindən verilməmişdir; Məzda adı onun zamanında məşhur bir ifadə idi və hamı “Ahura Məzda”nı bütün varlıqların xaliqi və dünyanın allahı hesab edirdilər. Həmin ifadə hind ariyailərin nəzərində Varuna adı ilə tanınan bir varlıqdır. Ahura Məzda da Vidai dinində Aşura kimi tələffüz olunan həmin kəlmədir; allah və sahib mənasındadır.
Zərdüştün qədim dini rəhbəri olan Muğan sonralar divlərə pərəstiş etməyi İran camaatının inancına daxil etdi. Div, yaxud divlər ilahi yönə malik olan müqəddəs ruhlara aid edilir. Bu kəlmə Avropa dillərində də buna oxşar bir şəkildə tələffüz olunur. Belə ki, almanlar div mə’nasında olan həmin kəlməni “diyuyen” və fransalılar isə diyu (diey) kimi tələffüz edirlər. Ənqulusaqsonlar ona “diti”, yaxud “diyudidi” deyirlər. Buna əsasən demək olar ki, bu söz ümumiyyətlə ilk əvvəldə Allah barədə yeganə məbud və xaliq mənasını daşıyan bir kəlmə kimi yaradılmışdır. Xatırladırıq ki, diyu sözü fransız dilində yalnız Allah mənasında işlədilir. Amma Muğan təlimlərində bu kəlmə öz ilk mənasından çıxarılmış, Məzda, yaxud Yəzdan kəlməsinin qarşısında qərar verilmiş və nəhayətdə müsibətlər və bəlaları yaradan səmavi şər varlıqlar mənasını almışdır. Divlərə pərəstiş etmək daha sonra, onların pislik və şərindən amanda qalmaq niyyəti ilə, yaxud düşmənlərinə qələbə çalmaq üçün yerinə yetirilmişdir.
Zərdüşt inanırdı ki, divlərə pərəstiş etmək insanı Ahura Məzdanın cəlal və əzəmətini dərk etməkdən saxlayır. Buna görə də cavanlığının ilk əvvəllərindən divlərə pərəstiş etməklə müxalifətçilik etmiş və peyğəmbərlik məqamına seçildikdən sonra özünün ən mühüm risalətini Muğan ayinini islah etməyə, divlərə pərəstiş etmək adətini dəyişməyə həsr etmişdir. Nəhayət hamı ona tabe olaraq, Ahura Məzdaya sitayiş etməyə başlamışdır.
Ahura Məzda Avestada kamal sifətlərilə vəsf edilmişdir; elə sifətlər ki, eynilə Qurani-Kərimdə mütəal Allah barəsində işlədilmişdir. Məsələn, Xaliq, Bəsir, Əlim, Ən böyük, Ən qüdrətli, Kəramətli, Bağışlayan və s... Buna əsasən qəbul etməliyik ki, Zərdüşt dininin əsası tövhid və yeganəpərəstlik əqidələri üzərində qurulmuşdur. 
2. Dominu. Zərdüştilikdə Ahura Məzda öz ilahi iradəsini müqəddəs və pak bir ruh vasitəsi ilə gerçəkləşdirir ki, onu “Sepentaminu”, yaxud “Sepəndiminu” adalandırırlar. “Sepentaminu” xeyir, doğruluq, bərəkət və həyat mənşəyidir. Altı mələk “Sepentaminu”ya əməl və rəftarlarında kömək edir. Bu altı mələyə “Emşasipənt”, yaxud “Emşasipentand” deyirlər. Bu mələklərdən hər birinin özünəməxsus adı və vəzifəsi vardır. Vəhumine (Bəhmən) yaxşı fikir və yaxşı fitrət mələyidir; Aşa-vihiştab (ordubehişt) doğruluq və ədalət, Xeştira Virya (Şəhrivər) qüvvət, qüdrət və tam istila, İspinta Arimiti (İsfən ərməz) şəfqət, lütf və bəhrələndirmə, Həvaruvatat (Xordad) kamal və yetkinlik, Emrtat (Əmurdad) əbədiyyət, həyat və həmişəlik mələyidir. Əbədi varlıqlar kimi tanınan bu altı mələk “Sepentaminu”ya kömək edir. 
Amma Ahura Məzda bütün işləri “Sepentaminu”ya və Emşasipiəntaya həvalə etməmişdir, çünki Zərdüşt dinində başqa mələklər də vardır; o cümlədən Suruş- itaət mələyidir ki, camaatı Ahura Məzdaya itaət etməyə dəvət edir, Geosmura, yaxud Guşvarvan heyvanların keşikçisi olan mələkdir.
Sepentaminunun qarşısında Əngireminu dayanır ki, o da çirkin ruh mənasındadır. O, çirkinlik və şərin mənşəyidir. Əngireminunu Əhrimən də adlandırırlar. Zərdüşt mənbələrində həmişə Sepento və Əngire bir-birinin qarşısında durur, Əngire Ahura Məzdadan çirkin işlər görmək üçün möhlət almışdır. Buna görə də həyat boyunca həmişə Sepento və Əngire arasında mübarizə və qarşıdurma mövcuddur ki, əlbəttə, son və yekun qələbə Sepenta ilə olacaqdır. Axırda Əhrimənə və ümumiyyətlə şər qüvvələrə qələbə çalan məhz Ahura Məzda olacaqdır. Avestada belə oxuyuruq: “İndi şühud aləmində iki ilkin ruh (Sepento və Əngire) iki körpə kimi irəli düşmüşlər; biri yaxşılıq, biri isə pislikdir; təsəvvürdə, danışıqda və əməldə. Ağıl sahibləri bu ikiliyin arasından yaxşını seçir və pis adamlar isə pisliyi ixtiyar edirlər. Bu iki ruhun birlikdə yarandığı ilk gündən biri varlığı və həyatı bərqərar edir, digəri isə yoxluğa və məhvə doğru çalışır. Onların əbədi məqamları (yəni, cəhənnəm) yalançı ardıcıllarına nəsib olacaqdır. Amma yaxşıların əbədi məqamı və pak əndişələri (yəni, behişt) doğruluq ardıcıllarına nəsib olacaqdır”.
3. Axirət. Zərdüştilikdə axirət məsələsi aşkar şəkildə işıqlandırılır. Zərdüştilik təlimlərinə əsasən, varlıq aləminin ömrü sona çatandan sonra ümumi qiyamət başlanacaqdır. O cümlədən, bütün əməllər haqda sorğu-sual ediləcək, yaxşı və pis əməl sahiblərinin yerləri müəyyənləşəcəkdir. Zərdüşt əqidələrinə uyğun olaraq, ölümdən bir az sonra insanın əməlləri araşdırılır. Amma onun müqəddəratı qiyamət günündə təyin edilir. Qiyamət günündə hamı cəhənnəmin üzərində olan “simut təhl” adlı bir körpüdən keçməlidir. O körpünün bir tərəfi behiştə gedib çıxır (Bu əqidə eynilə İslami etiqadlarda olan sirat körpüsü ilə uyğundur). Körpünün əvvəlində əməl dəftəri oxunur və hamının əməlləri Ahura Məzdanın əlində olan tərəzinin iki gözünə qoyulur. Tərəzinin yaxşı əməllər qoyulan gözü ağır olarsa həmin şəxs behiştə gedəcək, çirkin əməllər qoyulan gözü ağır olduqda isə cəhənnəmə gedəcəkdir. Yaxşı əməl sahibləri Zərdüştün yol göstərməsi ilə o körpüdən sağ-salamat keçib gedəcəklər. Amma şər əməl sahiblərinin cəhənnəmə süqut etməkdən başqa bir yolları olmayacaqdır.
Zərdüştiliyin müqəddəs kitabında əfv, bağışlamaq, kəffarə və şəfaətdən söhbət açılır; deyilir ki, hər kəs öz əməlinin girovundadır. İnsan yaxşı iş görsə, yaxşı fikirləşsə və yaxşı danışsa nicat tapacaq, pis iş görüb, pis danışsa və şər əməl sahibi olsa cəhənnəmə getməkdən başqa yolu qalmayacaq.
4. Müjdə. Zərdüşt, xalqı Ahura Məzdaya doğru dəvət etməklə yanaşı, inanırdı ki, axırda elə bir gün gəlib çatacaq ki, hamı düzgün bir dinə qovuşacaqdır. Amma o, özünü axırıncı peyğəmbər və ümumbəşəri bir xilaskar kimi tanıtdırmamışdır; həmişə “suşyant” adlandırdığı xilaskarın gəlişini müjdə verirdi.
AVESTA. Tədqiqatçıların arasında zərdüştlərin müqəddəs kitabı olan Avesta ilə əlaqədar yaranmış anlaşılmazlıq Zərdüştün özü barədə olan ixtilaflardan daha çoxdur. Fikir ayrılığının əsası bundan ibarətdir ki, Avesta, ümumiyyətlə Zərdüştin kitabıdır, yoxsa onun bir hissəsi ona məxsusdur, yerdə qalan hissəsi isə Zərdüştdən əvvəlki dövrlərə aiddir, və yaxud Mubədlərin vasitəsi ilə ona artırılmışdır? Görəsən hal-hazırda əldə olan Avesta həmin kitabın külliyyatıdır, yoxsa onun yalnız bir hissəsidir? Daha mühüm bir məsələ budur ki, Zərdüştin ümumiyyətlə müqəddəs kitabı olub, yoxsa yox? Daha məşhur və mötəbər görünən, eləcə də alimlər tərəfindən daha çox qəbul edilən məsələ budur ki, zərdüştliyin müqəddəs kitabı olan Avestanın bir hissəsi Zərdüştün bəyanlar və münacatlar məcmuəsidir ki, onun şagirdləri və köməkçiləri tərəfindən toplanıb yazılmışdır. Amma dini mətnlərdən bir hissəsi Zərdüştdən əvvəl də mövcud olmuş və müəyyən mətləblər də sonralar mubədlərin vasitəsi ilə əlavə edilmişdir. Bəzilərinin dediklərinə görə, Avestanın ilk nüsxəsi 21 kitabdan ibarət idi ki, Viştasibin göstərişi ilə qızıl xətlərlə on iki min inəyin dərisinə yazılmışdır. Amma Makedoniyalı İsgəndərin İrana hücumları zamanı qarət edilib yandırılmışdır. Əşkanilər dövründə Avestanın yeniləşdirilməsinə səy göstərilmişdir və bu mərhələdə onun yalnız şifahi olaraq, yadda qalan hissələri toplanıb yazılmışdır. Buna görə də müasir dövrdə mövcud olan kitab əsl Avestanın külliyyatı deyil, onun müəyyən bir hissəsidir.
Bununla yanaşı, Avesta zərdüştlərin müqəddəs kitabıdır, onların dini mənbələrinin ən üstünü sayılır; əxlaq və əqidələrinin əsasını təşkil edir. Zərdüşt mubədləri Avestaya müəyyən təfsir və şərhlər yazmışlar ki, onlar “Zend Avesta” adlanır. Avesta dörd hissədən təşkil olunmuşdur:
Birinci hissə: “Yəsna”. Avestanın ən mühüm hissəsidir. Yəsna kəlməsi pərəstiş və sitayiş mənasını daşıyır. Bu hissə Ahura Məzdanın sitayiş və tərifinə aid ayə və nəğmələrdən təşkil olunduğu üçün Yəsna adlandırılmışdır. Bu bölmədə 72 fəsil (mat) vardır. Yəsnanın 17 fəsli zərdüştlərin məşhur nəğmələri yəni, “kasa”lardır.
Kasaların özü də beş hissədən ibarətdir: “Əhlüb kas” (7 fəsildir), “Üşnud kas” (4 fəsildir), “Sepentaminu kas” (4 fəsildən ibarətdir), “Rüxşirət kas” (1 fəsil) və “Vəhişto kas” (1 fəsil).
Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, kasalar Zərdüştün öz nəğmələridir və buna görə də Avestanın ən mühüm və əsas hissəsi sayılır. Zərdüştlər barədə tədqiqat aparan alimlərdən biri kasalar bəhsini aşağıdakı şəkildə xülasələndirmişdir:
1. Allah-taala mövcuddur, O, bütün maddi və mənəvi şeylərin xaliqidir. O, “Sepentaminu” (Sepentminu) vasitəsi ilə və düşünməklə Öz yaratdıqlarına varlıq bəxş edir. O, müqəddəslik və düzlük sahibidir; xəlq etmək, bəxşiş (əfv), güzəştə getmək və bərəkət vasitəsilə dərk olunur. O, altı müqərrəb mələk (mücərrəd) vasitəsilə əhatə olunmuşdur ki, onların atası və xaliqidir. Bu altı mələkdən üç müqərrəb və mələkuti varlıq onun öz cövhərindəndir, ondan ayrılmaz olduğunu demək olmaz. Yəni, Vəhumilər, Əşə, Sepəntminudur ki, onların vasitəsi ilə xəlq edir. Onun məqamı qəhr və şəhriyar məqamıdır; şübhəsiz, yaratdığı bütün şeylərin mütləq rəhbəridir. Şəhriyar, hal-hazırda əqidə bəslənən Vilruşun hücumu vasitəsilə Ənqireminunun əli ilə dağıdılmışdır. Amma son anda ilk vəziyyətinə qaytarılacaqdır. Xordad və Mordad da onun zatından ayrılan deyildir. Amma bunlar özləri mükafatdan ibarətdir ki, o Allahın istəyi əsasında zahidliklə əməl edən şəxslərə vəd verilmişdir. Bu altı müqərrəbin axırıncısı Armiti, yaxud Harsayi müqəddəs insanla Allah arasında müştərək olub, bu iki varlıq arasında düzgün rabitənin göstəricisidir. Allah ağıllı bir rəhbərdir və Əhrimən qüvvələrinin fövqündə dayanır.
2. Dünya Əşə (düzlük) və yalan arasında bölünmüşdür. Əşə elimli rəhbər olan Sepəndminun vasitəsilə yaradılmışdır. Amma yalanın mənşəyi barəsində peyğəmbər susmuş və heç bir şey deməmişdir. Bir-birilə fəza təşkil edən bu iki qütb arasında (düzlük və yalan) ikiliyə yönəlmə və onların arsında insanların azad seçməsinin mümkünlüyü Zərdüşt təfəkkürünün əsasını təşkil edir.
3. Elm sahibi olan rəhbərin məxluqatı azad şəkildə xəlq olunur. Onlar düzlük və yalandan birini seçməkdə azaddırlar. Bu məsələ ilahi müqərrəblər qədərincə insanlara da aid olur. Buna əsasən heyrətləndirici tərzdə Sepentminunun qardaşı kimi vəsf olunan Əngireminu özü ən pis işləri seçir. Bu seçki onun ixtiyar və iradəsindən irəli gəlir; divlər də belədir. Zərdüşt köhnə məbudları, onlara ibadət mərasimlərinin tələbi olan kobudluq xatirinə şər və Əhrimən qüvvələri hesab etmişdir.
4. İnsan tam azad olduğuna görə, özünün son talehinin məhsuludur və yaxşı işlər yerinə yetirməklə əbədi mükafatlara nail olur; Xordad (yəni, salamatlıq) və Mordad (əbədilik) ona məxsusdur, divpərəstlər də vicdan və adil Allahın vasitəsilə əbədi əzabla ən pis varlıqlara məhkum edilir.
5. Əşənin xarici vücudu atəşdir və zərdüştlərin dini mərkəzlərinə və ocaqlarına çevrilən də məhz bu atəşgahdır. Ərimiş metalın və odun çətin imtahanları vasitəsilə Zərdüşt sözünün haqq olmasını isbat edir. Həmçinin həmin atəş və qızarmış dəmir vasitəsilə bəşəriyyət dünyanın son anlarında mühakiməyə və hesaba çağırılacaqlar.
İkinci hissə: “Vistert”. Vistert- əbədi həyat dövranı və rəhbərlər mənasındadır. Avestanın bu hissəsi dua və sitayişlərdən ibarətdir. Ahura Məzdanın dərgahında Zərdüşt, Emşanspentant, İzadan və s. mücərrəd aləmin, asimanın və onda olanların rəhbərləridir. Bu bölmədə həmçinin dini bayramlar və onunla əlaqədar söhbətlər gedir. Vistert 22, yaxud 27 fəsildən ibarətdir.
Üçüncü hissə: “Vendidad”. Vendidad- divlər əleyhinə olan qanun mənasındadır. Avestanın bu hissəsində dini qayda-qanunlar, hökmlər, dünya və axirətdəki cəzalar işıqlandırılır; fərdi və ictimai hökmlər bu hissədə toplanmışdır. Bu hissə həqiqətdə 22 fəsildən ibarət olan fiqhi bir kitabdır ki, hər fəsildə şəriət hökmlərinin bir qismi bəyan olunmuşdur. Burada murdar şeylər, pakedicilər, murdarlanmış şeylərin paklanma qaydası, məssi-meyyit qüslünün qaydası, divlərin hücumunun, böyük günahların və murdar heyvanların həmləsinin qarşısını necə almaq barədə qayda-qanunlar toplanmışdır.
Vendidadda dünya və axirət vədələri barəsində, Əhrimənin Zərdüştlə necə mübarizə aparması, elm öyrənməyə, təlim-tərbiyəyə rəğbətləndirmə, izdivac edib ailə qurmaq və s. kimi məsələlər bəyan olunmuşdur.
Dördüncü hissə: “Kiçik Avesta”. Bu bölmə Sasanilər dövrünün məşhur mubədi kimi tanınan Azər-pad-maraspənd (odun keşikçisi) tərəfindən yazılmışdır. Bu kitab dualar, namaz, müxtəlif günlərin münacatları, dini bayramlar, izdivac, ölüm mərasimləri, xoş və acı günlər, günahların kəffarəsi, hacətlərin ödənilməsi və bu qəbildən olan digər məsələlərə aiddir.
Yəştlər kiçik Avestanan digər bir hissəsini təşkil edir. Yəşt fidyə və yalvarış mənasındadır. Bu hissədə 22 fəsil vardır və hər bir fəsil mələklərdən birinin tərif və vəsfindədir. Yəşitlərdən hər biri zərdüştlər tərəfindən ilin müəyyən vaxtlarında oxunur.
***
Qeyd etdiyimiz kimi, on iki min inək dərisində yazılmış əsil Avesta İsgəndər tərəfində yandırılıb məhv edilmişdir. Mövcud olan Avesta Əşkanilər dövründə ağızdan-ağıza eşidilməklə, yaxud da yadda qalanları yığıb bir yerə toplamaqla yazılmışdır. Bu tarixi məlumatların düzgünlüyü sübuta yetsə, Avestaya nə qədər təhrif və dəyişikliklərin edilməsini təsəvvür etmək olar. İlk Avestanın çox geniş həcmə malik olmasını, onun ilk nüsxəsinin misilsiz bir vəziyyətdə yazılmasını və bütün ayələrinin qorunmasının qeyri-mümkünlüyünü nəzərə alaraq, onun sonrakı nəsillərə gəlib çatmasının nə dərəcədə çətin bir iş olduğunu başa düşmək olar. İlk Avestanın aradan getməsi ilə onun yeni nüsxəsinin yazılması arasındakı uzun zaman fasiləsi də bu məsələnin mürəkkəbliyini bir neçə dəfə artırır.
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ. 1. Odun müqəddəs sanılması. Zərdüştlər dördlük təşkil edən ünsürləri (su, od, hava və torpaq) pak və müqəddəs sayırlar. Zərdüştilik hökmlərində bu dörd ünsürü aludə edən şəxslər üçün ağır cəza tədbirləri nəzərdə tutulmuşdur. Əlbəttə, atəş daha artıq ehtirama layiq görülüb və zərdüştlər onu nur və işıqlıq simvolu, ilahi mələkut nişanəsi, nurun və işıqlığın xaliqi olan Ahura Məzdanın rəmzi hesab edirlər. Zərdüştlər odu müqəddəsləşdirməkdə o qədər ifrata varmışlar ki, onların məbədləri də atəşgah adlandırılmışdır; onların ibadətləri də odun qarşısında yerinə yetirilir. Buna görə də zərdüştlər sair qövmlər və digər din ardıcılları arasında atəşpərəst kimi tanınmışlar.
Müqəddəs atəş uzun-uzadı hazırlıqlar və müfəssəl ibadətlər silsiləsi ilə yanaşı hazırlanır. Ən müqəddəs atəş odur ki, on altı ayrı-ayrı atəşdən təşkil olunsun (Yəni on altı məntəqədə xüsusi mərasim, dua və zikrlərlə müqəddəs atəş hazırlansın, daha sonra onlar bir-birilə birləşdirilsin).
Atəşin müqəddəs sayılıb pak saxlanmasının qaydalarından biri də budur ki, ətirli səndəl ağacının odunlarından bir neçəsini yonaraq üst-üstə toplayır və onları odun üzərinə tökürlər. Sonra atəş şölələrinin yuxarısında azacıq məsafədə atəşlə təmasda olmayan metal bir qaşıq saxlayırlar; onda kiçik bir dəlik açılır və qaşığın arasında səndəl çubuqlarının ovuntularını tökürlər. Sonra müqəddəs çubuqlar yığımını alovlandırıb dua və nəğmə oxuyub qiraət etməklə məşğul olurlar. Bu əməli 91 dəfə təkrar edirlər. Nəhayət mubədlərin 16 müxtəlif məntəqədən bir yerə topladıqları pak atəş müqəddəs bir kürədə yandırılır və mubədlər öz ağızlarını incə bir parça ilə örtüb uzaqdan tənəffüs etdikləri bir halda onu yandırırlar.
Odun qorunduğu qab daxili otağın yaxınlığında küllə doludur və orada dörd ayaqlı bir kürsü vardır ki, mubədlər onu növbə ilə səndəl ağacının çubuğunun qırıqları ilə alovlu saxlayırlar. Ağızlarına bir parça bağlayırlar ki, nəfəsləri pak oda üfürülməsin və onu çirkləndirməsin. Həmçinin odun kənarında asqırıb və ya öskürməkdən özlərini saxlayırlar.
Zərüdşt dininin ardıcılları günün istənilən vaxtında atəşgahın içərisinə gedə bilərlər. Məbədə daxil olmazdan qabaq öz əllərini və üzlərini suya çəkir, Avestanın bir hissəsini tilavət edir, dua və münacat oxuyurlar. Sonra ayaqqabılarını çıxardaraq məbəd otağına daxil olub, müqəddəs məşəlin qarşısında namaz qılır, bir qədər səndəl çubuğu ilə yanaşı olan nəzir və hədiyyəni mubədə təqdim edirlər. Bunun müqabilində mubədin ixtiyarında olan müqəddəs küldən bir qab götürür, feyz və bərəkət kəsb etmək niyyəti ilə öz üzlərinə və gözlərinə sürtürlər. Sonra oda tərəf təzim əlaməti olaraq əyilərək namaz qılır, dua oxuyur və hər bir halda həmin odu ilahi mələkut nişanəsi və rəmzi kimi qələmə verirlər; onlar oda allah kimi deyil, onun nişanəsi kimi pərəstiş edirlər. Daha sonra yavaşca arxaya çəkilir, ayaqqabı çıxarılan yerə çatır və atəşgahdan xaric olurlar.
2. Atəşgah. Zərdüştlər atəşgahı ətrafı açıqlıq olan bir məkanda düzəldirlər. Hər atəşgahda atəş yandırmaq üçün xüsusi bir mərkəz vardır ki, ətriban, yəni odun qoruqçusu olan mubəddən başqa heç kəs oraya daxil ola bilməz. Ətribanlar atəşin ətrafına gedərkən tənan, yəni ağıza bağlanan şeyləri geyməlidirlər ki, onların nəfəsi müqəddəs odu aludə etməsin. Atəşgahın sağ tərəfində dördbucaqlı şəkildə geniş bir otaq vardır ki, müxtəlif və bir-birinə bərabər hissələrə bölünmüşdür; hər biri xüsusi bir iş üçün nəzərdə tutulmuşdur. Bu otağı yəzqənşah, yəni ibadət məkanı adlandırırlar. Od yandırılan yeri atəşgahın ortasında düzəldirlər ki, günəşin odun üzərinə saçmasının qarşısı alınsın.
Müqəddəs atəşin müxtəlif növləri vardır və onlara cəmiyyətlər əsasında təriflər verilir. Məsələn, evin atəşi, qəbilənin atəşi, kəndin atəşi, əyalətin atəşi və s. Atəşin qoruqçusuna “manənd” deyilir və bu vəzifə mubəd vəzifəsindən ibarət olan ətribanlardan fərqlənir. Manənd ruhani heyətlərin bir üzvüdür ki, mubədin nəzarəti altında odun qorunub saxlanması vəzifəsini öhdəsinə almışdır. Atəşgah həmişə ətirli yanıqlar səbəbi ətirlənir və odu səndəl çubuğunun hissələri ilə qeyd etdiyimiz mərasimlər əsasında paklayır və həmişə yanar vəziyyətdə saxlayırlar.
3. Mubədlər. Mubədlər zərdüşt dininin dini rəhbərləri və ruhaniləridir, müxtəlif dini vəzifələri öhdələrinə alırlar. Onlar öz ardıcıllarına moizə edib yol göstərməkdən əlavə, atəşgahların ibadət mərasimlərini, müqəddəs odu yandırmaq üçün odunların paklanmasını və müqəddəs atəşin qorunub saxlanmasını öhdələrinə alırlar. Həmçinin təharət hökmlərinin icrası, günahkarların etiraflarını eşitmək, onları əfv edib günahlarından keçmək, kəffarənin miqdarını təyin etmək, cərimələr, viladət zamanı adi təşrifatların yerinə yetirilməsi, müqəddəs kəmərin bağlanması (kəşti), əqd mərasiminin icra edilməsi, cənazənin dəfni, dini bayramların keçirilməsi və icrası çox ağır olan şəri cəza qanunlarının tətbiqi və bu kimi digər işlərin hamısı zərdüşt rəhbərlərin və mubədlərin öhdəsindədir.
4. Nəcasət və təharətin hökmü. Zərdüştlərin nəzərində əşyaların çoxu murdar və mənfurdur. Belə ki, bir şəxs və bir şey onlarla təmasda olsa, ciddi və xüsusi şəkildə paklanmalıdır. Ölü insan və heyvanların cəsədi, div, heyzli və nifaslı qadın, ölü uşaq dünyaya gətirən qadın, heyvanların cəmdəyi ilə təmasda olmaq, su, torpaq, yaxud atəşi aludə etmək və sair məsələlər nəcasətlərdən sayılır. Nəcasətdən paklanmaq üçün çoxlu hökmlər müəyyənləşdirilmişdir. Bundan əlavə, qamçı, yaxud edam kimi şər’i cəza qanunları torpağı, və ya odu murdarlayan və yaxud da ölü bir şəxsi təklikdə daşıyan şəxslər üçün təyin edilmişdir (Vendidad, dörd cildli kitab, Haşim Rəzi).
5. Zərüdştlərin dini mərasimlərindən biri də budur ki, uşaq həddi-büluğ yaşına- 15 yaşına çatan zaman sidrə köynəyi geydirilir, belinə koşti bağlanır. Sidrə alt köynəyə bənzər kiçik bir köynəkdir ki, xüsusi biri formada tikilir, koşti də hinduların zənnarına oxşayan müqəddəs bir kəmərdir.
Zərdüşt ayinində olan bir qız, yaxud bir oğlan həddi-büluğ yaşına çatıb Avestadan din təlimlərini öyrəndiyi zaman, onun valideynləri sidrə geymək və koşti bağlamaq mərasiminin icra olunması üçün müəyyən bir gün təyin edir və öz qohum-əqrəbalarını, dostlarını bu mərasimə dəvət edirlər. Bu gündə əvvəlcə böyük bir süfrə salınır və onda atəş sinisi, səndəl ağacından düzəldilmiş qab, ud çubuğu, bir qabda qurudulmuş meyvələr (püstə, badam, qoz, fındıq, sincid, ərik yarpağı, əncir, nargil və bir qədər noğul və şirni tökülür; ona nərək deyilir) və bir qədər gül, göy, avişən, yəni kəklikotu və düyü ilə bəzəyirlər. Daha sonra həddi-büluğa çatan oğlan və ya qız sidrə köynəyini geydikdən sonra süfrənin bir kənarında üzü günəşə tərəf oturur, mubəd onun qarşısında dayanır və mərasimi orzodişt (razi-niyaz ayini) oxumaqla başlayır. Sonra mubəd süfrənin digər tərəfinə gedir, təzə həddi-büluğa çatan şəxsin arxasında dayanır və koştini onun belinə bağlayır. Bu müddətin hamısında həddi-büluğa çatan şəxs mubədin biləklərini öz əllərində saxlayır və dua oxuyarkən onunla birlikdə zümzümə edir, mərasim sona çatdıqdan sonra həddi-büluğa çatan şəxs öz yerində durur və mubəd də əvvəlki yerinə gedərək onun qarşısında ayaq üstə dayanıb Avestanı onun sağ-salamat olması niyyəti ilə qiraət edir. Qiraət halında da kəklikotu, düyü və şirnilərin bir hissəsini onun başına tökürlər.
6. Ölülərin dəfn mərasimi. Vendidadın çox hissəsi ölülərlə əlaqədar hökmlərə məxsusdur və bunun da səbəbi budur ki, zərdüştilik nəzərindən ölü çox çirkin bir varlıq hesab olunur. Buna görə də onun torpaqda dəfn edilməsi qadağan və haramdır. Çünki onların nəzərində torpaq pak və müqəddəs bir ünsürdür və buna görə də ölünü torpaqda dəfn edən bir şəxs üçün ağır cəza tədbirləri nəzərə alınmışdır. Bəzi şəraitlərdə onun barəsində ölüm hökmü də verilir. Bu etiqad əsasında zərdüştlər öz ölülərini müəyyən mərasimdən sonra daxmada, yaxud “Bürcü xamuşan”da qoyurlar ki, qurd-quşlara yem olsunlar. Ölülərin sümükləri günəşin altında quruduqdan sonra həmin daxmanın axır hissəsində qazılmış quyuya tökülür. Amma son yarım əsirdə zərdüştlər dəfn üslubunu başqa bir şəkildə həyata keçirirlər. Bu məqsədlə əvvəlcə ölünün gözlərini bağlayır, əllərini sinəsinə qoyur, ayaqlarını da dizlərinə qədər büküb təmiz bir otaqda daşla döşənmiş yerin üzərində, yaxud dəmir bir taxtın üzərində uzadırlar. Sonra isə sayı adətən iki, dörd, yaxud altı nəfərdən ibarət olan pişqahnam (ölü çəkənlər) vasitəsi ilə dəmir bir tabuta qoyularaq dəfn olunacaq yerə aparılır. Orada pakşuların (ölüyuyanların) vasitəsilə təhvil alınıb qüsl-kəfən edilir, koşti bağlandıqdan sonra dəmir taxtın üzərinə qoyulur və ağ bir parça ilə üzləri örtülür. Daha sonra namazxanaya aparılır ki, orada mubədlər qasaları oxumağa başlasınlar. Bu işin axırında ölünü həmin dəmir taxtla birlikdə qəbirin içinə qoyurlar ki, torpağa toxunmasın. Daha sonra qəbirin üstünü daş və betonla örtürlər.
ZƏRDÜŞT DİNİNDƏKİ DƏYİŞİKLİKLƏR. Zərdüştilik əsrindən sonra Mazdaizm çoxlu dəyişikliklərə məruz qaldı. Bu din bir tərəfdən neçə-neçə firqələrə bölündü, digər tərəfdən də yeni ayinlərlə- Manəvi, Məzdəki kimi cərəyanlarla üzləşdi və həmçinin bir çox siyasi hadisələrlə qarşılaşdı.
1. FİRQƏLƏR. Qeyd etdiyimiz kimi, zərdüştilikdə əsas bəhs Ahura Məzdanın xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Ahura Məzda ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Ahura Məzda öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya demişdir: “Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir”.
Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, allah Ahura Məzda hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir.
Amma Ahura Məzda ilə bu iki minu arasında əvvəlcədən təyin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə.
1. Sənəviyyani Məzdai. Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Ahura Məzda ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Ahura Məzda, yaxud Xudavənd və yaxud da Yəzdandır. Bunun da müqabilində Əhrimən qərar tutur ki, bütün pis işlər ona mənsub edilir. Ahura Məzda bu kimi işlərdən pak və münəzzəhdir. Buna əsasən, bu firqə Ahura Məzdanı nurun xaliqi hesab edərək, onunla zülmət xaliqi olan Əhrimənin arasında daimi mübarizə və keşməkeş olduğuna inanır və bu aləmin əslinin nur və zülmətdən nəşət tapdığına inanırdılar.
2. Məsxiyyə. Bu firqə varlığın əslini Ahura Məzda hesab edir, amma inanırdılar ki, Əhrimənin də əsli (qədimki tərifi ilə yanaşı) allahdandır. Bu firqə ona görə Məsxiyyə adlanmışdır ki, ona əqidə bəsləmək, Ahura Məzdanın Əhrimən üçün mənşə olması, zülmətin və pisliklərin əsil ünvanı ilə tanınan Əhrimənin mütləq xeyir və yaxşılıqdan ibarət olan Ahura da məsx olmasını tələb edirdi.
3. Zərvaniyyə. Zərvan sonsuz zaman və məkan mənasındadır. Zərvaniyyə firqəsi inanır ki, Zərvan əsildir; Ahura Məzda və Əhrimənin xaliqidir. Zərvandan bir xeyir allahı və bir də şər div yaranmışdır ki, birincisi Orməzd, yaxud Ahura Məzda, ikincisi isə Əhrimən adlanmışdır. Zərvaniyyənin nəzəriyyəsinə uyğun olaraq, Ahura Məzda zərdüştlərin yeganə allahı olmaqla, Zərvan adlı başqa bir allahın da məxluqudur.
2. YENİ DİNLƏR. Zərdüşt dininin qarşılaşdığı digər bir cərəyan da iki yeni etiqadi cərəyanın formalaşması idi ki, Məzdai dininə artırılan inhiraf və təhriflər əsasında yaranmışdır. Bu iki ayin aşağıdakılardır:
Manvi və Məzdəki ayini.
Bundan əlavə, zərdüştilik digər bir real gerçəkliklə də qarşılaşdı və bu da məsihilik və islam kimi yeni səmavi dinlərin zühur etməsi idi.
1. Manvi ayini. Mani üçüncü miladi əsrinin əvvəllərində özünü axırıncı peyğəmbər, öz dinini isə dinlər arasında ən kamil bir din kimi təqdim etdi. O, zərdüştiliyin əqidəvi əsaslarını, xüsusilə zərvaniyyə firqəsinin təlimlərini məsihiliyin, budaizmin, hinduizmin əqidə üsullarına və eləcə də işraqi fəlsəfəsinə qatmaqla, bundan əlavə, onlara bəzi şəxsi nəzərlərini artırmaqla Manvi ayininin əsasını qoydu. Onun dini kitabı Orjanək adlanırdı. Mani mahir bir rəssam olduğuna görə öz müqəddəs kitabını çoxlu rəsm əsərləri ilə bəzədi; bu kitab həqiqətdə rəsm əsərləri ilə illüstrasiya olunmuş yeganə müqəddəs kitab sayılırdı.
Öz ayinində zərvaniyyənin ikilik əqidəsinə yer verən Manvi firqəsi sürətlə yayılıb genişləndi və zərdüştliyin əhatə etdiyi sahələrin çoxuna hakim kəsildi. Amma İslam dini zahir olduqdan sonra müsəlmanlar manviləri təkallahlı və kitab əhli hesab etmədiyinə görə, onlar azlıq təşkil edən dini bir qurum kimi islam cəmiyyətində öz həyatlarını davam etdirə bilməyib, tədricən aradan getdilər.
2. Məzdəki ayini. Məzdəkilik Manvi ayinindən parçalanaraq yaranmış bir firqədir ki, Məzdəkin vasitəsi ilə Miladın beşinci əsrinin axırlarında formalaşmışdır. Məzdək, Manvi rəhbərlərinin üstünlüyü ilə müxalif idi. Ona görə də öz yaratdığı firqəni Manvi və Zərdüştiliklə müxalifətçilik vasitəsi yaratmaq məqsədi ilə icad etmişdi. Məzdək əqidəsinin ən mühümlərindən biri mal, sərvət, ləzzət və maddi nemətlərdən, o cümlədən qadın, həyat yoldaşı, ev və s. kimi şeylərdən istifadədə hamının bərabər olmasıdır. O, inanırdı ki, mal-dövlət sərvətlilərdən alınaraq yoxsullara verilməlidir ki, hamı ondan bərabər şəkildə bəhrələnsin.
Sasani şahı Ənuşiravanın atası Qubad özünün şəxsi və siyasi hədəfinə görə (bəlkə də zərdüşt ruhanilərini və əşraf təbəqəsini əzmək üçün) Məzdəkiliyə üz tutub ona çox geniş imkanlar verdi. Beləliklə, Məzdək öz ayinini o dövrdə zərdüşt cəmiyyətində genişləndirə bildi. Amma Qubaddan sonra Ənuşiravan məzdəkiləri kütləvi şəkildə qırmağa başladı və bundan sonra Məzdəkilik gizli bir firqə şəklinə düşdü; bu firqə İslamın zühurundan sonra üç əsr öz həyatını davam etdirə bildi.
3. Məsihilik. Zərdüşt cəmiyyətini təhdid edən və onu bir din kimi əsaslı şəkildə təhlükə ilə qarşılaşdıran üçüncü din məsihilik idi. Məsihilik İran zərdüşt cəmiyyətinə əsasən iki yolla daxil oldu: Biri məsihi təbliğatçılarının vasitəsi ilə; digəri isə İran dövləti tərəfindən müharibələrdə əsir düşərək ölkənin müxtəlif məntəqələrinə yayılan şəxslərin əli ilə. Məsihilik Xosrov Pərvizin dövründə çox yüksək nüfuza malik idi və bu dövrdə İran şahlarının yaxın adamlarından çoxu məsihi oldular; şahın özü də bu dinə meyl etdi və bununla da məsihiliyin genişlənməsi üçün münasib şərait yarandı.
4. İslam dini. İslam dini İrana daxil olan ərəfələrdə zərdüştilik zərvaniyyə, manvi, məzdəki və s. cərəyanların xurafi əqidələrinə düçar olmuşdu və onun əqidə üsulları insani dəyərlərdən çox uzaq düşmüşdü. Digər tərəfdən də bu din fəsad, eyş-işrətçilik və sinfi ziddiyyətlər bataqlığında qərq olmuş, hökumət aparatı ilə mubədlərin əlində oyuncağa çevrilmişdi. Buna görə də xalq kütlələri əvvəldən az-çox tanış olduqları yeni bir din qarşısında müqavimət göstərmədilər və onu asanlıqla qəbul etdilər. Çünki onun təkallahlıq və tövhid əsasında olmasını, fitrətlə uyğun və Ahura Məzda ruhuna malik bir din olduğunu görürdülər; bəlkə də zərdüştlərin belə bir mövqedə olmasında Suşyantın gəlişinə verdiyi vədə də təsirsiz olmamışdır. Bundan əlavə, İslam ordusu rəhbərlərinin çox sadə şəkildə yaşaması, onların adi əsgərlərlə eyni səviyyədə və birlikdə olması iranlıların ruhiyyəsində çox dərin təsirlər buraxdı; onlar yeni dini qəbul etmək üçün daha çox maraq göstərdilər. Buna görə də İranın müsəlmanlar tərəfindən fəth olunması hadisəsində, qısamüddətli müharibələrdə Nəhavənd şəhərinin yaxınlığındakı Qadisiyyə məntəqəsində baş verən vuruşmalar istisna olmaqla, İran imperatorluğunun qalan şəhərlərində camaat islam dininə yüksək rəğbətlə qoşulurdular.
3. SİAYSİ DƏYİŞİKLİKLƏR. Qeyd etdiyimiz kimi, İsgəndərin İrana həmləsindən sonra zərdüştilik rövnəqdən düşdü, Avestanın yeganə nüsxəsi də yandırıldı. Amma Əşkanilər silsiləsinin təsis olunmasının ardınca, Avestanın yenidən bir yerə yığılıb kitab halına salınması başlandı və bundan sonra Zərdüşt dini yenidən dirçəlməyə başladı. Bu rövnəq Sasanilər dövlətinin təsis olunması və Zərdüştliyin ölkənin rəsmi məzhəbi kimi elan olunmasından sonra bir neçə dəfə yüksəldi. Sasani şahları mubədlərə geniş imkanlar verib, sair məzhəb ardıcılları ilə pis rəftar etdilər. Zərdüşt ruhanilərinin təsiri altında camaatı öz məzhəblərini tərk etməyə və bu dini qəbul etməyə məcbur etdilər. Digər tərəfdən də zərdüşt mubədlərinin səltənət aparatında əldə etdikləri hədsiz mövqelərə görə cəmiyyət sinfi ziddiyyətlərə düçar oldu; camaatın dini rəhbərliyə qarşı narazılıqları artdı. Bu da İran xalqlarının İslam dininə üz gətirməsinin əsas amillərindən biri idi. Belə ki, qısa bir müddət ərzində camaatın əksəriyyəti islamı qəbul etdi və o zamandan indiyə qədər zərdüştlər İran xalqları arasında azlıq təşkil edən dini qurum kimi öz həyatlarını davam etdirirlər.

Seyid Əhməd Mahmudi: “Dinlərlə tanışlıq”. Tərcümə edən: Ağabala Mehdiyev

Комментариев нет:

Отправить комментарий