Страницы

10.09.2015

Əhli-sünnənin Peyğəmbərdən (s) nəql etdiyi hədislər

◘Sözlərin ən yaxşısı dörddür: “Sübhanəllah”, “Əl-həmdu lillah”, “La ilahə illəllah”, “Allahu əkbər.”

◘Mənim və keçmiş peyğəmbərlərin dedikləri ən yaxşı söz “la ilahə illəllah” kəlməsidir. Hər bir bəndə bu sözü qəlbi təsdiq, tə`zim, şirinlik və ehtiramla yanaşı tələffüz etməlidir.

◘Allah dörd şeyi dörd şeydə qərar verib: Elmin bərəkətini ustada ehtiramda, imanın davamlılığını Allaha tə`zimdə, həyatın ləzzətini ata-anaya yaxşılıqda və cəhənnəmdən azad olmağı camaata əziyyət etməməkdə.

◘Allah dörd kəsi özünə düşmən bilir: And içən ticarətçini, təkəbbürlü fəqihi, zinakar qocanı və zülmkar rəhbəri.

◘Hər kimdə dörd xüsusiyyət olsa, Allah-təala behiştdə onun üçün bir ev qərar verər: “La ilahə illəllah” kəlməsi onun pənahgahı olsun (ki, onun sayəsində günahdan çəkinsin.), əlinə ne`mət gələn zaman şükrünü yerinə yetirsin, günaha düşən zaman istiğfar etsin, müsibət və bəla ilə üzləşdiyi zaman “inna lillah və inna iləyhi raciun, (biz Allaha məxsusuq və Ona tərəf də dönəcəyik) desin.


◘Qiyamət günü Allah-təala Öz rəhmət nəzərini dörd kəs üzərinə salar və onları paklaşdırar: Bir kəsin qəlbindən qəmi aradan aparanı, mö`min bir qulu azad edəni, cavan subay oğlanı evləndirəni və birinci dəfə həccə gedəni (yə`ni, öz vacib həcci yerinə yetirəni).

◘Hər kim dörd əməli yerinə yetirsə Allah-təala behiştdə onun üçün bir bulaq (yaxud, çay) axıdar; oruc tutsa, xəstəni yoluxsa, dəfn mərasimində iştirak etsə və yoxsula sədəqə versə.

◘Allah öz bəndələrindən ötrü dörd lütf və mərhəməti həyata keçirib. Bu dörd lütf ola-ola bədbəxt adamdan başqa heç kəs həlak olmaz:
1. Bir kəs hər hansı bir xeyir iş görmək istəsə, lakin onu yerinə yetirə bilməsə Allah onun üçün bir savab yazar.
2. Əgər yerinə yetirə bilsə ondan ötrü on savab yazılar.
3. Günah bir iş görmək istəsə, lakin həyata keçirməsə onun üçün heç bir günah yazılmaz.
4. Lakin günahı həyata keçirsə ona yeddi saat möhlət verilər. Onun yaxşı əməllərini yazmaqdan ötrü tə’yin olunmuş mələklər günah işləri yazmaqdan ötrü mə`mur olunmuş mələklərə deyər: “Bu işi yazmağa tələsmə. Çünki ola bilsin ki, hər hansı bir yaxşı iş vasitəsi ilə bu günahı aradan aparar. Çünki, Allah-təala buyurub: “Yaxşı işlər, pis işləri aradan aparar.” Əgər yeddi saat gözlədikdən sonra da bəndə heç bir xeyir əməl yerinə yetirməsə, yaxud həmin günahından tövbə etməsə, savab işləri yazan mələk günahları yazana deyər: “İndi artıq bu məhrum bədbəxtin günahını yaz.”

◘Riya barəsində Allahdan qorxun. Çünki, riya Allaha şərik qoşmaqdır. Riyakarları Qiyamət günündə dörd adla səsləyib deyərlər; “Ey kafir! Ey facir! (yə`ni, günahkar) Ey xəyanətkar! Ey ziyankar! Əməllərin xarab, savabın batil oldu. Bu gün heç bir payın yoxdur. Kimin üçün iş görmüsənsə, get əvəzini də ondan al!

◘Dörd şey insan üçün xoşbəxtlikdir: Ləyaqətli qadın, xeyirli övladlar, yaxşı dostlar və öz vətənində ruzi.

◘Bədbəxtliyin nişanəsi dörd şeydir: Keçmiş günahları unutmaq (halbuki, həmin günahlar ilahi dəftərdə qorunub saxlanılır.), yerinə yetirdiyi yaxşı işləri yadda saxlamaq (halbuki, mə`lum deyil qəbul olunub, ya yox), dünya işlərində yüksəkdən getmək və onlara önəm vermək, axirət işlərini isə yüngül tutub, onlara əhəmiyyətsiz sanmaq.

◘Xoşbəxtliyin də dörd əlaməti var: Daim keçmiş günahları xatırlamaq, gördüyü xeyir işləri unutmaq, dünya işlərində çox da yuxarıdan getməmək, axirət işlərini də yüngül tutmamaq.

◘Əql və şüura sahib olan məxluqat dörddür: Məlaikələr, şeytanlar, cinlər və insanlar. Bu dörd qrupun doxsan faizi mələklər, on faizi şeytan, cin və insanlardan ibarətdir. Həmin bu üç dəstədən də doxsan faizi şeytandan ibarətdir, on faizi cinlərdən və insanlardan. Bu iki dəstənin də doxsan faizi cinlər, on faizini isə insanlar təşkil edir.

◘Dörd şey orucu və görülən hər bir xeyir işi xarab edər: Qeybət, yalan, söz gəzdirmək və naməhrəmə baxmaq. (Yə`ni, qəbul olunmasının qarşısını alar, nəinki, onun səhihliyini batil edər).

◘Yeməkdə dörd şey cəm olsa, yemək kamil olar: Halal yolla ələ gəlsin, həmin yeməyə çox əl uzansın, əvvəlində “Bismillah”, axırında isə “Əlhəmdulillah” deyilmiş olsun.

◘Yer üzərində olan evlərin dörd ən möhtərəm olanı bunlardır: Kə`bə, Beytül-müqəddəs, içində Qur`an oxunan ev və məscidlər. Bütün məscidlərdən ən üstünü isə Peyğəmbər (s) məscidi və Kufə məscididir. Allah yanında ən üstün kəslər peyğəmbərlər, onların vəsiləri və günahdan peşman olan tövbəkarlardır. Qadınların ən yaxşısı ərlərinə itaət edən və evlərində oturan mö`minə qadınlardır. Günahı tərk edərək, Allahdan bağışlanma diləmək və bir daha həmin günaha qayıtmamağı qərara almaq tövbədir. Hər kəs Allah qorxusundan və Onunla görüşmə xofundan ağlasa behiştə daxil olar.

◘Peyğəmbər (s) bə`zən bu duanı oxuyardı: “İlahi dörd şeydən Sənə sığınıram; faydası olmayan elmdən, ram olmayan qəlbdən, doymayan nəfsdən və qəbul olunmayan duadan.

◘Öz bığını qısaltmayan kəs dörd əzaba mübtəla olar: Mənim şəfaətimə nail olmaz, Kövsər hovuzundan içməz, qəbir əzabına düçar olar, Nəkir və Münkər də onun qəbrinə qəzəbli halda daxil olar. (Hədisdə batil əqidəli sufilərin özbaşına və cəlbedici görünməkdən ötrü bığ saxlama tərzinə işarə olunub.)

◘Mö`min dörd şeyi tərk etməyincə əzabdan amanda ola bilməz: Simiclik, yalan, Allaha qarşı bədgüman olmaq və təkəbbür.

◘Dörd gövhər var ki, dörd şey vasitəsi ilə xarab olar: Əql qəzəblə, din həsəd və paxıllıqla, həya tamahla, saleh əməl də qeybət vasitəsilə.

◘Dörd şey səbəb olar ki, insan Qiyamət gününün dəhşətli qorxusundan amanda qalar: Ne`mət vaxtı şükür etmək, günahdan istiğfar etmək, müsibət və bəla zamanı “inna lillah və inna iləyhi raciun” (biz Allaha məxsusuq və Ona tərəf də dönəcəyik), ehtiyac və qorxu anlarında Allaha üz tutmaq.

◘Hər kəs dörd ne`mətə sahib olubsa, ona dünya və axirət xeyri verilib və hər iki dünyadan bəhrələnib: Onu günahdan qoruyan təqva, camaatla keçinə biləcək xoş xasiyyət, insanların nadanlıq və axmaqlığını dəf edə biləcək səbir və həlimlik və nəhayət, işlərində ona kömək edən ləyaqətli qadın.

◘Hər kəs dörd şeyə malikdirsə ona hər iki dünyanın xeyri əta olunub: Şükür edən qəlb, zikr edən dil, qüvvətli və möhkəm bədən və ləyaqətli qadın.

◘Qiyamət günü Allah dörd kəsi dörd təbəqədən ötrü höccət qərar verər; (nümunə göstərər) Süleymanı (ə) varlı və dövlətlilərə, İsanı (ə) kasıb və yoxsullara, Yusifi (ə) qullara, Əyyubu (ə) isə xəstələrə. Ən uca salamlar olsun bu pak peyğəmbərlərə!

◘Dörd şey dörd məqsəddən ötrü yaradılıb: Mal-dövlət yığıb saxlamaqdan ötrü yox, xərcləməkdən ötrü yaradılıb, elm mübahisə və höcət aparmaqdan ötrü yox, əməl etmək üçün yaradılıb, bəndə xoş ömür güzəran keçirməkdən ötrü deyil, dünya da bəndəlikdən ötrü yaranıb, nəinki, abad etməkdən ötrü deyil, ibrət almaqdan ötrü yaradılıb.

◘Bir gün Peyğəmbər (s) buyurdu: “Dörd şey mö`minlər üçün vacib məsələlərdəndir: Gözəl minik, geniş ev, yaraşıqlı paltar və parlaq çırağ.” Soruşdular: “Ey Allahın rəsulu, bunlardan bizim yoxumuzdur. Sənin bu söylədiklərində məqsəd nədir?” Buyurdu: ”Gözəl minik əql, geniş ev səbir, yaraşıqlı paltar həya və nəhayət, işıqlı çıraq isə elmdir.”

◘Dörd şey var ki, onlardan hər hansı biri bir evdə olsa ev xarabaya çevrilər və xeyir-bərəkət üzü görməz: Xəyanət, oğurluq, şərab və zina.

◘Əbuzərə buyurdu: “Ey Əbuzər, dörd xüsusiyyət var ki, mö`mindən başqa heç kəsdə tapılmaz, ibadətin əvvəli hesab olunan sükut (lazımsız və faydası olmayan sözlərdən), Allahdan ötrü təvazö, hər zaman və hər bir halda Allahı yad etmək və kasıbçılığa səbr etmək.”

◘Yenə də Əbuzərə buyurub: “Gəmini saz vəziyyətə sal, çünki dərya dərindir. Azuqəni bol elə, çünki yol uzaqdır, yükünü az et, çünki dağ keçidi çətindir və əməllərini də xalis et ki, əməl sərrafı dəqiq və açıq gözlüdür.”

◘Dörd kəsə Allah ərşin yuxarısından lə`nət edər, mələklər də “amin deyər: Uşaq olmaq qorxusundan arvad və kəniz almayan kişiyə (yə`ni, öz şəhvətini haram yolla söndürən kişiyə), Allahın onu kişi yaratmasına baxmayaraq  özünü qadına bənzədən kişiyə (ləvatla məşğul olana), Allahın onu qadın yaratmasına baxmayaraq, özünü kişiyə bənzədən qadına və camaatı məsxərəyə qoyana; məsələn, bir müsəlmana “ bura gəl sənə bir şey verəcəyəm” deyib, o, gəldikdə isə “bağışlayın heç nəyim yoxdur” deyənə, yaxud, məsələn, yolu üstündə heç nə olmayan kora muğayat ol, heyvana dəyərsən” deyənə, yaxud da, hər hansı bir evin sorağında olana səhv yol göstərənə.

◘Allah hər kəsi Öz yaxın dostlarından və sirdaşlarından etmək istəsə ona dörd xislət əta edər: Heç bir qohum-əqrəbası olmadan izzət və hörmət, təhsil almaq əziyyəti olmadan elm, var-dövlət olmadan ehtiyacsızlıq və təklikdə olarkən aramlıq.

◘Dörd şeydən ötrü sevinən dörd yerdə də qüssələnər: Uzun ömürə sevinən ölən zaman qüssələnər, evinin genişliyinə sevinən qəbrin darlığından qəmgin olar (bu iki sevincdə məqsəd Allahı unutmaqdır), günaha sevinən onun cəzası zamanı kədərlənər və haram yemək yeyən zaman fərəhlənən kəs hesab çəkilən zaman hüznlənər.

◘Hər kəsdə dörd xüsusiyyət olsa dünyada hər nə əlindən çıxsa qüssələnməz: Əmanətdarlıq, düzdanışmaq, xoş xasiyyət və yemək zamanı iffətə riayət etmək (yə`ni, qeyri-şər`i şeylərdən çəkinmək).

◘Dörd şey dünyada qəribdir: Zülümkarın qəlbində olan Qur`an ayəsi, namaz qılmayanlar arasında olan məscid, evdə oxunmamış qalan Qur`an, bədrəftar insanlar arasında olan saleh kişi.

◘Həzrət Peyğəmbərə (s) ərz etdilər: “Münafiqin əlamətləri nədir?” Buyurdu: “Yalandan and içmək, əhd-peymanı sındırmaq, yalan və və`d verib yerinə yetirməmək.”

◘Dörd dəstə insanın adı aradan getməz: Peyğəmbərlərin, şəhidlərin, alimlərin və Qur`anı əzbər bilib ona əməl edənlərin.

◘Hər kim çoxlu istiğfar etsə (bağışlanmaq diləsə) - Allah onu hər bir qəm-qüssədən azad edər, hər sıxıntıdan qurtarar, hər qorxudan amanda edər və gümanı gəlmədiyi yerdən ruzisini yetirər.

◘Mənim ümmətimi dörd dəstə insan islah edə bilər: Sultanlar, alimlər, ibadət edənlər və tacirlər.
Soruşdular: “Necə ola bilər ki, bunlardan başqa heç kəs onları islah edə bilməsin?” Buyurdu: “Sultanlar bu ümmətin çobanlarıdır. Əgər çoban canavar olsa qoyunları kim  otarar? Alimlər xalqın həkimləridir. Əgər həkimlər özləri xəstələnsə, xəstələri kim müalicə edər? İbadət edənlər əməl vasitəsi ilə ümmətə yol göstərirlər. Əgər yol göstərənlərin özləri yollarını azsalar, yol gedənlərə kim rəhbərlik edər? Tacirlər Allah bəndələrinin əmanətdarlarıdır. Əgər əmanətdar xəyanət etsə daha kimə e`tibar etmək olar?”

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий