Страницы

27.10.2015

Azərbaycanda saxta dərmanlar meydan sulayır

Əczaçılıq bazarında klinik tədqiqatlarla təsiri lazımınca sübut olunmamış çoxlu sayda dərman preparatları dövr edir. Nəhəng dərman istehsalçıları artıq çoxdan başa düşüblər ki, məhsullarını müxtəlif ölkələrdə uğurla satmaq üçün onların şəfalı olması çox da vacib deyil. Dərmanların klinik sınaqdan keçirilməsinə pul xərcləməkdənsə reklama vəsait sərf etmək və məmurları "satın almaq" daha sərfəlidir.
Rusiyalı mütəxəssislər təsirsiz və faydasız dərman preparatlarının siyahısını veriblər. Araşdırmalara görə, həkimlər tərəfindən təyin olunan bir çox dərmanlar müalicə etmir. Lazımsız dərmanlar qonşularımızın bazarında 30 faizdən yuxarı həddə dəyərləndirilir. Amma rusiyalı mütəxəssislərin faydasız kimi qələmə verdikləri dərmanlar, "Bizim Yol" qəzetinin araşdırmalarına görə, yerli bazarda da populyardır. 
Rus mütəxəssislərinin tənqid hədəfinin ilk pilləsində Actovegin, Cerebrolysin və Solcoseryl durur. Cerebrolysin - nootropic vasitədir, beyin toxumasında maddələr mübadiləsinin yaxşılaşmasına kömək edir. Bu dərman mərkəzi sinir sistemi funksiyasının pozuntusu, ləng inkişaf, diqqətsizlik, alzheimer sindromu xəstələri, işemik insultun müalicəsində daha geniş istifadə edilir.
Hələ 2010-cu ildə dərman preparatlarının tədqiqatı üzrə ixtisaslaşan nüfuzlu beynəlxalq Cochrane Collaboration təşkilatının mütəxəssisləri Cerebrolysinin klinik tədqiqatının nəticələrinin icmalını dərc ediblər: "Bizim müayinədən keçmiş 146 nəfərdən heç birinin səhhətində preparatın qəbulundan sonra yaxşılaşma müşahidə olunmayıb. Cerebrolysinin işemik insult xəstələrinin müalicəsində effektivliyini təsdiqləyəcək hər hansı sübut yoxdur. Dərman qəbul etməyən ikinci qrupla müqayisədə onu istifadə edən birinci qrup xəstələrdə yaxşılaşma müşahidə edilməyib. Adıçəkilən dərmanı qəbul edən və etməyənlər arasında ölüm sayına görə də fərq olmayıb".
Actovegin isə müstəqil araşdırmadan keçməyib. Qərbi Avropa və Amerika Birləşmiş Ştatlarında Actovegin tətbiq edilmir. Heyvan mənşəli komponentləri olan preparatlar inkişaf etmiş ölkələrdə qadağandır. Actovegin haqqında heç bir elmi araşdırma yoxdur, bununla belə qonşu ölkədə bu preparat hamiləliyin, demək olar, bütün mərhələlərində, doğuş, doğuşdan sonrakı dövrdə, yanıqların müalicəsi, infarkt və insultdan sonra reabilitasiya, bir çox xroniki xəstəliklərdə təyin edilir. İstehsalçı korporasiyanın ingilisdilli saytında belə dərmanların yalnız MDB ölkələri, Çin və Koreyada satıldığı göstərilir. Actoveginin qəbulu müəyyən risk yaradır, o, iribuynuzluların qanından alındığına görə pasiyentin ensefalitə (beyinin iltihabı) yaxalanmaq riski var. Şəhərin müxtəlif yerlərində monitorinq apardığımız 3 böyük aptekdə satıcılar hər üç dərmanın olduğunu dedilər. Amma əczaçılar tərkibi haqqında bir fikir söyləyə bilmədilər. 

Hər şeyə kömək edirsə, deməli heç nəyə yaramır

Faydasız hesab edilən ikinci dərman qrupuna Arbidol, Kagocel, Alfaron, Ingaron, Ingavirin kimi immunomodulyatorlar daxildir. Arbidolun tədqiqatı ona qripin aktiv müalicəsi üçün sınaqlarla sübut olunan bir dərman kimi baxmağa əsas vermir. Xaricdə tədqiqatçıları bu preparat həqiqi mənada maraqlandırmır. ABŞ-ın Qida və Dərman Administrasiyası (Food and Drug Administration) Arbidolu bir dərman kimi qeydiyyata almaqdan imtina edib. Rus ekspertlərinə güvənsək, bu, az tədqiq olunmuş preparatdır. Bununla belə, yaxşı reklam olunur və ən yuxarı səviyyələrdə ona lobbiçilik edilir. Ingavirin soyuqdəymə və qripin, profilaktikası, müalicəsində istifadə olunur. Dərman tədqiq olunsa da, onun effektivliyini sübut edən inandırıcı faktlar ortaya qoyulmayıb. Bu dərmanlar aptekçilərdən sadəcə birinə "yad" gəldi. Qalanları əlimdəki siyahı olan kağızda qarşısına "var" olduğunu göstərən işarə qoydular.
1919-cu ildə İspan qripi epidemiyası zamanı Fransız epidemioloq Josef Rua mikroskopun köməyi ilə qriplə xəstələnənlərin qanında şübhəli bakteriyalar aşkarlayıb. Onları Oscillococci adlandıran epidemioloq bu bakteriyaları xəstəliyin törədicisi elan edib. Sonradan Oscillococcinum vaksini hazırlanıb. Oscillococcinumun effektivliyi sübut edilməyib və təhlükəsizliyinə də zəmanət olmadığı səbəbindən dərmanın istifadəsinə icazə verilməyib. Onun monitorinqini aparan ekspertlərin fikrincə, preparatın Rusiya bazarında populyarlığının səbəbi istehsalçılarının aktiv reklam siyasəti və "obıvatel" sakinin özünümüalicəyə "sevgisi" ilə bağlıdır. Bu dərmana da bizdə "məhəbbət" var, apteklərimizdə satılır.
Dördüncü qrupa Cocarboxylase, ATF, Riboxin (İnosine) daxildir. Bu dərmanlar kardiologiya, mamalıq, nevrologiya və intensiv terapiyada istifadə olunur. Rusiyada geniş bazarı olsa da, inkişaf etmiş ölkələrdə tətbiq edilmir. Onlar nə vaxtsa ciddi tədqiqat obyekti olmayıb. İddialar var ki, adıçəkilən dərman preparatları maddələr mübadiləsinin təkmilləşdirilməsinə yardımçı olur, bir çox xəstəliklərdən sağalmağa kömək edir, digər preparatların təsirini artırmaq kimi möcüzəvi xassəyə malikdir. Amma belə bir deyim var ki, əgər bir dərman hər şeyə kömək edirsə, həqiqətdə o, heç nəyə yaramır.
Kardiologiyada ATF venadaxili yeridilir. Lakin təsiri bir neçə dəqiqə ilə məhdudlaşır. Bütün digər hallarda ATF təsirsizdir, çünki orqanizmə yeridildiyi zaman orada az "yaşayır", sonra hissələrə parçalanır. ATF-in yeganə mümkün nəticəsi vurulduğu yerdə absesin (irin) yaranmasıdır. Onun sələfi İnosine (Riboxin) də yaxşılaşmaya zəmanət vermir. Aptekçilər onların da qarşısına müsbət işarəsi yazıblar. Cocarboxylase, Cordiamin, Bicillinin abses yaratdığını ailə "praktikamız"da görmüşəm. SN Rusiyanın "Ozon" MMC istehsalı Riboxini qadağan olunmuş dərmanlar siyahısına daxil edib.
5-ci şübhəli qrupda yer alan Linex, Bifidumbacterin, Bifiform, Hylak Forte, Primadophiluc və digər probiotiklərdir. İnkişaf etmiş ölkələrdə probiotiklərin təyinatına çox böyük ehtiyatla yanaşırlar. Probiotik məhsullar müxtəlif bakteriyaların ştammlarını özündə saxlayır və onların dozası fərqlidir. Hansı bakteriyalar həqiqətən yararlıdır və ya onların təsiri üçün hansı miqdarda qəbulunun lazım olduğu aydın deyil. Amma bu qrup da bizim apteklərdə populyardır.

Plasebo effektli "boş dərmanlar" bazarda yetərincədir

Vinpocetine və Cavinton istifadə üçün tövsiyə olunmur. Dərman az tədqiq edilib və heç bir keyfiyyətli tədqiqat onda kliniki əhəmiyyətli nəticə aşkarlamayıb. ABŞ və bir çox başqa ölkələrdə dərman yox, bioloji aktiv əlavə hesab edilir. Yaponiyada təsirsizliyinə görə satışdan çıxarılıb. Bizdə isə apteklərdə var.
Nootropil, Pirasetam, Semax, Tenoten, Fezam, Aminalon, Fenibut, Pantogam, Picamilon plasebo effektli dərmanlardır. Plasebo effekti - psixoloji təsirlə müalicədir. "Boş dərmanlar <https://az.wikipedia.org/wiki/D%C9%99rman>"ın (plasebonun) müalicəvi effektini ənənəvi olaraq özünütəlqinlə izah edirlər. Plaseboya hamıda eyni reaksiya olmur, hər üç pasiyentdən birinə yüngülləşmə gətirir. Aşkar olunub ki, "boş dərman" qəbul edəndə beyin endorfin (ağrını yatıran və sakitləşdirici effekt daşıyan təbii birləşmə) istehsal etməyə başlayır, nəticədə ağrı həqiqətən də azalır. Yaponiyada 1990-cı ildə qəbulundan sonra bir sıra ölümcül ağırlaşmalara görə Pantoqamın istifadəsi dayandırılıb. Başqa inkişaf etmiş dövlətlərdə də bu preparat istifadə olunmur. Amma aptekçilərin siyahımda apardığı qeydlərdən bəlli olur ki, bizdə həkimlər pasiyentlərə belə dərmanlar yazırlar. SN-nin qadağan olunmuş dərman vasitələrinin siyahısında Türkiyənin "UCB Pharm" şirkətinin istehsalı olan Nootropil və Rusiyanın "Pik-Farma Pro" şirkətinin məhsulu Pantogam da var. Ümumiyyətlə nazirliyin qadağan siyahısına Rusiya və Türkiyə dərmanları "liderlik" edir.
Mexidol, Fenotropil, Mildronat - nootropiklər adı altında doppinqlərdir, yalnız MDB ölkələrində istifadə edilir. Biz də MDB-yə daxil olduğumuz üçün bundan kənarda deyilik. Tibbi saytlarda sözügedən dərmanların insanlar üzərində tədqiqini təsdiqləyən fakt olmayıb.
"İnsan və dərman" konqresində Timalin, Timogen kimi digər oxşar immunomodulyatorların effektivliyi və qəbulunun vacibliyinin klinik tədqiqatlarda sübut edilmədiyi tanınmış mütəxəssislər tərəfindən təsdiqlənib. Lakin istehsalçılarına gəlir gətirməkdə davam edir. Bu gəlirdə Azərbaycanın da payı var, çünki bizdə də Timalin və Timogen alınıb, satılır.   
Rus mənşəli Bioparox, Kudesanın "tədqiqatı" əsasən siçanlar üzərində aparılıb. Yenə aptekçilər onu satdıqlarını "imzalar"ı ilə təsdiqləyirlər.
Wobenzym istehsalçıları inandırmağa çalışırlar ki, o, gəncləşdirir və ömrü uzadır. Rusiyalı mütəxəssislər məsləhət görürlər ki, dərmanın möcüzəvi təsiri haqqında nağıla inanmaq lazım deyil, çünki bu bahalı eksperimental tədqiqatda test edilməyib. Əczaçılıq şirkətləri hətta kiçik də olsa, ümid olduğunda bir dərmanın effektivliyini sübut etməkdən ötrü tədqiqatlara yüz milyonlarla dollar xərcləyirlər. Bu tədqiqatın Wobenzym  haqqında aparılmadığının səbəbini sadəcə ehtimal etmək qalır. Əvəzində onun reklamına böyük vəsait sərf edilir. Bizdə də bu dərmanlar satıldığına görə deməli reklamına inanırıq.
Glycine, Tenaten, Enerion, Grippol, Polyoxidonium qoyunqıran bitkisinin preparatlarıdır. Adıçəkilən preparatlara əlavə şərh olmasa da faydasız dərmanlar siyahısında verilib. Bizdə satışda var.
Glucosamine Chondroitin effektivliyi sübut olunmayıb. Aptekçilərdən sadəcə biri dərmanı tanımadı, ya da onlarda satışda olmadığını göstərmək üçün "minus" işarəsi qoyub.

Ürəyi müalicə etməyən ürək dərmanları

Validol nanəli konfetdən başqa bir şey deyil, tibb ilə çox uzaqdan əlaqəsi var. Nəfəsi təravətləndirir. Ürəyində ağrı hiss edən adam onu belə vəziyyətlərdə nitroqliserin əvəzinə dilinin altına qoyur və infarkt diaqnozu ilə xəstəxanaya gedir. Hər halda bu, rusiyalı mütəxəssislərinin iddiasıdır. Amma biz gözümüzü açandan validolu evimizdə görmüşük. Bütün apteklərdə də satılır. Lakin Səhiyyə Nazirliyinin web-saytında 2013-cü il üzrə qadağan olunmuş dərman vasitələrinin siyahısında Rusiyanın "Lyumi" MMC, "Tatximfarmpreparatı" ASC, Ukraynanın "Luqanskiy Ximfarmazavod" və "Farmak" şirkətlərinin istehsalı olan Validolun adı var.
Çox geniş istifadə olunan Corvalol, Valocordin daha çox tənqid edilir. Klinik sübut olunub ki, Corvalol ürək-damar xəstəliklərinə müsbət təsir etmir və eyni zamanda tərkibinə daxil olan fenobarbital toxumalarda toplanır, nəticədə onları məhv edir. Fenobarbital güclü təsiredicidir, dünyada qadağan olunub. Lakin Rusiyada reseptsiz satılır. Yuxugətirici, ağrıkəsici, damar genişləndirici, sakitləşdirici və spazmolitik olan Valocordin 1963-cü ildə Almaniyada hazırlanıb və Corvalol onun Sovet analoqudur. Onlar eyni zamanda psixotrop komponentləri özlərində ehtiva edirlər. Bu səbəbdən Şərqi Avropa hüdudlarından kənarda tanınmır, ABŞ-a idxalı ümumiyyətlə qadağandır. Yenə də peşəkarların sözlərinə güvənsək bu dərmanlar ürək vasitələri kimi qeydiyyata alınsalar da, ürəyi müalicə etmirlər. Valocordinin yaranma tarixi bütün xəstəlikləri yuxu ilə müalicənin dəb olduğu zamanlara gedib çıxır. Əslində, hər iki dərman yalnız sakitləşdirici təsirə malikdir, müalicəvi təsiri hər hansı klinik tədqiqatlarla təsdiqlənməyib...

Satışda psixotrop, donuz vəzindən hazırlanmış və “boş” pereparatlar “N” qədərdir

2008-ci ildə Corvalol və Valocordin Rusiyada açıq, reseptsiz satışdan çıxarılmağa başlayıb. Lakin o vaxt əhalinin etirazı narkotiklərin dövriyyəsinə nəzarəti həyata keçirən federal xidmətin nümayəndələrini bu addımı sona qədər atmaqdan dayandırıb, adıçəkilən dərmanlar və tərkibində zəhərli maddələr olan başqa preparatları da saxlamağa məcbur edib. Səhiyyə Nazirliyinin (SN) saytına istinadən deyə bilərik ki, Rusiyanın "Qippokrat", "Sesana", Ukraynanın "Farma Start" MMC-nin istehsalı olan Corvalol bizdə qadağan olunub. Aptekçi Həvva xanım dedi ki, Valocordin və Validol artıq Rusiyada satışdan çıxarılıb, bizdə isə hələ qalır. Soruşdum, siyahıdakı dərmanlardan hansılar bizim alıcılar arasında daha populyardır. Cavab verdi ki, "onların hamısı alınan dərmanlardır".

Qərbdə "defisit" dərmanlar bizdə boldur

Trombovazim trombolitik xroniki vena çatışmazlığı, kəskin koronar sindromu, miokard infarktı müalicəsi üçün istifadə olunur. Əvvəlcə istehsalçı şirkətə də preparatın xəstəliklərdə effektivliyini kliniki tədqiqatlarla ortaya qoymaq üçün icazə verilib. Lakin dərman bu göstərici ilə qeydiyyatdan keçməyib. Bu səbəbdən də yenə rusiyalı mütəxəssislər onu şübhəli hesab edirlər. Bununla belə istehsalçıları qeydiyyatını gözləmədən məhsulu bioloji aktiv əlavə kimi bazara çoxdan çıxarıblar. Amma bu dərmanla bağlı aptekçilərimizin ikisi həmrəy idi - onu qeyd etməyiblər. Biri isə ümumiyyətlə şərh verməyib.
Tanacan, Preductal yetərli qədər zəif bünövrəli xammal sayılır. Lakin onlar da bizim apteklərdə populyardır. Aptekdə olduğum zaman bir qadın və kişi Preductal aldılar. Təsirini soruşdum, şikayətçi olmadıqlarını dedilər. Lakin nazirlik Fransanın "Servier", Polşanın "Anpharm" şirkətlərinin istehsalı olan Preductalı qadağan edib. Amma göründüyü kimi bizdə onu satan da var, alan da.
Cytochrom C + Adenosine + Nicotinamide (Oftan Catachrom), Azapentacene (Quinax), Taurine (Taufon) göz damcılarının təsirli olduğunu göstərən heç bir elmi sübut mövcud deyil. Taurine Rusiyada Taufon adı altında istehsal olunur. Lakin onun klinik sınağı keçirilməyib. Beynəlxalq səhiyyə bazasında onun haqqında sadəcə bir nəşrə rast gəlinib. Taurine kompüterdə işlədiyiniz zaman meydana çıxan quruluqdan optik linzaları, həmçinin gözü qoruyur, onun nəmlənməsinə kömək edir. Amma damcının gözün yaxşılaşmasında hər hansı rolu müəyyən edilməyib. Qərb apteklərində Taurine damcıları yoxdur, baxmayaraq ki, ABŞ-da internet vasitəsilə onu sifariş etmək mümkündür. Bizdə isə aptekçilərdən ikisi "var" dedi, biri "yox". 

Bu preparat donuzun mədəaltı vəzinin pankreatini əsasında yaradılıb

Essentiale, Livolin Essentiale N çoxlu sayda dərman preparatlarının analoqu kimi guya qaraciyərin vəziyyətini yaxşılaşdırır. Amma Livolin, onun analoqları haqqında qəti dəlillər və qara ciyər xəstəliklərində effektivliyini təsdiqləyən tədqiqatlar yoxdur, istehsalçıları onları fəal test etməyə meyl göstərmirlər. Bu dərmanların istehsalçılarının büdcəsinin artmasında qonşu Rusiya kimi bizim də əməyimiz var. Aptekçilər də bunu təsdiqləyirlər.
Mezim Forte mədəaltı vəzinin xarici sekresiya funksiyasının çatışmazlığını kompensasiya etmək və qidanın bağırsaq sistemində həzmini yaxşılaşdırmaq məqsədilə donuzun mədəaltı vəzinin pankreatini əsasında yaradılıb. Ukraynanın Dövlət Farmakoloji Mərkəzi və dərman vasitələrinin keyfiyyətinə nəzarət müfəttişliyi onun tam təsirsiz olduğunu göstərib. Berlin-Chemie şirkətinin nümayəndələri deyilənləri nə təsdiq, nə də təkzib ediblər, lakin belə bir bəyanatla çıxış edən professora verdikləri cavab bəyanatında bildiriblər ki, o, özünün şirkətində "Pankreatin" adlı rəqib dərman istehsal edir.
Lakin başqa bir mütəxəssis də bu dərmana belə şərh verir ki, "Fermentlərin orqanizmə təsiri indiyədək tam öyrənilməyib. Mezim Forte ucdantutma hər kəsə görədir, deməli əslində heç kimə yaramır. Ola bilməz ki, hamıda eyni ferment çatışmasın və həmin ferment də dərhal hər kəsə kömək etsin". Analoqları ilə müqayisədə Mezim Fortenin populyarlığını ekspertlər kütləvi reklam kampaniyası ilə izah edirlər. Burada "mədə üçün əvəzedilməzdir" sloqanının reallığa az aidiyyatı var. Mezim Forte qələmə verildiyi kimi mədədə yox, bağırsaqda "işləyir". Amma bizim pasiyentlər onu qəbul edirlər. Həm də nəzərə alaq ki, bu dərman donuzun mədəaltı vəzinin pankreatini əsasında yaradılıbsa, bir müsəlman ölkəsində onun satışı yolverilməzdir. Hər halda dərmanın tərkibini bilənlər onu almağa risk etməzlər.    

Apteklərdə hələ də psixotrop dərmanlar dolaşır

Novo-Passit sadə ot məhlulu üçün bahalıdır. Trankvilizator kimi təsnifləndirilir - təşviş, qorxu, narahatçılıq, emosional gərginliyi yatıran psixotrop vasitədir. Bununla belə apteklərimizdə reseptsiz satılır.
Vitaminlər və mikroelementlər. B,C, D, E vitaminləri və maqneziumun qəbulunun xeyri barədə sübutlar yoxdur. Belə sübutlara heç ehtiyac da yoxdur, ən çox satılan vitaminlərdir. Həkimlər onları pasiyentlərinə təyin edir. Amma yenə nazirliyin qadağan olunmuş dərmanlar siyahısında Gürcüstanın "Biofarm" şirkətinin istehsalı olan E vitamini də yer alıb.
Instenon, Cinnarizine də rusiyalı həkimlərin faydasız dərmanlar siyahısındadır. İnstenon ötən əsrin 70-ci illərinin sonlarından digər ölkələrdə tətbiq edilmir. Bizdə isə qonşularımızda olduğu kimi tətbiqi heç vaxt dayandırılmayıb. Hər halda satışda olmağı bunu sübut edir.
Proproten 100 "boş" plasebo təsiri ilə işləyir. Aptekçilərdən biri Proporten 100-ü tanımadığını dedi, digərlərində isə vardı.
Adıçəkilən preparatlar əczaçı şirkətlər tərəfindən israrla ölkələrə yönəldilir və aktiv tətbiq edilir. Onlardan Actovegin, Arbidol, Linex, Essentiale kimi preparatlar uzun illərdir satış siyahısına liderlik edir. Rusiyalı ekspertlərə görə bu dərmanların təyinatı tamamilə müalicə edən həkimin vicdanına qalır və ilk növbədə onun qeyri-peşəkarlığından xəbər verir.
Son illərdə əhalinin üzərinə təsirli dərman adı altında qələmə verilən bioloji aktiv əlavələrin reklam "hücumu" da qeydə alınır. Onlar dərman preparatı deyil və xəstəlikdən sağaltmır. Acınacaqlısı da budur ki, belə reklamlar televiziya kanallarında göstərilir. Apilac, Omacor, Lactusan, Cerebrum Compositum, Nervoheel, Valerianaheel, Hepar Compositum, Traumeel, Discus, Canephron, Lymphomyosot, Mastadynon, Mucosa, Ubichinon (Ubiquinone), Zeel T, Echinacea, Gripp-Hell qida əlavələridir. Homeopatik vasitələri həmçinin dərman preparatları adlandırmaq olmaz, onları sertifikatlaşdırmaq çətindir. Çünki tərkibindəki fəal maddələr minimaldır və belə konsentrasiyalarda müalicəvi təsir göstərə bilmir. Homeopatik vasitələr plasebo effektlidir. Amma hər üç aptekdə də onların asanlıqla tapıldığını dedilər.
Qida əlavələrinə də bizdə böyük tələbat varmış. Həm də yuxarıda barəsində söhbət gedən bütün dərmanlar reseptsiz satışa buraxılır. Kimsə məndən onlar üçün resept istəmədi. Özüm resept olmadığını desəm də, "problem yoxdur, bunlar adi dərmanlardır, reseptsiz buraxılır", dedilər. Soruşdum, siyahıdakı dərmanlar nə qədər pul "tutar", cavab verdi ki, "300 manatdan da çox, bəlkə də 500 manat, hesablamaq lazımdır". Özü də "bizdə dərman bahadır", deyə qısa şərh verdi. Müştəriləri çoxdu, almayacağım üçün də əlavə hesablama istəmədim.

"İstehsalçı ölkələrin tədqiqatlarına güvənirik"

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli "Bizim Yol" qəzetinə bildirib ki, dərman preparatlarının klinik tədqiqatları yalnız iri dövlətlərdə aparılır: "Onların özləri dərman istehsalçılarıdır və həmin məhsulların sınaqdan keçirilməsi üçün tədqiqat mərkəzləri işləyir. Azərbaycan kimi kiçik dövlətlərdə, xüsusən də dərman preparatlarının istehsalı ilə məşğul olmayan ölkələrdə bu tipli tədqiqatlar aparılmır. Odur ki, istehsalla məşğul olmayan ölkələr onu istehsal edən ölkələrin klinik tədqiqatlarına güvənərək dərman idxal edirlər. Həmin tədqiqatlar sertifikatlaşdırılır, Ümumdünya Səhiyyə Təşkilatına verilir. Bu sınaqların çoxu ÜST-ün himayəsi ilə aparılır. Bu, ümumbəşəridir. Deyək ki, haradasa ebola virusuna qarşı vaksin varsa, onların sınaqlarına arxalanıb başqa ölkələr də istifadə edirlər. Dərmanların bir ölkədə satışı, digərində qadağan edilməsinin hansısa standartlarla da bağlı olması mümkündür. Ola bilsin ki, bir ölkənin qanunvericiliyində icazə var, başqasında yoxdur. Məsələn, adının çəkilməsi məqsədəuyğun olmayan məşhur bir içkinin Fransada satışı qadağandır, bizdə isə yox. Bu o deməkdir ki, qanunlar ölkədən ölkəyə dəyişir. Elə preparatlar da var ki, bir ölkədə qadağan edilib, amma digər ölkələrin alimləri araşdırmalarda onun istifadəyə yararlı olduğu qənaətinə gəlirlər. Bəzi məsələlərdə birmənalı mənbə yoxdur. Bəzən də elə dərmanlar olur ki, onların istifadəsini bütün ölkələr qadağan edirlər. Farmakoloji Şura keçən il müəyyən firmaların istehsalı olan dərmanlarla bağlı qadağalar qoymuşdu".
Konkret dərmanlara gəlincə cənab Qədirli bildirdi ki, onları mütəxəssislərə yönəltməklə suallarımıza konkret aydınlıq gətirəcək. Amma Rusiya və ya Qərb mütəxəssislərinin dedikləri həqiqəti əks etdirməyə də bilər, çünki burada maraqlar konflikti də istisna olunmamalıdır. Yəni kiminsə hansısa analoq dərmanların istehsalçı şirkətə yaxınlığı və onların maraqlarından çıxış etməsi də mümkündür. Müsahibim bu barədə sadəcə eşitdiyini dedi.
Ekspertlərin fikrincə, həkim resepti olmadan heç bir dərman preparatı istehlaka buraxılmamalı, yalnız resept əsasında satılmalıdır. Bizdə isə nəinki reseptsiz dərman buraxılır, hətta az qala ərzaq məhsulu kimi reklam olunur. Əslində reklam kommersiya təyinatlıdır və dərman preparatlarının reklamı da yolverilməzdir. Müşahidəçilər hesab edirlər ki, bu zaman qanundakı boşluqlardan sui-istifadə olunur.
SN rəsmisinin sözlərinə görə, bütün dərman preparatlarının reseptlə buraxılması kimi bir məcburiyyət yoxdur, reseptsiz satılan dərmanlar da var: "Bununla yanaşı, reseptsiz buraxılan dərmanların reklamına icazə nazirlik tərəfindən verilməlidir, reseptlə buraxılan dərmanların reklamı isə ümumiyyətlə qadağandır və nazirlik buna həssas yanaşır".  

H.Həmidova                     bizimyol.info

Комментариев нет:

Отправить комментарий