Страницы

27.10.2015

Evindən külli miqdarda silah-sursat çıxan vəhhabini kim himayə edib?

Ötən il noyabrın 13-də Daxili İşlər Nazirliyi rəsmi şəkildə belə bir məlumat yaymışdı ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanılıb. Onun üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan "Valter" markalı tapança aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı isə həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb.
Qeyd edək ki, Zöhrab Şıxəliyev Sumqayıtda vəhhabilərin lideri kimi tanınır.
Z.Şıxəliyevin adı ilk dəfə Sumqayıtda vəhhabilərin cümə məscidini ələ keçirmək cəhdində hallanmışdı. Həmin vaxt bir qrup sələfi məscidə gələrək, bu məsciddə camaat namazı qılmaq istədiklərini bildirmişdi.
Ancaq həmin vaxt məsciddə rəsmi təyinatlı axundla yanaşı, ikinci bir ruhaninin camaat namazı qılmaq istəməsi yerli dindarların narazılığına səbəb olmuşdu. Bir neçə gün qarşıdurma vəziyyəti yaransa da, sonradan sələfilər geri çəkilməyə məcbur qalmışdılar.
Maraqlıdır ki, Zöhrab Şıxəliyev Suriyada döyüşməyə gedənlərin tərəfdarları olmadığını, başqa qruplaşmanın üzvü olduğunu demişdi. Üstəgəl vurğulamışdı ki, hökumət qurumları bu qruplaşmaları yaxşı tanıyır.
Qeyd edək ki, Z.Şıxəliyev Sumqayıtda Qamət Süleymanov tərəfdarlarının əsas simalarından biridir. Bəzi məlumata görə, Z.Şıxəliyevin evindəki otaqlardan birində kişilər, digərində isə qadınlar ibadətə və dərslərə yığışırmışlar.  Bundan başqa, cümə günü istisna olmaqla, hər gün bu otaqlarda dərslər təşkil edilirmiş.
ANS-in apardığı araşdırmalar nəticəsində bəlli olmuşdu ki, Z.Şıxəliyevin vəhhabilərə qoşulmasından sonra valideynləri ondan imtina edibmiş.
Saxlanılan şəxs evinin arxasında, yəni evinə birləşik olan ərazidə ibadət evi tikməyə çalışırmış. Və elə bütün hadisələr də ibadətə evinin arxasında qazılmış anbarda baş veribmiş. Həmin əraziyə keçid isə evin yan tərəfində olan kiçik qapıdan mümkün olurmuş.
Zöhrab Şıxəliyev tikilini tamamlamamqla həm də diqqəti yayındırmağa çalışırmış. Hətta Zöhrabın valideynləri belə həyətdə olan bu yarım tikilinin hansı məqsədlər üçün istifadə edildiyindən xəbərsiz olublar. Qonşular bildiriblər ki, Zöhrab dəfələrlə onlara həyətdə olan bu yarımçıq tikilidən istifadə etmədiyini deyirmiş.
Kənardan inşası dayandırılmış kimi görünən tikilinin zirzəmisi əslində tam təmir edilibmiş. Bura gedib-gələn şəxslərin kim olduğuna nəzarət etmək üçün və onların təhlükəsizliyini qorumaq üçün hətta tikiliyə müşahidə kameraları da quraşdırılıbmış.
İstifadə üçün tam yararlı vəziyyətə gətirilən zirzəmiyə dərslərin keçirilməsi üçün Azərbaycan və ərəb dilində müxtəlif kitablar gətirilib. Həm də mədrəsə kimi istifadə edilən zirzəmi bütün texniki vasitələrlə də təmin edilibmiş. Bu məkanın mədrəsə və ya ibadət evi kimi istifadə edilməsi isə qanunsuz olub. Hətta qanunsuz saxlanılan silah-sursatın müəyyən bir qismində bu mədrəsədə qorunub saxlanılıbmış. Hətta Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi öz evini mədrəsəyə və ibadət evinə çevirən Zöhrab Şıxəliyevə bunu qadağan edibmiş.
Maraqlıdır, necə oldu ki, qanunları bu qədər tapdalayan, evindən külli miqdarda silah-sursat tapılan şəxs 6 aydan sonra azadlığa buraxıldı?
Zöhrab Şıxəliyev azadlığa çıxdıqdan sonra bir bəyanat yayaraq, “Mənim radikal, terrorçu, və sairə əməllərdən uzaq olmağım dövlətimizin apardığı araşdırmadan sonra, bir daha təsdiqini tapdı. Hüquq mühafizə orqanları araşdırma apararaq ittiham aktına öz müsbət mövqelərini yazmış və Sumqayıt məhkəməsinə də bu haqda bildirdilər. Bunu nəzərə alan məhkəmə cəzamı yüngülləşdirən hal kimi nəzərə alıb, məni 6 ay müddətinə azadlıqdan məhrum etdi”,- demişdi.
Burada sual yaranır: Zöhrab Şıxəliyevə müsbət rəyi kim yazıb? Əgər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi belə bir əməliyyat keçirib, evdən külli miqdarda silah-sursat tapırsa, buna necə sonradan müsbət rəy verə bilər?
Demək burada başqa bir qüvvələrin əli var ki, bilərəkdən bu cür silahlı şəxsləri himayə edir. Son zamanlar MTN ətrafında baş verən olaylara, cinayətkar şəbəkənin Azərbaycanın təhlükəsizlik sistemini necə zədələməsinə diqqət etdikdə, Zöhrab Şıxəliyevə kimlərin müsbət rəy verdiyi aydınlaşır.

http://faktxeber.com/evindn-klli-miqdarda-silah-sursat-xan-vhhabini-kim-himay-edib---foto-vdeo_h467091.html#.Vi8kNSlufZY.facebook

Комментариев нет:

Отправить комментарий