Страницы

02.12.2015

Məmi bəyin igidliyi

Araz Gündüz

Moranlılar Cəlilabadda, Muğan bölgəsində, bir də o tay Azərbaycanın Ərdəbil bölgəsində yaşayan çoxsaylı bir oymaqdır. Dilağardılılar isə çox keçmişlərdən Qarabağ bölgəsində yaşamış, buranın köklü oymaqlarından biri olmuşlar. Çar hökuməti Azərbaycanı tutandan sonra, Qarabağ bölgəsində Dilağarda oymağı ilə başqa oymaqlar arasında çoxdan sürülüb gedən qanlı didişmələrin qarşısını ala bilmirdi. Dilağarda sayca o biri oymaqlardan az olduğuna görə, bu işi yoluna qoymaq üçün, onları bütünlüklə Qarabağdan köçürüb, Azərbaycanın İranda qalan bölümündə, Moranlıların torpağında yerləşdirmişdilər. Çar hökuməti Moran bəyi ilə bağlaşaraq, ondan pul ilə, Dilağarda oymağını yerləşdirmək üçün yüzilliyinə torpaq almışdı. Moran torpaqlarına köçən Dilağardılar burada kəndlər saldılar, əkin-biçinlə keçinməyə başladılar. Yüzillik bağlaşma sona çatandan sonra Moran bəyi Əmin bəy Dilağardalılara tutduqları torpaqları boşaldıb getməli olduqlarını bildirdi. Dilağardalılar isə bəyə belə deilər: “Biz uzun illər boyunca burada yerləşib ev tikmişik, dolanışığımızı qurmuşuq, burada yaşamağa alışmışıq. Gəlin bağlaşmanın vaxtını uzadaq, sizə çatası pulu ödəyək, ancaq bizi buradan çıxarmayın, yoxsa üstündən neçə illər keçib, biz indi haraya gedəcəyimizi belə bilmirik”. Moran bəyləri onların sözünü yerə salıb, buradan köçməli olduqlarını dedilər, Dilağardalılar isə çıxılmaz durumda qalmışdılar, hara köçəcəklərini bilmədiklərindən çıxıb gedə də bilmirdilər. Bir yandan da çar hökuməti yıxıldığından, o çağlarda Azərbaycanda dayanıqlı bir hakimiyyət  olmadığından, bu işi yoluna qoymaq üçün kimə üz tutmalı olduqlarını da bilmirdilər. Yazın orta ayında, ot çalımı başlayanda, Moran bəyləri Dilağardalıların otlaqlarını çaldırmağa başladılar. Dilağarda bəyi Qəhrəman bəy öz oymağının ağsaqqallarını da götürüb, Moran bəylərinin qulluğuna gəldi, onların ot yerlərini çalmamaq, dilağardalıları yerlərindən çıxarmamaq üçün onlara bir də ağız açdılar. Ancaq Moran bəyi Əmin bəy, elə Moranın ağsaqqalları da, onlara tezliklə köçüb getməli olduqlarını deyib dirəndilər. Bu işin dinc yolla baş tutmadığını görən dilağardalılar moranlılarla qovğaya başladılar. Tutaqlaşmalarda neçə başlar yarılıb, qol-qıçlar sındı, sonra tüfəngə əl atdılar, hər iki tərəfdən ölənlər də oldu. İş böyüyüb qanlıçılıq savaşına çevrildi, dilağardalıların tüfəngləri çox olduğundan savaşın sonunda onlar moranlılara üstün gəldilər, öz yerlərindən tərpənməyib, əkin-biçinlərini də əllərində saxlaya bildilər. Bu qanlı savaşların qızğın çağında şah hökumətinin Ərdəbildə yerləşən hakimi Dilağarda bəyi Qəhrəman bəylə, Moran bəyi Məmi bəyi tutdurub damlatdırdı, oymaqlar arasındakı davanı toxtadmaqdan ötəri onların ikisinə də dar ağacından asılmaqla ölüm kəsdi. Nəyə görəsə qazamatda Qəhrəman bəylə Məmi bəyi bir otağa salmışdılar. Aralarında qanlıçılıq olan bu iki bəy Ərdəbil qazamatında üç ay bir otaqda qalsalar da, biri-birinin üzünə baxmaz, biri-birini dindirməzdilər.
Dilağardalı Qəhrəman bəyin oymağından başıtərpənən Kərbəlayı Böyükağa bəy qabağa düşüb, bütün oymağın adamlarının pul-para yardımları ilə, ha çalışmışdısa da Qəhrəman bəyin üstündən ölüm işini götüzdürə bilməmişdi. Ona görə də, dilağardalılar oturub Qəhrəman bəyin ölümünü gözləməkdə idilər.
Bu iki bəyin dar ağacından asılmasına az qalmış Moran bəyi Əmin bəy qardaşı oğlunu qurtarmaq üçün bir də özünü sınamağı kəsdirdi. Burası da vardı, Əmin bəy hökumət yanında sayılıb-seçilən bir kimsə idi. Əmin bəy Ərdəbilə gəlib buranın fərmandarına yol tapa bildi, ona çoxlu pul verərək, qardaşı oğlu Məmi bəyin üstündən ölüm cəzasını götüzdürüb onun azad olunması üçün icazə də ala bildi. Fərmandardan aldığı bağışlanma buyuruğunu götürüb, qardaşı oğlunu buraxdırmaq üçün qazamatbaşının yanına gələn Əmin bəy əlindəki kağızı ona göstərib, qardaşı oğlunu götürmək üçün gəldiyini dedi. Qazamatbaşı onunla birgə Məmi bəyin dustaq olduğu otağı açıb ona dedi: “Məmi bəy, səni fərmandar bağışladı, burada nəyin varsa yığışıdır, çıx bayıra, səni evə buraxıram”. Məmi bəyin cavabı qazamatbaşını da, əmisi Əmin bəyi də çaşdırdı: “Mən burada tək deyiləm, yoldaşnanam, mən yoldaşımı dar ayaqda qoyub qaçan adamlardan deyiləm”. Əmin bəyə elə gəldi, Məmi bəy qazamatbaşının dediyini düzgün başa düşməyib, ona görə də özü danışmağa başladı: “Qardaşoğlu, sənin başqası ilə nə işin vardır? Mən fərmandardan sənin bağışlanma kağızını almışam, buradakı ayın-oyununu götür, çıxıb evimizə gedək”. Məmi bəy cavabında dedi: “Əmi, mən yoldaşımı darda qoyub getməyi öz kişiliyimə sığışdırmıram, sən ya onu da ölümdən qurtarmalısan, ya da mən onunla bir yerdə öləcəyəm. Onu buraxdırmağı bacarmasan, mənimlə də işin olmasın”. Əmin bəy qardaşı oğlunun tərslik elədiyini görüb, qazamatbaşına dedi: “Gedim yenə də fərmandara ağız açım, görək nə olur, ola bilsin Qəhrəman bəyi də buraxdıra bildim”. Ertəsi günü, səhər çağı Əmin bəy fərmandarın qulluğuna gəlib baş verənləri ona danışdı, sonra da Qəhrəman bəyin də bağışlanması üçün ona dil tökdü. Fərmandar ona dedi: “Bəy, o Qəhrəman bəyin suçu böyük olduğundan mən onu bağışlaya bilmərəm, qaldı sənin qardaşın oğluna, onu mən qazamatdan güclə çıxartdırıb sənə qoşaram, çıxıb gedərsiniz”. Sonra fərmandar qazamatbaşını çağırıb, Əmin bəyin qardaşı oğlu özü çıxmaq istəməsə, onu güclə qazamatdan bayıra çıxarmağı tapşırdı. Əmin bəylə qazamatbaşı yenidən qazamata gəldilər, Əmin bəy qardaşı oğluna üz tutub dedi: “Qardaşoğlu, fərmandara nə qədər yalvar-yapış elədimsə, dedi, Qəhrəman bəyin bağışlanması üçün yol yoxdur, sən gəl ayın-oyununu yığışdır, çıxaq gedək, haçağdandır qohum-qardaş bizim qayıtmağımızı gözləyir, onları gözü yolda qoymayaq”. Məmi bəy bunun cavabında dedi: “Əmi, mənim qohum-qardaşım kimi bunun da doğmaları yolunu gözləmirmi? Sən elə bilirəm, pula qızırğandığına görə, fərmandar Qəhrəman bəyi buraxmayıbdır”. Əmin bəy bir az susandan sonra dedi: “Qardaşoğlu, nə pulumuz vardısa, sənin yolunda qoymuşuq, əlimizdə bir qara qəpik də pul qalmayıbdır”. Burada Qəhrəman bəy, Məmi bəyi cavab verməyə qoymayıb dilləndi: “Mənim ölümdən qurtulmağımla keç kimin işi olmasın, məni uzağı bir-iki günə dar ağacından asacaqlar, qurtarıb gedəcək, siz öz işinizdə olun”. Qəhrəman bəyin belə deməsi Məmi bəyi bərk acıqlandırdı, üzünü yana tutub, Qəhrəman bəyə eşitdirərək, uca səslə dedi: “Mən bilmirəm, burada bəzi özgə adamlar niyə mənimlə əmimin işinə qarışırlar, biz özümüz bilərik nəyi necə eləyirik!” Sonra əmisinə üz tutub dedi: “Əmi, biz əlsiz-ayaqsız adamlar deyilik, mən bilirəm, sənin bu Ərdəbil şəhərində çoxlu varlı-pullu dostların vardır, sən get onlardan borc elə mənim bu yoldaşımı da buradan qurtar, yoxsa onu buraxmasalar mən də buradan çıxmayıb, onunla birlikdə ölümə gedəcəyəm”. Yenə də Qəhrəman bəy dilləndi: “Mənim doğmalarım ha çalışdılar məni buradan pul-para verməklə qurtara bilmədilər, mənim ömrümdən lap az qalır, mən istəmirəm kimsə mənə görə özünü oda-közə vursun, ölümə atsın”. Məmi bəy yenə də acıqla çımxırdı: “Mən bilmirəm, hər yetən nə üçün bizim işimizə qarışır?!” Sonra əmisi ilə qazamatbaşına üz tutub dedi: “Özünüzü burada boş yerə yormayın, otaq yoldaşım buradan qurtulmasa, mən də ondan ayrılmayacağam, gedə bilərsiniz”. Qazamatbaşı Məmi bəyə dedi: “Bəy, səni fərmandar öz buyuruğu ilə bağışlayıbdır, gərək çıxıb gedəsən, sənin burada qalmağın mənim qanunu pozmağım deməkdir, ona görə də gəl dinməz-söyləməz çıx bayıra, get öz ev-eşiyinə!” Məmi bəy ona belə cavab verdi: “Sən mənim buradakı yoldaşımı da buraxmasan, mən buradan çıxan deyiləm!” Qazamatbaşı Məmi bəyin bu sözündən bərk acıqlanıb, köməkçilərinə onu güclə bayıra çıxarmağı buyurdu. İki nəfər köməkçi ha çalışdılar, Məmi bəyə güc gəlib onu bayıra çıxara bilmədilər, onda qazamatbaşı da onlara yardım eləməyə başladı, Məmi bəy onların güc gəldiyini görüncə bərk-bərk Qəhrəman bəyə sarılıb onu da özü ilə bayıra çıxarmağa çalışdı. Siz indi də yaşlı adamlardan soruşsanız, Qəhrəman bəyin necə bir güclü adam olduğunu sizə danışarlar. Beləliklə də, Məmi bəy Qəhrəman bəydən yapışsa da, üç nəfər köməkləşib nə onu Qəhrəman bəydən ayıra bildilər, nə də Qəhrəman bəyi yerindən tərpədə bildilər. Qazamatbaşı işi belə görüb Məmi bəyi döydürməyə başlayanda, Qəhrəman bəyin ürəyi dözmədi, onu vuran adamların üçünü də süpürləyib, otaqdan bayıra tulladı, sonra qapını örtüb, arxadan kilidlədi. Qazamatbaşı istədi köməyə adam çağırıb, qapını sındıraraq, Məmi bəyi şölə çıxarsın, ancaq Əmin bəy qoymadı, dedi mənə iki gün də vaxt ver, görüm fərmandarla danışıb bu işi yoluna qoya bilirəmmi? Əmin bəy Ərdəbildəki dostlarının yanına gedib onlardan çoxlu borc pul aldı, ertəsi günü fərmandarın yanına gəlib dedi: “Fərmandar ağa, sənin yanına çoxlu pul ilə gəlmişəm, necə olursa olsun, gərək o Qəhrəman bəyi də buraxasan getsin evinə, yoxsa mən qardaşım oğlu ilə bacarmıram”. Fərmandar bəyin çoxlu pul ilə gəldiyini eşidəndə ürəyində bərk sevinsə də, özünü o yerə qoymayıb dedi: “A bəy, mən onu dustaqdan açıb buraxsam, məndən yuxarıdakılara nə cavab verərəm, bu işin üstü açılsa mənə ağır cəza verərlər”. Əmin bəy ona dedi: “Ağa, sən yaxşı bilirsən, mən şahın yanında sayılıb seçilən, tanınan bir adamam, bu işə görə sənə bir söz gəlsə, mən özüm Tehrana gedib bu işi yoluna qoyaram”. Fərmandar bəyin bu sözündən sonra Qəhrəman bəyin bağışlanması üçün buyuruq yazıb Əmin bəyə verdi, Əmin bəy də gətirdiyi çoxlu pulu ona verib qazamata sarı yollandı. Qazamatbaşına fərmandarın  yazdığı buyuruğu göstərəndən sonra onunla birlikdə Qəhrəman bəylə Məmi bəyin olduğu otağın qapısına gəldilər. Qazamatbaşı otağın qapısını çöldən açarla açdı, ha itələdi qapı açılmadı, qapı içəridən kilidli idi. Onda o bəyləri səsləyib, onların ikisini də buraxmaq istədiyini deyərək, qapını açmalarını buyurdu. Məmi bəy qayıdıb deyəsi, sən bizi aldatmaq istəyirsən, qapını açan deyilik. Onda Əmin bəy işə qarışıb dedi: “Qardaşoğlu, o yalan demir, fərmandardan Qəhrəman bəyin də bağışlanmaq kağızını almışam, qapını açın, ikiniz də çıxın çölə”. Qapı açılandan sonra Qəhrəman bəy özünün bağışlanmasına inanmadığı üçün yerindən tərpənmədi, ona görə Məmi bəy də çölə çıxmaq istəmədi, onda Əmin bəy qazamatbaşına dedi: “Sən özün bu Qəhrəman bəyi başa sal, qoy bağışlandığına inansın, çıxıb evimizə gedək”. Qazamatbaşı acıqla qışqırıb Qəhrəman bəyə dedi: “A kişi, sənə deyirlər bağışlanmısan, nə quruyub qalmısan yerində, içəridə nə ayın-oyunun var götür çıx bayıra, açıl mənim başımdan”. Bundan sonra Məmi bəylə Qəhrəman bəy birlikdə bayıra çıxdılar. Ayrılanda Əmin bəy Qazamat baxıcısına da bir az pul verdi, sonra yola düşüb getməyə başladı. Məmi bəy əmisindən evə nə ilə gedəcəklərini soruşanda Əmin bəy dedi: “Mən iki at gətirmişəm, birini mən, o birini də sən minib gedəcəyik”. Məmi bəy dedi: “Əmi, Qəhrəman bəyi burada qoyub getmək düzgün olmaz, onun üçün də bir at tapmaq gərəkdir”. Qəhrəman bəy dilləndi: “Məndən yana darıxmayın, mən özüm bilirəm buradan necə gedəcəyəm”. Məmi bəy yenə də acıqlandı: “Mən bilmirəm başqaları bizim işimizə niyə qarışır axı?” Əmin bəy şəhərdə kirayəsinə at verilən yer tapıb, bir yaxşı qaçaraq at kirayə götürdü, üçü də atlanıb yola düşdülər. Yollarının üstündə olan Germi şəhərinə çatanda, yemək üçün dayandılar. Yeməkxanada bir süfrə arxasında oturub yeməyə başladılar, ancaq yenə də nə bir-birilərinin üzünə baxır, nə də birbirini dindirirdilər. Gözlənilmədən bura yemək üçün gələn Pərməyirli Qələmmirzə bəy onların bir yerdə oturub yemək yediklərini görəndə çaşıb qaldı. Qələmmirzə bəy Qəhrəman bəylə Məmi bəyə ölüm kəsildiyini bilirdi, indi birdən necə olmuşdusa onlar ikisi də buraxılmışdılar, özü də aralarında qanlıbıçaqçılıq ola-ola bir süfrə başında oturub yemək yeyirdilər. Qələmmirzə bəy özünü itirmişdi, onun bildiyinə görə, bu gün bu bəylərin ikisi də asılmalı idilər, onda necə olmuşdu onlar belə bura gəlib çıxmışdılar, sonra da bir-birindən neçə-neçə adamlar öldürən bu qanlıbıçaq adamlar necə olmuşdu birdən-birə belə barışmışdılar? Qələmmirzə bəyi görən Əmin bəy onu yemək süfrəsinə çağırdı. Qələmmirzə bəy oturandan sonra dedi: “Sizinlə çörək yeməyə sözüm yoxdur, ancaq qabaqca mən sizdən bir-iki söz soruşmaq istəyirəm. Mənim bildiyimə görə Qəhrəman bəylə Məmi bəy bu gün Ərdəbildə dar ağacından asılmalı idilər. İndi necə olub onlar ikisi də ölümdən qurtula biliblər? İkincisi, sizin aranızda qanlıçılıq ola-ola necə olur bir süfrə başında oturub yemək yeyirsiniz?” Süfrə başında oturanlardan səs çıxmadı, Qələmmirzə bəy bir də soruşdu, yenə də səs çıxmadı, özünü toplayıb üçüncü dəfə soruşanda Əmin bəy dilləndi: “Bəy, bildiyiniz kimi bizimlə bu Qəhrəman bəy arasında qanlıçılıq vardır, birbirimizdən neçə adamlar öldürmüşük. İş belə gətirmişdi, Qəhrəman bəylə qardaşım oğlu Məmi bəy Ərdəbil qazamatında üç ay bir otaqda qalmış, ancaq yenə də küsü saxlamışdılar, biz elə indi də Qəhrəman bəylə küslüyük, ona görə də, sənin sorğuna cavab vermirik”. Sonra Əmin bəy Qəhrəman bəylə Məmi bəyin ölüm işindən necə qurtulduqlarını başdan ayağa kimi danışdı. Qələmmirzə bəy əlini uzadaraq Qəhrəman bəyin əlindən tutub onun əlini Əmin bəylə görüşdürdü, sonra Məmi bəyin əli ilə Qəhrəman bəyin də əlini birləşdirib dedi: “Bəylər, bu gündən mən sizi barışdırdım, ancaq bu azdır, mənə elə gəlir, çox yaxşı olar, siz biri-birinizə qız verib, qız alıb yaxın qohum olasanız, mən bilən Qəhrəman bəy qardaşı qızı Süfeyrəni Məmi bəyin oğlu İbrahimxan bəyə, Məmi bəy isə qızı Pərini Qəhrəman bəyin qardaşı oğlu Əjdər bəyə ərə versə, siz bu qanlıçılığı unudub, bundan sonra barış içində yaşaya bilərsiniz”. Qələmmirzə bəy sözünü qurtaran kimi Əmin bəy: “Allah mübarək eləsin!” deyib, bu işə qol qoyduğunu bildirdi. Bu andan başlayaraq bəylər öz aralarında barışdılar, biri-biriylə şirin-şirin danışmağa başladılar. Yeməklərini yeyib qurtarandan sonra bəylər atlandılar, Qələmmirzə bəy öz kəndinə yola düşdü, Əmin bəygil də yaşadıqları Kürdlər kəndinə gedən kəsə yolu tutub getməyə başladılar, bu kəsə yol Qəhrəman bəyin kəndinin yanından keçdiyindən, ora çatanda Qəhrəman bəy yol yoldaşlarını şam yeməyinə çağırdı. Əmin bəy ona dil-ağız eləyib dedi: “Bəy, bizdən inciməyəsən, mən evdən çıxanda iki gün bundan qabağa kimi qayıdacağımı demişdim, elə bilirəm, indi evdə mənim gecikməyimə görə bərk qanqaraçılıqdır, ona görə də, özümüzü evə nə qədər tez çatdıra bilsək yaxşı olar”.
Qəhrəman bəy yoldaşları ilə sağollaşıb, öz yaşadığı kəndə döndü. O evə çatanda qaranlıq çökmüşdü, qapılarına yetişəndə evlərindən bərk ağlaşma səsi gəldiyini eşitdi. Qəhrəman bəy gələndə itlər bərk hürüşməyə başladılar, əmisi Kərbalayı Böyükağa bəy qulluqçulardan birinə buyurdu, çıxıb görsün nə olubdur, qulluqçu eyvandan baxıb qapıya bir atlının gəldiyini dedi, düşündülər, bu kimdirsə Qəhrəman bəyin ölümünü eşidib yasa gələnlərdəndir. Kərbəlayi Böyükağa bəy buyurdu, gələni qarşılayıb evə gətirsinlər, atını da yerbəyer eləsinlər. Qulluqçu gəlib Qəhrəman bəyin atın tutanda o soruşdu, burada nə baş veribdir, bu nə ağlaşmadır belə? Qulluqçu həm qaranlıqda Qəhrəman bəyi tanımamışdı, həm də qarğaşadan başını itirmişdi deyə belə cavab verdi: “Germidən soraq gəlib, Qəhrəman bəyi bu gün Ərdəbildə dar ağacından asıblar, indi qohum-qardaş buraya onun evinə yas tutmağa yığışıblar”. Qəhrəman bəy qulaq verib bacılarının, uzaq-yaxın qohumlarının ağı deyib ağladıqlarını eşitdi, dözməyib qaçaraq özünü evə saldı. Qəhrəman bəyi sağ görən qohumlar bu dəfə sevincdən bir az da bərkdən ağlamağa başladılar. Gecəynən neçə qurbanlar kəsdilər. Kərbəlayı Böyükağa bəy soruşdu: “Qardaşoğlu, biz səni ölümdən qurtarmaq üçün çoxlu pul-para toplayıb, ha çalışdıqsa əlimiz boşda qaldı, danış görək necə oldu sən dar ağacından qurtula bildin?” Qəhrəman bəy baş verənləri siz oxucuların yuxarıda öyrəndiyi kimi, necə varsa eləcə də danışdı. O, başına gələnləri danışıb qurtarandan sonra ora toplaşanların çoxu uca səslə Əmin bəylə Məmi bəyə sağ ol dedilər, onların bu kişiliklərini yüksək dəyərləndirdilər. Sonra Qəhrəman bəy söz alıb danışmağa başladı: “Bura yığılanlar hamısı mənim qandaşlarım, ən yaxın adamlarımdır. Dediyim kimi, Qələmmirzə bəy Germidə məni Əmin bəylə, Məmi bəylə barışdırdı, bizi qız alıb verməklə bu barışığı bir az da bərkitməyə çağırdı, indi söz sizindir, məncə bütün bu baş verənlərdən sonra biz Dilağardalılar Moranlılarla qanlıçılığı yerə qoyub barış içində yaşamalıyıq”. Qəhrəman bəy sözünü danışıb qurtarandan sonra ora yığışanlar hamısı bir ağızdan, Moranla barışığa getməyin düzgün yol olduğunu deyib, yeni yaranacaq qohumçuluğa da “Allah mübarək eləsin” dedilər.
Bir neçə gündən sonra Kərbəlayi Böyükağa bəyin başçılığı ilə Dilağardanın görkəmli kimsələri bollu sovqatlar ilə Morana getdilər, Məmi bəyin qızına elçilik eləyib onu Əjdər bəyə adaxladılar. Üstündən on gün keçməmiş Moran bəyləri yığışıb Dilağardaya, Qəhrəman bəyin qardaşı qızı Süfeyrə xanıma elçi gəldilər, onu Məmi bəyin oğlu İbrahimxan bəyə adaxladılar.

“Ləzranlı Mirzəqulu. Olanlardan keçənlərdən” (sənədli povest)

Комментариев нет:

Отправить комментарий