Страницы

18.12.2015

Baba Pünhan - Ey dost!

Bu qədər yalan içində yaşamaq nahaqdır, ey dost!
Nə bilir axı yalançı, nə nahaq, nə haqdır, ey dost!

Atalar yalan deyəndə balalar gözün yumursa,
Atanın əməllərindən utanan uşaqdır, ey dost!

Yalanın da həddi vardır, talanın da həddi vardır,
Sümüyə çatıb dayanmış, iti bir bıçaqdır, ey dost!

Biz elə əzəl günündən başı daşlı millət ikən, 
Çəkibən izafi xərclər bu nə daşqalaqdır, ey dost!

Qucağı uşaqlılarçün qapılar kilidli-bağlı,
Uşağı calaqlılarçün açılan qucaqdır, ey dost!

Bəşərin kələklərindən usanıb bezəndə göylər,
Fələyin küləklərindən dağılan tifaqdır, ey dost!

Səni mən Koroğlu bildim, demə tülkü Həmzəsənmiş,
Əlilin sənədləri ilə bu nə təmtəraqdır, ey dost!

Sözümün həqiqətindən özünü itirdiyiçün,
Üzümə baxıb gülənlər, özümə uzaqdır, ey dost!

Baba Pünhanın nədəndir görəsən soruşdu ellər, 
Qaragün elin yanında üzü böylə ağdır, ey dost?!

Комментариев нет:

Отправить комментарий