Страницы

18.12.2015

O qız niyə tapılmadı?

Mətləb Ağa

Bilmirəm, bu təsadüfdür, ya qanunauyğunluq, haqqında əvvəllər  yazdığım “Gün keçdi” kinofilminin də (daha doğrusu, “Gürcü  familiyası” haqqında yazmışdım, ancaq yazının əvvəlində Anarın  bu məşhur hekayəsilə eyni məzmunlu kinofilmi də xatırlamışdım) ilkin kadrlarında aramsız yağış yağır və bu fonda tələsən, yüyürən insanların  görkəmləri, davranışları  tamaşaçıya, hərəyə özünün başa düşəcəyi dildə nəsə, nələrsə deyir, yaxud demək istəyir.
Elə filmdə köhnə  sovet Bakısının ağ-qara mənzərələrini ötəri də olsa seyr etmək, adamın içini tərpədən o nostalgiya havası nəyə desən deyər. Burda quruluşçu operator Arif Nərimanbəyova da Allahdan bir rəhmət diləyək.
Elə bil, ürəyimə dammışdı yaxınlarda bu filmə baxacağım və yazmalı olacağım, çünki, həmyaşıdım bir nəfərlə bu günlərdəki söhbətimdə  demişdim ki, adam nə vaxtsa getdiyi, olduğu yerlərdə bir də təkrar ola bilər, oralara bir də gedə bilər, ən azından o yerlərə bir də getməyə ümid edə bilər, ancaq artıq keçmişdə qalmış günlərə, saatlara, dəqiqələrə bir də qayıda bilməz və adamı ən çox incidən də elə budur yəqin, yaşadıqlarının geriyə dönməyən xarekter daşıması, zamanın ötüb geçənləri bir də geri qaytarmaq qabiliyyətindən məhrum olması və hər şeyin əlimizdən bir daha heç vaxt qayıtmayacaq şəkildə günbəgün yoxa çıxması, qeyb olmasıdır. 
Əminənin (Sevil Qasımova) ölüm ayağında, qızın bir-neçə dəqiqə sonra öləcəyini bilməyən Ziyanın (Ramiz Məlikov) ona “bilirdim ki, gələcəksən” deməsi də əslində elə buna görə mənim üçün mənasızdı; bütün gedənlər onsuz da bir gün qayıdır, ancaq baxır necə qayıdır, hansı formada və nə zaman qayıdır, onların qayıtmağı kimə lazım olur (olurmu?), bu qayıdış nəyi dəyişir və ya dəyişə bilir (bilirmi)?
Quruluşçu  rejissorunun və  ssenari müəllifinin də özü olduğu Həsən Seyidbəylinin bu filmi sovet milisinin 50 illiyinə həsr olunub. Hər halda, filmin girişində tamaşaçıya verilən ilk xəbər belədir.
Bu da bir həqiqətdir ki, filmdə sovet milisindən, kommunizm ideologiyasına xidmətdən daha çox insan xarakterləri və bu xarakterlərin, bir az da həyatın gedər-gəlməz, yıxılar-qalxmaz tərəflərinin, yönlərinin  formalaşdırdığı, çapıb-yonduğu insan taleləri var.
Ancaq, mən o fikrin tərəfdarıyam ki, xarakter xarakterdir.Yəni, Əminə elə Əminədir, əmisi Emin də elə şərəfsiz Emindir.
“Əhməd haradadır” kinofilmindən yaddaşımıza ömürlük həkk olunmuş Səyavuş Şəfiyev “O qızı tapın”da epizodik (Firudin Kazımlı) roldadır. Hadisələr Kazımlının avtomobil qəzasında ölümüylə cərəyan eləməyə başlayır və inkişaf edir. Əslində dövlət sexi olub şəhərdə yerləşən, ancaq dələduzların öz mənafeləri üçün işlətdiyi  sexdəki malları Mahaçqalaya aparan, ələ keçməsinə bir neçə saat qalmış öz cinayət yoldaşları tərəfindən quraşdırma avtomobil qəzasında öldürülən Kazımlı obrazını canlandıran Şəfiyev filmin əvvəlində epizodik  olaraq ortaya çıxır və bir-neçə dəqiqədən sonra birdəfəlik yox olur.
 ”Əhməd haradadır” dakı şofer Əhmədi  də (Elxan Qasımov) cinayətkar dəstənin üzvlərindən biri kimi burda epizodik görürük.
“O qızı tapın” Azərbaycan incəsənətinin (kinosunun)  korifeylərinin gözlərimiz önündəki növbəti paradıdır: Şəmsi Bədəlbəyli, Nəsibə Zeynalova, Hacımurad Yegizarov, Hamlet Xanızadə, Səfurə İbrahimova və s.
Hə, bir də  çox böyük simpatiya bəslədiyim Tofiq Mirzəyev.Amma mənə elə gəlir ki, filmdə Rüstəm rolunun  mahir  ifaçısı Tofiq Mirzəyev həyatda öz əsl qiymətini bu günəcən almayıb və bundan sonra nə vaxtsa alacağına da inanmıram. Çünki, kişinin artıq 83 yaşı var.Təsəlli yenə də ona qalıb ki, inanaq və deyək, tamaşaçı sevgisi hər şeydən yüksəkdə durur və əbədidir. Nəsə. Hazırda İsraildə yaşayan Tofiq müəllimə Allah can sağlığı versin.
Əminəni bir tərəfdə milislər axtarır, çünki törədilmiş cinayətin, Kazımlının ölümünün ətrafındakı sirr qızın tapılmasıyla  çözülməlidir, digər tərəfdən cinayətkar dəstənin üzvləri də qızın sorağındadır, işi daha da dolaşdırmaq, üzərlərindəki pərdəni daha da möhkəm qapatmaqdan ötrü Əminə onlara da lazımdır.
Qonşuları demiş, “elə xoşxasiyyət, elə mehriban, tərbiyəli, intizamlı bir qızın” (Əminənin) cinayət yoluna düşməsinin səbəbi nədir?
Doğrudan da, hətta sevdiyi oğlandan (Ziyadan) da utanan, dəniz kənarında paltarını geyinərkən ondan üzünü kənara çevirməsini istəyən Əminə necə olub ki, cinayətkarlara qoşulub, əmisi Eminin oyuncağına çevrilib?
Milis işçilərinin nəzərində özünün həddindən artıq ləkəsiz təqdimatına cəhd edən, bu zaman öz maskasını düşürməməyə çalışdığından  qızın (Əminənin) əziz əmisi olduğunu və məhz bu cür görünməyinin bir əmi üçün daha əlverişli olacağını unudan  Emin Mansuroviç Şirinov (Ağahüseyn Kərimov) üzdə guya ölmüş qardaşının yadigarının dərdini çəkir, əslindəsə, Əminənin cinayətlərinin də məsuliyyəti məhz bu alçağın boynundadır.Mən bilmirəm, Seyidbəyli finalda Əminəni əmisinin əliylə bilməyərəkdən güllələyəndə nə fikirləşib, ancaq hər halda, belə düşünürəm ki, Həsən müəllim bununla demək istəyib ki, Əminənin bir insan kimi həyatını onsuz da məhv etmiş Şirinov, artıq bundan sonra həbslərdə çürüyəcək, gəncliyini həbsxanalarda keçirəcək Əminəyə layiq olmayan onun indiki həyatını da özü nöqtələməlidir ki, tamaşaçı bu məşhur dərziyə daha çox nifrət eləsin və Əminəyə daha da çox acısın.Yoxsa, kim olduğunu bilmədən, Eminin tapançadaki güllələrin hamısını bağlı qapı arxasındakı Əminəyə boşaltmasının başqa nə adı ola bilər ki?
Bəs nə üçün Eminin gülləsiylə də olsa, ya da lap baş¬qa bir səbəbdən də baş versə, Seyidbəyli Əminəyə, bir çox mənalarda  bu yazıq qıza acımır, onu aman¬sız-ca¬sına məhv edir? 
Bu haqda fikrimi yazının finalında yazacam.  
Filmdə  əfsanəvi “Qaya” qrupunun  ifasında “Ey həyat, sən nə qəribəsən”, ölməz Oqtay Ağayevin ifasında “Kimsən sən” mahnılarını da eşidirik.Yeri gəlmişkən, “Kimsən sən”in gözəl xanım müğənnimiz  Gülüstan Əliyevanın ifasındakı səslənməsini də bəyənirəm. Elə indiyə kimi bu mahnıya ancaq bu iki müğənninin ifasında qulaq asmışam.
”Ey həyat, sən nə qəribəsən” ifa olunanda sahildə oturmuş və cinayətin üstünü açmağa çalışan Rüstəmlə, yaxınlıqda dostlarıyla birlikdə dincələn Xalidənin (Səfurə İbrahimova) baxışları tez-tez toqquşur və deyəsən yeni bir eşq başlayır. (Burda epizodik rolda, Xalidənin memar rəfiqələrindən biri kimi, Ofeliya Sənaniylə də qarşılaşırıq). Lakin ümidlənən və Rüstəmi sərgiyə dəvət edən Xalidə  Rüstəmin qəflətən yoxa çıxmasını görür: Kişinin oğlu qızın sevgi ümidlərini qəfil qırıb cinayətkarların arxasınca götürülür. 
Bundan əvvəl də, gecə onu soymağa çalışan yaramazlardan qaçan və təsadüfən küçədə gördüyü Rüstəmi köməyə çağıran Xalidə Əşrəfzadə yenə də elə fikirləşir ki, Rüstəmin ondan xoşu gəlir və oğlanın məhəllələrinə qədər onunla gəlməsi də məhz bu xoşagəlmə duyğularından  qaynaqlanır,  təbii, bu zaman bilmir ki, qarşısındakı  Rüstəm milis zabitidir və qızla bu yürüyüşünün səbəbi də Xalidənin həmin gecə Kazım-lının avtomobilində ona ölümqabağı yoldaşlıq etmiş eynəkli qız olub-olmamasını öyrənməkdir, axı Xalidənin də gözündə Rüstəmin ondan şübhələnməsinə əsas verən eynək  var. 
Daha sonra, kadrlarda köhnə Azneft meydanı görünür və bu zaman, səsi olmasa da adamın nostalgiyadan heç olmasa mızıldanmağı gəlir: “Ey həyat, sən nə qəribəsən”.
Arada bu dramatik filmə özünəməxsus yumor abhavası qatan Meyransa (Nəsibə Zeynalova) milis idarəsinə təşrif gətirir və podpolkovnik Zeynalova (Şəmsi Bədəlbəyli) təzəlikcə lotereyada “Moskviç” udub hər gün avtomobili par-par parıldatmağı özünün şərəf borcu sayan kürəkəni Hacıbaladan (Muxtar Maniyev) şikayət edir. Zeynalovun “Arvadını döyüb?” sualına Meyransa “Ağzı nədir” cavabını verir və nitqini tamamlayır: “Gözü qızıb”. Ardınca da aşağıdakı bayatını söyləyib artıq qanı qaralmış tamaşaçıların üzünü güldürməyə nail olur:

”Əziziyəm, qız qıza, 
oğlan qıza, qız qıza, 
oğlan qızsa, tez sönər, 
vay o gündən qız qıza...”

Zeynalovun “Nə qız?” sualına cavab olaraq: “ Bil-mirəm, bilsəydim, özüm  aşının suyunu verərdim də” deyir və gəldiyi kimi də hay-küylə nəticəsiz -filansız çıxıb gedir.
Artıq yazının finalındayam.Həsən Seyidbəylinin Əminəni öldürməsinin səbəbi nəydi? Əminə sağ-salamat qalsa, Seyidbəyli üçün növbəti problemlər, başağrıdıcı suallar yaradar və filmin sonluğu tamaşaçıya inandırıcı görünməzdi. Həm də Əminənin həbsə düşməsi onu tamaşaçı üçün adiləşdirər, bir də ki, sadəlövh diş həkimi Ziya cinayətlərini bildikdən sonra Əminəni yenə də sevib onunla evlənəcəkmi? Əminə cinayət törədib? Törədib. Ölür və cəzasını artıqlamasıyla alır. Düzdür, cəza heç də cinayətə adekvat olmur, ancaq ən əlverişlisi və uyğun olanı elə budur. Əminə ölməli və ölümüylə yeni sualların qarşısını almalıdır. Əlbəttə, Seyidbəyli filmi yalnız intellektual tamaşaçı üçün çəksəydi, yəqin filmin yekunu fərqli olardı. Ancaq, Sovet milisinin 50 illiyinə ithaf olunmuş və hardasa ideologiyanın təbliğinə istiqamətlənmiş filmdə Həsən Seyidbəylidən çox şey tələb etmək və gözləmək  absurddur.Odur ki, Həsən müəllimin Əminənin taleyinə yanaşma tövrü, Makedoniyalı İsgəndərin Qordi düyünüylə (Kiçik Asiyadakı  Qordi şəhərinin qalıqları hazırki Türkiyənin paytaxtı Ankaranın 94 km uzaqlığinda yerləşir. Əfsanəyə görə, Qordi düyünü bu şəhərdə döyüş arabalarından birinə vurulmuşdu və inanırdılar ki, bu düyünü açan kəs Asiyanın hökmdarına çevriləcək. Həmin düyünü Makedoniyalı İsgəndər də aça bilmir və düyünü qılıncla doğrayır) rəftarıyla eynidir, Seyidbəylinin qılıncı enir, Əminə ölür, nöqtə qoyulur, suallar kəsilir, Əminə xatirəmizdə  yaxşı  qız olaraq qalır və yaşayır, onun cinayətkar keçmişinisə ürəkdən bağışlayıb unuduruq. 
Seyidbəylinin daha əvvəl qoyduğu suallarasa filmə  ba¬xıb qurtarmış hər bir kəsin onsuz da öz cavabları var.
...Amma, mənim üçün bu dünyada Ziyanın Əminəyə “bilirdim ki, gələcəksən” deməsi qədər mənasız heç bir şey yoxdur... 

Комментариев нет:

Отправить комментарий