Страницы

20.12.2015

Əfrahim Hüseyn - Gedən gəmi harda qaldı?

DAHA ƏL TUTMAĞA YER DƏ QALMAYIB

Olub-olanları günaha yazma,
Özümün özümə qərəzi imiş!-
Uzun gecələrə pay olan ömrüm,-
Ayların-illərin əvəzi imiş!

Dastanlar söylədim, nəğmələr yazdım
Ayın, ulduzların, göyün vəsfinə.
Yudu körpüləri sellənən yağış,-
Göy üzü buludu çəkdi üzünə.

Aylar, illər kimi uzaqda deyil
İndi o sahilə yön alan gəmi.
Yüz-yüz etiraflar yerinə düşməz,
Tanrı da əff etməz daha heç kimi.

Uçub viran olub cığır, yol-bərə,-
Keçməyə körpü də yerdə qalmayıb.
Ömür də bir əsən küləyə bənddi,
Daha əl tutmağa yer də qalmayıb.

Görünə bilmədim olduğum kimi,
Mən kimin ömrünə yazım bu ömrü?
Payıza döndərdim, qışa döndərdim,
Kimə bağışlandı yazı bu ömrün?

Nə əfsanə deyil, nə nağıl deyil!
Daha açılmayan sirr də qalmayıb.
Çıxıb o bahardan qayıdan adam,
Daha əl tutmağa yer də qalmayıb!

GÜN ARAMA...

Alp ərənlər daşa döndü,
Oğuz eli qışa döndü.
Dərd yağmur-yağışa döndü,-
Pozulmazdı olan, oğlan!

Gəmi bizsiz düşüb yola,-
Baş qarışdı qalmaqala.
Öz oduna ocaq qala,
Bu sahildə qalan oğlan!

Arzulama bilə-bilə,
Əlin çatmaz o sahilə.
Gün arama, üzə gülə,-
Bu sahildə dolan, oğlan!

Haqqı qoyub nahaqq gəzdik,-
Dərd biləndən uzaq gəzdik.
Yurd qaldı, üzüağ gəzdik,
Ha gəzirik güman, oğlan!

Gedən gəmi harda qaldı?-
Arzu-muraz darda qaldı.
Yol arayan yolda qaldı,
Bizdən olmaz baxtı olan,
Bu sahildə dolan, oğlan!

Комментариев нет:

Отправить комментарий