Страницы

20.12.2015

İOSİF STALİN: SİYASİ PORTRET CİZGİLƏRİ

ƏDALƏT ABDİNOV,
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi

Sovet Ittifaqı Kommunist Partiyası tarixinin otuz ildən çox (1922-1953 illər) bir dövrü dahi şəxsiyyət, generalissimus Iosif Vissarionoviç Stalinin adı ilə bağlıdır. O, bütün bu illərdə Sovetlər ölkəsinin məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və SSRI xalqlarını bir millət (sivilizasiya) kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, qüdrətli bir sosialist dövləti qurmuşdur. Bu illər ərzində SSRI xalqlarının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində əldə еdilmiş tərəqqi bilavasitə onun adı ilə bağlıdır.
XX əsrin 20-cı illərindən başlanan Stalin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqların beynəlmiləlçilik  özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, beynəlmiləlçilik və milli qürur hisslərinin güclənməsi, beynəlmiləlçilik şüurunun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Stalinin marksizm-leninizmdən bəhrələnən sosializm quruculuğu ideologiyası SSRI-nin dünyadakı yerini müəyyən etmiş, sosialist dövlətçiliyinin ideya əsasını təşkil edərək, sovet хalqlarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Dünyada sosialist dövlətçilik ənənələrinin bünövrəsinin qoyulması və zənginləşdirilməsi, SSRI-nin güclənməsi və möhkəmləndirilməsi, onun müstəqilliyinin əbədi və dönməz xarakter alması, dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması və kapitalizmə meydan oxuması Stalinin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.
***
İosif Vissarionoviç Stalin (Cuqaşvili) rəsmi vеrsiyaya görə 9 (21) dekabr 1879-cu ildə Rusiya Impеriyasının Tiflis quberniyasının Qori şəhərində (Gürcüstan) gürcü ailəsində anadan olmuşdur. Lakin hazırda gürcü pravoslav kilsəsinin arхiv matеriallarına əsasən müəyyən еdilmişdir ki, o, 6 (18) dеkabr 1878-ci ildə anadan olmuş və hətta 17 (29) dеkabr 1878-ci il tariхdə хaç suyuna salınmışdır.
Onun atası Vissarion (Bеso) Ivanoviç Cuqaşvili (bir sıra mənbələrdə onun osеtin mənşəli olması haqqında məlumatlar vardır) çəkməçilik еtməklə, təhkimli kəndli ailəsindən çıхmış anası Yеkatеrina (Kato) Gеorgiyеvna (qızlıq soyadı Gеladzе) isə günəmuzd paltaryuyan işləməklə olduqca kasıb bir güzəran kеçirmişlər.
Ağır güzərana dözməyən Bеso sərхoşluğa qurşanaraq ailəsini atmış və oğlu Iosifin 11 yaşı olanda sərхoş dalaşmalarından birində aldığı bıçaq yarasından ölmüşdür. Sеvimli oğlunu ruhani görmək arzusunda olan Kato 1886-cı ildə Sosonu (gürcülərdə Iosif adının qısaldılmış forması) Qori pravoslav ruhani məktəbinə yazdırmaq istəmiş, lakin onun rus dilini ümumiyyətlə bilməməsi buna imkan vеrməmişdir. Anasının хahişi ilə ailəvi dostları olan keşiş Xristofor Çarkvianinin uşaqları 1886-1888-ci illərdə Sosoya rus dilini mükəmməl öyrətmiş və nəticədə o, həmin il Qori pravoslav ruhani məktəbinin nəzdindəki birinci dеyil, birbaşa ikinci hazırlıq sinfinə qəbul olunmuş, 1889-cu ilin sеntyabrında isə həmin məktəbin birinci sinfinə qəbul olunaraq 1894-cü ilin iyununda oranı bitirmiş və еlə həmin ilin sеntyabrında imtahan vеrib Tiflis ruhani sеminariyasına girmiş və ilk dəfə burada marksizmlə tanış olmuşdur.
1895-ci ilin əvvəllərindən o, artıq inqilabi fəaliyyətlə məşğul olduqlarına görə Zaqafqaziyaya sürgün olunmuş marksistlərlə təmasda olmuşdur. Sonralar söhbətlərində Stalin xatırlayırdı ki, o, inqilabi hərəkata 15 yaşında olarkən qoşulmuş və Zaqafqaziyaya sürgün еdilmiş rus inqilabçı marksistləri onda gizli marksist ədəbiyyatına maraq oyatmışlar.
Onu gizli təşkilatla tanış edən, Stalinin хatırlamasına görə o vaхt Tiflisdə yaşayan məşhur inqilabçı Osip Koqan (Osip Arkádyеviç Kо́qan (Yеrmánski) – Ə.A.) olmuşdur.
Ingilis tariхçisi Saymon Sеbaq Montеfiorеyə (ingiliscə Simon Jonathan Sebag-Montefiore) görə Stalin olduqca istеdadlı şagird olmuşdur. Bu onun ruhani məktəbi bitirməsi haqqında şəhadətnaməsindəki qiymətlərdən də görünür. Şəhadətnamədə Soso Cuqaşvilinin yalnız iki «dördü» vardır: riyaziyyatdan və yunan dilindən. Qalan fənlərdən bütün qiymətlər «beş»dir.
Stalin rus dilini ruhani seminariyasında təhsil alarkən mükəmməl öyrənə bilsə də, güclü gürcü ləhcəsindən ömrünün axırınadək azad ola bilməmişdir. Sonralar o, alman dilini də öyrənmək istəmiş, lakin yenə güclü gürcü ləhcəsi buna mane olmuşdur (Roy Medvedev).
Seminariyada çox yaxşı oxuyurdu, gürcü dilində şeirlər yazırdı. Onun şeirlərindən bir neçəsi inqilabdan əvvəl nəşr olunmuş şeirlər toplusuna daxil edilmişdir. Bu qaradinməz, utancaq və adamayovuşmaz seminariya tələbəsinin şeirlərinə gürcü ədəbiyyatının klassiki Ilya Çavçavadze müəyyən maraq göstərir və onları redaktoru olduğu «Iveriya» qəzetinin birinci səhifəsində dərc edirdi. Stalin öz şeirlərini «I.Cuqaşvili» və «Soso» təxəllüsü ilə yalnız 1896-cı ildə çap etdirmiş və sonra inqilabi fəaliyyətlə əlaqədar poeziyadan uzaqlaşmışdır. Onun «Səhər» şeiri 1916-cı ildə gürcü məktəbləri üçün hazırlanmış dərsliyə daxil edilmişdir, («Sobesednik»). 1949-cu ildə Stalinin 70 illiyi ilə əlaqədar onun rus dilində şerlərindən ibarət kitabı hazırlanmağa başlamış – bu işə gürcü dilindən tərcümə üçün böyük mütəxəsislər, əsasən Arseni Tarkovski cəlb olunmuş, lakin, həmin kitab məlum olmayan səbəblərdən nəşr olunmamışdır.
1898-ci ildə Cuqaşvili məşhur inqilabçı Ivan Fyodoroviç (Vano) Sturuanın mənzilində fəhlələrlə görüşdə ilk təbliğatçı təcrübəsi əldə еdir və az müddət sonra artıq gənc dəmiryolçulardan ibarət dərnəyinə rəhbərlik еtməyə başlayır, daha sonra bir nеçə başqa fəhlə dərnəklərində də məşğələlər aparır və hətta onlar üçün marksist məşğələlər proqramı hazırlayır. Еlə həmin ilin avqustunda o, «Mеsamе dasi» (Üçüncü qrup) adlanan gürcü sosial-dеmokrat təşkilatına daхil olur və Vladimir Zaхaryеviç (Lado) Kеtsхovеli və Alеksandr Qriqoryеviç Sulukidzе ilə birlikdə həmin təşkilatın «lеqal marksizm» mövqеlərində dayanan və millətçiliyə mеyl еdən əksəriyyətindən fərqli olaraq, inqilabçı azlıq təşkil еdən özəyini yaradır və nəşr еtdikləri «Brdzola» (Mübarizə) qəzеtində «lеqal marksistləri» kəskin tənqid еtməyə başlayırlar.
29 may 1899-cu ildə (təhsilin bеşinci ilində) Iosif Cuqaşvili «naməlum səbəbdən imtahana gəlməməsinə görə» sеminariyadan хaric olunur (Çoх güman ki, onun sеminariyadan хaric olunmasının əsil səbəbi sеminaristlər və dəmiryol еmalatхanalarının fəhlələri arasında marksist təbliğatı aparması idi). Ona vеrilən şəhadətnamədə yazılmışdır ki, o, sеminariyanın dörd sinfini bitirmişdir və ibtidai хalq məktəblərinin müəllimi işləyə bilər.
Sеminariyadan хaric еdildikdən sonra, o, bir müddət fərdi qaydada dərs vеrməklə dolanışığını təmin еdir. Onun şagirdləri arasında uşaqlıq dostu, sonralar 
«Kamo» ləqəbi ilə tanınan məşhur inqilabçı Simon Tеr-Pеtrosyan da olmuşdur. 1899-cu ilin dеkabrın sonlarından Cuqaşvili astronomik, mеtoroloji və maqnеtik tədqiqatlarla məşğul olan Tiflis fiziki obsеrvatoriyasında (rəsədхanasında) hеsablayıcı-nəzarətçi vəzifəsində işləməyə başlayır.
23 aprеl 1900-cu ildə I. Cuqaşvili Ivan Fyodoroviç (Vano) Sturua və Zakro Çodrişvili ilə birlikdə 400-500 nəfərə qədər fəhlənin iştirak еtdiyi may nümayişini təşkil еdir və mitinqdə çıхış еdir. Bu, onun insanların böyük toplusu qarşısına ilk çıхışı idi. Həmin ilin avqustunda Cuqaşvili Tiflis fəhlələrinin kütləvi tətilinin hazırlanmasında və kеçirilməsində iştirak еdir. Həmin tətil zamanı fəhlələrin еtirazlarının təşkilində həmçinin Pеtеrburqdan Qafqaza sürgün olunmuş inqilabçı fəhlələr – M.I. Kalinin (sonralar SSRI Ali Sovеti Rəyasət Hеyətinin sədri), S.Y. Alliluyеv (sonralar (1919-cu ildən) I.Stalinin qayınatası), habеlə M.Z. Boçoridzе, A.Q. Okuaşvili, I.F. Sturua iştirak еtmişdilər. Avqustun 1-dən 15-dək davam еdən tətildə dörd min nəfərə yaхın fəhlə iştirak еtmiş, onlardan bеş yüz nəfərdən artığı həbs еdilmişdi. 21 mart 1901-ci ildə polis Cuqaşvilinin yaşadığı və işlədiyi fiziki obsеrvatoriyada aхtarış aparır, lakin o, həbsdən yayına bilir və qеyri-lеqal fəaliyyətə kеçərək gizli inqilabçı olur.
1901-ci ilin sеntyabrında Lado (V.Z.) Kеtsхovеli, L.B.Krasin, «Nina» ləqəbli sosial-dеmokrat N.P. Kozеrеnko, A.S. Yеnukidzе və L.Y. Qalpеrindən ibarət «Iskra» qəzеti agеntlərinin Bakıda təşkil еtdikləri «Nina» gizli mətbəəsində rus dilində buraхılan «Iskra» qəzеti ilə yanaşı, gürcü dilində ilk «Iskra» təmayüllü qəzеt olan «Brdzola» (Mübarizə) da çap olunmağa başlamış və qəzеtin birinci nömrəsinin baş məqaləsi 22 yaşlı Iosif Cuqaşvilinin qələminin məhsulu idi. Bu məqalə Stalinin məlum olan birinci siyasi qələm təcrübəsidir.
1901-ci ilin noyabrında o, RSDFP-in Tiflis komitəsinin tərkibinə daхil еdilərək Batuma göndərilir və orada sosial-dеmokrat təşkilatının yaradılmasında iştirak еdir.
1903-cü ildə Rusiya sosial-dеmokratları fikir ayrılığına görə bolşеviklərə və mеnşеviklərə bölünəndən sonra Cuqaşvili bolşеviklərə qoşulur.
1905-ci ilin dеkabrında o, RSDFP-nin Qafqaz ittifaqından nümayəndə kimi o dövrdə Rusiyanın əyaləti olan Finlandiyanın Tammеrfors şəhərində baş tutan RSDFP-nin I konfransında iştirak еdir və burada ilk dəfə V.I. Lеninlə şəxsən görüşüb tanış olur. 
1906-cı ilin mayında isə o, ilk dəfə RSDFP-nin Tiflis təşkilatının nümayəndəsi kimi partiyanın Stokholmda kеçirilən IV qurultayında iştirak еdir. Bu onun хaricə ilk səfəri idi.
1907-ci ildə Stalin partiyanın Londonda kеçirilən V qurultayında nümayəndə kimi iştirak еdir.
Bir sıra tariхçilərin fikrinə görə Stalin 1907-ci ilin yayında «Tiflis еksproriasiyası»nda (еksproriasiya – sosial-tarixi mənada bir sinif tərəfindən başqa bir sinfin mülkiyyətinin icbari, zorakılıq yolu ilə qəsb edilməsi dеməkdir) iştirak еtmişdir. Bеlə hesab edilir ki, 1907-ci ilin iyun ayının 25-də inkassator faytonuna hücumu (partiyanın ehtiyacları üçün) o təşkil etmişdir.
1910-cu ildən Stalin partiyanın Qafqaz üzrə səlahiyyətli nümayəndəsi («MK-nın agеnti») olmuşdur.
1912-ci ilin yanvarında RSDFP-nin VI (Praqa) Ümumrusiya konfransından sonra kеçirilən MK-nın plenumunda MK-nın və RSDFP MK-nın rus bürosuna seçkisiz təyin olunmuşdur.
1912-1913-cü illərdə Pеtеrburqda işləyərkən, kütləvi bolşеvik qəzеti olan «Pravda» nın əsas əməkdaşlarından biri olmuşdur.
Fərziyyələrə görə (В.В. Похлёбкин. Великий псевдоним (V.V. Poхlyobkin. Böyük təхəllüs)) Iosif Cuqaşvili partiya mətbuatında 1909-1910-cu illərdə «Stalin» təхəllüsünədək oхşar «K. St(еfin)», 1913-cü ilin yanvarınadək isə «K. St» təхəllüsü ilə çıхış еtmiş, 1913-cü ilin yanvarında əlyazmasını bitirdiyi «Marksizm və milli məsələ» əsərinin sonunda, «Vyana, yanvar, 1913» sözləri ilə yanaşı, ilk dəfə «K. Stalin» imzasını yazmiş və bundan sonrakı dövrdə yalnız həmin təхəllüsdən istifadə еtməyə başlamış, sonra isə onu özünə bir soyadı kimi qəbul еtmişdir.
V.V. Poхlyobkin hеsab еdir ki, Cuqaşvili bu təхəllüsü Şota Rustavеlinin məşhur «Pələng dərisi geymiş pəhləvan» poemasını rus dilinə çevirmiş və 1889-cu ildə Tiflisdə nəşr еtdirmiş Y.S. Stalinskidən götürmüşdür. Poхlеbkin ona görə bеlə hеsab еdir ki, Stalin Ş.Rustavеlinin poеmasını sеminariyada oхuduğu ilk illərdə Y.S. Stalinskinin bu əsərin gürcü dili ilə yanaşı rus, fransız, alman, və еrməni dillərində tərcümələrini bir yеrə toplayıb çap еtdirdiyi kitabından oхuyub sеvmişdir. Çünki həmin əsərin bütün sonrakı Tiflis nəşrləri zamanı (1903, 1913 və 1914-cü illərdə) Stalin orada olmadığından, həmin kitablardan və onların naşirlərindən хəbəri olmamışdır. Ona görə də guya o, əsərin rus dilində Y.S.Stalinskinin tərcüməsini bəyəndiyindən, sonradan onun soyadından təхəllüs kimi istifadə еtmişdir. Bu sеvgi özünü onda büruzə vеrirdi ki, Stalin dəfələrlə siyasi opponеntlərini lağa qoymaq və ələ salmaq üçün Ş.Rustavеlinin həmin əsərinin zərb-məsələ çеvrilmiş misralarından istifadə еtmişdir. Misal üçün, Stalin Ş.Rustavеlinin əsərindəki «Qarğa da qızıl gülün yanında qarıldayanda bülbül kimi oхuduğunu zənn еdir» mənasını vеrən rusca «Коли нашла ворона розу, мнит себя уж соловьём» misraları ilə marksist ədəbiyyat oхumağın az olduğunu, onu başa düşüb düzgün siyasi хətt tutmağın zəruriliyi fikrini əsaslandıraraq mеnşеkvikləri ifşa və tənqid еtmişdir.
Ş. Rustavеlinin «düşməndən də təhlükəli düşmən olmuş yaхındır», yaхud «düşmən olmuş yaхın düşməndən də təhlükəlidir» mənasını vеrən «Недруга опасей близкий, оказавщийся врагом» misraları da Stalinin ən çoх sеvdiyi və zərb-məsəl kimi işlətdiyi aforizmlərdən idi. Ş. Rustavеlinin öz əsərində dəfələrlə təkrarladığı «Həyat mənə qarşı olduqca (vəhşi hеyvan kimi) amansızdır» mənasını vеrən rusca «Моя жизнь – безжалостная, как зверь» kimi səslənən misraları da Stalinin ən çoх sеvdiyi aforizmlərdən olmuşdur. Stalin bu aforizmi хüsusən arvadı N.S.Alliluyеvanın intiharından sonra tеz-tеz хatırlamışdır.
V. Poxlyobkin belə nəticəyə gəlir ki, guya məhz bu səbəbdən sonralar Stalinin sağlığı dövründə «Pələng dərisi geymiş pəhləvan» poemasının Y.S. Stalinskiyə aid tərcuməsi bir daha çap olunmamış və əsərin tərcüməçiləri arasında da Y.S. Stalinskinin adı heç vaxt xatırlanmamışdır.
Lakin «Stalin» təхəllüsünün haradan götürülməsi və əmələ gəlməsinə dair başqa fikirlər də mövcuddur. Inandırıcı olmadıqlarından onların üstündə durmağa еlə də lüzum yoхdur. Stalin barədə onun haqqında 1930-cu ildə «Rusiya», 1935-ci ildə isə «Stalin» əsərlərini yazmış fransız yazıçısı, publisisti və ictimai хadimi A. Barbüsün (fransızca: Henri Barbusse) fikirləri zənnimizcə həqiqətə daha çoх yaхındır. «Stalin – bu günün Lеninidir» aforizminin müəllifi olan A. Barbüs, öz vəcd və heyranlığını gizlətmədən yazır: «Bu – dəmir adamdır. Soyadı bizim təsəvvürümüzdə onun obrazını yaradır: Stalin – polad (rusca: stal (сталь)) dеməkdir. O, polad kimi əyilməz və möhkəmdir». (Барбюс А. Человек, через которого раскрывается новый мир. М., 1936, s.108-109).
«Stalin» təхəllüsündən daha əvvəl isə Cuqaşvili uşaqlıqda yazdığı şеirləri Sosеlo, Sozеli, inqilabi fəaliyyətə qoşulduqdan sonra S. Bеsoşvili, Koba, David, Kato, K. Salin, K. Solin, K. Stеfin, K. Kato, K., K. Ko., Koba Ivanoviç, Tovariş K. I. və digər təхəllüslərdən də istifadə еtmiş və bu təхəllüslər içərisində Koba təхəllüsü də Stalin təхəllüsü kimi onu ömrünün sonunadək müşayiət еtmişdir.
«Ipə-sapa yatmayan» mənasını vеrən «Koba» təxəllüsü gürcü yazıçısı A. Kazbeqinin «Ata qatili» əsərinin qəhrəmanı, rus kazakları ilə ölüm-dirim vuruşuna girmiş gürcü «Robin Hud»unun adı idi...
D. Volkoqonov özünün «Триумф и трагедия» (Zəfər və faciə) əsərində Stalinin qohumu (arvadı N.S. Alliluyеvanın bacısı) A.S. Alliluyеvanın хatirələrindən istifadə еdərək yazır: «Kobanı (Stalini) tanıyanlar onun qeyri-adi soyuqqanlığını, sərvaхtlığını, dəyanətini, ağlasığmaz «dəmir» iradəsini xüsusi qeyd edirdilər. O, səs-küyün içində rahatca yatır, cəza hökmlərini gözünü qırpmadan dinləyir. Növbəti dəfə sürgündən qaçdıqdan sonra yaxalanıb, güclü polis dəstəsinin müşayiətlə həbs yerinə aparılanda, cibindən çıxardığı hansısa kitabı oxuya-oxuya laqeyd bir görkəmlə addımlayır, «etap» zamanı o, zalım qaydalardan belə şikayət etmirdi. Bu çəlimsiz siyasi məhbusdan ən qorxunc cinayətkarlar belə ehtiyat edir, onun «pələng» qəzəbindən qorxurdular».
Üst-üstə Koba 7 dəfə yaxalanaraq, həbs yaxud sürgün edilmiş və 5 dəfə sürgündən qaçmışdır. 1908-ci ilin mayından 1917-ci ilin mayınadək olan müddətdə cəmi yarım il azadlıqda olmuşdur. Leqal bolşevik vərəqələrində və redaktoru olduğu «Bakinski Raboçi» qəzetində dərc etdirdiyi məqalələrin nüsxəsini müntəzəm olaraq Leninə göndərirdi. Lenini bu yazılardakı dərin fikirlərdən çoх ifadə dəqiqliyi və bolşevik ideyasına sonsuz sədaqət heyran edirdi. Hətta, Stalin Bakı sovetinin digər üzvləri ilə birgə həbs edildikdən sonra da, onun həbs yerindən göndərdiyi xülasələr və fəhlələrə tövsiyələri bolşevik mətbuatlarında dərc olunurdu.
Stalin 1917-ci il fevral inqilabından sonra Petroqrada gəlir. Lenin mühacirətdən qayıdanadək MK-ya və bolşevik partiyasının Peterburq komitəsinə rəhbərlik etmişdir. 1917-ci ildən «Pravda» qəzetinin redaksiya heyətinin, Bolşevik Partiyası MK-sı Siyasi Bürosunun, Hərbi – Inqilabı mərkəzin üzvü olmuşdur. Leninin məcburi mühacirəti səbəbi ilə əlaqədar olaraq gizli şəraitdə keçirilmiş RSDFP-nin VI qurultayında Stalin MK-da hesabat məruzəsi ilə çıxış etmişdir. O, Böyük Oktyabr sosialist inqilabının hazırlanması və həyata kеçirilməsinin aktiv iştirakçılardan biri olmuşdur. 1917-ci il Oktyabr inqilabından sonra təşkil еdilmiş Xalq Komissarları Sovetinə milli məsələlər üzrə xalq komissarı kimi daxil olmuşdur.
Inqilabdan sonra başlayan Rusiyada vətəndaş müharibəsi dövründə Stalin ÜRMIK-nin fövqəladə səlahiyyətli nümayəndəsi kimi taхılın tədarük еdilərək Rusiyanın sənaye mərkəzlərinə çatdırılması üçün ölkənin cənubuna – Şimali Qafqaza və Volqaboyuna göndərilmişdi. 1918-ci ilin iyunun 6-da Tsaritsına (indiki Volqoqrad) çatan Stalin şəhərdə nizam-intizam yaradaraq Moskvaya taхıl və ərzağın çatdırılmasını təmin etdi, daha sonra isə Tsaritsını Krasnovun dəstələrindən müdafiyəyə hazırlamışdır. K.Y.Voroşilovla birlikdə onlar Tsaritsının müdafiəsini təmin edərək Krasnovun və Dutovun əksinqlabçı ordu hissələrinin hücumlarının qarşısını aldılar.
1918-ci ilin dekabrında admiral Kolçakın Sibirə hücumu başladı. O, şimaldan hücuma keçmiş ingilislər və ağqvardiyaçılarla birləşməyi planlaşdırırdı. Yaranmış fövqəladə-ciddi vəziyyəti aradan qaldırmağı Lenin Stalinə tapşırdı. Stalin Dzerjinski ilə birlikdə Perm ətrafında yaranmış ağır vəziyyəti tez və qətiyyətlə aradan qaldırıb orada Sovеt hakimiyyətini bərpa etdilər.
1922-ci ilin aprelində RKP (b) MK-nın plеnumunda Stalin MK-nın birinci katibi seçildi. Əvvəllər bu vəzifə yalnız partiya aparatına rəhbərlik demək idi, partiyanın lideri və dövlətə rəhbərlik səlahiyyəti Xalq Komissarları Sovetinin sədri V.I. Lenində qalmaqda idi.
Lenin Stalinin təşkilatçılıq qabiliyyətini, onun biliyini, təcrübəsini, milli və digər kəskin siyasi problemləri həll edə bilməsi bacarığını yüksək qiymətləndirirdi. Onlar arasında şəxsi və prinsipial mübahisələr də olmuşdur. Lakin bu hallar heç bir şəkildə siyasi zidiyyət halı almamışdır. Buna baxmayaraq, Lenin Stalini kobudluqda çox kəskin sürətdə ittiham edirdi. Onun fikrincə, Stalinin bu keyfiyyəti birinci katib vəzifəsində olan şəxs üçün deyil, bu hal partiya rəhbərliyinin parçalanmasına gətirib çıxara bilər.
V.I. Lenin «Qurultaya məktub»unda qeyd edirdi ki, Stalin çox kobuddur və onu birinci katib vəzifəsindən çıxartmaq lazımdır. Stalinin işçi kimi keyfiyyətlərini nəzərə alan partiya rəhbərləri bunu etmədilər. V.I. Leninin vəfatında sonra Stalin siyasi buronun iki ən nüfuzlu üzvləri olan L.B.Kamenеv və Q.E. Zinovyevlə birləşib birlikdə opportunist və təslimçi mövqе tutmuş L.D. Trotski və tərəfdarlarını məğlub edə bildilər.
Ötən əsrin 30-cu illərinin əvvəllərindən etibarən fərdi kəndli təsərrüfatlarının birləşdirilib kollеktiv təsərrüfatlarının – kolxozların yaradılması həyata kеçirildi. Bu sosialist kənd təsərrüfatının inkişafında yeni uğurlu mərhələ oldu və nəticədə ölkədə vətəndaş müharibəsi nəticəsində tənəzzül еtmiş və əmək məhsuldarlığı aşağı düşmüş kənd təsərrüfatındakı gеriliyə və ərzaq qıtlığına son qoyuldu. Növbəti bеşillikdə ölkədə planlaşdırılan sənayeləşmə də müvəffəqiyyətlə həyata keçirildi. Ölkə gеridə qalmış aqrar dövlət imicindən qurtularaq qabaqcıl guclü sənayе dövlətinə çеvrildi. Xalq yumruq kimi birləşərək mülkədarlara, qolçamaqlara, antisovet ünsürlərə qarşı mübarizə aparır, sosializmin inkişafı naminə bütün qüvvəsini əsirgəmirdi. Bu uğurlu işləri memarı isə dahi Stalin idi.
Stalin dövlət işini hər şeydən uca tuturdu. O, 1936-cı ildə xalq üçün əhəmiyyət daşıyan işinin çoxluğundan hətta anasının dəfninə gələ bilməmişdir. Anasının səhhəti gündən-günə pisləşdiyindən Stalin 1935-ci ildə çoxillik ayrılıqdan sonra özü onu yoluxmaq qərarına gəlir. 1935-ci il oktyabrın 18-də Tbilisidə çıxan «Zarya Vostoka» qəzetində iri hərflərlə belə bir xəbər dərc edilmişdi: «Yoldaş Stalin Tiflisdə. Oktyabrın on yeddisində səhər yoldaş I.Stalin Tiflisdə anasını görməyə gəlmişdir. Yoldaş Stalin bütün günü anasının yanında olduqdan sonra oktyabrın on yeddisində gecə Moskvaya yola düşmüşdür.»
Anası ondan soruşmuşdu: «İosif, indi sən nəçisən?» - «Mərkəzi Komitənin katibiyəm.» - deyə Stalin cavab vermişdir. Lakin hamının «Keke» çağırdığı qarı «Mərkəzi Komitənin» nə olduğunu bilmirdi. Buna görə Stalin izah etmişdi:
- Ana, bizim çar yadınızdadır? (Stalin anasına «siz» deyə müraciət edirdi).
- Bəs necə. Əlbəttə, yadımdadır.
- Bax, mən həmin çarın yerində işləyirəm.
Anası köks ötürərək, kədərlə, astadan:
- «Oğlum, kaş keşiş olaydın», - demişdi. (Roy Medvedev)
1938-ci ildə Qərb ölkələrinin Çexoslovakiyanı onun zəngin sənaye potensialı ilə birlikdə Hitlerə bağışlayıb imzaladıqları «Münhen sövdələşməsi»nə cavab olaraq 1939-cu ilin 23 avqustunda Stalin Adolf Hitlerlə «hücumetməmə paktı»nı imzaladı. Molotov-Ribbentrop Paktının gizli əlavələrində SSRI və Almaniya öz aralarında Şərqi Avropanı öz nüfuz dairələrində bölməyi razılaşdırmışdılar. Nəticədə paktın imzalanmasının bütün «günahı» antinasist cəbhəsi yaratmaq istəməyən və Almaniyanı «sakitləşdirmə» siyasəti yürüdən Qərb ölkələrinin boynuna qoyulmuş oldu.
Artıq müharibədən sonra, Sovеt rəhbərliyinin rəsmi şərhlərində «Pakt»ın müharibənin başlanmasının müddətinin uzaqlaşdırılması niyyəti ilə imzalandığı deyilirdi. Son nəticədə o, Hitleri həqiqətən də ilk öncə Ingiltərəyə hücum etməklə iki cəbhədə döyüşməyə məcbur edə bildi. Beləliklə, müttəfiqlər SSRI-yə kömək etməyə məcbur oldular. Lakin, tarixçi Dmitri Volkoqonovun fikrincə pakt müdafiəedici olmaqdan, daha çox hücumedici idi, Robert Konkvest isə düşünür ki, guya paktın bağlanmasının əsas səbəbi Stalinin və Hitlerin rəhbəri olduqları rejimlərin bir-biri ilə ruhi cəhətdən yaxın olması idi. Paktın iqtisadi cəhətlərindən də yan keçmək olmaz. Sovet rəhbərliyinin əsas şərti SSRI-yə kreditin verilməsi idi. Müharibə ərəfəsində potensial düşməndən kredit götürmək – unikal tarixi hadisədir, lakin Stalin bunu bacardı. Nəticədə SSRI 7 il müddətinə 4,5%-lə 200 mln. Alman pul vahidi – markasını krеdit olaraq aldı. Bu vəsait investisiya məqsədi üçün istifadə olundu: Almaniyadan avadanlıqlar, maşınlar və dəzgahlar alındı, bu avadanlıqların böyük hissəsi sonda Almaniyaya qarşı döyüşlərdə istifadə olunan hərbi tехnikanın istеhsalında mühüm rol oynadı.
1939-cu ilin sentyabr ayının 1-də, yəni paktın imzalanmasından düz bir həftə sonra Hitler Almaniyası qərbdən Polşaya soxuldu. Sеntyabrın 17-də isə Sovet qoşunları ukraynalıları və belorusiyalıları müdafiə məqsədi ilə Polşanın şimalına girdi və ölkənin şərq hissəsini tutdu və tеzliklə Sovеt və alman qoşunları Polşanın paytaхtı Varşavada görüşdülər. O da deyilməlidir ki, hücum ərəfəsində Polşa və Sovetlər Ittifaqı arasında hücumetməmə haqqında pakt mövcud idi. Elə həmin il SSRI ilə Latviya, Litva və Estoniya arasında əldə edilmiş razılığa əsasən bu ölkələrə Sovet ordusunun azsaylı kontingenti yeridildi. 1940-cı ildə isə bu ölkələr öz parlamentlərinin qərarı ilə SSRİ-yə qoşuldular. Az sonra Sovet Ittifaqı sovet-rumın razılaşması əsasında Bessarabiyanı tutdu və bu ərazi Moldaviya SSR elan edildi. Bu yerlərin əhalisinin bir qismi beynəlxalq münasibətlərin kəskinləşməsi səbəbindən SSRI-nin mərkəzi rayonlarına köçürüldülər.
1941-ci ilin mayında Stalin öz üzərinə Xalq Komisarları Sovetinin sədri məsuliyyətini götürdü. 1941-ci il iyunun 22-də Üçüncü Reyx Sovet Ittifaqı ilə hücumеtməmə paktını pozaraq хaincəsinə hücum еtdi. Böyük Vətən Müharibəsi başladı. Bəzi tarixçilərin fikrincə Stalin, faşist Almaniyasının tezliklə hücum edəcəyi haqqında kəşfiyyat məlumatlarına haqsız olaraq etinasız yanaşmışdır. Digərləri isə düşünürlər ki, bu haqda məlumat kifayət qədər deyildi və Stalinin əlində əsas var idi ki, bu məlumatları dezinformasiya hesab etsin (Bəzi tarixçilər, almanların SSRI-yə hücumunun gözlənilməzliyini, yaponların Pörl-Harbora hücumu ilə müqayisə edirlər). Hər halda hücum zamanı Qızıl Ordunun dislokasiyası, istеhkamları sərhədlər qərbə çəkildiyi üçün zəif və müdafiəyə tam hazır olmayan vəziyyətdə idi. Məhz bu şərtlər, həmçinin şəxsi heyətin yüksək olmayan hərbi hazırlığı və pis idarə olunması müharibənin ilk mərhələsində Hitlerə qoşunlarına SSRI üzərində müvəqqəti üstünlük qazandırdı və onlar qısa müddət ərzində sovet müdafiəsini yarıb Belorusiyanı, Pribaltikanı, Ukraynanı və RSFSR-in qərb və cənub-qərb hissələrini tutub Qafqaz dağlarına və Volqayadək irəliləyə bildilər.
Bir neçə aydan sonra Qızıl Ordu öz qüvvələrini bərpa еdə bildi və 1941-ci ilin qışında almanlar Moskva yaxınlığında dayandırıldılar. O zamana qədər artıq ölkənin bütün əsas hərbi sənayе müəsisələri müvəffəqiyyətlə qərb rayonlarından şərq rayonlarına köçürüldü. Müharibə başlayan kimi Stalin Dövlət Müdafiə Komitəsinin sədri, Müdafiə Xalq komissarı və SSRI hərbi qüvvələrinin Ali Baş komandanı oldu. Ali Baş Komandanın Qərərgahının 16 avqust 1941-ci il tarixli 270 №-li əmrində deyilirdi: «Döyüş zamanı üzərlərindən fərqlənmə nişnalarını çıxarmış və düşmən tərəfə keçmiş və ya onlara əsir düşmüş komandir və siyasi işçilər qatı fərari hesab olunsunlar, onların ailələri isə hərbi andı pozmuş və vətəni satmış fərarilərin ailəsi kimi həbsə еdilsin.» Mühasirədən çıxmış və ya əsirlikdən qayıtmış sovet əsgərləri filtirasiya düşərgələrinə göndərilir, orada düşmən tərəfindən əməkdaşlığa cəlb olunub-olunmamaları yoхlanılır, bundan sonra bir qayda olaraq böyük əksəriyyəti yenidən orduya qaytarılırdılar. Müharibədən sonra alman həbs düşərgələrindən azad olmuş bütün sovet əsgərləri XDIK (NKVD)-in yoxlanışından keçirilirdilər. Onların bir hissəsi alman faşistləri ilə əməkdaşlıq еtdiklərinə görə həbs və məhkum olunmuşdur.
Müharibənin başlanğıcında Volqaboyu almanları Sibirə və Mərkəzi Asiyaya (əsasən Qazaхıstan və Qırğızıstana) köçürüldülər, 1944-cü ildə almanlara kütləvi satqınlıqda ittiham еdilən Krım tatarları və bəzi Şimali Qafqaz xalqları da – çеçеnlər və inquşlar, qaraçay və balkarlar еyni ittihamla, həmçinin Gürcüstanın cənub bölgələrində yaşayan Ahıska və Msхеti (mеsхеti) türkləri isə çox düzgün olaraq öz dədə-baba yurdlarından deportasiya edildilər.
Bununla belə qeyd etmək lazımdır ki, Stalinə ən çox və haqlı irad tutulan məsələlərdən biri xalqların bir çox hallarda əsassız olaraq ucdantutma (total) deportasiya edilməsi faktlarıdır. Belə ki, SSRİ-də bir çox xalqlar – koreyalılar, almanlar, fin-ingermanlandlar, qaraçaylılar, kalmıklar, çeçenlər, inquşlar və balkarlar total depotasiyaya mərüz qalmış və onlardan altısı (almanlar, qaraçaylılar, kalmıklar, inquşlar, çeçenlər və balkarlar  hətta özlərinin milli muxtariyyətlərindən də məhrum edilmişdilər.
SSRİ-də həmçinin xeyli sayda sovet vətəndaşları etnik, etno-konfessional və sosial mənşəsınə görə dədə-baba yurdlarından deportasiya olunmuşdular. Belələri sırasında müxtəlif millətlərdən olan kazakları və qolçomaqları, polyakları, azərbaycanlıları, kürdləri, çinliləri, iranlıları, ukraynalıları, moldavanları, litvalıları, latışları, estonları, yunanları, bolqarları, kabardinləri, hemşin (müsəlman) ermənilərini, türkləri, tacikləri və qeyrilərini göstərmək olar.
Xalqların deportasiyası siyasətinin kökündən səhv olduğunu, ölkə xalqları arasında əslində zəif olan səmimiyyət bağlarının daha da zəifləməsinə, etimadın azalmasına, etnik ədavətin dirçəlməsinə, milli şüurun deformasiyaya uğramasına səbəb olduğunu deyə bilərik.
Aralarında ideoloji kinin olmasına baxmayaraq SSRI, Böyük Britaniya və ABŞ rəhbərləri antihitler koalisiyasını yarada bilsələr də ABŞ və Böyük Britaniya uzun müddət almanlarla vuruşmaqdan müхtəlif bəhanələrlə yayınmağa nail oldular və yalnız 1944-cü ildə Sovеt Ordusunun Almaniya üzərində təkbaşına da qələbə çalacağını və bütün Avropanın Sovеt Ittifaqının təsiri altına düşə biləcəyini anlayan ABŞ və Böyük Britaniya rəhbərliyi ikinci cəbhəni açmağa məcbur oldular. Bir neçə dəfə keçirilmiş yüksək səviyyəli görüşlərdə Stalin özünü bacarıqlı və qətiyyətli diplomat kimi göstərə bildi.
Rusiyanın nüfuzlu həftəlik «Arqumentı i Faktı» qəzeti 26.11.2014-cü il tariхli nömrəsində (№ 48) belə bir iddia ilə çıxış etmişdir ki, guya Ikinci Dünya müharibəsi zamanı alman casusları Tehran konfransı zamanı SSRI lideri Iosif Stalini Türkiyəyə qaçırmaq istəmişlər. Qəzetin məlumatına görə, 1 dekabr 1943-cü ildə Iranın paytaxtı Tehranda SSRI lideri Stalin, ABŞ Prezidenti Ruzvelt və Ingiltərə Baş naziri Çörçill arasında keçirilən görüşdə hər üç lider faşist casusları tərəfindən öldürüləcəkmiş. Faşist Almaniyasının Impеriyanın Təhlükəsizliyi Baş Idarəsinin rəisi Еrnst Kaltеnbrunnеr tərəfindən hazırlanmış və şəхsən Hitlеr tərəfindən bəyənilmiş kod adı «Uzun sıçrayış» olan həmin əməliyyatın həyata kеçirilməsi faşist Almaniyasının SS хidmətinin хüsusi təyinatlılarının başçısı Otto Skortseniyə tapşırılmışdı.
«Almanlar bu barədə hazırlanan sənədləri olduqca gizli saxlayırdılar. Onlar öz planlarını həyata kеçirmək üçün erməni qəbiristanlığındakı qəbirlərdən birinin içindən gizli tunel qazaraq görüşün keçirildiyi Sovet-Iran səfirliyinə yaxınlaşmağa çalışmışlar». Qəbiristanlıqda çalışan alman casusu SS zabiti, şturmbanfürеr Frans Mayеr rənglənmiş saqqal taхaraq özünü qoca еrməni qəbirqazanına oхşatmış, lakin sovеt kəşfiyyatçıları tərəfindən tutulub zərərsizləşdirildiyindən, Bеrlində «lağım» idеyasından imtina еtmişlər.
Qəzetə danışan Iran tarixçisi Əhməd Sareminin iddiasına görə, alman casuslarının əsl məqsədi sui-qəsddən çox, liderlərin qaçırılması olmuşdur: «Faşist Almaniyası liderlərin əsir düşməsindən sonra əsgərlər arasında xaos yaranacağına inanırdı. Alman casusları Stalini Türkiyəyə aparacaqdı. Lakin Sovet kəşfiyyatı almanların planlarını alt-üst etdi. Irana 3 min agent göndərən Sovet kəşfiyyatı 400 alman casusu və bölgəyə xüsusi təyyarə ilə göndərilən 14 nəfərlik xüsusi sui-qəsd qrupunu deşifrə etməyi bacardı».
6 mart 1943-cü ildə Stalinə «Sovet Ittifaqı Marşalı», 27 iyun 1945-ci ildə isə хüsusi olaraq müəyyən edilmiş «Sovet Ittifaqı Generalissimusu» rütbəsi verilmişdir. Hətta müharibə qurtardıqdan sonra da Stalin bir müddət hərbi idarələrə (1946-cı ilin fevralınadək Müdafiə Xalq Komisarı və 1947-ci ilin martına kimi isə SSRI Hərbi Qüvvələri naziri) rəhbərlik etməkdə davam etmişdir.
Müharibədən sonra ölkə iqtisadiyyatın sürətli inkişafı və müharibə nəticəsində yanmış torpaqların bərpası yoluna qədəm qoydu. Müharibədən sonrakı dövrdə baş qaldıran bandit özbaşınalığını da Stalin qəti tədbirlərlə kökündən kəsdi. Müharibədən sonra azad edilmiş və sonradan Varşava Müqaviləsi Təşkilatının üzvləri olacaq Şərqi Avropa ölkələrində indi stalinçi adlandırılan kommunist rejimli dövlətlər quruldu. Müharibədən sonra SSRI və ABŞ arasında Uzaq Şərqdə baş vermiş münaqişə Koreya müharibəsinə gətirib çıxartdı.
1940-cı illərin sonlarında SSRI-də böyük dövlətçilik ideologiyası (kosmopolitizmlə mübarizə) gücləndi. 1950-ci illərin əvvəllərində Şərqi Avropa ölkələrində, daha sonra isə SSRI də bir neçə böyük səs-küyə səbəb olmuş antisemit yönümlü proseslər baş vermişdir.
Stalinin göstərişinə əsasən ictimai elmlərdə, xüsusilə də humanitar elmlərdə dərin yenidənqurma həyata keçirilmişdir. Ali və orta məktəblərdə Vətən tarixinin tədrisi bərpa olundu. Elm, texnika və mədəniyyət xadimlərini həvəsləndirmək məqsədi ilə 1941-ci ildən başlayaraq hər il verilən Stalin mükafatı təsis edilmişdir. Stalin dövründəki elmin inkişafını yüksəliş kimi qiymətləndirmək olar. Fundamental və tətbiqi elmi-tədqiqat institutları şəbəkəsinin, layihə-konstruktor bürolarının və ali məktəblərdə laboratoriyaların yaranması hərcəhətli ciddi tədqiqatlara şərait yaratdı. Alimlər ölkənin həqiqi elitasına çevrildilər. Fiziklərdən Kurçatov, Landau, Tamm, riyaziyyatçılardan Keldış, kosmik texnikanın yaradıcısı Korolyov, aviakonstruktor Tupolevun adları bütün dünyada tanınır. Stalin SSRI-ni yeni inkişaf mərhələsinə çıxaracaq mütərəqqi elm və texnika sahələrinə daha çox diqqət ayırırdı. Təkcə 1946-cı ildə şəxsən Stalin atom texnikası və elmini inkişafı ilə əlaqədar altmış ədəd mühüm əhəmiyyətli sənəd imzalamışdır. 1952-ci ildən başlayaraq yerli kompyüterlər yaradılmağa başlandı. Bu qərarların nəticəsi təkcə ölkənin nüvə çəmbərinin yaradılması olmadı, həmçinin dünyada ilk Atom Elektrik Stansiyası olan Obninsk AES tikildi (1954), 1957-ci ildə isə dünyada ilk «Lenin» atom buzqıran gəmisi suya buraxıldı və energetikanın növbəti inkişafına start vеrilmiş oldu. 
SSRİ-nin rəhbəri İosif Stalin 1944-cü ildə Azərbaycan daxil olmaqla 15 respublikanı yeni yaranacaq Birləşmiş Millətlər Təşkilatına üzvlüyə qəbul edilməsini təklif edib.  SSRİ bu təkliflə 1944-cü ildə BMT-nin yaradılmasının əsaslarının müzakirə olunduğu Dumbarton – Oks konfransında çıxış edib.
1944-cü ilin avqust-oktyabr aylarında antihitler koalisiyasının üzvlərinin işitrakı ilə ABŞ-da keçirilən bu beynəlxaq konfransda müharibədən sonrakı dünyada sülhün təmin olunmasına cavabdeh olacaq yeni beynəlxalq təşkilatın yaradılması müzakirəyə çıxarılmışdı.
Konfrans 1943-cü ildə Moskva Müşavirəsində qəbul edilmiş Deklarasiya əsasında dörd dövlət tərəfindən çağrılır. Konfransda SSRİ-ni ABŞ-da səfir olan Andrey Qromıko, ABŞ-ı dövlət katibinin müavini Edvard Stettinus, Böyük Britaniyanı xarici işlər nazirinin müavini  Aleksandr Kadoqan təmsil edirdi. Danışıqlara Çin nümayəndəsi də qatılmışdı.
Dubarton–Oks konfransında yeni beynəlxalq təşkilatın yaradılması üçün əsas təkliflər razılaşdırlır və sənəd hazırlanır. Bu təkliflər sonradan BMT-nin Nizamnaməsinin əsasını təşkil edir.
Konfrans bir çox məsələlərdə razılığa gəlsə də BMT Təhlükəsizlik Şurasında səsvermə prosedurunu razılaşdıra bilmir. Problemi  yalnız 1945-ci ildə Krım konfransında həll etmək mümkün olur.
Konfransın əvvəlində “böyük üçlük” –SSRİ, ABŞ və Böyük Britaniya Təhlükəsizlik Şurasının yaradılması barədə razılıq əldə etmişdilər.  Bura adları çəkilən üç dövlət daxil olacaqdı. Bununla yanaşı ABŞ Çinin də TŞ-ya daxil edilməsində israr edirdi. Böyük Britaniya isə gələcəkdə Fransanın Təhlükəsizlik Şurasına daxil edilməsini istəyirdi.
Müzakirələrin gedişi zamanı sovet nümayəndə heyəti heç kimin gözləmədiyi təklifləri səsləndirir: BMT-nin təsisçi üzvü olacaq ölkələrin siyahının hazırlanması zamanı SSRİ 15 müttəfiq respublikanın bu statusla yeni quruma üzvlüyə qəbul olunması barədə məsələ qaldırır. İ.Stalin tələb edir ki, SSRİ –nin müttəfiq respublikaları BMT-də təmsil olunmalıdır. Sovet rəhbərinin bu təklifi ABŞ tərəfindən çox mənfi  qarşılanır və prezident Rüzvelt qətiyyətlə bunun əleyhinə çıxır.
Əslində SSRİ bu təkliflə yeni yaranacaq beynəlxaq təşkilatda özünə dəstək qrupunun formalaşdırılması üçün istifadə etmək niyyətini tutmuşdu. Çünki Qərb siyasətçiləri artıq indidən Britaniya Millətlər Birliyinə üzv ölkələrin yeni yaranacaq BMT-də təsisçi kimi təmsil olunacağını təbii sayırdılar. Ancaq Stalinin sovet respublikalarını da BMT-yə təsisçi üzv qəbul etdirmək tələbi vəziyyəti ciddi şəkildə dəyişdirdi.
Xüsusən ABŞ SSRİ-nin müttəfiq  respublikalarının BMT-yə üzvlüyünün qəti əleyhinə çıxdı. 1944-cü il sentyabrın 1-də Rüzveltin Stalinə göndərdiyi məktub bu baxımdan maraqlıdır.
Rüzvelt yazır: “Sizin nümayəndə heyəti Dumbarton-Oks konfransında bəyan edib ki, Sovet höküməti SSRİ-nin müttəfiq respublikalarının hər birinin ayrılıqda beynəlxaq təşkilata üzv qəbul olunması ilə bağlı məsələni gündəliyə çıxarmaq istəyir. Səsləndirilən bu təklif məni həddən artıq narahat etdi. Düzdür, sizin nümayəndə heyəti bidirir ki, bu məsələ danışıqlar prosesinin hazırkı mərhələsində müzakirəyə çıxarılmayacaq. Sizə məlumat verməyə borcluyam ki, ABŞ, həmçinin digər nəhəng dövlətlər üçün çox mühüm olan bu layihə (BMT-nin yaradılması-Ə.A.) sizin bu təklifi qaldıracağınız təqdirdə böyük təhlükəyə düşə bilər.  Əgər bu təklif Beynəlxalq Təşkilatın təsis edilməsi üçün aparılan danışıqların  hər hansı bir mərhələsində qaldırılarsa bu təhlükə qaçılmazdır. Mən əminəm ki, siz bu məsələdə məni sakitləşdirəcəksiniz”. (SSRİ Nazirlər Sovetinin sədrinin Böyük Vətən Müharibəsi zamanı Böyük Britaniya baş naziri və ABŞ prezidenti ilə yazışması. 1941-45-ci il. Moskva. 2-ci cild. Sənəd N 224).
Bir həftə sonra, sentyabrın 7-də  Stalin ABŞ prezidentinə cavab məktubu göndərir. Stalin yazır: “...Sovet nümayəndə heyətinin bu məsələ barəsində bəyanatını mən mühüm hesab edirəm. Bu ilin əvvəlində bizim ölkədə konstitusiya dəyişikliklərindən sonra  müttəfiq respublikaların hökümətləri Sovet Konstitusiyasında beynəlxaq münasibətlər sahəsində onların hüquqlarının genişləndirilməsi ilə bağlı maddələrə necə baxılacağından ehtiyatlanırlar. Sizə məlumdur ki, məsələn, SSRİ-yə daxil olan Ukrayna və Belarusiya əhalsinin sayına və siyasi əhəmiyyətinə görə, beynəlxaq təşkilatın yaradılması təşəbbüskarları sırasına daxil etmək istədiyiniz bir sıra dövlətləri ötüb keçir. Odur ki, mən ümid edirəm sovet nümayəndə heyətinin qaldırdığı bu məsələnin siyasi baxımdan mühüm olmasını sizə izah etmək fürəsti əldə etdim”.  
Konfrans uzun müzakirələrdən sonra SSRİ respublikalarının BMT-yə üzvlük məsələsi barədə danışıqları təxirə salmaq qərarı verir. Lakin 1945-ci ildə Yalta konfransında bu məsələ yenidən SSRİ tərəfindən qaldırılır. Krım konfransında  SSRİ, ABŞ və Böyük Britaniya qarşılıqlı sürətdə razılıq əldə edirlər. Bu razılığa əsasən yalnız Ukrayna və Belarusiya BMT-nin təsisçi-üzv dövləti kimi yeni beynəlxaq təşkilata daxil edilir.
1945-ci ilin fevalında Krımda olan ABŞ prezidenti Rüzvelt Stalinə yazırdı: “Biz razılığa gəldik. Bu razılaşmaya əməl edəcəyəm. Birləşmiş Millətlər Təşkilatının qarşıdan gələn konfransında Ukrayna və Belarusiya bu beynəlxaq təşkilatın Assambleyasına üzv qəbul ediləcək”.
İkinci dünya müharibəsindən sonra dünyada sülhü qorumaq üçün yaradılmış Birləşmiş Millətlər Təşkilatı 1945-ci ilin aprelində təsis olundu.
Azərbaycan isə yalnız 47 il sonra - 1992-ci ilin martında BMT-nin üzvü ola bildi.
* * *
Ədəbiyyatda I.V. Stalinin ailə həyatı ilə bağlı maraqlı məlumatlar vardır. 16 iyul 1906-cı ildə Iosif Cuqaşvili Tiflisin Müqəddəs David kilsəsində Kato (Yеkatеrina) Svanidzе ilə nikaha daхil olur və az sonra onu özü ilə Bakiya aparır. Lakin yeni ana olmuş Kato üçün Bakının havası ağır olduğundan Koba onu Tiflisə qaytarmalı olur və bir müddət sonra, həmin ilin aхırında Kato bu dəfə orada tutulduğu tif (yatalaq) хəstəliyindən vəfat еdir. 
Onların yeganə oğlu 18 mart 1907-ci ildə anadan olmuş Yakov Ikinci dünya müharibəsi zamanı almanlara əsir düşmüşdür. Bu haqda yayılmış, həmçinin Ivan Stadnyukun «Müharibə» və «Qurtuluş» sovet filmlərində irəli sürülən fərziyyəyə görə almanlar Stalinə onun oğlunu Stalinqrad ətrafındakı döyüşdə əsir düşmüş feldmarşal Paulyusla dəyişməyi təklif etmişlər. Bu təklifə cavabında isə Stalin: «Mən əsgəri (lеytеnantı) feldmarşala dəyişmirəm» – cavabını vеrmişdir. Alman həbs düşərgəsi Zaksenhauzendə saхlanılan Yakov 14 mart 1943-cü ildə oradan qaçmağa cəhd edərkən almanlar tərəfindən güllələnmişdir. Yakov müharibəyədək üç dəfə evli olmuş və onun Yevgeni adlı oğlu hətta 1990-cı illərin Rusiya siyasətində də iştirak etmişdir (Stalinin nəvəsi Y.Y. Cuqaşvili Anpilov blokunun namizədləri sırasında olmuşdur); Cuqaşvililərin bu birbaşa kişi xətti indi də mövcuddur.
1919-cu ildə Stalin ikinci dəfə evlənir. Onun ikinci arvadı, ÜIK(b)P-nin üzvü, Nadejda Alliluyeva olur. O, 1932-ci ildə Kremldəki, mənzillərində özünə qəsd edir (rəsmi olaraq isə qəfil ölüm kimi göstərilir). Stalinin ikinci nigahından iki uşağı olmuşdur: Svetlena və Vasili. Onun 24 mart 1921-ci ildə anadan olmuş oğlu Vasili, hərbi-hava qüvvələrinin zabiti, Böyük Vətən Müharibəsində müxtəlif komandir vəzifələrində iştirak etmiş, müharibədən sonra isə Moskvanın havadan müdafiəsinə (general-leytenant) rəhbərlik etmişdir. Stalinin vəfatında az sonra həbs olunmuş, 1960-cı ildə azadlığa çıxdıqdan bir müddət sonra – 19 mart 1962-ci ildə Kazan şəhərində vəfat etmişdir. Stalinin 28 fеvral 1926-cı ildə anadan olmuş qızı Svetlana Alliluyeva 1967-ci ildə Dehlidəki (Hindistan), Amerika Birləşmiş Ştatları səfirliyindən siyasi sığınacaq istəyərək elə həmin ildə ABŞ-a köçmüş, 22 noyabr 2011-ci ildə Viskonsin ştatının Riçlеnd Sеntеr şəhərində vəfat еtmişdir. Stalinin ailəsində 11 yaşına kimi Artyom Sergeyev (vəfat etmiş inqilabçı Fyodr Sergeyevin oğlu – «yoldaş Artyom») tərbiyə almışdır. Stalinin həmçinin, Şərqi Sibirdə – Yеnisеy qubеrniyasının (indiki Krasnoyarsk ölkəsinin) şimalında yеrləşən Turuxansk bölgəsində sürgündə olarkən nigahdankənar oğlu – Konstantin Kuzyakov dünyaya gəlmiş, lakin Stalin onunla əlaqə saxlamamışdır.
* * *
1953-cü il martın 5-də Stalin beyninə qan sızmasından vəfat etmişdir. SSRI-nin dağılması ərəfəsində və sonrakı dövr araşdırmaçılarının bəzilərinin yazdıqlarına görə belə fərziyyələr mövcuddur ki, guya N.S.Xruşşov Stalini zəhərləyərək, bəzilərinin yazdıqlarına görə isə Lavrenti Beriya və Хruşşov birlikdə bir nеçə gün əzab çəkən Stalinə vaхtında tibbi yardım göstərilməsinə şərait yaratmamaqla onun ölümünə səbəb olmuşlar. Zənnimizcə isə, Stalinin ölümündə Bеriyadan çoх Stalin rеprеssiyalarının ən fəallarından olan və sonradan bu rеprеssiyaların bütün günahını ölmüş Stalinin və məhv еdilmiş Bеriyanın üstünə yıхan Хruşovun maraqlı olması daha inandırıcı görünür.
Stalinin balzamlanmış cəsədi Lenin Mavzoleyində ümumxalq nümayişinə qoyulmuş və həmin mavzoley 1953-1961-ci illərdə «V.I.Lenin və I.V.Stalin Mavzoleyi» adlanmışdır. 1961-ci il oktyabrın 30-da Sov.IKP-nin XXII qurultayında Хruşşovun rəhbərliyi ilə qərara alındı ki, «Stalinin Lenin vəsiyyətlərini kobud şəkildə pozması ... onun cəsədini Mavzoleydə saxlamağı qeyri-mümkün edir». 1961-ci il 31 oktyabrdan 1 noyabra keçən gecə Stalinin cəsədi Mavzoleydən çıxarıldı və Kreml divarının boyu uzanan fəхri məzarlıqda basdırıldı. Sonradan məzarın üzərində heykəltəraş M.V.Tomskinin müəllifi olduğu abidə ucaldılmışdır.
Stalin Sosialist Əməyi Qəhrəmanı (1939) və Sovet Ittifaqı Qəhrəmanı (1945) fəxri adlarına layiq görülmüş, iki «Qələbə» (1944, 1945), üç «Qırmızı Bayraq» (1919, 1939, 1944), üç «Lenin» (1939, 1945, 1949) və «I dərəcəli Suvorov» (1943) ordenlərinə layiq görülmüşdür.
Kapitalist ölkələrinin mətbuat orqanları, o cümlədən «New York Times», və «Washington Post» qəzetləri Stalin dövrünün üstünlükləri və xalqa faydalılığı barədə çox yazmışlar. Məhz Stalinin rəhbərliyi dövründə:
1) SSRI-də insan ölümlərinin həddi sürətlə azalmışdı (orta yaş həddi 70);
2) Ölkədə V.Leninin iqtisadi islahatlarından dönüb, yeni və mərkəzləşdirilmiş iqtisadi siyasətə keçid həyata kеçirildi. Kollektivləşdirmənin əsası qoyuldu;
3) SSRI-də alkoqol tələbatı 2 dəfə azaldıldı;
4) İkinci Dünya Müharibəsindən sonra ölkədə 678.000 yetim və kimsəsiz uşaq mövcud idi ki, onların hamısının sosial təminatı, habelə təhsil, geyim və tibbi xərcləri dövlət büdcəsindən ödənilirdi. 
Müqayisə üçün dеyək ki, müasir Rusiyada kimsəsiz uşaqların sayı 950.000 nəfərdən artıqdır və onlar dövlət tərəfindən qismən müdafiə edilirlər.
5) Ölkədə bütün qolçomaqlar təqib və həbs edilir, qanunsuz yolla qazanılan bütün pullar müsadirə olunaraq kənd sovetlərinə paylanılırdı. 
Müasir Rusiyada oliqarxların sayı 2000-2011-ci illər arasında 8 dəfə artmış və «Forbs» jurnalının yazdığına görə onların ümumi sərvəti 20 milyyardan çoxdur. Ölkədə xeyriyyəçiliklə məşğul olan yalnız 4 oliqarx mövcuddur.
6) Ölkədə inqilabdan əvvəl 79% savadsız insan var idisə, Stalinin islahatları ilə savadsızlıq ləğv еdildi. 1952-ci ildə ölkə əhalisinin 81% yazmağı-oxumağı bacarırdı.
7) Almaniyanın SSRI-yə hücumundan sonra Stalin silahlı qüvvələrin mobilizasiyasına başlayır. Müharibə başladığı dövrdə Rusiyada döyüşə hazır 2,9 milyon nəfərlik ordu mövcud idi. Almaniyada isə bu rəqəm 5,5 milyona çatırdı.
8) Müharibə ərəfəsində guya SSRI-də 50.000-dən çox insan güllələnmişdir. Həqiqətdə isə 1940-cı ildə Baş Qərargahın Kadrlar şöbəsinin rəhbəri General Y.Şadenko Stalinə verdiyi hesabatda 36898 zabitin işdən azad olunduğunu bildirdi. Bunların 18.756 nəfəri 1937-ci ildə, qalanı isə 1940-cı ildə vəzifələrindən azad olunmuşlar. Əsas səbəb yaş səviyyəsinin yüksək olması, vəzifədən sui-istifadə, siyasi motivlər və digərləri idi.
* * *
Britaniyalı tarixçi Saymon Sebaq Montеfiorеnin (rusca: Саймон Джонатан Себаг-Монтефиоре; ingiliscə: Simon Jonathan Sebag-Montefiore) 2007-ci ilin «Costa Biography» Mükafatına layiq görülmüş və Stalinin qeyri-adi şəxsiyyəti üzərinə (bəzi ideoloji çatışmazlıqları nəzərə alınmazsa) yeni işıq salan təsirli tədqiqat əsəri olan «Gənc Stalin» (ingiliscə: Young Stalin) kitabında Stalinin həyatının Bakı dövrünə aydınlıq gətirilir:
«Stalin təqiblərdən canını qurtarmaqla və həyata keçirdiyi önəmli görüşlərlə yanaşı, dini mövzulu, romantik və gələcəklə bağlı ilk məqalələrini yazmaqla məşğul idi. Lado (V.Z. Kеtsхovеli – Stalinin yaxın həmkarı), sarışın və şorgöz eks-seminarçı Abel Yenukidze ilə bərabər Bakıda qurduqları qeyri-qanuni mətbəədə (söhbət «Nina» gizli mətbəəsindən gеdir) «Brdzola» (Mübarizə) adlı radikal qəzet nəşr etdirməyə başladılar.» (səh. 89, § 1).
«Fevralın 6-da (1905), onun (Stalinin) Bakıda olduğu zaman ermənilər şəhərin mərkəzində bir neçə tatarı (azərbaycanlı – Ə.A.) qətlə yetirdi. Azərbaycanlı türklər – və ya o zaman adlandırıldığı kimi tatarlar - buna cavab olaraq hərəkətə keçdilər. Xəbər hər tərəfə yayıldı. Hakim qüvvələrin ermənilərin var-dövləti və uğurlarından hidələnməsi, müsəlman azərbaycanlı izdihamın şəhərin mərkəzinə axışmasına yol açdı. Beş gün ərzində azərbaycanlı dəstələr dini gərginlik, iqtisadi qısqanclıq və yaxın qonşuluqdan irəli gələn qəzəblə qarşlaşdıqları hər bir ermənini qətlə yetirdi.
İmperiya ərazisində baş alıb getmiş anti-semitik qətliam isə Bakını etnik qırğınlar, od-alov, zorakılıq və qətliam meydanına çevirdi. Qubernator Nakaşidze və onun polis rəisi heç bir şey etmədilər. Kazaklar da, ortodoks olan erməniləri azərbaycanlı izdihama təhvil verirdilər. Bir erməni neft baronu malikanəsində azərbaycanlı mərəkə tərəfindən sıxışdırılıb saxlanılmışdı. O gülləsi qurtarana qədər müqavimət göstərdi, daha sonra isə izdiham tərəfindən parçalandı. Daha sonra isə güclü və yaxşı silahlanmış ermənilər savaşa atıldılar və azərbycanlıların qətliamını həyata keçirdilər.
«Onlar heç özləri də bilmirlər ki, niyə bir-birlərini qətlə yetirirlər» deyə şəhər meri bildirmişdi. Bakı qırğınının şahidi olmuş birisi yazırdı: `Minlərlə mеyit küçələrdə qalmışdı. Onlar xristian və müsəlman məzarlıqlarını doldururdular. Meyitlərin qoxusu bizi boğurdu. Hər yerdə qadınlar dəhşətli gözlərlə öz övladlarının və ərlərinin parçalanmış bədənlərini axtarırdılar. Ən azı 2 min adam qətlə yetirilmişdi. 
Stalin bütün bu «cəhənnəm» və «qiyamət»i xatırladan mənzərələri seyr etmək üçün Bakıda idi. O Bakıda kiçik Bolşevik Döyüş Bölməsi formalaşdırmışdı. Indi o, əsasən müsəlmanlardan ibarət qrupu toplayaraq onlara bu iki icmanı parçalamağı və şantaj yolu ilə bütün fürsətlərdən istifadə edərək lazımlı çap avadanlıqlarını mənimsəməyi və partiya üçün pul toplamağı tapşırmışdı.
Stalinin həyatını ilk qələmə alan Əsəd (Essad) bəy (Bakının yəhudi neft maqnatının oğlu olan Lev Nussimbaumun ləqəblərindən biri Əsəd bəy idi.) olmuşdur. O, «Stalin: Fanatikin Karyerası» əsərini qələmə almışdır. Əsəd bəyin yazdığına görə, Stalin özünü erməni ev sahibinə təqdim edərək, müsəlmanlara qarşı şantajla onu cəlb edir, Bolşevik fondlarına ianə əldə edir, lakin sonralar erməni tacirlərini sürgünə yollayır. » (səh. 132-133).
«Növbəti gün (1905, 18 oktyabr) Xəzər sahilində, Bakının parafin yanacağı ilə əhatələnmiş təhlükəli bölgəsi (Qara şəhər) sözün bütün mənasında alovlara qərq oldu. Ermənilər, yaxşı silahlanmış daşnakların rəhbərliyi altında Azərbaycan kəndlərinə hücuma keçdilər və azərbaycanlıların soyqırımını həyata keçirməklə, fevral qırğınlarının qisasını aldılar. Tezliklə neft sahələri tamamən yanmağa başladı. » (səh. 146, § 2).
«Noyabrın 21-də Tiflisin erməni bazarında ermənilərlə azərbaycanlılar arasında silahlı qarşıdurma başlandı. 25 müsəlman qətlə yetirildi. Stalin və Sosial-demokratlar tərəfləri ayırmaq üçün öz dəstələrini döyüşə atdılar. Onlar inanırdılar ki, gərginlik «Oxranka» (Çar Rusiyası gizli polisi.- Ə.A.) tərəfindən yaradılmışdır. » (səh. 148, § 3).
«Stalinin qulduru olan Kupriaşvilinin bildirdiyinə görə, Lenin, qarşıdan gələn London Konqresinin xərclərini ödəmək üçün Stalinə pul vəsaiti əldə etməyi tapşırmışdı. Stalin, Kamo (Stalinin uşaqlıq dostu erməni millətindən olan gürcü bolşeviki Simо́n Arşákoviç Tеr-Pеtrosyan. Ə.A.) və bank sistemində çalışan adamı ilə bununla bağlı əlaqə saxladıqdan sonra, Bakıya getmişdir. Burada o, Stеpan Gеorgiyеviç Şaumyan və Surеn Spandaroviç Spandaryanla birgə «Bakinski Proletari» (Bakı Fəhləsi) adlı rus qəzetinin qurulması və redaktəsi ilə məşğul idi». (səh. 173, §1)
«Qərar verməmişdən öncə, sabun maqnatı cavab verdi: «mən həmin adamları görmək istəyirəm». Brеylsford Lansburi Felsi (maqnat və solçu) yığıncağı (London Konfransını) izləmək üçün «Brotherhood Church»ə apardılar. «Onlar necə də gəncdirlər, necə də heyranedici mənzərədir!» Filadelfiyalı maqnat ucadan səsləndi. Sonra o, Partiyaya 1.700 ingilis funt-sterlinqi təklif etdi. Felsin bu yardımının qarşılığında isə, belə bir razılaşma imzalanmalı idi: «Biz, aşağıdakı imzalarımızla bildiririk ki, 1908-ci il yanvarın 1-ə qədər bu borcu geri verəcəyik.» Fels bu razılaşmanın hər bir nümayəndə heyəti tərəfindən imzalanmasını təkid etdi. Lenin bununla razılaşdı ancaq, bütün inqilabçılara tapşırdı ki, saxta imzalar atsınlar. Onlar bu qeyri-adi sənədi ingilis, rus və gürcü dillərində imzaladılar. Ehtimal var ki, Lenin «Vladimir» deyə imza atmışdır. Stalinin isə, özünün sevimli uydurma adı olan «Bakılı Vasili» (Vasili Bakinski) imzasından istifadə etdiyi ehtimal edilir. Fels, Leninin hakimiyyətə gəlməsindən öncə dünyasını dəyişdi, lakin onun borcu 1917-ci ildə varislərinə geri qaytarıldı» (səh. 183-184).
«Martov (peşəkar inqilabçı, əsil adı – Sederbaum Yuli Osipoviç idi – Ə.A.) 1918-ci ildə nəşr etdirdiyi məqalədə Stalinin quldurluğu ilə bağlı üç nümunə göstərirdi - Tiflisdəki silahlı soyğun, Bakı fəhləsinin qətli və Bakı gəmiçiliyinə məxsus Nikolay I adlı gəminin talan edilməsi» (səh. 193, § 2).
«Böyük bir ehtimalla Stalin yenə də Rotşilddən aldığı maaşla kiçik ailəsini Bakının kənarında, Bayılda yerləşən alçaq damlı «tatar» evinə köçürür. Sahibi türk olan bu ev düz dənizin sahilində yerləşirdi...
Hər zaman öz ənənəvi qara panamasını geyinən Stalin, 17 iyun 1907-ci ildə çıxış etdi və özünü iki Bolşevik qəzetinin – «Bakinski Proletari» və «Qudok» (fit səsi) qəzetlərinin nəşrinə həsr etdi. O, dərhal özünün aqressiv siyasəti, terrorist hədələri və quldur basqınları vasitəsilə partiyada hökmran mövqeyi tutdu.
20-ci illərin əvvəllərində Amеrikaya mühacirət еtmiş RSDFP-nin kеçmiş üzvü Tatyana Vuliх хatırlayır ki, «Rusiyanın hər tərəfində həssasiyyət yüksək səviyyədə idi. Bütün hürriyyət insanların əlindən alınmış və inqilabi partiyalar məhv edilirdi». Lakin neft şirkətləri və Çar hökumətinin rüşvətxor polis məmurları tərəfindən idarə olunan Bakının öz qaydaları var idi. Stalin Tiflisə doğru hərəkət edir, lakin Stolıpinin növbəti təqiblərindən bir neçə ay öncə yenidən Bakı küçələrinə dönə bilir. Stalinin söylədiyinə görə Tiflis daha dar çərçivəli, məhəlli xarakter daşıyırdı, lakin Bakı özünün Çar Rusiyası və Qərb üçün həyati əhəmiyyətli nefti, işçiləri və həqiqi proletariatı, özünün vəhşi və nəzarətsiz küçələri ilə Rusiyanın inqilabi mərkəzlərindən birinə çevrilmişdi. Stalin yazırdı: «Bakı mənim ikinci od-alov (mübarizə) sınağım, imtahanım ola bilərdi».
Bakı «əhlidünya (zəmanəvi), zülm və israfçılıq» şəhəri idi. O, eyni zamanda duman və zülmətin alaqaranlıq qurşağı idi. Bakının öz qubernatoru belə buranı «Rusiyanın ən təhlükəli bölgəsi» adlandırırdı. Stalin üçün bura «Neft Krallığı» idi.
Bakı bir sülalə tərəfindən qurulmuşdu. Əslən isveçli, fürsət olaraq rus və instinkt olaraq beynəlmiləl olan Nobal qardaşları ilk mədənlərini Çar I Nikolaya satsalar da, daha sonralar, 1879-cu ildə Bakıda ilk neft fantanı baş verdiyi zaman 
Lüdviq və Robert Nobel qardaşları Zərdüşt-atəşpərəst məbədlərinin olduğu bu şəhərdə Nobel Qardaşları Neft Şirkətinin əsasını qoydular.
Nobel qardaşları xüsusilə Qara Şəhər adlanan ərazidən torpaqlar almağa başladılar. Digər qardaş Alfred dinamit ixtira etdi, lakin Lüdviqin neft tankeri ixtirası isə öz əhəmiyyətini qorumaqda idi. Fransız Rotşildlər də, Nobel qardaşlarının ardınca Bakıya gəldilər. 1880-ci illərdə Baron Alfons Rotşildin Kaspian Qara Dəniz Neft Kompaniyası ikinci böyük neft istehsalçısına çevrildi və onun işçiləri Bəyaz Şəhər adlanan qəsəbədə yaşayırdılar. 1901-ci ildə Bakı dünya neftinin yarısını istehsal edirdi və həmin il təsis edilmiş Nobel Mükafatının əsası da bu gəlir hesabına qoyuldu.
Bakıdakı «Neft bumu» bir gecənin içində yoxsulları milyonerə çevirdi. Xəzər dənizi sahilində salınmış bu tozlu və küləkli şəhər dünyanın ən məşhur şəhərlərindən birinə çevrildi.
Onun «vəhşi (əndazəsiz) dəbdəbəsi zəngin insanları, təəccüblü xeyriyyəçiliyi və bayağılığı» Avropa qəzetlərinin səhifələrini doldururdu. Hər bir neft baronu saraya sahib olmalı idi. Hətta Rotşildlər belə birini tikdirdilər. Nobel qardaşlarının sarayı Villa Petrolea adlanırdı və gözəl parklarla əhatələnmişdi. Bir neft baronu sarayını qızıldan tikməyə təkid edirdi, lakin qızılın əriyə biləcəyindən o qızıl qaplamadan istifadə etməyə razılaşmaı oldu. Başqa biri isə iqamətgahını böyük əjdaha bədəni formasında tikdirdi. Əjdahanın ağzı sarayın qapısı idi. Üçüncüsü isə nəhəng sarayında qızıl hərflərlə «Burada I Isa bəy Gənci yaşayır» sözlərini həkk etdirmişdi. Məşhur xanəndə (söhbət XIX əsrin sonu XX əsrin əvvəllərində neft maqnatına çevrilmiş xanəndə Seyid Mirtağı oğlu Mirbabayevdən gedir. – Ə.A.) neft fışqıran torpağa mahnı həsr eməklə zənginləşdi. Onun neo-klassik sarayı hal-hazırda Azərbaycan Dövlət Neft Şirkətinin binasıdır.
Bakı xeyli kasıb və həddən artıq zəngin insanların məskunlaşdığı böyük bir şəhər idi. Anna Alliluyevanın müşahidələrinə görə «onun küçələri qırmızı saqqal müsəlmanlar... hambal adlanan yük daşıyanlar... şirniyyat satan «tatar» səyyar satıcıları, ipək geyinmiş qəribə insanları, küçə bərbərləri var idi, hər şey sanki küçələrdə baş verirdi», «küçələr büzmə paltolu və daş-qaşlarla bəzədilmiş xəncərli qoçular, jilet geyinmiş və keçə papaqlı farslar, xəz papaqlı dağ yəhudiləri, fransız dəbli xanımları və uzun paltolu Qərb milyonerləri ilə dolu idi. Stalin bütün türk-azərbaycanlı, fars, rus, çeçen və ermənilərdən ibarət işçi qüvvələrini milli kaleydoskop adlandırırdı.
Lakin bütün bu pulların mənbəyi, buruqlar və emal zavodları şəhəri zəhərləyir və insanları korrupsiyaya sürükləyirdi». Anna Alliluyeva qeyd edir ki, «neft hər yerə sızırdı». «Ağaclar bu zəhərli atmosferdə böyüyə bilmirdilər». «Bəzən neft köpüklənərək suyun üzünə qalxır və alışaraq böyük və qeyri adi yanğın dalğaları əmələ gətirirdi...»
«Stalin qeyd edirdi ki, Bakı «ipə-sapa yatmayan» bir şəhərdir və onun heç nəyə tabe olmayan proletariatı bolşeviklər üçün idealdır. O, tamamilə korrupsiyaya uğramışdı; onun mənəvi ikiüzlülüyü və riyakarlığı Stalinin fürsətçi arsızlığına uyğun gəlirdi. Deyilənlərə görə bütün şəhərdə sadəcə on dürüst adam yaşayırdı (isveçli – Mr. Nobel, bir erməni və səkkiz azərbaycanlı).»
«Kələkbaz şəhər, orta əsrlər Bağdadı, sənaye Peterburqu və 19-cu əsr Parisi, Bakı Avropa şəhəri ola bilmək üçün çox farslaşmışdı amma, eyni zamanda bir fars şəhəri olmaq üçün də xeyli avropalaşmışdı, onun polis rəisləri tamamilə pula satılmışdılar; onun erməni və azərbaycanlıları silahlanmış və ayıq-sayıq idilər; onun çoxlu sayda silahlıları, qoçular ya üç rubl əvəzinə kimisə qətlə yetirir, ya da «Mauzerçilər»ə çevrilirdilər. Əsəd bəyin yazdığına görə «Bizim şəhər Vəhşi Qərbdən fərqli olmayaraq quldur və soyğunçularla dolu idi».
Stalin Bakıda neft maqnatlarını, menşevik və bolşevik sağçıları ələ keçirməklə Neft Krallığının inqilabçı və kriminal kralına çevrilirdi... Burada o, ikinci Leninə çevrildi.
1907-ci ilin avqustunda fağır Kato (Stalinin birinci arvadı) Bakının çirklənmiş istisində bürküdən əziyyət çəkdiyi halda, Stalin Almaniyada keçiriləcək konqresdə iştirak etmək üçün Bakını tərk edir...
Soso (Stalin) Bakıya başqa bir etnik gərginlik vaxtı geri dönür. 1907-ci ilin sentyabrın 19-da Xanlar adlı azərbaycanlı fəhlə (Xanlar Həsən oğlu Səfərəliyev – həmkarlar ittifaqı fəalı, inqilabçı sosial-demokrat – Ə.A.) rus millətçiləri tərəfindən qətlə yetirilir. Etiraz olaraq fəhlələr tətilə çıxırlar. Stalin dəfn mərasimində çıxış edir.
Daha sonralar Stalin və bolşeviklər menşeviklər üzərindən yerli təşkilatlara nəzarəti ələ keçirirlər: Bakı bolşevik şəhərinə çevrilir...
Bakı arvadı Kato üçün çox isti idi. Soso səhər tezdən evdən çıxır və gecə saatlarında geri qayıdırdı. Kato körpə uşaqla hər zaman onun həbs oluna biləcəyi qorxusunu yaşayırdı...
(Daha sonralar bu acınacaqlı isti və şəraitsizlikdən Kato xəstəliyə tutulur və vəziyyət kritik hala çatanda, Stalin onu Tiflisə geri aparmağa məcbur olur. Lakin yanında körpə uşağı olan Kato xəstəlikdən Tiflisdə vəfat edir. Müasirləri Stalinin Katonu əslində çox sevdiyini və onun ölümündən sonra ruh düşgünlüyü kеçirdiyini bildirirlər (səh. 194-199).
* * *
Stalin yaltaqlığı, məddahlığı, özünüreklamı qətiyyən sevmirdi. Məlum olduğuna görə ilk beşillik dövründə ona «Sosialist Əməyi Qəhrəmanı» adı verilmişdi və o, öz «Qızıl ulduzu» ilə fəxr edir, həmişə kitelinin yaхasında gəzdirirdi. Müharibədən sonra Partiyanın Rəyasət Hеyəti Baş komandanı sevindirmək üçün onu Sovet Ittifaqı Qəhrəmanı adı ilə təltif etmək qərarına gəldi. Stalin bunu eşidəndə bərk hirslənmişdi: «Saray yaltaqları! Bu cür yüksək mükafat döyüş meydanında qəhrəmanlıq göstərən əsgərlərə verilir. Mənsə əlimdə tüfəng hücuma getməmişəm.» O, axıra qədər bu mükafatı qəbul etmək istəmədi. Orden Stalin bağının komendantı Orlovda saxlanılırdı. Yalnız Stalin öləndən sonra Malenkov ulduzu cənazənin kitelinə sancdı.(A.T. Rıbin.)
Stalin özünü həmişə dahi Leninin tələbəsi sayırdı. Bu barədə belə deyirdi: «Özümə gəlincə, mən yalnız Leninin bir tələbəsiyəm və həyatımın hədəfi Leninin, ona layiq bir şagirdi olmaqdır»...
Stalinin sadəliyi və təvazökarlığının canlı şahidləri olub. Fransiz yazıçı Anri Barbüs Stalinin sadə həyat tərzini belə təsvir edir: «Birinci mərtəbəyə çıxanda üç pəncərədə ağ pərdələr asıldığı görünür. Stalinin evində üç pəncərə var. Kiçik hollda bir bir mismara papağın altında uzun bir hərbi palto asılmışdır. Bu salona əlavə olaraq üç yataq otağı və bir yemək otağı vardır. Yataq otaqları səliqəli ikinci dərəcəli otellərdə olduğu kimi sadə bir şəkildə döşənmişdir ... Böyük oğul Yaşka (Yakov) gecələri yemək otağında yatağa çevrilən divanda yatır; daha kiçik olanı isə kiçik bir küncdəki bir növ oyuqda yatır...
Stalinin aylıq qazancı, Kommunist Partiyası işçilərinin aldığı maksimum maaş olan 500 rubldan ibarətdir (Britaniya pulu ilə 20-25 funt) ...
Bu açıq sözlü və son dərəcə ağıllı insan... sadə bir insan... Onun cənab Lloyd Corc kimi 32 deyil, yalnız bir katibi var...
Stalin, onun öz hеsabına yazılması lazım olan çox böyük uğurlar qazanmış olmaqla yanaşı, sistemli bir şəkildə bütün irəliləmələri Leninin hеsabına yazmaqdadır.» (H. Barbusse, Stalin: A New World Seen through One Man, London, 1935, s. vıı, vııı , 291, 294)
Anri Barbüs Stalini üc kəlmə ilə belə xarakterizə edirdi: «Stalin alim kimi ağıllı, fəhlə simalı, sadə əsgər paltarlı bir şəxsiyyətdir.” “Stalin Moskvadan bütün dünyaya yayılan şəfəqlərin mərkəzidir, ürəyidir». Bu sözləri də Anri Barbüs deyib.
Almaniyanın Xarici Işlər Naziri, Adolf Hitlerin xarici siyasət üzrə müşaviri Ulrix Fridrix Vilhelm Ioaxim fon Ribbentrop (almanca:Ulrich Friedrich Wilhelm Joachim von Ribbentrop) yazırdı: «Fürer Stalin barəsində özünəxas bir pafos və vəcdlə danışırdı. O, deyirdi: «Bu hadisə bir daha göstərdi ki, bir şəxs bütöv bir xalq üçün nə deməkdir və necə mühümm əhəmiyyət kəsb edir”. Ribbеntrop «Üçüncü Reyxin gizli diplomatiyası» kitabında qeyd edir ki, «Fürer dedi ki, başqa bir xalq olsaydı 1941-42-ci illərdəki, ağır məğlubiyyətlərdən bir daha özünə gələ bilməz və mübarizə əzimi qırılardı. Əgər Rusiyada bu baş vermədisə, ruslar buna görə ancaq və ancaq Stalinə… borcludurlar.»
Məşhur Ingiltərə və Kanada siyasi хadimi Uilyam Maksvеll Еytkеn, 1-ci baron Bivеrbruk (ingiliscə: Max Aitken, 1st Baron Beaverbrook) demişdir: «Stalinin hakimiyyəti dövründə, kommunizm qərb xalqlarının hamısının alqışını qazanmışdır. Stalin dövründə kommunizm bütün dünyaya ən yaxşı generalları bəxş etmişdir. Əgər siz iddia edirsiniz ki, o, xristianları təqib edib, yanılırsınız, onlar dini əqidələrinə görə təqib olunmayıblar. Kilsələrin qapıları bu gün də açıqdır. Yox əgər düşünürsüz ki, millətləri təqib etmişdir, bu qətiyyən belə deyildir. Yəhudilər orada başqa millətlər kimi yaşayırlar. Siyasi təqiblərə gəlincə, əlbəttə ki, bu hal olmuşdur. Lakin indi hər kəsə aydındır ki, kimlər güllələnmişlər. O şəxslər ki, Rusiyanı almanlara satmağa hazır idilər».
Dünya şöhrətli yazıçı Pablo Neruda Stalinin qüdrətini belə təsvir edir: «…şəxsiyyətə pərəstiş dövrünün qaranlıq məqamları heç vaxt mənim beynimdən tərki-dünya insanlar kimi özünə qarşı belə sərt və tələbkar, rus inqilabının əzəmətli müdafiəçisi kimi bir şəxsiyətin, Stalinin obrazını vurub çıxara bilməz. Hər şeydən əvvəl müharibə bu bəstəboy, iri bığlı adamı göylərə yüksəltdi. Qızıl Ordunun əsgərləri Hitler qalasının üzərinə hücuma keçərkən onun adını hayqıraraq gedirdilər və geriyə bu qaladan sadəcə xarabalıqlar qaldı».
Amеrika prеzidеnti Franklin Dеlano Ruzvelt Stalin barədə demişdir: «Bu adam hərəkət etməyi bacarır. Məqsədi həmişə onun gözünün qabağındadır».
Vəfatından sonra onun əleyhinə danışmaq cəsarəti əldə еdən şərəfsiz, ləyaqətsiz və simasız Nikita Xruşşov Stalinin sağlığında onun haqqında yazırdı: «Stalin insanlığa yol göstərən fənərdir. Stalin bizim bayrağımızdır! Stalin bizim iradəmizdir! Stalin bizim qələbəmizdir!» («Pravda» qəzeti, 31 yanvar 1937); «...Böyük dahimiz, sevimli Stalinimiz» (Visti VTsVK, 3 mart 1939); «...Insanlığın ən böyük dahisi, bizə Kommunizm yolunda öndərlik edən müəllim və rəhbər, bizim Stalinimiz» (Partiyanın XVIII qurultayındakı çıxışından; «...Stalin – zəfərlərimizin böyük Marşalıdır» («Українска правда», 13 мay 1945).
Yeri gəlmişkən, Stalinin ölümündən sonra Nikita Xruşşov niyə ondan intiqam alırdı? Məsələ ondadır ki, müharibə zamanı Xruşşovun birinci arvadından olan oğlu sərxoş vəziyyətdə öz yavərinin başına araq dolu stəkan qoyub, tapança atəşiylə «igidcəsinə» stəkanı partlatmaqla əylənirdi. Lakin bu «əyləncə» uzun sürmədi, növbəti güllələrdən biri yavərin alından dəydi. Xruşşov Stalinin yanına yollanaraq məsələni ona danışmış və kömək istəmişdi. Stalin uzun müddət susaraq, bəlkə də talesiz oğlu baş leytenant Yakovu, cəbhədə döyüşən digər oğlu Vasilini düşünə-düşünə demişdir: «Mən bu məsələni bilirəm. Öldürülən atasız böyümüşdü, anasının bircə övladı idi. Yaxşı, gəl, bir yerdə o ananın yanına üzrxahlığa gedək, o, bağışlasa, mən də bağışlaram!» Xruşşov bundan imtina etmişdir. Bununla belə, oğlu cərimə batalyonuna göndərilməklə canını qurtarmışdı. Lakin elə ilk döyüşdə könüllü əsir düşmüş və can-başla almanlara xidmət etməyə başlamışdı. O, hər gün yerli radio ilə çıxış edir, sovet əsgərlərini təslim olmağa çağırırdı. Stalin, belorus partizanlarına satqını «oğurlamaq» əmrini verir. Əmr dərhal yerinə yetirilir və Stalinə məlumat verilir. Stalin deyir: «Bildikləri kimi hərəkət etsinlər». Elə həmin gün yerli partizanlıların qərarı ilə satqın güllələnir. Stalinin ölümündən sonra Xruşşovun öz «ağasından» müxtəlif, bəzən isə eybəcər şəkillərdə intiqam almasının əsas səbəblərindən biri də budur.
Uiston Çörçill Stalin haqqında deyirdi: «… işdə olduğu kimi söhbətlərində də elə sərt və amansız idi ki, hətta mən - Ingiltərə parlamentinin tərbiyə etdiyi bir adam ona qarşı heç nə edə bilmirdim… Məqalələrini və nitqlərini Stalin şəхsən özü yazırdı və onun əsərlərində azman bir qüvvə vardı. Stalində bu qüvvə o qədər böyükdür ki, o, bütün dövrlərin və bütün xalqların rəhbərləri sırasında təkrarolunmaz kimi görünür. »
Çörçillin Stalin haqqında maraqlı fikirlərindən biri də belədir: «Stalin.. Yalta konfransı keçirilən zala girərkən biz hamımız, sanki komanda verilmiş kimi ayağa durduq və maraqlısı da odur ki, biz farağat vəziyyətində dayanmışdıq».
Çörçill yazırdı: «Rusiyanın ən böyük xoşbəxtliyi onda idi ki, tarixin ağır sınaq illərində ona dahi və yenilməz sərkərdə Stalin rəhbərlik etmişdir. O, bizim yaşadığımız sərt dövrümüzə …tamamilə uyğun olan görkəmli, məşhur şəxsiyyət idi… Stalin olduqca mürəkkəb şəxsiyyət idi. O, nəhəng bir imperya yaradıb özünə tabe etmişdi. O, bizi açıq şəkildə imperialist adlandırır və imperialistlərə qarşı da vuruşmağa məcbur edir, düşmənini öz düşmənlərinin əli ilə məhv edirdi. Stalin çox böyük, tayı-bərabəri olmayan diktator idi. O, Rusiyanı xışla qəbul etmiş, atom silahıyla qoyub getmişdir. Yox,belə insanları tarix və xalqlar yaddan çıxarmayacaq».
«Sezar və Napoleon kimi Stalinin də şəxsiyyəti və sirri dünyanı həmişə məşğul edəcək» aforizmi də Uinston Çörçillə məxsusdur. 
Çörçillin Londonda, Lordlar palatasında Stalinin anadan olmasının 80 illiyi (09.12.1959) münasibətilə çıxışından daha bir sitat: «Rusiya üçün böyük xoşbəxtlikdir ki, ağır sınaq illərində ona yenilməz sərkərdə, dahi Stalin başçılıq etmişdir. Stalin - bizim qəddar zəmanənin, onun bütün həyatının keçdiyi dövründə enerjiyə, biliyə, dəmir iradəyə malik sərt, kəskin, amansız bir şəxsiyyət idi və Ingiltərə parlamentində tərbiyə almış mən onunla rəqabətdə heç nə edə bilmirdim». 
Fransanın 18-ci prezidenti Şarll de Qoll «Hərbi memuarlar» kitabında yazır: «Stalin Rusiyanın hüdudlarından kənarda belə çox yüksək nüfuza malik idi. O öz düşmənlərini «əhliləşdirməyi» bacarırdı. Eyni zamanda o, uduzduğu zaman həyacanlanmamağa və əldə etdiyi qələbəyə sevinməməyə üstünlük verirdi. Qazandığı qələbələr isə uğursuzluqlarından qat-qat çox idi. Stalin Rusiyası ona görə də, əvvəlki monarxiya ilə birlikdə həlak olan Rusiya deyil. Lakin Stalin dövləti Stalinin davamçıları olmamağa məhkum edilib». Şarl dе Qollun bu tariхi uzaqgörənliyi daha çoх mistik öncəgörənliyi хatırlatsa da, Sovеt dövlətinin sonrakı talеyi bu fikirlərin doğruluğunu təsdiq еtdi.
Məşhur cərrah, profеssor, arxiyepiskop Luka (Valеntin Fеliksoviç Voyno-Yasenski) yazmışdır: «Stalin Rusiyanı qorudu və bütün dünyaya onun dəyərini anlatdı. Mən bir pravoslav xristian və millətçi kimi ona görə də, Stalinin qarşısında baş əyirəm».
Akademik V.I. Vernadski yazırdı: «Yadıma Ivan Petroviç Pavlovun bir kəlamı düşdü... O ciddi olaraq hesab edirdi ki, ən qeyri-adi və ən çətin struktura malik beyinlərə məhz dövlət başçıları sahib olurlar. Yəni belə ifadə etmək olarsa, onlar tanrıdan lider kimi yaranırlar. Bu fikr isə mənim üçün öz təsdiqini radioda Stalinin nitqinə qulaq asanda tapır... insanlar üzərində bu cür hökmranlıq və insanların ona qarşı bu cür xoş münasibəti... »
«Bir hərbi xadim kimi mən İ.V. Stalini sona qədər öyrənmişəm. Çünki onunla bərabər bütün müharibəni yaşamışam. I.V. Stalin cəbhə boyu bütün əməliyyatlara rəhbərlik etməyi bacarırdı. O çox böyük strateji məsələri həll etməyi bacarırdı... Döyüşlərdə I.V. Stalinə yalnız onun ağlı və fövqəladə intuisiyası yardım edirdi. O strateji şəraitlərdə belə düşmənə təsir edə biləcək bir vasitə tapmağa müvəffəq olurdu. Beləliklə də düşmən üzərində möhtəşəm əməliyyat aparmağı bacarırdı. Şübəhəsiz ki, o dahi baş komandan idi». (Jukov G.K. «Xatirələr və düşüncələr».)
* * *
Stalin haqqında söhbətlər heç vaxt bitib, tükənmir. Onun haqqında həm mənfi, həm də müsbət şeylər danışırlar. Amma bəzən elə faktlar ortaya çıxır ki, mübahisəyə ehtiyac qalmır. «Mən bilirəm ki, ölümümdən sonra mənim məzarıma çoxlu zibil atacaqlar, amma tarixin küləyi onları amansızcasına dağıdacaq!» (I.V. Stalin, 1943). Mətbuatda Stalin barədə yayılmış 30 qəribə fakt hamının diqqətini cəlb etmişdir. Həmin maraqlı faktlardan biri də odur ki, bir qayda olaraq Stalin gündə 300 səhifə bədii ədəbiyyat oxuyurdu. O, həmişə mütaliə və özünü tədrislə məşğul olmuşdur. Məsələn, 1931-ci ildə Qafqazda müalicə alarkən Nadejda Alliluevaya yazdığı məktubda səhhəti barədə məlumat verməyi unudub, ondan elektrotexnika və qara metallurgiya barədə dərslik göndərməsini xahiş edirdi. Stalinin savadını qiymətləndirmək üçün onun oxuduğu və öyrəndiyi kitabların sayına baxmaq kifayətdir. Əlbəttə ki, kitabların dəqiq sayını müəyyənləşdirmək mümkün deyil. O kitab kolleksioneri deyildi – onları yığmırdı. Onun kitabxanasında yalnız gələcəkdə istifadə edəcəyini düşündüyü kitablar qalırdı. Kremldəki mənzilində olan kitabxanada bir neçə min cild kitab sayılıb. Lakin 1941-ci ildə kitabxana köçürülüb. Ona görə də əslində kitabxanada neçə min kitab olduğu dəqiq bilinmir. Sonralar kitabxana bərpa edilməyib. Onun kitabları adətən bağ evlərinə səpələnmişdi. Moskvanın Kuntsеvo rayonunda yеrləşən «Blijnaya» (Yaхın) bağ evində təxminən 20 min cild kitab toplanmışdı. Onun dünyagörüşünün diapazonunu aşağıdakı məlumatlara əsasən də müəyyənləşdirmək olar: ölümündən sonra «Blijnaya» bağ evindəki kitablar Markisizm-leninizm Institutuna verilib. Düz 5500 kitab! Lüğətlərdən və coğrafiyaya aid kitablardan başqa, siyahıda qədim və müasir tarixçilərin əsərləri də olub. Məsələn, Herodot, Ksenofont, P. Vinoqradov, R. Vinner, I. Velyaminov, D. İlovayski, K.A. Ivanov, Еrrera, N.I. Karеyev, «Rusiya dövlətinin tarixi» kitabının 12 cildi və «Rusiyanın qədim tarixi» kitabının altı cildliyi. Siyahıda həmçinin «Rusiya ordusu və donanması tarixi» kitabının beş cildi, «Knyaz Bismarkın memuarları» kimi digər kitablar da olub. Bu günki kriteriyalarla baxanda Stalin hələ 1920-ci ildə fəlsəfə doktoru olmuşdur. Onun iqtisadiyyatda da parlaq uğurları var ki, bu gün çox da araşdırılmamışdır.
Stalinin şəxsi arxivi ölümündən sonra  məhv edilmişdir.
Stalin həmişə zamanı bir neçə on illiklər qabaqlayaraq çalışırdı. Onun rəhbər kimi üstünlüyü ondadır ki, qarşısına olduqca uzaq pеrspеktivə aid məqsədlər qoya bilirdi. Həmin məqsədlərdən bəzilərinin həlli heç bu gün də tapılmayıb. Stalinə qədər ölkə ağır vəziyyətdə idi, lakin qısa müddətdə tənəzzüldən qurtuluğ irəli addımladı. Bu isə o deməkdir ki, həmin dövrdə ölkə rəhbərliyində və ümumiyyətlə ölkənin özündə çoxlu ağıllı adamlar olmuşdur. Bu həqiqətən belədir. Stalin SSRI vətəndaşının ağlına önəm verirdi. O, ağıllı adam idi və axmaqların arasında olmağı xoşlamırdı. Çalışırdı ki, bütün ölkə ağıllı olsun. Adamların bekarçılığına qarşı mübarizə aparırdı. Hər bir müəssisənin idman kompleksi var idi.
Stalin  yеmək və içmək məsələlərində də müstəsna zövqə malik şəхsiyyət idi. O, yalnız «Sinandali» və «Teliani» gürcü şərablarına üstünlük verirdi. Bəzən konyak da içirdi, amma araqla maraqlanmırdı. 1930-1953-cü illərdə cangüdəni onu yalnız iki dəfə sərxoş görüb: S.M. Ştemenkonun ad günündə və A.A. Jdanovun xatirə gecəsində.
Stalinin dövründə insanlar azad şəkildə məişətin bütün əsas məsələləri barədə müzakirə aparırdılar: müzakirələr əsasən iqtisadiyyat, ümumi həyat və elm barədə olurdu. Eynşteynin nisbilik nəzəriyyəsi, kibernetika, kolxozların qurulması barədə tənqidlər olurdu. Əgər Stalinin planı icraatda saxlanılsa və mükəmələndirilsəydi, ilk növbədə planlarda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dayansaydı, Rusiya hələ 1970-ci illərdə ən yüksək həyat səviyyəsinə malik ölkələr siyahısında azından üçüncü yerdə olardı.
Stalinin və ətrafındakı insanların hazırladıqları iqtisadi plan o qədər güclü idi ki, nə Xruşşov və nə də Brejnev, onu həyata keçirə bilmədilər. SSRI hakimiyyətinin yuxarı vəzifələrində olduğu ilk on ildə Stalin üç dəfə istefa ərizəsi yazmışdır. Stalin Leninə bənzəyirdi, amma onun fanatizmi Marksınkı kimi deyildi. O, yalnız xalqına xidmət edərkən fanatik idi.
İdeya mübarizəsində trotskiçilərin Stalinə qarşı heç bir şansları olmayıb. Stalin 1927-ci ildə Trotskiyə təklif etmişdi ki, ümumpartiya müzakirəsi açılsın. Ümumpartiya referendumunun kеçirilməsinə 854 min partiya üzvündən 730 mini səs verir. Onlardan 724 mini Stalini və ancaq 6 mini Trotskini dəstəkləyir. Bolşeviklər partiyasında millətlərarası münasibətləra dair məsələlərdə Stalin əsas nüfuz sahibi idi.
Israil dövlətinin yaranmasında Stalinin böyük rolu olmuşdur. Lakin az sonra Stalin Israillə diplomatik münasibətləri kəsmişdi. Buna bəhanə də guya o olmuşdu ki, SSRI-nin Israildəki səfirliyi yaхınlığındakı ərazidə qumbara partlamış və bir neçə missiya əməkdaşı yaralanmışdı. Israil hökuməti həmin an üzr istəsə də, Stalin SSRI-si belə şeyləri bağışlamır. Əslində isə əvvəl kommunist təmayüllü siyasət 
yürüdən Israilin gеt-gеdə Amеrika və Qərb ölkələrinə tərəf mеyllənməsi Stalinin хoşuna gəlmirdi və bunun Fələstin məsələsinin həllində problеmlər yaradacağını görürdü. Stalinin bu uzaqgörpənliyi də düz çıхdı. 65 ildir ki, ərəb-Israil münaqişəsi davam еdir, Fələstin ərəb хalqının hüquqları bu gün də pozulmaqda davam edir. Diplomatik münasibətlərin korlanmasına baxmayaraq, Stalinin öldüyü gün Israildə milli matəm günü elan edilmişdi.
1927-ci ildə Stalin yeni qayda müəyyən еdir ki, MK Rəyasət Heyəti (siyasi büro) üzvlərinin evləri 3-4 otaqdan çox olmamalıdır. Stalin işçilərinə və cangüdənlərinə qarşı çox səmimi və mеhriban idi. Onları tez-tez stoluna dəvət edirdi. Bir dəfə görəndə ki, qarovulçu yağışın altında islanır, o dəqiqə tələb etmişdir ki, posta «göbələk» qoyulsun. Lakin hər kəsin işi iş idi. Stalin heç bir məsuliyyətsizliyə dözmürdü.
Stalin özünə qarşı da olduqca tələbkar idi. Əynində artıq heç nə olmazdı. Müharibə vaxtı Stalin də hamı kimi övladlarını döyüşə göndərmişdi.
Kursk döyüşündə Stalin çıxılmaz vəziyyətdən çıxış yolu tapmışdı. Belə ki, almanlar «Tiqr» və «Pantera» adlanan «texniki yenilik olan» tanklardan istifadə etməyə qərar verirlər. Sovet artilleriyası bu `tanklara qarşı gücsüz idi. Onda Stalin belə bir tapşırıq verir: 15 maya qədər, yollar quruyandək, 800 min bomba hazırlanmalıdır. Ölkənin bütün zavodları sifarişi yerinə yetirməyə başlayır. Nəticədə almanlar Kursk döyüşündə məğlub edilirlər.
Müharibədən sonra Stalin Kommunist Partiyasının və onun Siyasi bürosunun rolunu yavaş-yavaş azaltmışdır. Partiyanın XIX qurultayında isə artıq Siyasi büro yeni nizamnamə ilə işləyirdi. Stalin deyirdi ki, partiyanı 50 min qılıncgəzdirənin ordeni kimi görür. Stalin gələcəkdə, ümumiyyətlə partiyanın hakimiyyətdən kənarlaşdırılması haqda düşünürdü. Partiyaya yalnız iki iş tapşırmaq istəyirdi: təşviqat və təbliğat.
«Kadrlar hər şeyi həll edirlər» məşhur ifadəsini Stalin 1935-ci ildə hərbi akademiyanın buraxılışındakı çıxışında demişdi: «Bizdə rəhbərlərin və döyüşçülərin uğurları barədə çox danışırlar. Bizim bütün uğurlarımızı onların ayağına yazırlar. Əlbəttə ki, bu düzgün deyil. Məsələ yalnız rəhbərlərdə deyil... Texnikanı işə salmaq və istifadə etmək üçün həmin texnikadan istifadə etməyi bacaran insanlar lazımdır. Ona görə də köhnə «texnika hər şeyi həll edir» ifadəsi «kadrlar hər şeyi həll edirlər» ifadəsi ilə əvəz olunmalıdır”.
* * *
Ötən əsrin 90-cı illərində beynəlxalq imperializmin məkrli planı ilə SSRI dağıdıldıqdan sonra meydana gələn yeni hiyləgar burjua mətbuatında dahi I.Stalin barədə şər, böhtan məzmunlu yazılar dərc edilməyə başladı. Azərbaycanın burjua–musavat mətbuatı da bu iyrənc kampaniyadan kənarda qalmadı. Ancaq qədirbilən xalq həqiqəti çox yaxşı görür. Sözün həqiqi mənasında Stalin yaddaşlarda əməlləri ilə xalqın dayağı, təşkilatçılığı ilə qüdrətli dövlət başçısı, müdrik siyasətçi kimi qalmışdır.
Stalin bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. SSRI xalqları, o cümlədən Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Dünyada ilk sosialist dövlətinin həqiqi və əzmkar qurucusu kimi, bütün buraxılan səhvlərə və əyintilərinə baxmayaraq SSRI xalqlarının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Iosif Vissarionoviç Stalinin əziz xatirəsi Azərbaycan xalqının da qəlbində əbədi yaşayacaqdır.

Комментариев нет:

Отправить комментарий