Страницы

27.12.2015

Gecikmiş mələk və ya “Uşağlığın son gecəsi” haqqında

Mətləb Ağa

Bir neçə dəfə baxdığım “Uşaqlığın son gecəsi” kinofilmi barədəki bu yazımı, hələ bir-neçə həftə öncədən yazmaq istəyirdim, bu səbəbdən də, bu yazıyla assosiativ olaraq bu iki kəlməlik cümlə heç yadımdan çıxmırdı və özlüyümdə bu iki kəlməlik cümləni həqiqətdən də həqiqət hesab edirdim: “Uşaqlıq xoşbəxtlikdir”.
O mənada ki, bir çox səbəblərdən bəlkə də haqlı olaraq fikirləşirdim ki, uşaqlıq dövrü insan həyatının elə bir mərhələsidir ki, bu ərəfələrdə insanın heç bir dərdi-səri olmur, daha doğrusu, həmin vaxtlar insanın dərd-sər haqqında heç bir anlayışı olmur, ətrafında baş verənlərin əsl mahiyyətini başa düşmür və bu, hər halda elə bir növ xoşbəxtlik deməkdir (Ancaq onda da belə çıxırdı ki, insan (uşaq) əgər bir şeyi dərk etmirsə, ətrafında baş verənlərin mahiyyətini anlamırsa, bütün bunların ona nə istisisoyuğu var?).
Ta o vaxta qədər belə fikirləşdim ki, internetdəki fotolarda Türkiyənin Bodrum sahillərində müharibədən qaçan suriyalı körpənin üzüqoylu düşüb qalmış meyidini gördüm.
Uşaqlıq xoşbəxtlik deyilmiş və ya hər halda, heç də həmişə bir qayda olaraq xoşbəxtliyin sinonimi deyilmiş...  
Maqsud İbrahimbəyovun ilk bədii kinossenarisi əsasında rejissor Arif Babayevin 1968-ci ildə ekranlaş-dırdığı “Uşaqlığın son gecəsi” filmi sovet uşaqları, yeniyetmələri haqqındadır və film çəkilən zamanlarda və ondan neçə illər əvvəllər də, sonralar da belə deyilirdi ki, o uşaqlar dünyanın ən xoşbəxt uşaqlarıydılar.  
İçərişəhərdə doğulub böyümüş Arif Babayevin “Uşaqlığın son gecəsi”ndə İçərişəhər səhnələrinin belə bol olması təsadüfi olmasın gərək. 
Filmi ortaya çıxaranların başlanğıc kadrlardakı donmuş insan siluetləriylə nə demək istədiklərisə mənə o qədər də çatmadı.
Bəlkə yaşadıqlarımızın, insan ömrünün, bu ömrün içindəki uşaqlığımızın bir anlıq olması, bir an içində ötüb keçməsi  mənasına gəlir bu kadrlar. Ola bilər. 
Film, qayğısız yeniyetməlik dövrünü yaşayan, onuncu sinifi bitirmiş  Muradın (Ənvər Həsənovun) yaşadıqları həyətin küçə qapısını döyməsi və bu za-man milis işçilərinin yaxınlaşıb onu sorğu-suala çəkmələri, Muradınsa məsuliyyətsiz yeniyetməlik töv¬rüy-lə onlara yalan danışması, bir növ məzələnməsiylə başlayan səhnələrlə diqqətimizə təqdim olunur. 
Elə bu kadrlar kifayətdir ki, Muradın “uşaq ağıllı” olması qənaətinə gələk.
Gör ha, intəhasız gücə və zora malik sovet milisindən qorxmayıb, hələ özündə onlarla zarafat etmək cəsarəti də tapasan. 
Milisin “Qapını niyə sındırırsan” sualına “Qonaq çağırıblar məni, bəyəm görmürsünüz?” cavabını verən Muradı elə bu  uşaq sədəlövlüyü ələ verir. ”Hər axşam əziyyət çəkirik” deməsiylə. (Yəni, bu bağlı qapını hər axşam nə əziyyətlə açırıq). Hər  axşam bu qapının açılmasında əziyyət çəkirsənsə, demək, hər axşam bura gəlirsən və  qonaq deyilsən. Demək, sovet milisini aldadırsan. Milisi aldadırsansa, ya cinayətkarsan, ya da uşaqsan, ağlın bir şey kəsmir, hərəkətlərinin məsuliy¬yətini başa düşmürsən. Cinayətkar deyilsənsə, onda  qayğısız, məsuliyyətsiz uşaqsan. Muradın bu məsuliyyətsiz atmacaları, cıxışları və hərəkətləri demək olar ki, bir nöqtəyədək bütün film boyu davam edir. (Rüstəm də əslində, elə Muradın bu məsuliyyətsizliyinin qurbanı olur. Belə ki, cinayətkarların əməllərindən daha əvvəldən duyuq düşən Murad bu barədə vaxtında Rüstəmə heç nə demir). Ta o vaxtacan ki, Elya Rüstəmdən  ət kombinatının anbarının açarını oğurlayır, Murad görüb  bunu Rüstəmə çatdırır və bu nöqtədən istiqamətini götürən növbəti hadisələr o gecə hər şeyi biryolluq  dəyişir. 
Fikrimcə, film iki əsas xətt üstündə qurulub.
Birincisi və ən əsası, Rüstəmlə Muradın mehriban münasibətləri (bir növ dostluqları).
İkincisi, Rüstəmlə (Səyavuş Şəfiyev) Elyanın (Megi Gejeradze) sevgisi.
Hər halda, Rüstəm bu sevgisində düzgün “oyunçu”dur, Elyanı həqiqətən sevir. Ərli qadın olan Elyanınsa bu məhəbbətdə deyəsən həm də öz haqq–hesabı, gəliri–çıxarı var. Ancaq anbarda Rüstəmin başından dəmir açarla vurulduğunu görüb, Rüstəmin qarşısında heç olmasa, az da olsa, öz günahını yuyur: Kombinatın həyəcan siqnalını çalıb keşikçiləri ora çağırır.
Filmdə çoxsaylı köməkçi xəttlər də var ki, baş verənlərə bizi daha artıq inandırmağa hesablanıb. Rüfətin (Tofiq Mirzəyev) əliəyriliyi, Rüstəmin ailəsi və qon¬şula¬rıyla ələqələri və s.
Yeri gəlmişkən, filmdə Rüstəmin nənəsini canlandıran Törəxanım Zeynalova, teatrda kostyumçu işləyirdi, peşəkar aktrisa olmamasına baxmayaraq, mehriban, zarafatcıl və sadəlövh nənə obrazını ustalıqla yarada bilmişdi: “Rüstəm, bu gündən sonra hər gün işə gedəcəksən?” Təsdiq cavabını alandan sonra: “Bilirəm, necə gedəcəksən, necə “instruta” (institut) gedirdin ha, bax, o cür də işə gedəcəksən”. 
Ancaq bu kadrlar həm də onun imzalı-möhürlü təsdiqidir ki, artıq institutu qurtarmış, uşaq Muraddan çox böyük olan Rüstəm də nənəsi üçün elə uşaqdır. Burda nənənin gizlətdiyi almanı çıxarıb Rüstəmə verdiyi səhnəni də xatırlayaq. Görünür, illər keçdikcə  biz yalnız özümüz və ətrafımızdakı digər adamlar üçün böyüyürük. Hansı ki, ata-analarımız o “digər adamlar” kateqoriyasına heç vaxt daxil deyil və heç bir vaxt da daxil olmurlar.
Filmdə çoxlu üzgüldürən dialoqlar da eşidirik və bu bizi yorulmağa qoymur: Məsələn, Rüstəm Muradın daha yaxşı işdə işləmək arzusuna cavab olaraq deyir: “Sən harda istəyirsən, işləyə bilərsən. Tabelçi, uşaq bağçasında müəllim. Amma, Allah xatirinə, mən işlədiyim tikintidə işləmə”. Muradsa, guya Rüstəmə qıza “yaxınlaşmaq” metodu öyrədir. ”Sən o qızı öp, sonra mənə “sağ ol” deyəcəksən.”
Baş iş icraçısının (Yusif Vəliyev) nə mənfi xüsusiyyətləri olsa da, ən vacibi, o işçisi Rüfət kimi əliəyri və alçaq deyil. 
Bu da filmin sonu. Elya tərəfindən sevilməsinə inanıbinanmadığını soruşan Murad cavabında Rüstəmin əsbi tövrüylə qarşılaşır. Yenə də uşaq yerinə qoyulmasına artıq  dözə bilməyən Murad Rüstəmə onun özünün Elya və qadının oğru “dostları” tərəfindən uşaq kimi aldadıldığını bildirir, Elyanın ondan istifadə etdiyinə işarə vurub az əvvəl Rüstəmin cibindən anbarın açarını götürməsini ona xəbər verir. Bu zaman Rüfət-gilin Muradın özünü yoldan çıxara bilməməsini də qürurla Rüstəmə çatdırır. Rüstəm dərhal  ət kombinatına tələsir və orda həqiqətən də cinayətlə qarşılaşır, cinayətkarların qarşısını almağa çalışarkən  başından dəmir açarla vurulub yerə yıxılır. Biz növbəti kadrlarda onun ayağa qalxmasını görmürük. Bəs görəsən, Rüstəm necə olur?
Lap axırıncı səhnələrdə Polad Bülbüloğlunun oxu-duğu əfsanəvi “Gəl, ey səhər” mahnısının müşaiyyətilə dəniz kənarıyla addımlayan Murad və sevgilisinə bu cavanlardan daha yetkin, Rüstəmə bənzəyən üçüncü adam da qoşulur. Onun həqiqətən də Rüstəm olub-olmamasınısa biz dəqiq bilmirik və yəqin ki, heç vaxt da bilməyəcəyik. Çünki, uzaqdan o adamın ancaq siluetini görmək mümkündür.
Mən belə başa düşürəm ki, başından dəmir açarla vurulan Rüstəm elə oradaca da ölür, müəlliflərin filmin vida səhnələrində Rüstəmi dəniz kənarında bir xəyal ki¬mi dirildib gənc sevgililərlə çiyin-çiyinə addımlamağa məcbur etmələrisə yalnız tamaşaçılara təsəlli vermək (ən çox da, saf, ürəyitəmiz sovet tamaşaçısına) və özlərindən incik salmamaq, ürəklərini almaq məqsədi daşıyır.
Yekun görüntülər həm də, filmin adının kod açılışıdır. Məsuliyyətsiz, hərəkətlərini ölçüb-biçməyən, nə danışdığının fərqinə belə varmayıb ağzına nə gəldi üyüdüb-tökən, Rüfətgilin cinayətlərini əvvəldən bilsə də, bunu Rüstəmə vaxtında xəbər verməyən  və bununla bilməyərəkdən də olsa, Rüstəmin nakam ölümünə yol açan Muradın uşaqlığı Rüstəmin öldürüldüyü o gecəylə həmişəlik bitir- həmin gecədən səhərəsə Murad, yəqin ki, yetkinləşmiş, bütöv bir insan kimi çıxır. 
Çünki, həyatının, uşaqlığının sıx-sıx bağlı olduğu, heç vaxt ayrılmadığı  insanı (Rüstəmi) biryolluq itirmək Muradın daxilində fövqəladə çevrilişə səbəb olmalı, onu məsuliyyətsiz yeniyetməliyindən (uşaqlığından) dartıb qoparmalı və onda əsl insan xarakteri formalaşdırmalıydı. 
Rüstəmi əbədilik itirmək, hələ həyatda itkinin, dərdin, bədbəxtliyin, ağrı-acının  nə demək olduğunu qanmayan Muradı tamam fərqli  bir varlığa çevirməliydi.
Bu baxımdan, inanıram ki, Xəzər sahilində bizə uzaqdan Rüstəmi xatırladan  və bizim ancaq siluetini seçdiyimiz  üçüncü varlıq, Muradın uşaqlığının son gecəsi gəlib, onun qayğısız (məsuliyyətsiz) uşaqlığını həmişəlik əlindən almaq hesabına  və Rüstəmin həyatı bahasına da olsa, Muradın bütün ömrü boyu onun yanından ayrılmayacaq xilaskar bir mələkdi. 
Buna şübhəm yoxdur. 
...Ancaq bəlkə də, həm də həmin o mələkdi ki, Egey dənizi sahillərinə, o körpə uşağın əllərindən tutmağa nədənsə çox-çox gecikmişdi...

Комментариев нет:

Отправить комментарий