Страницы

27.12.2015

Gürcü familiyası və yaxud gün nə zaman keçdi...

Mətləb Ağa

Bu kinofilm və bu hekayə, məni niyə belə özünə çəkirdi (çəkir)?..
Hətta, bu ilin lap başlanğıcında, 40 yaşımın astanasında, “Gün keçdi”nin saundtreki olaraq xatırlayıb, internetdə axtarıb, tapıb, “Ad günü” filminin saund-treki (rəhmətlik Emin Sabitoğlu, min yaşa...)  olduğunu biləndən sonra da telefonuma yüklədim...
Amma, o musiqi bu filmə yaman yaraşardı...
Nostalgiyadırmı?
Qocalırıqmı?
Nəsə...
Əvvəlcə kinofilmdən (“Gün keçdi”, rejissor Arif Babayev, ssenari müəllifi Anar) danışım...
Daha doğrusu, filmin əvvəlindəki bir neçə kadrdan. Çünki, lap əvvəl “Gün keçdi”dən yazmaq istəyirdim. Sonra elə bu kinofilmdən yaza-yaza ssenarinin əsasında dayanan hekayəni (Anar, “Gürcü familiyası”) internetdə tapıb bir də oxudum və fikrimi dəyişib hekayədən  yazmağa başladım. Bəlkə də, həm də işimin bir az asan olacağı üzündən...
Bu səbəbdən də, “Gün keçdi” barədə yazdıqlarıma da dəymədim. 
Əvvəl yazmışdım ki, filmdəki ilkin görüntülər yəqin ki təsadüfi deyil, rejissor və ya ssenari müəllifi bunu təsadüfən fikirləşməyib bunu- balaca bir qızcığaz təbaşirlə asfalt üzərində bir qadın (qız) və bir kişi (oğlan) şəkli çəkir, sonra qəfil yağış yağmağa başlayır və o balaca qız qaçıb gedir...
Özlüyündə aydındır bundan sonra baş verəcəklər, yəni, yağış kəsəndə o şəkil qalsa da belə,  yağışdan öncəki şəkil olmayacaq, ola bilməyəcək. Bununla işim yox... Yağış başlayır,  adamlar islanmamaq üçün  ora-bura qaçışır, daldalanacaq axtarır, bu zaman fərqinə də varmadan, hiss etmədən, görmədən bayaqkı qızcığazın min-bir əziyyətlə çəkdiyi şəkilləri ayaqları altında tapdalayır və yenə yağış yağır, belə-belə zaman keçir...gün keçir... və daha heç nə əvvəlki kimi olmur...
Və bir də heç vaxt heç nə əvvəlki kimi olmayacaq...
Sonra o qız yenidən ekranda görünür, bu dəfə gülür kameraya. Ancaq bu gülüş nədənsə mənə çox kədərli görünür. Gülmək istəmir elə bil... Deyəsən, balaca olsa da, bir azdan nə baş verəcəyini bilir...
Sonra Oqtay aeroporta gedəndə, əfsanəvi “Qaya” qrupunun ifasında ”bir gecə mehman ol, gəl...” mahnısı epizodik olaraq canlı səslənir. Küçənin ortasında. Hamı eşidir... Oqtaya acıq verirlər sanki...
Hələlik Oqtay özü bilməsə də, Əsmər Moskvadan durub Bakıya, Oqtaya bir günlük “mehman olmağa” gəlir... Sonrasa heç nə... Həmişəki kimi... Oqtay susur....
Filmdə Oqtay tamaşaçıya Əsmərdən xoşu gəldiyini, ancaq onu heç vaxt sevmədiyini deyir...
Belədirsə, Oqtay Əsməri  heç vaxt sevməyibsə, keçmiş məhəbbətinə bu qədər bağlı deyilsə, nə üçün Əsmərin teleqramını gətirən qonşu qızının ona zillənmiş maraqlı, həsrətli, nazlı baxışlarına belə biganədir, onu görmür? Hələ aeroportdakı kassada oturan qız da ona maraqla baxırdı. Bəlkə başqası var? Çətin... Oqtay indiyə qədər niyə evlənməyib? Özlüyündə bəhanələr gətirir... Müəlliflərin də çoxsaylı suallara heç bir cavabları yoxdur. Bunu da yəqin bilərəkdən ediblər. Sualları verir və cavabları tamaşaçının öhdəsinə buraxıblar. 
Bir şeyi də deyim: Film hekayədən daha təsirlidir, “yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” ifadəsinin boş yerdən yaranmadığını xatırladır bizə...  
İndisə “Gürcü familiyası”a keçək...
Hekayə filmdən fərqli notlarla başlayır...
Görünür ki, Əsmər keçmişilə bağlı çox şeyi yaddan çıxarıb. Bir Oqtayla bağlı xatirələrsə hərfbəhərf onunladır, bu xatirələrin heç biri hərfini, rəqəmini, misrasını unutmayıb.İndi bu dəqiqədə də Oqtayı düşünür. Oqtay yanında olsa da, beynindən çıxmır. “Bic-bic” suallar verir ona. Belə: 
“Mən ərli arvadam, ilk eşqimin vüsalına gəlmişəm, deyirsən bəs heç bir sirr-zad olmasın?”
“Bir adamnan gəzib eləyirsən?”
“Sən niyə evlənmirsən?”
“Mən də ömrümdə bir dəfə “yox” əvəzinə “hə” demişəm. Amma bu, başqa söhbətdir”
“Yadındadı, o axşam mənim çəkməmin dabanı çıxmışdı, sən də məni ötürürdün? Hər şey başqa cür ola bilərdi.”
“Əcəb nəzakətlisən. Deməli, sən mənimlə vaxtını öldürürsən?”
“Sənsə cavanlıqda da axmaq olmusan, elə indi də axmaqsan”
İllər əvvəl Oqtay nə üçün Əsmərə onu sevdiyini demir, Əsmərlə birlikdə olmaq istəmir?
Yəqin ki, bu, yuxarıdakı tapmacanın cavabıdır:
”Bilirsən səni görməyimə necə şadam. Elə səni görmək üçün gəlmişəm də...”
“Belə olsaydı nə vardı ki, -deyə düşündüm,- bu cür xoşbəxtliyə inanmaq olar? Özü də belə asan?”
Aydındır... Oqtay heç vaxt inanmayıb ki, Əsmər onu sevə bilər, onu sevir, onunku ola bilər, hətta özünə əziyyət verib onu görməyə gələ bilər. Yəqin ki, bu cür fikirləşməyi Oqtayın “axmaq” olmağının nəticəsidir.
Oqtay Əsmər xoşbəxtliyinə heç vaxt inanmır. İnana bilmir. Yəni, gözəl, ağıllı Əsmər onu sevərmi, sevə bilərmi?Baxın, Oqtay aeroporta Əsməri qarşılamağa gedəndə, müəllif bunu açıq yazmasa da, söhbət məhz Əsmərdən gedirdi. Gələn adamın kim olmasıyla bağlı. Bax bu söhbət. ”Ağlıma bir fikir də gəldi. Amma bu fikir - xam xəyal idi. Qeyri-mümkün şey idi, baş tutan iş deyildi. Ola bilməzdi.”
 Əsmər gəlir və deyir ki, Oqtay onun ilk eşqidir. Oqtay yenə də müqavimət göstərir buna ürəyinin inamsız dərinliklərində. Bilirəm, bu xoşbəxtliyə inanmadığındandır bunlar, bu cür olmağı. Bu, özünə iztehzalı-filan münasibət də buradan yaranır elə:
“Vüsal, ilk eşq, filan... yalandır. Heç vaxt mən onun ilk eşqi olmamışam. O da mənim. Düzdü, bir az xoşuma gəlirdi. Necə deyərlər, bir az kəsirdim ondan. Amma ilk məhəbbət-filan... Heç yadıma gəlmir, mənim ilk məhəbbətim olub, yoxsa yox... “
Adam bir şeyi özünə belə etiraf etməyə bu qədərmi çətinlik çəkər  ?
Oqtay beləmi çox qururludur? 
Ancaq bir az sonra, Oqtay Əsmər haqqında “baş tutmamış ilk sevdamdı” deyir. Niyə deyir, əgər elə deyildisə, Əsmərin sevdalısı deyildisə? Əlbəttə, elədir. Əsmər onun baş tutmamış ilk sevdasıdır. Oqtay bunu həmişə hamıdan gizlədib. Əsmərdən də. Hətta özünə də etiraf etmir. Orta məktəbdə oxuyanda uşaq cəsarətsizliyi, inamsızlığı ücbatından. Bu günsə “keçmişə qayıtmaq istəmirəm” deyir. Hər halda özü belə deyir, bu barədə “rəsmi açıqlaması” budur. Budursa, onda müəllif niyə yazır ki, Oqtay indi də inanmır Əsmərin onu sevməsinə, ondan ötrü bu boyda Moskva-Bakı yolunu basıb gəlməsinə. Bəlkə , bu deyil?...
Bu gün Bakıda birlikdə filmə baxdıqları yerdə baş verir bunlar:
“Sağ əlimdə Əsmərin barmaqlarının əsəbi titrəyişini duydum. Sonra sağ yanağımda onun saçlarını, sağ çiynimdə onun başını hiss etdim. Lap yaxından onun vurduğu ətrin xoş, məstedici qoxusu gəldi. Məndə dəli bir uşaq istəyi oyandı, onu öpmək istədim, amma yenə də, neçə il bundan qabaqkı kimi öpmədim.”
Mən artıq hər şeyi başa düşməyə başlayıram.
Mən Oqtayın dediklərinə inanmıram. Onun keçmişin qayıtmasından qorxmasına, keçmişə qayıt-maq istəməməsinə.
Əslində, indi Oqtay, Camalın əşyası olmağını Əsmərə bağışlamır. Bağışlanmalı dərd deyil ki... Sənin ilk sevdan kiminsə əşyasıdır. 
(Əsərdə buna da işarə var, Oqtay artıq Əsmərin əri olan Camalın mənzilindən danışanda deyir bun-ları). Budur: “Başqa bir aləmə düşmüşdük. Tərtəmiz, hədsiz səliqəylə, hədsiz zövqlə bəzədilmiş bu mənzil tamam başqa bir dünya idi. Bu aləmin hər detalı, hər əşyası qeydi-adi idi və Əsmər də bu aləmin bir əşyası idi. Amma nigaran, öz yerini tapa bilməmiş, narahat-lıqla bu yeri axtaran əşyası, sanki o yeri tapıb, əbədi o yerdə sabitləşmak, hərəkətsizləşmək, donub qalmaq istəyən bir əşyası).
Baxmayaraq ki, vaxtında Oqtay Əsmərin əşyaya çevrilməsinə mane olmağın bir addımlığındaydı. Camal onun yanından yel də olub ötə bilməzdi, əgər Oqtay istəsəydi. Nə olsun ki, Camal ingilis dili müəllimi idi, sonralar diplomat oldu, hətta, şampan şərabı butulkalarını  açmağı hamıdan yaxşı bacarır. Təəssüf. Bu gün Əsmər onunku ola bilərdi. Səbəbi nədir ki, olmadı?                              
Arada da bunu da yaza bilərdim ki, Əsmər Oqtayı sevirdisə, Camalı istəmirdisə, niyə sonra durub Camala ərə gedirdi, nə məcburdu ki, nə qaçhaqaçdı?! Qoy cəzasını çəksin... Yazmıram... Hərənin öz səhvlərini əsaslandırmağa öz bəhənələri olur...           Yenə Oqtaydan danışaq... Əgər Oqtay Əsməri sevməyibsə, sevmirsə, Əsmərin ərini niyə ilk gündən görən gözü yoxdur:  “O ki, qaldı Camalla mənim münasibətlərimə - burda heç bir dramatik inkişaf, dəyişmə, xarakterin açılması və bu kimi şeylər yox idi. Əvvəlcədən Camal məni açmadı. Ondan sonra da heç vaxt fikrimi dəyişmədim. Xoşuma gəlmədi, vəssalam, bir dəfə gəlmədi və həmişə, daima gəlmirdi...”. Bu da aydındır. Camal Əsməri, dərdindən öldüyü Əsməri onun əlindən alıb.(Guya, Camal bir yana, Oqtayın Əsməri görən gözü vardı ki? ) 
Aşağıdakı fikirlər isə Oqtayın uşağlığının acı xatirəsidir: “O axşam, aprelin 29-da bizdən dağılışanda, mən də hamıyla birlikdə çıxdım. Əsməri ötürəcəkdim. Bir az geri qaldıq uşaqlardan, birdən tinbaşında Əsmərin çəkməsinin dabanı çıxdı. Mən maşın saxladım və ömrümüzdə bəlkə də ilk dəfə taksiyə mindik. Özümü elə itirdim ki, sağ əvəzinə, sola gedək dedim. Biz taksiylə Əsmərgilin evinə çatıb maşından düşdük. Qapılarının ağzında ayrılanda Əsmər birdən diqqətlə (indiki vaxtım olsaydı deyərdim ki, işvəylə) mənə baxıb xəbər aldı: - Bəs sən mənə bir şey demək istəmirsən?”
Daha bundan artıq nə olmalıdır ki? Bir qız daha nə deməlidir ki, sevdiyi, istədiyi adama?
Ay zavallı Oqtay...Yox, səni uşaq cəsarətsiz¬liyi-nə, şəhzadə xanımın Səni sevməsinə inamsızlığına ba-ğış¬la¬maq olar. Bu gün isə düz elədin, yenə həmişəki kimi susdun.
Hər şeyin cavabı isə budur. Həqiqət budur... Yazıram:
Oqtay Əsməri bir vaxtlar sevirdi, indi də sevir. Həyatı boyu bir Əsməri sevib. Ancaq Əsmərin onu sevməsinə, sevə biləcəyinə heç vaxt inanmayıb, indi də inanmır. Əsmərin atmacalarını da (istər indiki, istərsə də o uzaq keçmişdəki ) heç vaxt ciddi qəbul eləməyib, inanmayıb. Sonra da Əsmər onun sevgisini tapdalayıb imkanlı Camala ərə gedib. (Çətin həyat yaşayırdı, ehtiyac içindəydi  uşağlığında, ona görəmi? Yəqin, elədir). Buna görə, Oqtay, həmişə Əsmərə sevgiqarışıq nifrət edib, edir. Onun sevgilisi başqasının arvadıdır, başqasının əşyasıdır. Bax belə... Əsmər niyə başa düşmür (düşmürdü) ki,  Oqtay Camalın əşyasını heç vaxt bağışlamayacaq...Məhz Əsməri çox sevdiyinə və çox nifrət etdiyinə  görə bu gün onu bağışlaya bilməz...Onu öpə bilməz... özünü sındıra bilməz... Ona nələrisə etiraf edə bilməz... (Artıq səbəbi nə olur, olsun).
Deməli qərara gəldik:
Əvvəllər Oqtay heç vaxt inanmayıb ki, Əsmər onu sevir. O, Camala ərə getməklə Oqtayı ömrü boyu buna lap çox inandırıb.
İndi isə çox gecdir... Camalın arvadının qarşısın-da əyilmək, ona gülümsəmək  lazım deyil...
“Sən isə cavanlıqda da axmaq olmusan, elə indi də axmaqsan”.
Əsmər də haqlıdır. Hərə özlüyündə haqlıdır.
Ancaq bu nədir?
Niyə belə qurtarır?  Hekayə də... Film də...
(Ancaq daha necə qurtarmalıdır ki... Kişinin qızı özü demiş, “ərli arvaddır” da...)
Həyat niyə belə zalımdır? Bilmirəm...
“Səhər məni yuxudan bacımın cingiltili səsi oyatdı: “Təbrik edirəm, təbrik edirəm. Böyük oğlan olasan, balaca bacını incitməyəsən. Əyilib məni öpdü, - sənə teleqram gəlib. Həştərxandan. Gürcüdəndir. Mən teleqramı qapdım. İki söz. «Təbrik. öpürəm.» Bir də imza: «Kamikadze».
Oqtaysa bilir ki, kamikadze gürcü familiyası filan deyil, ölümə məhkum pilotlara- kamikadze de-yilir. Daha doğrusu, kamikadze-ikinci dünya mühari-bə¬sində  intiharçı yapon pilotlarının adıdır.
Bu vəziyyətdə isə, Kamikadze Oqtayın Əsməridir. Bir azdan o Əsmər öləcək.
Məhz belə... 
Çünki Oqtayla bağlı son ümüdi də məhv olmuş o Əsmər artıq kamikadzedir. Daha Oqtayın Əsməri olmayacaq. Təyyarə son dayanacağında, Moskvada yerə enəcək... Sonra nə olacaq? Aydındır. Bir azdan birdəfəlik əşyaya çevriləcək, (hansı ki, Bakıya gələndə az da olsa ümidi vardı ki, Oqtay onu bundan xilas edə bilər) bir qadın bir daha geri qayıtmamaq şərti ilə aeroportda düşəcək və taksiyə minib öz evinə, ərinin, qızının yanına qayıdacaq.... Çünki, daha getməyə başqa yeri yoxdur... Kamikadze Əsmər özünü birdəfəlik məhv edəcək...
Oqtay da yəqin ki, bu dəfə qonşu qızının üzünə gülümsəyəcək, ona diqqətlə, başqa cür baxacaq. Eynən o qızın ona baxdığı kimi...
Bunu da yazım: Bu görüş, əslində sondur... Oqtay və Əsmərin  bir-birləri ilə bağlı olan bütün ümidlərinin sonu. Onlar bu görüşdə bir dəfəlik başa düşürlər ki, “ötən günə gün çatmaz”, keçmişi geriyə qaytarmaq qeyri-mümkündür.Yaşamaq lazımdır....
"Hani derler ya, ben sensiz yaşayamam, diye. Ben onlardan değilim. Ben sensiz de yaşarım; ama seninle bir başka yaşarım…" Belə bir şey yəni... Vəssalam...

P.S.Yazını yekunlaşdıranda türk telekanallarının hansındasa oxuyurdular: “Sənə hər günümün ehtiyacı var...”
Azərbaycan telekanallarının birində isə bir qa-dın müğənni özünə lap əl qatmışdı: “Məni bir də cavan eylə...”

Təsadüfdürmü? Təsadüf olar yəqin...
O gün keçdi... Cavanlıq keçdi...
Bir gecə mehman ol gəl... İroniyaya bax...
Yəni sonda bu qədər bəsit olur hər şey?
Geriyə qalanlara bax da....
“Amma bu, başqa söhbətdir...”

P.S. Bu növbəti yazacaqlarımısa yazıya sonradan əlavə  eləyirəm. Necə olub ki, əvvəl fikir verməmişdim buna. Oqtayın sirrinin (elə bütövlükdə hekayənin və filmin də) kod açılışı büsbütün yenə də elə Emin Sabitoğlunun bəstələdiyi və Yalçın Rzazadənin filmdə oxuduğu aşağıdakı bayatılardan çıxır:

Əzizim baxtıyarım
Baxtımın taxtı yarım
Gözündə göz izi var
Sənə kim baxdı yarım...

Bax belə...
Gözündə göz izi olan “yar” Oqtayın nəyinə lazımdı ki?

Комментариев нет:

Отправить комментарий