Страницы

16.12.2015

Əli Nağıyev təxribat yaradacaq fikirlər səsləndirib

Cavid Cabbarlı

Professor Əli Nağıyevin internet qəzetlərindən birində yayımlanan müsahibəsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Əli Nağıyev cəmiyyətdə qarşıdurma yaradacaq qədər təhlükəli fikirlər səsləndirib. Onun dinə aid olamayan və lakin din adından səsləndirdiyi fikirləri bir qədər sonra cavablandıracam.
Əli Nağıyev “Siyasətçi və din” rubrikasında danışıb. Məlum saytın həyata keçirdiyi rubrika yanlış və cəmiyyət üçün təhlükəlidir. Çünki bu rubrikanın məqsədi İslam dininin əsas məzhəblərindən hesab olunan şiə məzhəbinə qarşı xoşagəlməz və təhqir dolu fikirlər səsləndirməklə cəmiyyətdə dini qarşıdurma yaratmaqdır. Azərbaycanda dövlət başçısı səviyyəsində dini tolerantlığın təbliğ olunduğu bir dönəmdə belə layihələrin həyata keçirilməsi kimə lazımdır və kimin planıdır, anlamaq olmur. Bir qədər əvvəl də, siyasətdə uğur qazanmayan partiya sədrlərindən biri arzuolunmaz fikirlər səsləndirmişdi. Biz onun yanlış fikirlərini Quran əsasında mətbuat vasitəsilə cavablandırdıq. Lakin bu rublikanı həyata keçirən sayt cavab haqqımızı tanımadı. Növbəti dəfə belə ziddiyyətli və cəmiyyət üçün təhlükəli müsahibənin dərc olunması sayt barədə şübhələr yaradır.
Qeyd edim ki, Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Bütün hüquqi sturukturları da fəaliyyətdədir. Dini camiədə bölücülük siyasəti yürütmək, hansısa tərəfi ağır ittihamlarla suçlamaq, “dindarları gözdənsalma” kampaniyası aparmaq dövlətimiz və xalqımız üçün heç də yaxşı hal deyil. Yaxşı olar ki, aidiyyatı qurumlar bu barədə düşünsün və araşdırma aparsın. Ən azı ölkədə sabitliyi pozmağa cəhd elementləri, dini qarşıdurma yaratmaq istəkləri qeyd etdiyim hər iki müsahibədə açıq görünür. 
Ümidvaram ki, həmin sayt da yanlışlığını anlayacaq və qarşıdurma yarada bilən layihələrinə son qoyacaq.
İndi isə Əli Nağıyevin fikirlərini cavablandıraq. Əli müəllim adının qarşısında professor yazdırmış şəxsdir. Eyni zamanda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (1996-2006), Azərbaycan Respublikasının Belarus Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri (2006-2011), Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi (2009-2011). Hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri və partiya sədrinin keçmiş müavini olub. Bu titulları ona görə sadaladım ki, dövlətin güclənməsi, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi və cəmiyyətin saflaşması üçün Əli Nağıyevin də rolu və məsuliyyəti olub. Bu məsuliyyəti və vəzifəni necə icra etməsi isə göz önündədir.
Tətbiqi-riyaziyyat fakültəsini bitirən Əli müəllim dövlət idarəçiliyində həyata keçirdiyi ideyalarını indi də Quran ayələrində tətbiq etmək fikrindədir. Quran ayələrinin “möhkəm-mütəşabeh” olduğunu dilə gətirməklə professorluğunu bir daha isbatlamağa çalışır. Xubbbb. Bu məsələdə iradım və şübhəm yoxdu. Lakin hörmətli professor bilməlidir ki, riyaziyyatı öyrənmək üçün sadəcə ədədləri, rəqəmləri tanımaq kifayət deyil, mütləq dizini qatlayıb ustad qarşısında oturmalıdır ki, riyaziyyatın sirrlərini öyrənsin. Əks halda heç bir rəqəmi hardasa tətbiq edə bilməyəcək. Quran ayələri də ona görə “möhkəm-mütəşabeh”ə bölünür ki, sirrlərini ancaq zəhmət çəkən şəxslərə pıçıldasın. Bu mövzu ümumi cəmiyyət və Əli müəlim üçün olmadığına görə üstündə çox dayanmıram. Lakin Əli müəllim soruşur ki, “mütəşabeh” ayələri izah edən ağıllı adamlar kimdir? Mən isə ondan soruşuram Quranın təfsiri barədə neçə kitab oxumusunuz, yaxud Quran elmləri üzrə neçə mütəxəssislə bu barədə fakir mübadiləsi etmisiniz? Özünüz deyirsiniz ki, cəmi iki dəfə müstəqillik dövründə Quranın tərcüməsini oxumuşam. Bir professor üçün ixtisaslaşmış mütəxəssisin kim olduğu və hər bir elmi əsəri orjinalından mütaliə etməyin keyfiyyəti məlumdur. Əli müəllim, siz heç ərəb əlifbasını bilmirsiniz və buna təəssüflənirsiniz. Quran barəsində tərcüməyə əsaslanıb mütəxəssis kimi danışmaq heç insafdır?
Siz dəfələrlə təkrar edirsiniz ki, dini suallara cavab tapmaq mənim haqqımdır. Hamı və xüsusən din sizin bu haqqı tanıyır. Elə dinin mahiyyəti də budur ki, onun bütün əqidə məsələləri məhz ağıl və məntiq əsasında qəbul olunsun. Lakin sizin haqq bildiyiniz suallar kənardan qərəzli və məzhəblərarası qarşıdurma yaradacaq qədər təhlükəli görünür. Dini bilginiz də sıfra bərabərdir. Siz hələ “Tövrat”ın hansı peyğəmbərə göndərildiyini bilmirsiniz. “Tövratı Qurandan qabaq İsa kimi bir böyük peyğəmbər qəbul edib və Quranın özündə bununla bağlı ayə var”. Tövratın İsa peyğəmbərə nazil olduğunu deyir, hətta Qurana da böhtan ataraq orda qeyd olunduğunu söyləyirsiniz. Tövratın hansı peyğəmbərə nazil olmasını bilməmək bir professor üçün unacvericidir.
Hörmətli professor sonra peyğəmbərin dövründən keçib, xəlifələrin zamanını araşdırır və üçüncü xəlifənin Həzrət Əli (ə) tərəfindən öldürüldüyünü iddia edir. Bəli, bunlar çox uzaq tarixdə deyil, orta əsrlərdə baş verib. Osmanın öldürülməsi də tam aydın məsələdir. Lakin kim(lər)sə onun ölüm səhnəsini pərdələyir(lər)sə deməli həqiqəti ört-basdır edir. “Mərvan Osmanın qanlı köynəyini götürüb Şama Müaviyənin yanına qaçdı. Tarixi mənbələrdə yazılır: “Osman otaqdan damın üstünə çıxıb, Əlini köməyə çağırdı. Əli həm də onun bacanağı idi. Amma o gəlmədi”. Halbuki, birinci dəfə çağıranda Əli onun köməyinə gəlmişdi. Şərt qoymuşdu ki, müəyyən şeyləri yerinə yetirməlidir. Əli deyirdi ki, filan yerdən filan rəhbəri çıxart, Mərvanı qov. Osmanın da xəlifə başçısı kimi bunları etməmək və ya qismən etmək haqqı var idi. Əli nə dedisə, onu etsəydi, onda Osman nə xəlifə olardı?!”.
Professor Osmanın ölüm səhnəsini belə cızır. Sual yaranır, Osman harda öldürüldü və Mərvan hansı vəzifəni daşıyırdı? Mərvan Osmanın qanlı köynəyini niyə məhz Müaviyənin yanına apardı? Cavab: Osman Mədinədə xəlifə sarayında öldürüldü. Mərvan da o zaman elə Osman olan sarayda yüksək vəzifə daşıyırdı. Osmanın müşaviri idi. Yəni hər gün xəlifənin yanında olur, ona İslam dövlətini idarə etmək üçün məsləhətlər verirdi. Müaviyə isə Şam şəhərinin valisi idi. Fərz edək ki, Osmanı Əli (ə) öldürdü. Niyə Mərvan onun qanlı köynəyini böyük İslam dövlətinin kiçik şəhər valisinə aparırdı? Deyəcəksiniz, Müaviyə Osmanın qohumu idi. Bəs Mərvan Osmanın qohumu deyildi? Yaxud Osman İslam dövlətinin xəlifəsi deyildi ki, onun qanını paytaxt Mədinədən xeyli uzaqda yerləşən bir şəhərin başçısı alsın? Osmanın qanını sizcə xəlifə sarayı almaqda daha haqqlı deyildi? Hörmətli Əli Nağıyev bu sulları araşdırın, dediklərinizdə səmimisinizsə.
Bir tərəfdən deyirsiniz Osmanı Əli öldürdü, bir tərəfdən də deyirsiniz ki, Osman mühasirəyə düşəndə damın üstünə çıxıb Əlini çaığırdı, Əli getmədi. O zaman üçüncü tərəf ortaya çıxır. Bəli, o tərəf xalq idi. Sosial problemlər məngənəsində sıxılan, cahil əməvilərin hakimiyyətindən bezən, təcrübəsiz və rüşvətxor məmurların təhqirlərindən cana doyan xalq. Bütün yerlərdən paytaxt Mədinəyə gəlmişdilər. Xəlifədən ədalət, sosial rifah tələb edirdilər. Həzrət Əli (ə) isə qızmış xalqı sükuta səsləyirdi. Çünki Osman İslam xəlifəsi idi və xəlifənin öldürülməsi heç də yaxşı hal deyildi. Bu, cəmiyyətdə ciddi problemlərə və itaətsizliyə gətirib çıxarda bilərdi. Həm də xəlifənin öldürülməsi adi hal olardı. Osman əvvəlki xəlifələrdən fərqli olaraq, dövlət işlərində Həzrət Əlinin məsləhətlərini dinləmir, təcrübəsiz əməvi cavanlarına çox məsuliyyətli vəzifələr tapşırırdı. Qeyd edim ki, Ömər azı yetmiş dəfə “Əli olmasaydı Ömər məhv olardı” ifadəsini işlədib. Əbu Bəkr də Həzrət Əlinin məsləhətlərini dinləyir, dövlət işlərində ona etibar edirdi.
Xalq qiyam edəndə Həzrət Əli xəlifə Osmanı qorumaq üçün haşimilərdən ibarət bir dəstə döyüşçü saraya göndərdi. Mərvan da Osmanı aldadırdı ki, Müaviyyə Şam ordusunu Mədinəyə göndərir. Osmanı bu adla aldatdılar. O, da Şam ordusuna arxalanıb xalqın qarşısına çıxmadı. Xalqın qarşısına çıxıb, haqsızlığa son qoyacağı barədə söz versəydi, qiyam xəlifənin ölümü ilə nəticələnməyəcəkdi. Əslində Osmanı öldürən, yaxud ölümünü tezləşdirən Müaviyə və Mərvan idi. Onlar Osmanın ölümündən və qanlı köynəyindən istifadə edib müsəlmanlar arasında parçalanma yaratdılar və əməvi hakimiyyətini möhkəmləndirdilər.
Əli Nağıyev müsahibənin sonrakı hissəsində məqsədini nisbətən açıqlaya bilir: “Peyğəmbərlər seçilmişlərdir. Eyni zamanda Nyuton da seçilmişdir. Həmçinin Nizami Gəncəvi də, Hüseyn Cavid də, Üzeyir Hacıbəyov da, Heydər Əliyev də. Nizami peyğəmbər dönəmində olsaydı, əminəm ki, ona peyğəmbər deyərdilər. Atatürk peyğəmbər dönəmində gəlsəydi, ona peyğəmbər deyərdilər”.
İlahi peyğəmbəri sadə insanlarla eyni cərgədə qoymaqla, ilahi vəhyi də sadə inasanların sözü ilə eyniləşdirir. Nəticədə vəhyə olan inamda, peyğəmbərə olan güvəndə çat yaratmağa çalışır. Əli müəllim adının dövlətə xəyanətdə hallanmasını (2005-ci ildə Əli İnsanov və Fərhad Əliyev həbs olanda Əli Nağıyevin də adı dövlətə xəyanətdə hallanırdı) pərdələmək üçün mərhum prezident Heydər Əliyevin adını peyğəmbərin adı ilə eyni çəkməklə hakimiyyətə sədaqətini isbat etməyə çalışır? Düşünürəm ki, mərhum prezident, dünyaşöhrətli siyasətçi Heydər Əliyev adının peyğəmbərlə bir yerdə çəkilməsinə razı olmazdı.
Əli Nağıyev Quranın təhrif olunduğunu, ona insan düşüncəsinin nüfuz etdiyini deməklə Quran ayələrinin təsirini azaltmağa çalışır. Hətta ikinci xəlifə Ömər haqqında da həqiqətdən çox uzaq cümlə işlədir: “Ömərin ilk dəfə təxminən 25 ildən sonra üç ədəd “Quran” kitabı yığdırması haqqında yuxarıda dedim”. 25 il hardan başlayır və nə deməkdir, Əli müəllim? Əgər Peyğəmbərin (s) vəfatından sonranı nəzərdə tutursansa, Peyğəmbərdən sonar birinci xəlifə Əbu Bəkr 3 il, ondan sonra ikinci xəlifə Ömər isə 10 il xilafət kürsüsündə oturdu. Bu da cəmi 13 il edir. Yoxsa demək istəyirsiniz Quran Peyğəmbərin dövründə kitab kimi yığılmağa başladı? Elə idisə, mütləq bu göstəriş Həzrət Məhəmməd tərəfindən verilməli idi. Bu izah sizin Quran haqqında dediklərinizlə tərsmütənasibdir. Deməli 25 il söhbətini hardansa din tarixinə məlum olmayan deşikdən çıxartmısınız.
Qurandan Məhəmmədə, Osmandan Müaviyəyə qədər İslam tarixini şərh edib, Hüseynin Aşurasına daş atacaq qədər cəsarətli davranır, hörmətli professor. “İmam Hüseyni bu gün qəhrəmanlıq səhifəsi kimi təqdim edirlər. Doğrudurmu?! Xeyr. İmam Hüseynin özünün nə qədər səhvi olub. Birincisi, imam Hüseyn vəziyyəti düz hesablamırdı. İkincisi, isə onun iddiaları. İmam Hüseyn qardaşı Həsəndən bir yaş kiçik idi. Altı ay Həsən xəlifəlik etdi. Özü də 15 minə qədər qoşunu var idi. İmam Hüseyn əgər qəhrəman idisə, qoşunların yığıb qardaşı ilə birlikdə Müaviyəyə qarşı döyüşüb qalib gələrdi. Yoxsa ki, o dərəcədə biabırçı, alçaldılmış şəkildə xilafəti Müaviyəyə təhvil verməzdilər. İmam Hüseynin ambisiyalı olmasını sübut edən çoxlu faktlar var”.
Həzrət Hüseyn (ə) hər şeydən əvvəl ilahi höccət və zəmanəsinin məsum imamı idi. Ona görə də vəziyyəti hamıdan yaxşı görür və nəticəsini bilirdi. Əli müəllim deyir ki, Hüseyn qardaşı Həsən ölən kimi dərhal qoşunu başına yığıb Müaviyə ilə döyüşməli idi. Hətta İmam Həsənlə Müaviyə arasında imzalanan sülh müqaviləsini alçaldılmış və biabırçılıqla hakimiyyəti Müaviyəyə təslim etmək kimi qiymətləndirir. Düzdür Həzrət Hüseyn (ə) Müaviyənin dövründə 10 il imam oldu və qiyam etmədi. Bunun bir çox səbəbləri var idi. Yazının həcmini nəzərə alaraq birini deyirəm. Müaviyə zahirdə özünü Peyğəmbərə oxşadır, şəriət məsələlərinə əməl edən kimi aparırdı. Oğlu Yezid isə açıq şəkildə şərab içir, meymun saxlayır, heç bir şərit hökmünə əməl etmirdi, hətta müşavirlərindən biri də xristian idi. Belə bir şəxsin müsəlmanlara rəhbər olmasına etiraz etmək hər kəsdən əvvəl zəmanənin ilahi höccəti olaraq Həzrət Hüseynə vacib idi və Hüseyn bu zəruri qərarı verməklə dinin vacibatına əməl etdi. Sadə dillə desək, Müaviyənin dövründə baş verən qiyam nəticəsiz qalacaqdı. Yezid isə qiyam üçün özü şərait yaratmışdı.
Əli Nağıyevin dediyinə cavab vermək üçün bir müqayisə aparmaq istəyirəm. Əgər həqiqətən sülh bağlamaq biabırçılıq və rüsvayçılıqdırsa, niyə 1994-cü ilə Əli Nağıyevin də təmsil olunduğu və hətta ikincisi olduğu (o zaman YAP-da müavin idi) bir hakim partiya işğalçı Ermənisatnla atəşkəs müqaviləsi imzaladı? İndi kimsə çıxıb həmin müqaviləni tənqid edə bilər. Lakin o dövür üçün ən yaxşı çıxış yolu hesab olunurdu. Ona görə ki, sovet şinelindən çıxmış Azərbaycan dövləti yeni qurulurdu, ordusu pərakəndə vəziyyətdə yaxud yox səviyyəsində idi. Zaman qazanmaq lazım idi ki, ölkə özünə gəlsin, ordu formalaşsın, ölkənin iqtisadi vəziyyəti düzəlsin və sair. Hörmətli Əli Nağıyev, sizin dediyiniz 15 minlik qoşun da Həzrət Əlinin dövründə 3 böyük döyüşdən çıxmışdı. Sosial poblemlər xeyli çoxalmışdı, yeni qurulmuş İslam dövləti iflas təhlükəsi ilə üz-üzə idi. Əgər İmam Həsən Müaviyə ilə sülh bağlamasaydı həmin 15 min də qırılacaqdı, İslam dövləti tam olaraq məhv olacaqdı.
Əli müəllim deyirsiniz ki, heç olmsa Hüseyn döyüşçüləri ətrafına toplayıb Müaviyə ilə döyüşməli idi. Yaxşı o zaman mən sizdən soruşuram, yaradıcılarından biri olduğunuz hakim partiya ən müasir hərbi texnika ilə təchiz olan orduya işğal olunmuş torpaqları azad etmək üçün niyə göstəriş vermir? Axı 21 ildir atəşkəs elan olunub. Deməli bilmədiyimiz səbəblər hələ ki, döyüş əmrinə mane olur.
Bu müqayisəni ona görə apardım ki, tarixə daş atmaq, illər əvvəl baş verən hadisələrdə kimlərisə ittiham etmək cəsarət və qəhrəmanlıq deyil. Bunun üçün azacıq insaf lazımdır. Deyəsən bu müsahibə vaxtı insaf sizdən uzaq düşüb…
Həzrət Hüseynin qəhrəmanlığına gəldikdə, bəli qəhrəmandır. Sizcə qəhrəman necə olur? Bu şəxs özü ilə bərabər bütün nəslini qurban verdi. Sizin bir yaxınız Qarabağ döyüşündə şəhid olubmu? Yaxid heç olmasa əlinə silah alıb döyüşə gedibmi?
Həzrət Hüseynin məqsədini, şəhidlik məqamını kölgələməyə can atırsınız. Bu mövzunu İmam Hüseynin bir kəlamı ilə bitirirəm. “Mənim kimilər, sənin kimilərə beyət eləməz”. Yəzid İmam Hüseyni seçim qarşısnda qoyur – ya beyət, ya ölüm. İmam isə bu cümləni deməklə bütün aləmə bəlli edir ki, mənim Yezidlə davam şəxsi müstəvidə deyil. Mən haqq olaraq, Yezid kimi batillə döyüşürəm. Belə olmasaydı, Deyərdi mən sənə beyət etməyəcəm. Amma dedi: nə qədər həyat var mənim kimi azad düşünən, azad yaşamaq həvəsində olan şəxslər, sənin kimi çirkaba batan, azadlığı boğanlara beyət əlini uzatmayacaq.
Əli müəllim, siz belə bir seçim qarşısında qalmısınız? Qalsanız necə rəftar edərdiniz? Bundan sonra Kərbəla, Aşura, Həzrət Hüseyn haqqında danışmaq istəsəniz heç olmasa özünüzü belə bir seçim qarşısında hiss edin.
İddia edirsiniz ki, şiəlik dini parçalayıb. “Həzrəti Əli Müaviyəyə uduzandan sonra şiəliyi bir partiya kimi elan etdi”. Tarixdə hadisələrin xronologiyası deyilən bir anlayış var. Sizin dedikləriniz heç bir məntiqə uyğun deyil. Osman öldürüləndən sonra Həzrət Əli müsəlmanların xəlifəsi oldu. Bütün valilər (indiki icra başçısı) də ondan beyət etməli (dövlət başçısı kimi tanımalı) idilər. Lakin Müaviyə Həzrət Əliyə beyət etmədi. Qoşun yığıb mərkəzi hakimiyyətə qiyam elan etdi. Bu məsələdə kimi haqlı hesab edirsiniz? Sizcə Əli Müaviyənin bu qiyamına göz yummalı idi? Əgər belə bir hal bizim dövrümüzdə baş verərsə, dövlət başçısını haqlı bilcəksiniz, yoxsa hansısa rayonda mərkəzə üsyan edən şəxsi dəstəkləyəcəksiniz?
Sizin yazdıqlarınıza həyat yolunuza və fəaliyyətinizə uyğun cavab verirəm ki, məsələ tam aydın olsun.
Həzrət Əli Müaviyə ilə döyüşəndə artıq xəlifə idi. Partiya isə hakimiyyətə gəlmək üçün yaradılan təşkilatdır. Həzrət Əli xəlifə ola-ola nə ehtiyac var idi ki, partiya yaratsın? Bəlkə siz demək istəyirsiniz, Müaviyə hiylə və məkrlə xilafət kürsüsünü qəsb edəndən sonra Əli tərəfdarlarını bütün beytul-maldan (dövlət büdcəsi) məhrum etdi, hətta Əli tərəfdarlarının məhkəmələrdə şahidliyi qəbul edilmirdi. Hansı xəlifə özündən əvvəlki xəlifəyə rəsmi şəkildə lənət oxutdurub? Bilmirsinizsə deyim, Müaviyənin göstərişi ilə düz altımış il peyğəmbər mənbərindən peyğəmbər yerində oturan şəxslər Həzrət Əliyə lənət oxuyub. O zaman Əli tərəfdarları da bir-birinə dayaq olub, yaşamağa davam etməli deyildilər? Siz buna partiya yaradaraq, dini parçalamaq deyirsiniz?
Həzrət Əlinin (ə) qətlə yetirdiyi xəvariclərin (dindən çıxanlar) halına yanıb, onlara ağlamaq istəyirsinizsə, kim sizə mane olur? Kimsə onlara yas saxlamaqda sizi suçlayıb?
Əli müəllim, tövrat və incili əsas götürərək cəhənnəmi dolayısı ilə inkar edir, cənnətin mərtəbələrini məsxərə edirsiniz. Amma cənnət və cəhənnəmin mərtəbələri insanların əməllərinə görə tərtib olunacaq. Necə ki, sizin adınız məşhur “91-lər”lə çəkiləndə etiraz edir və deyirsiniz ki, “91lər”i mən yaratmışam, adım gərək xüsusi qeyd olunsun və mən onlardan daha çox mükafatlara layiq görülməliyəm. Allah da sizin bu istəyinizə görə cənnəti səkkiz mərhələdə yaradıb ki, az iş görənlə çox zəhmət çəkənin fərqi olsun və ilahi ədalət konsepsiyası pozulmasın.
“Artistlik etmək məndən uzaq bir şeydir. Mən gördüyüm işdə səmimiyyəti xoşlayıram. O şey ki, mənim ürəyimcədir, onu edirəm. Ürəyimcə, deyilsə, özümü camaatın gözünə soxmaq istəmirəm”. Bu “kəlam”ı “Nə zamansa müqəddəs hesab olunan ziyarətə getmək istəyərdinizmi?”- sualına cavab olaraq səsləndirmisiniz. Ziyarətə getmək artistlikdir, səmimiyyətdən uzaqdır? Axı müqəddəs məkanların ziyarət olunmasını gənc nəsil mərhum prezident Heydər Əliyev və ölkə başçısı cənab İlham Əliyevdən öyrənir. Yoxsa siz mərhum Heydər Əliyevin Aşura haqqında dediyi fikirləri eşitməmisiniz, Onun məscidlərimizə, müqəddəs məkanlara münasibətindən bixəbərsiniz? Heç bir il olmayıb ki, president İlah Əliyevin ailəsi müqəddəs Məkkə şəhərində Kəbəni ziyarət etdi. Ölkə başçısı ailəlikcə dinə və müqəddəs məkanlara inam və ehtiramını bildirdi. Sizcə bu əməllərdə səmimiyyət yox idi?
P.S. Müsahibədə razılaşmadığım, tarixi faktlara və dinə zidd olan xeyli fikirlər yer alsa da, yazının həcmini nəzərə alaraq daha çox qabarıq görünənləri cavablandırdım.

xeber.info

Комментариев нет:

Отправить комментарий