Страницы

16.12.2015

Osmanlı imperatorluğunun “möhtəşəm”liyinin görünməyən tərəfləri

İbrahim Sel

 QARDAŞ QATİLLƏRİ. I Osman (1300-1324) öz əmisi Dündarı öldürdü. Osmanlı xanədanının imperiyaya çevrilməsində böyük rol oynamış Sultan Murad xəyanətdə suçladığı qardaşlarına qarşı o qədər qəzəbli idi ki, onlara rəhm olunmasını istəyən üləmaları divandan qovdu. Hər iki qardaşı Muradın gözü qarşısında fərraşlar tərəfindən boğulub öldürüldülər. Bu qətl Osmanlı səltənəti tarixində ilk axıdılan qardaş qanı idi. Ondan sonra sultanlar qardaşlarını, atalarını, oğullarını öldürəcəkdilər. Osmanlı sarayı üçün qardaş qanının axıdılması normal hala çevriləcəkdi.
 Həmin Sultan Murad yürüşdə olarkən oğlu Savcı bəy özünü sultan elan etdi. Qəzəblənən Murad səfərdən geri dönüb oğlunun qoşununu darmadağın etdi və onu yaxaladı. 14 yaşlı şahzadənin bağışlanması üçün təkkə şeyxləri Sultana minnətçi düşsələr də, Murad oğlunun qətlə yetirilməsi əmrini verdi. Şahzadəyə ağır işgəncələr verildi. Murad əvvəl oğlunun gözlərinə mil çəkilməsini istədi. Sonra kor şahzadəni Bursaya apardılar. Qəzəbini yenə bilməyən Sultan Murad burda şahzadənin boğulması əmrini verdi.
 İldırım Bəyazid isə atası Sultan Murad Kosovada öldürülən zaman, atasının ölümündən xəbərsiz olan qardaşı Yaqubu döyüş meydanına çağırdı və orda öldürdü.
 Süleyman Çələbi onun hökmranlığını tanımayan qardaşı Musa Çələbinin əsgərləri tərəfindən öldürüldü. Musa Çələbi özü isə digər qardaşı Mehmet Çələbi ilə didişmədə öldürüldü. Mehmet Çələbi (1413-1421) Osmanlı dövlətinin ikinci qurucusu hesab olunur. O, Mustafa Çələbidən başqa bütün qardaşlarını da öldürtdürmüşdü.
 II Muradın başını İldırım Bəyazidin oğlu olduğu deyilən və Duzməzə Mustafa kimi tanınan biri kəsdi. Muradın ən kiçik qardaşı Mustafa isə öz əmisini və qardaşlarını öldürtdürdü.
 Fateh Sultan Mehmet kimi tanınan şanlı Osmanlı sultanı taxta çıxan kimi (1444-1481) ilk işi 2 yaşındakı qardaşı Əhməd və Həsəni öldürmək oldu. Bundan sonra Fateh Sultan Mehmet “imperatorluğun davamlı olması üçün” Nizami-alem adlı fərman verdi. O fərmana əsasən bir qardaş hakimiyyətə gələrdisə, mütləq bütün qardaşlarını öldürülməli idi ki, hakimiyyəti möhkəm olsun. Tədbirli Sultan Fateh nəsli artmasın deyə iki arvadını da öldürtdürdü.
 II Bəyazid (1481-1512) taxta çıxanda qardaşı Cem Sultan qorxusundan qaçaraq İtaliyaya sığındı. II Bəyazidin İtaliyaya yolladığı bərbər Cem Sultanın boğazını kəsərək öldürdü və şad xəbəri sultana gətirdi.
 1511-ci ildə Sultan Səlim atası Bəyazidinin üzərinə qoşun çəkdi. O, 62 yaşlı atası Bəyazidə zəhər verib öldürdü. Hakimiyyəti ələ keçirəndən sonra qardaşı Qorqudun başını kəsdi, o biri qardaşı Əhmədi və oğlunu isə boğaraq öldürdü. Bundan sonra Konyaya gələn Sultan Səlim qardaşı Şahənşahın və onun oğullarının boğulmasını əmr etdi. Əhmədin digər oğulları isə İrana və Misirə qaçdılar, amma Sultan Səlim onları da tapıb öldürtdürdü. Onların bütün arvad və uşaqlarını da qətlə yetirdi. Məhz belə vəhşiliyinə görə xalq ona Yavuz (qorxunc) ləqəbi verdi.
 Qanuni ləqəbi ilə tanınan Sultan Süleyman (1520-1526) oğlu Mustafanı Hürrəm Sultandan olan oğlu Sarı Səlimin padşah olmasına şərait yaratmaq üçün boğdurdu. Mustafanın biri 3 yaşında 3 oğlu, arvadı və bütün qohumları da eyni gündə öldürüldü. Əlavə olaraq arvadı siciliyalı Rozalina da öldürüldü.
 Qanuninin digər oğlu şahzadə Bəyazid məhz bu vəhşiliyə görə atasına qarşı üsyan etdi. Çünki atasının ölümündən sonra taxta keçəcək böyük qardaşı Sarı Səlim tərəfindən öldürüləcəyini (boğularaq) dəqiq bilirdi. Sarı Səlim (1566-1574) hələ atası sağ ikən üsyan edən Bəyazidi Konyada məğlub etdi. Bəyazid qaçıb Səfəvilərə sığındı. Amma uzun danışıqlardan sonra Osmanlıya gətirildi və bütün ailəsi ilə birlikdə məhv edildi. 4 qızı, 7 oğlan da öldürüldü.
 III Murad (1574-1595) Osmanlı mülkünü ələ keçirən kimi ilk işi 6 qardaşını boğdurmaq oldu. 130 cariyədən 112 uşağı olan III Muradın əksər arvadı doğuşdan sonra körpələri ilə birlikdə öldürüldü. III Murad ölən gecə ondan hamilə olan 10 cariyə boğdurularaq Sarayburnundan dənizə atıldı.
 III Mehmet (1595-1603) elə taxta çıxdığı gecə qundaqda olan körpə qardaşı da daxil olmaqla 19 qardaşını öldürtdürdü. Ertəsi gün qiymətli daş-qaşlarla bəzədilmiş 19 tabut sarayda yan-yana qoyulmuşdu. Oğlu şahzadə Muradı da boğdurdu.
 I Əhməd (1603-1617) atası III Mehmetin yerinə keçdi. Elə həmin gün biət mərasimi edildikdən sonra III Mehmetin cənazəsi Ayasofya məscidinə aparıldı. Cənazə namazı qılınacaqdı. Qələbəlik idi, lakin 13 yaşlı gənc padşah I Əhməd hələ gəlib çıxmadı. Şeyxülislam bir neçə adamla padşahı çağırmaq üçün getdi. Şeyxülislam içəri daxil olduğu zaman padşahın düşündüyünü gördü. Padşah ona belə deyir: “Taxt sahibi olmaq üçün 19 qardaşını və bir oğlunu öldürən adam atam olsa belə qatildir. Mən qatilin cənazə namazanı qılmaram. Siz qılın və dəfn edin”.
 Bundan sonra Osmanlı dövlətində qardaş qətl etmək adəti yığışdırıldı.
 Hər toplumda cəlladlar qorxulan, nifrət edilən şəxslər olub. Hətta bir çox yerlərdə onlar həmişə lənətləniblər. Osmanlı dövründə cəlladlar yalnız yaşadığı dövrdə deyil, ölərkən belə xalq tərəfindən dışlanıb, hətta qəbirləri belə ayrıca olub.
 Osmanlı dövlətində adam asmaq, boğmaq və baş kəsmək adi bir hal sayılırdı və buna görə sarayda həmişə cəlladlar saxlanılırdı. Bir qrup yaltaq isə padşah və digər yüksək rütbəli əyanların əmrini yerinə yetirmək üçün bu işdə hazır vəziyyətdə gözləyirdi. Sarayda verilən ölüm cəzaları Topqapı sarayı bağçası önündə olan çeşmənin yanında həyata keçirilirdi. Cəlladlar qanlı əllərini və baltalarını məhz bu çeşmədə yuyurdular. Bu çeşmənin bir adı da cəllad çeşməsi idi və daha çox bu adla tanınırdı. Digər adı isə siyasət çeşməsi idi.
 Edam cəzaları insanın mövqeyi, vəzifəsi və rütbəsinə görə dəyişirdi. Osmanlı sultanları və şahzadələrinin qanı tökülməz, iplə boğularaq öldürülərdi. Edam olunacaq şəxs sadə xalq nümayəndəsindən biri idisə, kəllə kəsmə cəzası tətbiq olunardı. İstanbuldan kənarda imperatorluğun uzaq vilayətlərində edam olunan dövlət adamlarının öldürüldüyünü isbat etmək üçün kəsilmiş başı torbaya qoyulur və İstanbula gətirilirdi. Sultana kəsilmiş baş gümüş qabın içində təntənə ilə təqdim olunurdı. Bədəni isə öldürüldüyü yerdə dəfn edilirdi. Bu səbəbə görə başı başqa yerdə, bədəni başqa yerdə dəfn edilmiş iki məzarı olan dövlət adamları çoxdur. Onların arasında sədrəzəmlər üstünlük təşkil edir. Bunlardan ən məşhuru Vyana mühasirəsində uğursuzluğu səbəbiylə başı kəsilərək sultana aparılan və sonra da başı dənizə atılan məşhur sərkərdə Mustafa Kara Paşa idi.
 Kəsilmiş başlar bal ilə dolu torbaya qoyularaq daşınırdı. Bu kəsilən başlar bəzən də Topqapı sarayının ilk giriş qapısında asılırdı. Xalqa ibrət dərsi vermək üçün həmin başlar günlərlə orada asılı qalırdı. Başların qoyulduğu giriş qapısının oyuqları hələ də qalmaqdadır. Başlar burada adətən üç gün qalırdı. Bəzən eyni anda oyuqlara yüzlərlə kəsilmiş baş qoyulurdu. Cəlladlar edam etdikləri müsəlmanları öldükdən sonra beli üstə uzadır, müsəlman olmayanları isə üzü üstə qoyaraq kəsilmiş başlarını qıçlarının üzərinə qoyurdular. Həmin adət indi də qalıb: Suriyada və İraqda vahhabi terrorçuları kəsdikləri şiələrin bədənini sanki qeyri-müsəlmanmış kimi üzü üstə uzadır, kəsilmiş başını isə qıçlarının üstünə qoyurdular.
 YƏHUDİ QADINLARIN İDARƏ ETDİYİ İMPERİYA. Fransız tarixçisi Jan-Pol Roux yazır ki, Sultan Süleyman dövründə İstanbul əhalisinin 40%-i xristian, 10%-i isə yəhudi idi. Sonra xristian ölkələrində sıxışdırılan yəhudiləri Osmanlı öz ərazisinə qəbul etməyə başladı. Tək Süleymanın qərarı ilə 160 min yəhudi İstanbulda və Selanikdə yerləşdirilmişdi...
 İmperiyanın maliyyə işləri yəhudilərin əlinə keçmişdi. Bütün üst təbəqə məmurları yəhudidən dönmələr idi. Sultan vəzirlərinin əksəriyyəti yəhudi kökənlidir. Sultan uşaqlarının anaları xristian kölələri idilər, qul bazarlarından alınıb padşah üçün gətirilirdilər. Həmin vaxtadək bu qadınların harada və kimin əlində olduqları çox maraqli məsələdir. Xanımlar sultan üçün oğlan doğursa, avtomatik olaraq siyasi mübarizəyə qatılır, oğlunun atasından sonra hakimiyyət olimpini ələ keçirməsini arzulayır, intriqalar qurur və gələcəkdə dövlət başçısının anası olarsa, hakimiyyət işlərinə birbaşa təsir imkanları əldə edirdi. Osmanlı tarixində belə bir gizli dövr olub ki, sultan anaları- Validə sultanların hökmranlığı sürüb (Qadınların sultanlığı). Onların içində müdrikləri də olub, ancaq əksəriyyət baxımından dövlətçilik üçün xeyirli olmayıblar. Məsələn, “Möhtəşəm yüz il” serialının qəhrəmanı Roksolana Süleymana hədsiz təsiri ilə Osmanlının siyasi həyatında olmazın dəyişikliklərə yol açıb. Hətta belə bir ehtimal var ki, Roksolana sarayda təsadüfən peyda olmamışdı...
 Sultanların analarının oğullarına güclü təzyiqi bir çox hallarda xəzinənin talan edilməsi ilə müşayiət olunurdu. Validə sultanlar bədxərc olurdular, vəzirlərin onlara gücü çatmırdı. II Mehmetin anası Safiyə (venesiyalı Baffa) İstanbul əhalisi arasında populyar idi, ancaq ordu, məmurlar və üləmalar ondan narazı idilər. C.Frilinin məlumatına görə, Britaniya diplomatı Henri Lello İstanbuldan yazırmış: “O, oğlunu özünə tam tabe etmişdi. Ancaq hərbçilər və müftilər monarxa deyirdilər ki, anası onu aldadır və səhv yola yönəldir”.
 Safiyə 8 ildə 11 vəzirin dəyişdirilməsinə baiskar olmuşdu. Söhbəti niyə Safiyədən saldıq? Məsələ burasındadır ki, sultan anaları adətən “çırpışdırdıqları” pulları yəhudi işbazlar vasitəsilə maliyyə əməliyyatlarında istifadə edirdilər. Safiyə də o cümlədən. Bunlar vasitəçi xanımlar olurdu və onlara “kira” deyirdilər. Kiralar hərəmxanadakı qadınların varidatlarını idarə etməklə yaxşı pul qazanırdılar. Safiyənin İstanbulun yəhudi kvartalında ciddi nüfuzu var idi. Maliyyəsinin idarə olunması ilə isə bir yəhudi xanım-  Esperansa Malka məşğul idi. Malka validənin pulları hesabına inanılmaz var-dövlət və nüfuz sahibinə çevrilmişdi. 1660-cı illərdə İstanbulda ingilis səfirliyinin katibi işləyən Pol Raykot məktublarında Malkanın Safiyəyə hədsiz təsirinindən danışır və bunu onunla izah edirdi ki, bu iki qadın məşuqdurlar: “Sultan Mehmetin hakimiyyəti dövründə imperiyanın idarə edilməsi bütünlüklə cavan, cəsarətli xanım Mülki Kadanın əllərində cəmləşib. Kraliça-ananın ona münasibəti çox mübhəmdir (bizdə olan məlumata görə, bu iki qadın cinsi əlaqədədirlər). Vəziri saya salan yoxdur, bütün göstərişlər ondan gəlir, sarayda hərəmxananın xədimləri və zənciləri hökmranlıq edirlər, hökumətin toplantıları qadınların otaqlarında keçirilir, burada vəzifələrə təyinatlar olur, burada da adamları vəzifələrdən götürürlər. Hər şeydə bu “Qadın hökuməti”nin maraqları nəzərə alınır”.
 Göründüyü kimi, Osmanlının yəhudi və masonlar tərəfindən “Atatürkün əli” ilə dağıdılması prosesinin tarixi çox-çox əvvəllərə gedib çıxır...
 QƏFƏSDƏN ÇIXAN SULTANLAR. Osmanlı İmperiyasının digər taleyüklü dövrü tarixə “Qəfəs” adı ilə düşüb. Çox güman ki, imperiyanın çöküşündə bu fenomen digər amillərdən qat-qat böyük və neqativ rol oynayıb. “Qəfəs” fenomeni imperiyanı ürəyindən vuran və birbaşa birinci şəxs- sultanın psixoloji durumuna təsir göstərən amil idi.
 Qeyd etdiyimiz kimi, Mehmet Fateh Konstantinopolu tutduqdan sonra üləmalara tapşırır ki, hakimiyyət uğrunda qardaşların qırğınını aradan qaldırmaq məqsədilə sultan olanın digərlərini öldürtməsinə dini-nöqteyi nəzərdən haqq qazandırsınlar. O vaxtdan elan olunur ki, “daha çox müsəlmanın xilas olması üçün birinin öldürülməsi günah deyil”. Bu andan etibarən hər yeni gələn sultan ilk növbədə qardaşlarının “qanuni” qırğınını təşkil edirdi. Hesablamalara görə, 4 əsr ərzində 78 şahzadə qətlə yetirilib. Biri sultan olan kimi digərlərinə qarşı ov başlayırdı. Elə hallar olurdu ki, bir neçə aylıq uşağı anasının döşündən qoparıb sünnət adı ilə aparıb qaytarmırdılar. Bir oğluna görə digərlərini boğub öldürtmüş Sultan Suleyman Qanuni tapşırığının yerinə yetirilməsi xəbərini eşidib demişdi: “Allahım, yaxşı ki, mənə ömür verdin bu günü gördüm. Artıq müsəlmanları heç bir təhlükə gözləmir” .
 22 noyabr 1617-ci ildə I Əhmədin müəmmalı ölümü hakimiyyət böhranı yaratdı. Rəsmi məlumat onun vəbadan öldüyünü bildirsə də, hamıya məlum idi ki, sultan öldürülüb. Bu olay Osmanlı tarixinə padşahın ilk zorakı yolla aradan götürülmə halı kimi düşüb. Sonra sultanların bürokratiya və yeniçərilər tərəfindən taxtdan salınması adi hal olacaqdı. Əhməd nənəsi Safiyədən canını qurtarıb onu sürgün etsə də, saraydaxili çəkişmələrin öhdəsindən gələ bilməmişdi və öldürülmüşdü. O, öləndə böyük oğlunun 13 yaşı var idi. Eyni zamanda qardaşı Mustafa qalmışdı. Mustafa ağıldan kəm idi. Deyilənə görə, qardaş qırğınından qurtulmasının əsas səbəbi də elə bu olub. Ancaq güman olunur ki, Əhmədin uzun müddət oğlu olmadığından onu ehtiyat variant kimi saxlamışdılar.
 Əhməd öləndən sonra böyük oğlunun yaşı çatmadığından taxta Mustafa çıxdı. O, qardaşının arvadlarını Köhnə saraya göndərdi. Onların arasında Əhmədin arvadı Kösəm və onun 4 oğlu da var idi. Zaman keçdikcə Mustafanın psixoloji problemləri olduğu aşkarlandı, çünki o sultan olanadək ağıl səviyyəsi barədə yalnız dar çərçivədə məlumat var idi.
 Çələbi yazır: “Sultanın əqli və fiziki xəstəliyi üzə çıxandan sonra onu həkimlərə, dövlət idarəetməsini isə möhtərəm anasına həvalə etdilər”.
 Düz bir ilə aydın oldu ki, dövləti belə idarə etmək olmaz. Mustafanın ruhi xəstəliyi əsas gətirilərək hakimiyyətdən uzaqlaşdırılır və Topqapı sarayının daxili hissəsinə qapadılır. Bu andan etibarən imperiyanın Qəfəs dövrü başlayır. Qəfəs nədir? İndiyədək qardaşlar öldürülürdülərsə, indən belə doğulandan yeniyetmə çağınadək hərəmxanada qalır, sonra Qəfəsə yerləşdirilirdilər. Burada onlar uşaq doğa bilməyən qadınlarla təmin edilirdilər. Təsəvvürünüzə gətirin ki, insan bütün həyatını mədəni həbsxanada keçirməli olurdu. Ancaq bu, adi məhbus həyatı deyildi. Şahzadələr daimi qorxu və təhdid içində yaşayırdılar; onları qorxudurdular ki, baxın qardaşınız indi gəlib sizi öldürdəcək! Bu stress onların psixoloji halına təsirsiz ötüşmürdü...
 Osmanlı tarixinin son 3 sultanı da Qəfəs həyatı yaşamışdılar və təbii ki, natamamlıq kompleksindən əziyyət çəkirdilər. V Mehmet Reşad taxta 64 yaşında çıxmışdı, bunadək 48 il Qəfəsdə yaşamışdı. Ondan sonra gələn VI Mehmet Vahideddin 57 illik ömrünün hamısını Qəfəsdə keçirmişdi. Sonuncu Əbdülməcid isə 54 yaşında taxta çıxmışdı ki, 46 il məhbus həyatı yaşamışdı.
 IV Murad vəfat etdikdən sonra yerinə qardaşı İbrahimdən başqa namizəd yox idi. İbrahim Qəfəsdə idi. Vəzir və anası yanına gələrək qardaşının öldüyünü bildirir və onu taxta dəvət edirlər. İbrahim inanmır və qapını açmır. Bunu görən qarşı tərəf yenicə vəfat etmiş Muradın cəsədini İbrahimin yanına gətirir və onun qapısının ağzına qoyurlar. İbrahim qapını açır, Muradı tərpədir, öldüyünü görüb sevincək qışqırır: “Cəllad öldü, cəllad öldü!”
 ÖZLƏRİ HACI OLMASA DA, QILLARI HACI İDİ. Qeyd edək ki, yekəxana Osmanlı sultanları heç vaxt həccə getmirdilər. Xanədanın həccə gedən tək kişi mənsubu, Fateh Sultan Mehmetin kiçik oğlu Cem Sultan idi və ondan savayı Osmanlı imperiyası dövründə heç biri kişi həccə getməyib. Sonuncu padşah Sultan Vahideddin sürgün illərində hacı olmaq istəsə də, siyasi səbəblər və təhlükəsizliyinə görə yalnız ümrə etmək məcburiyyətində qalmışdı. Osmanlı sultanlarının nə üçün həccə getmədiyi həmişə müzakirə mövzusu olub. Türk araşdırmaçılar bunu məsafənin uzaqlığı və çoxlu vaxt aparması ilə əlaqələndirirlər. O vaxtlar İstanbuldan həccə gedib-gəlmək təxminən doqquz ay davam edirdi və Osmanlı imperatorluğunun idarəetmə sistemi, bir hökmdarın bu qədər uzun müddət ərzində mərkəzdən ayrı qalmasına uyğun deyildi. Belə uzunmüddətli səfərə çıxan sultanın geri döndüyü zaman taxt-tacının əlindən alınması ehtimalı da böyük idi. Lakin maraqlısı budur ki, 19-cu əsrin ikinci yarısından etibarən nəqliyyat imkanlarının artması sayəsində həcc səfərinin müddətinin qısalmasına və Osmanlı taxtının da belə bir sistemə bağlanmış olmasına baxmayaraq, sultanlar yenə həccə getmirdilər. Məsələn, Sultan Əbdüləziz 19-cu əsrin ortalarında Avropa paytaxtlarına getmiş, Sultan Rəşad da Kosovada uzunmüddətli gəzintiyə çıxmış, ancaq həccə getməmişdilər.
 Maraqlısı budur ki, özlərini bütün dünya müsəlmanlarının xəlifəsi elan etmiş Osmanlı sultanları həccə getməsələr də, əvəzlərinə ora vəkil göndərirdilər. Sultanlar vəkil vasitəsilə həccə kəsilmiş saçlarını göndərirdilər. Bərbərin kəsdiyi saçlar gümüş ləyəndə yuyulduqdan sonra buxurla tüstülənib möhürlü bir siyirməyə qoyular, siyirmə ilə Məkkə və Mədinəyə çatdırılırdı. Beləliklə, Osmanlı hakimlərinin özləri hacı olmasalar da, “saçları” hacı olurdu!

Комментариев нет:

Отправить комментарий