Страницы

16.12.2015

RUS İKONASINDA AZƏRBAYCAN – Həmid Herisçinin yazısı

Həmid Herisçi

Azərbaycan diyarı, Rusiyanın tərkibində vaxtiylə olub... həəə... bunu pəpə deyəndən məmə deyənə qədər hamı bilir. Hamı... Yaxşı, bunu bildik. Bəs...
Bəs müqəddəs bir rus ikonası tərkibində necə, Azərbaycan nə vaxtsa olubmu görəsən? Yaxud indi, hal-hazırda bir gözəl rus ikonası daxilində siz Azərbaycana rast gəlibsinizmi heç?
Hə... belə bir möcüzəli, müqəddəs ikonanı biz, beş il öncə, yağmurlu payız günləri vaxtı Bakının Salyan kazarmaları səmtindəki qədim rus kilsəsində aşkarladıq. Gözqamaşdırıcı bu ikona, xüsusi sifariş əsasında 2000-ci illərdə çəkilmiş, elə o vaxt da Bakıya gətirilərək yerli pravoslav icmasına hədiyyə edilmişdi. Qızmar günəş şüaları altında bu ikona bir cür işıldayır, qaranlıqda bir başqa cür. Bəziləri deyir ki, əqidən düz olsun, bu ikonaya niyyət elə, vəssəlam, arzularının hamısı həyata keçəcək. İkona qarşısında sükuta qapılaraq xaç vuranlar, dua pıçıldayanlar da az deyil. Sıralarına, özüm görmüşəm, təkcə pravoslavlar deyil, əli şamlı mömin müsəlmanlar da qatılır bəzən.
Ortasında, düz mərkəzində köhnə slavyan əlifbasıyla “Azərbaycan” yazılmış bu ikonanın möcüzələri belə görürəm ki, hələ bitməyib. Dünyadakı siyasi gərginliyinin Olimp zirvəsinə dırmandığı indiki çətin şəraitdə bu sehrli ikonanın əsl möcüzələri, görəcəksiz, məncə hələ qabaqdadır.
Qısası, Rusiya, SSRİ ərazisindən çıxmış Azərbaycan indi bir başqa müqəddəs əraziyə- möcüzəli rus pravoslav ikonası tərkibinə, “ərazisinə” qatılıb.
Bu ikonanın nə olduğunu, hansı əhəmiyyətə malik olduğunu öyrənmək, bilmək həvəsiniz varsa, dekabrın 28-də tənbəllik etməyin. Durun gəlin vaxtiylə, 1909-cu ildə rus hərbiçilərinin Salyan kazarması tərəfdə inşa etdikləri qədim pravoslav kilsəsinə. Məhz həmin tarixdə Bakıdakı bütün pravoslav icması başda arxiyepiskop Aleksandr olmaqla, bu müqəddəs ikonanın ətrafına yığılır. Dualar oxunur, ikona qarşısında şamlar yanır, müşkü-əmbər ətri, dumanı ətrafı bürüyür.
Kilsə zəngləri durmadan səslənir, möminlər xaç vurur, kilsə xoru üzvləri dini mahnılar ifa edirlər.
Kilsə həyətindəki dilənçilər, ətrafdakı ac pişiklər bu vaxt həmişə öz ənənəvi yerlərinə- qızıl suya boyadılmış kilsə darvazası önünə yığılarlar. Ovuclarını irəli uzadıb pay umarlar özlərinə. Deyilənə görə ikonanın təsirindəndi nədi, bilinmir - həmin gün, ən simic, xəsislər belə çox əliaçıq olur. Səxavət kisəsinin ağzını açaraq pullarını kasıblarla bölüşərlər.
Milad bayramları ərəfəsində, ilk qış şaxtaları zamanı keçirilən bu mərasim həmişə həm cəlbedici, həm də cəzbedici olur adətən. Axşamın alaqaranlığında sayrışan işıqlar, yanar şam şölələri, sədası kəsilməyən kilsə zəngləri... Kənarda dayanıb mat-məəttəl qalırsan qarşındakı möhtəşəm tamaşaya.
Bu ilki mərasim, indidən belə görünür, əvvəlkilərdən gur olmağı vəd edir bizə.
***
İcazə verin burda xatirələrimə yer verim. Sizə bu köhnə rus kilsəsiylə bağlı ilk xatirələrimi danışım.
SSRİ təzəcə çökmüşdü. Camaatın “Pravda” qəzetini unudub “Birja” qəzetiyçün qəzet köşkləri önündə növbəyə durduğu vaxtlarıydı. Salyan kazarmaları tərəfdə özümçün gəzişirdim. Xəbər yayılmışdı ki, bəs tezliklə, bu gün-sabah rus ordusu Bakını tərk edəcək. Dedim günahdı buna baxmamaq. Salyan kazarması tərəflərdəki kilsəni də ilk dəfə həmin vaxt özümçün aşkarlayıb bərk diksindim. Gördüm ki, rus əsgərləri bu kilsə divarları önündə voleybol oynamaq üçün yığılıb. Bəlkə bu, rus əsgərlərinin Bakıda oynadığı son voleybol oyunuydu, vallah.
-Kolya, topa zərbəni bax belə... aşağıdan yuxarıya vur. Qorxma. – rus əsgərləri voleyboldan doymaq nədi bilmirdilər. Zərbələrin şappıltısından deyərdin indi qulaqlarımız batacaq.
-Topu ötürdüm sənə, Seryoqa. Al gəldi. –əsgərlərin biri, üzü üstə yerə atılaraq son anda özünü topa çatdırmağı bacardı. Top, havada yuvarlanaraq gedib dəydi kilsənin qədim qara divarlarına. 
Kilsə dirildi elə bil bu vaxt. 
Dirilib qoşuldu rus əsgərlərinin Bakıda oynadığı son voleybol oyununa. Meydan lap qızışdı, vallah. Əsgərlərin “XB” köynəklərində tər ləkələri, göz görə-görə, böyüyüb öz dairəsini genişləndirdi. Kilsənin zərbələri, mən kənardan baxıb görürdüm, əsgərlərinkindən daha sərrast, daha dəqiqdi. Kilsənin qaytardığı belə toplardan biri, qəfil oyun meydançasından çıxdı. Vıyıltıyla gəlib dəydi divar dibində qarpız yeyən bir qarabalanın yoğun peysərinə. Yazığın başı gedib girdi qarpızın içinə.
-Bu da oyunumuzun məntiqi nəticəsi. Biz udduq. Dağılışın - yekəpər əsgərlər bir ağızdan gülüb uğundular. Qarpızları başladılar top kimi bir-birilərinə ötürməyə. Bir an belə davam etdi. Voleybol topu qarpızlarla əvəzləndi. 
Sonra rus ordusunun Bakını necə tərk etdiyini öz gözlərimlə gördüm. Tankların, BTR-lərin uzun, qara tüstülü karvanı dayanmadan şimal səmtə istiqamət götürdü. Əsgərlər getdi. 
Kilsə qaldı.
***
Rusların adına «Церков Святых Жен-Мироносиц» dediyi bu əzəmətli kilsə, həm də 20 yanvar əlilidir. O vaxt bilmirəm hansı yaramaz bura iki mərmi ataraq məbədin tavanını dağıdıb. İçində yanğın törədib. Bir müddət kilsə bu cür yaralı vəziyyətdə qalaraq öz növbəti xilaskarını gözləyib. Xilaskar özünü çox da gözlətmədi. 2001-ci ildə azərbaycanlı mesenat Aydın Samedoviç Qurbanovun maddi yardımı, Rus Pravoslav kilsəsinin patriarxı Aleksiyin səyi, mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə kilsə bərpa olunaraq möminlərin istifadəsinə verildi. İndiki Patriarx Kirill də bu kilsədən öz qayğı əlini əsirgəməyib. Kilsənin hündür tavanından asılaraq ətrafa nur saçan bahalı çilçıraq deyilənə görə rus patriarxın kilsəyə verdiyi növbəti əvəzsiz hədiyyədir.
Bütün bunlar, hə, bəli, yaxşıdır. Ancaq pravoslav kilsəsinin pozulmaz vacib bir şərti var. Gərək hər kilsənin məhz öz...bəli, düz eşitdiz dediyimi, məhz öz müqəddəs şəfaverici ikonası olsun. Kilsənin bu nöqsanı pravoslav ruhaniyyətinə necə deyərlər göz verir, ancaq yuxu vermir. Arada çox söz-söhbətlər gəzir, müzakirələr aparılır. Müxtəlif təkliflər saf-çürük edildikdən sonra Moskvadan bir az gecikmiş qərar gəlir- bəs darıxmayın, bəs kilsənin öz ikonası artıq sifariş verilib. Gözləntilər özünü axır doğruldur. Bir də görürlər ki, bəs gözünüz aydın, ikona Moskvadan Bakıya gətirilərək möminlərin ixtiyarına verilib. İkona qarşısında pravoslavların növbəsi günü-gündən artaraq day bir də əskilmir. Hamı başlayır pıçıldamağa ki, bəs heç bilməmişdik indiyəcən, ikona həqiqətən şəfalıdır. Möcüzəlidir. Niyyət edənləri arzusuna çatdırır.  O dey, qocaman təqaüdçü Mariya Mixaylova... gedin ikona barədə bu xanımla danışın. Deyəcək ki, bəli, bəs hardaydız indiyəcən? İkonanın möcüzələri bir deyil, iki deyil... Yaxşısı budur siz də gəlib qarşısında şam yandırın. Qoy dodaqlarınız bircə bu ikona qarşısında bir müddət xəfifcə titrəsin, bəsdi. Tanrı mütləq niyyətlərinizi eşidəcək.
***
Deyilənlərə inanaraq mən də durub gəldim kilsənin ağır, qızılı qapısı önünə. Hava yamanca günəşliydi. Qapıya düşən kölgəmin cizgiləri aydın və çox itiydi deyə əvvəlcə kölgəmi heç tanımadım. Dedim bəs bir başqasınındı. Sonra gördüm yoxxx eyyyy... elə öz kölgəmdi. Bayaqdan elə hey məni güdür. Bax beləcə, kölgəmin müşayiətiylə darvazanı aralayıb qorxa-qorxa içəri daxil oldum. Bu vaxt kölgəm məni tərk etdi. Qaldım içəridə bu möhtəşəm abidəylə tək-tənha. Xidmətçidən necə şam aldığımı, necə ikonaya yaxınlaşdığımı soruşsaz, indi bunu xatırlaya bilmərəm. İkonanın qarşısına çatdığım vaxt qəflətdən ayıldım. Gördüm ki, xor kapellası yerləşən uzaq küncdən bir zəif  kölgə ayrılaraq yavaşcana mən tərəfə gəlir. Axır bu kölgə mənə yaxınlaşıb uzun əbalı keşiş şəklini aldı. 
-Protoierey Konstantin. Rus Pravoslav kilsəsi Bakı-Azərbaycan yeparxiasının mətbuat katibi. Suallarınızı cavablandırmağa hazıram.
Hiss etdim- İxtiyarımız sanki özümüzdə deyil. Naməlum bir qüvvənin yedəyində ikimiz də divarı bəzəyən o ikonaya yaxınlaşdıq. Aramızdakı lal söhbət bir müddət davam etdi. Qısa fasilədən sonra növbəni ötürdü Konstantin ataya. O, məqamı anındaca havada tutub mənlə söhbətə başladı.
-İkonadakı təsvirlər pravoslavlara, müsəlmanlara eyni dərəcədə doğmadır. Yuxarı sağ-sol tərəflərdəki dairələri müqəddəs Cəbrayılla, Mikayılın təsvirləri bəzəyir. Ortadakı, görürsünüzmü, müqəddəs Məryəm, qucağındakı Həzrət İsadır. İslamda deyirlər ki, cənnət anaların ayağı altındadır. Belə cənnət gördüyünüz kimi Həzrət Məryəmin ayaqları altındakı Azərbaycandır. Yaxın gəlib bu yazılara diqqət edin.
Əlimdəki ətirli şam hardan alışdı? Daxilimdəki qığılcımdanmı, yoxsa özü kimi bir başqasından? Dəqiq bilmədim. Şamın elə zəif şöləsi bəsiydi ki, ikonadakı bəzi xırda təsvirləri, yazıları aydın görüm.
-Görürsüz, bax bura, ikonanın düz ortasına qədim kirill əlifbasıyla “Azərbaycan” kəlməsi həkk edilib. Gördünüzmü, hə?
Şamın şöləsi da elə bil bu dəqiqəni gözləyirmiş. İkonaya yaxınlaşınca göz görər-görə şöləsinin hərarəti, nuru birə üç artdı. Qarşımdakı “Azərbaycan” kəlməsi nura boyandı...
Nə deyim... gözəl, mənalı anlar yaşadım bu ikona qarşısında.
Əlimdəki şamın titrək şöləsi az sonra ikonadakı digər sözlərin üzərinə düşdü.
-Bəs bu sözlər nədir belə? – deyib, ikonaya bir yaxından baxdım, bir də azca uzaqdan. Diksinməyim mənalıydı. Qarşımda Rusiya Baş Ordu Qərargahının tam məxfi geopolitik xəritəsini görürdüm elə bil. Gözlərimi bir də yumub açınca bu fantomlar, ilğımlar əriyib itdi qarşımdan. Avrasiya qitəsinin tanış cizgiləri yaddaşımı qıdıqladı.
Konstantin davam etdi:
-Gördüyünüz “Qroznı, Georgi, Tbilisi, Bakı, Kaspi” kəlmələri, başa düşürəm, ikonanı sakral, müqəddəs bir xəritəyə də oxşadır. Dəfinə ovçuları vaxtiylə bu cür oxşar xəritələrlə silahlanıb xəzinə axtarırmışlar.
-Xəzinə də bax burdadır. – deyib şamın öləziyən şöləsini aşağıdakı dördbucaq qalaça təsviri üzərinə saldım. Bilmirəm niyə... şamın şöləsi yenə də alışıb gücləndi.
-Hə... şam dirilir bu ikonanın təsirindən. İndi gör möminlər hansı duyğular yaşayır ikonanın qarşısında. -Konstantin nəfəsini gen sinəsinə dərib bir an sükuta qapıldı. Bu vəziyyətdə bir an donub qaldı. Yaxındakı  məchul nöqtəyə zilləndi.
-Mərhum mesenat Aydın Samedoviçin xatirə guşəsidir burası.
Güşəni diqqətlə gözdən keçirmək qərarına gəldim. Sağıma, soluma diqqət etdim. Aşağıya, zirzəmiyə gedən dar pilləkan diqqətimi özünə çəkdi. Soruşdum:
-Hara aparır bu məxfi pilləkan?
Konstantin yenə köksünü ötürdü.
-Kilsə zirzəmiləriylə ehtiyatlı davranın. Bir də gördüz orda əcaib məxluqlarla görüşdüz... Nə deyim indi sizə ki, Tanrıya xoş getsin?.. Kilsənin özülündə, ana nüvəsində, zirzəmilərində həmişə bir sirr yatır. Bir qərib şəhidin, mömin, kəşfü-kəramət sahibinin çürüməyən nəşi uyuyur. Sovet vaxtları Lənkəranda qətlə yetirilmiş bir pravoslav keşişinin məzarı var orda.
Axır cümlələri artıq eşitmirdim deyə fikrim başqa yerdəydi. Divardakı Aydın Samedoviçin şəklinə elə hey baxırdım, baxırdım... Sonra qərar verdim özümə ki, qapıdakı xidmətçi qadından da suallarıma cavab axtarım. Səssizcə, ruh kimi, mərmər döşəmə üzərində sürüşə-sürüşə bu xanıma yaxınlaşdım.
-Ruslar ikonanı nə zaman, nəyə görə çəkirlər, deməzsizmi xanım?
Konstantin azca duruxdu. Söhbətimizə qapıçı qadının da qoşulmağı, bəli, tam gözlənilməz oldu onun üçün. Ancaq özünü sındırmadı. Xidmətçi qadın, Konstantinin lal baxışlarından icazə alıb cəld dilə gəldi.
-Niyyət edərkən, hər hansı arzuya yetişmək istəyərkən pravoslavlar, bəli, ikona sifariş verər, onun qarşısında şam yandırıb dua edərlər adətən. Qayda belədir, biləsiz. 
-Bu “Azərbaycan”, yaxud “Kaspi” xəritəsi... eyyy üzr istəyirəm, ikonasına baxıb dua qılanlara çoxmu rast gəldiz son zamanlar burda?
-Hə... kifayət qədər... Dekabrın 28-də gəlin kilsəmizə. Bu ikona həmin gün çox əzizlənir möminlər tərəfindən. Gələcəksizmi? Peşman olmazsınız... Niyyət edin bu ikonamıza. Vallah, arzularınızın hamısını, mən şahid, Tanrı qəbul edəcək, görərsiz.
Mənə qalırdı bircə bu xanımın üzünə baxıb azca gülümsəmək. İçəridəkilərlə xudahafizləşib söz verdim ki, dekabrın 28-i mütləq bura gəlib ikonaya niyyət edəcəm.
Eşikdə məni fəxri qaravul gözləyirdi elə bil. Sağ tərəfimdə qara pişik dayanmışdı, sol tərəfimdə ağ pişik. Bir an onların arasında seçim etməli oldum. Cibimdəki konfeti kimə atacağım müşkül məsələyə oxşayırdı, vallah...
Elə bildim ki, tək mən deyil, Azərbaycan da oxşar seçimə məhkumdur.
***
Deyirəm, Azərbaycan Rusiyanın tərkibində oldu bir zaman. İndi qoy həm də bir rus ikonasının tərkibində yaşasın. Görək bundan nə çıxar.

musavat.com

Комментариев нет:

Отправить комментарий