Страницы

27.01.2016

Fikrət Sadıq - Cəmisi 24 misra məhəbbət

YENƏ SƏNİ GÖRDÜM

1
Üç qitə, hərəsi səkkiz sətirdən,
cəmisi 24 misra məhəbbət.
Az bilib küsmə ha, orda görərsən
Bir ömürlük ümid, bir dünya həsrət.

Orda şəfqət var ki, üfüqə deyil,
Yayılır hər səhər yanaqlarına.
Orda təbəssüm var– nurdur elə bil
Günəşdən düşübdür dodaqlarına.

2
Orda sarı geymiş ayrılıq da var
Yaşıl eşqimizi qoruyaq ondan.
Günlərə bənzəyir orda misralar
Bir üzü vüsaldır, bir üzü hücran.

Orda arzu var ki, göylərə sığmaz
Sığıb gözlərinin bir giləsinə.
Orda duyğu var ki, boş yerə axmaz
Hopub işıq kimi sənin səsinə.

3
Ən gözəl təşbehlər taparsan orda 
Adı söz deməz ki, sevən sevənə!
Özüm ay nuruna möhtac olsam da
Günəşi hədiyyə verərəm sənə.

Cəmisi 24 misra məhəbbət...
Onun da yarısı hicran qorxusu.
Bütün bu şeirlər sənindir, fəqət
Bütün sevənlərə göstər oxusun.

BAKI

Evləri pillə-pillə qalxır…
Küçələri dənizə axır.
Gecəsi kəhkəşanın bir parçası.
İstər günəş nur saçsın, istər saçmasın.
Öz oduna sığınır.
Torpağın yandığı olub,
Bunun suyu da yanır.
Qızları ürəkləri fəth edib,
Oğlanları Xəzəri.
Dənizlə günəşin vüsalıdır səhəri.
Oturmuşam xatirələrimi varaqlayıram.
Şəhərlər içində
Sənə tay gəzirəm!
A mənim ümüdlərimin, arzularımin 
                                                 şəhəri!

Комментариев нет:

Отправить комментарий