Страницы

27.01.2016

Əliağa Vahid - Gülşəndə idim seyrdə...

Vardır indi, gözəlim, başqa məlahət Bakıda,
Gəl edək sövq ilə hər yanı səyahət Bakıda.

Gələcək nəslə bu tarixi şərafətdir ki,
Görürük özgə səfa, özgə lətafət Bakıda.

Bu gözəl ölkə işıqlandırır hər bir tərəfi,
Gülür insan üzünə nuri–səadət Bakıda.

Çıx tamaşaya, xüsusən Xəzərin sahilinə,
Baği-cənnət, daha tərifə nə hacət Bakıda!

Get–gedə qalmayacaq köhnə binalardan əsər,
Tikilibdir– yeni minlərcə imarət Bakıda. 

Hansı bir sahə olursa, vətən oğlanlarının,
Borcudur, göstərə hər işdə məharət Bakıda.

Əsrlərdir, qocaman Qız qalası qalmışdır,
Göstərir xalqa vüqar ilə iqamət Bakıda.

Bu cəsarət, bu sədaqətlə bütün dünyaya,
Haqlıdır, xalqımız eylərsə fəxarət Bakıda.

Sülhə doğru nə çətinlik, nə fəlakət var isə,
Onu dəf etməyə var bizdə cəsarət Bakıda.

O gün olsın ki, bütün düşmənimiz xar olsun,
Eyləyək şadlıq ilə gündə ziyafət Bakıda.

Vahidəm, mən də bu yurdun, bu elin şairiyəm,
Artırır zövqümü artdıqca təravət Bakıda.

***
Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.
Bir bülbül idi, bir də çəmənzar idi, bir mən.

Hər aşiq öz istəklisi eşqində yanırdı,
Pərvanə idi, şəmi-şəbi–tar idi, bir mən.

Bülbül gülə, gül bülbülə min naz eləyirdi,
Bir kəs yox idi, ol güli–bixar idi, bir mən.

Göylər də həsəddən bizə baxdıqca yanırdı,
Dövrəmdə gəzən sabitü səyyar idi, bir mən.

Görsəydi, rəqibin gözü qəmdən çıxacaqdı,
Mən məst idim, ol gözləri xumar idi, bir mən.

Bir çeşmə kənarıydı, qədəh lalətək əldə,
canan özü saqi meyi–gülnar idi, bir mən.

Öz sirrimi əğyarə nə yaxşı deməmişdim!
Düşdü elə bir yerdə ki, əğyar idi, bir mən.

Vahid, yanıram xatirə gəldikcə bu aləm
Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.

***
Gərçi dərd əhli içir badəni can sağlığına,
İçirəm mən onu bir afəti-can sağlığına.

Qanmayan kimsə bu qan olmuşa qiymət verməz,
Arif ol, iç meyi–gülgülünü qanan sağlığına.

Mən cahan zövqünün aludəsi olsaydım əgər,
Məst olardım ədəbiyyətlə cahan sağlığına.

Tərki-adət özü cansağlığının düşmənidir,
Durma iç badəni, ver fikrini cansağlığına.

***
Bayram yeli əsdi, gülüzarım təzələndi,
Şadlıq gətirən xəlqə baharım təzələndi.

Hər il bu günü bayram edir xəlqimiz azad,
Tarixlərə səbt oldu vüqarım, təzələndi.

Gülşəndə açıb gül, eyləyir aləmi xoş hal,
Eşq əhlinə xoş nəğməli tarım təzələndi.

Qızlar bürünüb al qumaşa işvə-naz ilə,
Könlüm sevən aşiq– deyə yarım təzələndi.

Ellər geyinər fəxri libasın belə gündə,
Nəfsin düzülən nəqşi–nigaranım təzələndi.

Vahid yazacaq məmləkətə, millətə təbrik,
İl döndü, fələk döndü, diyarım təzələndi.

***
Saqi, bu məclisin eşqilə dolandır badə,
Ömrümüz həsrəti–meylə niyə getsin badə?!

Hamının sevgisi, bir arzusu var qəlbində,
Çünki bülbül gülün eşqində gəlir fəryadə.

Nəsl ilə ad qalar aləmdə, həqiqətdir bu,
Meyvəsiz bir ağac, əlbəttə, gedər tez badə.

Başqa bir ləzzəti vardır, bir ata, sağkən özü
Atalıq həqqini ifa eləsin övladə.

Yığa öz başına hörmətli qohum-qardaşını,
Bundan artıq nə gözəl arzu olar dünyadə?!

Bir səbəb var bu ziyafətdə, səbəbsiz də deyil,
Gəlmişik biz bura şadlıqla mübarəkbadə.

***
Hər kim mənə tən eyləsə meyxanələr içrə,
Qan olsun onun badəsi peymanələr içrə.

Öz xəlqinə hər kim mey içib versə əziyyət,
Olsun yeri bayquş kimi viranələr içrə.

Ömründə fəsad əhli ilə həmqədəh olma,
Nöqsan yetirər şəninə biganələr içrə.

Cəhd eylə, o kəslərlə çalış badəni qaldır,
İnsan kimi zövq artıra məstanələr içrə.

Pərvanə əgər şəmə yanır atəşi-qəmlə,
Mən də yanıram hər gecə pərvanələr içrə.

Bir zülfi siyəh dilbərə çoxdandır əsirəm,
Məşhuram o gündən bəri divanələr içrə.

Vahid, biləcək qədrini, sərraf əgər olsa,
Saxlar bu gözəl şeirini divanələr içrə.

***
İlahi, gizli deyildir sənə sədaqətimiz,
Ürəkdə daimi bu eşqimiz, məhəbbətimiz.

Bizim bu dostluğu yarəb özün başaycan elə,
Ölən zəmanə kimi olmaya ədavətimiz.

O mərhəmət əlini kəsmə bizdən, ey rəbbim,
Ki, bir-birinə bizim olmaya xəyanətimiz.

Nə bir günahımız olsa bizi bağışla özün,
Ki, həşrdə yenə sənsən bizim şəfaətimiz.

Bizim bu dostluğu ey padşahi-külli-cahan
Həmişəlik elə, ta olmaya xəcalətimiz.

Mükəmməl aşiq olan bir-birindən ayrılmaz, 
O həqqi zikr eləmək Vahid olsa adətimiz.

Комментариев нет:

Отправить комментарий