Страницы

27.01.2016

İbrahim Sel: Qocalanda oxuyub xatırlamaqçün yazdım

Müsahibimiz Professional Oxucu Liqasının rəhbəri İbrahim Seldir

Danışanda üzünün bir əzələsi də tərpənmir, ona görə də müsahibi özünü naqolay hiss eləyir. Amma get-gedə bu duyğu aradan qalxır. Öz əsərləri haqqında da, mürəkkəb məsələlər barədə də çox sadə, adi sözlərlə, adamı təəccübləndirmədən, yarım batıq səslə danışır və azacıq gülümsünür- elə bil özünü də, müsahibini də başa salmaq istəyir ki, neyləyəsən, “yazıçı” və “jurnalist” rollarını oynamaq lazımdı…

TÜRKSƏS: Yazmağı necə öyrəndin?
SEL: Oxumaqla və yenə də oxumaqla. Ümumiyyətlə yaxşı yazıçı olmaq üçün mütaliə ilə ciddi məşğul olmaq lazımdır. Bundan əlavə, jurnalistlika sahəsinə həvəsim də rol oynadı. Belə ki fikirlərimi daha yığcam, lakonik ifadə etməyi öyrəndim. “Mənə ilham gəldi” kimi çərənləmələri ciddi qəbul etməyin. Quyuya su tökməklə deyil. Bu cür ifadələri yalnız Azərbaycan şairləri işlədə bilərlər. İlham pərisi? Yoğun budlu o maral? Buynuzları necə, varmı?.. Kefdi bizim şair tayfası!

TÜRKSƏS: Deyirsən ki, Alatoran hərəkatı başlayandan onun sıralarındasan…
SEL: Mən Rasim Qaracanı hələ Əli Bayramlıda “Mayak” qəzetində işləyəndən tanıyıram, yəni o vaxtdan oxuyurdum. “Avanqard” sözünü çoxları ilk dəfə ondan eşidib, o vaxta kimi elə bilirdilər ki, Ermənistanda qəzet adıdır. Alatoran hərəkatını bu cavan oğlanın başladığını eşidəndə özlüyümdə qərar verdim: Rasim hara, mən də ora! Əli Bayramlı həmişə intellektuallar yurdu olub. Gedib sən demişkən, gülə-bülbülə barmağıyla heca qoşanların cərgəsinə qoşulmayacaqdım ki! Modernizm nəhəng hərəkat idi. Əgər ona qədər və ondan sonra yazılanları müqayisə etsək, görərik ki modernizmdə hər şey var… İndi azadlıqdır. Dilin, ölçünün, təşbehin, mövzunun yeniləşməsi baş verir. Deyək ki Həmid Herisçi, Rafiq Tağı sizin xoşunuza gələ də bilər, gəlməyə də. Şəxsən mən maraqla oxuyuram, çünki yeni era onlarla başlayır. Şübhəsiz, onlardan sonra hər şey dəyişildi. Herisçinin dəyəri yazdıqlarında deyil, tələbə hərəkatının lideri olmaqlarında idi. Biz indi əvvəllər xəyalımıza gəlməyən azadlıq şəraitində yazıb yaradırıq. Məsələn, 90-cı illərə qədərki Azərbaycan ədəbiyyatı çox miskin vəziyyətdəydi. Herisçi ədəbiyyatımıza yeni nəfəs verdi. O, kult yaratdı. Təsəvvür edə bilməzsən ki, Ermənistanda və Gürcüstanda  Həmid Herisçisi kalibrdə yazıçı yoxdur. Düşünürəm ki, o olmasaydı, mən də olmazdım. Rasim, Həmid, Rafiq- mən onların hamısına minnətdaram.

TÜRKSƏS: Öz “ideal” oxucunu necə təsəvvür edirsən? Sənin ona ehtiyacın varmı? Həqiqətən o, düşüncə baxımından sənə yaxın olmalıdır, sənin sevdiyin şeyləri sevməlidir, sənin nifrət etdiklərinə nifrət etməlidir?
SEL: Belə şeylər mənimçün maraqlı deyil. Hər halda mənim bir oxucum var, o da mənim yaxın dostum Fərhadoğludur. Bir-birimizi tam başa düşürük, yer kürəsində mənə ruhən yaxın olan ikinci bir adam təsəvvür etmirəm. Oxucu problemi mənçün maraq kəsb etmir. Guya onlar olmasaydı, mən yazmayacaqdım ki? Artıq bir dəfə danışmışam bu barədə; sadəcə həyatımı elə yaşamışam ki, xatırlamalı nəsə var. Başqalarından fərqli olaraq. Və bir gün həmin xatirələrin, təəssüratların zaman ötdükcə unudulacağının fərqinə vardım. Lənət şeytana, Yafəs, axı biz sklerozlar qocalanda bir şey xatırlamalıyıq, ya yox?! Odur ki qələmə alıb saxlamaq lazım gəldi- ilk növbədə qocalanda oxuyub xatırlamaqçün. Arxivçün. Beləcə baş alıb getdi... Ancaq oxucu reaksiyalarından hiss edirəm ki, heç də pis deyil.

TÜRKSƏS: Deyirsən ki, uzun janrlardan zəhlən gedir. Kiçik formalara nəyə görə üstünlük verirsən?
SEL: Edqar Po bir dəfə deyib ki, dünyada uzun şeir olmur. Lakin elə uzun hekayələr də olur ki, bunu biz roman adlandırırıq. Əgər əsər oxucudan güc tələb edirsə, tulla getsin. Roman oxucudan güc tələb etməməlidir. Adətən, romanla “əlbəyaxa döyüş”də mən həmişə, demək olar ki həmişə məğlub oluram. Mən yalnız “Səfillər”i və “12 stul”u istisna edirəm. Tekkerey və Floberin romanları kimi ən məşhur əsərlərə belə dözə bilmirəm.

TÜRKSƏS: Özünü əyalət yazıçısı adlandırırsan. Bir tərəfdən bunu yaşadığın məkanla bağlayırsan, lakin bilirəm ki bu ifadənin mənası daha genişdir. Əyalət yazıçısı deməklə nəyi nəzərdə tutursan?
SEL: Ədəbiyyat kənardan mərkəzə doğru yayılmalıdır, beləliklə, biz mərkəzi tənqid edə bilərik. Mərkəzdəki insanın yazmağa vaxtı, ümumiyyətlə heç nəyi yoxdur. Əyalətdə isə biz insanların hekayətini danışa bilirik və bu hekayət mərkəzin humanizmini ifadə edə bilər. Beləliklə, əyalət deyəndə mən öz həyatımın ən böyük inamını nəzərdə tuturam. Bir də ki, Bakıda da artıq Bakılıq qalmayıb...

TÜRKSƏS: Hansı yazıçıları sevirsən və yaradıcılığına təsir edən yazıçılar kimlər idi?
SEL: İlk məftun olduğum yazıçı, əlbəttə Hüqo idi. Səkkizinci sinifdən beşinci kursa kimi demək olar ki, hər yay “Səfillər”i bir də oxumuşam. Hüqo kimi yazmağı arzulamışam, fəqət anlayırdım ki bu mümkün olan iş deyil. İlya İlf və Evqeniy Petrov yaradıcılığı məni özünə çəkib, Tolstoyun “Uşaqlığım, yeniyetməliyim, gəncliyim” povestinə məftun olmuşam. Bu yaxınlarda isə istedadlı tərcüməçi İlqar Fəhminn təqdimatında qısa bir əsər- serb yazıçısı Bora Çoşiçin “Keşiş Teodorun sözlüyü” ailə saqasını oxudum, orada dini atmosferin büllür təmizliyi öz əksini tapıb. Heyran qaldım. Bir çoxlarının oxuduğu və bəyəndiyi yəhudi yazıçılarının əsərlərinə isə ehtiyatla yanaşıram, çünki başa düşürəm ki, onlardan da yaxşıları vardır, sadəcə yəhudi olmadıqlarından irəli çəkilməyiblər. Avropanın əsl ari ədəbiyyatı bizə gəlib çıxmayıb. Problem budur. Ümumiyyətlə, indi modda olan bəzi təmayüllər məni heç də açmır. Məsələn, indi çoxlarının gecə-gündüz tərcümələr etdiyi və sevə-sevə oxuduğu Markesi mən sadəcə səkkizinci sort xalqın yeddinci dərəcəli yazıçısı hesab edirəm, Tolstoyun “Hərb və sülh”ünü oxumağı boşuna vaxt itirmək sanıram və s. Dostoyevskini oxumağı heç kimə məsləhət görmürəm, çünki onu oxuyanda öz millətinə nifrət edirsən.

TÜRKSƏS: Yaxşı, yuxarıda sadaladığın adlardan başqa kimlər?..
SEL: Bir daha Dostoyevski. Böyük dərəcədə Prust. Çünki o mənim sözə çevirlə bilmədiyim hisslərdən yazırdı. Məsələn, bir dəfə hansısa binanın yanından ötürdüm, alt mərtəbədə sex vardı, pəncərəsi açıq idi. Pəncərədən ətrafa şəkərbura, paxlavaya oxşar iy yayılırdı. Çörəyin şirin ətri mənə nəyisə xatırlatdı, ardınca isə yaddaşımda başqa xatirələr canlandı. Mənə elə gəlirdi ki, o an keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Prustun “madlen” piroqları haqqında yazdıqlarını oxuyanda isə yanıldığımı anladım. Ümumiyyətlə, deyim ki məni daim düşündürən mövzulara maraq göstərən, ruhən özümə yaxın saydığım çoxlu yazıçı var. Bəzi əsərlərdə hətta hisslərimin dəqiq ifadəsini də tapmışam. Bəzən: “O, mənim sözə çevirə bilmədiyim fikirləri necə də gözəl ifadə edib”- deyə bilmək yazıçı üçün çox əlverişlidir. Bundan kömək kimi istifadə etmək olar. Kimsə mənim dağınıq fikirlərimi dəqiq və aydın ifadə edibsə, deməli artıq həmin mərhələni adlayıb irəli getmək olar.

TÜRKSƏS: Dövrü mətbuatda xeyli publisistik və ədəbi əsərlərin dərc olunub. Məhsuldarlığa necə nail olursan?
SEL: Mən başqa işlə məşğul olmuram. Mən oxumaq üçün yaşayıram desəm, bəlkə də bir az mübaliğəli çıxar. Yazmamaqdansa, pis yazar olmağı üstün tutmuşam. Baxmayaraq ki ədəbi kluarlarda yazıçı-praktikant, yazıçı-eksperimentator kimi səciyyələndirilmişəm, amma yazarlığa həmişə peşə kimi baxmışam. Başqaları diş həkimi, dəllal işləyirsə, mən də yazıçı işləyirəm. Mənim də iş saatlarım var- səhər saat 9-dan 13.30-a qədər. Hətta qeydlər aparsan da, xeyi səhifə yazmış olursan.

TÜRKSƏS: Sənin təmsil olunduğun digər ədəbi qurum- Azad Yazarlar Ocağı keçmişi inkar etməklə məşğuldur. Hətta bəziləri, deyəsən Rasim Qaracanın “İnkar mübarəkdir!” fikrini şüar ediblər…
SEL: Mən deməzdim ki, biz tarixi inkar edirik. Tarix bizim üçün yeni üfüqlər açır. Biz tarixdə bəzi şeyləri unutmuşuq. Bir söz keçmişdə verdiyi mənanı, məsələn yüz ildən sonra verə bilmir, tamam başqa anlam daşıyır. Hətta demokratiya, azadlıq kimi sözlər öz ilkin mənasından uzaqlaşıb, indi hansı mənada işlədilir, düşünmək belə dəhşətdir. Bir şey yox olmağa başlayan kimi onun kateqoriyası işıq üzünə çıxır. Almanlar buna “verschwinden” deyirlər. Götürək elə ədəbiyyatdakı Məcnun obrazını. Məcnun nə deməkdir? Eşq konsepsiyasında onun xüsusi mənası var. Məcnunluq əslində Allahla ünsiyyət formasıdır, ilahinin eşqlə insan ağlını örtməsidir. Odur ki bir var məcnunun gündəlik dildəki, bir də var fəlsəfi mənası. Ancaq biz məcnun deyəndə başı xarab, bambılı bir adamı nəzərdə tuturuq. Bu cür anlayışlar olmayanda şairlərimiz də dünyagörüşlərini konsepsiya halına sala bilmirlər. Bu baxımdan, mən AYO-ya mən siz gördüyünüz mövqedən fərqli formatda yanaşıram.

TÜRKSƏS: Postmodernizm- bir çoxları tərəfindən qəbul olunmur axı…
SEL: Qəbul olunmur yox, anlaşılmır. Bu yaxınlarda dəyərli xalq şairlərimizdən biri elan elədi ki, “mən modernizmi anlaya bilmirəm”, bir çoxları bunu gülüşlə qarşıladı, lakin mən bu sözləri öz-özümə ədəbiyyatımızı səciyyələndirən bir fakt kimi qeyd etdim, doğrudan da ədəbiyyatımız hələ də folklor çevrəsindən, psevdoklassizmdən uzaqlaşa bilmir. Hələ indiyə qədər kimlərsə özünü Füzulinin davamçısı hesab edir, təəssüf… Azərbaycan postmodernizminin öz spesifikası olmaldır- onun işi keçmişi qamçılamaq yox, üfunəti aradan götürməkdir.

TÜRKSƏS: Belə bir modda olan sual var: sən postmodernistsən? Özünü nə dərəcədə postmodernist hesab edirsən? 
SEL: Sözün düzü, bu barədə fikirləşməmişəm də. Mən özümü müasir adam hesab edirəm, amma zəmanənin adamı deyiləm. Ovqat və məfkurə olaraq hərənin öz zəmanəsi var. Oxuduqlarımdan, gördüklərimdən belə qənaətə gəlmişəm ki, mən bu zəmanə ilə ayaqlaşa bilmirəm. O mənada yox ki mövcud olan siyasi quruluşu qəbul etmirəm. Eyni qayda ilə müxalifəti də qəbul etmirəm. Hətta mən bir çox dostların oxuduğu “Yeni müsavat”, “Azadlıq” kimi qəzetləri də oxumuram, çünki mənim yemim deyil. Halbuki bilirəm ki bu qəzetləri hətta iqtidar mənsubları da oxuyur və mənim kimi “acgöz” oxucunun axından kənarda qalması bir çox tanışımı təəccübləndirir də. Zəmanə ilə ayaqlaşmaq inandığım bir çox şeylərdən imtinamı tələb edir. İmtina etmək üçün isə kimliymi dəyişmək lazım gəlir. İnancları saf-çürük etmək, həqiqəti axtarmaq lazımdır. İndiki zəmanə azadlığı dəyərləndirmək gücündə deyil. Yenə də deyirəm ki, mən indi hamının başa düşdüyü “azadlığı” nəzərdə tutmuram, söhbət insanın ruh sakitçiliyi tapacağı cəmiyyətin bir gün var olacağına inamdan gedir.

TÜRKSƏS: Sizin cəmiyyətə gətirmək istədiyniz ideyaların iflasa uğramasından qorxmursunuz ki? Axı tarix sübut edir, çoxlu ideyalar olub, ancaq heç bir effekt vermədən, hətta iz buraxmadan səhnədən silinib gedib…
SEL: Dahi Taqor deyirdi: “Çiçəkləri dərib saxlamaq üçün ləngimə, irəli get, onda bütün yol uzunu qarşında çiçəklər açılacaqdır”. Əsas odur ki pəncərə açılsın. Hansı mənzərə ilə qarşılaşacağımız sonrakı mərhələdir. Bilmirəm hansısa məşhurun sözüdür, deyir ki sonunu gördüyün məsafələr yol deyil. Hardasa bizim mənzilimiz var və o mənzilə gedirik. Öz pəncərəsindən baxmağı bacarmayanlar həmin yolu qət edə bilməz. Bu boyda ölkədə barmaqla sayılacaq qədər maraqlı adam var. Yalnız onlarla danışanda rahatlıq tapırsan, hiss edirsən ki, yaşayırsan. Azərbaycanda maraqlı adamların az sayda olması onun bunun, bunun da onun pəncərəsindən baxmasının nəticəsidir. Rusiya telekanallarının birində manyak göstərirdilər. Xeyli sayda adam öldürən bu şəxs elə maraqlı şeylər danışırdı ki… Çünki onun öz pəncərəsi var, açıb baxır və maraqlı mənzərələr görür. Manyaklıq da onun seçimidir. Bizim heç akademikimiz öz sahəsindən elə maraqlı danışa bilmir. Çünki dünyaya baxış pəncərəsi yoxdur. Hamımız 4 rəqəminin əsiriyik. Dörd divarlı, dörd günclü çəriçivənin. Çıxa bilmirik içindən. Bir tərəfdən cəmiyyətin yaratdığı çərçivə, bir tərəfdən də özümüzün içimizdə hördüyümüz, qala divarları kimi ucaltdığımız çərçivələr. İkinci daha dəhşətlidi. Bağa qınından, ilbiz balıqqulağından boylanan kimi boylanırıq içimizdən. Ümumiyyətlə, azərbaycanlıların ünsiyyət qurma üsullarına fikir ver. Heç kimin ayrıca söz buketi, özünün qurduğu cümlələr yoxdur. Qəliblər var və qəliblərlə danışırıq. Transsendental hərəkatın mühüm simalarından biri Emerson yazırdı: “Öz gizli əqidələriniz barədə danışın, qoy onlar hamının əqidəsinə çevrilsin. Çünki əvvəlcə gizli olanlar sonradan həmişə aşkarlaşır və nəticədə bizim ilkin fikirlərimiz məşhər günü- İsrafilin surunun sədaları altında bizə qayıdacaqdır”. Musa peyğəmbər kimi, Platon və Milton kimi dahilərin ən böyük məziyyəti ondan ibarət idi ki, çərçivələrə güvənmir, başqalarının dediklərini demir, yalnız özlərinin düşündükləri barədə danışırdılar. İnsan onun zəkasına ildırım kimi çaxan (və çoxsaylı ustadların, müdriklərin dediyindən qat-qat əhəmiyyətli olan) işıq şüasını görməyi və onun arxasınca getməyi öyrənməlidir. Lakin nədənsə bizdə insan öz fikirlərini, sadəcə olaraq bu fikirlər ona məxsus olduğuna görə əsla tərəddüd etmədən bir kənara atır. Və nəticədə ümumi qəliblər yaranır.

TÜRKSƏS: Əsərlərində yumora can atırsan. Yumor səninçün nədir? Sənin anladığın mənada şəxsən o mənə çox qəribə görünür…
SEL: Hə… Çox vaxt deyirlər ki, əgər yumşaq ifadə etsək mənim əsərlərim yumoristikdir. Mənim yumor hissim var. Yumor nədir? Güman ki bədbəxtliklərə, xüsusilə öz başına gələnlərə gülmək bacarığı.

TÜRKSƏS: Bəlkə yumor aldanmaq, absurd və tragizmi özündən uzaq saxlamağın yollarından biridir?
SEL: Yumor həmçinin absurdun maskasını yırtır, onun faciəliliyini yoxa çıxardır. Yumor insanı özünü aldatmaqdan xilas edir, ehtiraslarının nə dərəcədə əbəs olduğunu göstərir. 

TÜRKSƏS: Yumoristik situasiyalara misal göstərə bilərsənmi?
SEL: Bütün situasiyalar- yumoristikdir və bütün situasiyalar faciəlidir… Deyək ki kiməsə nifrət etmək mənasızdır. Lakin mənasız olduğunu bilsəm də nifrət eləməyə davam edirəm. Aşiq olmaq gülüncdür, çünki heç kimi sevilməyə layiq deyil. Bizsə gülməli olduğumuzu bilə-bilə sevməyə davam edirik.

TÜRKSƏS: Əsərlərin qəribə adamların dilindən nəql olunur. Oxucuda belə bir təəssürat oyanır ki, o, nala-mıxa vurur, ağzına gələni danışır, danışdıqları həqiqət deyil. Bü üslubdan bir çox hekayələrində  istifadə etmisən. Bu yolla yazmaq daha asandır?
SEL: Məncə dünyanın təbiəti belədir. Bizim həqiqət adlandırdığımız çox zaman birmənalı deyil. Məncə, elə kitab yazmağın ən etibarlı yolu da əhvalatı etibarsız bir insanın dilindən nəql etməkdir. Sən necə düşünürsən? 

TÜRKSƏS: Yaxşı olar ki, ilk əvvəl yazdığın əsərlər barədə danışasan…
SEL: Əvvəllər ədəbi-tənqidi məqalələr və son dərəcə bərbad şeirlər yazırdım. Doğrudan da, bizim ayebeçilər ruhunda yazılmış mənasız şeirlər idi: Çiçəklər ağlayır, qan-yaş tökür. Güllər çəmənlərin, baharın və daha nələrinsə həsrətindədir. On altı yaşım vardı. Özümə ancaq onunla bəraət qazandıra bilərəm ki, axına qoşularaq Füzulinin təsiri altında idim. Bundan sonra səkkiz ilə yaxın demək olar ki heç nə yazmadım, ancaq mütaliə və kolleksiya ilə məşğul oldum. Ruhumu qəliblərin cəngindən dartıb qoparandan sonra isə artıq yaradıcılığımı da sahmana saldım. İndi yazdıqlarım daha çox antiqlobalist məna kəsb edir.

TÜRKSƏS: Hazırkı məqamda ovqatın?
SEL: Suallara cavab verərkən uzun müddət düşündüyümə görə pərtəm. Zəhrimara qalsın, çatda yazışmaq bundan yaxşıdı. Sən mənim əvvəlki müsahibəmi oxumuşdun?.. Yox, oxumamışdın. Adyazarın şərhçisi ittiham edir ki, mən “söz oyununun” köməyi ilə birbaşa cavabdan qaçıram. Düşünürəm ki, mən heç nədən yayınmamışam və biclik etməmişəm, əksinə bədii ədəbiyyat haqqında öz təsəvvürümü aydın və dürüst şəkildə ifadə etməyə çalışmışam.

TÜRKSƏS: Gələcək planların.
SEL: Heç zad. Bu diş məsələsi olmasaydı, mən çoxdan yolda idim; arxada bir neçə dişim xarab olmuşdu, onlardan birini çəkmək üçün çənəmi oymaq, deşmək, kəsmək, doğramaq və sonra yaranı tikmək lazım gəldi və bu yara heç cür sağalmaq bilmirdi. Ümumiyyətlə, mən qaydasındayam, hər halda istənilən təmiz içkini zakuskasız içə bilirəmsə, bunu deməyə əsasım var. Sadəcə olaraq ruhi və əqli cəhətdən heydən düşmüşəm, lakin tez bərpa olunacağam. Və mən hökmən, hökmən dahiyanə, gözəl kitab yazacağam, mən onun üzərində tələsmədən işləyirəm. Bir yığın ortabab əsər yazmaqdansa, tək bir əzəmətli kitab yazmaq yaxşıdır, elə deyil? Ümid edirəm ki, o kitabı oxuyanda, sən daha sağlam və nikbin əhval-ruhiyyədə olacaqsan.

TÜRKSƏS: Son olaraq oxuculara nə demək istərdin?
SEL: Tələbəlikdə biz günün üç-dörd saatını kitabxanada keçirərdik, başqa cür ola da bilməzdi. Heç öz fənnimizə aid olmasa da, Bakının ümumi mədəni ab-havasına qoşulub nə iləsə maraqlanardıq, hərənin bir mütaliə sahəsi vardı. Müasir tələbəni ayda bircə saat kitabxanada görsən, bil ki taxtabaş universitet müəllimi növbəti referatın üzünü köçürməyə göndərib. Bu şəraitdə ekstra səviyyəli mütəxəssislər yetişə bilməz. Müəyyən azlıqların, etnosların övladları xaricdə təhsil alıb mütəxəssis kimi hazırlanır, bizimkilər isə qəsdən bayatı-Şiraz üstündə kökləndirilir. Gələcəkdə o adamlar bütün həyat rıçaqlarını ələ keçirəcək və bizim hava borularımızı kəsəcəklər. Hər halda, bir qədər sonra biz artıq fəaliyyətə qabil elmi ictimayyətdən danışa bilməyəcəyik. Yüzüncü dəfə də olsa təkrarlayıram: durmadan jurnallar buraxmaq, kitabxanaları kitabla təmin etmək və tələbələrə oxumaq vərdişini qaytarmaq gərəkdir. Əlbəttə, bu adi deklarasiya təsiri bağışlayır, amma bunun texnologiyasını izah eləməyin də yeri deyil. Aleksandr Filippov belə bir tezis irəli sürmüşdür: normal kitabxanaları yoxsa, o ölkə gəlişmiş ölkələr sırasına iddia eləyə bilməz. Bu sözlər məhz bizə aiddir; nə qədər analoqsuz inkişafdan, küçələrdə ciplərin çoxalmasından, şadlıq evlərinin yan-yana düzülməsindən dəm vururuqsa, bunsuz heç bir vəchlə sivil ölkələr sırasına qatıla bilməyəcəyik, neftimizi də elə BP kimi yabançı şirkətlər sümürüb aparacaq və kölə vəziyyətində qalacayıq.


Yafəs Türksəs, “Yazar” qəzetinin baş redaktoru

Комментариев нет:

Отправить комментарий