Страницы

26.01.2016

İbrahim Sel – Türk tarixi

“Haradan gəldiyini bilməyənlər hara getdiklərini də bilmirlər, çünki, harada durduqlarından xəbərsizdirlər”. Erix Fayql

I hissə: Çinlilər 1845 kilometr uzunluqda sədd çəkirlər və canlarını qurtarırlar

 Türk elləri dörd min ilə yaxın keçmişlərində Asiya, Avropa və Afrika qitələrinə yayılmış, oralarda millətlər və dövlətlər yaratmışlar. Türklər islam dinini qəbul edəndən sonra böyük islam dövlətləri qurmuş, dünyada islam dininin yayılmasında önəmli rol oynamışlar.
 Türk ellərinin tarixləri onların köçlərilə əlaqədardır. Bu gün qəbul edilən əqidəyə görə, türklərin ana yurdu Orta Asiyada Altay-Ural dağları arasındakı çöllüklər olub buradan ətrafa yayılmışlar. Türklərin qədim ataları eramızdan əvvəl 1700-cü ildə Altay və Tyan-Şan dağları ətrafına hakim olmuşlar.  
 Türk köçlərinin baş verməsində quraqlıq, əhali artımı və otlaqların azlığı kimi iqtisadi-ictimai səbəblər də göstərilir. Bu köçlər və yerdəyişmələr hər zaman asan və rahat olmamışdır. Köçlər əsnasında rastlaşan zəhmət, əziyyət və bəzən də savaşlar türkləri sərtləşdirmiş, hər cür təhlükəyə sinə gərmək, hazır və amadə olmaq kimi vərdişlər aşılamışdır.
 Türklər bir “bozqır” xalqı sayılır; bozqır dəşt, step, ya çöl deyildir, bozqırda su, yağış və otlaqlar da vardır. Türk elləri mühacirətləri əsnasında öz yaşayış şərtlərinə, bozqır iqlim və kültürünə qarşı olan yerlərdə, məsələn cəngəl və ya çox isti, rütubətli yerlərdə yerləşməmişlər. 
 “Türk” sözünün mənşəyi haqqında bir sıra mülahizələr vardır. Bunların içərisində “törəmək” (tor əkə) mənası daha ağlabatandır. Azərbaycanın yerli tayfaları arasında “turukki” adlı tayfa da olmuşdur.
 Türklər ağ irqin Turan qolundan olub əsasən braxikefal, üzügirdə və badam gözlü olmuşlar, halbuki monqollar dolixoksefaldırlar. Rus arxeoloqlarının Andronovo qəsəbəsinin ətrafında tapdıqları Andronovo insanı əsl əski türklərin antropoloji xüsusiyyətlərini özündə birləşdirir: braxikefal, tux rəngli saç, girdə və bir az bəyaz üz, orta boy- 167 sm və badam gözlü (İmişli tipi).
 HUNLAR. Hunlar haqqında çox araşdırmalar və mübahisələr etmiş bəzi müəlliflər onları monqol və ya monqol-türk qarışığı hesab etmişlər, lakin bir sıra tədqiqatçılar onların türk olduğunu göstərmişlər. C. Markvart, P. Pelliot, O. Frank, G. Nemet, Rene Qrusse, V. Eberhard, C. Klauzen və başqaları hunların dil, ürf və adətlərini nəzərə alaraq, onları türk saymışlar. Bu elin hakim qəbiləsi özlərinə cun, ya xun demişlər (qədim türk dilində hun- xalq və el mənasında işlənmişdir, necə ki indi bizdə “el-gün” istilahı arasında işlədilir).
***
 Hunların yazılı tarixi e.ə. 315-ci ildən qabaq Çin ilə bağladıqları bir müqavilədən başlanır. Bu zamanlarda dövlət qurmuş və Çinlə qonşu olan hunlar tədricən qüvvətlənmiş, Çin dövləti onların qabağını almaq üçün məşhur Çin səddini tikdirmişdir (e.ə. 214-cü ildə). Böyük səddi tikməklə çinlilər canlarını gələcək təhlükələrdən qurtarmışlar. Bu divarın ucalığı 15 metr, eni 9 metr, uzunluğu 1845 kilometrdir, Pekindən 75 kilometr məsafədədir, kosmosdan görünən yeganə tikilidir.
 E.ə. 209-cu ildə Mete atası Tumen xanın yerinə keçdi və özünü tanhu- imperator elan etdi. Mete xan Çinin şimalını işğal edib, çinliləri vergi verməyə məcbur etdi və eyni zamanda çinli bir şahzadə ilə evləndi. Mete xan Baykal dəryaçasından İrtış nəhrinəcən bütün Güney Sibir bozqırlarını aldı və türk ellərinin hamısını öz bayrağı altına topladı.
 Hun dövləti orduya dayanırdı; ordu onlu tərtiblə mərkəzə bağlı idi. Hun dövləti iqtisadiyyatının əsasını başda at olmaq üzrə heyvan bəsləmək təşkil edirdi. Millət, ya el- boy və qəbilələrin bir araya gəlməsindən təşəkkül tapmışdı. Hun dövlət təşkilatında bir dövlət məclisi, ya toy (bu gün işlədilən toy lüğətinin qədim mənası məclis idi) və sağ-sol olmaq üzrə iki cinah vardı ki, bir cinahın başında Bilge İlik deyilən bir şahzadə dururdu.
 Mete xan e.ə. 174-cü idə öldü və oğlu Kiyuk (e.ə. 174-160) onun yernə tanhu oldu. O da atası kimi qüdrətli idi. Çinə hücum edib paytaxtını aldı, sonra barışdı və Çin şahzadəsi ilə evləndi.
 Kiyukdan sonra Gün Çin tanhu oldu. Onun zamanında dövlət zəiflədi. Çinlilər e.ə. 315-ci il bağlaşmasından sonra hun savaş taktikasını öyrənməyə və atlı savaş dəstələri tərtib etməyə başladılar. Onlar ipək yolunun əhəmiyyətini bəhanə edib, 140 min atlı ilə hunlara hücum etdilər və onları Ordosdan Orxon məntəqəsinə geri oturmağa məcbur etdilər (e.ə. 127-117). Bundan sonra zamanla hun imperatorluğunun zəngin və abad yerləri (Tanrı dağları, Cunqariya, Turfan, Yarkənd, Kuça) çinlilərin əlinə keçdi. Hun dövləti özünü sıxıntıdan qurtarmaq üçün Çin dövlətinin himayəsi altına girmək istədi. Bu zaman tanhu Ho xanın qardaşı Çi-çi bu qərara qarşı gəldi və Hun dövləti ikiyə bölündü: şimalda Çi-çinin müstəqil dövləti və cənubda Çinin himayəsi altında olan torpaqlar (e.ə. 55-54-cü illər).
 Çi-çi e.ə. 51-ci ildə qərb və şimala hücum etdi, imperatorluğun Orta Asiya qismini və Türküstanı fəth etdi. Lakin e.ə. 36-cı ildə çinlilərin hücumunda ailəsi ilə birlikdə öldürüldü. 
 Eramızın 18-ci ilində hunlar tanhu Yu zamanında qiyam edib çinlilərlə savaşdılar, istiqlallarını ələ gətirib Mancuriyadan Kaşğara qədər yerlərə təzədən hakim oldular. Lakin Yu öləndən sonra (46-cı il) yenə daxili ixtilaflar başladı, eyni zamanda qıtlıq və aclıq da üz verdi və vəziyyət daha da xarablaşdı.
 Şimal hunları 72-91-ci illərdə çinlilər və şərqdə Siyinpiylər tərəfindən məğlub oldular, bu məğlubiyyətdən sonra tədricən qərbə tərəf mühacirətə başladılar.
***
 Mülahizələrə görə, Avropa hunları Asiya hunlarının övladlarıdır. Bunlar 350-ci ildə qərbə tərəf mühacirət etmişlər. Əvvəlcə Alan (Xəzər dənizi və Aral gölü arası) məntəqəsini aldılar. Sonra 355-365-ci illərdə Xəzər dənizinin şimalından keçib, İtil (Volqa) çayı və oradan da Qara dənizin şimalına gəldilər. Burada şərqi qotları məğlub edib, qərbi qotları da geri oturmağa məcbur etdilər. Bu tarixdən sonra Avropada böyük köçlər başladı.
 Qərb hunları 378-ci ildə Balamir sərkərdəliyində (başbuğ) və onlara tabe olan alanlar, qotlar, Tayfal jermanlərilə birlikdə Tuna (Dunay) çayını keçib Trakyaya qədər irəli getdilər. Hunların bir dəstəsi Trakyaya getdiyi halda, o biri dəstə və ya şərq cinahı Basiq və Qursiqin başçılığı ilə Qafqaz yolu ilə Anadoluya girib, şəhərləri bir-bir alandan sonra Suriyaya qədər irəli getdilər (395). Bu, türklərin tarixdə ilk dəfə Anadoluya gəlmələridir.
 200-cü ildə Qərbi Hun sərkərdəsi, Balamirin oğlu və ya nəvəsi olan Ulduzxan Avropanı basqı altına alıb, Hun siyasətinin əsasını qoydu. Hun siyasəti bizansları basqı altında tutmaq və rumlarla dost qalmaq idi. Çünki rumlar hunların da düşmənləri olan jermenlər tərəfindən basqı və qarətlərə məruz qalmışdılar. Necə ki, Radages Ruma həmlə etdiyi zaman Rum ölkəsi Ulduzxan tərəfindən qurtarıldı və Radages yaxalanıb edam edildi (406). 410-cu ildə Ulduz xan öldü və onun yerinə Qaratun (Qaradon) imperator keçdi. Qaratun daha çox şərqdəki məsələlərlə məşğul oldu.
 422-ci ildə Roa Hun imperatoru oldu. Roanın üç qardaşı vardı: Muncuq, Aybars və Oktar. Muncuq Atillanın atası idi və tez öldüyü üçün qardaşların hər biri bir cinahın eligi oldular.
 Roa həmin ildə bizansların Hun ölkəsindəki təhrikatını bəhanə gətirib, Bizansa hücum çəkərək, onları vergi verməyə məcbur etdi. Roa 434-cü ildə öldü və onun yerinə Atilla imperator oldu. Atilla bu zaman 40 yaşında idi, məmləkət işlərində, savaşçılıqda təcrübəsi və qabiliyyəti yetərincəydi. İlk əvvəl ölkəni qardaşı Bleda ilə birlikdə idarə edirdilər. Yavaş-yavaş Atilla bütün işləri öz əlinə aldı. Əmiləri Aybars şərq cinahı və Oktar qərb cinahını idarə edirdilər. Bleda 445-ci ildə vəfat etdi və Atilla rəqibsiz imperator oldu.
 434-cü ildə Atilla Bizans nümayəndəsilə Dunay çayının quzeyində Konstansada (indiki Rumıniya ərazisində şəhər) barış müqaviləsi bağladı. Bu müqaviləyə görə Bizansın ödədiyi vergi iki dəfə artdı və iki ölkə arasındakı ticarət hüdud şəhərlərilə məhdudlaşdı. Bizans dövləti hunlardan qaçanları və Bizansa sığınanları da qəbul etməyəcəkdi. Həmin illərdə Atillaya tabe olan ellər bunlardan ibarət idi: əvvəla, jermenlər, slavlar, alanlar, sarmatlar, finlər və uğurlar, sonra öz qövmü türklər (hunlar, beş-uğur, altı-uğur, on-uğur, şar-uğur, akatir- Azakın qərbində), sabarlar və Volqanın şərqində təqribən 45 müxtəlif qövm Atillanın əmrində yaşayırdılar.
 Rum imperatorluğunda müxtəlif qövmlərin mühacirətləri və o əsnadakı basqın və yağmaları nəticəsində kəndli xalq arasında üsyanlar baş verdiyi üçün Rum dövləti hunlardan yardım istədi. Hunlar işə müdaxilə edib üsyanları yatırtdılar. O cümlədən burqundlar başlarında padşahları Gündikar olaraq Belçikaya hücum etdikləri zaman hunlarla qarşılaşdılar. Bu savaşda Oktar Hun ordusunun başında idi. Savaş nəticəsində Burqund padşahı 20 min əsgərlə öldü, bu savaş almanların milli əfsanəsi “Nibelungen” dastanına mövzu oldu.

II hissə: Mənim elim çinli paltarı geyinməz və Çin adətlərini qəbul etməz

 441-ci ildə Atilla bizanslıların Konstansa bağlaşmasına riayət etməmələri səbəbindən Trakiyaya tərəf ilk səfərinə başladı, lakin Rum dövlətinin vasitəçiliyi ilə bu səfəri dayandırdı. Bizans tarixçisi Priskosun yazdığına görə, savaş tanrısı Arəşin itmiş olan qılıncı bir hun çobanı tərəfindən tapılıbmış və Atillaya verilibmiş. Onun üçün, heç bir qüvvət Atillanın qarşısında dayana bilməzdi. Bu müəllif göstərir ki, həmin vaxtlar bütün jermenlər də Atillaya tabe olub, Şimal dənizi və Manş sahilinə qədər bütün yerlər Hun hakimiyyətinə girmişdi.
 448-ci ildə Bizans imperatoru hundan qaçanları himayə etdiyinə və vergiləri vermədiyinə görə, Atilla ikinci səfərinə başladı və az müddətdə Bizans paytaxtını mühasirəyə aldı. Elə bu zamanda Bizans imperatoru tərəfindən keşiş Anatoliyus Atillaya barış xəbəri aparıb, barış bağlamağa müvafiq oldu. Bu barışın şərtlərinə görə, vergi üç bərabərə çıxıb, Dunay çayının güneyindəki Bizans torpaqlarının mühüm bir qismi hunlara verilir və ayrıca altı min librə (funt) qızıl savaş xəsarəti ödəniləcəkdi. Bizans imperatoru Teodozyus üçün veriləcək illik vergi (2100 librə qızıl) mümkün deyildi, ona görə Atillanı aradan aparmaq üçün plan qurmağa başladı. Bigilan bu işə məmur edilərək, tarixçi Priskosun daxil olduğu bir heyətdə Atillanın yanına göndərildi. Atilla heyətlə gələn Edekonun vasitəsilə sui-qəsddən xəbərdar oldu və qurduğu açıq məhkəmədə Bigilanı etirafa məcbur etdi.
 Atilla gələn nümayəndələrin heç birini cəzalandırmadı. O, Bzans imperatoruna həqarətaməz bir məktub yazdı. Məktubda belə deyilir: “Teodozyus Atilla kimi əsl bir atanın oğludur. Atilla atası Muncuqdan aldığı əsaləti mühafizə etmiş, lakin Teodozyus Atillanın vergi ödəyəni olmaqla, qul vəziyyətinə düşmüşdür. Teodozyus qulluq şərəfini də qoruya bilməmişdir. Çünki ağası olan Atillanın canına qıymaq istəmişdir”.
 İmperator təşvişə düşdü, üzr istəmək üçün tezliklə yeni bir heyət göndərdi. Bu heyət Macarıstanın mərkəzində Atillanın paytaxtına gəldi. Heyət Atillanı gözlədiklərindən daha sakit gördü, çünki bu zamanda onun siyasəti dəyişmiş və Ruma hücumun vaxtı çatmışdı.
 425-ci ildə Rum imperatorunun bacısı Honorya Atillaya nişan üzüyünü göndərdi. Atilla bu təklifin qəbulu ilə evlənmək cehizi olaraq imperatorluğun yarısını, yaxud ölkənin idarəsində şirkət və qarışmaq haqqını istədi. Rum impreratoru Valentin və baş komandan Aeitus bu təklifi rədd etdikləri üçün, Atilla iki yüz min nəfərlik ordusu ilə Rum dövlətinin müttəfiqi və hamisi olan Qalliyaya yürüş elədi. Atilla ordusunun yarısını hunlar, qalan yarısını isə tabe olan qövmlər təşkil edirdi. Atillanın ordusu Reyn çayını keçib, Qalliyaya girdi və Paris yaxınlığındakı Orlean şəhərinə gəldi. Bu zaman 200 min nəfərlik Rum ordusu da Aetiusun komandası ilə Atilla ordusunun qarşısına çıxıb, savaşa başladı. 24 saat çəkən bu savaşda hər iki tərəf ağır itki verdi (165 min nəfər) və sonra geri çəkildilər.
 Ertəsi il (452) Atilla yüz min atlı ilə Ruma tərəf hücum etdi və o günlər Rumun paytaxtı olan Ravenna şəhərini təhdid etdi. Rum imperatoru və senat vəhşətə düşdülər, hər nə bahasına olursa-olsun barış istədilər. Bunun üçün məşhur papa Leo ilə bir heyət göndərildi. Bu heyət Minsyo çayının Po çayına qovuşduğu yerdə ordugah qurmuş Atillanın yanına gəldi və ondan Rumu himayəsi altına almağını istədi. Atilla heyətin təklifini qəbul edib, ordusu ilə geri çəkildi və Sasanilərə hücum etməyi düşünərək dünya imperatoru olmaq arzusuna düşdü. Elə bu ərəfədə bir gecə (ehtimala görə toy gecəsi) burun və ağzından qan açılmasından öldü (453).
 Atillanın öümündən sonra xatunu Arıkkadan olan üç oğlu İlək, Dəniz və İrnək atalarının yerini tuta bilmədlər. İlək Ətrişdə yağı olan jermenlərlə savaşda öldü. Dəniz imperatorluğun birliyi üçün mübarizə edərkən bir bizanslı tərəfindən öldürüldü. İrnək isə ordusu ilə Qara dənizin qərb sahillərinə geri çəkildi.
 Bundan sonra hunlar qərbi və şərqi olaraq iki dəstəyə ayrıldılar: Azov dənizinin şimal-qərbində yaşayan kotriqurlar və daha şərqdə, Don çayının Qara dənizə tökülən hissəsində oturan otriqurlar. Bunlar Bizanslıların təhriki ilə bir-birlərilə mübarizə edib savaşmağa başladılar və nəhayət, 6-cı əsrin ikinci yarısında avarların hücumu qarşısında məğlubiyyətə uğrayıb onlara tabe oldular. Bundan sonra güney Rusiya çöllərinə avarlar hakim oldular.
 Atilla siyasəti Avropada dövlət quran indiki macarlar və bolqarların təşəkkülündə böyük rol oynamışdır.
 GÖKTÜRKLƏR. Tarixdə ilk dəfə türk adı ilə dövlət quran türk elləri göktürklərdir. Göktürk elləri müstəqil dövlət qurmazdan əvvəl cuan-cuanlara bağlı idilər- 552-ci ildə göktürklərin Aşina ailəsindən olan başbuğu Bumın cuan-cuanları yenərək, istiqlalını elan etdi və Göktürk xaqanlığını qurdu. Göktürklər xaqanlıq qurmazdan əvvəl, yəni 6-cı əsrin ilk yarısında Altay dağının şərqində və həmsərhəd yerlərdə (Yarkənd, Kaşar, Kovçə və b.) yaşayırdılar, əsasən dəmirçiliklə məşğul olub, cuan-cuanlara silah yayırdılar. Bumın xaqan olandan sonra qədim dövlət mərkəzi olan Ötükeni paytaxt seçdi.
 Dövləti iki cinaha (şərq-qərb) bölmək qədim türk üsulundan gələn bir haldır. Ta qədimdən xalqımız qərblilər və şərqlilər adlı iki cinaha ayrılmışdır.
***
 Bumın xaqan Qərb cinahının başına, istiqlal mübarizəsində onunla birlikdə çarpışmış kiçik qardaşı İstemi xanı seçib, həmin il də vəfat etdi. Şərqi Göktürk xaqanlığına isə Bumının oğlu Kolo seçildi, lakin tez öldüyü üçün burda qardaşı Mu xan rəhbər oldu (553).
 Mu xanın zamanında dövlət çox qüdrətləndi. Şərqdə xətənlər və quzeydə qırğızlar mərkəzi dövlətə tabe oldular. Mu xanın qızı Aşina Çin imperatoru Vuqi ilə evləndi (568).
 Bu zaman İstemi xan Sasanilər sülaləsindən olan İran şahı Ənuşirəvanla birləşərək eftaliləri aradan apardılar və onların hakimiyyət məntəqəsini öz aralarında bölüşdülər. Ceyhun çayının (Amu-Dərya) quzey qismi türklərə verildi və yenə İpək yolu türklərin əlinə düşdü. İstemi xanın qızı Ənuşirəvanla evlənərək İran məlikəsi oldu. 
 572-ci ildə Mu xan öldü və qardaşı Tapo xaqan oldu (572-581). Bu zamanlar Çinin şimalı türklərə tabe idi və xaqan Çin impertorlarına “Oğlum” deyərək xitab edirdi. Tapo Tsi şahzadəsi ilə evləndi və Budda məzhəbinə keçdi. Bu məsələ türklər arasında ixtilafa səbəb oldu, türk qayda və ənənələrinin süstləşməsinə gətirib çıxardı. İmperatorluq zəyifləyib çökməyə başladı.
 Bizans tarixçilərinin yazdığına görə, Mu xan zamanında Göktürk imperatorluğu Mancuriyadan Qara dənzə qədər genişlənmişdi.
 İstemi xan öləndən sonra oğlu Tardu Qərbi Göktürk dövlətinin rəisi (yabğusu) oldu və bu zaman iki Göktürk dövlətinin cinahlarında ixtilaf və ayrılıq artdı. 
 Tapo öləndən sonra isə Bumının nəvəsi İşbara şərq xaqanı oldu. Lakin Tardu onun hakimiyyətini tanımadı və bu tarixdən sonra iki cinah müstəqil oldu (582).
 İşbara bədbin olduğu üçün ətrafdakıları özündən uzaqlaşdırdı və o qədər zəif oldu ki, Çindən kömək diləyib bu dövlətin himayəsi altına girdi. Çin dövləti bu məsələdən faydalanıb, türklərdən Çin paltarı geymələrini və Çin dilində danışmalarını, Çin qayda-qanunlarının qəbulunu istədi. Türk xaqanı Çin imperatoruna yazdığı məktubda belə deyir: “Sizə bağlı qalacayıq, xərac verəcəyik və qiymətli atlar hədiyyə edəcəyik, amma dilimizi dəyişdirə bilmərik, dalğalanan saçlarımızı sizinki kimi kəsə bilmərik. Mənim elim çinli paltarı geyinməz və Çin adətlərini qəbul etməz. Mümkün deyil, çünki millət bu xüsusda çox həssasdır və döyünən tək bir ürək kimidir. İmperator Sui dünyanın həqiqi hakimidir. Göydə iki günəş olmadığına görə yerdə də iki şah ola bilməz”.
 Xaqanın Çinə təslim olması ilə üsyan və qarışıqlar çoxaldı. Bu zamanda İşbara öldü (587), canişinləri Çulo və Tulan da vəziyyəti islah edə bilmədilər. Çünki Çin səfiri və türk xaqanlarının çinli arvadları daxildə qəsd və intriqa törədirdilər. Nəhayət, 630-cu ildə çinlilər tərəfindən məğlub edildilər və Çin imperatoru özünü rəsmən göktürklərin xaqanı elan etdi.
 582-ci ildə Tardu Qərbi hissənin istiqlalını bildirib, Şərqi hissəni də özünə tabe etmək istədi. Bunun üçün o, Çinə hücum etdi. Çinlilər onun qoşununun keçdiyi yolların sularına zəhər qatıb, Tardunun əsgərlərini zəhərləyib qırdılar. Bu səbəbdən Tardu geri çəkildi (600). O, Şərqi Göktürkün bir çox məntəqələrinədək irəliləyib, bir müddət imperatorluğu demək olar ki tamamilə ələ aldı və Bilge xaqan ləqəbini götürdü (Bilge- ağıl və fərasət sahibi mənasındadır).
 Tardu çox sərt və qaba olduğu üçün el arasında iğtişaşlara səbəb oldu və monqollarla savaşda itib getdi (603).
 Tardudan sonra üsyanlar artdı. 618-ci ildə Tardunun nəvəsi Tunk Yabğu xaqan olub, bir müddət vəziyyətə hakimlik etdi. Lakin bir müddət sonra Nuşiyi və Qarluq elləri üsyan elədlər. Bu üsyanlarda Şərqi Göktürk xaqanı Kiye-Linin əli vardı. Tunk Yabğu xaqanlığın qərb qanadı Tolular iligi (kiçik xaqanı və ya yabğusu) olan əmisi Baqaturla mücadilədə öldü (629). Ondan sonra Qərbi xaqanlıq parçalandı və Çin himayəsini qəbul etdi, nəhayət, 658-ci ildə Çin tərəfindən darmadağın edildi.

III hissə: Qüvvətli olanda hücum edirik, zəif olduğumuzda bozqırlara geri çəkilirik

 680-cı ildə Aşina ailəsindən olan Göktürk başbuğu Qutluq istiqlal üçün gizli bir cəmiyyət qurub, az bir müddətdə beş min nəfər ətrafına yığa bildi. Bunların arasında böyuk siyasət adamı Tonyukuk da vardı. Qutluq Çinin şimalına hücum edib çoxlu qənimət ələ keçirəndən sonra, türklərin müqəddəs mərkəzi olan Öyükenə hücum etdi.
 Bu zamanda bölgənin oğuzları xotanlar və çinlilərlə birləşib göktürklərə qarşı gəldilər, lakin məğlub oldular (682). Qutluq Ötükeni alıb xaqan elan edildi və İltəriş (el və dövləti yığan) adını aldı. Bu zaman Qutluğun qardaşı qapqanşad (səltənətin naibi), Tonyukuk isə baş vəzir və məclis rəisi (ayğuçu) oldu. Ordu və siyasət Tonyukukun öhdəsinə buraxıldı. Sonra onlar azuqə, paltar və at ələ keçirmək üçün Çinə hücum etdilər, Pekin ilə Qaansu arasındakı şəhərləri aldılar və Çin ordusunu məğlub edib dağıtdılar. 
 İltəriş dəfələrlə xotanlar və oğuzlarla savaşdı, onları özünə tabe etdi. O, 692-ci ildə Ötükendə Göktürk bayrağı altında öldü. İltərşin iki oğlu- Bilge 8 yaşında və Gül Tekin 7 yaşında idilər. Onun qardaşı Qapağan (37 yaşında) xaqan oldu. Tonyukuk da baş vəzir qaldı.
 Qapağan Göktürk xaqanlarının ən siyasətçilərindəndir. Onun siyasəti üç əsasa dayanırdı:
1) Çin basqı altında saxlanmalıdır ta ki, türk dövləti rahat olub azuqə ilə təmin olunsun;
2) Çində pərakəndə şəkildə yaşayan türklər ana yurdu Ötükenə qayıtmalıdır;
3) Asiyada nə qədər türk varsa, türk xaqanının bayrağı altında yığılmalıdırlar.
 Qapağan fikir və arzularını həyata keçirmək üçün əvvəlcə Çinə hücum etdi (693). Ling-çu və Ordos əyalətlərini aldı. Sonra Çin imperatriçəsi Vuya yardım etmək üçün xotanlara hücum edib onları məğlubiyyətə uğratdı və Çin məlikəsinə azuqə, dəmir, kənd təsərrüfatı vasitələri göndərib, türkləri öz yurdlarına qaytarmağını istədi. Qapağan sonra Yenisey çayı ətrafındakı qırğızlara hücum edib onları təslim etdirdi.
 Barat, Təriş, Ceyhun, Elsevər, Gültəkin, Bikə, Uruğ, Oktay, Ulduzxan, Orxan, Altay, Tərxan, Qaraxan, Cəbi, Sabutay- bu adlar əsl türk mənşəli adlardır.
 Tonyukukun müdrikliyi sayəsində türk elləri bir bayraq altında birləşdirildi, dövlət möhkəmləndi və hüdudları böyüdü. Onun baş komandanlığı və Qapağanın oğlu İynal və Bilgenin iştirakı ilə Göktürk ordusu Altay dağlarını aşaraq Cunqariyaya girdilər. Bu zaman xaqanlığın Qərb hüdudu Fərqanəyə çöndü. Dəmir qapıya qədər qabağa getdilər və çoxlu qənimət ələ keçirdilər. O vaxtdan türk ellərinin Qərbə axını başladı.
 Tarixçilər Monqolustan çöllərindən köçlərə səbəb kimi azuqə ilə təmin olunmaq ehtiyacını da göstərirlər.
***
 Qapağan tədricən çox sərt və bədxah olmuş, bu da daxili iğtişaşlarla nəticələnmişdi. Məsələn, türkişlərin (711) və qarluqların narazılıqları daxili savaşa, çoxlu adamın ölümünə səbəb oldu (713). Bir il sonra oğuzlar üsyan etdilər və xaqanla müharibədə məğlub olduqdan sonra Çinə sığındılar. Xaqan Ötükenə dönərkən oğuzlar tərəfindən öldürüldü (716). Oğuzlar xaqanlığın əsas qismini təşkil etdiyinə görə, onların iştişaşları xaqanlığın zəifləməsinə gətiib çıxardı. Bu məsələ Orxon daş yazılarında da nəql edilmişdir.
 Qapağandan sonra oğlu İnəl bir ildən artıq hakimiyyətdə dayana bilmədi və iki əmioğlusu- Bilge və Gül Tekin tərəfindən öldürüldü, yerinə Bilge xaqan keçdi (716-734). Gül Tekin ordu komandanı, Tonyukuk isə baş vəzir oldu. Bu arada Çin xotanlar və basmıllara türklərə hücum etmək üçün yardım etdi. Nəticədə Tonyukuk Çinə hücum etməli oldu. Çinlilər və basmıllar məğlub oldu və Beşbalık (uyğurların əzəli iqamətgahı, indi Çin Türküstanında xarabalığı qalmış şəhər) türklərin əlinə keçdi. Göktürk dövləti əski qüdrət və əzəmətini bərpa etdi. Və bu nailiyyətlər üç türk rəhbərinin- Bilge xaqan, Gül Tekin və Tonyukukun sayəsində ələ gəldi.
 Ulu Tonyukuk 826-cı ildə vəfat etdi. O, böyük komandan və gələcəyi görən siyasətçi idi. Tonyukuk bizimçün ona görə önəmlidir ki, o eyni zamanda ilk türk yazıçısı sayılır. Ordu və ədliyyə məhz onun sayəsində nizama düşdü. Qərb tədqiqatçıları onu göktürklərin Bismarkı adlandırırlar. Onun öyüdləri həmişə Bilge xaqan tərəfindən eşidilir və əməl olunurdu. Məsələn, Bilge xaqan çinliləri təqlid edib, böyük şəhərlərin ətrafına divar çəkmək istədiyi zaman, o mane oldu və dedi: “Biz bozqır milləti olmuşuq, uğurumuz da bunda olmuşdur. Qüvvətli olanda hücum edirik, zəif olduğumuzda da bozqırlara geri çəkilirik. Çinlilər bizim yüz bərabərimizdədir, əgər şəhərdə bağlı qalarsaq, onlar bizi aradan aparar”. Sonra xaqan Budda və Tan məzhəblərini türklər arasında yaymaq istədikdə, Tonyukuk buraxmadı və dedi ki, bu məzhəblər insanı süstlüyə çağırır və hökumət etmək qüdrətini alır.
 Tonyukuk öləndən sonra onun xatirəsinə qəbri üstə yazılı daş kitabə qoyulub. Bu kitabə Tonyukukun özü tərəfindən yazılıb, türk dil və ədəbiyyatının qiymətli incisi sayılmaqdadır.
 731-ci ildə Gül Tekin vəfat etdi və qardaşı Bilge xaqan tərəfindən onun adına üstü yazılı daş abidə ucaldıldı. Bu kitabə Yolluq-tekin tərəfindən, Bilge xaqanın dilindən yazılmışdır. Kitabədə Bilge xaqan belə deyir: “Üçoğuzlar paytaxta hücum etdikləri zaman Gül Tekin olmasaydı, hamımız qırılmışdıq”.
 734-cü ildə Bilge xaqan öldü. Bu adamın öz millətinə böyük sevgi və inamı vardı. Oğlu tərəfindən xatirəsinə yazdırılan məzar daşında öz dilindən belə deyilir: “Ey türk milləti, üstdə göy yıxılmaz, altda yer dəlinməzsə, dövlətini, törəni (qanun) kim poza bilər”.
 Bilge xaqanın ölümünə hətta Çin imperatoru matəm tutdu və imperatorun istəyinə rəğmən, məzar daşının bir tərəfinə çincə də yazı əlavə olundu. Bilge xaqanın ölümündən sonra xaqanlıqda tənəzzül başlandı. Əvvəl xanədan üzvləri arasında ixtilaflar yarandı, sonra yerli xalqlar üsyana qalxdılar. Bir çox keşməkeşlərdən sonra uyğur iltəbəri (başbuğ) Qutluq Qulu xaqan elan edildi. Bu tarixdən sonra Göktürk dövləti yıxıldı, Otugendə Uyğur dövləti yarandı.
 740-cı ildə Uyğur dövləti qırğızlar tərəfindən yıxılıb dağıldı. Bundan sonra uyğurların bir qismi Tarım-Turfan hövzəsinə gedib Hoçunu (Koço) mərkəz seçərək, yeni Uyğur dövləti qurdular. Bir qismi də Çinə, Kaansuya gedib Çinə tabe oldular.
 UYĞURLAR. Uyğurlar Göktürklərin yerinə xaqanlığı əllərinə alanda doqquz uruq və ya uruğdan (ailə məcmuəsi) təşkil tapmışdılar. Xaqanın uruğu Yağlaqır adlanırdı. Bu doqquz uruğa doqquz oğuz boyu (qəbilə) qatılıb birlikdə on oğuz elini təşkil etdilər. Sonra qarluq və basmıl elləri də onlara birləşdi. Xaqanlıq 11 Vali tərəfindən idarə edilirdi.
 Uyğurların ilk xaqanı Qutluq Bilge Orxon çayının yuxarı axarında (Kül Orxon çayı üstündə) Ordubalık şəhərini tikdirdi və 747-ci ildə vəfat etdi. Ondan sonra oğlu Moyinçor xaqan oldu. Orxon-Selenqa çayları arasında, Şine-usu gölü yaxınlığında tapılan Şine-usu kitabəsində belə yazılmışdır: “Xaqan Moyinçor müxtəlif türk, tatar və basmıl ailələrini özünə tabe edib, oğlanlarını onlara şad və tabğu təyin etdi”.
 751-ci ildə Talasda ərəblərlələ çinlilər savaşarkən qarluqlar da müsəlmanlara kömək etdilər, nəticədə çinlilər məğlub olub Orta Asiyadan çıxdılar və Tarım hövzəsi uyğurların əlinə keçdi. 
 759-cu ildə Moyinçrorun oğlu Bükü xaqan oldu. Bu zaman Çinin vəziyyəti yaxşı deyildi, tibetlilər Çinə hücum etmişdilər. Elə bu əsnada türklər Çinə yardım edib, onları qurtardılar. Ordunun başında qədim Çin şəhəri Loyanqa gedən türk xaqanı, qayıdanda özü ilə dörd Mani məzhəbli rahib gətirdi və Ötükendə Mani məzhəbini rəsmi məzhəb elan etdi. Bu məzhəb türklərin savaşçılıq ruhiyyəsini zəiflətdi.
***
 821-ci ildə Küçlük Bilge xaqan oldu. Qara Balqasın kitabəsini o bərpa etmişdir. İlk illərdə bacarıqlı olan xaqan, sonradan iğtişaşlarla qarşılaşaraq öldürüldü. Bir neçə il keşməkeşlərdən sonra, Yenisey məntəqəsində 25 ildən bu yana qüvvətli bir duruma gəlmiş olan qırğızlar 840-cı ildə uyğurların paytaxtı Ordubalıka hücum edib oranı aldılar, xalqı və xaqan Hosanı öldürdülər. Bu əsnada uyğurlar dəstə-dəstə köç edərək müxtəlif ölkələrə dağıldılar.
 Şərqi Türkistanda Mani, Budda və Nestori məzhəblər yayıldı. Əvvəlcə Budda məzhəbi qabağa düşdü, sonra İslam ümumi şəkildə yayılıb uyğurlar vasitəsilə Çində də rəvac tapdı.
***
 QARLUQLAR. Əsasən Altay dağlarının ətəklərində yaşayan Qarluqlar 764-cü ildə Cunqariya, sonra da Balasaqun və Talasda türkişlərin yerini tutub, hakimiyyəti ələ aldılar və qədim Qərbi Göktürklərin məntəqəsinə hakim oldular. Qarluqlar Otugenin üstünlüyünü qəbul edib, Balasaqunu paytaxt seçdilər və özlərinə türkmən dedilər. 840-cı ildə qırğızlar uyğurların yerinə keçəndən sonra qırğızların hakimiyyətini tanımayıb, öz yabğularına qaraxan deyərək xaqan elan etdilər. 904-911-ci illər arasında (əksər tarixçilərin fikrincə 940-cı ildə) Satuq Buğra xan müsəlmanlığı qəbul edib, islam dinini öz dövlətinin rəsmi dini elan etdi. Bununla da türklərin kütləvi şəkildə müsəlmanlaşması başladı. Bundan sonra Buğra xan Samanilərlə mücadilə etməyə başladı və bu mücadilə davam edərək, 999-cu ildə Samanilərin süqutuna səbəb oldu. Sultan Mahmud Qəznəvinin atası Sabuq Tekin də qarluqlardan idi. Qarluqlar islam tarixində mühüm rol ifa etmişlər.
 “Kitabi hüdud əl-aləm”də qarluqlar ölkəsinin sərhədləri haqqında belə məlumat verilir: “Şərqdə Tanrı dağları, quzeydə oğuzlar, cənubda yağmaların bir qismi və qərbdə Mavərənnəhr”. On beş şəhər və qəsəbə adı da bu kitabda göstərilir.
 Qaraxanlı dövləti əsas qarluqlardan olmaq üzrə formalaşmışdı və uyğurlardan da təşəkkül tapmışdı. Sonralar hakimiyyət uğrunda xanədan üzvləri arasında gedən ixtilaf və düşmənçlik yaranaraq, bu dövləti zəiflətmiş və qarşısında duran qaraxitayilərin (monqolların) qüvvətlənməsinə səbəb olmuşdu, nəhayət, qaraxitayilər tərəfindən dağıdılmışdı.
***
 Adı “Came ət-təvarix”ə düşən türk tayfaları bunlardır: Kayı, Bayat, Alkar evli, Kara evli, Yazır, Dögər, Dodurğa, Yaparlı, Avşar, Kızık, Bigdeli, Karkin, Bayandur, Beçənə, Çavuldur, Çipni, Salur, Eymur, Alayuntlu, Üregir, Yığdır, Bükdüz, Yıva, Kınık. Hər birinin öz tamğası və onqunu (totem, ya müqəddəs heyvan) vardı.

IV hissə: Qərbdəki qonşuları ilə araları yaxşı deyildi, şərqdəki qonşuları ilə də savaş halında idilər…

 OĞUZLAR. Oğuzlar türk ellərinin ən mühümlərindəndir. Bugünkü türklərin əksəriyyəti oğuz övladlarıdır. Onlar müsəlman olandan sonra İran və Anadoluya mühacirət edib, Səlcuqlar və Osmanlılar kimi böyük islam dövlətləri qurmuşlar. Oğuzlar islamın qorunub yayılmasında rol oynamış, islam maarifinin təşkilində kömək və iştirak etmişlər.
 Mülahizəyə görə, Oğuz sözü oklar mənasındadır, əski türkcədə ok el, uz isə uzlaşma, birləşmə deməkdir.
 Oğuzlar 6-cı əsrdə Göktürklərin bir qismini təşkil edərək, Selenqa və Tula çayları bölgəsində yaşayırdılar və 630-cu ildən sonra müstəqil olub, Doqquz oğuz xanlığını təşkil etmişdilər. Başbuğlarına yabğu deyirmişlər. İkinci Göktürk xaqanlığı qurulduğu zaman İltərişə məğlub olub yenə Göktürk dövlətinin əsas qismini təşkil edərək, onlarla bir eldən hesab edilirdilər. Bu məsələ Orxon daş kitabələrində qeyd olunmuşdur.
***
 İbn əl-Əsirin yazdığına görə, oğuzlar 8-ci əsrdə (775-785) Mavərənnəhrə gəlmişlər. Daha əvvəl Talas ətrafına girmişlər və əsrin ikinci rübündən bəri Ceyhun çayının məcrasında yerləşmişlər.
 İslam müəllifləri Qaraçuq (Fərab) dağları ilə Xəzər dənizi arasındakı bozqıra Dəşti Oğuz demişlər. 10-cu əsrin birinci yarısında oğuzlar dövlət qurdular. Bu dövlətin qışlaq mərkəzi Yenikənd olub, başlarında yabğu vardı. Yabğunun canişininə külarkin, ordu komandanına isə subaşı deyirdilər.
 Oğuzların qərbdəki qonşuları olan peçenq və xəzərlərlə araları yaxşı deyildi. Şərqdəki qonşuları olan qarluqlarla da savaş halında idilər. Xarəzmin yerli xalqı da oğuzların basqısı altında idi. Quzeydə isə qıpçaqlarla bəzən savaşıb, bəzən də barışırdılar. Bu oğuzlara türkmən də deyilirdi. İslam ölkələrinə mühacirət etdikdən sonra türkmən adı ilə tanındılar.
 Yabğu zamanında oğuzlar üç ok və buz oklar adı ilə dəstə və təşkilat halında yaşayırdılar. Oğuzlar 24 boydan (qəbilə) ibarət olub, hər qəbilənin özünəməxsus möhürü (tamğası) var idi. Onların adı Mahmud Kaşğarinin “Divani lüğət ət-türk” və Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” əsərlərində verilmişdir. 
***
 10-cu əsrdə qıpçaqların basqısı nəticəsində yabğu dövləti süqut etdi. Bu hadisədə oğuzların mühüm bir qismini təşkil edən səlcuqların yabğudan ayrılıb cənuba köç etmələri də mühüm rol oynadı. Yabğu dövlətinin süqutundan sonra oğuzların bir qismi Xəzərin şimalından keçərək, Qara dənizin şimalından Avropaya üz tutdular. Bir qismi də Hind yolu ilə Xorasana, İrana və Anadoluya gəldilər. Kiçik bir qismi isə öz yerlərində qaldı. Bu günkü Orta Asiya türkmənləri onların övladlarıdır.
***
 SABARLAR. Sabarlar və ya savirlər 5-6-cı əsrlərdə Qərbi Sibir ilə Qafqazın quzey qismində mühüm tarixi rol oynamışlar. Bir mülahizəyə görə, Sabar sapar deməkdir, yəni yol dəyişdirən, azad. Onların köhnə yurdları Altay dağlarının qərbində İli çayı ətrafi olub, Asiya hunlarına bağlı idilər.
 İlk dəfə Bizans tarixçisi Periskos 5-ci əsrdə Sibir qövmlərinin böyük miqyasda köçləri münasibəti ilə sabarlardan bəhs etmişdir.
 Sabarlar avarların şərqdən basqınları səbəbi ilə qərbə köç etmişlər və Qazaxıstan bozqırlarının güney sahəsində yaşayan oğur türk boylarını yurdlarından çıxarıb, Tobol və İşim çayları ətrafında yerləşmişlər. Bu gün Sibirdə yaşayan Tobolsk xalqı buranın köhnə sakinlərini sibir və ya sivir adı ilə yad edirlər. Bu bölgədə (məntəqədə) 16-cı əsrdə Sibir xanlığı təşkil edildi, mərkəz də Sibir şəhəri oldu. Sonradan ruslar bura gəldiyi zaman Alasibir şəhərini aldılar və bu məntəqəyə Sibir dedilər. Ruslar şərqə getdikcə bu ad daha geniş məntəqəyə şamil olundu və nəhayət, bütün məntəqə Sibir adlandırıldı (16-cı əsrin ikinci yarısı).
 Sabarlar 503-515-ci illərdə Qafqazın şimalında, Volqa və Don çayları arasında, Kuman çayı məcrasında yerləşdilər, bulğarların bir qisminə hakim olub, bizanslarla sasanilərə qonşu oldular. 516-cı ildə sabarların başbuğu Balak və ya Bələk sasanilərlə saziş bağlayıb, onların yardımı ilə bizanslılarla savaşdı. Sabar ordusu Ermənistana hücum edərək Anadoluya girdi və Konyaya qədər irəlilədi. Sabarların mükəmməl savaş silahları vardı və bu baxımdan qonşularından üstün idilər. 520-ci ildə Balak öldü və xanımı Buğarık, ya Buğarıq onun yerinə oturdu. Bu qadın çox gözəl təşkilatçı və savaşçı idi. Yüz min atlısı vardı. Bizanslar ona hədiyyə və xərac verərək öz tərəflərinə cəlb etdilər.
 545-ci ildə avarlardan şiddətli zərbə yedilər, sonra Göktürk hakimiyyətinə girdilər. 576-cı ildə Qafqazın cənubunda bizanslara məğlub olaraq, bir qismi Kür çayının cənubuna köçdü və 7-ci ərdə Xəzər dövlətinin qurulmasında yaxından iştirak etdilər.
***
 QIPÇAQLAR. Qıpçaqlara bizanslılar və latınlar kumanos, ruslar isə poloves demişlər. Hər iki kəlmə sarışın mənasındadır, çünki bunlar göy göz, sarısaçlıdırlar. İslam mənbələrində bunlara qıpçaq və ya qıfçaq deyilir. Qıpçaq qəzəbli və ya əsəbani mənasındadır. Qıpçaqlar Qərbə köçməzdən əvvəl Orta Asiyada oğuzların şimalında, Tobolskda, İşimdə yaşayırdılar. Bu nahiyədən altaylara tərəf kumıklar yaşayırdılar. Qıpçaqlar kumıkların bir qoludur. Qıpçaqların cənubunda olan oğuzlar Volqa (İtil) çayı (qərbdə) ilə Ceyhan (cənubda) və İrtış (şimal-şərqdə) arasında yaşayırdılar. İssık dəryaçasının ətrafında da qarluqlar yerləşmişdi. Şərqdə Tyan-Şan nahiyəsində isə sarı uyğurlar vardı.
 Qıpçaqlar Göktürk toplumunun (cəmiyyətinin) bir qismini təşkil edirdilər.
 11-ci əsrin ikinci yarısında qıpçaqlar Balxaş dəryaçasından İrtışa qədər hakim olduqları halda, kitanların basqısı və otlaqların azlığı üzündən Volqadan keçib qərbə köçdülər. Onların qabağından uzlar da Balkanlara mühacirət etdilər. Qıpçaqlar Rusiyanın güney bozqırlarına gəlib yerləşdilər. Qıpçaqlar monqolların istilasına qədər yarım əsr Qara dənizin quzey bozqırlarına hakim oldular. 1055-ci ildə Pereyaslavl knyazı ilə bir müqavilə bağladılar. Lakin 1061-ci ildə rusları məğlub etdilər və 1068-ci ildə Kaçan özü peçenqləri xidmətə almaq bəhanəsilə, ruslara hücum edərək Kiyev yaxınlığında onların müttəhid qoşunlarını məğlub və pərişan etdi. 
 1080-cı ildə qıpçaqlar Balxaş dəryaçası və Talas hövzəsindən Danub ağzına qədər hakim idilər. Mərkəzləri daha çox Don-Dnestr arası idi.
 Qafqazla Kuban nahiyəsi, şimalda İtil (Volqa) bulğarlarının hüduduna qədər onların əlndə idi. Bu geniş məntəqə Qərbi Sibir bozqırları və Şərqi Avropa bozqırlarına şamil olub, bundan sonra Dəşti Qıpçaq və ya Qıpçaq bozqırı adlandı. Bu dövrədə ruslar, bulğarlar, alanlar, burtaslar, xəzərlər və ulalar qıpçaqların hakimiyyəti altında yaşamışlar. Qıpçaq ölkəsi 5 hissədə yerləşmişdi: Orta Asiya, Ural və Volqa-Don-Donetsk, Aşağı Dnepr, Danub məntəqələri. Bu məntəqələrdə yaşayan qıpçaq elinin hər biri öz başbuğu (xanı) idarəsində yaşayırdılar. Bu dövrlərdə başbuğlardan Altun apa və Sarı xan mühüm rol ifa etmişlər. Qıpçaqlar 1091-ci ildə Macarıstana, bir il sonra da Ləhistana girdilər. 1093-cü ildə yenidən Bizans torpaqlarına girdilər. 1093-94-cü illərdə ruslara hücum etdilər. 
 Qıpçaqların bu hücumlarda məqsədi qonşuların torpaqlarını almaq deyil, bəlkə də bozqırların sakitliyi üçün qonşuları basqı altında saxlamaq istəyi idi. Qıpçaqlarla rusların arası yaxşı olmayıb, çox vaxt aralarında savaş olmuşdur. 1105-1111-ci illər arasında dörd dəfə savaşmışlar. Bu savaşların xatirələri xalq ədəbiyyatında iz buraxmış, onu zənginləşdirmişdi.
 1185-ci ilin baharında rus knyazı İqor rusların müttəhid qoşunu ilə Aşağı Don boyunda Qayalı (Kaqalnik) çayı sahilində qıpçaqlarla savaşda mühasirəyə düşmüş, ordusu məhv, özü əsir olmuşdu. Bu savaş rusların məşhur milli dastanı olan “İqor polku haqqında dastan”ın yazılmasını səbəb oldu. İqor dastanı ilk dəfə 1800-cü ildə çap və nəşr edilmişdir. Ondan sonra dəfələrlə çap olunmuş və vaqe olmayan hissələr ona əlavə edilmişdir. Dastanda qıpçaq türklərinin savaş texnikası və cəsarətlərindən bəhs edilir. 
 Qıpçaqların Don və Kuban nahiyələrində olan hissəsinin gürcülərlə yaxşı münasibətləri olmuş və bu vasitə ilə Qafqazın güneylərinə gəlmişlər. Gürcüstana gələn qıpçaqların çoxu xristianlığı qəbul etmişlər. 
 1123-cü ildə qıpçaqlar Tiflisi Gürcüstanın paytaxtı edib, Şirvanşahları xərac verməyə məcbur etdilər, eyni zamanda Azərbaycan Atabəyləri ilə mübarizəyə başladılar.
 Qıpçaqlar Gürcüstana mühacirət edəndən sonra qıpçaq bozqırında azalıb zəiflədilər. Şərqdəki qıpçaqlar da Xarəzmşah ordusuna girdilər və yavaş-yavaş ordunun əsas qsmini təşkil etdilər. Lakin bu ordu 1220-ci ildə monqol hücumu qarşısında aradan getdi.
 Qara dəniz şimalandakı bozqır qıpçaqları da ruslarla birlikdə monqollarla savaşdılar. Lakin Cebe və Subutay tümənləri tərəfindən məğlub edilib, Cuçi ulusuna daxil oldular. Bu hadisədən sonra qıpçaqların bir qismi Macarıstana, mühüm bir qismi də Volqa bulqarlarının yanına gedib, orada yerləşdi. Bu qıpçaqlar Volqa bulqarlarının danışdığı türk ləhcəsini tədricən dəyişdirib, qıpçaq ləhcəsinə çevirdilər.
 Monqol istilasından sonra Dəşti Qıpçaqda Altın Orda dövləti quruldu (1256).
 12-ci əsrdən sonra Dəşti Qıpçaq xalqının iqtisadi vəziyyəti pozuldu, qıtlıq və xəstəlik epidemiyaları onların heyvanlarını aradan apardı. Qıpçaqlar başqa xalqların adətlərinə uyaraq öz oğlanlarını pula satmağa başladılar. Satılan cavanların çoxu Misirə aparıldı və orada Əyyubilərin ordusuna alındılar. Yavaş-yavaş bunların sayı və nüfuzu orduda artdı. Nəhayət, 1250-ci ildə İzz əd-Din Aybək Əyyubi sultanının yerinə oturaraq, Misirdə türk səltənətini qurdu. Ondan sonra sultan Qovtuz və sonra sultan Bəy Bars taxta oturdular. Sultan Bəy Bars özündən çox bacarıq və ləyaqət göstərib monqolları Suriyadan qovdu və İslam xilafətini bərpa etdi. Bəy Barsdan sonra onun yerinə keçən sultan Kalavun da qıpçaq idi (1279-90). O Misirdə məmlük sülaləsini yaratdı və monqol-erməni-firəng ordularını məğlub etdi. Onun övladları çərkəzlər hakimiyyəti ələ alana qədər (1382) Misirdə sultanlıq etdilər.
 Məmlük hökmdarları Altun Ordu hökuməti ilə dostluq qurdular. Bu zaman Misir məmlük dövlətinə Türk hökuməti, Misir ilə Suriyaya isə Türkiyə deyilirdi. 1517-ci ildə Misir Osmanlı türkləri tərəfindən fəth edildi.
 Peçenq, uz və qıpçaq elləri 9-13-cü əsrlərdə rusların Qara dənizə gəlmələrinə mane olub, Dağıstan ətrafının Terek çayı boyu və qonşu yerlərin türkləşmələrinə səbəb oldular.
 Bu gün peçenqlərin bir qismi Qafqazda, bir qismi isə Orta Asiyada Ceyhun ağzına köçüblər, orada yaşayan qaraqalpaqların əsli peçenq, uz və berendey qarışığıdır. Belə hesab edilir ki, Rumıniya qaqauzları da uzların övladları olub, 13-cü əsrdə Rumıniyada yerləşib və xristianlığı qəbul etmişlər.
 Qıpçaqların bir qismi monqolların qarşısında geri çəkilib Bizans imperatorluğuna keçdilər, Türkiyə, Makedoniya və Qərbi Anadoluda yerləşib, Bizans ordusuna girdilər.  
 Qıpçaqların digər qismi Macarıstana köçüb orada yerləşdi və bu hadisədən sonra bir çox qıpçaq sözləri macar dilinə keçdi.
 Bu tarixlərdə qıpçaq türkcəsi çox yayılmışdı. Bu dilin və ya ləhcənin ən mühüm nümunəsi “Kodeks kumanikus”dur. Bu kitab qıpçaq dilinin lüğət və qrammatika kitabıdır, Qərb missionerləri tərəfindən qıpçaqları daha asan xristianlaşdırmaq məqsədilə yazılmışdır (1303). Kitab iki hissədən ibarətdir. Birinci hissə qıpçaq-latın və fars lüğət qrammatikasıdır ki, italiyalı missionerlər tərəfindən yazılmışdır; ikinci hissə isə qıpçaq-alman lüğət və qrammatikasıdır, almanlar tərəfindən yazılmışdır.
***
 13-cü əsrin ilk yarısında Volqa Bulqar dövləti monqol ordusu tərəfindən yıxıldı. Batu xan (Çingiz xanın nəvəsi) ordusu Bulqar şəhərini 50 min əhalisi ilə xarabaya çevirdi (1236). Bu hadisədən sonra bulqarlar dağıdılmış şəhərlərini bərpa etməyə çalışdılar, lakin 1361-ci ildə Polad Teymur xan tərəfindən ikinci dəfə olaraq dağıdıldılar. Üçüncü dəfə isə 1391-ci ildə Əmir Teymur Altun Ordu xanı Toxtamışa qarşı hücum etdiyi zaman yerli-yeksan oldu. Bundan sonra xalq dağıldı. Bir qismi Kamanın şimalına Qazan nəhri boyuna köçdü. 15-ci əsrin ortalarında buralarda bulqar-qıpçaq qarışığı müsəlman xalq yaşayırdı ki, sonrakı Qazan xanlığının əsasını bunlar təşkil etdilər.

V hissə: Qədim türk mədəniyyəti at və dəmirdən ibarət olmuşdur, monqol mədəniyyəti isə sümüklə bağlıdır…
                    
 XALACLAR. Xalaclar qədim türk ellərindən olub, onlardan qədim zamanda ayrılıb qərbi və cənubi Əfqanıstana və İrana mühacirət etmişlər. Bir qismi də Əfqanıstanda qalıb puştular arasında əriyərək bugünkü kilcayiləri təşkil edirlər.
 Mahmud Kaşğari “Divani luğət ət-türk”də xalacları oğuz və qıpçaqlarla bir eldən sayıb, xalaclar haqqında aşağıdakı dastanı nəql etmişdir:
 İskəndər Səmərqənddən ötüb keçərək türklər ölkəsinə hücum etdiyi zaman türk xaqanı Şu ordusuyla geri çəkilir. Bu əsnada türklərdən 22 nəfər ailələrilə orada qalır, iki nəfər də onlara qoşulur. Qalan 22 nəfər xaqanlarının dalısınca getmək istədikləri halda, bu iki nəfər onların sözünə baxmayıb, biz öz yurdumuzu tərk etmərik, İskəndər gəlib-gedər, biz də burada qalarıq demişlər. O zaman 22 nəfər acıqlanıb onlara “Qal aç” dedilər, bu iki nəfərin nəslindən olan tayfa da xalac adlandı.
 İskəndər gəlib bu iki nəfəri görəndə, uzun saçları və dillərinə baxaraq, onlara türkmənənəd (türkmən) demiş və onun üçün türkmən adlanmışlar.
 “Divani lüğət ət-türk” və “Hüdud əl-aləm” tarixi əsərlərində xalaclar haqqında məlumatlar vardır. Avropa şərqşünaslarından Markvart, Minorski və Smirnova da xalaclar barəsində qiymətli tədqiqatlar aparmış, bu nəticəyə gəlmişlər ki, xalaclar 4-ci əsrdə tarix səhnəsində peyda olmuşlar.
 Tarixi baxımdan xalaclar üç yerdə toplu halda yaşarmışlar: Balasaqun ətrafı, Pənckənd (Beşbalık) və Ceyhun ilə Sind çayı arasında.
 Çin qaynaqları və əfsanələrinə görə Balasaqun, ya Suyabda və Talasda eramızdan əvvəl də türklər yaşayıblar. Çin və ərəb tarixçilərinin yazdıqlarına görə, qərbi türklər 581-658-ci illərdə, türkişlər 658-766-cı illərdə, qarluklar 766-900-cu illərdə, qaraxanlılar isə 850-1250-ci illərdə bu məntəqədə hakim olmuşlar.
 982-ci ildə İbn Xordadbeh tərəfindən yazılan “Hüdud əd-aləm”ə görə, xalaclar Ceyhundan Qəznə səhralarına (Zabilistan) qədər yaşayırmışlar. Yenə eyni mənbəyə görə, xalaclar və oğuzlar 7-ci əsrin ortalarından Sistan, Aldavar (Davar) və Kabulda sakin olub, xalaclar Kabul və Qəznədə padşahlıq etmişlər; Kabul şahı ilə Qəznə şahı Rutbil qardaş imişlər.
 Hindistanda 8-ci əsrdən bəri Hinduquşdan Sind çayına qədər məntəqədə Türk şahlığı qurulmuşdu və sikkələrinin üzərində əski türklərin adətinə görə, padşahın tacı üstə qurd başı nəqş edilmişdi. Hind türk şahının damğası isə oxla yay imiş.
 8-ci əsrdə Kabul şahı və Rutbil arabalarla hərb etmişlər. 870-ci ildə xalaclar Qəznədə Yaqub Leşə məğlub olmuşlar. Səfərlərdən sonra Alp Tekin və Səbuq Tekin Qəznənin almışlar.
 Hindistanda 9-cu əsrin sonunda türk şahını Brahman vəziri həbs edib, onun yerinə oturdu və Hind şahlığını qurdu. 1003-cü ildə isə sultan Mahmud Hind şahı dövlətini yıxdı və Hindistanı aldı. Qəznə ordusu ilə Hindistana gedən xalqlar orada iqta- torpaq mülkiyyəti əldə edib, mühüm kütlələr halında yerləşmişlər. Sonradan qurilər sülaləsinə mənsub olan sultanların xidmətinə girmişlər.
 Xalqlar qəznəvi sultan Məsud zamanında üsyan edib qəznəvi ordusunun səlcuqlara yenilməsinə səbəb oldular. Qurilər hökuməti Hindistanda sultan Mahmud Xarəzmşah tərəfindən süqut etdi və xalac türkləri xarəzmşahlara tabe olub, sultan Mahmudun monqollarla savaşında yardım etdilər.
 Cəlaləddin Xarəzmşah dövründə xalaclar Seyfəddin Oğraqın başçılığı ilə Qəznəyə gəldilər və Cəlaləddinin ordusu ilə birlikdə monqollarla savaşıb, onları Pərvanda məğlub etdilər (1221). Bu savaşda sağ cinahın mühüm hissəsində qarluklar, sol cinahda isə xalaclar yerləşmişdilər.
 Sonradan savaş qənimətləri üzündən aralarında ixtilaf çıxdığından Seyfəddin Oğraq ordusu ilə Pişəvərə yollanmış və üç ay sonra da monqol hücumu qarşısında aradan getmişdir.
 Xalaclar 10-cu əsrdə müsəlman oldular və ondan sonra Hindistanda Xalac hökumətini qurdular.
 Xalacların bir qismi Səlcuq orduları ilə İrana və Anadoluya gəldilər. Hesab olunur ki, İran xalaclarının əksəriyyəti monqolların hücum etdikləri zaman Əfqanıstan və Xorasandan İranın orta nahiyələrinə mühacirət etmişlər.
 Şərafəddin Yəzdinin yazdığı “Zəfərnamə”yə görə, 14-cü əsrdə Əmir Teymur zamanında xalaclar Savə, Qum və Kaşan ətrafında yaşayırdılar.
 Savə ətrafı xalacların bir qismi sonradan Azərbaycanda Muğana köçmüşlər, bunların haqqında Mirzə Məhəmməd Sadiqin yazdığı “Tarixi kiti quşa”da (1715) bəhs edilmişdir, bu kitab 1934-ci ildə Tehranda Səid Nəfisi tərəfindən nəşr edilmişdir.
 Bu gün İranda xalaclar Qum şəhərinin cənubunda, yəni Xalacistanda və İraq, Savə ətrafında əhalinin əsas kütləsini təşkil edərək yaşayırlar. 
 Frunkin Pənckənddə tapılan bir qism naxışları nəşr etdirmişdir. Bunlarda xalacların qiyafə, geyim və matəm mərasimləri təsvir edilir. Bu naxışların bir qismi Xalac padşahlarınn saray divarlarından ələ keçmişdir. Bunlar qrafik metod və realist üslubla çəkilmişdir.
 Pənckəndin iki nömrəli məbədindən əldə edilən naxışların birində oxşama (yas) mərasimi göstərilmişdir. Bu təsvir Siyavuşun ölümünə tutulan matəm mərasiminə aiddir ki, əvvəllər hər il Buxarada tutardılar. Həmin mərasim Mahmud Kaşğarinin divanında Əfrasiyaba tutulan matəm mərasimi haqqında yazılanlarla eynidir. Bu tabloda əski Timurq hökmdarlarının adəti kimi, ölünün cəsədi günbəzli bir arabanın üstünə qoyulmuş, ətrafındakılar yarı lüt olaraq oturmuş, saçların yolub, üz və qulaqlarını cırmaqlayırlar.
 Tabloda matəm tutan və məşəl yandıran, başında tac olan diz çökmüş məyus qadın isə Siyavuşun xanımı və Əfrasiyabın qızıdır.
 Bu tablodan iki qrup insan- ağ və qırmızı dərili olaraq görünməkdədir. Belə fərz olunur ki, rəng ayrılığı tayfa və ya təbəqə ayrılığını ifadə edirmiş.
***
 MƏDƏNİYYƏT. Türklər əski çağlarda Qərbi Asiya və Şərqi Avropa bozqırlarında yaşadıqları üçün ilk qurduqları kültür mədənyyəti də bozqır kültürü adlandırılmışdır.
 Əski kültür və mədəniyyətləri xalqın yaşadığı coğrafi məntəqələrə görə, orman, ya cəngəl, kəndli və bir də bozqır mədəniyyəti olaraq üç qrupa ayrılmışdır (əlbəttə, bozqır çöl deyildir, bozqırda yağış, su və otlaq vardır). 
 Qədim türk kültürü və ya atlı köçəbə kültüründə at və dəmir əsasdır. Halbuki monqol kültürünə dəmir sonradan girmiş, hətta monqollar 13-cü əsrə qədər oxlarının ucunu dəmirdən yox, sümükdən düzəldirmişlər. 
 V.Şmidt, O.Minkin, V.Koppers, F.Flor kimi məşhur kültür tarixçilərinin fikrinə görə, at ilk dəfə türklərin əcdadı tərəfindən əhilləşdirilmiş, minik və savaş üçün işlədilmişdir.
 Türklər atları ilxı halında bəsləyib, onun ətini yeyər və qurbanlıq edərmişlər.
 Dünya xalqları ata minmək və at üstündə savaşmağı hunlardan öyrənmişlər (300 e.ə.). Çin qaynaqlarında Göktürk zamanına aid 11 cins türk atından bəhs edilmişdr.
 Türk uşaqları kiçik yaşlarından qoyuna minib, oxla quşları ovlayarmışlar, həddi-buluğa çatmamış at minmək və ox atmaqda usta olarmışlar.
 Çin və Bizans müəlliflərinin yazdığına görə, hunlar at üstündə yaşarmışlar, sanki at üstündə anadan olmuşlar və atı müqəddəs sayarmışlar.
 Köçəri, savaşçı atlı çobanlar dünya sivilizasiyaları üçün bəla olmuşlar.
 Orta Asiyada qazılan əski türk məzarlarında (kurqan) tapılan dəmir əşyaların tarixi eramızdan əvvəl iki min ilin başlarına gedib çıxır. 
***
 Türklərdə ictimai təməl və təşkilat ailədən (oğuş) başlayaraq, elə (millət, ya dövlət) qədər genişlənmişdir. Neçə oğuş bir uruğu və neçə uruğ bir boy (bod), ya qəbiləni təşkil edirdi. Siyasi təşkilatla bağlı olan boy oğ, ya ox adlanırdı. Bunların məcmuəsinə isə budun deyilirdi. Budun siyasi cəhətdən müstəqil və ya bir elə bağlı ola bilərdi.
 El, ya il boyların və ya budunların bir araya gəlib, siyasi cəhətdən müstəqil olan bir təşkilatı idi. Türklər ərəblərdən fərqli olaraq qəbilə şəklində yox, daha çox el şəklində yaşamışlar.
 Ailə qan əqrəbalığı əsasında qurulmuş və atanın başçılığı ilə idarə edilirdi (monqollarda türklərdən fərqli olaraq matriarxat mövcud idi). 
 Oğlan evləndikdən sonra hissəsini alıb, ata evindən çıxar və yeni ev qurardı.
 Türklərdə bir arvad almaq adət idi. Lakin qardaş arvadı və ya atanın övladsız gənc qadını dul qalsaydı, onunla evlənmək bir vəzifə idi.
 Hər boyun özünəməxsus damğası var idi. Bu damğa köç əsnasında heyvanlara və əşyalara vurulurdu ki, başqa boylarınki ilə qarışmasın. Boyların məcmuəsindən budun təşkil tapırdı. Hər budunun başçısı cəmiyyyət və yaşadığı yerlərin genişliyindən asılı olaraq yabğu, şad və ya iltəbər adlanırdı. Budun müstəqil və yaxud bir elə bağlı olurdu.
 Türk mətnlərində keçən ağ və qara budun ifadələri daha çox xalqın varlı və kasıb hissələrini göstərmək üçün işlədilirdi.
 Əski türklər ölkəyə uluş, vətənə yurd, ölkənin sərhədlərinə yaka (yaxa) deyirmişlər. Dövlətə el deyilirdi. Ellərdə bəylərin və budun rəislərinin qanunverici və idaredici məsuliyyəti el xanı və ya xaqana verilirdi.
 Xalqa gun deyilirdi, gun artıq ellərimizdə el-gün mənasını bildirir. Ölkəyə də uluş deyilirdi.
 Dövlətdə toy adında bir dövlət məclisi var idl ki, qanun çıxarmaq, məmləkət idarəsi, kültür işləri və buna bənzər işlər orada danışılır və qərar verilirdi.
 Göktürk yazılı daşlarında xaqanlıq sözü ilə ifadə edilən müstəqil dövlət düşüncəsi fitrət dövründə (630-680-ci illər, bu illərdə Göktürk dövləti Çinə tabe olduğundan həmin dövr fitrət dövrü adlanmışdır) ələm və kədər içində olan xalq tərəfindən belə əks olunmuşdur: “Eli olan bir budun idim, şimdi elim harada, xaqanlıq budun idim, hanı xaqanım?”
 Bilge xaqan, “istiqlaldan məhrum qalandan sonra bəy olmağa layiq olan qul, xatun olmağa layiq qızın cariyə oldu” deyərək, gələcəyə və istiqlala inamını belə ifadə edir: “Ey türk milləti, üstdə göy yığılmaz, altda yer dəlinməzsə, elin törənini (qanununu) kim poza bilər?”
 “Kitabi Dədə Qorqud”da bəy olmaq üçün qan tökmək, acları doyurmaq və paltarsızları geyindirmək lazım olduğu göstərilir.
 Tərxan, ya tarxanlıq ilk əvvəl imtiyazlı bir ünvan olmayıb, hökumət məqamlarından idi. Monqollar zamanında tərxanlara soyurqal adlanan yerlər verilirdi. Bu yerlərin vergləri tərxanlara verilərək cəza və cərimədən azad olunurdu, beləliklə, tərxanlar imtiyazlı bir təbəqəyə çevrilirdilər. Monqollar zamanında böyük məqam və mənsəb sahibləri rəsmi qonaqlıqlarda xüsusi yerlərdə oturur və hər biri qoyunun xüsusi qismətini yeyirdilər, buna uluş (pay) deyilirdi (Fəzlullah Rəşidəddin, “Came ət-təvarix”).
 Əski türklər qanuna tura deyirdilər və el arasında xaqan da daxil hər kəs turaya itaət etməyə borclu idi; turaya qarşı çıxanlar və ya turaya xaric iş görənlər cəzalandırılırdı (“Yasa” kəlməsi monqollardan dilimizə keçmişdir).
 Yüksək dövlət məhkəməsi (yarğu) xaqanın başçılığı ilə siyasi suçlara baxırdı. Digər məhkəmələr xaqanın adı ilə qazilər (yarğan) tərəfindən idarə edilirdi. 
 Turanın sabit əsasları bunlar idi: ədalət (kunilik), yaxşılıq və faydalılıq (uzluq), müsavat (tüzlük), insanlıq (kişilik) və cahani olmaq. 
 900 il əvvəl Yusif Uluq Xas Hacib tərəfindən şeir dili ilə yazılan “Qutadqu bilik” kitabında xalqın xaqandan istədikləri belə xülasə olunur: iqtisadi sabiltlik, adilanə qanun, asayiş. Sonra padşaha xitabən deyilir: “Ey hökmdar, sən qabaqca bunlara əncam ver, onda öz haqqını istəyə bilərsən. Bəy, yaxşı qanun çıxart, özün də ona riayət elə, xalq da sənə itaət etsin”.
 Dövlət təşkilatı əskidən ikili, yəni şərqi-qərbi və ya sağ-sol idi. Göktanrı dinində günəş məşriqdən çıxdığı üçün şərq tərəf daha üstün və müqəddəs sayılırdı. Xaqanın çadırı (otağı) şərqə tərəf açıq olar, xaqan taxt üstündə şərqə sarı oturardı.
 Sağ və sol cinah olaraq ilk qurulan dövlət Asiya Hun dövlətidir. Bunların dünya hakimiyyəti qurmaq fikri, sonra rifah və barış təmin etmək məqsədi Hun imperatorları tərəfindən bəyan edilmişdir: “Barış istəyən insanları qurtarmaq üçün tanrı məni vəzifələndirdi. Biçarə insanları qorumaq üçün onun əmrinə uyaraq xaqan oldu” (Tanhu Mete xan və tanhu Helien Po-Po). 
 Dünya hakimiyyəti ideyası əski türklərin dastan və əfsanələrinə də keçmişdir (məsələn, “Oğuz dastanı”nda). Eyni fikir Orxon yazılı daşlarında və Çin tarixi mənbələrində də zikr edilmişdir. Oğuz xan xaqanlıq elan etdikdən sonra toy da eləmişdr. Deviz belə idi: “Günəş bayrağımız və göy (səma) çadırımızdır”. Padşahlara göndərdiyi məktublarda belə demişdir: “Mən uyğur xanıyam (oğuz dastanı XIV əsrdə uyğur türkləri tərəfindən yazıya köçürülmüşdür- İ. S.). Dünyanın dörd guşəsinin xaqanı olmalıyam, sizdən itaət istəyirəm, yoxsa sizə qarşı qoşun çəkərəm”.
 Mahmud Kaşğari 900 il qabaq yazdığı “Divani lüğət ət-türk” əsərində Əfrasiyaba Ucun Begi, yəni “dünya hakimi” demişdir. Cahan hakuimiyyəti düşüncəsi, müsəlman olandan sonra isə islamı yaymaq şüarı türklərdə fütuhat ideyasının əsasını təşkil etmişdir.
 “Hər şeydən uca Allah dedi: “Mənim ordum var, mən ona türk adı verdim… Nə vaxt hər hansı bir xalqa qəzəblənirəm, onda o xalqı türklərin öhdəsinə verirəm”- göstərir ulu Mahmud Kaşğari…

VI hissə: Çadırı o icad etmişdir

 Mete xan (e.ə. 209-174) zamanında ildə üç dəfə dövlət tərəfindən toy (məclis) tutulardı.
 Hun dövlətlərində toy və ya məclisin hökumət idarəsində mühüm rolu var idi. Avropa hunlarında da eyni məclislər qurulurdu. Atilla zamanında seçki məclisi var imiş.
 Oğuzlarda elin işləri tərnək və ya dərnəklərdə müzakirə edilirdi.
 Toyda iştirak edən üzvlərə toygün deyilirdi. Toyların təbii rəisi xaqan və ya tanhu idi. Yalnız xaqan seçiləndə, ya da xaqan yerində olmadıqda, ayquçi və ya üke deyilən baş vəzir, ya dövlət müşaviri məclisi idarə edirdi.
 Əski türklərdə baş vəzirə ayquçi və hökumətə ayüki deyilirdi. Bu kəlmə Orxon daş yazılarında zikr edilmiş və məşhur Tonyukuq üçün söylənmişdir. Göktürk və uyğur hökumətində altı vəzir var imiş, onlara buyruq deyilirdi, xalq tərəfindən seçilirdilər.
 Xaqan ölkənin idarəsində məsul olub, baş vəziri özü təyin edir və məclisi toylanmağa dəvət edird. Xaqanın fərmanlarına yarlık deyilirdi.
 Əski türklərdə dövlət rəhbəri üçün müxtəlif terminlər işlənirdi: tanhu, xaqan- imperator üçün, xan- padşah və hökmran üçün, yabğu, idiqut, eltəbər, erkin də əmir üçün işlənirdi. 
 Tanhu termini Asiya hunlarında ilk dəfə Mete xana verilmiş, xaqan Avropa hunlarında, tabqaçlar və göktürklərdə işlədilmişdir. Yabğu ünvanı isə Asiya hunlarında miladdan əvvəl mövcud idi.
 Bəy ünvanı Mete xan (Mutun, yəni Bəytun) zamanından mövcud olub, 2300 illik tarixi vardır. 21-ci əsrdən bəri bəyliyin ifadə etdiyi məna genişlənib və günümüzə gəlib çıxmışdır.
 Əski türk ellərində (dövlətində) hakimiyyət nişanələri otaq və ya xaqanın çadırı, örkün (taxt) və tuğ (xaqanın bayrağı), təbil, qotuz (bürk tükü) və yaydan ibarət idi.
 Xaqanın bayrağının- tuğun ucuna kəsilmiş qurd başı taxılardı.
 Asiya Hun imperatorluğunda bir tanhu, iki ilik (şah) və 24 başbuğ (sərkərdə) var idi. İlik, yabğu və şadlar tanhu ailəsindən seçilirdilər.
 Katibə tabqaçlarda bitikçin, göktürklər, türkeşlər və uyğurlarda bitikçi, elimqa və tamqaçı, oğuzlarda isə tuğraçı deyilirdi. Bunlar məclisdə xarici siyasət barəsində qərarları yazır və sonra xaqanın möhürü basılırdı (tamğa, tuğra). 
***
 Əskidən orduya sü (sürü) deyilirdi. Ordu sözü isə xaqanın qərargah və ya paytaxtını ifadə edirdi. Sonradan ordu qoşun mənasında işləndi. Qoşun sözü də monqolcadan dilimizə girmişdir. 
 Türk ordusunda atlılardan ibarət olmaqla ən böyük dəstə on min nəfərdən təşkil olunurdu və ona tümən deyilirdi. Tümən minlik, yüzlük və onluq vahidlərə bölünürdü, bunların başındakılara minbaşı, yüzbaşı və onbaşı deyirdilər. Ordunun onlu tərtibi onu mərkəzə bağlayır, qəbilə ordusundan çıxardıb, el və ya dövlət ordusu şəklinə salırdı. İdari rütbə və vəzifə sahibləri eyni zamanda nizami olmuşlar, ordu mənsəbləri də var idi. Bu səbəbdən dövlət qaydalı bir nizam və inzibatla idarə edilirdi, buna görə də türklərə ordu millət demişlər. Ordu və ailə türk cəmiyyətinin iki əsas dayağını təşkil edirdi. Savaş zamanı ordu yemək ehtiyacını qurutduğu (konserv) ətlə təmin edirdi; bu əti atının yəhərindən asdığı qutuda saxlayırdılar. Kolbasa (qolbasan) da türklərdə yaranmışdır.
 Türklər uzaqdan savaşı üstün tutub, at üstündə 700 metrdən ox atırdılar. Müxtəlif qüvvətdə yayları vardı. Ən qüvvətlisi qövsli refleks yay idi. Oxlarında ən qorxulusu səs verən, vıyıldayan oxlar idi. Bu oxlar Mete xan zamanında işlənirdi. Oxların ucu dəmirdən, sadə və ya çəngəlli idi.
 Yaxından savaşmaq üçün nizə, qalxan işlədirdilər. Müqəddəs bayraqları olan tuğun ucuna bir dəstə at və ya vəhşi öküz qılı, bir də ipək lentlər bağlırdılar. Tuğlardan başqa bayraqları da var idi.
 Türklər savaşda hücum (axın) üçün hazırlanırdılar. Atlı olduqları üçün hərəkət qüdrəti və sürətləri çox olub, əksəriyyətini piyada və ağır arabalar təşkil edən düşmənlərinə birdən hücum edir, az müddətdə düşmənə qalib gəlirdilər.
 Uzun sürən savaşlarda turan taktikasını işlədirdilər. Turan taktikası süni geriyə çəkilmə və pusqudan ibarət idi. Buna qurd oyunu da deyilirdi. Ordu düşmən qarşısından qaçar kimi görünüb, düşməni dalına salıb münasib bir yerə gətirir və birdən ona hər tərəfdən hücum edib qırırdılar. Bu taktika sonralar Alp Arslanın ordusu tərəfindən Malazgird savaşında (1071) da işlənmişdi. Səfəvilər də osmanlılarla savaşlarda turan taktikasını işlətmişlər və bu taktika sayəsində osmanlıların sayca və silah cəhətdən üstün olan orduları qarşısında dayana bilmişlər (Doğan Avçıoğlu, “Türklərin tarixi”).
 Türklərin milli strategiyası iki əsasa dayanırdı: 1) kəşf səfərləri; 2) axındırma savaşları.
 Kəşf səfərləri və axındırma savaşları illərlə davam edirdi. Məsələn, Çin ilə səlcuqların Dandənaqan və Malazgird savaşları kimi. Bu əsnada qorxu törədici rəvayətlər də yayırdılar. 
 Ölkənin hüdudlarını qorumaq üçün sərhədlərdə atəş qalaları (qurğu) tikib, orada keşik qoyurdılar. Eyni zamanda, sərhədlərdə bir hissə yerləri boş da buraxırdılar. 
 Türk ordusunu qurdlara bənzədirdilər. Türklərin atlı qoşunlar sistemi eramızdan 318 il qabaq Çin ilə bağladıqları müqavilədən sonra Çində də tətbiq edildi və həmin atlı qoşunlarla çinlilər (e.ə. 117-ci ildə) turan taktikası işlədib türkləri məğlub etdilər.
 Türk atlıları yel-şalvar və çəkmə geyir, başlarına börk qoyurdılar.
***
 Asiya hunları, göktürklər və uyğurlar hər il Göktanrıya, əcdadlarına və təbiət qüvvələrinə qurbanlıq kəsirdilər. Hun imperatoru Tanhu günəş və aya səcdə edirdi.
 Təbiət qüvvələrinə Orxon yazılı abidələrində yer-su deyilir və onlar müqəddəs sayılırdı. Orada iki yer-sudan bəhs edilmişdir: birisi Otugen və digəri Tamiğ Ayduqbaş (Tamir bulağının çeşməsi). Otugen hökumət mərkəzi Tamiğ və ya Taqi isə Göktanrıya qurban kəsilən yer idi.
 Əski türklərin əsas dini Göktanrı dinidir. Tanrı ən yüksək varlıq olub, kainatı yaradıb və göksel (səmavi) mahiyyəti olduğu üçün Göktanrı adlanırdı. Bu dinin əsasları Çin qaynaqlarında, Göktürk yazılı daşlarında və digər mənbələrdə yazılmışdır. Tanhu Mete xan (e.ə. 176) Çin imperatoruna göndərdiyi məktubda Tanrı tərəfindən taxtda oturulduğunu və zəfərlərini Tanrının inayətinə borclu olduğunu yazır.
 Göktürk yazılı abidələrindəki mətnlərə görə, göktürk xaqanlığının qurulması Tanrının istəyi ilə olmuşdur. 
 İqtidar, kut, qismət (uluğ) onun tərəfindən verilir, ölmək də onun əlindədir, insanlar fani, Tanrı isə əbədidir. 
 Bayat (qədim), açu (ata), eydi (sahib), okan (qadir), çalap və ya çələb (mövla)- hamısı onun sifətləridir.
 Tanrı sözü başqırd ləhcəsindən başqa bütün türk ləhcələrində mövcuddur (Başqırdlar Ural qəbilələrindən olub, sonradan türkləşmişlər). Çinllər arasında da Ti-yen şəklində yayılıb və ən azı 2500 il keçmişi vardır.
 Türklər sonradan əsasən islam dinini qəbul etmişlər. Çində hökumət olan tabqaçlar Budda dinini qəbul edəndən sonra sürətlə çinliləşmişlər, 495-ci ildən sonra isə türk ürf və adətlərini yasaq etmişlər.
 Uyğur türkləri Mani dinini qəbul edəndən sonra Soqd mənşəli Göktürk əlifbasını da Mani əlifbası ilə əvəz etdilər. Sonradan Budda dini uyğurlar arasında yayıldı və bu iki din yeni məzhəb kültürünün yaranmasına, dini mətnlərin tərcüməsi isə zəngin bir dini ədəbiyyatın meydana gəlməsinə səbəb oldu.
 Həmin yazı və kitabların bir qismində diqqəti cəlb edən naxışlar da vardır. Bu kitablardan “İrk bitik” və ya “Kəhanət kitabı” 10-cu əsrdə Göktürk əlifbası ilə yazılmışdır. “Altun yarık” və “Səkkiz yükmək” adlı kitablar da həmin zamanda, lakin uyğur əlifbası ilə yazılmışdır.
 Yalnız islam dini türklərin əski inamları ilə bir çox baxımdan səsləşdiyinə, onların ruh və xarakterlərinə uyğun olduğuna görə kütləvi şəkildə bu dini qəbul etmişlər.
 İslami şəkildə türklərin böyük atalarının adı Türkdür. O, Yafəsin oğlu və Nuhun nəvəsidir, atası öləndən sonra İssık-kul ətrafına gəlib, orada yerləşmiş və çadırı o icad etmişdir.
***
 “Ey ala buludlu, ey göy çadırlı, ey sütunsuz-dirəksiz, ey nərildəyib-guruldayan, ey əsib sovuran Tanrı!”- tərəkəmələrin Allaha müraciət forması belə idi.

VII hissə: Alp Ər Tunqa öldümu, Fələk öcün aldımu…

 Bozqır türkləri yaşadıqları yer və iqlimə görə heyvandarlıqla güzaranlarını təmin edirdilər. Bunların başında at və qoyun gəlirdi. Öküz, inək sulu və əkinçiliyə əlverişli yerlərdə daha faydalı olduğu üçün, ilk zamanlar bozqırda yetişdirilmirdi. Sığır heyvan daha çox hind və Avropa ellərinə məxsusdur. Donuz isə monqollarda yetişdirilirdi. Lakin sonradan sığır, qatır və dəvə türklərdə də oldu.
 Türklərin əsas qidalarını ət (at və qoyun əti) təşkil edirdi. Yeməklərdən şorba növləri çox sevilirdi, bunlardan yahnı (işkənə), tutmac- yoqurtlu (qatıqlı) və çörəkli şorpa çox sevilirdi. Hunlar zamanından bəri içkiləri qımız idi. Qımızı at südündən mayalandırıb hazırlayırdılar. Göktürklərin bekni adlı bir içkiləri vardı ki, buğda və darıdan düzəldirdilər. Oğuzlar boza (arpa, darı və ya buğda xəmirini qıcqırtmaqla qayrılan meyxoş içki) içərdilər.
 Südlü darı, pendir, yoqurt bozqır yeməklərinin əsasını təşkil edirdi. Yoqurt sonradan bulqarlar vasitəsilə Avropaya da keçmişdir. Uyğurlar Türküstanda üzüm əkir, ondan şirə və şərab düzəldirdilər.
 Əski türklərin geyimləri əsasən heyvan dərilərindən və yunundan olurdu. Onlar bez toxuyur və paltar üçün kənaf yetişdirirdilər. Rumlular kətan köynəyi ilk dəfə hunlarda gördülər. Bozqırın geyimi pencək və şalvardan ibarət idi. Çünki bu paltar atlıya daha münasib idi. Avropalıların köynəkləri isə uzun idi.  
***
 Əski türklər şəhərə balık deyirdilər, bu gün işlədilən palçıq sözü eyni kökdəndir. Türk xaqanlarının iki sarayı var idi; biri yaylaq, digəri qışlaq. Qışlaq sarayları şəhərdə bina edilirdi. Mete xanın yaylaq sarayı bugünkü Monqolustanda Otugen çayı kənarında, Orxon ətrafında yerləşirdi. İkinci Göktürk xaqanlığının qurucusu Eltəriş xaqanın yaylaq sarayı Çoğayda və qışlaq sarayı Qaraqumda, həmçinin Qərbi Göktürk hökuməti başçısı İstəmi xanın yazlıq sarayı İkdağda və qışlıq sarayı İssık-kulda idi. Uyğur xaqanı Moyin Çurun (747-759) qurduğu Ordu və Balık şəhərlərinin xarabalıqları hələ də mövcuddur. Şəhərlər əsasən çiy kərpicdən tikilib, ilin müəyyən aylarında oturulurdu.
 Çindən Avropaya qədər çəkilmiş İpək yolu min il Çin-Türk keşməkeşlərinə və savaşlarına səbəb olmuşdur. Bunların hər biri bu yolları əllərində saxlamaq istəmişlər, nəhayət 751-ci ildə Talas (Təraz) hərbində müsəlmanlar qarluqların köməyi ilə çinliləri məğlub edib, bu yolları öz nəzarəti altına almışlar. Bu hadisədən sonra uyğur, qarluq və oğuz şəhərləri daha da abadlaşmışdır.
 İpək yolundan başqa ona bərabər olan bir kürk yolu da var idi. Bu yol Xəzər, Bulqar torpaqlarından, Ural və Sibirin cənubundan və Altay-Sayan dağlarından keçərək Çinə yetişirdi. Bu yoldan kürk hazırlamaq üçün səncab, tülkü, samur və sair heyvanların dərisi daşınır, tacirləri isə oğurlar və bulqar türkləri idi.
***
 İndi isə türk ellərinin dastanları (şifahi ədəbiyyat), yazı, sənət, musiqi, zaman hesabı, düşüncə, əxlaq və yazılı ədəbiyyatından qısa şəkildə bəhs edəcəyik.
 Türklərdə qurd üstün, qüdrətli bir rəhbər kimi əfsanələrə girmişdir. Göktürklərin inandıqlarına görə, xaqan ailəsi Aşina sülaləsinin böyuk cəddi bir dişi qurd imiş. Göktürk xaqanlarının otağı qarşısında taxılan tuğun ucundakı qızıl qurd başı xaqanlıq əlaməti sayılırdı. 
 Asiya hunları, Qərbi Türküstan vosunları və tabqaçlarda da qurd əfsanəsi vardı.
 Əski türkcədə qurda “böri” də deyilirdi ki, Çin mənbələrində bu “foli” şəklində yazılmış, göktürklərin mühafizə alayının əsgərlərinə də foli deyilmişdir.
 Oğuz və digər türk dastanlarında da qurd rəhbər rolunda olub, səadət və zəfər rəmzidir.
***
 Türk ellərinin ədəbiyyatı Orta Asiyada dastan ədəbiyyatı ilə başlamışdır.
 Dastanlar xalq şairləri, saz şairləri tərəfindən sazın müşayəti ilə söylənilir, xalq gözüylə görülən, xalq ruhu ilə duyulan, xalq xəyalında nağıl şəkli alan tarixlərdir. Musiqi aləti ilə çaldıqları ahənglərə kuğ (küy) və ya kök deyirdilər. Mühüm gördükləri hər hadisə və vaqeəni öz təxəyyülləri ilə bəzəyərək, bir-birlərinə anladır və zamanla dastan yaranırdı. 
 Dastanın müəllifi bir fərd deyil, bir el və ya millətdir. Dastanlar və digər şifahi xalq ədəbiyyatı nümunələri xalq həyatının bir aynası, əski kültür və folklorumuzun xəzinəsidir. 
 Müxtəlif saz alətləri arasında qopuzun xüsusi yeri vardır. Türküstanda Turfan arxeoloji qazıntılarında aşkar edilən uyğur miniatürləri uyğur türkləri arasında orkestr təşkilatı olduğunu meydana çıxartmışdır. Bu orkestrdə müxtəlif saz alətləri, o cümlədən qopuz və cəngə bənzəyən, ağızla çalınan sazlar da görünməkdədir. 
***
 “Bildiyimiz kimi, islam və ərəblər İrana gələndən sonra İranda pəhləvi dili və ədəbiyyatı tərk edilmiş, yerinə ərəb dili hakim olmuşdur. Bu hadisənin ardından Türk elləri İrana gəlib və min il hökuməti ələ almışlar. Bütün bunlarla yanaşı, İran yenə də öz istiqlal və hakimiyyətini əldə edib, fars dil və ədəbiyyatını inkişaf etdirib başqalarına, hətta hakim türklərə də yaymağa müvəffəq olmuşdur. Bu böyük hadisədə Firdovsinin əski qəhrəmanlıq dastanlarını şeir dili ilə bəyan edən “Şahnamə”si böyük rol oynamışdır» (Doktor Cavad Heyət, Türklərin tarix və mədəniyyətinə bir baxış).
 Zaman keçdikcə dastanlarla zəngin olan millətlərin aydınları arasında böyük dastan şairləri yetişdi və onlar millətlərinin əfsanəvi-tarixi ruhda milli dastanlarını yazdılar. Bu işi Yunanıstanda Homer, İranda Firdovsi görmüşdür. Mərhum Azərbaycan şairi Səhənd də “ Kitabi Dədə Qorqud” dastanlarını günümüzün dili və sayağı ilə qoşmacalar halında tərənnüm etmiş və “Sazımın sözü” adı ilə iki cilddə nəşr etdirmişdir. 
***
 YARADILIŞ DASTANI. Tanrı “Tüpür!” deməsəydi, kişi boğulacaqdı. Tüpürülən torpaq yerin üstündə təpələr və bataqlıqlar yaratdı. Torpaq böyüdü və dünya oldu.
 Yaradılmış ilk insanlar gözəl və yaxşı idilər. Şeytan onları öz tərəftinə çəkmək istədi. Tanrı şeytana uyan insanların ağılsızlığına qəzəblənib, şeytanı torpaq altındakı qaranlıqlar dünyasının üçüncü təbəqəsinə saldı, özü üçün isə göyün on yeddinci təbəqəsində bir nur aləmi yaradıb oraya çəkildi. Sonra şeytanı dünyanın ən alt təbəqəsinə saldı və dünyanın sonuna qədər orada qalmasını əmr etdi.
 Qədim türk inancına görə, Tanrı Kayra xan indi göyün on yeddinci təbəqəsindən kainatı idarə edir. Göyün yeddinci təbəqəsində Gün Ana və altıncı təbəqəsində Ay Ata otururlar. Bu dastan və ya nağılı 19-cu əsrdə V.Radlov şaman Altay türkləri arasından toplamışdır.  
 ƏFRASİYAB DASTANI. Əfrasiyab qədim türk xaqanı və qəhrəmanıdır. Bu qəhrəmanın türk adı Alp Ər Tunqadır (Alp- qəhrəman). Alp Ər Tunqa e.ə. 7-ci əsrdə Saqa türklərinin (Turan) böyük xaqanı olmuşdur. O, İran-Turan savaşlarında iştirak edərək, iranlıları dəfələrlə məğlubiyyətə uğratmış, sonda Key Xosrova (Midiya şahı Kiya Kəsra) məğlub olaraq öldürülmüşdür. 11-ci əsrdə yaşamış Mahmud Kaşğarinin yazdığı “Divani lüğət ət-türk” kitabında (Türk dil və ləhcələrinin lüğət və qrammatikası) dəfələrlə Alp Ər Tunqadan bəhs edilir və onun ölümündə söylənilmiş sağu (mərsiyə) verilir:

Alp Ər Tunqa öldümu,
Fələk öcün aldımu
Fani dünya qaldımu?
Şimdi ürək yırtılur.

Zaman fürsət gözətdi
Oğru tuzak uzatdı
Bəylər bəyin azıtdı
Qaçsa canı qurtulur.

 Bu şeir qədim türk poeziyasının bariz nümunəsidir. Mahmud Kaşğarinin müasiri Yusif Balasaqunlu (Yusif Xas Hacib) tərəfindən yazılan “Qutadğu bilik” (Elmi siyasət) kitabında da Əfrasiyab haqqında misralar vardır:
Bu türk bəklərində ati belgülük
Tunqa Alp ər irdı kuti belgülük
Bedük bilgi birlə öküş ərdəmi
Biliklik okuşluk budun kördəmi
Taciklər ayır onu Əfrasiyab
Bu Əfrasiyab tutdu ellər talab.

 Alp Ər Tunqa barəsində “Şahnamə”də müfəssəl rəvayət vardır. Təbiidir ki, Firdovsinin nəzmə çəkmiş olduğu rəvayətlər ancaq qarşı tərəfin görüşünü əks etdirmişdir.
 OĞUZ XAN DASTANI. Bu dastanın bir islamdan qabaq, bir də islamdan sonrakı şəkli vardır. 13-cü əsrdə uyğur yazısı və dili ilə yazıya keçən dastanın qəhrəmanı Oğuz xan türklərin cəddidir və böyük hun xaqanı Mete xan olması ehtimal edilir. Bu dastanın tək əlyazma nüsxəsi Paris Milli kitabxanasındadır və onun İstanbul türkcəsində mətni 1936-cı ildə Banqi ilə Rəşid Rəhməti Arat tərəfindən Türkiyədə nəşr edilmişdir. Dastanın islami şəkli 13-cü əsrdən sonra “İcad”, “Came ət-təvarix” və Əbu-l-Qazi Bahadur xanın “Şəcəreyi Türk”ündə nəql edilir.

VIII hissə: Ergenekon yurdun adı, Börteçənə qurdun adı

 Oğuz xan dastanının qədim şəklinin xülasəsi belədir:
 Günlərin bir günündə Ay Gağanın (Oğuz xanın anası) gözü parladı. Bir oğlu oldu, bu oğlanın üzü göy rəngli, ağzı od qırmızı, gözləri ala, saçları və qaşları qara idi. Gözəl pərilərdən daha gözəl idi. Adı Oğuz olan bu oğlan 40 günlüyündə böyüdü və yeridi, ata mindi və qəhrəman oldu. O zaman qorxulu bir canavar ormanda hamını təhdid edib, onların heyvanlarını yırtıb yeyirdi. Oğuz xan cəngələ gedib o canavarı öldürdü və xalqı onun şərindən qurtardı. Sonra bir gecə tanrıya yalvarırkən, göydən bir işıq düşüb, işığın ortasında bir qız gördü. O qız elə gözəl imiş ki, gülsə Göktanrı da gülər, ağlasa Göktanrı da ağlayarmış.
 Oğuz xan qızı görcək, valeh oldu və onu aldı. Bu qızdan üç oğlu oldu: birinə Gün, ikincisinə Ay və üçüncüsünə Yultuz (Ulduz) adı qoydular.
 Yenə Oğuz xan bir gün ova getmişdi, bir ağacın oyuğunda fövqəladə gözəl bir qız görür, ona aşiq olub alır. Ondan üç oğlu olur, onların adını Göy, Tağ (Dağ) və Tənqiz (Dəniz) qoyur. Bu oğlanlardan 24 oğuz qəbiləsi əmələ gəlmişdir.
 Ondan sonra Oğuz xan ova gedir və böyük qonaqlıq (toy) verir. Orada bəylərə və iştirak edənlərə belə deyir:

Bən sinlərgə boldum kaqan,
Alanıngi ya ta ki kalkan.
Tamka bizge bolsun boyan,
Gök bori bolsun qıl oran.

Təmur cidalar bol orman,
Av yirdə yürüsün molan.
Taki taluy taki mürən,
Kün tuğ bol qıl gök koriqan.

 Bugünkü türkcəmizdə:

Mən sizlərə oldum xaqan,
Yay və qalxan alaq.
Tale bizə nişan olsun,
Boz qurd savaş səsi olsun.

Dəmir nizələrlə orman bol olsun
Ovlaqda vəhşi eşşək və at yerisin.
Həm dəniz və həm çay,
Günəş bayrağımız 
və göy çadırımız olsun.

 Sonra dörd tərəfə elçi göndərir və deyir: hər kəs ona itaət etsə, onu dost biləcək, itaət etməsə, onu düşmən biləcək və hücum edib aradan aparacaqdır.
 Sol tərəfdə Orum adında bir xaqan var idi. O, Oğuz xana itaət etmədi. Oğuz xan ordusu ilə ona tərəf yürüş etdi və 40 gündən sonra Boz dağın ətəyinə yetişdi. Orada çadır qurub yatdı. Ertəsi gün səhər çağı bir işıq onun çadırına düşdü. O işığın içindən erkək bir qurd çıxdı və Oğuz xana belə bedi: Ey Oğuz, sən Orduma hücum fikrindəsən, mən sənin xidmətində olacağam. Sonra qurd Oğuz xanın ordusunun qabağına düşüb, onlara rəhbəlik etdi. Qurd İtilmurun dəryasının kənarında durdu, Oğuz xan orada Orum xaqanın ordusu ilə savaşdı və onu məğlub etdi. Sonra Oğuz xan ordusu ilə İtil (Volqa) çayının kənarına gəldi və düşündü ki, necə bu çayı keçsin. Orduda Uluğ Ordu adında ağıllı bir kişi vardı. Ağacları kəsib, bir-birinə bağladı və onların üstünə yatıb çaydan keçdi. Oğuz xan çox sevindi, onu Qıpçaq adlandırdı və oranın hakimi təyin etdi.
 Sonra Oğuz xan və ordusu qurdun rəhbərliyi ilə yollarına davam etdlər. Oğuz xanın çox sevdiyi atı qaçdı və Boz dağına çıxdı. Kimsə o qarlı dağın üstünə çıxa bilməzdi. Ordu qəhrəmanlarından biri həmin dağa getdi və doqquz gündən sonra atı gətirdi. O qəhrəmanın üstü-başı qarla örtülmüşdü. Oğuz xan onu görəndə, onu bəy elədi və Qarluq adını verdi.
 Sonra yol üstə bir evə rastlaşdı, evin divarları qızıldan, pəncərələri gümüşdən və damı dəmirdən idi. Ordu arasında sənətkar bir adam vardı. Oğuz xan ona “Qal aç” dedi. Ondan sonra onun nəslinə qalac və ya xalac deyildi.
 Sonra yol üstündə qurd dayandı. Oğuz xan dedi, orada çadır qurdular, oranın xaqanı Çurçit Oğuz xaqana tabe olmadı, savaş başladı, Çurçit öldü və çoxlu qənimət Oğuz xanın ordusunun əlinə düşdü. Ordudan birisi araba qayırdı, o birilər də ona baxıb araba qayırdılar, qənimətləri arabalara çatıb apardılar. Qənimətləri aparanda bağırırdılar: Qanqa, Qanqa (araba). Oğuz xan onları görəndə, onlara qanqaluq dedi (Qanqalı eli). 
 Oğuz xanın yaxınlarından Uluq Turuk adında bir ağ saqqallı var idi. Bir gecə yuxuda gördü ki, şərqdən qərbə bir qızıl yay çəkildi və üç ox şimala tərəf hərəkət etdi. Uluq Turuk Oğuz xanın yanına gəlib, yuxusunu anlatdı və dedi ki, Tanrı şərqdən qərbə qədər dünyanı sənin əmrinə verəcəkdir. Oğuz xanın bu təbirdən çox xoşu gəldi və buyruq verdi, ertəsi gün oğlanları gəldilər. Onlara dedi ki, könlüm ov istəyir, amma mən qocaldım. Gün, Ay, Yultuz, sizlər şərq tərəfinə gedin. Göy, Tağ, Tənqiz, siz də qərb tərəfinə gedin.      
 Üç böyük qardaş şərqə və üç kiçik qardaş da qərbə tərəf getdilər, çoxlu ov vurub atalarına gətirdilər.
 Böyük qardaş yolda yay tapdı və atasına gətirdi. Oğuz xan sevindi, yayı üçə böldü və onlara verib dedi: Ey böyük oğullarım, yay sizindir, siz də yay kimi, oxları yayla atın.
 Kiçik qardaşlar da yolda üç gümüş ox tapdılar və atalarına gətirdilər. Oğuz xan sevinib, onlara dedi ki: Ey kiçik oğlanlarım, oxlar sizin olsun. Yay oxları atdı. Siz oxlar kimi olun (Türk ənənəsinə görə, yay hakimiyyət və ox qabiliyyət əlamətidir). Ondan sonra Oğuz xan onlarla məşvərət etdi. Sonra boz oxlar sağda və üç oxlar da solda oturub 40 gecə-gündüz yedilər, içdilər və şənlik etdilər. Sonra Oğuz xan ölkəsini oğulları arasında böldü və belə buyurdu:

Ay oğullar köp mən aşdum
Çida birlə köp ok atdım
Düşmənlərin ığlaturdum
Kök tənqriqə mən ötədim.

Uruşuqlar köp mən gördüm
Ayqır birlə köp yürüdüm
Dostlarumnu mən kültürdüm
Sənlərqə birə mən yurtum.

 Bugünkü türkcəmizdə:

Ay oğullar, çox mən yaşadım,
Nizə ilə çox ox atdım. 
Düşmənlərimi ağlatdım,
Gök Tanrıya mən ödədim (əda etdim).

Vuruşmalar çox mən gördüm,
At ilə çox yürüdüm.
Dostlarımı mən güldürdüm,
Sizlərə verirəm mən yurdumu.

 BOZ QURD DASTANI. Boz qurd yox olmaq təhlükəsinə düşən türkləri dirildib çoxalmasına səbəb olub. Dastanın iki rəvayəti vardır.
 Birinci rəvayət:
 Hunlarla bir soydan olan göktürklər hun yurdunun şimalındakı Su ölkəsindən çıxdılar. Baş buğlarının (sərkərdə) adı Kapan Pu idi və 16 qardaşı var idi. Bunlardan birini anası bir qurd idi. Bu gənc yellərə və yağışlara hökm edərdi.
 Göktürklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar, bu fəlakətdən yalnız bir gənc qurtuldu. Bu gəncin iki arvadı vardı, biri yaz tanrısının, digəri isə qış tanrısının qızı idi. Bunların hər birindən iki oğlu olmuşdu. Xalq bu oğlanların ən böyüyü Notulu şeni xaqan seçdi. Bu da Türk adını aldı. 
 Türkün on arvadı var idi. Bu qadınladan olan uşaqlar hamısı analarının adını almışdılar. Bunlardan anasının adı Asena (Dişi qurd) olanı türklərə xaqan seçildi. Adı Asina idi.
 İkinci rəvayət:
 Türklərin ilk atası Qərb dənizinin (Xəzər) qərb sahillərində yaşayırdı. Bunun xalqı hunların bir bölümü idi və Asina adlanırdı. Aşine və ya Aşina boyu qonşu millətlərdən biri tərəfindən basqınla məhv edildi. Bunlardan ancaq bir oğlan sağ qaldı. Düşmənlərin rəhmi gəldi, onu öldürmədilər. Onun əllərini, ayaqlarını kəsdilər və bir qamışlığa buraxdılar. Düşmən gedəndən sonra bir dişi qurd gəldi, bu uşağa qulluq edib onu böyütdü, sonra onunla evləndi və hamilə oldu. Qurd düşmənlərinin qorxusundan oğlunu götürüb dənizin şərq sahilinə apardı və Altay dağlarının ortasına gətirdi. Hər tərəfi dağlarla əhatəli bir mağarada on uşaq doğdu. On oğlan böyüyb evləndilər. Hər birindən bir boy törədi, bunlardan biri Aşina boyu idi.
 Aşina qardaşlarının ən ağıllısı olduğu üçün Türklərə xan seçildi, soyunu bəlli etmək üçün isə çadırlarının qapısı qabağına üstündə bir qurd başı olan bayraq taxdı. Bir çox illərdən sonra Aşina tayıfasına Asinçe adında biri xan oldu, elini dağlıq yerdən çıxartdı. 
 ERGENEKON DASTANI. “Ergenekon” dastanı “Boz qurd” dastanının daha zəngin bir şəklidir. Bu dastanın xülasəsi belədir:
 Türk ellərində göktürklər qədər qüvvətlisi yox idi. Bütün ellər birləşib onlara hücum etdilər, lakin məğlub oldular. İkinci savaşda hiylə işlədib, türklərin qabağından qaçdılar. Türklər də onları təqib edib öz yurdlarından çıxardılar. Düşmənlər birdən geri qayıdıb, türklərlə vuruşdular və qalib gəldilər. Göktürkləri qırdılar, uşaqlarını qul edib, özlərilə apardılar. Göktürk xaqanının Kayan adında kiçik oğlu və Tuzuk adında qardaşı oğlu düşmənlərin əlindən qaçıb, öz yerlərinə gəldilər. Fəqət düşmənin qorxusundan bir neçə mal-davar alıb elə bir dağa tərəf getdilər ki, yoldan yalnız bir dəvə güclə keçə bilirdi. Bir yerə yetişdilər ki, orada axar sular, çeşmələr, müxtəlif otlar, meyvə ağacları və ovlar var idi. Orada qalıb tanrıya şükr etdilər. O yerə Ergenekon (Ergene- dağ kəməri deməkdir) dedilər. 400 il sonra insanları və heyvanları o qədər çoxaldı ki, o yerə sığmaz oldular. Bu zaman oradan çıxmaq üçün düşünüb daşındılar. Dedilər k, atalarımızdan eşitdik, Ergenekonun xaricində geniş yerlər, gözəl yurdlar varmış, bizim yurdumuz əskidən o yerlər imiş. Dağların arasından bir yol tapıb buradan köçək, oralara gedək. Aralarında olan bir dəmirçi dedi: -Burada bir dəmir mədəni var, bunu əritsək çıxmağa bir yol açılar. Oranı od qoyub əritdilər və bir yol açdılar. O günü yadlarında saxlayıb, oradan çıxdıldar. O vaxtdan göktürklərdə həmin günü bayram etmək adət olmuşdur. Ergenekondan çıxanda göktürklərin padşahı Kayan soyundan olan Börteçənə idi. 
 Dastanda adın keçən Kayan əslində Kayı xanlı qəbiləsi, Tukuz da Doqquz Oğuz boyudur. Börteçənə də Boz qurdun monqolcasıdır.
 Dastanda göktürk yerinə monqol kəlməsi işlənmişdir. Çünki bu dastan Qazan xan zamanında Rəşidəddin tərəfindən «Came ət-təvarix»də yazıya alınmış və kitabın da əsli farscadır. Sonradan ərəbcəyə tərcümə edilmişdir. Bu dastanın göktürklərin tarixi ilə yaxın əlaqəsi vardır. Həqiqətdə hun birliyi dağılandan sonra göktürklər Altay dağları ətrafına çəkilmişlər və orada cuan-cuanlara tabe olaraq, uzun müddət dəmirçiliklə məşğul olmuşlar.
 SATUQ BUĞRA DASTANI. Satuq Buğra xan Türküstanda (Kaşğar-Balasağun) 10-cu əsrin əvvəllərində ilk müsəlman türk hökuməti quran qaraxanlı hökmdarıdır. Bu dastan nəsrlə, bəlkə də hökmdarın istəyi ilə yazılmışdır və daha çox hökmdarın fəaliyyətini şərh edir. Dastan 10-cu əsrdə söylənmiş, 135 səhifədən ibarətdir.
 MANAS DASTANI. İslamdan sonra söylənilən ilk böyük dastandır və qırğız türklərinin qəhrəmanlıqları barəsində 11-12-ci əsrlərdə söylənmişdir. 
 Manas dastanı əsrlərlə inkişaf etmiş və bütün Orta Asiya türklərinin ortaq dastanı halına gəlmişdir. Başlanğıcda on min misradan ibarət olan dastan, bu gün iki yüz min misraya çatmışdır. İlk dəfə Çokan Vəlixanov tərəfindən, sonra isə professor Radlov tərəfindən qırğızlar arasından toplanıb, almanca tərcüməsi ilə nəşr edilmişdir.
 Manas dastanı müsəlman türklərlə qeyri-müsəlman türklər arasında aparılan savaşlardan yaranmışdır. Bu dastanın qəhrəmanı Ər Manas çinliləri və saratları məğlub etmişdir. Manasın paltarı zirehlidir və ona ox kar eləmir. Dastanın ən gözəl yerləri savaş təsvirləri, qəhrəmanlıqların və silahların tərifi, yurd, qadın və at haqqındakı duyğulu tərənnümlərdir. Manas dastanında qəhrəman Ər Manasın hələ beşikdə ikən dil açıb atasına müsəlman olmasını və kafirləri məğlub edəcəyini söyləməsi Oğuz dastanının islami şəklini xatırladır.
 Manas dastanı şeir şəklində, ümumiyyətlə 7 hecalı vəznlə söylənmiş yarımqafiyəli və çox dəfə misra başında alliterasiyalarla (səssiz hərflərin və ya hecaların təkrarı) əski milli nəzm ruhundadır.

IX hissə: Ev, ox, yay, süngü və çadır əlifbası

 “KİTABİ DƏDƏ QORQUD” DASTANI. “Dədə Qorqud” kitabı dünya ölçüsündə olan klassik bir əsərdir. Türk oğuz-Azərbaycan ədəbiyyatının şah əsəridir. Bu əsər on iki dastan və bir müqəddimədən ibarətdir.
 “Kitabi Dədə Qorqud” qəhrəmanlıq dastanıdır, türk ellərinin cəsarət, igidlik və savaşdakı qəhrəmanlıqlarını bəyan edir. Bundan başqa köçəri həyat sürən oğuz ellərinin adət, yaşam və düşüncələri dastanda əsas yer tutmaqdadır. Burada vətənpərvərlik, qonaqsevərlik, ana və övlad məhəbbəti, qadınlara hörmət, mübarizlik, düşmənlərə nifrət, mərdlik, qəhrəmanlıq və bu kimi gözəl xüsusiyyətlər öz əksini tapmışdır.
 Bu dastanlar nəzm və nəsr qisimlərinə ayrılır. Şeir hissəsi iki min beytə qədərdir və kitabın otuz beş faizini təşkil edir. Şeirləri ozanlar (aşıqlar) qopuz (saz) çalıb, müəyyən hava ilə oxuyurmuşlar. Bu sahələr üzvi surətdə bir-birinə bağlıdır, biri digərini tamamlayır.  
 “Kitabi Dədə Qorqud” dastanı 15-ci əsrdə yazıya alınmış, lakin 6-7-ci əsrlərin yadigarı olub, sonradan islami rəng almış (Bartold, Cefri, Levis, Əli Bəyzadə və başqalarının fikrincə) və Azərbaycan ərazisində baş verən hadisələrlə inkişaf edərək son şəklinə varmışdır.
 “Kitabi Dədə Qorqud” dastanlarında işlədilən dil Azərbaycan və Şərqi Anadolu dilinə digər türk dil və ləhcələrindən daha yaxındır, 13-14-cü əsrlərdə bu məntəqədə yaşayan oğuzların danışıq dili ilə eynidir.
 Dədə Qorqud dastanı sonrakı xalq dastanlarımıza da mühüm təsir buraxmışdır. Buna yaxşı misal “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Qaçaq Nəbi” dastanlarıdır. Bu kimi dastanlarımız 16-cı əsrdən sonra yaranmışdır.
 Konspiroloq alim Həmid Herisçi “Koroğlu” eposunun tapılması barədə “Gecə kanalı” kitabında belə yazır: “1721-ci ilin payızı Həştərxanda əvvəlkilərindən daha soyuq idi deyə camaat girişib öz isti komalarına- şəhərin küçələrində ins-cins gözə dəymir… Xəzan yelinin tökdüyü yarpaqlar öz gözəlliklərini vəsf edəcək bircə şair belə tapmayıb nakamcasına künc-bucaqlarda qalıb çürüyür. Təbrizdən Həştərxana təşrif gətirmiş erməni taciri İlyas Muşeqyan bu yarpaqlara baxıb öz acı taleyini onlara tay bilir, sandıqçasında gizlətdiyi dəftərçəsini açıb, vaxtilə Təbriz aşıqlarının dilindən qələmə aldığı “Koroğlu” qoşmalarını oxumağa girişir. Allah mərdimazara lənət eləsin! Kim deyərdi ki, onun kitaba olan məhəbbəti Həştərxan kimi əclaf yerdə şübhəli görünəcək- onu İran cəsusu adlandırıb zindana atacaqlar. Dəftərçəsini isə götürüb Moskvaya, Xarici İşlər Nazirliyinin dəftərxanasına göndərəcəklər ki, orda baxıb görsünlər, hansı dövlət sirləri erməni hərifləri ilə ora qeyd olunub. Bax belə, mənim əzizlərim! Həştərxan işverənləri yazıq İlyas Muşeqyanı absurdcasına özləri də bilmədən “İran cəsusu” adlandırıb onun çantasındakıları müsadirə etməsəydilər, “Koroğlu” dastanının ilkin qoşmaları gəlib bizlərə çatmazdı! Absurdizm gördüyümüz kimi, həmişə ədəbiyyatımıza qulluq edib, daim söz sənətimizi zənginləşdirib…” 
***
 Dastan dövrü ədəbiyyatında şeir sazla söylənirdi. Hələ yazı olmayan bu dövrdə sazla söylənən şeir və dastanlar illərin şifahi ədəbiyyatını meydana gətirmişdir.
 Türk ellərində şeir qoşmaq adəti çox qədimdir. Türklər şeirə qoşuq, ya qoşqu deyirdilər. İlk şairlər şaman və ya din adamları olmuş, əllərində sazları ilə rəqs edərək, şeir söyləmişlər. Bu saza “qopuz”, onu çalaraq şeir oxuyanlara “ozan”, “baksı”, “şaman” və s. deyirdilər. 
 Ozanlar dini mərasimlərdə, hər il təkrar olunan ov mərasimlərində (sığır), habelə matəm (yuğ) məclislərində, savaşlarda, toylarda (dini olmayan qonaqlıqlarda) qoşduqları şeirləri oxuyur, sazları ilə şeirlərin təsirini qüvvətləndirərək, xalqı ekstaza gətirirdilər.
***
 Əski türk şeiri barəsində ən qədim nümunə və məlumat Çin qaynaqlarında mövcuddur. Bu şeirin tərcüməsi bizə məlumdur və e.ə. 119-cu ildə Hun şairi tərəfindən söylənmişdir. Şeir dördlük şəklindədir və hunların savaşda məğlub edildiklərinə, torpaqlarının bir parçsını əldən verdiklərinə ağlayaraq yazılmışdır. Bugünkü türkcəmizlə həmin şeir belədir:

Yençişan dağlarını itirdik,
Qadınlarımızın gözəlliyini aldılar.
Sılanşan yaylasını itirdik,
Heyvanlar bəslənəcək yeri də aldılar.

 İkinci türk şeiri və ya ilk türkcə şeir Orxon yazılı abidələrində verilmiş Yulluq Təkin tərəfindən qoşularaq, 8-ci əsrə aiddir:

Bunca bitik bitikmə mən Kültigin atısı
Yolluq Tigin bitidim Yigirmi kün olurup
Bu taşka bu tamğa kop Yolluq Tigin bitidim.
 Bugünkü türkcəmizdə:

Bu qədər yazılar yazan mən Gültəkinin atabəyi
(və ya yegəni- qardaşı, ya bacı oğlu)
Mən Yulluq Təkin yazdım.
Bu daşa damğa qoyub,
İyirmi gün oturub,
Mən Yulluq Təkin yazdım. 

 Bu şeirlər “Divani lüğət ət-türk”də verilən yeddihecalı şeir forması ilə eynidir. Üçüncü misranın nəqarət şəklində təkrarlanması da aşıq şeirinə uyğun gəlir.
***
 İndi isə qədim türklərin yazılı abidələri haqqında danışaq.
 YENİSEY YAZILARI. Bu yazılar məzar daşları üzərində qazılmışdır və 5-ci əsrə aid olduğu ehtimal edilir.
 Yenisey yazıları o əsrlərdə Yenisey çayı ətrafında yaşayan qırğız və oğuz türklərinə aiddir. Bu yazıların hərfləri 159-dur və daha çox təsviri xarakter daşıyır
 Barlıq (Varlıq) çayı kənarında tapılan və oğuz xanına aid olan yazılı daşda belə deyilir:
-Ər ərdəmi atım tapdım ərdəmi
-Öz Yigən Alp Turan altı oğuz budunda üç yigirmi (yaşımka) adırıldım.
-Bəg ərkimə sizimə adırıldım.
  Bu günkü türkcəmizdə:
-Ər ərdəmi adımı tapdım ərdəmi (fəzilətli igid).
-Öz Yegin Alp Turan altı oğuz elindən 13 yaşında ayrıldım.
-Böyük iqtidarımdan, sizdən ayrıldım.
 Bu yazı 13 yaşında ölən Öz Yegin Alp Turan adında oğuz elinin xanzadə və ya bəyzadəsinin məzar daşında həkk edilmişdir.
 ORXON YAZILARI. Orxon yazıları Göktürk xaqan, şahzadə, vəzir və böyüklərinin məzar daşlarına qazılmış və 7-8-ci əsrlərə aiddir. Bu tiklmiş yazılı daşlara göktürklər benkutaş (əbədi daş) deyirdilər və Orxon çayı yaxınlığıda olduqları üçün onlara Orxon yazıları, Orxon abidələri deyilməkdədir. Bu kitabələr çinlilərə qarşı istiqlal savaşı edən, türk birliyini yenidən qorumaq üçün içəridə və xaricdə savaşan görktürklərin dörd xaqanına vəzirlik etmiş Bilge Tonyukuka aid olub, özü tərəfindən 720-ci ildə, ölümündən altı il qabaq yazıya alınmışdır. Kitabədəki xatirələrin yazıçısı da özüdür.
 Digər iki kitab birincidən daha gözəl bir dil ilə, daha zəngn bilgi ilə Yulluq Tekin tərəfindən yazılmış və Gül Tekin ilə Bilge xaqanın məzarlarına qoyulmuşdur.
 Gül Tekin abidəsi 732-ci ildə, Bilge xaqanınkı isə 735-ci ildə, yəni sahiblərinin ölümündən bir il sonra tikilmişdir.
 Orxon daşları türkcə və Göktürk əlifbası ilə yazılmışdır. Daşların bir tərəfində isə Çin və türk dillərində Çin dostluğundan bəhs edilir.
 Bu daşlardan başqa Öngın yazılı daşı Öngın çayı kənarında 692-ci ildə xaqan Kapağan tərəfindən böyük qardaşı Kutluq xaqanın məzarında tikilmişdir. Bir çox qaynaqlara görə isə Öngın abidəsi tərxan İşbaraya aid olub, 720-ci ildə tikilmişdir.
 Orxon yazıları 19-cu əsrin sonlarında rus alimləri tərəfindən tapılmış və 1893-cü ildə Danimarka alimi Tomsen tərəfindən oxunmuşdur.
 Orxon və Göktürk əlifbası 38 hərfdən ibarət olub, dördü səsli, qalanı isə səssizdir. Orxon dilində 8 səsli fonem vardır. Hər səsli hərf incə və qalın olmaq üzrə, iki səsli fonemi göstərir. Bu əlifbaların mənşəyi haqqında tədqiqatçıların fikri müxtəlifdir. Bir çox müəlliflər bu əlifbanı türk mənşəli hesab etmişlər. Onların fikrinə görə, bu əlifba türk damğalarına (möhür) görə yaradılmışdır. Sonra bəzi hərflərin əşyalara bənzərliyi də (ev, ox, yay, süngü, çadır) bu hərflərin türk əsilli olduğunu isbat edir. 
 Qədim türkcədə bizke- bizə, oğlina- oğluna, yağıq- düşmən, qancıq- həyat yoldaşı, yolta- yolda, okun- oxla demək idi.
 GÜL TEKİN ABİDƏSİ. B abidə qardaşı Bilge xaqan tərəfindən Gül Tekinin məzarı üzərində tikilmişdir. Yazı Yolluq Tekin tərəfindən yazılmış, lakin xitabə Bilge xaqanındır:
-Tenqri tək tenqri də bolmuş türk Bilge xaqan bu ötgə olurtum sabımın tükəti esitgil ulayu ini yegünün oğlanım biriki oğuşum, budunum, biriyə Şadapit begler, yiriya tarkat buyruq begler, otuz tatar…
-Tokuz oğuz begler buduni bu sabımın edgüti esid katiğdi tinqla: İlgerü kün toğsika, birigeru gün örtusinqaru kuriqaru kün batsikinqa, yiriqaru tün örtusinqaru anda içrəki budun köp mana görür, bunca budun.
-Köp itdim. Ol amti anyıq yok. Türk kaqan ötükən yış olursa iltə bunq yök…
 Bugünkü türkcəmizdə:
-Tanrı kimi göydə olmuş Bilge xaqan bu zamanda taxta oturdum. Sözümü sonacan eşit, xüsusən qardaş oğlu, oğlum, bütün qohumum, millətim, güneydəki şadlar, bəylər, quzeydəki tərxanlar buyruq bəyləri, otuz tatar…
-Doqquz oğuz bəyləri, millətim! Bu sözümü yaxşı eşit, diqqətlə qulaq as. Şərqdə gündoğana, güneydə günortasına, qərbdə günbatana, quzeydə gecə ortasına qədər, onun içindəki millət hamısı mənə tabedir. Bu qədər millət. 
-Hamısını nizama saldım, o indi pis deyildir. Türk xaqanı Otugen cəngəldə otursa, eldə sıxıntı və qəm yoxdur…
 Sonra belə deyir: “Şərqdə şən türk ovasına qədər qoşun çəkdim. Az qaldı dəryaya yetişim. Qərbdə İnci nəhrini (Ceyhun) keçdim, Dəmir qapıya qədər qoşun çəkdim. Quzeydə Yırba Yırku yerinə qədər qoşun çəkdim, bu yerlərdən yeritdim. Otugen cəngəlindən daha yaxşısı yoxmuş. El (millət) tutan yer Otugen cəngəli imiş. Bu yedə oturub Çin milləti ilə saziş elədim. Qızılı, gümüşü, ipəyi, ipəkliyi sıxıntısız elə verir. Çin millətinin sözü şirin, ipək qumaşı yumşaq imiş. Şirin sözlər, yumşaq ipək qumaşla uzaq milləti tovlayıb, eləcə yaxınlaşdırmış. Yaxınlaşdırıb qonduqdan sonra, pis işləri o zaman düşünər, fikir edərmiş”.
 Bu başlanğıcdan sonra Bilge xaqan türk millətinə xitab edərək deyir ki, Otugen ormanlarından uzaqlaşmasan və uzaq yerlərə getməsən sənə zaval yoxdur, ey türk, mənim sözümü eşit, sən xaqanın sözünü eşitmədin və hər yerə getdin, orada zəlil və pərişan oldun.
 Sonra öz əcdadı Bumın xaqan və İstəmi xaqandan bəhs edir, onların savaşlarından, qəhrəmanlıqlarından, türk millətinə etdikləri xidmətlərindən danışır. Sonra atası İltəriş xaqandan sözbət açır ki, anası İl Bilge xatun ilə birlikdə türk millətini birləşdirdi; “Çin, baz, doqquz oğuz, qırğız, koriqan və xitay kimi düşmənlərlə iyirmi dəfə savaşdı, xalqı əsarətdən qurtardı, bizim qanun və dəbimizi bərqərar etdi. Tanrı bizə lütf etdi. Atam xaqan millət və ölkəni qurtardı. Türk oğuz bəyləri. Millət. Eşidin. Üstdə yer tökülməyib, altda yer dəlinməsə, türk milləti elini, törəni (qanunu) kim poza bilər”.
 Bilge xaqan məzar daşı yazısında öz ailəsindən danışdıqdan sonra əvvəlki xaqanların səhvlərinə işarə edir və Çin siyasətini ifşa edib deyir ki, çinlilər hiyləgərdir. Bizim xalqımızı bir-birindən ayırıb özlərinə tabe etdilər. Kişilərimizdən nökər, qızlarımızdan kəniz tutdular. Türk bəyləri türk adını buraxıb, Çin xaqanına tabe oldular. Tanrı türk millətinin aradan getməsini istəmədiyi üçün, atam İltəriş və anam İl Bilge xatunu başından tutub yuxarı qaldırdı. Atam və anam xalqı yığıb, millətin düşmənləri ilə savaşdılar və türk millətinin istiqala yetirdilər. 
 Sonra öz işlərindən, savaşlarından bəhs edir və ikinci dəfə Göktürk dövlətinin təşkilindən danışarkən, atası İltəriş və vəziri Tonyukukun xidmətlərini sadalayır.

X hissə: Cəlilabad-Yardımlı əraziləri “Dədə Qorqud dastanı”nda təsvir olunan oylaqlardır

 “Kitabi Dədə Qorqud” haqqında çoxlu məqalələr dərc olunub. Dədə Qorqud regionu tədqiq edilb. Dastanlardakı adlar bəzi hallarda Azərbaycandakı yer adları ilə uyğunlaşdırılır.
 Muğan ərazısində, о cümlədən Yardımlı və Cəlilabad rayonlarında elə toponimlər vardır ki, qeyd-şərtsiz Dədə Qorqud dastanlarındakı yer adları ilə tamamilə uyğun gəlir.
 Talış dağlarının qurtaracağında Cəlilabad ərazisində Qazan Köşkü adlı qala vardır. Bu möcüzəli qalanın altından keçən yeraltı gizli yol yüz kilometrlərlə uzanır. Həmin dərin tunel Peştəsər sıra dağlarının altından keçir, Buravar silsilə dağlarının arxasındakı Qız qalasını Qazan Köşkü ilə birləşdirir, bundan sonra iki xoçaya ayrılır, biri Edişəni keçərək İran ərazisindəki Germi dağlarına uzanır, digər xətt isə Biləsuvar rayonunda Bəhrəmtəpə yolu üstündəki Şəhriyar düzünə gedib çıxır. Dəniz səviyyəsindən 860-900 metr yüksəklikdə olan qaladan baxanda Savalan dağı, Xəzər dənizi, Salyan düzü, hətta Qobustan qayaları görsənir. Bütün bunlar qalanın qədimlərdə strateji əhəmiyyətli bir yer olduğunu göstərir.
 Qazan Köşkü ilə üzbəüz 20 kilometr aralı Yardımlı rayonunda Arus kəndi yerləşir. Arus kəndi ilə Qazan Köşkü arasında Abu-Dərdə abidəsi və Şatırlı kəndı yerləşir. Cəlilabad rayonunun Qaradağ kəndi köşkdən bir-iki kilometr aralı, Məlikqasımlı, Şötüklü, Boyxanlı kəndləri yeddi-səkkiz kilometr kənarda yerləşir. Tədqiqatçı-alim Rəşid Əsgərov göstərir ki, şötüklülər Qazan Köşkü və başqa regionlara çaparlıq etmişlər, çünki keçmişdə bərk qaçan adamlara “şatırlar” (şütümək) deyiblər. Onların xüsusi təlimçiləri olub və aralarında yarışlar keçirilirmiş. 
 “Dədə Qorqud dastanı”ndakı yer və şəxs adları ilə həmahəng səsləşən bu adların tədqiqatına çox ehtiyac vardır. Görünür, Abu-Dərdə abidəsi də dastandan qalmadır. Rəşid Əsgərov öz araşdırmalarında Cəlilabad-Yardımlı, o cümlədən Ərdəbil ərazilərində “Dədə Qorqud dastanı”ndakı adlara uyğun gələn onlarla yer adı və abidə sadalayır. “Kitabi-Dədə Qorqud”un coğrafi regionunu Dərbəndə qədər aparıb çıxarırlar. Lakin Cəlilabad rayonu ilə Yardımlı rayonu arasında üz-üzə dayanan “Qazan хаn” və “Arusla” heç kəs maraqlanmır. Bu əraziləri tədqıq olunmalıdır. Bəlkə də bu ərazilərdə “Dədə Qorqud” salnaməsinin yeni səhifələri açılacaqdır.
 Qazan Köşkünün 20-ci əsrin əvvəllərində çəkilmiş şəkli vardır. Şəkilə baxanda məəttəl qalırsan ki, bu qala-köşk nесə sürətlə dağıdılıb bərbad hala salınmışdır. Bu ərazidə qədim tariximizin ilk çağlarından xəbər verən atəşpərəstlərin baş məbədgahı yerləşən Həməşərə - Haoma Şirəsi təpəsindəki qala-şəhərin üst qatları da beləcə dağıdılmışdır.
 Qazan Köşkü haqqında müxtəlif mülahizələr vardır. Əsl həqiqət isə belədir. Qazan xanın vəziri, Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” kitabında deyilir ki, Qazan xan Biləsuvara gəldi. Həməşərə şəhərinin yanından ötüb Talış dağlarının qurtaracağındakı ən yüksək zirvəyə qalxdı. O, meşələrə adam göndərər, heyvanları- ceyran, cüyür, dağ kəli və sair arata elətdirib zirvənin ətrafında düzəlmiş pəyələrə saldırardı. Qazan xan arvadı Buluqan Xatunla qalada taxt qurdurub hündürdən heyvanlara tamaşa edərmişlər. Qazan xan bir müddət qalada istirahət etdikdən sonra dağlarla Təbriz şəhərinə yollanır.
 Köşk Qazan xanın yay istirahət düşərgəsi olub, onun adı ilə adlanmışdır. Qazan xan Elxanilərin birinci xanıdır ki, islam dinini qəbul etmişdi. Buluqan Xatunla islam dini qaydasıyla kəbin kəsdirib evlənmişdi. Marağalı Şeyx Sədrəddin onun dini təlimçisi olmuşdur.
 “Kitabi Dədə Qorqud”da Qazan xanın arvadının adı Burla Xatun, Fəzlullah Rəşidəddinin kitabında isə Buluqan Xatundur. Maraqlı oxşarlıqlardır. Bütün bunları araşdırmaq ixtisaslı alimlərimizin işidir.
 “Dədə-Qorqud” ensiklopediyasının tərtibində dastanla bağlı bu yerlər də yada salınmalıdır. Çünki Muğan zonası Qazan xanın ov ovladığı, at oynatdığı yerlərdır.
 Muğan Azərbaycanın qədim tarixindən xəbər verən mədəniyyət mərkəzlərindədir. Bu ərazidə Əlikömək təpəsindən tapılan maddi-mədəniyyət abidələrinin yaşı min illərlə ölçülür. Qədim Muğan sivilizasiyası məhz bu yerlərdə araşdırılmalıdır. Talış dağlarından Xəzərə doğru 15 tökmə kurqan vardır. Bu tipli kurqanlar Qrantovski, Poqrebova, Rayevski tərəfindən ari mədəniyyətinə aid edilir. Muğan şərqlə qərbi karvan yolları ilə birləşdirən ən əlverişli mövqedə yerləşmişdir. Buradan keçib gedən xalqların tarixi minillərlə hesablanır.
 Qədim mistik Muğan şəhərinin qalıqları Qarazəncir və Adnalı kəndləri arasındakı çöllükdə yerləşir. Bu şəhər vəhşi xazarların hücumu nəticəsində dağıdılmışdır. Bu torpağın hər qarışı xalqımızın qədimliyindən xəbər verir. Muğan ta qədimdən kaspilərin, sabirilərın, muğların, alanların, hunların, Oğuz bəylərinin at oynatdığı mərkəzlər olub.
 Zərdüşt Muğanda baş qaldırmış, bu ərazilərdə qədim azərbaycanlılar atəşə tapınmış, Zərdüşt Avestanı burada bağlamışdır. Heç də təsadüfi deyil ki, qədim mənbələr, həm də ərəb səyyahları Muğanı Azərbaycanın əski yurdu və mədəniyyət ocağı hesab etmişdir. Qədim mənbələr xəbər verır ki, Azərbaycanın ilkini Muğanı çəyirtkə kimi bürümüş türklərdə axtarmaq lazımdır. Muğanda batmış Həməşərə (maq kahinlərinin yığışıb sehrli Haoma şərabı içdiyi yer), Bəcrəvan (Boqrəvan- Allahlar şəhəri) yaşayış məntəqələrinin, Mişarçay, Quru dərə mədəniyyətinin sirləri hələ açılmamışdır.
 Orta əsr tarixçilərindən Balazuri, Yaqut ibn Misgəveh, Yaqut Həməvi və başqaları Azərbaycanı Zərdüştün vətəni hesab etmışlər. Min il bundan qabaq Əbu-Reyhan Biruni xəbər vermisdir ki: “Sonradan Muğanın əyan-əşrəfindən Mənicəhr şahın nəslindən olan Azərbaycan Səfid Tumanın oğlu Zərdüşt gəldi”.
 Qədim mənbələrin verdiyi xəbərə görə, Muğanda hər il Zərdüştlərin qurultayı keçirilirmiş, burada zərdüştlüklə bağlı məsələlərdən danışılmışdır. Bəcrəvan- Boqrəvan ari şahlarının andiçmə yeri olmuşdur.
 Muğanın sonunda yerləşən Cəlilabaddakı Sədə bazar kəndinin adı- zərdüştlükdəki Sedə Bayramı ilə əlaqədardır. Novruzdan 100 gün qabaq keçirilərmiş. Həmin kənddə meşədə yerləşən Məcidli tala, Bəcrəvan kəndindəki “Pir Həsən” də tarixi yerlərdir. Qədimdə Zərdüştə Həsəni Zərdüştü də deyərmişlər. Eçara, Parsoba, Alaşar kəndindəki daxmaların qalıqları Atəşpərəstliyin Muğandan nəşət etdiyini sübutlandırır. Ocaqlı kəndində atəşpərəstlərin məşhur ocağı yerləşirdi. Qazıntılar zamanı üstündə Qız qalasının şəkli olan pullar tapılmışdır. Mənbələr göstərir ki, Hindistan ərazisindən gələn zəvvarlar Muğan ərazisindəki ocaqlara və Bakıda Qız qalasının yanında olan atəşgaha sitayiş etmişlər.
 Muğanın, həm də atəşpərəstliyin qədimliyindən xəbər verən Tülkülü kəndinin abidələrindən danışmaq olduqca vacibdir. Bu kənd Cəlilabad rayonundan 20 kilometr şərqdə yerləşir. 1970-ci ildə kənd əhalisi fərqinə varmadan Tülkülü kəndinin adını dəyişdirib 2-ci Xənagah qoydular. Daha bilmədilər ki, bununla da Azərbaycanın qədimdən xəbər verən bir türk toponiminin də üstündən xətt çəkildi. Fikirləşmədilər ki, heç bir xalq və tayfa tülkü adını özünə yaraşdırmaz. Özü də ki tarixi minillərdən olan müqəddəs yerlərin. Kəndin əsl adının Türkülü olduğu haqda bir sıra sübut və dəlillər vardır.
 Kənddə yerli əhalinin indi də sitayiş etdiyi “Pirə Хәnсәг” ocağı yerləşir. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində xəbər verir ki, Alanlar Şəmşirə pərəstiş etmişlər. Yəni xəncəri yerə sancıb ona sitayiş edirmişlər. Ola bilsin ki, Ocaq da Azərbaycanda yaşayan alanlardan yadigardır.
 Kənddə hələ daha qədim çağlardan xəbər verən abidələr də vardır. Ocaq kimi qorunub saxlanan atəşpərəst daxması da belə abidələrdəndir. Daxma 24x24 həcmində primitiv bişmiş kərpiclərdən hörülmüşdür. Ən maraqlısı odur ki, daxmada məbədin içərısində divara hörülmüş dağ kəli buynuzu təsviri vardır. Bu da qırmızı kərpicin üstündədir. Görünür bu da sitayiş məqsədi ilə edilmişdir. Qədim mənbələrdə deyilir: “Kiçik Asiyada Daskilon deyilən yerdə od məbədi təsvir olunmuş məbəddə sitayiş olunan öküz və qoç başı təsvıri varmış”.
 Tarixi araşdırmalardan məlumdur ki, qədim türklərin ən qədim onqonu zoomorflar olmuşlar. Professor Mirəli Seyidov yazır ki, belə heykəllər, haqqında söhbət açdığımız kimi türk xalqlarının mifık inamı ilə əlaqəlidir. Onlar inəyə, qoça və sairə tapınmışlar. Hələ 17-ci əsrə qədər türk tayfaları ağ qoyun və qara qoyunlulara bölünmüşlər. Altayda, Sibirdə yaşayan türkdilli qəbilə birləşmələri xoruz onqonların müqəvvasından heykəl qayırıb ona tapınarmışlar. Əski oğuzlar qızıl, gümüş toyuğun heykəlini, ara-sıra müqəvvasını qayırıb uca yerə qoyur, aşağıya isə ağ və qara qoyun bağlayırmışlar.
 Bürüncdən qayrılmış xoruz onqonu bu mülahizələri bir min il qədimləşdirir. Muğanda türk qəbilələrinin daha qədimliyindən xəbər verir. Eramızdan əvvəl 4-cü minilliyə aid “Quru dərə” mədəniyyətinə (Cəlilabad rayonu) aid xoruz rəmzi bəlkə də Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı”nda təsvir etdiyi Avestadakı Xoruz qəbiləsinin rəmzidir. Heç də təsadüfi deyil ki, Avestada insanların sitayiş etdiyi Zoomorfları təmsil edən allahın adı Vohu-Mana imiş.
 Bütün bu dəlillər sübut edir ki, kəndin adı Tülkülü yox, Türküli imiş. Sonradan dilin fonetik qanunlarına əsasən formalaşaraq belə ifadə edilmişdir. Türkülü yaşayış yeri özünün daha tutarlı tədqiqatını gözləyir.

XI hissə: Müsəlmanlığı qəbul etdikdən sonra güclü islam dövlətləri qurmuşlar

 Oğuzlar (doqquz oğuz-uyğur) Göktürk dövlətini yıxıb, onların yerinə keçəndən (745) az bir müddət sonra, üçüncü xaqanları Bugu xan Mani dinini qəbul etdi, onu öz dövlət dini elan etdi (763). Bundan sonra Mani yazısı türklər arasında da yayıldı.
 MANİÇİ ƏDƏBİYYAT. Maniçi ədəbiyyat mənzum və mənsur olaraq iki qismə ayrılır. Maniçi şeirlər daha çox ilahilərdir və dördlük şəklində olub, misrabaşı qafiyəlidir (Altay alterasyonu). Bundan başqa ahəng ünsürü də vardır. Bəzən iç qafiyə və ya iç alterasyona da rast gəlinir. Misralarda heca sayı həmişə bir deyil, üçdən on beşə qədər dəyişir. 
 Bu dövrün ən mühüm şairi Aprinçurdur. Ədəbiyyatımızda müəllifi bəlli olan ilk şeirlər ona aiddir. Aprinçurdan iki şeir qalmışdır. Biri ilahi xüsusiyyətlidir. Sevgili şeiri isə türk ədəbiyyatında ilk lirik şeirdr. Beləliklə, qədim türk şeiri ilə tanış oluruq:

Bizim tenqrimiz edqusi redni tiyor
Rednidə yig mening edqu 
tenqrim, alpım, begrəqim,
Belegüsuz yiti vajir tiyor.
Belegüsuz yiti vajir tiyor
Vajirda ötüy bilikligim, tüzünüm yarukum
Vajirda ötüy bilikligim, bilgəm, yanqam.
Gün tenqri yaruğin tək köküzlügüm, bilgəm
Gün tenqri yaruğin tək köküzlügüm, bilgəm
Körtə tüzün tənqrim, külügüm, küzünçüm,
Körtə tüzün tənqrim, burkanım, bulunçuzum.

 Bugünkü türkcəmizdə:

Bizim tanrımızın yaxşılığı cövhərdir, deyirlər,
Cövhərdən daha üstün mənim yaxşı 
tanrım, qəhrəmanım, bayrağım
Bülöv söz iti almazdır.
Bülöv söz iti almazdır.
Almazdan daha iti biliklim, əsilim, işığım,
Almazdan daha iti biliklim, həkimim, filim
Gün tanrı tək göyüzlüyüm, həkimim
Gün tanrı tək göyüzlüyüm, həkimim
Gözəl üzlü tanrım, şöhrətim, qoruyucum,
Gözəl üzlü tanrım, adım, tapılmazım. 

 Bu isə Aprinçur Tekinin sevgilisinə yazdığı şeirindən bir parçadır:

Kasıncığımın öyü kadkurarmən
Kadkurduqça 
Kaşı körtləm
Kavışıksayurmən.
Öz amrakımın öyürmən
Öyür evirürmən ödü…
Öz amrakımın
Öpüksəyürmən.

 Bugünkü türkcəmizdə:

Qadınımı düşünüb dərdlənirəm.
Dərdləndikcə 
Qaşı gözəlim
Qovuşub sevmək istəyirəm.

Öz sevgilimi düşünürəm
Düşünüb dururam…
Öz sevgilimi öpüb sevmək istəyirəm.

Gedib desəm
Gözəl sevgilim
Gedə bilməm yenə mən
Sadiq yarım.

Girim desəm
Kiçiyim
Girə bilməm yenə mən
Ənbər müşk qoxulum.

Parlaq tanrılar
Buyruğu ilə.
Yavaş qılıqlım ilə 
Birləşib ayrılmayaq.

Güclü mülklərin
Güc verməsilə
Gözü qarəm ilə
Gülüşüb oturaq.

 İndi oxuyacağınız şeir isə tanrının mədhinə yazılmışdır və müəllifi məlum deyildir:

Tanq Tenqri kəlti
Tanq Tenqri özi kəlti 
Turunqlar kamaq bəqlər, kadaşlar
Tanq tenqrik ögəlim
Körüqmə kün Tenqri,
Siz bizni küzədinq.
Görünüqmə Ay Tenqri,
Siz bizim kurtarinq. 

 Bugünkü türkcəmizdə:

Dan Tanrı gəldi
Dan Tanrı özü gəldi
Durun hamı, bəylər, qardaşlar.
Dan tanrını ögəlim.
Görənməz Gün Tanrı,
Siz bizi gözətləyin.
Görünməz Ay Tanrı,
Siz bizi qurtarın. 

 MANİÇİ NƏSR. Əsasən dini mətn və dualardan ibarətdir. Bugu xaqanın Mani dininə keçməsi barədə olan mətn maniçi nəsrin ən mühüm nümunələrindədir.
 930-cu ildə Göktürk əlifbasilə yazılmış “İrk-bitik” (Fal kitabı) Mani mühitində yazılmış mühüm mətnlərdəndir. Hər biri ayrı bir fal olaraq şərh edilən 65 paraqrafdan ibarətdir.
 BUDDAÇI ƏDƏBİYYAT. Buddaçı ədəbiyyat şeirə və nəsrə ayrılır. Şeirlərin təqribən hamısı dini olub dördlük şəklindədir. Bəzən misra sonu qafiyəsi də vardır. Heca sayı müxtəlifdir. 7 hecalıdan 20 hecalıya qədər misralar vardır. 
 Burada nümunə olaraq “Anıtəg orunlarta” (Elə yerlərdə) adlı şeirdən iki bənd və “Bilgi” şeirini dərc edirik:

Adka şu turur kat-kat tağta
Amıl ağlak Aranyadanta
Artuc cögüt alnınınta
Axa suvlukta
Amrancığın uçdaçi kuşki alar
Tirinlik kuraklıkta
Adkağsızın mənqi təgingülük ol
Anitək orunlarta.

 Bugünkü türkcəmizdə:

Sıra-sıra duran qat-qat dağlarda
Sakin və tənha Aranyadanda
Ardıc (dağ sərvi) ağacları altında
Axan sularda
Sevinc içində uçan quşların
Düzülüb yığışacağı yerdə
Hər şeydən uzaq hüzür tapmalı
Elə yerlərdə.

 “Bilgi” şeiri:

Bilig biling ya bəgim
Bilig sanqa eş bolur
Bilig bilgən ol ərkə
Bir gün dövlət tuş bolur.

 Bugünkü türkcəmizdə:

Bilik bilin, ey bəgim
Bilik sənə iş (yar) olur
Bilik bilən insana
Bir gün dövlət tuş olur.

 Turfanda avropalılar tərəfindən aparılan qazıntılarda minlərcə yazı, nəqqaşlıq və digər sənət əsərləri tapılmış və bunların bir qismi nəşr edilmişdir. Bu gün Şərqi Berlindəki Turfan məcmuəsində səkkiz min uyğur mətni vardır. Bunların indiyəcən cəmi iyirmi faizi nəşr edilmişdir.
***
 Türklər müsəlmanlığı dinini qəbul etdikdən sonra, qərbə tərəf böyük köçlər edib güclü islam dövlətləri yaratmışlar. İslam dinini ilk dəfə qəbul edən Orta Asiyada Qaraxanlı dövləti olduğu halda, qərbə köç edən oğuz türkləri (səlcuqlar və osmanlılar) böyük islam dövləti quraraq, islam dinini Bizans diyarı olan Anadolu və sonra Balkanlarda yaymağa müvəffəq olmuşlar. Türklər müsəlman olmaqla yanaşı, islam mədəniyyətini də mənimsəyib inkişaf etdirmişlər. Lakin müxtəlif ölkələrdə birləşib, başqa millətilərlə təmas tapıb və ya qaynayıb-qarışdıqları üçün ayrı-ayrı üsul, mədəniyyət və ədəbiyyatlar meydana gətirmişlər.
 İslam ordusunun başında Əməvi komandanı Qüteybə olarkən, Mavərənnəhri 8-ci əsrin əvvəllərində (710-716) aldılar. Lakin islamın Ceyhun çayı ətrafına qədər ərazidə hakimiyyəti Abbasilər zamanında (751) Ziyad ibn Salahın Çin istila ordusunu Talasda məğlub edib, Qərbi Türküstandan çıxarması ilə mümkün olmuşdu. Türklər bu məntəqədə yaşayan və daha çox ticarətlə məşğul olan soğdların təsirilə islamı qəbul etməyə başladılar.
 19-cu əsrin ortalarında şərqi türklərin arasında qərbə tərəf bir hərəkət başlandı. Türk qəbilələri yavaş-yavaş Qərbi Türkistanda ərəb əmirləri, tahirilər və samanilər tərəfindən idarə olunan ölkələrə gəldilər, bu ölkələrdə, xüsusən Ceyhun və Zərəfşan hövzəsində birləşərək, islam dinini qəbul etdilər. Bunlar qarluqlar, oğuzlar və qismən də Toxsi qəbilələri idi.
 920-ci ildə orta Tyan-Şanda (Tanrı dağı) qaraxanlılar, İtil (Volqa) sahəsində bulqarlar, az sonra da Aral dəryaçası və Xəzər dənizi arasında yaşayan, xəzərlərə tabe olan oğuzlar, 940-960-cı illər arasında Çu nəhrindəki Balasağun və İtil hövzəsindəki bulğar şəhərləri arasında yaşayan türklər bütünlüklə islamı qəbul etdilər.
 Türklər müsəlman olandan sonra Çin və Hindistan mədəniyyətləri təsirindən ayrılıb islam və İran mədəniyyətinin təsiri altına girdilər. 
 920-960-cı illər arasında türk xalqlarının bütünlüklə müsəlman olmaları islam və dünya tarixində mühüm bir dönüm nöqtəsi olmuşdur. 
 Türklərin islama üz tutması hər cəhətdən onların xeyrinə olmuşdur. Bu iş eyni zamanda islam və müsəlmanlar üçün də xeyir və fayda gətirmişdir. Abbasilər zamanın islam ölkəsi Suriya və Anadolunun cənubu bizanslılar tərəfindən təhdid olunurdu. Türklər xəlifə ordusuna daxil olandan sonra bu hüdudların əmniyyətini təmin etdilər.
 Səlcuq orduları İranı alandan sonra Toğrul və Alp Arslan zamanında Rum ölkəsinə hücum edib, 20-25 il ərzində Anadolunu istila etdilər və az müddətdə oranı bir müsəlman türk ölkəsinə çevirdilər.
 Türklər iki yüz il çəkən səlib yürüşlərinə qarşı çıxıb, xristianların qabağında dayandılar, islam ölkəsi və islamiyyatı qoruyaraq yaydılar.
 Türklərin tək dinə mənsub olan eyni mənşəli bir cəmiyyət şəklində əsrlər boyu yaşayan qüvvətli dövlətlər qurmaları islam dövründə mümkün olmuşdur.
 QARAXANİLƏR. Qaraxani dövləti müsəlman olan ilk türk dövlətidir. Bu dövlətin xaqanı Satuq Buğra xan 10-cu əsrin ilk yarısında (920, ya 940) müsəlman olandan sonra islam dinini öz dövlətinin rəsmi dini elan etdi və ona tabe olan ellər bütünlüklə müsəlman oldular. Qaraxanlılar islam dnini qəbul etməklə yanaşı türk adət və ənənələrinə bağlı qalıb, islami türk əsərlərinin yaranmasına da yardım etdilər. Onların zamanında Kaşğar və ya xaqani türkcəsi rəsmi dil olmuş, “Qutadğu bilik” və “Divani lüğət ət-türk” kimi türk dil və ədəbiyyatının şah əsərləri yaranmışdır. 
 Qaraxanilər 999-cu ildə samaniləri məhv edib bütün Mavərənnəhrə hakim oldular. Mavərənnəhr və Şərqi Türküstan ərazisini əhatə edən Böyük xaqanlıq yarandı. 
 Qaraxanilər Yusif Qadirxanın hakimiyyətindən (1026-1032) sonrakı dövrdə iki hissəyə bölündülər. Şərqi qaraxanilərin mərkəzi Kaşğar olub, 1130-cu ildə qaraxitayilərin hakimiyyəti altına girdilər. Qərbi qaraxanilərin mərkəzi isə Balasaqun olub, bir müddət sultan Səncərə və ondan sonra Xarəzm şahlara tabe oldular, nəhayət, 1212-ci ildə məhv oldular.
***
 9-cu əsrin ortalarında Orta Asiyadakı mühacirətlər səbəbindən türklər özlərinin müxtəlif ellərindən (Qarluq-Xalac, Oğuz) Bağdada gedib, orada Abbasi xəlifələrinin ordusuna girdilər. Bu əsgərlərin sayı Mötəsim, Vasiq və Mütəvəkkil (ərəb xəlifələri) zamanında çoxaldı, xəlifə ordusundakı türklər dövlət idarəsində böyük nüfuz qazandılar. 
 Bunlardan Tulun oğulları və İkşid oğulları Misirdə hökumət qurdular. 
 Tulun oğulları Doqquz oğuz elinə mənsub olub 868-905-ci illər arasında, İkşidilər isə 935-969-cu illərdə hökmranlıq etmişlər. İkşidilər və ya İxşidilər Fərqanə məlikləri nəslindəndirlər.

XII hissə: Girdə günbəzlər türk çadırlarından ilham alınaraq tikilmişdir

 QƏZNƏVİLƏR. Qəznəvilər 963-1183-cü illərdə böyük dövlət qurub, islamın Əfqanıstan və Hindistanda yayılmasına səbəb olmuşlar. Bu sülalənin təsisçisi Alp Tekin, daha doğrusu onun damadı (kürəkəni) Səbuq Tekindir. Səbuq Tekin və ya Sübuk Tegin (yəni ordu zabiti) qarluq türklərindən olub İssık-kul tərəflərdə yaşayan Cuk adında İbir Bahadurun oğludur. 12 yaşında ikən qonşuları olan Toxsi türklərinin basqınına məruz qalıb, onlara əsir olmuş və dörd il əsarətdə qalandan sonra Saman oğullarına satılmışdır. Burada müsəlman olub orduya getmiş və samanilər ordusunda böyük rütbəyə çatmışdır. Alp Tekindən sonra Səbuq Tekin Qəznəni almış və Qəznəvi sülaləsini qurmuşdur. Onun oğlu Sultan Mahmud bütün Əfqanıstan, Xorasan, İraq və Hindistanı tutaraq, böyük islami türk dövləti qurmuş və bir islam mücahidi kimi Hindistanda islamı yaymağa çalışmışdır. Sultan Mahmud eyni zamanda fars dilinə üstünlük verib, fars dilini ərəb dili yeirnə rəsmi divan dili seçmiş, bu dilin şah əsəri, ana kitabı olan “Şahnamə”nin yazılmasını Firdovsidən istəmişdir. Onun dərbarı farsca yazan şairlərin mərkəzi olmuş, dörd yüzdən artıq şairin yaşayışını təmin etmiş, İranın kənd və şəhərlərinə dari farscasını yaymaq üçün minlərcə müəllim göndərmişdir.
***
 SƏLCUQLAR. Oğuz türklərinin İran və Anadoluya böyük dəstələr halında gəlmələri səlcuqların miühacirətləri ilə başlayır. Səlcuqlar Aral dəryaçası ilə Xəzər dənizi və cənubi Ural dağları arasında yaşayan xəzər oğuzlarına, xüsusən qınıq qəbiləsinə rəhbərlik edən ailələrdən birinə mənsub idilər. Səlcuqlar haqqında 922-ci ildə buradan keçib bulğar məmləkətinə gedən İbn Fədlan tərəfindən və həmçinin 965-ci ildə yazıya alınan “Hüdud əl-aləm”də məlumat verilir. Bu oğuzlar rəislərinə yabğu, ordu komandanlarına sübaşi deyirdilər. Bunların dini rəhbərləri olan kamların (şaman) da nüfuzları çox idi. Səlcuqların cəddi olan Səlcuq da sübaşi idi. Səlcuğun atası Dukak müsəlmanlığı yeni qəbul eləmişdi. 
 Səlcuq sübaşi ikən yabğu ilə aralarında ixtilaf çıxmış, yüz atlı, bir miqdar da dəvə və qoyunlarla Sır-Dərya sahillərində müsəlmanlarla məskun Cənd şəhəri həndəvərinə gəlmişdi. Səlcuqlar yarım əsrə qədər Mavərənnəhrdə qaldıqdan sonra Sır-Dərya oğuzları (türkmənlər) tərəfindən basqıya məruz qalmış, cənuba tərəf, yəni Xorasana keçməyə məcbur olmuşlar. Səlcuq 994-cü ildə vəfat etmiş, dörd oğlu- Mikail, Arslan, Yusif və Musa qalmışdır. Mikail öldüyü üçün Arslan yabğu təyin edilmişdir. Sultan Mahmud Arslandan qorxduğu üçün onu yanına dəvət etmiş və Hindistan hüdudunda həbsə almışdır. Arslandan sonra qardaşı Yusif yabğu olmuş, o da 1030-cu ildə qaraxani əmiri li Tekin tərəfindən tutulub öldürülmüşdür. 
 Səlcuqlar Sultan Məsud Qəznəvi zamanında Səlcuqun nəvələri, Mikailin oğulları olan Toğrul və Çağrı qardaşlarının başçılığı ilə Ceyhunu keçərək Xorasan şəhərlərini, o cümlədən Nişapuru aldılar (1037). Toğrul bəy burada öz adına xütbə oxudub, istiqlalını elan etdi. Bundan sonra Sultan Məsud çox qüvvətli bir ordu ilə Xorasana yürüdü, səlcuqlarla Mərv və Sirəxs arasında olan Dandanəqan ovasında qarşı-qarşıya gəldi. Bu savaşda səlcuqlar fateh olub (1040) Xorasanı tutdular, sonra da Toğrul bəyin başçılığı ilə Həmədanı, Azərbaycanı və Rey şəhərini alıb oranı paytaxt seçdilər, böyük dövlət qurdular. 
 Toğrul bəy 1055-ci ildə Bağdada getdi və ona xəlifə tərəfindən sultan ləqəbi verildi. 1063-cü ildə Toğrul bəy Reydə vəfat etdi. Məqbərəsi indi də baxımsız halda ordadır.
 Toğrul bəydən sonra Çağrı bəyin oğlu Alp Arslan sultan olub, Rum ölkəsi olan Anadoluya qoşun çəkdi. 1071-ci ildə Malazgirddə rumları ağır şəkildə məğlub edib, Anadoluya girməyə müvəffəq oldu.  
 Alp Arslan Azərbaycan, Gürcüstan və Ermənistanı fəth edəndən sonra, Toğrul zamanında başlanan Anadolu səfərinə davam etdi. Şərqi Rum imperatoru Diogen Balkandan və Anadoludan topladığı böyük ordusu ilə Malazgird ovasına gəlib oranı tutdu və burada Alp Arslanın başçılıq etdiyi əlli minlik türk ordusu ilə qarşılaşdı. Alp Arslan kəfən geyinib cihad elan etdi və ordunun qabağında Rum ordusuna hücum etdi. Qızğın savaş nəticə vermədiyi üçün əski türk savaş taktikasına (Turan taktikası) baş vuraraq geri çəkildi və bu şəkildə rumları səngərdən çıxara bildi. Bu əsnada rumların sağ və sol qanadlarında əsgər olan peçenqlərlə uzlar müsəlman türklərin tərəfinə keçdilər və Alp Arslan hücum fərmanı verib, rum ordusuna qəfildən hücum çəkərək onları məğlub etdi. Həmin savaşda imperator Diogen əsir götürüldü. Lakin Alp Arslan onunla igidcə rəftar etdi və mehribanlıq göstərdi. Malazgird savaşı nəticəsində Şərqi Anadolu və Urfa türklərə verildi. Rum dövləti hər il xərac ödəməyə məcbur oldu (1071).
 Malazgird zəfəri Anadolunun kamil fəthinə yol açdı. Türklər 20 ilə qədər az bir zamanda bütün Anadolunu fəth edərək, burada yeni bir müsəlman türk vətəni qurdular.
 Alp Arslan 1072-ci ildə qaraxanilərin üsyanını yatırmaq üçün Türküstana gedərkən, Ceyhun kənarında bir qala komandanı tərəfindən öldürüldü. Onun yerinə 18 yaşlı oğlu Məlikşah padşah oldu (1072-1092).
 Məlikşahın zamanında səlcuq imperatorluğu ən parlaq dövrünü yaşadı. Dövlətin hüdudları Tanrı dağlarından Mərmərə və Ağ dəniz sahilləinə, Qafqaz dağlarından Misir və Yəmənə qədər uzandı. İmperatorluğun paytaxtı İsfahan idi.
 Bu dövr islam maarifinin canlanmağa başladığı bir zaman idi. Bağdadda Alp Arslanın əmiri və vəziri Xacə Nizam əl-Mülkün nəzarəti ilə qurulan Nizamiyyə mədrəsəsi böyuk bir universitet oldu. Sonra Məlikşahın adına təqvimi-Cəlali tənzim edildi.
 Məlikşahdan sonra Səlcuq imperatorluğu parçalandı. Suriya, Anadolu və Kirman səlcuqları istiqlallarını elan etdilr. İran və İraqda Məlikşahın oğulları bir-biriylə mübarizəyə qalxdılar.
 Bir müddət qardaş davalarından sonra Məlikşahın dördüncü oğlu Səncər sultan oldu (1117). Sultan Səncər 40 il hökumətlik etdi və onun zamanında iki böyük xətər meydana çıxdı. Biri qərbdən səlib savaşları idi. O biri də şərqdən qaraxitayilərin xətəri idi. Səlib savaşlarına qarşı Anadolu səlcuqları, digər türk dövlətləri və əyyubilər savaşdılar. Səncər qaraxitayilərlə savaşda məğlub oldu (1151), bir müddət sonra isə şimaldakı oğuzlar Səncərə qarşı üsyan etdilər. Oğuzların Xorasanın şimalından hücum və istilası nəticəsinə Sultan Səncər məğlub və əsir oldu, bir il sonra 72 yaşında vəfat etdi. Bu hadisə Böyük Səlcuq dövlətinin məhvinə gətirib çıxardı. Səlcuq imperatorluğu tamam parçalandı və ona tabe olan səlcuqlu dövlətləri (Atabəylər) hamısı müstəqil oldular.
***
 ATABƏYLƏR. Səlcuqlu sultanları bir şahzadəni bir əyalətə vali göndərəndə, onunla birlikdə oğuz bəylərindən bir atabəy də göndərirdilər. Atabəylər bu şahzadələrin dövlət adamı və komandan olmasına çalışırdılar. 
 Atabəylər Səlcuq imperatorluğu dağılandan sonra məhəlli hökumətlər- kiçik dövlətlər qurdular. Bunlardan ən mühümləri Farsda Salğur (Səlğur, Salur) atabəyləri (1147-1286), Azərbaycan atabəyləri və ya İldəniz oğulları (1136-1225), Mosul və Hələb atabəyləri (1127-1233) və başqalarıdır. 
 Anadoludakı səlcuqlar Konyanı paytaxt seçib, 230 il hökumət etdilər və hakimiyyətlərinin son əlli ilində monqolların tabeçiliyində oldular. Bunlar Rum və ya Qərb səlcuqları adı ilə tanınmışlar.
 Səlcuq padşahları istər İranda, istər Anadoluda fars dilini rəsmi dil seçmiş və bu dilin inkişaf edib yayılmasına səy göstərmişlər. Səlcuqlar zamanında böyük mədrəsələr, məscidlər və karvansaralar tikilib, İran islam memarlığı inkişaf etdirildi. Bu məscidlərin payası dörd səthli kub formalı bina üzərində qurulur, onun üstündə səkkizüzlü bina tikilirdi. Girdə günbəzlər isə türklərin çadırlarından ilham alınaraq tikilmişdir. Qulpayeqan məscidi səlcuq memarlığının nümunəsidir. Uzun, silindrik şəkildə minarələr, bişmiş kərpic və kaşının bu binalarda işlənməsi də səlcuqlar dövrünün yadigarıdır. İsfahan məscidi Məlikşah zamanında, Qulpayeqan məscidi Məlikşahın oğlu Əbu Şüca zamanında, Zavare məscidi isə 1135-ci ildə tikilmişdir. Məqbərələrdən Toğrul bəyin məqbərəsi Reydə və Sultan Səncərin böyuk məqbərəsi Mərvdə bu dövrün ən məşhur məqbərələrindəndir. Rəşidəddinin yazdığına görə, Sultan Səncərin məqbərəsi dünyanın ən əzəmətli binası imiş.
 Nəcəfdə Həzrət Əlinin qəbri və Bağdadda Əbu Hənifənin məqbərəsi Məlikşah tərəfindən, Məşhəddə Həzrət imam Rzanın qəbri və Bəlxdə Həzrət Əlinin hesab olunan məzari-şərifi Səncər tərəfindən tikilmişdir.
 Səlcuqlar zamanında ilk mədrəsə Nişapurda Toğrul bəyin fərmanı ilə inşa olundu, sonra Alp Arslan zamanında məşhur Nizamiyyə mədrəsəsi (1066), Tus, Herat, Bəlx və Rey mədrəsələri, habelə İraq və Suriyada böyük mədrəsələr tikildi, hamısı dövlət müəssisələrinə çevrildi. 
 Toğrul zamanında Simnan il Şahrud yolunda Ənu Şirvan pulsuz karvansarası (rabat), Əbu Şüca tərəfindən isə Məşhəd və Sirəxs yolunda Rabate Şərif tikildi.
 Səlcuq memarlığı İran islam və hətta dünya memarlığı tarixində ən parlaq memarlıq dövrlərindəndir. Səlcuqlar zamanında bir çox ticarət yolları və yollar üstündə karvansaralar, məscidlər, xəstəxanalar, çeşmələr və rabatlar tikilmişdir.
 SƏLCUQLAR ZAMANINDA AZƏRBAYCANA VƏ ANADOLUYA YÜZ MİNLƏRCƏ TÜRK MÜHACİRƏT EDİB, BU ÖLKƏLƏRDƏ BİRLƏŞMİŞLƏR. 13-cü əsrdə monqollarla bərabər gələn türklər bu məntəqələrin xalqını türkləşdirmişlər.
 Tarixi faktlar sübut edir ki, səlcuqların gəlişindən sonra işğal olunmuş ölkələrə səlcuqilərin kütləvi surətdə köçü baş vermişdi. Köçəri türklər işğal olunmuş ölkələrə böyük və yığcam kütlələrlə gəlirdilər. 13-cü əsrin əvvəllərində ərəb dilində yazmış müəllif Nəsəvi Azərbaycanda olandan sonra göstərmişdır ki, 1086-cı ildə Məlikşahın Arana və Muğana göndərdiyi türklər “orada- düzənliklərdə, dağlarda və qalalarda çəyirtkə kimi yayılmışdılar”. Azərbaycanda olmuş ərəb coğrafiyaşünası Yaqut Həməvi qeyd edir ki, “Muğan çoxlu kəndləri və çəmənlikləri olan vilayətdir, onu indi öz heyvanlarını otarmaq üçün türkmənlər tuturlar, oranın əhalisinin çox hissəsi də onlardan ibarətdir”. 
 Səlcuqlar zamanında Xorasan və Xəzər dənizinin cənubundan oğuzlar, Qafqazdan da qıpçaqlar və xəzərlər Azərbaycana gəlmişlər. Monqolların yürüşündən əvvəl oğuzlar, onlarla birlikdə uyğur türkləri İrana və Azərbaycana gəlmiş və birləşmişlər. 
 Monqollar ordusunun əksəriyyətini türklər təşkil etmiş və dövlət təşkilatında bəxşilər (dəbirlər) uyğur olduğundan, monqol dili ilə yanaşı uyğur türkcəsi də rəsimi dil olmuşdur. Monqollar oxuyub-yazmağı uyğurlardan öyrəndikləri üçün hər iki dil uyğur əlifbası ilə yazılmışdır.
 Uyğur əlifbası 16-cı əsrə qədər davam etmiş, ondan sonra yerini ərəb əlifbası tutmuşdur. Monqollar türk əksəriyyətinin içində əriyib türkləşmişlər, necə ki Xorasanda və ayrı farsdilli yerlərdə yaşayan monqolların dilləri də farslar arasında farslamışdır. 
***
 Böyük Səlcuqlu dövlətinin sultanı Toğrul bəy (1038-1063) narazı oğuz-türk tayfalarının  və bəylərinin Azərbaycanın qərbində və Şərqi Anadoluda məskunlaşmasına və burada qəza ilə məşğul olmalarına tərəfdar idi. Bu siyasət “uc” anlayışını ortaya çıxartmış və nəticədə türk ucları Bizans topraqlarında qərbə doğru uzanmışdı. Toğrul bəy zamanında türklərin Anadoluya doğru irəlləməsində Azərbaycan qərargah rolunu oynayırdı. Fəzlullah Rəşiddədinə görə, Anadoluda bəylik quran qaraman, əşrəfoğulları və digər türkmənlərdən ibarət 20 min çadırlıq türk ailəsi bu  dövrdə Orta Asiyadan Azərbaycana, buradan da Anadoluya köç etmişdilər.
 Aparılan köç və yerləşdirmə siyasəti nəticəsində 11-ci əsrin axırlarında Anadoluda çox sayda türk bəyliyi ortaya çıxmışdı. Ərzurum və ətrafında Saltuqlular (1072-1202), Əxlat və Qərbi Azərbaycanda Əxlatşahlar və ya Sökmənoğulları (1110-1207), Ərzincan və Divriğidə Məngücüklər (1080-1228), Orta və Şimali Anadoluda Danişməndlilər (1080-1178), Bitlis və Ərzəndə Dilmaçoğulları (1084-1393), Diyarbəkrdə Yinaloğulları (1098-1183), Harputda Çubukoğulları (1085-1113), Hısınkeyf, Mardin, Harputda Artuqlular (1102-1409) Azərbaycandan Anadoluya intensiv türk köçləri nəticəsində yaranmışdı.
 Beləliklə, Orta Asiyanın monqollar tərəfindən ələ keçirilməsi türklərin qələbəlik halında Azərbaycana köç etməsinə səbəb oldu. Köçlərin çoxluğundan Nəsəvi Arranı “türkmən dənizi” şəklində təsvir etmişdi. Monqolların Azərbaycanı ələ keçirməsi üzərinə həmin türklərin böyük hissəsi Anadoluya hərəkət etmişdilər. Bu hadisə Anadoluda türklərin sürətlə artmasına səbəb olmuşdu. 
 Cəlaləddin Xarəzmşah Manqburnu zamanında (1225-1231) Azərbaycanda qələbəlik xarəzmli kütləsi vardı. Bunlar Cəlaləddinin 1230-cu ildə məğlubiyyətindən sonra Anadoluya, Suriyaya və Misirə köç etdilər. Əl-Cəzirədə Əyyubi hakimi Məlik Salehin xidmətinə girən xarəzmlilərin sayının 70 min olduğu qeyd edilir. Bunlar Məlik Saleh tərəfindən Harran, Urfa, Səruc və Rakkada məskunlaşdırıldılar.
İbn Şəddadın verdiyi məlumata görə, monqol hücumları nəticəsində Azərbaycan və Şərqi Anadoludan 200 min nəfərlik türk ailəsi Məmlük ölkəsinə hərəkət etmiş, Sultan Baybars onları Qəzza və Antakiyada məskunlaşdırmışdı. Anadoluya Azərbaycandan köç edən türk tayfaları arasında germiyanlı, qayı və qarasi tayfaları da vardı. Bunlardan germiyanlılar Xarəzmşah Cəlaləddin zamanında Fars və Kirmandan Azərbaycan gəlmişdilər. Xarəzmşahın öldürülməsindən sonra Anadoluya hərəkət edib Malatya bölgəsində məskunlaşmışdılar. Germiyanlılar daha sonra Kütahiya, Afyon və Dənizli bölgəsinə köç edib burada Germiyan Bəyliyinin əsasını qoydular. Osmanlı dövlətinin əsasını qoyan qayıların Anadoluya necə və nə vaxt köç etdikləri haqqında müxtəlif fikirlər var. Əsas iddia, monqol istilası nəticəsində xarəzmlilərlə birlikdə Xorasana və Azərbaycan, buradan da Ahlat bölgəsinə köç etmələridir. Qayıların bir müddət Muğanda qaldıqları da qeyd olunur. Artuqluların da qayı əsilli olduqları haqda iddialar vardır. Bu iddialar Artuqlu sikkələri üzərində yer alan oğuz damğasının qayı boyunun işarəsi olmasına dayanır. Amma bu iddia özünü doğrultmayıb. Belə ki sikkələr üzərindəki damğa döyərlərə aiddir. Yəni artuqluların döyər tayfasından törədikləri daha tutarlı iddiadır. Qayılar buradan da Bizans sərhədindəki Soyut bölgəsinə getmişdilər. Germiyanlılarla birlikdə Azərbaycandan Anadoluya köç edən və Balıkəsir ilə Çanakqala bölgəsində bəylik quran qarasi türkləridir. Ehtimal ki Anadoluya köç etməyib Azərbaycanda qalan qaralı türkləri ilə eyni kökdən idilər. Qarasi tayfası ilə birlikdə çepnilərin də Karasi, Manisa və Kütahiya bölgəsinə yerləşdikləri bildirilir.
 Monqollarla birlikdə Azərbaycana yeni insan kütləsi gəldi. Çormağon Noyonun əmrində 200 minlik ailə Azərbaycana gəlmişdi. Çormağonla birlikdə monqolların Azərbaycanda məskunlaşmağa başlaması buradakı türklərin Anadoluya getməsinə səbəb olmuşdu. 1230-cu ildə Muğanda heyvandarlıqla məşğul qələbəlik yıva tayfası Çormağon və Baycunun bölgəyə gəlişi ərəfəsində Anadolu istiqamətində hərəkət etmişlər. Həmədan, Baharistan bölgəsində məskunlaşan qaraqoyunluların da eyni tarixdə Anadoluya köç etdikləri məlumdur. Yurdlarını tərk edən türk tayfaları arasında ağqoyunlular, Gəncə və Göyçə bölgəsində bayandırlar, danişməndlilər, Quba və Dərbənd bölgəsində küçetlər və s. tayfalar da yer alırdı.
 Qızılbaşlar dövlətinin yaranmasında və formalaşmasında rol oynayan tayfaların ümumi sayı 60-dan çoxdur. Elmi ədəbiyyatda Qızılbaşlar dövlətinin əsasən 7 türk tayfasının ittifaqı nəticəsində yarandığı fikri hakimdir. Bu tayfalar şamlu, ustaclı, rumlu, təkəli, zülqədər, qacar və əfşarlar qəbul edilir. F.Sümer Şah İsmayıl dövründə beşi böyük, səkkizi kiçik 13 tayfadan, Şah I Təhmasb zamanında isə səkkizi böyük, 14 kiçik 24 tayfanın varlığından bəhs edir. Tarixçi Babək Cavanşir isə Şah İsmayıl və Şah I Təhmasib zamanında 53 tayfanın kimliyini və fəaliyyətlərini müəyyən etmişdi.
 Amma bu siyahıya sonradan müəyyən edilən yeddi türk tayfasının da adı əlavə olunduqda Qızılbaş dövlətinin ilk yüz ilində dövlətin varlığında rol oynamış tayfa sayı 60-a çıxır. Bu tayfalar arasında çox sayda oymaqlara, hətta tayfa sayılacaq böyüklükdə boy kimliyinə sahib tayfalar da vardı. Məsələn, 1-ci Şah Abbas dövründə ustaclılar 15, şamlılar 10, zülqədərlər 10, qacarlar 5, əfşarlar isə 6 oymağa ayrılarkən, Qızılbaş dövlətinin son dövrlərində əfşarlar 15 oymaqdan və 50-dən çox obadan, bayatlar 10 oymaqdan meydana gəlirdi. 1-ci Şah Abbas dövründə formalaşan şahsevənlərin 18-ci əsrdə 7 fərqli bölgədə yaşadıqları və onlarla oymağa ayrıldıqları məlumdur. Şahsevənlər arasında müstəqil tayfa hesab ediləcək cavanşirlərin 21, əvvəllər qacarlar arasında yer alan otuz ikili boyunun isə 32 oymağı yer alırdı. Dirəci və ya dərici adlanan Marağa və Təbrizdə məskunlaşmış tayfa 17 oymaqdan meydana gəlirdilər və dəriçiliklə məşğul olurdular. Təbrizli dəriçilər xürufiliyin banisi Fəzlullah Nəiminin özlərindən olduğunu iddia edirdilər.
 Bundan başqa, Qızılbaş dövlətinə tabe olmuş, öz daxili işlərində müstəqil olub dövlətin sonrakı siyasi-hərbi tarixində rol oynamış tayfalar da var. Tarixi mənbələrə əsasən, bu dövrdə qızılbaşlar, daha sonrasında Əfşar və Qacar dövlətlərinə tabe türkmən oymaqlarının sayı 150, qaşqay oymaqlarının sayı isə 120-150 arasında olmuşdur. Misal üçün, Şah I Abbasın sarayında böyük hörmətə sahib Cani Ağa Qaşqayi Qızılbaş şahı tərəfindən Fars əyalətinin hakimi təyin edilmişdi.

XIII hissə: Bu gündən sonra divanda, dərgahda, bərgahda, məclisdə və meydanda türkcədən başqa dil konuşulmayacaqdır…
                                            
 Səlcuqlar islami hökumət qurduqları halda türk qayda, adət və ənənələrinə də bağlı qalmışlar. Fars dilini dövlət dili seçmişlər, amma rəsmi yazılarında sultanın tuğrasını qoyur, sultanların başı üstündəki çətirdə hakimiyyət əlaməti olan ox və yay şəklini çəkdirirdilər. Orduda sağ və sol bölgüsü, turan taktikası, yas törəni (matəm mərasimi), leviratus (ölən qardaşın arvadını almaq), xanədana mənsub olanların qanlarını axıtmamaq üçün yay kirişi (kaman bağı) ilə boğdurmaq, sultan tərəfindən toy (ümumi qonaqlıq) vermək kimi adət və ənənələri bir qayda olub, türk turası (qanunu) ürfi hüququn əsasını təşkil edirdi. Toğrul bəy Bağdadı alıb, xəlifə tərəfindən Şərq və Qərb sultanı kimi tanındıqdan sonra, xəlifə ilə dini və dünyəvi işlərini bölüb, Bağdad şəhərinin idarəsi üçün də bir şihnə (əsgəri vali) və bir amid (qarayaxa vali) təyin etmişdi.
 Sultanın həmişə xidmətində olan musiqi dəstəsi (noubət) gündə beş namaz vaxtında musiqi çalardı. İmperatorluğun müxtəlif nahiyələrinə göndərilən məlik ünvanlı xanədan üzvlərinin gündə üç noubət çaldırmağa haqları var idi. 
 Siyasi təşkilatda daha çox Qəznəvi hökuməti və İran ilə Abbasi xilafəti hökumət sistemləri örnək götürülmüşdü.
 Saray, ya dərbar təşkilatına dərgah və bərgah da deyilirdi və o, haciblər, cubdarlar (dəyənəkçilər), silahdarlar, bayraqdar, camedar, şərabdar, abdar, əmiraxur, vəkile-xass, sərhəng, nədimlər, mühasiblərdən və bunların əmrində olan əsgərlərdən təşkil olunmuşdu. 
***
 Səlcuqlu ordusu Məlikşah zamanında orta çağın ən qüvvətli ordusu olub, dünya dövlətlərinə örnək sayılmışdı. Bu ordular müxtəlif qövmlərdən seçilərək alınan, xüsusi dərbad tərbiyəsilə yetişdirilmiş, birbaşa sultanın əmrində olan xüsusi ordu və məliklərin, valilərin əmrində olan əsgərlərdən ibərət idi. Bunlara qulamane-saray da deyilib, adları divan dəftərlərində siyahıya salınıb, ildə dörd dəfə maaş (aylıq) verilirdi. Ayrıca imreratorluğun hər tərəfinə dağılmış və iqtalardan maaşını təmin edən sipahilər var idi. Bir də lazım olanda xalqdan ücrətli əsgər (həşar) da toplanırdı. Dövlətin xarici sərhədlərində isə türkmənlərdən olan əsgərlər var idi. 
***
 İslam dünyasında səlcuqlar dövrü təlim və tərbiyə baxımından bir dönüm nöqtəsidir. Təlim işi ilk dəfə Alp Arslan zamanında nizam və proqrama salınıb, dövlət himayəsi altına alınmışdır. İlk böyük mədrəsə və ya universitet sultan Alp Arslan tərəfindən (1066) Bağdadda Nizamiyyə adı ilə qurulmuş, bu mədrəsəyə bazarlar, karvansaralar, hamamlar və əkin yerləri vəqf edilmişdir. Sonra İsfahan, Nişapur, Bəlx, Herat, Bəsrə, Tus və Amildə də Bağdad Nizamiyyəsi nümunələri qurulmuş, Bağdad Nizamiyyəsinin dərs mövzuları bütün islam ölkələrində əsrlərlə davam etdirilmişdir. Nizamiyyə mədrəsəsində dini fənlərlə yanaşı riyaziyyat, astrologiya və dilçilik də keçilirdi. Bağdad Nizamiyyəsi ehtimal ki, dünyada ilk universitet sayıla bilər. Bu mədrəsədə altı yüz min kitab vardı.
 Səlcuqlar zamanında ərəb dili, eyni zamanda fars dili də rəsmi dil olmuş, lakin saray və ordu dili türk dili olmuşdur. Böyük Səlcuq sultanları (Məlikşah, Səncər və b.) fars dilində şeirlər yazmışlar. 
 Anadolu səlcuqları da divan və dəftər dili kimi farscanı seçmişdilər, lakin 1277-ci ildə Qaraman oğlu Məhəmməd Konyanı alandan sonra aşağıdakı fərmanı yazdırıb, fars dilinin yerinə türk dilini rəsmi dil elan etmişdir: “Bu gündən sonra divanda, dərgahda, bərgahda, məclisdə və meydanda türkcədən başqa dil konuşulmayacaqdır”. Bu hadisədən sonra türkcə şeir yazmaq Anadoluda rəvac tapmağa başladı. Əlbəttə, ondan əvvəl də türk xalqı təsəvvüf şairi Əhməd Yəsəvinin hikmət və ilahiyyələrinin təsirilə türkcə şeirlər yazırdılar. Mövləvinin türk dilində 17 şeiri qalmışdır. Mövlanə zamanında yaşayan Əhməd Fəqih və Şiyar Həmzə, sonra Yunus Əmrə və Sultan Vəlid oğuz türkcəsilə ilk şeir nümunələrini yazmış, Gülşəhri və Aşıq Paşa kimi klassik türk şeirinin nümayəndələri üçün zəmin hazırlamışdılar. Yunus Əmrə Mövləvinin türk xalq dilində olan qarşılığı və bərabəridir. O, böyük ürfani məfhum və əqidələrini sadə türk dilində xalqın başa düşəcəyi şəkildə şeirlə bəyan etmiş, Anadolu təsəvvüf şeirində yeni bir dövr açmışdır.
***
 MONQOLLAR. Monqollar Çingizxanın başçılığı ilə Monqolustanı və Çini alandan sonra Türküstana gəldilər. Sonra Mavərənnəhr və İrana hücum etdilər. Bu zaman Şərqi Türküstanda uyğurlar qaraxitaylara tabe idilər. Monqollar onları məğlub edərək, özlərinə birləşdirdilər. Bu illərdə Xorasan və Mavərənnəhrdə sultan Məhəmməd Xarəzmşah hökmranlıq edirdi. 
 Xarəzmşahlar monqolların qarşısında dayana bilməyib, məğlub və tarmar oldular (1222). Monqollar Mavərənnəhri və Xorasanı tutdular, zorla aldıqları yerlərin çoxlarını xarabalığa çevirdilər, xalqını isə qırdılar. Sonra bütün İranı istila edib, Anadoluya tərəf yollandılar. 
 Bu zaman Azərbaycan və Fars əyalətlərində Atabəylər hakimlik edirdilər. Fars atabəyi monqollara tabe olduğunu bildirib, hədiyyələr göndərdi və bu şəkildə ölkəsini qurtara bildi. Monqolların bir qolu Cuçinin başçılığı ilə Azərbaycan və Qafqazı alandan sonra qıpçaq elini, Şərqi və Qərbi Rusiyanı tutdu, Qərbi Ləhistan və Macarıstana qədər yürüdülər.
 Monqol istilası İslam aləminin simasını dəyişdirdi. Monqollar Orta Asiyada yaşayan türk elləri ilə qarışıb, yeni ellər və millətlərin zühuruna səbəb oldular. Bu ellərin dili türkdilli olduğu halda, qövmi və etnik baxımdan monqollarla qarışıqdırlar. Özbək, qazax, qaraqalpak və Şərqi Türküstan türkləri bu qəbildəndirlər. Monqollar zamanında fars dililə yanaşı türk dili və mədəniyyəti də inkişaf etdi.
 Monqollar islam dinini qəbul etdikdən sonra daha çox türk və fars dil və mədəniyyətlərinin təsiri altında qaldılar. Çingizxan özü aldığı ölkələri dörd oğlu (Cuçi, Cığatay, Ugedey və Toli) arasında bölmüşdü. 
 Qara dənizin şimalı, qıpçaq bozqırı Türküstana qədər Cuçiyə verildiyi üçün, bu məntəqənin xalqına Cuçi ulusu (milləti) deyirdilər. Cuçi Çingizxandan qabaq öldü və oğlu Batu onun yerinə keçib Altun Ordu dövlətini qurdu. Çingizxan Orta Asiyanı (Türküstan) Cığataya, Xorasan ilə Güney Asiyanı isə kiçik oğlu Toliyə vermişdi. 
 Çingizxan öləndən sonra onun vəsiyyəti üzrə üçüncü oğlu Ugedey böyük xaqan oldu. Ondan sonra Ugedeyin oğlu Keyok xan onun yerinə keçdi. Lakin Keyok xan öləndən sonra onun yerinə Tolinin oğlu Menqu xaqan oldu. Menqu xaqan və ya Menqukaan qardaşı Qubilay xanı Çinin idarəsinə, digər qardaşı Hülaku xanı İrana elxan göndərdi.
 HÜLAKU ZAMANINDA İKİ MİLYON TÜRK MONQOLLARLA BƏRABƏR İRANA GƏLDİ VƏ BUNLARIN ÇOXU AZƏRBAYCANDA BİRLƏŞDİLƏR. Bu köçlər haqqında Rəşidəddin, Vəssaf və Abdulla Kaşani əsərlərində məlumat vermişlər.
 Hülaku dövründə Anadolu səlcuqları da monqollara bağlandı və Abbasi xilafəti aradan qaldırıldı. Menqukaan öləndən sonra Qubilay xaqan oldu. Lakin Qaraquma gəlmədi. Xanbalık adını verdiyi Pekində oturdu və beləliklə, monqol imperatorluğunun yerində dörd böyük dövlət quruldu.
 Cığatay və ya Türküstan dövləti daxili ixtilaflar nəticəsində get-gedə zəiflədi, nəhayət Teymur tərəfindən bu bəyliklər ortadan qaldırıldı və yerinə Teymuri imperatorluğu yarandı.  
 Altun Ordu dövləti uzun illər ruslar və lehistanlılarla savaşdı. Moskva və Kiyev şəhərlərini aldı və zamanla böyük imperatorluq halına gəldi. Nəhayət, Teymur zamanında Altun Ordu xanı Toxtamış xan Əmir Teymurla hərb edərək məğlub oldu və bu dövlət parçalanaraq, beş kiçik dövlət meydana gəldi: 1) Sibir xanlığı; 2) Həştərxan və ya Hacı Tərxan xanlığı; 3) Kazan xanlığı; 4) Noqay xanlığı; 5) Kərimə (Krım) xanlığı.
 Altun Ordu dövlətinin əksəriyyətini qıpçaq türkləri təşkil etdiyi üçün dövlətin dili türk dili olmuş, başda olan monqollar isə türkləşmişdilər.
 Altun Ordu dövlətinin parçalanmasından sonra ruslar regiona əmin-amanlıq gətirdilər, üzücü müharibələrə son qoyuldu. Ruslar şərqə tərəf genişlənib, bu xanlıqları bir-bir özlərinə tabe etdilər. Bu dövlətlərdən yalnız Krım xanlığı Osmanlı işğalı altına düşdü (1475) və nəhayət, 1783-cü ildə Rusiyaya birləşdirildi.
 Hülaku İranda Elxani dövlətini qurandan sonra Marağanı özünə paytaxt seçdi və Almaut qalasındakı batiniləri oradan qaldırdı. Sonra Bağdadı alıb Abbasi xilafətini aradan apardı (1358). 
 Hülaku zamanında onun alim vəziri Xacə Nəsrəddin Tusinin nəzarəti altında Marağada rəsədxana tikildi. 
 Hülakunun nəticəsi Qazan xan müsəlman oldu, paytaxtı olan Təbrizdə bir çox islahat və abadlıq işləri apardı. Qazan xan Təbrizin qərbində Şənbe-Qazan adında yeni bir məhəllə tikdirdi. Onun vəziri məşhur Rəşidəddin isə Təbrizin şərqində Rəbi Rəşidi adında bir kiçik şəhər tikdirdi. Rəbi Rəşididə otuz min ev, 1500 böyük dükan, 24 böyük karvansara, bir çox bağ, bostan, bağçalar, kağız, boya karxanaları, 200 hafiz üçün dərül-hüffəz (Quranı əzbərdən bilənlər üçün ev), altı min tələbə üçün bir tələbə məhəlləsi, üləma və müdərrislər üçün üləma xiyabanı, böyük dərül-şəfa (xəstəxana) tikdirib, bu dərül-şəfa üçün Hindistan, Çin, Misir və Şamdan əlliyə qədər tibb ustadları gətirilmiş, onlara bir çox assistentlər verilmişdi. Tələbənin pulsuz təhsili Bizansdan və Hindistandan gələn caziyədən, Şiraz, Bəsrə kimi şəhərlərdəki xüsusi vəqflərdən təmin olunurdu.
 Qazan xandan sonra qardaşı Olcaytu Zəncanın yanında Sultaniyyə şəhərini tikdirdi.
 Bu şəhərlər və məhəllələr sonradan zəlzələlər və siyasi hadisələrdən xaraba qalmışdır.
 Elxanilər zamanında Təbriz və Sultaniyyə Yaxın Şərqin iqtisadi və mədəni mərkəzləri şəklini almışdı. 
 Elxanilər dövləti Misir məmlüklərilə və Altun Ordu dövlətlərilə savaşlar nəticəsində zəiflədi, İranda baş verən qarışıqlıqların təsiri ilə Əbu Səiddən sonra parçalandı (1336). 
 Elxanilər zamanında memarlıqda və gözəl sənətlərdə böyük tərəqqi olmuş, fars dili tarixi və elmi əsərlər yazmaq üçün işlənmiş, “Tarixi cahanquşeyi Cüveyni” və “Came ət-təvarix” kimi əsərlər həmin dövrdə yazılmışdır. Bu dövrdə türk dili də (şərqi və ya uyğur türkcəsi) rəsmi dil kimi işlənmişdir.
 Cığatay oğulları və Altun Ordu xanları da Türküstan, Mavərənnəhr, qıpçaq ellərində islamın yayılmasına, türk ədəbiyyat və sənətinin tərəqqisinə çalışmışlar. Bu dövrdə Xaqani türkcəsinin yerini Xarəzm türkcəsi, 15-ci əsrdə isə Cığatay türkcəsi almışdır.

XIV hissə: Öküz gönü geyən… qısa boylu və qıvraq… qanunları yoxdur… dinclik nədir bilməzlər…

 TEYMUR İMPERATORLUĞU. Teymur (Dəmir) 1335-ci ildə Səmərqənd yaxınlığında Yaşılşəhərdə (Kiş və ya Şəhrisəbz) anadan olmuşdu. Atası Barlas türk qəbiləsi bəylərindən idi. Bu zaman Türküstan Cığatay xanlığının əlində idi.
 Teymur bir müddət qaynı əmir Hüseyn ilə birlikdə çalışdı və onlar monqollara qarşı üsyan etdilər. Sonra əmir Hüseyn ilə arası pozuldu və onunla savaşdılar. Əmir Hüseyn Bəlxdə hakim idi. Teymur onu məğlub edib, Bəlxi aldı və əmir Hüseyni öldürdü. Bundan sonra Bəlxdə toplanan qurultay Teymuru əmir elan etdi. Sonra Teymur Səmərqəndə gəldi, oranı alıb özünə paytaxt elədi (1369). 
 Teymur əmir olandan sonra bir çox hərbi səfərlərə çıxdı. 36 il əmirlik zamanında Şərqi Türküstanı, Xarəzmi, İranı, Qafqazı, Qıpçaq elini, Hindistanı, Əfqanıstanı və Anadolunu alaraq böyük bir imperatorluq qurdu. Bu zaman Toxtamış Altun Ordu dövlətinin başında idi. Qabaqcadan Teymurla arası yaxşı olan Toxtamış, Teymur cığatayların ölkəsini alandan sonra, araları pozuldu. Çünki Teymur Çingizxan nəslindən deyildi və ona görə də Toxtamış onun hakimiyyətini həzm edə bilmirdi.
 Nəhayət bir çox keşməkeş və savaşlardan sonra Teymur Toxtamışı məğlub etdi və Altun Ordunun aradan getməsinə səbəb oldu.
 Sonra Azərbaycanda müzəffərilərin hökmranlığına son verib, İraqa yürüdü və sultan Əhməd Cəlayirin hökumətini məğlub etdi. Sonra Hindistana səfər elədi (1398). 
 Sonra Bağdada gəlib, bura qayıdan sultan Əhməd Cəlayiri qaçırtdı. Bu dəfə sultan Əhməd Osmanlı sultanı İldırım Bəyazidə sığındı.
 Bu sırada Şərqi Anadolu və Azərbaycanda hökumət qurmuş olan Qaraqoyunlulara hücum edib onların əmiri Qara Yusifi qaçırtdı.
 Əmir Teymur İldırım Bəyaziddən sultan Əhməd Cəlayir və Qara Yusifin geri verilməsini istədi. İldırım Bəyazid onun istəyini rədd etdi. Teymur da Anadoluya hücum etdi və sonra Səmərqəndə döndü. Bir az sonra Çinə hücum etmək istədi. Lakin xəstələnib Otrar (Fərab) şəhərində 71 yaşında vəfat etdi. 
 Öz dövründə dünyanın hərbi-syasi mübarizəsinə güclü təsir göstərmiş sərkərdə Əmir Teymur haqqında fikirlər birmənalı deyil. Bir çox tədqiqatçılar onun rus kökənli olduğunu qeyd edirlər. Onu Avrasiya (Tartariya) imperatoru kimi də səciyyələndirirlər. Çingiz xanın “Yasa”sından sonra “Əmir Teymurun vəsiyyətləri” adlı əsəri ilə dünya ordu quruculuğu və idarəçiliyi haqqında öz dövrü üçün yeni bir mükəmməl sənəd yaratmışdır.
***
 Teymur öləndən sonra oğlanları və nəvələri arasında hakimiyyət üstündə ixtilaf çıxdı, nəhayət kiçik oğlu Şahrux imperatorluğun çox hissəsini ələ keçirdi və 40 il hökmranlıq etdi. Şahrux adil və elm sevən bir adam idi. Müharibələr dövründə xaraba qalmış yerləri təmir etməyə çalışdı. Xanımı Gurşad Məşhəddə Gövhərşad məscidini və bir də Heratda həmin məscidin tayını tikdirdi.
 Şahrux öləndən sonra yerinə Uluqbəy keçdi. Uluqbəy alim və adil bir əmir idi, onun və atası Şahruxun zamanında Səmərqənd böyük bir kültür mərkəzi oldu. Uluqbəy əqidəli bir müsəlman idi, elmlərə, xüsusən astronomiya və nücum elmlərinə çox maraqlı idi. O, rəsədxana tikdirib, özü də nücum ilə məşğul oldu. Lakin iki il sonra oğlu Əbdüllətifin də əli olduğu bir sui-qəsddə öldürüldü (1149). Onun dostu və həmkarı Əli Quşçu İstanbula qaçdı, orada dostunun və özünün elmi nəzərlərini yazdı. 
 Teymurilərdən sultan Hüseyn Baykara paytaxtı Herata keçirib, oranı bir elm və ədəb mərkəzi elədi. Onun qiymətli dostu və əmiri Əlişir Nəvai Herat məktəbinin (akademiya) qurucusu və hamisi idi.
 1501-ci ildə Batu nəslindən olan şeybanilər (Məhəmməd xan Şeybani) Səmərqəndi alıb, özbəklər xanlığını qurdular və Teymurilər hökumətinə son verdilər. 
 Türklər haqqında bəzi Qərb tarixi mənbələrində ilginc, bəzən də xoşagəlməz məlumatlarla rastlaşırıq. Maraqlı olar deyə, onların bəziləri ilə tanış etməyi lazım bildik.
 “Onlar (tatarlar) yeyilə bilən hər şeyi yeyirlər; həm də it, qurd, tülkü, at və məcbur olarlarsa, insan əti yeyirlər… hətta bit də yediklərini gördüm və belə deyirlər: “Uşağın ətini yeyən və qanını soran bunları niyə yeməyim?” Bundan başqa siçan da yediklərini gördüm”. Missioner keşiş Covanni de Pien del Kapri, 13-cü əsrdə yazırdı.
 “Yediklərlə şeylərlə bağlı olaraq bunu bilməyiniz lazımdır ki, onlar (tatarlar) ölmüş heyvanların hamısını heç bir ayrılıq fərq qoymadan yeyirlər”. Bunu isə missioner Rubrik yazır.
 “İyrənc bir şeytan milləti… Çəyirtkə sürüləri tək yer üzün yayılaraq (Avropanın) şərq sahəsinə qorxunc fəlakətlər gətirmişlər, od və qırğınlarla buraları məhv ediblər… Şəhərləri yerlə bir ediblər, ormanları kəsiblər, qalaları yıxıblar, bağ-bostanı dağıdıblar, bağçaları yox ediblər, şəhərliləri və kəndliləri öldürüblər… Bunlar qana susamış və qaniçən, itlərin və insanların ətini parçalayıb yeyən, öküz gönü geyən, zirehlərlə bürünmüş, qısa boylu və qıvraq, dolu bədənli, qüvvətli, yenilməz, yorulmaz, kürəkləri zirehsiz, lakin köksləri zirehlə örtülü, insanlıqdan xaric vəhşilər və insandan çox canavarlardır… Qanunları yoxdur, dinclik nədir bilməzlər, aslandan və ya ayıdan daha yırtıcıdırlar”. İngilis keşişi və tarixçisi Matte, 1259-cu il. 
 Tanınmış Ukrayna şairi Taras Şevçenkonun 1843-cü ildə yazdığı “Nazar Stodolye” pyesinin epizodlarından birində uşaqları yeyən “türk şahzadəsi”nə dair əfsanədən söz açılır: “Macarıstan zadəgan torpaqlarının sonunda uca bir dağ yerləşir. O dağda dərin bir yuva var. Yuvada nə heyvan, nə də quş yaşayır. Orada türk şahzadəsi oturub. Yüz min ildir ki, nə qocalır, nə cavanlaşır, gündən-günə daha da qəzəbli olur: gün çıxandan batana qədər yeməklə məşğuldur. Özü də nə çörək yeyir, nə toyuq, nə də adi insan qidası,- körpə uşaqları yeyir. Çünki hələ Türkiyədə hamilə olanda bir erməni həkimi ona qız doğacağını deyib. Və bu qızın böyüyəndə ondan min dəfə gözəl olacağını söyləyib. Doğrudan da, şahzadənin qızı olub. Uşaq doğulan kimi anası onu yeyib. Elə o vaxtdan yuvada oturub uşaqları aşırır. Onların xaç suyuna salınıb-salınmamaları da vecinə deyil. Elə yeyir- qızları da oğlanları da”. Bütövlükdə əfsanə romantik xarakterə malik olsa da, eyni zamanda onda “türk torpağı”na qarşı müəyyən mənfi münasibət var.   
***
 BƏZİ TOPONİMLƏR BARƏDƏ. Axtaçı- Azərbaycanda bu adla bağlı yerlər mövcuddur. Axtaçı axta, axtalamaq sözündən yaranmışdır. Qədimlərdə monqollarda atlara baxana və sıraya düzənə axtaçı deyirdilər. Axtaçı Çingizxan səltənətində böyük vəzifə hesab edilirdi. Axtaçı adlı nəsil və kəndlər monqollarla bağlıdır.
 Şatır- bu adla bağlı da Azərbaycanda, eləcə də Türkiyədə çoxlu yer və tayfa adları mövcuddur. Qazax rayonunun, eləcə də Gəncəbasarın ərazisində yaşayan şatar və ya şatırlı tayfasının əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq və ilxıçılıq olmuşdur. Onlar yaşadıqları dəyələri və bir yerdən başqa yerə köçərkən istifadə etdikləri iri arabaları şatır adlandırmışlar (Rusların şatyor adlandırdıqları ticarət çadırı da həmin sözdəndir).
 Şorbaçı- məlum olduğu kimi, qədim türklərin əsas yeməyi şorba olmuşdur. Ayrı-ayrı qəbilələr hökmdarlar qarşısında müəyyən işləri görməyə borclu idi. Şorbaçı hərbi yürüş zamanı ordunu yeməklə təmin edən qəbilə olmuşdur. Respublikamızın bir neçə yerində bu ad qalmaqdadır.
 Qarazəncir- bu kəndin adının bəzi toponimistlər əncir meyvəsinin təhrif edilmiş forması olan incildən yarandığını iddia edirlər. Əslində incilli toponimi Elxanilər dövləti hökmranlığında və sülalə üzvlərinin mülkiyyətində olan torpaqlara verilən incu adı ilə bağlıdır. Təsadüfi deyildir ki, kənd yaxınlığında İnçə torpaqları deyilən ərazi də mövcuddur. Respublikamızdakı bu və İncilli adı ilə bağlı kəndlər qıpçaqların incə tayfasının adı ilə də bağlı ola bilər.
***
 BABUR İMPERATORLUĞU. Hindistanda 11-ci əsrin başında qəznəvilər tərəfindən türk dövləti qurulmuş, bunların dövlətini qurlar yıxıb Qur dövləti qurmuşdular.
 Qurlardan sonra hakimiyyət Misirdə olduğu kimi, türk məmlük komandanlarının əlinə keçdi. Bunların dövlətə Dehli sultanlığı deyilirdi və 1206-1526-cı illər arasında Hindistanda səltənət etdilər. Nəhayət Teymurun övladlarından Babur şah Hindistanı alıb orada Teymurilər dövlətini və ya avropalıların yanlış olaraq dedikləri Böyük Moğol dövlətini qurdu.    
 Babur 13 yaşında ikən atası Ömər Mirzə Qurqan valisi oldu və Babur atasının yerinə oturdu (1494). Şeybanilər Səmərqəndi alandan sonra onlarla savaşmağa məcbur oldu. Lakin nəticə əldə edə bilmədiyi üçün Əfqanıstana çəkildi. Əvvəlcə Kabulu, sonra da Qəndəharı alaraq orada yerləşdi. 1525-ci ildə isə Hindistana girdi. Dehli və Aqra şəhərlərini alaraq, Benqala qədər Şimali Hindistanı özünə tabe etdi. O, Aqra şəhərini paytaxt seçib Babur imperatorluğunu qurdu. Bu dövlət 1858-ci ilə qədər, yəni ingilislərin Hindistanı almaqlarına qədər davam etdi, beləliklə, Hindistanda qurulan türk dövlətlərinin ən böyüyü, kültür və mədəniyyət sahəsində ən qabaqcılı oldu.
 Babur və onun övladları türk, fars dil və kültürünü Hindistanda yayıb, şeir və ədəbiyyat, gözəl sənətlər, xüsusən memarlıqda gözəl əsərlər yaratmışlar. Onlar türk, fars, ərəb və sanskrit dillərindən mürəkkəb urdu dilini icad etmişlər.
 QARAQOYUNLULAR. 15-ci əsrin əvvələrindən qaraqoyunlular Qara Yusifin başçılığı ilə Azərbaycanı teymurilərdən, İraqı sultan Əhməd Cəlayirdən aldılar. Bu sırada Şərqi Anadolu türkmənlərindən böyük kütlələr Azərbaycana gəlib yerləşdilər (1403).
 Qaraqoyunlular monqollar zamanında Ceyhun məntəqəsindən gəlib Şərqi Anadoluda yerləşmişdilər. Teymur öləndən sonra isə Azərbaycanı alıb Təbrizi paytaxt seçdilər. Qara Yusifdən sonra onun oğlu Cahanşah hökuməti ələ alıb Sistana qədər irəlilədi. 
 Cahanşah türkcə və farsca şeir söyləmiş və Həqiqi təxəllüsünü seçmişdir.
 Təbrizdə Göy məscidi o tikdirmişdir. Özü isə Uzun Həsənlə savaşda ölmüş və Göy məsciddə dəfn edilmişdir.

XV hissə: Onun əqidəsinə görə türkcə oxumaq da bir ibadətdir və onunla savab qazanılır

 AĞQOYUNLULAR. Ağqoyunlu, əvvəclə bir tayfa və onun qurduğu əmirliyin, sonra bir ulus və onun qurduğu bir imperatorluğun, dövlətin başında olan xanədanın adıdır.
 Ağqoyunlular özlərini oğuz elinin Bayandur boyundan bilirdilər. Ona görə də onlara Bayandurxan oğlanları və ya Bayanduriyyə də deyilmişdir.
 Ağqoyunlu el və ya tayfasını təşkil edən qəbilələr bunlardır: Purnək, Mosullu, Xoca-Hacılu, Həmzə-Hacılu, Dabanlu, Əhmədlu, İzzəddin-Hacılu, Heydərlu, Əmirlu, Yurtçu, Şeyxlu, Süleyman-Hacılu, Çavundur, Dodurğa, Dögər, Qarqın, Əfşar və Begdili. Bu qəbilələrin ən mühümü Purnək və Mosullu olmuşdur.
 Bu qəbilələr el halında Şərqi Anadoluda yerləşib, yayda Ərzincan-Ərzurum arasında, qışda isə Urfa, Mardin ərazisində köçəri halında yaşardılar. Monqol istilası zamanında isə digər türkmanlarla bərabər Anadoluya gəlib, bu məntəqələrdə yerləşmişlər. 
 Ağqoyunlu xanədanı əmirlik qurub, siyasi qüdrət qazanandan sonra, Hələb və ya Suriya türkmanlarından, Zülqədər elindən də bu elə qatılmışlar. Ağqoyunluların böyük padşahı Uzun Həsən Qaraqoyunlu dövlətini yıxıb onun torpaqlarını zəbt etdikdən sonra, Ağqoyunlu elinin mühüm bir qismi İrana gəldi və burada yerləşdi.
 Ağqoyunlular Anadoluda ikən mərkəzləri Diyarbəkirdə olub, 1340-cı ildə başlarında Tur Əli bəy dururdu. Tur Əli bəy qonşu bəylərlə birlikdə Trabzon Rum imperatorluğuna hücum edib, Trabzonu mühasirə etmişdi. Bu savaşdan tutarlı bir nəticə almadılarsa da, imperatorun gözünü qorxutmuşdular. İmperator Tur Əli bəyin dostluğunu qazanmaq üçün, bacısı Mariyanı Tur Əli bəyin oğlu Qutluq bəyə verdi.
 Tur Əli bəydən sonra oğlu Qutluq bəy elin başına keçdi (1362-1388). Bu zaman Qaraqoyunlular başbuğları (sərkərdə) Bayram Xoca olduğu halda Mosuldan Ərzuruma qədər olan yerlərdə hakimiyyəti ələ keçirtdilər.
 Qutluq bəydən sonra oğlu Qara Yuluq Osman atasının yerinə keçdi. Qara Yuluq çox cəsarətli, savaşcıl br sərkərdə olub, əmir Teymurla birlikdə Sivas, Suriya və Ankara savaşlarında iştirak etmiş, Ankara savaşından dönəndən sonra əmir Teymurun icazə və fərmanı ilə Diyarbəkirdə yerləşib, orada Ağqoyunlu əmirliyini qurmuş (1403), dövlətini genişləndirməyə çalışmışdır. Bu hadisədən neçə il əvvəl Qara Yuluq Sivas əmiri və böyük azəri şairi Qazi Bürhanəddinin xidmətinə girmiş, lakin az müddət sonra ondan ayrılıb, ona qarşı hərb etmiş və bu hərbdə Qazi Bürhanəddin öldürülmüşdür (1398).
 Qara Yuluq Osman da atası kimi Trabzon imperatoru Aleksisin bir qızı ilə evlənmişdir. Bu evlənmə imperatorun təklifi ilə və siyasi məqsədlə olmuşdur. Qara Yuluq Osman 80 ildən çox yaşamışdır. Əbu Bəkr Tihraninin Uzun Həsən zamanında yazdığı “Kitabi Diyarbəkriyyə” adlı Ağqoyunlu tarixində onun üç yüzə qədər savaşda iştirak etdiyi nəql edilmişdir. O, dövlətini Ərzurumdan Ərzincana və Ərzincandan Mardinə qədər genişləndirmişdir. Qara Yuluq Misir məmlükləri, qaraqoyunlularla savaşıb, sonunda Ərzurum savaşında Qaraqoyunlu əmirlərindən İskəndər bəyə məğlub oldu (1435). İbn Tağrıberdi (Tanrıverdi) onun Ərzuruma girərkən divarların kənarındakı xəndəyə düşüb, boynunun sındığını və bu səbəbdən öldüyünü yazır.
 Qara Yuluq oğullarından Əli bəyi vəliəhd təyin etmişdi. Əli bəy atasının yerinə keçən kimi qardaşlarından Həmzə bəy, Məhəmməd bəy və əmi oğulları onunla müxalifət etdilər. Əli bəy Mardin valisi olan qardaşı Həmzə bəyin qarşısında dayana bilməyib Misir və Osmanlı padşahlarından yardım istədi. Lakin onlardan kömək gəlmədiyi üçün, Suriyaya gedib ömrünün sonuna qədər orada qaldı və beləliklə Həmzə bəy Ağqoyunlu əmiri oldu. O, Diyarbəkir Əli bəydən, Ərzincanı digər qardaşı Yaqubdan aldı və qaraqoyunlularla müharibədə müvəffəqiyyət qazandı. Misir məmlük dövlətindən də əmirlik mənşuru aldı və nəhayət 1444-ci ildə öldü. 
 Ağqoyunlulardan ilk dəfə pul zərb edən əmir Həmzə olmuşdur. Həmzə bəy öləndən sonra Əli bəyin oğlu Cahangir hakim olduğu Urfadan gəlib əmisinin məmləkətinə sahib durdu. Cahangir də atası kimi bir tərəfdən qaraqoyunlular və onları padşahı Cahanşah, digər tərəfdən əmiləri, əmi oğulları ilə savaşmağa məcbur olmuş, babası Qara Yuluq kimi bütün ölkəni birləşdirməyə çalışmışdır. Bir müddət Cahangirə yardım edən kiçik qardaşı Uzun Həsən ani bir basqınla Diyarbəkiri almış (1453), qardaşları Cahangir və Uveyslə dəfələrlə savaşaraq onları məğlub edib, onların köməyinə gələn Qaraqoyunlu ordusunu da məğlubiyyətə uğratmışdır (1457). Nəhayət qardaşlarını da özünə tabe etmişdir. Bu zaman Uzun Həsən 28 yaşında idi. Uzun Həsən cəsarət və aqilanə hərəkətlərlə böyük nailiyyətlər əldə edib hakimiyyət hüdudlarını genişləndirdi. 
 Uzun Həsən arıq və uzunboylu olduğu üçün bu cür adla məşhur olmuşdu. O da babası Qara yuluq kimi Trabzon imperatorunun qızı ilə evlənmişdi. O, fateh Sultan Məhəmmədin 1462-ci ildə Trabzonu fəth edib Komnenlər səltənətinə son verməyinə qarşı gəlmək istədisə də, buna mane ola bilmədi.
 1467-ci ildə Cahanşah Qaraqoyunlu Uzun Həsəni tabe etmək üçün ordusu ilə ağqoyunluların ölkəsinə yürüdü. Qış fəslini keçirəndən sonra, soyuğun təsiri ilə əsgərlərin mühüm bir qismi yurdlarına dönüb, baharda təkrar savaş səfərinə çıxmaq istədilər. Cahanşah da onların bu istəyi ilə razılaşıb, onların çoxunu ölkələrinə göndərdi, özü də yaxınları ilə yola çıxdı, Bingöl vilayətinin bir bölgəsində yerləşib eyş və nuşla məşğul oldu. Bu xəbəri alan Uzun Həsən altı min ordu ilə Qaraqoyunlulara hücum edib onları məğlub etdi. Cahanşah onu tanımayan bir əsgər tərəfindən öldürüldü, iki oğlu və bütün bəyləri əsir edildilər. Bu zəfər bir imperatorluğun çökməsi və digər imperatorluğun doğmasını ifadə edirdi. Cahanşahın yerinə keçən oğlu Həsənəli əsgərlərinin çoxluğuna baxmayaraq Mərənddə məğlub oldu, onun istəyi ilə yardıma gələn teymurilərdən Əbu Səid də məhv edildi (1469). Bu xəbər hər tərəfə yayıldı və hamının heyrətinə səbəb oldu. Həmin ayda Kirmanın fəthi və Bağdadın alınması ilə (1470) Ağqoyunlu imperatorluğu quruldu. 
 İmperatorluğun hüdudları qərbdə Sivas və şərqdə Kirmanın Nərmaşir şəhəri idi. Bundan sonna Uzun Həsən dünya padşahı olmağı və Misir-Osmanlı ölkələrini alıb, özünə tabe etməyi düşünürdü. Bunun üçün Avropa dövlətləri, xüsusən Venesiya dövləti ilə yaxın münasibət qurub, top və əsləhə sifariş verdi. Uzun Həsən Qaraqoyunlu dövlətini aradan aparandan sonra, onların paytaxtı olan Təbriz şəhərini özünə paytaxt seçmiş, Anadoludakı Ağqoyunlu ulusuna (el, milllət) bağlı olan boy (qəbilə) və oymaqların (tayfa) çoxunu İrana gətirmiş, burada onlara iqtalar vermişdir.
 1473-cü ildə sultan Məhəmmədə qarşı başladığı savaşda Tərcanda (Ərzincanın yaxınlığında) məğlubiyyətə uğramış, bu hadisədən çox mütəəssir olmuşdur. 1476-cı ildə dördüncü dəfə olaraq Gürcüstana hücum etmiş və 1478-ci ildə Təbrizdə vəfat etmişdir.
 Uzun Həsən cəsur, bilikli və adil bir sultan idi. Salnaməçilər ona “Sultani adil” ləqəbi vermişlər. Ondan əvvəl kəndli və əkinçilərin vəziyyəti vergilərin artması ilə pisləşmişdi. Bu vəziyyəti islah etmək üçün Uzun Həsən “Qanunnaməsi”ni və ya “Həsən padşah qanunları”nı çıxartdı. Bu “Qanunnamə”yə görə vergi məhsulun altıda birinə və tamğa (ticarət mallarına qoyulan vergi) malın yüzdə beşinə düşürdü. Bu “Qanunnamə” Səfəvilər zamanında da uzun müddət qüvvədə idi. Bütün ömrü mücadilə və savaşlarda keçən bu padşah, elmə çox əhəmiyyət verib alimləri himayə edirdi. Həftədə bir alimləri dərbara dəvət edir, onlar üçün mübahisə məclisi qururdı. Əbu Bəkr Tihrani Ağqoyunlu tarixi olan “Kitabi Diyarbəkriyyə”nin çox qismini Uzun Həsənin ağzından eşidərək yazmışdır.
 Uzun Həsən ana dilinə və elinə çox bağlı idi. O, özünü Oğuzxan və onun nəvəsi Bayandur xanın nəslindən bilib türk dilinə bağlılıq göstərmişdir. Ondakı dini etiqad da möhkəm olub, bu səbəbdən “Qurani-kərim”i türk dilinə tərcümə etdirmiş, onu hüzurunda oxudurdı. Onun əqidəsinə görə müqəddəs kitabı türkcə oxumaq da bir ibadətdir və onunla da savab qazanılır.
 Uzun Həsən öləndən sonra böyük oğlu Xəlil yerinə oturdu. O, ləyaqətsiz bir gənc idi və sultan olan kimi qardaşı Məqsudu günahsız öldürdü. İşlərinə qarışmağa imkan verməmək üçün bacarıqlı anası Şəhbəyimi qardaşı Yaqub bəylə birlikdə Diyarbəkirə yolladı. Yaqub bəy anasının köməyi ilə Anadoludakı bəyləri öz ətrafına yığıb, qardaşı əleyhinə üsyan qaldırdı. Xoy çayı kənarında olan savaşda sultan Xəlil məğlub oldu və tikə-tikə edildi (1478). Beləliklə, Yaqub bəy Ağqoyunlu sultanı oldu. Yaqub bəyin on iki illik hakimiyyəti bu dövlətin parlaq bir dövrünü təşkil edir. 
 Sultan Yaqub 1486-cı ildə Gürcüstana hücum etdi, Axıska və Xatun qalalarını alandan sonra, zəngin bir qənimətlə geri döndü.
 1487-ci ildə şeyx və ya sultan Heydər Şirvanşah Fərrux Yassarın ölkəsini almaq üçün Arrana qoşun çəkdi. Ağqoyunlu sultanına tabe olan Fərrux Yassar ondan yardım istədi. Sultan Yaqubun göndərdiyi ordu ilə savaşda şeyx Heydər bir oxla yaralanıb öldü. Sultan Yaqub bu hadisədən Səfəvi xanədanının ona qarşı böyük bir təhlükə təşkil etdiyini anlayıb, sultan Heydərin oğulları Sultan Əli, İbrahim və İsmayılı anaları ilə birlikdə Farsdakı İstəxr qalasında həbs etdirdi. 1490-cı ildə baş verən taun xəstəliyi ilə Şahbəyim və Yaqub öldülər (bir rəvayətə görə, Yaqub bəy zəhərlənmişdir). Sultan Yaqub adil və ağıllı bir şah idi. Şair və alimlərə, şeyxlərə himayə edərdi. Özü də türkcə və farsca gözəl şeirlər yazırdı. Onun dövründə Təbriz şair, nəqqaş və digər sənətkarlarla alimlərin toplaşdığı mühüm bir mədəniyyət mərkəzinə çevrilmişdi.
 Sultan Yaqubdan sonra oğullarından Baysanqur padşah oldu, bundan sonra Ağqoyunlu dövlətinin çökmə və yıxılma dövrü başlandı, neçə il keşməkeş və xanədan savaşlarından sonra şah İsmayıl tərəfindən ilhaq edildi.
 Baysanqur sultan olduğu zaman doqquz yaşında idi, onun üçün atabəyi mosullu Sufi Xəlil dövlətin idarəsini ələ aldı. O, zalim və kinli bir bəy idi. Onun zülm və hakimiyyətindən bezikən bəylər Diyarbəkir valisi Süleyman Biçən ilə birləşib Sufi Xəlili məğlub etdilər və öldürdülər. Süleyman padşahın atabəyi olub dövləti idarə edirdi. Lakin bir az sonra əmirlərin bir qismi Əlincə qalasına məhbus olan Uzun Həsənin nəvəsi Rüstəm bəyin ətrafına toplaşıb, onu sultan elan etdilər. Süleyman ilə Baysunquru isə məğlub etdilər. Baysunqurun sultanlığı bir il çəkdi.
 Rüstəm bəy 1492-ci ildə Ağqoyunlu sultanı oldu, beş il çəkən hakimiyyəti çəkişmə və davalarla keçdi. Rüstəmi bəy sultan Heydərin oğullarını İstəxr qalasından çıxartdı. Sultan Əli bir müddət müridləri ilə Rüstəm bəyin yanında qaldı, lakin sonradan araları pozuldu və Sultan Əli məğlub edilərək öldürüldü. Sultan Əlinin qardaşı İsmayıl müridləri tərəfindən Gilana qaçırıldı (1492). Bu əsnada İsmayılın altı yaşında olduğunu yazırlar. Bir az sonra Uzun Həsənin nəvəsi (Uğurlu Məhəmmədin oğlu) və fateh Məhəmmədin qız nəvəsi Gödək Əhməd İstanbuldan gəldilər, əmirlərinin xəyanətinə uğrayan Rüstəm bəyi məğlub edib öldürtdülər, hökuməti ələ aldılar. Sultan Əhməd hakimiyyətinin əsasını möhkəmləndirmək üçün hökumət dəyişdirməyə adət etmiş macəraçı bəyləri aradan aparmaq istədisə də, onlar daha qabaqdan hərəkətə keçib üsyan etdilər və Sultan Əhmədi öldürdülər. Bir il sultanlıq edə bilən Əhməddən sonra, hərc-mərclik daha da artdı. Bu zaman Ağqoyunlu əmirləri bir neçə dəstə olub, Uzun Həsənin oğlu Yusif bəyin iki oğlu Əlvənd və Məhəmməd bəyi, sultan Yaqubun oğlu Murad bəyi müxtəlif yerlərdə sultan elan etdilər, daxili savaşlara başladılar. Bu savaşlarda əmirlərin bir çoxu və Məhəmməd bəy öldülər.

XVI hissə: Başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suçlu sayılırdı 

 1500-cü ildə Murad ilə Əlvənd imperatorluğu aralarında bölüşdürdülər. Azərbaycan və Diyarbəkir- Əlvənd Mirzəyə, İran (Əcəm), İraq, Fars ilə Kirman- Murad bəyə verildi. Bu çəkişmələrin nəticəsində xalq pərişan, ölkə isə xaraba olmuşdu. Böyük bəylərin əlində oyuncaq halında olan bu iki gənc padşah xəzinədə pul qalmadığından və əmirlərin mərkəzi tanımamasından müşkül vəziyyətə düşdülər. Belə müşkül vəziyyətdə sultan Heydərin kiçik oğlu İsmayıl Gilandan neçə yüz atlı ilə yola çıxıb Ərzincana getdi (1499). Ərzincandan Anadolunun hər tərəfinə xəbərçi göndərib, Səfəvi xanədanının müridlərini çağırdı. Bu müridlər böyük bir şövqlə Ərzincana gəldilər. İsmayıl bunlardan beş minə qədər ordu hazırlayıb Şirvana tərəf hərəkət etdi. Müridlərin mühüm qismi köçəri oymaqlara (Ustaclu, Şamlu, Zülqədər, Varsaq, Turqutlu, Əfşar və Qacar), bir qismi də kəndlilərə (Rumlu və Təkəlu) mənsub idilər.
 Şirvanşahla savaşda Fərrux Yassar məğlub oldu və öldürüldü. Bu vəziyyəti görən Əlvənd Mirzə qüvvəsini yığıb Naxçıvan yaxınlığında Səfəvi qoşununun qarşısına çıxdı, çoxlu itki verəndən sonra məğlub olaraq Diyarbəkirə qaçdı. Bundan sonra İsmayıl Təbrizə gəlib taxta oturdu, şahlığını elan etdi, on iki imam adına xütbə oxudub pul basdırdı və Səfəvi dövləti rəsmən quruldu (1501). Bu vaxt Şah İsmayıl 15 yaşında idi.
 Əlvənd Mirzə Diyarbəkrdə hakimiyyətini təkrar ələ gətirmək üçün çalışsa da, müvəffəq ola bilmədi və 1504-cü ildə orada vəfat etdi.
 Şah İsmayıl 1503-cü ildə sultan Muradı məğlub edib Fars əyalətini, sonra İraqı və Diyarbəkiri aldı, Ağqoyunlu imperatorluğunun bütün torpaqlarını zəbt etdi. Sultan Murad Osmanlı padşahına sığınıb, sultan Səlim ilə birlikdə İrana gəldi və sonra hökuməti ələ almaq üçün Diyarbəkirə göndərildi. Lakin orada Səfəvi əmirləri ilə savaşda öldürüldü (1514).
 Ağqoyunlular zamanında bütün ölkə əski türk ənənəsinə görə xanədanın mülk sayılırdı. Sultanın oğulları ölkənin müxtəlif əyalətlərində vali, digər şahzadələr də əmir təyin edilirdilər. Ağqoyunlu dövlətində ölkə Azərbaycan, Aran, Diyarbəkr, İraq, Fars, İsfahan, Kirman və Qəzvin əyalətlərinə bölünmüşdü. Bu əyalətlərə sultanın oğulları, qardaşları, əmi oğulları və ya boy rəisləri vali təyin edilirdilər.
 Sultan öləndən sonra əksər hallarda onun seçdiyi vəliəhd sultan olurdu. Lakin çox vaxt yeni sultanın əleyhinə digər şahzadələr üsyan edib, daxili savaş aparırdılar. Nəticədə səltənət müvəffəq olanın əlində qalırdı. Ağqoyunlu dövlətinin az müddətdə aradan getməsinin səbəblərindən biri də bu məsələ idi.
 Uzun Həsən zamanında idari təşkilatın mərkəzi böyük divan idi. Divanın rəisi divanbəyi və ya sahibi-divan adlanırdı. Divanbəyinin yanında “sahib” deyilən vəzirlər, hər biri vəzarətə (vəzirlik, nazirlik) bərabər olan işraf divanları (təftiş, tuğra və ya nişan, istifa, yəni maliyyə), cəza və nizami işlərə baxan ədl və ərz (şikayət) divanları, qazi əsgər (hərbi məhkəmə) və pərvanəçi (sənədləşmə üzrə məmur) var idi. Bunlardan başqa bəzi böyuk bəylər də divanın təbii üzvləri idilər.
 Böyuk bəylərin hər biri vilayətlərdə bir şahzadənin atabəyi idi. Əyalətlərdə də divanın kiçik bir nümunəsi qurulmuşdı.
 Uzun Həsən fütuhatından sonra dərbar təşkilatını da genişləndirmiş, Təbrizdə İstanbul dərbarının əzəmətində bir dərbar qurmuşdu. 
 Uzun Həsən ordu təşkilatını nizami şəkildə qurmuşdu. Ordunun əsas qismini xüsusi əsgərlər təşkil edirdi. Onlar daim xidmət edib dövlətdən maaş alırdılar. Qəsəbə və kəndlilərdən alınan piyada əzəblərlə (subay, evli olmayan) köçəridən alınan çeriklər ancaq savaş zamanında maaş alırdılar. Bir də vilayətdlərdəki bəylərin əmrində və torpağa bağlı olan timarlı sipahilər (himayədə olan hərbçilər) var idi. Ağqoyunluların bayraqları ağ rəngində olub üstündə qoyun başı var idi. Uzun Həsəndən sonra gələn hakimlər adlarının başına sultan, sonuna padşah, xan və ya bahadır ünvanlarını əlavə edib, pul, fərman, damğa və yazılarında da bu ünvanları işlədirdilər. 
 Uzun Həsən bəyin “Qanunnamə”si əkinçi, sənətkar və tacirlərdən alınan vergilərin adilanə bir şəkildə toplanması, tənzim edilməsi üçün yazılmışdır. Onun “Qanunnamə”si Səfəvilər tərəfindən uzun müddət, Osmanlılar tərəfindən də bir müddət tətbiq edilmişdir.
***
 SƏFƏVİLƏR. Səfəvilər ərdəbilli Şeyx Səfiəddinin övladlarıdır. Onlar İranın keçmiş torpaqlarını yenidən birləşdirib, şiə məzhəbini İranın rəsmi məzhəbi etmişlər.
 Şeyx Səfiəddin 1251-ci ildə monqol Elxanilərin zamanında Ərdəbildə anadan olmuş və 1334-cü ildə 82 yaşında vəfat etmişdir.
 Şeyx Səfiəddin 25 il Zahid Gilaninin şagirdi olduğu zaman onun qızı ilə evlənmiş, şeyx Zahid öləndən sonra təriqətin şeyxi olmuşdur.
 Qəzvinli Həmdullah Mustoufi və İbn Bəzzazın verdikləri məlumata görə, şeyx Səfiəddin, oğlu Sədrəddin, nəvəsi Xacə Əli və nəticəsi şeyx İbrahim təriqət şeyxi olub, xalq arasında çox sevilib və hökumət yanında nüfuz sahibi olmuşlar.
 Şeyx İbrahimin oğlu Cüneyd atasının yerinə oturandan sonra müridlərini silahlandırmış, özünə sultan ləqəbi verərək Azərbaycan və Anadoluda şiə məzhəbini yaymağa çalışmışdır. Cahanşah Qaraqoyunlu sultan Cüneydin qüdrətindən qorxuya düşüb ondan Ərdəbili tərk etməsini istəmişdir. Sultan Cüneyd Diyarbəkirə getmiş, orada Ağqoyunlu əmiri Uzun Həsən tərəfindən qarşılanmış və Uzun Həsənin bacısı ilə evlənmişdir.
 Uzun Həsən Cahanşahı məğlub edib Təbrizi alandan sonra, sultan Cüneydi yenidən Ərdəbil xanəgahına rəhbər təyin etmişdir.
 Sultan Cüneyd 1459-cu ildə Gürcüstan çərkəzlərinə hücum etmiş, sonra Şirvanşah (sultan Xəlil) ilə savaşmış və bu savaşda ölmüşdür.
 Sultan Cüneyddən sonra oğlu Heydər onun yerinə oturur. Heydər Uzun Həsənin qızı ilə evlənir və atasının yolunu davam edir. Sultan Heydər əvvəlcə çərkəzləri məğlub edir, onlardan 6 minə qədər əsir gətirir. Sonra Şirvanşah Fərrux Yassarla savaşa başlayır. Fərrux Yassar Ağqoyunlu padşahı sultan Yaqubdan kömək istəyir, sultan Yaqub da öz səltənətinə nicat vermək üçün (bu dövrdə Şirvanşahlar Ağqoyunluların vassalı idilər) sultan Heydərə hücum edir. Sultan Heydər iki cəbhədə savaşmağa məcbur qalaraq Elbrus dağlarının ətəyində şəhid olur. 
 Sultan Heydər Uzun Həsənin qızı Şahbəyimlə evlənmişdi və ondan üç oğlu vardı: İbrahim, İsmayıl və Əli.
 Sultan Yaqub onldarı Şiraza göndərib İstəxr qalasında həbs etdirir. Lakin sultan Yaqub öləndən sonra hər üçü zindandan çıxırlar. Sultan Əli xanəgah mürşidi olur və nəhayət, ağqoyunlularla savaşda öldürülür. İsmayılı müridləri Gilana aparırlar. 15 yaşına qədər orada qalaraq dərs alır. Gənc İsmayıl Ağqoyunlu dövlətinin daxili ixtilaflarından, aralarındakı çəkişmə və mübarizədən xəbərdar olandan sonra bir neçə yüz nəfərlə Ərzincana tərəf gedir (1500). Şah İsmayıl sultan Bəyazidin zəifliyindən faydalanaraq, ailəsinin tərəfdarlarını ətrafına toplayır. 5000 silahlı müridləri ilə şimala, Şirvanşah üzərinə gedib, onu məğlub edir, sonra Naxçıvanda Ağqoyunlu hökmranı Əlvənd bəylə qarşılaşıb məğlubiyyətə uğradır. Daha sonra Təbrizə gəlir, göstəriş verib on iki imam və öz adına xütbə oxutdurur. On il ərzində Fəratdan Ceyhun nəhrinə qədər yerləri özünə tabe edir.
 Şah İsmayılın Xətai Azərbaycan tarixində özünəməxsus yer tutmuş, şərqdən qərbə, Amu-Dəryadan İraqa qədər, Dərbənddən tutmuş Bəsrə körfəzinə qədər möhtəşəm bir imperiyanın əsasını qoymuşdur.
 Şah İsmayıl Xətai 1501-ci ildə taxta çıxmış, şah elan olunmuş, şiəlik dövlət səviyyəsinə qaldırılmışdır. O, bu ali məqsədə çatmaq üçün uzun və şərəfli yol keçmiş, Azərbaycan türklərinin iştirakı ilə Şeyx Səfi ocağını qoruyub saxlamaq onun əsas amalı olmuşdur. Şeyx Səfi təkyəsi şərqin ən məşhur təkyəsi idi. Hətta fateh Teymur şərqə hücum edərkən təkyəyə nəzirlər vermişdir.  
 Xandəmirin və Miryəhya Qəzvininin yazdığına görə: “Şah İsmayıl Azərbaycan ölkəsini tərəkəmə zülmünün paxırından qurtarmış, “Azərbaycan ölkəsi” baş ruhanilərinin adına xütbə oxunması haqqında fərman vermişdi” (“Azərbaycan tarixi üzrə qaynaqlar”).
 Şаh İsmаyıl zirәk, mərd vә iti düşüncәyә mаlik оlаn bir şəxs olmuşdur. Yаşının аz оlmаsınа bахmаyаrаq, qısa bir müddәt ərzində qızılbаşlаrı öz әtrаfınа tоplamış vә bеlәliklә, Sәfәvi dövlәtini tәsis еtmişdir. Hаkimiyyәt dövründә gördüyü әn böyük işlәrdәn biri dә böyüklü-kiçikli sülаlәlәrin fәаliyyәtini dаyаndırıb ölkә әrаzisindә vаhid quruluş yаrаtmаq, bаşlıcаsı isә mükәmmәl siyаsi tәfәkkür tәrzinin әsаsını qоymаq оlmuşdur. Tәbii ki müхtәlif qәbilәlәrin bаşçılаrı dа оnа bu işdә yахındаn kömәklik еtmişlәr. Әlbәttә, bеlә bir dövlәtin tәsis оlunmаsındа rol oynayаn misilsiz fәthlәr hеç dә sәbәbsiz dеyildi. Şаh İsmаyılın hаkimiyyәt dövründә hәyаtа kеçirdiyi әn mühüm mәsәlә İrаn әrаzisindә оn iki imаmçı şiә mәzhәbini bərqərar etmək оlmuşdur. Qеyd еtmәk lаzımdır ki, hәlә о vахtlаr Gilаn, Mаzаndаrаn, Sәbzivаr vә Qum kimi şәhәrlәrin әhаlisi şiә mәzhәbinә mәnsub оlmuş, lаkin Hәmәdаn, Fаrs, Qәzvin vә sаir şәhәrlәrdә şiәlik bir о qәdәr dә özünә yеr еtmәmişdi. Şаh İsmаyıl İrаndа yеni mәzhәb cәrәyаnının bünövrәsini qоymаğа nаil оlmuş vә sоnrаlаr оnun cаnişinlәri, хüsusilә dә оğlu Tәhmаsib bu cәrәyаnın güclәnmәsindә böyük rоl оynаmişdir.
 Şаh İsmаyılа хаs оlаn хüsusiyyәtlәrdәn biri dә оnun şücаәt vә cәsurluğu оlmuşdur. Bаğdаdа gәldiyi zаmаn şәhәr әtrаfındаkı qаmışlıqdа bir şirin yuvа sаldığını еşidir. Tәk bаşınа оrаyа gеdib bir nizә ilә şiri öldürür. Həsən bəy Rumlu “Əhsən ət-təvarix” əsərində оnun bаrәsindә yаzır: “Döyüş mеydаnındа bаsılmаz cәngаvәr, şәn mәclislәrdә isә gövhәr bir bulud idi”. Şаh İsmаyıl həm də gözəl şаirlik istеdаdına malik bir ədib olmuşdur. “Оn mәktub” аdı аltındа türk dilindә yаzdığı min dörd yüz bеytlik şеir оnun әdәbiyyаtlа sıх әlаqәsindәn хәbәr vеrir. Şаh İsmаyıl türk dili ilә yаnаşı fаrs dilini dә çох gözәl bilmiş, bu dildә qәzәl vә qәsidәlər yаzmışdır.
 Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün Şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: “İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə- dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq”.
 Səfəvi dövlətinin qurulması Anadolu şiələrində elə bir şadlıq və həyəcan yaratmışdı ki, bir-birinə şah kəlməsi ilə salam verirdilər və şahlarını görmək üçün İrana gəlirdilər. 
 Səfəvi hökumətini quran ellərin əksəriyyəti Anadoludan gələn qızılbaş ordusunu təşkil etmişdilər. Qızılbaşlara aşağıdakı qəbilələr mənsub idi: Ustaclu, Rumlu, Təkəlu, Zülqədər, Şamlu (Begdili, Xudabəndəlu və İnanlu), Əfşar və Qacar, o cümlədən Gəncə, Bərdə qaramanları və talışlar da bu hökumətin quruluşunda iştirak etmişdilər.
 Şah İsmayıl 1525-ci ildə vərəm xəstəliyindən vəfat etdi. O, Osmanlı imperatoru sultan Səlimlə Çaldıranda fövqəladə bir cəsarətlə savaşdığı halda məğlub oldu (1514), ondan sonra bir daha üzü gülmədi.
 Şiə məzhəbinin rəsmi məzhəb olaraq elan edilməsi sonralar İranda mill vəhdətin və İran istiqlalının qorunmasına yardım etdi.
 Şah İsmayıldan sonra oğlu Təhmasib 25 il səltənət edib paytaxtı Qəzvinə keçirtdi. Erməni tarixçisi Zəkəriyyə Kanakersi onu xeyirxah, tədbirli şah kimi xarakterizə edir. O, ölkəni oğrulardan, yol kəsənlərdən təmizləmiş, ağır vergiləri ləğv etmişdi. Şah Abbasın zamanın paytaxt İsfahan oldu.
 Holland səyyahı Yan Streys yazır: “Ayın 20-də 1671-ci ildə ev sahibi ilə Şah Səfinin dəbdəbəli və gözəl məqbərəsinə getdim. Burada hər şey xoşagələndir… Sonra mətbəxdə olduq. Qazanlar təndir oyuqlara qoyulmuşdur. Su oraya qurğuşun kəmərlərlə gətirilir və gümüş kranlardan axıdılır. Bu mətbəxdə hər gün min nəfər üçün: ruhani, rahib, dərviş və kasıblar üçün xörək bişirilir, gündə üç dəfə təkrar olunur. Birinci yemək şah Səfinin adına, sonuncu yemək hakimiyyətdə olan kral tərəfindən ödənilir. Burada Soltan Heydərin, şah Təhmasibin məqbərələri olan gözəl bir bağ yerləşir. Bu gözəl məzarıstanda 12 şahın nəşi saxlanılır”.
 Səfəvilərdən sonra Əfşarlar, Kərimxan və Qacarlar İranda hökumətlik elədilər. Kərimxandan başqa hamısı türk olublar.
 Vaxtilə Səfəvilər sarayında olmuş Yan Batist Taverye yazırdı: “Saray adamlarının dili türk idi”.
 Səyyah Enqelbert Kempfer demişdir: “Şahın hörmətini qazanmaq istəyən hər kəs türk dilində danışır, indi isə o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suçlu sayılırdı”.

XVII hissə: Gəl ey gözsüz, mənə bir sirə söylə…

 Səfəvilər dövlətinin əcnəbi dövlətlər ilə yazışması Azərbaycan türkcəsində aparılırmış. İki məktubu macar alimi Fakofi-Layoş İstanbul Universiteti ədəbiyyat Fakultəsinin “Türkiyə məcmuəsi”ndə 1936-ci ildə nəşr etdirmişdir. Onlardan biri şah Səfinin (1629-1649) Avstriya imperatoru və Macarıstan kralı II Ferdenandoya, ikincisi isə şah Sultan Hüseynin (1694-1729) Polşa kralı Fridrix Avqusta göndərdiyi məktublardır. Üçüncü sənəd I Təhmasibin (1524-1576) türk şahzadəsi II Soltan Səlimə məktubu idi. Sonradan doqquz məktub da aşkar edilib. Ümumiyyətlə, Səfəvi şahlarının əyalətlərə göndərdiyi fərmanlar da türk dilində idi.
 Persiyanın Moskva Rusiyası ilə diplomatik və ticarət əlaqələrinə aid tarixi sənədlər arasında “şah Abbas və Gilan hakimi Fərhad xanın hökmdar çar Fyodor İvanoviçə və boyar Boris Qodunova” yazdığı məktub xüsusilə diqqəti çəkir. 1595-ci ildə İran hökmdarı Şah Abbas və Gilan hakimi Fərhad xan Rus çarı Fyodr İvanoviçə məktub yazıb Osmanlı təcavüzündən kömək istəyirdilər. Fyodr İvanoviç tanınmış rus hökmdarı, ölkə tarixində həlledici rol oynamış İvan Qroznının oğlu idi və öz uzaqgörənliyi hesabına hakimiyyəti zadəgan Boris Qodunova ötürmüşdü. Fars şahı və talış hakimi məktubda rus çarına əvvəlcə öz hörmət və ehtiramlarını bildirirdilər. Mətndə Rus çarı heyranlıqla mədh olunur, öz qabiliyyətlərinə görə əfsanəvi İran hökmdarları Cəmşid və Firudindən də üstün tutulurdu. Bir müddət sonra rus taxt-tacına hakim olan Boris Qodunov paytaxt Moskvadan İran şahına cavab məktubu yazıb razılığını bildirmiş və xeyir-duasını vermişdir. Məktubda İran şahı “rus çarının qardaşı” adlandırılırdı. 
 Maraqlıdır ki, Persiyadan göndərilən məktub nə fars, nə də ərəb dilində yazılmışdı; qramotada da qeyd olunduğu kimi, “qızılbaş dili”ndə yazılmışdı ki, bu da indiki Azərbaycan dilidir. Çarın əyan-əşrəfi ilə müzakirələrindən sonra qərara alınmışdı ki, Persiyaya cavab məktubu da orda başa düşülsün deyə oranın tatar dilində yazılsın.
***
 Şah İsmayıl böyük bahadır olduğu halda, çox həssas bir şair idi. Türk və fars dilində şeirlər yazardı. Onun zamanında türk dili də fars dili ilə yanaşı rəsmi yazı dili idi. Ordu və dərbarın dili türkcə idi. Şeirdə Xətai təxəllüsünü seçmişdi. “Divani Xətai” Azərbaycan ədəbiyyatının məşhur əsərlərindəndir. Şeirlərinin mühüm qismini Həzrət Əli və imamların eşqilə söyləmişdir.
 Xətai şiə əqidəsini xalq arasında yaymaq üçün xalq şeirinin qoşma şəklini seçmiş, xalq şairləri (aşıqlar) onun şeirlərini təqlid və iqtibas etmişlər.
 Səfəvi dövləti qurulandan sonra çoxlu türk elləri Türkiyədən Azərbaycana gəldilər. Bu dövrdə aşıqlar tərəfindən çoxlu xalq dastanları düzəldi. Aşıqlar bu dastanları şeir və nəsrlə sazda çalıb oxuyurdular. Bu dastanlardan ən mühümləri “Koroğlu”, “Əsli və Kərəm”, “Qəmbər və Arzu”, “Şah İsmayıl və aşıq Qərib”, “Aşıq Abbas Tufarqanlı” dastanlarıdır.
 İslam dövründə min ilə yaxın türklər İranda hökumət etmişlər, bu müddətdə İranın sərhədlərini qorumaq üçün qonşu olan türklərlə də savaşıb, canlarını fəda etmişlər.
 Ayrıca fars dili və ədəbiyyatını təşviq edib yayaraq, İran və islam maarifinin inkişafına var qüdrətləri ilə çalışmışlar.
 MƏDƏNİYYƏT VƏ ƏDƏBİYYAT. Şifahi xalq yaradıcığı bütünlüklə xalqın yaradıcılıq məhsulu olub, onun istək və arzularını, kədər və sevincini, məişət tərzi, adət və ənənələrini, zövq, inam və etiqadlarını, dünya görüşlərini əks etdirməkdədir. Bu səbəbdən şifahi xalq ədəbiyyatı tarixini tədqiq edərkən xalqımızın keçmişdəki adət, ənənə və bütün xüsusiyyətləri, müxtəlif tarixi dövrlərdə keçirtdiyi inkişaf mərhələləri ilə tanış oluruq. Bu ədəbiyyatın dili sadə və təmiz türkcədir. Xalq ədəbiyyatımızın rişəsi Orta Asiyaya gedib çıxır. Türklər islam dinini qəbul edib Qərb ölkələrinə, yəni İran, Rum və Orta Şərqə mühacirət etdikdən sonra da yaşadıqları yeni ölkələrdə əski adət, ənənə və folklorlarını mühafizə və inkişaf etdirməyə çalışmışlar. Xalq şairləri yeni-yeni dastanlar və mahnılar yaratmış, bir tərəfdən də əcdadlarından qalan mirası genişləndirərək inkişaf etdirmişlər. Azərbaycan və İranın digər yerlərində, hətta Anadoluda daha çox oğuz türkləri yerləşdikləri üçün buralarda oğuz türkcəsi yayılmış, 13-cü əsrdən sonra Azəri və Anadolu ləhcə və ya türkcələri meydana çıxmışdır. Bu iki türk ləhcəsi əslində bir dildən törədikləri halda, sonralar bir-birindən ayrı xüsusiyyətlər kəsb edib, iki ayrı ədəbiyyata sahib olmuşlar. Bununla belə ellər arasındakı dil ayrılığı və ləhcə fərqi şəhərlilərin dili və ədəbiyyatı qədər çox olmamış, bir çox dastanlar (“Dədə Qorqud” dastanları, “Koroğlu” və s.), atalar sözü və şifahi ədəbiyyatın digər növləri bu ölkələrdə yaşayan xalqlarda müştərək qalmış, ya kiçik fərqlərlə yaşamışdır.
 Şifahi xalq ədəbiyyatı yazılı ədəbiyyatdan daha əski olduğu halda, daha gec, yəni 16-cı əsrdən sonra yazıya alınmışdır. Bu xüsusda “Dədə Qorqud” dastanları bir istisna təşkil etməkdədir. “Dədə Qorqud» dastanlarının kökü Orta Asiyaya bağlı olub, bugünkü şəkildə oğuzlar Azərbaycana gələndən sonra, böyük ehtimala görə, 12-ci əsrdə yarandığı halda, 15-ci əsrdə yazıya alınmışdır.
 Şifahi xalq ədəbiyyatının mühüm qismini şeir və dastan təşkil edir. Hər ikisi xalq şairi olan, əski şamanların davamı olub tarixdə ozan, baksı adı ilə tanınan, 16-cı əsrdən sonra aşıq deyilən saz şarləri tərəfindən qoşulub oxunurdu. Saz şairləri əllərində sazları (qopuz), xalqın toy və qonaqlıqlarında, bayram və digər mərasimlərində saz çalır, şeir oxuyur, boy (dastan) söyləyirdilər. Aşıq şeiri qədim türk şeirinin davamı olub, dördlük şəklində və heca vəzni ilə deyilir. Bunlardan ən çox söylənən və seviləni bayatılar, gəraylılar və qoşmalardır. Bayatılar yeddi, gəraylılar səkkiz, qoşmalar isə on bir hecalıdır.
 İranda türk hakimiyyəti zamanında yazı dili fars dili olduğu üçün türk ədəbiyyatı fars ədəbiyyatı qədər rəğbət görməmiş, hökumətlər tərəfindən təşviq və dəstək edilməmişdir. Bir tərəfdən də fars dilinin təsiri ilə türk şairləri əsərlərini fars dilində yazmış, ana dillərində yaradıcılığa az maraq göstərmişlər. Bununla belə, artıq neçə yüzilliklərdir ki, azəri türkcəsi ilə şeirlər yazılır və zamanla zəngin ədəbiyyat meydana gəlmişdir.
***
 HƏSƏNOĞLU. Azəri türkcəsilə ilk dəfə şeir yazan və bizə məlum olan şair Əsfərainli Həsənoğludur. Bu şair Xorasan türklərindəndir, türk və fars dilində şeir divanları yazmışdır. Farsca adı Pur Həsəndir. O, 13-cü əsrin sonlarında- 14-cü əsrin əvvəllərində yaşamış, şeirləri Xarəzmdən Anadoluya qədər yayılmış, Misir məmlük şairi Seyf Sərayi və Anadolu şairi Əhməd Dai onun qəzəlinə nəzirələr yazmışlar.
 NƏSİR BAKUYİ. Sultan Ölcaytu zamanında yaşamışdır. Bakı səfəri münasibətilə yazdığı bir şeiri günlərimizə gəlib çatmışdır. 
 NƏSİMİ. 14-cü əsrin ən möhtəşəm Azərbaycan şairi İmadəddin Nəsimidir. O, ilk dəfə azəri tükcəsində şeir divanı yaratmışdır. Ayrıca farsca və ərəbcə də divanı varmış, lakin ərəbcə divanı məhv olmuşdur. Nəsiminin şeirləri qənayi şeirin (musiqili şeir) ən gözəl nümunələridir və Azərbaycan şeirinə ədəbi şəkil verən odur. Onun 1369-cu ildə Şirvan mahalında, Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. Nəsimi hürufi təriqətinin qurucusu olan Təbrizli Fəzlullah Nəimi ilə Şirvanda tanış olmuş, ondan dərs alaraq, xəlifəsi və təbliğatçısına çevrilmişdir.
 Hürufilər bütün kainatı zat əzəlinin mücəssiməsi bilir, əlifba hərflərinə əsrarəngiz bir məna verir və ehtiram edirdilər.
 Nəsiminin mürşidi Miranşah tərəfindən öldürüldükdən sonra, o Bakıdan Anadoluya getmiş, orada şeir və fəlsəfi qəzəllərilə öz məktəbini təbliğ etmişdir. Bir müddət sonra Anadoludan Hələbə getməyə məcbur qalmış, fəqət orada müftinin fitvası və sultanın əmrilə dərisi soyularaq öldürülmüşdür.
 Nəsimi idealistik, ürfani fikirlərini qəzəl, qəsidə, məsnəvi, müstəzad və təcribəndlərində bəyan etmişdir. Onun fəlsəfi rübailəri Azərbaycan türkcəsilə yazılan ilk rübailərdir. 
***
 Nəsimidən sonra şeyx Qasim Ənvar, şeyx Əlvan Şirazi, Həqiqi (Cahanşah Qaraqoyunlu) və Həbibi 15-ci əsrdə Azərbaycan şeirinin məşhur nümayəndələri sayılırlar. Lakin 16-cı əsrdə şah İsmayıl Xətai və Füzulinin meydana çıxması ilə Azərbaycan şeir və ədəbiyyatında yeni və parlaq bir dövr başlanmışdır.
 QAZİ BÜRHANƏDDİN. Bu şair 14-cü əsrdə Anadoluda yaşamış, Sivas əmiri olmuş və Ağqoyunlularla savaşda şəhid olmuşdur. Salur elindən olub, şeirlərini azəri türkcəsi ilə yazmışdır.
***
 NƏSR. 13-cü əsrdən sonra Azəri türkcəsində nəsr nümunələri də yazılmış və bəziləri bizim əlimizə keçmişdir. Bunlardan ən mühümləri: Hinduşah Naxçivaninin (Fəxrəddin) “Səhahu-l-Əcəm” adında lüğət və qrammatika kitabı, Ərzurumlu Zəririn “Sirətu-Nəbi” kitabı və “Fütuhu-ş-Şam” tarixi tərcüməsidir.
 13-cü əsrin ikinci- 14-cü əsrin birinci yarısında yaşayan, Səfəvi xanədanının böyük cəddi və mürşidi olan şeyx Səfiəddin Ərdəbilinin (vəfatı 1334) müridlərinin irşadı üçün turk və fars dillərində yazdığı “Qara məcmuə”, ya “Seyru-s-Sufiyyə” və ya “Məqamət və məqalət şeyx Səfi əd-Din” kitabı dövrümüzə gəlib çıxmadığına görə ondan nümunə verə bilmirik. 1617-ci ildə Fəzli İsfahani tərəfindən yazılan “Əfzəlu t-təvarix”, Minorskinin nəql etdiyi “Təzkirət əl-muluk”, Şardenin “Səfərnamə”sində, həmçinin Məhəmmədəli Tərbiyətin “Daneşməndani-Azərbaycan” əsərində bu məcmuədən bəhs edilmişdir. Bəqayi ilə Qəribi yazdıqları farsca-türkcə təzkirələrində bu kitabdan bəhs etdikdən sonra, “Qara məcmuə”nin yalnız Səltənəti kitabxanada saxlandığını qeyd etmişlər. Qəribi öz təzkirəsində bu məcmuədən bəzi parçaları da vermişdir. Səfəvilər dövründə İrana səyahət edən Jan Şarden yazır: “Səfəvi şahları səfərə çıxarkən “Qara məcmuə”ni açır və öyüdləri oxuyurlar. Bu kitab həcmli və 9000 beyt şeirdən ibarətdir. Hər beytdə 50 hərf vardır və Şeyx Səfinin əsəridir. Kitabı xalqdan gizli tuturlar”.
***
 SƏHAHU-L-ƏCƏM. “Səhahu-l-Əcəm” dörd dilin (ərəb, fars, türk və pəhləvi) lüğət kutabıdır, azərbaycanlılara farscanı öyrətmək üçün yazılmışdır. Kitabın əlyazma nüsxəsini mərhum professor Həsən Zərinəzadə Çexoslovakiyada Bratislava kitabxanasında tapmış, professor Q. Beqdeli tərəfindən araşdırılaraq inqilabdan sonra İranda çap etdirmişdir.
 Burada nümunə üçün qrammatika fəslindən bir neçə sətir göstəriririk: “Bil gil məsadirə ərəbi necə kim əslidir. Ondan sadir olur əsma və əfal ancilən (eləcə) məsadire parsi əslidir, ondan münşəyib olur qalan avzan və əmsal və ğeyrə. Ol məsadire parsi iki durlü (növ) dur. Amma bir lazım, biri mütəddidur…” 
***
 ZƏRİR. Qazi Mustafa Zərir Ərzurumlu olub, anadangəlmə kor olduğu üçün Zərir təxəllüsünü seçmişdir. Kor olmağına baxmayaraq islam elmində ustad olmuş və qazi rütbəsinə çatmışdır.
 Zərir eyni zamanda istedadlı şair olduğu üçün “Sirat-i Nəbi”ni şeir və nəsrlə qarışıq yazmışdır. O, “Qısseyi Yusif” məsnəvisini də yazmışdır. “Sirəti-i Nəbi”ni Misirə getdiyi zaman, Misir türk padşahı Məlik Mənsur Əlinin istəyi ilə yazmışdır və özü kitabın müqəddiməsində belə deyir: “Bu kitab, kim rəsulun sirəti ktabıdır, ərəb dilindən türk dilinə nə səbəbdən tərcümə olduğunu bildirir. Zərir aydur (söyləyir): Ol yıl içində kim rəsulun hicrətinə yeddi yüz yetmiş doqquz olmuş idi, Zərirə Misir səfəri ruzi oldı, çün Misir şəhrinə gəldi, diləgi ol idi, kim Misir mələkinə yetişə, Muluk həzrətinə yol bula, ya sultanlar söhbətinə layiq ola… Miskin Zərirə fəqire həqir, ol səadətlu məlikun söhbətinə söz söyləmək səbəbindən yol buldi. Kəlimat bərəkatından ol həzrəte təqərrüb hasil oldu. Zira gözsüz kişinin əgər çe gözü yoxdur və gör ki əskükdür, amma hafizə qatı olur. Sözü könlündə cəm eyləməgə qüvvəti olur. Zərir söz söyləyəcək datlu söylərdi, qüvvətlu, mərifətlu söylərdi. Nəzm və nəsr söyləməkdə ibarəti xubdi, Xəlayiq anun sözünü dinləməkdə əzim rəğbət edərlərdi. Biş yıl ol padşahın həzrətində Zərir hər gecə məclis eylədi”. Sonra padşahın dilindən belə deyir:

Gəl ey gözsüz, mənə bir sirə söylə,
Kim onda surət- o həm sirət olsun.
Həm anda elm anılsun, ədl anılsun,
İçində məniyo mərifət olsun.
Bizə əkləncə olsun dinləməkdə.
Yürəgümüzə dəxi qüvvət olsun.
***
 14-ci əsr nəsr nümunələrindən “Kitabe ixtiyarate qavaide külliyye” və ya “Dayireyi cahanüma”, ondan sonra “Kitabe kəvamele ət-təbire Bəvazici”ni göstərə bilərik. Birincisi astroloji ulduzların hərəkətindən, vaxtların təyini barədə İbri Xoca ibn Adili tərəfindən 1459-60-cı illərdə yazılmışdır. Bu kitabın əlyazması Bakıda vaxtilə professor Rüstəm Əliyev tərəfindən tədqiq edilərək çap olunmuşdur. “Kitabe kəvamele ət-təbire Bəvazici” isə yuxu təbirində Xızı bin Əbdülhadi Bəvazici tərəfindən 16-cı əsrin birinci yarısında yazılıb, sultan Süleyman Qanuniyə təqdim edilmişdir. Bəvazici İraq türklərindən olub, Bəvazicdə anadan olmuş və Mosulda yaşamışdır. Kitabın dili 15-ci əsr azəri türkcəsidir və eyni zamanda zəngin lüğət kitabıdır. Bu kitabın da əlyazma nüsxəsi Bakıda professor Rüstəm Əliyev tərəfindən tədqiq olunub, lakin çap edilməmişdir.

XVIII hissə: Tanrının kilsələrini düşərgəyə çevirmişlər…

 OSMANLILAR. Osmanlılar oğuz elinin Qayı boyuna mənsub olub 13-cü əsrdə (Anadolunun Səlcuqi sultanı olan I Əlaəddin Key Qubad zamanında) başlarında Ər Toğrul bəy olaraq, Ankaranın cənub-qərbində olan Qaracadağ ərazisində yerləşdilər. Bir müddət sonra Ər Toğrul bəy Səqut şəhərini alıb oranı mərkəz seçdi və Səlcuq sultanına bağlı olub bizansçılarla savaşdı. Ər Toğrul bəy 1281-ci ildə öldü, yerinə, Qayıların başına oğlu Osman bəy keçdi. O, bir müddət sonra Osmanlı bəyliyni quraraq istiqlalını elan etdi (1299).
 Osman bəy və yoldaşları bizansçılarla savaşaraq bir çox şəhər və qəsəbələri əllərinə keçirdilər. Bu zaman Bursa şəhəri Bizansın əlində qalan Anadoludakı ən böyük şəhər idi. Bu şəhəri Osman bəyin oğlu Orxan bəy və ya Orxan Qazi fəth etdi, Osmanlı paytaxtını Bursaya köçürtdü (1326). 
 Orxan bəy bizanslılarla savaşa davam edərək İznik, İzmit şəhərlərini aldı, Üsküdara qədər gəldi. Orxan bəy 1362-ci ildə öldü və yerinə I Murad keçərək özünü padşah elan etdi.
 Bir il sonra Ədirnə şəhəri osmanlıların əlinə keçdi və türklər Balkanlarda irəliləməyə başladılar. Bu hadisədən sonra Avropa dövlətləri xaç yürüşləri təşkil edib, türklərə hücum etdilər. Lakin hər dəfəsində məğlub oldular. Sultan Muraddan sonra onun oğlu İldırım Bəyazid padşah olub Balkanlarda Dunay çayına qədər irəlilədi, İstanbulu iki dəfə mühasirə edib, bizanslılara xərac verməyə və İstanbulda bir türk məhəlləsi qurmağa müvəfəq oldu.
 Bu zaman Anadoluda Qaraman oğulları hökuməti və Teymurun təhlükəsi İldırım Bəyazidi şərqə tərəf dönməyə məcbur etdi. Qaraman oğulları dövləti digər Anadolu bəyliklərindən fərqli olaraq, özlərini Səlcuqların varisi bilirdilər, bu cəhətdən 14-cü əsrdə dəfələrlə osmanlılarla savaşmışdılar. Nəhayət, əsrin sonunda bütün Anadolu bəylikləri osmanlı hakimiyyəti altında birləşdi. Lakin bu birlik çox davam etmədi və Teymurun hücumundan sonra yenidən pozuldu.
 İldırım Bəyazid Teymur ordusu ilə Ankaranın şimalında olan Çubukobada qarşılaşdı və çox şiddətli müharibədən sonra məğlub olub əsir düşdü (1402). Teymur onu mehribanlıqla qarşıladı və səkkiz ay müddətində gəzdiyi Anadoluda özü ilə birlikdə gəzdirdi (gözaltı və nəzarət altında olaraq). İldırım Bəyazid Ağşəhərdə xəstələnib öldü, Teymur isə aldığı şəhərləri yanına gələn bəylərinə verib geri döndü.
 Ankara savaşı adı ilə məlum olan bu savaş Osmanlı tarixində bir dönüş nöqtəsi idi. Çünki bu savaşdan sonra yeni birləşmiş Anadolu bəylikləri birliyi yenidən pozuldu, Osmanlı dövlətində də taxt-tac uğrunda İldırımın beş oğlu arasında davalar başlandı, nəhayət 1413-cü ildə Məhəmməd Çələbi I Məhəmməd adı ilə padşah oldu.
 Məhəmməd Çələbi Anadolu və Rumelidə əldən çıxan yerləri geri aldı, Osmanlı birliyini yenidən qurdu. Bu sırada Anadoluda şeyx Bədrəddin üsyan etdi.  
 Şeyx Bədrəddin böyük din alimi idi və padşahın əmri ilə İznikdə otururdu. Orada yeni bir təriqət qurub, gizli şəkildə yaymağa çalışırdı. Türkiyənin rəsmi tarixçilərinin yazdığına görə, şeyx Bədrəddin müxtəlif təriqətləri, o cümlədən ələviləri başına yığıb hakimiyyəti əlinə almaq istəyirmiş. Şeyx Bədrəddin üsyanı yatırılan zaman beş mindən çox müridi öldürülüb, özü isə Sərəz alimlərinin fitvası ilə asılmışdır.
***
 Məhəmməd Çələbi 1421-ci ildə Ədirnədə öldü və yerinə oğlu II Murad keçdi. II Murad sultanlığı zamanı daxili üsyanlar və xarici savaşlarla məşğul oldu. Anadolu işlərini qurtarandan sonra Rum elinə yürüş etdi, Selaniki və Makedoniyanı alaraq Osmanlı imperatorluğuna qatdı. 
 Şərqi avropalılar masonların təhriki ilə bir xaç yürüşü hazırladılar, ordularının başında Macar hökmdarı olmaqla osmanlılara hücum edib, Sofiyanı türklərdən aldılar və sultan Muradın təklifi ilə barışdılar. Həmin il avropalılar yenidən Varnadan osmanlılara hücum etdilər, lakin məğlub oldular.
 Sultan Murad Balkanlarda, Yunanıstanda türk hakimiyyətini yenidən bərpa etdi. Bu sırada Jan Hunyad macar və almanlardan ibarət mürəkkəb bir ordu ilə osmanlılara hücum etdi, lakin ikinci dəfə olaraq Kosovada məğlub oldu. İkinci Kosova savaşı türklərin Balkanlarda qəti olaraq yerləşmələrini təmin etdi və bir daha səlibçilər hücum etməyə cəsarət etmədlər. 
 Sultan Murad 1451-ci ildə öldü və oğlu Məhəmməd II Sultan Məhəmməd (Fateh) adı ilə padşah seçildi. Sultan Murad yaxşı bir şair olmuşdur, türk dili və ədəbiyyatında xidmətləri vardır.
 Sultan Məhəmməd Fateh taxta çıxdığı zaman Osmanlı dövləti Anadolu və Balkanların ən böyük dövləti halına gəlmişdi. Dövlətin hüdudları Rum eli tərəfindən Dunay çayına qədər genişlənmişdi. Bolqarıstan, Qərbistanın böyük bir qismi, Yunanıstanın bütün orta və şərqi hissələri Osmanlı ölkəsinə qatılmışdı.
 Sultan Məhəmməd zamanına qədər İstanbul şəhəri dörd dəfə mühasirə edilmiş, lakin alına bilməmişdi.
 Sultan Məhəmməd əvvəlcədən İstanbulun fəthi üçün hazırlandı. Bunun üçün boğazın ən dar yerində, vaxtilə İldırım Bəyazid tərəfindən tikilən Anadolu hasarının qarşısında Rumeli hasarını tikdirdi və 400 gəmi hazırladaraq, Ədirnədə böyük torpaq tökdürdü. Sonra toplarla bərabər 200 minlik ordu və 400 gəmi ilə İstanbula hücum etdi. Bu zaman İstanbul cəmiyyəti 160 min hüdudunda idi, şəhərdə məzhəb və firqə davaları gedirdi. İmperator əhalidən topladığı 30 min silahlı qüvvəsini İstanbul divarlarına yerləşdirdi. Bu divarların önündə 20 metr genşliyində xəndək var idi. Rumlar körfəzin ağzını zəncirlə bağlamışdılar. Osmanlı dəniz qüvvələri burada toplaşdı və Fatehin təşəbbüsü ilə 72 gəmi quru yerdən, Qalatadan (İstanbulda bir yerin adıdır) körfəzə endirildi. Əvvəlcə yola xüsusi relslər döşəndi (kızaklar) və yağlandı. İstanbul daxildən və xaricdən hücuma məruz qaldı. Türklər İstanbulun ətrafındakı divarları topları ilə yarıb içəri keçdilər. Fateh Aya Sofiya kilsəsinə gedərək Cümə namazı qıldı. 29 may 1454-cü ildə İstanbul tamamilə alındı. İmperator isə bir türk əsgəri tərəfindən döyüş zamanı öldürüldü. Beləliklə, Bizans imperatorluğu məhv oldu. Sultan Məhəmməd Fateh ləqəbi aldı.
 Tarixçilər İstanbulun fəthini orta çağın sonu- yeni çağın başlanğıcı kimi qəbul etmişlər.
 Bizanslı kardinal Bessarion İstanbulun fəthi barədə Venesiya doku Françesko Fosçariyə yazdığı məktubunda belə yazır: “…Amma elə oldu ki, sizin donanma hələ yarı yolda ikən və zəfər ümidiylə düşmənə qarşı təzə qüvvələr gətirilərkən düşmənin yaxın məsafədə olması və mövsümün əlverişsizliyi üzündən, xüsusilə taleyin hökmü nəticəsində barbarlar şəhəri zəbt etdilər. Mövqeyi, qala divarları, möhkəmliyi və hər cür müdafiəsi ilə ən möhkəm şəkildə qorunan bu şəhəri, bəli, bütün bir il boyunca total bir mühasirəyə qarşı dura biləcəyi ümid edilən bu şəhəri barbarlar böyük bir hücumla süquta uğratdılar. İçində bir az insaniyyət qığılcımı olan hər bir kəs, xüsusilə xristianlar tərəfindən təəssüflə qarşılanması lazım gələn və izahı qorxunc olan bir hadisə. Ah, zavallı mən! Ən dərin ağrı-acını duymadan bunu yazmağım mümkün deyil. Belə bir parlaq, belə bir böyük imperatorluğa, olduqca çox ünlü şəxslərə, çox tanınmış və köklü ailələrə sahib olan, bu qədər firavanlıq içində yaşayan, bütün Ellin dünyasının baş tacı, Şərqin şanı və ehtişamı, ən yaxşı elmlərin məktəbi, bütün yaxşı şeylərin sığınağı olan bir şəhər, insanlıqdan ən uzaq barbarlar və xristianlar dininin ən vəhşi düşmənləri tərəfindən, bəli, vəhşi heyvanların ən yırtıcıları tərəfindən ələ keçirilmiş, talan edilmiş, yandırılmış və dağıdılmış, başdan-başa qarət edilmişdir. Dövlət xəzinəsi tükəndirilmiş, xüsusilə sərvət yox edilmiş, tapınaqlar- məbədlər soyulmuş, qızılları, gümüşləri, daş-qaşları, müqəddəslərin müqəddəs əmanətləri və çox qiymətli digər zinətlər aparılmışdır. Kişilər sığır kimi boğazlanmış, qadınlar qaçırılmış, qızlara təcavüz edilmiş və uşaqlar ata-analarının qucaqlarından zorla alınmışdır. Belə böyük bir qırğından qurtulanlar isə zəncirlənərək ya girov aparılmış və hər cür işgəncəyə məruz qoyulmuş, ya da ən utandırıcı köləliyə məcbur edilmişdir. Müqəddəslərə aid tapınaqlar- məbədlər və müqəddəs yerlər lənətlələrlə, işgəncələrlə, tökülən qanlarla və hər cür utandırıcı davranışla ləkələndirilmişdir. Tanrının kilsələrini düşərgəyə çevirmişlər və düşərgələrində Tanrının müqəddəs əşyalarını sərgiləyib nümayiş etdirmişlər”. 

XIX hissə: İspanlar yəhudilərin özlərinə dərin xəndəklər qazdırıb diri-diri basdırdıqları zaman Türkiyə yəhudilərə sığınacaq verdi

 Fateh zamanında Anadolu və Balkanlarda iyirmiyə yaxın hökumət və bəylik var idi. Fateh bunların hamısını fəth edib, böyük Osmanlı imperatorluğunu qurdu. Anadoluda Qaraman oğulları bəylikləri və digər türk bəyliklərindən başqa, Trabzon Rum imperatorluğu da vardı. Fateh 1461-ci ildə buranı da aldı. Sonra Uzun Həsənlə savaşıb, onu məğlub etdi (1473). Fateh zamanında Egey dənizindəki adalar və Krım xanlığı da alındı.
 Fateh 1481-ci ildə ordugahda çadır içində öldü. Onun dövrü osmanlılrın ən parlaq dövrlərindən olmuşdur. Fateh zamanında memarlıq və rəssamlıq çox tərəqqi etmişdir. Sultan Məhəmməd İstanbulun Fateh adı ilə məşhur olan məhəlləsində böyük mədrəsə, məscid və kitabxana tikdirmişdi. Bu mədrəsədə dini və dünyəvi elmlərin hər ikisi öyrədilirdi.
 Fatehin məmləkət idarəsi üçün hazırladığı “Fateh” qanunnaməsi osmanlıların ilk əsaslı qanunu sayılır.
 Fateh yaxşı şair olub ərəb və fars dillərini çox gözəl bilirdi. Bundan başqa yunan və italyan dillərind danışırdı. Onun zamanında İstanbul, Anadolu və Rumelidə bir çox mədrəsə, saray, məscid, karvansara, hamam, yol, körpü və qala tikilmişdir. Fatehdən sonra oğlu II Bəyazid sultan oldu. 31 illik sultanlığında böyük işlər görə bilmədi. O, ömrünün çoxunu oxumaq və ibadətlə keçirir, savaşı sevmirdi. Onun qardaşı Cəm Sultan padşah olmaq üçün üsyan edib, Bəyazidlə savaşdı. Lakn məğlub olandan sonra Fransaya, oradan da İtaliyaya getdi, bir müddət oralarda avropalıların əlində alət olandan sonra 1495-ci ilə Neapolda öldü.
 Cəm Sultan həm də yaxşı şair və ədib olmuşdur. Onun türkcə müxtəlif şeirləri və fars dilində məsnəvisi vardır.
 Bəyazidin zamanında məmlüklər və benediktlərlə osmanlılar savaşdılar. Sonra Şah İsmayıl məsələsi ortaya çıxdı. Şah İsmayıl Anadoluda şiəliyin təbliğatına başladı, onun tərəfdarları olan Anadolu qızılbaşları Şahqulunun rəhbərliyi ilə üsyan etdilər. Bu hadisələrlə qatlaşa bilməyən Bəyazidin oğulları sultanlıq fikrinə düşdülər, hətta Bəyazidin üçüncü oğlu Səlim atası ilə savaşdı. Nəhayət, 1512-ci ildə padşah istefa verib taxtını oğlu Səlimə buraxdı.
***
 İspaniya inkvizisiyası Kastila kraliçası I İzabellanın israrı ilə Papa IV Sikstas (Sıxtas) tərəfindən 1483-cü ildə təsis olunmuşdur. Əsasən yəhudiləri dinə qarşı təhlükə sayaraq qurulmuşdu. Həmin ərəfədə ispanlar ölkəni yəhudilərdən təmizləməyə qərar vermişdilər. İspanlar yəhudilərin özlərinə dərin xəndəklər qazdırıb onları diri-diri torpağa basdırırdılar. Bu səbəbə görə iki yüz minə yaxın yəhudi 1492-ci ildə İspaniyanı tərk edərək Osmanlı ərazisinə gəldilər. Sultan Bəyazidin həkimlərindən biri yəhudi idi və o İspaniyada yəhudilərə qarşı zülmlər baş verdiyini Bəyazidə deyib, yəhudilərin xilası üçün yalvardı. Sultan Bəyazid yəhudilərə Osmanlı torpağında sığınacaq verdi.
***
 İlk Osmanlı ordusu boy ordusu idi. Sonra Orxan bəy zamanında nizami və davamlı ordu quruldu. I Sultan Murad zamanında Osmanlı ordusunun özəyi olan yeniçəri ordusu quruldu. Fəth edilən yerlərdəki məsihi uşaqlarını alıb, onlara xüsusi qarnizon və mədrəsələrdə islam və türk təbiyəsi ilə bərabər savaş fənni öyrədir, beləliklə bunlardan yeniçəri ordusu yaradırdılar. Yeniçərilər özlərini Bəktaşi təriqətinə mənsub bilirdilər və onların komandanına yeniçəri ağası deyilirdi.
***
 Səlcuqlar zamanında Anadoluda rəsmi dil fars dili idi. Divan dəftərləri də farsca yazılırdı. Bu zamanlar Mövləvi kimi əsli türk olan şairlər əsərlərini daha çox farsca yazırdılar. 1277-ci ildə Qaramanoğlu Məhəmməd Konyanı alarkən türk dilini fars dilnin yerinə rəsmi dil təyin etdi. Osmanlılar zamanında da rəsmi dil türk dili oldu, lakin fars və ərəb dillərinin də nüfuzu çox idi. Şeir və ədəbiyyatla yanaşı elmi əsərlər də türk dilində yazılmağa başlanmışdı. Təsəvvüf şeirlərində xalq dili örnək oldu.
 Osmanlıda ədəbiyyat xalq və təsəvvüf ədəbiyyatı olaraq iki qoldan inkişaf etdi. Bu dövrdə yetişən məşhur şairlər və yazıçılardan Gülşəhri, Aşıq Paşa, Şeyxoğlu, Əhmədli, Şeyxi, Yunus İmrə və xüsusən, “Mövlud-i Nəbi”nin müəllifi Süleyman Çələbi məlumdur. II Murad ilə oğlu Fateh də yaxşı şair və ədib idilər. Fatehdən sonra II Bəyazid və Cəm Sultan da şair kimi tanınmışdılar.
 15-ci əsrin ikinci yarısında divan ədəbiyyatı klassik şəklini almağa başladı. Şeirdə fars və ərəb dillərində kəlmə və ifadələr türkcənin yerini aldı, divan ədəbiyyatı xalq ədəbiyyatından tamamən ayrılaraq yalnız yuxarı təbəqənin anlaya biləcəyi bir ədəbiyyat halına gəldi.
 İslam dövrü türk ədəbiyyatı ilk dəfə Orta Asiyada Qaraxanilər zamanında zühur etmişdir. Türklər 8-ci əsrdən müsəlman olmağa başladılar. Lakin 10-cu əsrin birinci yarısında Qaraxani hökmdarı Satuq Buğra xan müsəlman olandan sonra islam dövlətin rəsmi dini elan olundu. Ondan sonra türklər kütlə halında müsəlmanlığı qəbul etdilər. Belə ki 10-cu əsrin sonlarında Tarım hövzəsindəki uyğurlar və İrtış çayının şimalında qalan türklərdən başqa, bütün türklər müsəlman olmuşlar.
 İslam dini ilə birlikdə ərəb yazısı, islam dininə aid məfhum və düşüncələr də türk ədəiyyatına girməyə başladı.
 Qaraxanilər 999-cu ildə Samani dövlətini yıxıb Qərbi Türküstanı da ələ alandan sonra Səmərqənd, Buxara və Nişapur kimi müsəlman kültür mərkəzləri ilə birbaşa təmas tapdılar, islam türk ədəbiyyatı ilə birlikdə islami maarifləndirmənin təşkilində iştirak etdilər.
 Qaraxanilər aşağıdakı ellərdən ibarət idi: 1) Qarluqlar; 2) Uyğurlar, yığmalar; 3) Oğuzlar və qıpçaqlar.
 Qaraxanilər uyğurlar və iranlılarla birbaşa təmasları nəticəsində, onların kültür və mədəniyyətlərinin təsiri altında qaldılar. Bir tərəfdən də islam dini ilə birlikdə ərəb və fars dili də onların dilinə nüfuz etdiyindən yavaş-yavaş xalq ləhcəsi və yuxarı təbəqənin ləhcəsi olaraq iki ləhcə ortaya gəldi.
 Həmin ərəfədə qəznəvilər Qəznə və Xorasanda hökumət təşkil etdilər. Qəznəvilər türk olduqları halda İran kültürünün təsirində idilər. Belə ki Sultan Mahmud fars dilini ölkəsində rəsmi dil elan etmişdi, onun inkişafı və yayılmasına var qüvvəsi ilə çalışırdı. Fars dilini və İran əsatirini dirildən “Şahnamə” də onun naminə Firdovsi tərəfindən yazıldı.
 Bu dövrdə türk alim və yazıçıları əsərlərini daha çox ərəbcə və farsca yazmışlar. Məsələn, islamın böyük filosofu Əbunəsr Fərabi oğuz türklərindən olduğu halda əsərlərini ərəbcə yazmışdır. 7-ci əsrdə İbn Xəllikan tərəfindən Misirdə yazılan “Vəfəyət əl-əyan” kitabında Fərabinin heç bir zaman türk paltar və qiyafətini dəyişdirmədiyi yazılmışdır.
 “Təfsuri-l-kəşşaf və müqəddəmə əl-ədəb” lüğət kitabının müəllifi Carullah Zəməxşəri və “Əl-miləli vən-nihəl”in müəllifi Məhəmməd Şəhristani də türk olmaqlarına baxmayaraq əsərlərini ərəb dilində yazmışlar (V.Bartold). Zəməxşərinin “Lüğət” kitab dörd dildə (ərəbcə, farca, Xarəzm əski dili və Xarəzm türkcəsi) yazılmışdır.
 Məşhur ərəb dili alimi Fərabi İsmail Cövhəri də türk olduğu halda “Sühahi cövhəri” və ya “Əs-sühah fi-l-lüğət” kitabını ərəbcə yazmışdır.

XX hissə: Kişi doğdu, öldü, sözü qaldı, gör...

 11-ci əsrdə oğuz türklərindən Səlcuq oğuzları da Böyük Səlcuq imperatorluğunu təşkil etdilər və bütün türklər bu üç dövlətin- Qaraxani, Qəznəvi və Səlcuq dövlətlərinin təbəəliyində oldular. Bu dövrün türk dili və ədəbiyyatının ən böyük nümayəndələri “Qutadğu bilik” şeir kitabının müəllifi Yusif Uluq Xas Hacib və “Divani lütət ət-türk”ün müəllifi Mahmud Kaşğari olmuşdur. Mahmud Kaşğari türk dilinin nəhvi barəsində də bir kitab yazmışdır ki, sonradan bu kitab itmişdir.
 “DİVANİ LÜĞTƏT ƏT-TÜRK”. Bu böyük əsər Mahmud Kaşğari tərəfindən bütün türk dil və ləhcələri tədqiq edildikdən sonra 1072-ci ildə ərəbcə yazılmış, Abbasi xəlifəsinə təqdim edilmişdir. Kitab ərəblərə türk dili olan Xaqani və ya Kaşğari ləhcəsini, o zamankı türk ləhcələrini (oğuz, qıpçaq, çigil, yağma və qırğız) öyrətmək məqsədilə yazılmış, eyni zamanda türk elləri haqqında ən mühüm bilgini vermiş, türk xalq ədəbiyyatından müxtəlif nümunələr göstərilmişdir. Bu kitab ilk türk dili qrammatikasıdır. 
 Divanda sözlərin mənasını daha yaxşı başa düşmək üçün müəllif türk atalar sözlərindən faydalanıb, 272 atalar sözü işlətmişdir. Ayrıca türk xalq ədəbiyyatından dörd mərsiyə, neçə dastan, 300 dördlük şeir misallar şəklində veilmiş, türklərin cəsarəti və sülhpərvərlikləri mədh edilmişdir.
 Kitabda həm də bir dünya xəritəsi verilmişdir. Mərkəzdə Qaraxanilərin mərkəzi Balasaqun olmaq üzrə, türk elləri və qonşularının yerləri təyin edilmişdir.
 Divanda 20 türk elinin adı və yerləri, oğuz elinin 22 qəbiləsi barədə məlumat verilmişdir. Yaşadığı yerlərinə görə türk elləri belə bölünmüşdür:
1) Peçenqlər, bizanslılara ən yaxın yerdə olan türklərdir.
2) Qıpçaq, oğuz, imək, başqırd, basmil, kay, yabaqu, tatar və qırğızlar.
3) Çigil, toxsi, yağma, əğraq, çaruq, çumul, uyğur, tanqut və xitaylar şimaldan cənuba tərəf yerləşmişlər.
4) Tavqaç Çinin cənubundadır.
 Mahmud Kaşğariyə görə, qıpçaq, yemək, peçenq və bulqar ləhcələri də oğuz qrupuna daxildir. Onun fikrincə, oğuz ləhcəsinin bariz bir xüsusiyyəti fars sözlərinin bu dildə çox işlənməsidir. Oğuzlar farslarla qonşuluq və yaxın təmasları nəticəsində bir çox türkcə sözləri unudub onların yerinə farsca sözlər işlədirdilər. Kaşğari bu iki dil və el arasındakı yaxınlığı göstərmək üçün qədim bir atalar sözünü nəql etmişdir: Başsız börk olmaz, tatsız türk olmaz.
 İndi “Divani lüğət ət-türk”də nəql edilən atalar sözlərindən bəzi nümunələr dərc edirik:

-Beş ərüngək tüz ərməs.
-Alplar birlə uruşma, bəklər birlə turuşma.
-Korkmuş kişigə koy baştuş görünür.
-Bir karqa birlə kış kəlməs.
-Kanıq kan bilə yumas.
-Bir tilku terisin ikilə soymas.

 Bugünkü tükcəmizdə:

-Beş barmaq düz (bir) olmaz.
-Qəhrəmanlar ilə vuruşma, bəylərə qarşı durma.
-Qorxmuş kişiyə qoyun başı qoşa görsənir. 
-Bir qarğa ilə qış gəlməz.
-Qanı qanla yumazlar.
-Bir tülkünün dərisini iki dəfə soymazlar.

Qədim şeirlərimizdən nümunələrə diqqət yetirək. Bahar təsvirində:

Türlük çiçək yazıldı,
Uçmaq yiri göründi.
Barçın yazım kərildi.
Tumluq yana kəlgüsüz.

 Bugünkü türkcəmizdə:

Dürlü çiçəklər açıldı,
Quşların yeri görüldü.
Sanki ipək döşək sərildi
Daha soyuq gəlməyəcək. 

Quş qurd qamuq tirildi,
Ökül alıb tarıldı.
Erkək tişi tərildi,
Yınğa yuna girgisiz.

 Bugünkü türkcəmizdə:

Quş qurd hamı dirildi,
Dəstə-dəstə olub getdilər.
Erkək-dişi toplaşdı.
Yanın yuna girməyəcək.

 Mahmud Kaşğarinin bu əsərində Cuçi adında qədim bir türk şairindən də bəhs edilir.
***
 “QUTADĞU BİLİK”. Bu kitab 1069-cu ildə Yusif Uluq Xas Hacib tərəfindən yazılmışdır. O, Balasaqun əhli olub, əsərini Kaşğarda bitirmişdir, yazıb Qaraxani sultanı Buğra xana təqdim etmişdir. Müəllif öz zamanının ən parlaq ədəbi dilini yazıya almışdır və bu kitaba görə Xas Hacib rütbəsinə layiq görülmüşdür. 
 Kitabın mövzusu öyüddür, mübahisə və danışıq şəklində verilmişdir. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən, zərbi-məsəllərdən faydalanmışdır. Kitab şeirlə, əruz vəzninin bəhrlərindən birində yazılmış, bu baxımdan “Şahnamə”yə bənzədiyi üçün iranlılar onu “türk Şahnaməsi” də adlandırmışlar.  Əsərin tədqiqi göstərir ki, müəllif yüksək təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və riyaziyyatı da bilirmiş, bəzi rəvayətlərə görə isə İbn Sinanın şagirdi imiş. Müəllif İran və ərəb ədəbiyyatını yaxşı əxz etmiş və az da olsa onların təsir altında olmuşdur.
 Şairin dili sadə və eyni zamanda ədəbidir. Bütün kitabda 120 ərəb və fars sözü işlənir, bunlar da dini və dövlət işlərinə aid istilahlardır. 
 “Qutadğu bilik” tanrıya xitab şeiri ilə başlayır, sonra da peyğəmbərin və ilk dörd xəlifənin mədhi, bahar təsviri və Buğra xanın tərifi gəlir. Sonra yeddi ulduz, on iki bürc və elm, əql və dildən danışılır, daha sonra əsas mövzu başlayır və mübahisə dörd şəxsiyyət arasında cərəyan edir. Bu şəxslərin hər biri bir vaqiəti və ya bir həqiqəti təmsil edir.
 Güntoğdı (Gündoğdu)- doğru yol və ədaləti təmsil edir.
 Aytuldı (Aydoldu)- səadət və xoşbəxtliyi təmsil edir.
 Ugdolmuş- əql və məntiqi təmsil edir.
 Odqurmuş sonu və aqibəti təmsil edir.
 Bu adlar eyni zamanda qədim türk qəhrəmanlarının adları olmuşdur.
 Adil, blikli və ərdəmli (fəzilətli) bir padşah olan Gündoğdu ağıllı və bilikli vəziri Aydoldu ilə ölkənin idarəsi və ictimai məsələlər haqqında danışır, xoşbəxtlik, ədalət və sözün faydaları barəsində söhbət edir. Söhbətdən məlum olur ki, ədaləti padşah, xoşbəxtliyi isə vəzir təmsil edir. Hər zaman olduğu kimi xoşbəxtliyin ömrü qısa olur və vəzir ölür. Lakin padşah vəzirin oğlu və yetişdirməsi Ugdolmuşu atasının yerinə seçib onunla birlikdə məmləkət işlərini idarə edir. Ugdolmuşla siyasət, elm, ədalət və igidlik, insanın zövq və həvəsləri barəsində danışır və bu nəticəyə yetişirlər: Padşahın ətrafındakılar ona tabe olur, padşah pis olmasa pis adamları dövrəsinə yığmaz.
 Padşah Ugdolmuşa deyir ki, sən ölkənin səadət və ədalətə qovuşmasına bais oldun, dünya ölüm-itim dünyasıdır, əgər səni də əldən versəm, neylərəm. Ugdolmuş öz yaxınlarından birisi Odqurmuşu onunla tanış edir. Odqurmuş bilikli, təmiz, lakin dünyadan əl üzüb, axirət cazibəsilə yaşayan br adamdır. Ona görə də padşahın yanında qalmağa hazır deyil. Padşah onunla yazışıb məşvərət edir, o da padşahı xalqı və ölkəsi qarşısında olan mill, vicdanlı və insani vəzifələri ilə tanış edir, onun dünya və axirətini təmin etməyə çalışır.
 “Qutadğu bilik” Qaraxani cəmiyyətinin aydın təbəqəsinin mədəniyyət və düşüncələrini əks etdirir. Məsələn, ictimai məsələlər və onların həlli üçün aşağıda nəql edilmiş əqidələr çox cəlbedicidir: “Pislik bilməzlikdən gəlir. Tərbiyə və elm ilə pislik islah edilə bilir. Padşahlar və ailə rəisləri öz millət və ailələrini tərbiyə edib, onlara elm öyrətməlidirlər. Padşah yaxşı qanun çıxartmalıdır. Ədalətə dayanan qanun göyün sütunu kimidir, qanun pozulsa, göy üstümüzə xərab olar”.
 “Qutadğu bilik”- bir ədəbi şah əsəri olmaqla yanaşı siyasət kitabıdır. Kitabın üç əlyazma nüsxəsi Vyana, Qahirə və Fərqanə kitabxanalarında mövcuddur. Fərqanə nüsxəsi Türkiyədə Türk dili qurumu tərəfndən 1942-ci ildə çap olunmuşdur, sonra Rəşid Rəhməti Arat tərəfindən İstanbul türkcəsinə tərcümə edilərək 1959-cu ildə nəşr edilmişdir.
 İndi nümunə üçün “Qutadğu bilik”dən bi neçə şeir dərc edirik:

Kişi tuğdı, üldi, suzu kaldı kör
Üşni bardı yalnuk, atı kaldı kör

 Bugünkü türkcəmizdə:

Kişi doğdu, öldü, sözü qaldı, gör,
Özü getdi, yalnız adı qaldı, gör.

Bayusa bödüsə yadılsa çavı,
Yisə tursa yatsa bu ilğı turur.

 Bugünkü türkcəmizdə:

Zənginləşsə, böyüsə, yayılsa şöhrəti
Yeyən, duyan və yatan heyvandır.

Biligbirlə bəkilər budun başladı,
Öküş birlə ilkün imiş işlədi.

 Bugünkü türkcəmizdə:

Bilik ilə bəylər millətə baş oldular,
Əql ilə xalqın işini idarə etdilər. 

Tayanma tirigligə tuş tək keçər,
Güvənmə kıvı kutka kuş tək uçar.

 Bugünkü türkcəmizdə:

Dayanma diriliyə, yuxu tək keçər,
Güvənmə boş səadətə, quş tək uçar.

Törütdi tilək təg turu aləmiq
Yarutdu azuka künük həm ayı.

 Bugünkü türkcəmizdə:

Törətdi dilədiyi tək bütün aləmi
Yaratdı dünyaya günü, həm ayı.

XXI hissə: Türküstan kitabələri

 “UTBƏT ƏL-HƏQAİQ” VƏ ƏDİB ƏHMƏD YUKNƏKİ. Bu əsər şeir dili ilə din və əxlaq barəsində yazılmışdır. Müəllifi 12-ci əsrdə yaşamış Əhməd Yuknəkidir. Şair Daşkəndin cənubunda yerləşən Yuknəkdəndir və anadan doğma kormuş. Onun şeirləri xalq arasında yayılaraq dərin iz buraxmışdır, şairə əfsanəvi bir şəxsiyyət kimi baxmışlar.
 “Utbət əl-həqaiq”də “Qutadğu bilik”dən fərqli olaraq çoxlu ərəbcə və farsca sözlər işlənmişdir.
 Şair moizə dilini seçmişdir, şeir sənəti çox da qüvvətli deyildir. Bu kitabda dindarlığın fəzilətindən, elm və igidliyin faydasından bəhs olunur, təvazökarlıq və yaxşılıq mədh edilir, qürur ilə tamah isə pislənir. Kitabın “Həqiqətlər astanası” adlanması da elə buna görədir. Bu mənzum əsərin mətni 102 dördlükdən ibarətdir.
 “Utbət əl-həqaiq”in altı əlyazma nüsxəsi mövcuddur. Bunların dörd nüsxəsi Türkiyə kitabxanalarındadır. Rəşid Rəhmət Arat üç əlyazma nüsxələrindən müqayisəli olaraq bir nüsxə tərtib edərək Türkiyə türkcəsi ilə 1951-ci ildə çap etdirmişdir. 
 İndi bu kitabdan bəzi nümunələri dərc edirik. 

Təhmid:

İlahi, öküş həmd ayur mən sənə
Sənin rəhmətindin umar mən ona
Sənin barlığınqa tanukluq birür
Cəmad cənavər uçkan yügürkən nənə
Sənin birligingə dəlil arkaqan
Bulur bir nən içnə dəlillər minə
Yok ərdim yarattın yana yok kılıb
İkinc bar qılursən müğir mən muna
Bu qüdrət idisi uluc bir bayat
Ölüglərini tir gözmək asan ana.

 Bugünkü türkcəmizdə:

İlahi, mən sənə mədh deyirəm
Sənin rəhmətindən xeyrə ümid edirəm.
Sənin vardlığına şahidlik verir
Caməd canavar, uçan, yeriyən və hər şeyi.
Hər kim sənin birliyinə dəlil axtarsa,
Bir şey içində min dəlil tapar. 
Yox idim yaratdın, yenə yox qılıb,
İkinci dəfə var qılacaqsan, mən buna inanıram.
Bu qüdrət yiyəsi böyük bir tanrı,
Ölüləri diriltmək ona asandır.
***
 “DİVANİ HİKMƏT”. Bu mənzum və ürfani əsər türk təsəvvüf şeirinin qurucularından olan Əhməd Yəsəvi və ya Pir Türküstan tərəfindən yazılmışdır. Əhməd Yəsəvi 11-ci əsrin sonları, 12-ci əsrin əvvəllərində Türküstanın Sayram qəsəbəsində anadan olmuş, sonra Yəsi şəhərinə gəlib yeləşmişdir. Orada Yəsəvi təriqətini qurub, Yəsəvi adı ilə məşhurlaşmışdır. Yəsi şəhərində Arslan babadan dərs almış, sonra Buxaraya gedərək Şeyx Yusif Həmədaninin şagirdi və xəlifəsi olmuş, onun tərəfindən Yəsidə xanəgah qurmağa məmur edilmişdir. Əhməd Yəsəvi 1166-cı ildə Yəsidə vəfat etmiş, lakin şagirdləri onun təriqətini davam etdirib Türküstan, Xorasan, Azərbaycan və Anadoluda yaymışlar.
 Əhməd Yəsəvi islam dinini təsəvvüflə birləşdirərək, onun türklər arasında yayılmasına yardım etmişdir. Əhməd Yəsəvinin dini-əxlaqi şeirlərində tanrı eşqi islam əqidələri ilə birlikdə tərənnüm edilmiş, bu şeirlər xalqın dililə söyləndiyi üçün şəhərlərdə olduğu kimi, obalarda da xalq arasında yayılmışdır. Şeirlər saz və rəqs ilə oxunduğu üçün xalqın ruhuna işləmiş, onların islam dininə əlaqə və maraqlarını yönəltmişdir.
 Təsəvvüfün islam dini əqidələrilə qaynaşıb birləşməsi dini təəssübün azalmasına səbəb olmuşdur; xanəgahda qadınlar da kişilərlə birlikdə din və təriqət mərasimlərini icra edirmişlər.
 Əhməd Yəsəvinin şeirləri dördlük şəklində, daha çox heca vəznilə (7 və 12 hecalı) qoşulmuşdur. 12 hecalı şeir o zaman türklərin milli şeir şəkli olmuşdur. Dördlüklərin dili sadə və xalqın anladığı dildədir, ərəb və fars sözləri cüzidir. Bu şeirlər təlim xarakterli olduğu üçün, müəllif öz şeirlər məcmuəsinə “Divani hikmət” adını vermişdir.
 Əhməd Yəsəvinin şeirləri tezliklə bütün Türküstanda yayılmış, başqa şairlər də bu səpkidə və üslubda şeirlər qoşmuşlar ki, bunların bəziləri Əhməd Yəsəvinin şeirlərilə qarışmışdır.
 Şeyx Əhməd Yəsəvi xalq arasında mürşidi-kamal və təriqət piri olaraq tanınmış, öləndən sonra əfsanəvi şəxsiyyətə çevrilmişdir. Ölümündən iki yüz il sonra əmir Teymur onun üçün böyük bir məqbərə tikdirmişdir.
 Yəsəvi təriqətinin Xorasanda 13-cü əsrdə zühur edən heydəriyyə təriqəti, Anadoluda yaranan babi və bektaşi təriqətlərinin meydana gəlmələrində əsas rolu olmuşdur. Əhməd Yəsəvi barəsində Fuad Körpülü dərin tədqiqatlar aparıb, “Türk ədəbiyyatında ilk sufilər” kitabında ondan ətraflı bəhs etmişdir.
 ***
 “QISAS ƏL-ƏNBİYƏ-İ RABĞUZİ”. Bu kitab 1310-cu ildə Bürhanəddin oğlu Nasir Rabğuzi tərəfindən peyğəmbərlərin mədhi üçün yazılmışdır. Dil baxımından Kaşğar ləhcəsi duyulur, lakin oğuz ləhcəsi xüsusiyyətlərini də özündə daşıyır.
 Kitabın şeir hissələrində “Qutadğu biliy”in təsiri hiss olunmaqdadır. Şeir qismi dördlüklər və qəzəllərdən ibarətdir. Nümunə üçün qəzəllərdən birindən iki beyti dərc edirik:

Kün həməlgə girdi ərsə, kəldi aləm novruzi
Keçdi bəhmən zəmhərir kış, kalmadı kari buzi.
Kün kəlimun kürki tartın, tirülür ölmüş cahan,
Tanq bəzizlər nəqşi birlə bəzənur bu yer yüzi.

 Kitabın ən qədim nüsxəsi Britaniya muzeyindədr və 1948-ci ildə çap edilmişdir.
***
 Qaraxanlı türkcəsilə Quranın tərcümələri və təfsiri kitabları da yazılmışdır. Üç tərcümədən biri Sankt-Peterburq Asiya muzeyində, ikincisi 1333-cü ildə yazılmış və İstanbulda Türk-İslam əsərləri muzeyində saxlanılır. 1363-cü ildə yazılmış  üçüncü tərcümə isə İstanbulda Milli kitabxanadadır. Quranın təfsiri Teymur dövrünə aid olub, Sankt-Peterburq Asiya muzeyində saxlanılır.
 “NƏHC ƏL-FƏRADİS”. Dini və əxlaqi ehkam və möcüzələr barəsində yazılmış təlim əsəridir, eyni halda dili sadədir, türk sözləri baxımından çox zəngindir. “Nəhc əl-fəradis”in iki əlyazması vardır. Biri İstanbulda, digəri Britaniya Şərq muzeyindədir. Kitabın müəllifi Əli oğlu Mahmud Kərdərəhlidir.
 “MÜİN ƏL-MÜRİD”. Bu mənzum əsər 1313-cü ildə Xarəzmdə yazılmış, məzhəbi ürfani parçalardan tərtib edilmişdir. “Müin əl-mürid” “Qutadğu bilik” və “Utbət əl-həqaiq” vəznilə yazılmışdır. Mənzumələri qoşan Şeyx Şərif adında bir şair imiş. Bu kitabın tək əlyazma nüsxəsi Bursa kitabxanasındadır və dördlük şəklində 900 beytdən ibarətdir.
 “MƏHƏBBƏT-NAMEYİ XARƏZMİ”. Türkcə məsnəvidir və 11 məktubdan ibarətdir. Bir neçə türki qəzəl və bir neçə farsca hissəni əhatə edir. Kitabın müəllifi Xarəzmidir, Altun Ordu əmirlərindən Mahmud Xoca bəyin arzusu ilə yazmış və ona təqdim etmişdir. Əsər 1353-cü ildə Ceyhun çayı hövzəsində yazılmışdır. Bu əsəri Təbrizli pofessor Turxan Gənceyi təhqiq etmişdir. 
 “MÜQƏDDƏMEYE ƏL-ƏDƏB ZƏMƏXŞƏRİ”. Bu kitab Cərullah Mahmud Zəməxşari tərəfindən türk, fars və xarəzmlilərə ərəb dilni öyrətmək üçün yazılmış, sultan Atsız Xarəzmşaha təqdim edilmişdir. Mətni ərəbcə yazılmış, mətn altında isə türkcə və farsca tərcümələri verilmişdir. Mətnin türkcəsi xarəzmidir. Lakin oğuz, qıpçaq və qanıqlı ləhcələri haqqındla da məlumat verilmişdir. Bu kitab türkcə ləqəb, istilahlar və yer adları, əqidə istilahları, paltar, el, ay və heyvanların adları baxımından çox zəngindir. 
 “Müqəddəmeye əl-ədəb Zəməxşəri” əsrlər boyu mədrəsələrdə tədris olunmuşdur. Kitabın müəllifi Zəməxşəri Xarəzm türklərindən olub, islam dünyasının ən parlaq simalarından sayılmışdır. Zəməxşəri ərəb dilində misilsiz ustad olub, onun “Kəşşaf” adı ilə yazdığı Quranın təfsiri ən yaxşı təfsirlərdən sayılır. Bu alim eyni zamanda yaxşı şair olub ərəbcə gözəl şeirlər də yazmışdır. Zəməxşəri 1134-cü ildə Curcaniyə qaryəsində vəfat etmişdir.
 “KİTABİ TUBYAN ƏL-LÜĞƏT ƏT-TÜRKİ ALƏ LİSANİ QANIQLI”. Müəllifi Məhəmməd bin Qeys olan bu kitab “Lüğət ət-türki Xarəzm” və ya “Lüğətu qanıqlı” adı ilə də məşhurdur, ərəbcə yazılmış və sultan Calaləddin Xarəzmşah üçün hazırlanmışdır. Kitab İbn Mihnə (“Lüğatu İbn Mihnə”), Əhməd Muniri (“Lüğətu Şərəfnameyi İbrahimi”) kimi lüğətşünaslar tərəfindən, həmçinin “Fərhənge Cahangiri”ni yazmaq üçün istifadə edilmiş və sonradan itmişdir.
 “QISSEYE YUSİF”. Bu mənzum əsər “Yusif və Züleyxa” dastanını nəql edir. Əsər Əli adında şair tərəfindən heca vəzni ilə (12 hecalı) dördlük şəklində yazılmışdır.
 “XOSROV VƏ ŞİRİN-E QÜTB”. Nizami Gəncəvinin “Xosrov və Şirin” dastanının tərcüməsidir. Əsər Xarəzm məntəqəsində 1341-cü ildə Qütb adlı şair tərəfindən yazılmışdır.
 “RÖVNƏQ ƏL-İSLAM”. Bu mənzum əsər türkmənlərə islam dinini öyrətmək üçün 1465-ci ildə Şeyx Şərif tərəfindən yazılmışdır. 
***
 Altun Ordu dövləti, qeyd edildiyi kimi Qara dənizin şimalında Çingizxanın nəvəsi Batu tərəfindən quruldu. Bu dövlətin xalqına Cuçi ulusu deyilirdi. Onların əksəriyyətini qıpçaqlar təşkil etdiyi üçün, bu məntəqəyə Dəşti Qıpçaq da deyilirdi. Lakin Altun Ordunun hökuməti Xarəzmə qədər uzanırdı. Batunun qardaşı Börke xan müsəlmanlığı qəbul etdl və hökumət edən monqollar az bir müddətdə qıpçaq türkləri arasındla əriyib türkləşdilər. Bu məntəqədə islam mədəniyyəti ilə yanaşı, türk dili də yayılıb inkişaf etdi və türk dili dövlət dili oldu.
 Bu məntəqədə və qıpçaq türkləri- məmlüklərin hökumət etdiyi Misir və Suriyada yazılan əsərlər qıpçaq türkcəsilə yazılmışdır.
 Bu kitabların çoxu dil və lüğət haqqındadır. İndi isə onların ən mühümləri haqqında danışacağıq.
***
 “KODİKS KUMANİKUS” VƏ YA QIPÇAQ MƏCMUƏSİ. Bu kitab 14-cü əsrin əvvəllərində italiyalı və alman missionerləri tərəfindən qıpçaq türklərinə məsihi dininin əsaslarını öyrətmək üçün hazırlanmışdır, əlyazması Venesiyada Santa Markos kitabxanasında saxlanılır. Əsər qıpçaq mətn və sözlərinin məcmuəsindən ibarətdir. Eyni zamanda qıpçaqların yaşayışı haqqında qiymətli məluümatlar verir. 
 Kitab iki dəftərdən ibarətdir ki, birincisi italyanlar, ikincisi isə almanlar tərəfindən hazırlanmışdır.
 Birinci dəftər latın-fars-qıpçaq sözlüyüdür (lüğət kitabı). Nümunə üçün bir neçə kəlmə dərc edirik:
 Tanrı- xuda, uçmaq- behişt, tamuq- cəhənnəm, quyaş- günəş, kun- gün, keçə- gecə, tanda- sabah, kurklu- görkəmli, kuvuz- xalça, akça- pul, boxovrik- buxarı, açkus- açar, olturuq- kürsü, otaçi- doktor, şiraçi- içki satan, itməkçi- çörəkçi, yalçı- fəhlə, sıqraq- poçt işçisi, xan və qan- padşah, bəg və ya bei- bəy, çiri başi- qoşun komandanı, yarquçi- vali və hakim, alpavut- əsgər, orda- ordu qərargahı, tolmaç- tərcüməçi, içi- qadın, qaravaş- kəniz. 
 İkinci dəftər qıpçaq-alman kəlmələri, qıpçaqca dua və tapmacalardan ibarətdir. Bu dəftərdə də birincidə olduğu kimi, türk qrammatikasından müxtəsər olaraq bəhs edilmişdir.
 Bu əsər latın hərflərilə yazıldığı üçün tələffüz baxımından da çox qiymətlidir.
 “KİTAB ƏL-İDRAK LİLİSAN ƏL-ƏTRAK ƏBU HƏYAN ƏL-ƏNDƏLUSİ”. Bu kitab qıpçaq lüğət kitabıdır və Əbu Həyan tərəfindən Misirdə 1312-13-cü illərdə yazılmışdır.
 “KİTAB HELYE ƏL-İNSAN VƏ HELYE ƏL-LİSAN CƏMALƏDDİN İBN MİHNƏ”. Bu kitab Azərbaycanda Elxanilər zamanında yazılmış və “İbn Mihnə lüğəti” adı ilə tanınmışdır. Lüğət üç hissədən ibarətdir: 1) ərəbcə, 2) ərəbcə-türkcə, 3) ərəbcə-monqolca. 
 Ərəbcə-türkcə fəslində Azərbaycan türkcəsinin fonetikası və qrammatiikası haqqında müfəssəl izahat verilmiş və iki mindən artıq söz yazılmışdır ki, bunların çoxu bugünkü dilimizdə işlənməkdədir.
 “KİTAB ƏL-QAVANİN ƏL-KULLİYYƏ LİDABTİ ƏL-LÜĞƏT ƏT-TÜRKİYYƏ”. Misirdə, məmlüklər zamanında qıpçaq türkcəsilə yazılmış və İstanbulda Müəllim Rüfət tərəfindən çap edilmişdir.
 “KİTAB BƏLƏĞƏT ƏL-MÜŞTAQ Fİ LÜĞƏT ƏT-TÜRK VƏ ƏL-QIPÇAQ”. Bu kitab qıpçaq və oğuz lüğətidir.

XXII hissə: Min türkcə başlayıb rivayət, Kıldım bu fəsanəni hekayət…

 Qərb türkcəsi oğuz, şimali türkcə isə qıpçaq və şərq türkcəsi- Orta Asiya ləhcələri üzərində qurulmuşdur. Şərq türkcəsinə Cığatay türkcəsi də deyilmiş, əmir Teymur zamanından başlayıb, Nəvainin zühuru ilə ən parlaq mərhələsinə çatmış və sonra isə özbək türkcəsinə çevrilmişdir.
 Teymurilər zamanında Cığatay türkcəsi əmir Əlişir Nəvai kimi böyük şair və qüdrətli şəxsiyyətin meydana çıxması ilə bu məntəqənin ədəbi dili olmuşdur. Əmir Teymurun zamanında Səmərqənd islamın ən böyük şəhərlərindən birinə çevrildi. Teymur fəth etdiyi yerlərdən memar və mütəxəssislər gətirib, Səmərqəndin ətrafında şəhərciklər tikdirdi, onlara Bağdad, Dəməşq, Qahirə, Sultaniyyyə və Şiraz kimi böyük şəhərlərin adını verdi. Səmərqənddə tikdirdiyi böyük came o zamanın ən böyük məscidi imiş. Bu camedə Teymur, Şahrux və Uluğbəyin məqrəbələri də vardır.
 Teymurun oğlu Şahrux və nəvəsi Uluğbəyin zamanında Səmərqənd mədəniyyət mərkəzi oldu. Lakin ondan sonra kültür mərkəzi Herata köçürüldü. Sultan Hüseyn Baykara 1469-cu ildə Heratı paytaxt seçdi. Dostu və şagirdi əmir Əlişir Nəvai ilə birlikdə oranı elm və ədəbiyyat mərkəzinə çevirdi. 
 Nəvai öz zamanının ən böyük şairi və türk ədəbiyyatının ən əzəmətli şəxsiyyəti olmuş, ərəb, fars və türkcəni mükəmməl bilmiş, türkcə və farsca şeir divanı yazmışdır. Türkcə şeirlərində Nəvai, farsca şeirlərində Fani təxəllüsünü seçmişdir. Öz zamanında ən qüvvətli siyasi şəxsiyyət olub, ana dili və millətinə candan bağlı adam idi. Bu səbəbdən də öz zamanının türk şairlərinə ana dlində şeir yazmağı tövsiyə edib, türk dilinin farscadan daha geniş və kamil olduğunu isbat etmək üçün “Mühakimət əl-lüğəteyn” adlı bir kitab yazmışdır.
 Nəvai 32 mənzum və mənsur əsər yazmışdır ki, bunların yarısı farscadır. Onun ən mühüm əsəri olan “Xəmsə” 32 000 beytdən ibarətdir.
 Nəvai İranda və Türkiyədə o qədər məşhur olmuşdur ki, türkiyəli və azərbaycanlı şairlər onun şeirlərinə nəzirələr yazmış, onun divanını yaxşı anlaya bilmək üçün “Sənglax” kimi lüğət kitabları hazırlamışlar. 
 Nəvai Cığatay ədəbiyyatının qurucusudur. Cığatay türkcəsi Əngican ləhcəsi və Orta Asiya türkcəsinin qarışığından meydana gəlmişdir. Cığatay ləhcəsinə azəri türkcəsinin təsiri çox olmuşdur. Çünki o zaman Təbriz, Şirvan kültür mərkəzləri idi, Heratla yaxın münasibətləri vardı. Belə ki bir çox Azərbaycan şair və sənətkarları Heratda məktəb oxumuş və bu məktəb akademiya şəklini almışdır. 
 Nəvaidən qabaq Cığatay ləhcəsində Mir Heydər Xarəzmi, Səkkaki, Atai, Yəqini və Gədai Səmərqənddə, Heratda Cığatay ədəbiyyatının qurulmasında mühüm rol oynamışlar.
 Nəvai ən böyük dəstəyi sultan Hüseyn Baykaradan görmüşdür. Bu adam özü də şair olub, ana dilinə bütün varlığı ilə bağlı olmuşdur. Onun dövrü türk dilinin qızıl dövrü sayılır. Baykara türk və farsca şeirlərində Hüseyni təxəllüsü ilə yazmışdır.
 Nəvainin idarə və himayə etdiyi Herat məktəbində Hafiz Əbru, Səmərqəndi, Mirxond, Xandəmir və Dövlətşah Səmərqəndi kimi tarixçilər, Behzad və Hüseyn Vaiz kimi nəqqaşlar, Sultanəli kimi xəttatlar yetişmişdir.
 İran, Hindistan və Anadoluda Nəvainin əsərlərini yaxşı başa düşmək üçün Cığatay türkcəsində yazılmış ən mühüm sözlüklər bunlardır:    
 “Bədai əl-lüğət”. Heratda 1704-1705-ci illərdə yazılmışdır.
 “Lüğəti Əbu Şəka”. Anadoluda 16-cı əsrin əvvəllərində yazılmışdır.
 “Lüğəti Fəzlullah xan”. Hindistanda 17-ci əsrdə yazılmış və Kəlküttədə çap olmuşdur.
 “Kitabe zabani türki”. Cığatayca-farsca sözlükdür və Hindistanda Yaqub Cəngi tərəfindən yazılmışdır.
 “Sənglax”. Nadir şahın münşisi Mirzə Mehdixan Atsrabadi tərəfindən Nəvainin əsərlərini daha yaxşı anlamaq üçün yazılmışdır.
 “Əl-tamğaye Nasiri”. Farsca-cığatayca lüğətdir.
 “Behcət əl-lüğət”. Farsca-cığatayca lüğətdir, 19-cu əsrdə yazılmışdır. 
 “Lüğət Şeyx Süleyman Əfəndi Buxarai”. İstanbulda yazılıb çap edilmişdir (1298).
 Hindistanda səltənət quran Babur da əsərlərini Cığatay türkcəsilə qələmə almış, türkülərilə yanaşı, Cığatay nəsrinin ən gözəl nümunələrini (“Baburnamə”) yaratmışdır.
***
 İndi isə nümunə üçün Nəvai və Babur şahdan parçalar dərc edirik. Nəvainin “Leyli və Məcnun”undan:

Min xəstə ki, bu rəqəmni çikdim
   Təhriri üçün qələmni çikdim.
Yazmağa bu eşği cavdanə
   Məksudum deyildi fəsanə
Məzmuniğa buldı ruh meyli,
   Əfsanə idi anın tüfeyli.
Lakin çu rəqamqa gəldi məzmun
   Əfsanə anğa libasi mövzun.
Bu idi ğərəz kim ol qüruhi,
   Kim sözdə əyan qılıb şükuhi.
Bu namə üçün olub rəqəmkeş,
   Səfhə yüzün itdilər münəqqəş.
Gər nüktələri caşani tutdi,
   Qovğalari ins və cani tutdi,
Çün farsi irdi nüktə şovği 
   Azrak idi anda türki zövqi.
Ol dil ilə nəzm boldi məlfuz,
   Kim farsi anlar oldi məhzuz.
Min türkcə başlayıb rivayət, 
   Kıldım bu fəsanəni hekayət.
Kim şöhrəti çün cahanqa dolar
   Türki ilə daği bəhrə olar.
Niçün kimi bu gün cahanda ətrak,
   Çoxdur xoş tabo saf-edrak.

 Bu qəzəl isə Babur şaha məxsusdur: 

Kim göründür ey köngül əhli cahandan yaxşılık,
Kim ki andın yaxşı yok köz tutma andın yaxşılık.

Gər zəmanqı nəf qılsın, eyb qılma ey rəfiq,
Kormədim hərkiz etayın bu zəmandan yaxşılık.

Dülrübalardan yamanlık kildi məhzun könlümə,
Kilmədi canımğa hiç aram canındin yaxşılık.

Ey köngül çün yaxşıdin kördünk yamanlıq əsru, köp
İmdi köz tutmağni yəni hər yamandan yaxşılık. 

Bari ilğa yaxşılık kılgil ki muidin yaxşı yok,
Kim dikaylar dəhr ara kaldı filandin yaxşılık.

Yaxşılık əhli cahandan istəmə Babur kimi, 
Kim görübtür ey köngül əhli-cahandan yaxşılık.

 Əsərimizin ərsəyə gəlməsində tanınmış alim Həmid Nutqinin və doktor Cavad Heyətin buraxdıqları “Varlıq” jurnalının materiallarından geniş istifadə edilmişdir. Fikirlərimizi də “Varlıq” jurnalının baş redaktoru Həmid Nutqinin bir şeirİ ilə tamamlamaq istəyirik:

Heç olmasa, min ildi bu torpaqlara girdik,
Min dürlü əmək, göz yaşı, qan uğruna verdik.
“Altay”ları tərk eyləyərək, sel kimi daşdıq,
Dağ-düz demədik, isti, çorak çölləri aşdıq.
“Şamanlığı” atdıq, ulu islama qovuşduq.

“Qorqud” dədənin xeyri-duasın alan ellər
Üz qoydu “Axın” yollarına, titrədi hər yer.
Gündüz-gecə, el sel kimi dörd nal düzü keçdi
Yaldızlı saraylarda “gələn türk” sözü keçdi.
Çöl bitdi nəhayət, Sıra dağlar yolu kəsdi,
Mənzil yaxın artıq, deyə ellər də tələsdi.
Lakin nə keçid vardı, nə yol, olsa da yer-yer
“Dur, gəlmə!” deyənlərlə savaşmaqdı müqəddər.
Tər, göz yaşı, qan qiymətinə İrana girdik,
Son bəylik üçün bir sıra əvvəllər əsirdik.
Min dürlü məşəqqətlə bizim qəhrəman ordu
Bu ölkədə tovhid adına yurdunu qurdu.
Sərkərdə “Səbük”lərlə elin sanı ucaldı,
Türkün adı hər guşədə min vəlvələ saldı. 
Zəncirdə əsirkən, yenə azad ola bildik,
Dünyada baş olduqsa da, adil qala bildik.

Günlər tükənib, aylar ötüb, keçdi yüz illər,
Allah bərəkət verdi də artdı bizim ellər.
Ard-ardına qardaşlarımızdan gələn oldu,
“Altay” ətəyindən boşalıb, İrana doldu.
Hökm etdi bu yerlərdə pey-a-pey uzun illər
Mahmud, Məlikşah, Cəlal əd-Din, Səncər…

Hər riştəyə, hər fənnə əl atdıq təməlindən.
Sənətdə, ziraətdə, hünərdə əlimiz var,
Bax hər yana, hər guşəyə bizdən neçə iz var.
Saysan o böyük adları, heç dəftərə gəlməz
Minlərcə əsatid adın insan saya blməz…

İstifadə olunmuş ədəbiyyat: Nihad Sami Banarlı, “Rəsimli türk ədəbiyyatı tarixi”; Əhməd Zəki Vəlidi Toğan, “Ümumi türk tarixinə giriş”; Əhməd Cəfəroğlu, “Türk dili tarixi”; Qəfs oğlu İbrahim, “Türk milli kültürü”; Doktor Cavad Heyət, “Türklərin tarix və mədəniyyətinə bir baxış”; Vasili Bartold, “Orta Asiya türklərinin tarixi”; Doğan Avcıoğlu, “Türklərin tarixi” və s.

Комментариев нет:

Отправить комментарий