Страницы

13.01.2016

Məmməd Süleymanov: Sovet İttifaqı dünya tarixində ən ədalətli quruluş idi

Tanınmış publisist Məmməd Süleymanov ilə müsahibə

–Mən sizin evdə axırıncı dəfə beş-altı il əvvəl olmuşdum. Açığını deyim ki, o vaxt assosial adam təsiri bağışlayırdınız. Mənə elə gəlirdi ki, adamlardan, onlarla görüşməkdən qaçırsınız. İndi necədir, vəziyyət?
– Yanılırsan, mən yaşadığım qapalı həyat deyil. Çünki çox yerə gedirəm. Sadəcə, getdiyim yerləri özüm seçirəm.

– Özünüz seçdiyiniz yerlər, özünüz seçdiyiniz adamlar çoxdurmu?
– Hə, çoxdur. Evə gəlib-gedənlər də var, kənarda görüşdüklərim də. Bir də axı mən hər ilin iki aydan çoxunu Qaxda, Zaqatalada – təbiət qoynunda keçirirəm. Belə adama necə assosial demək olar?

– Kimlərlə görüşürsünüz, daha çox qohum-əqrəba, yoxsa?..
– Yox, məhz qohumlarla az-az görüşürəm. Bunun bir səbəbi də odur ki, qohum-əqrəbam çox azdır. O adamlarla görüşürəm ki, mənə onlarla maraqlıdır, onlara da mənimlə. Yəni ortaq nöqtələrimiz var, maraqlarımız üst-üstə düşür, bir-birimizdən nəsə öyrənə bilirik. Ona görə də görüşdüyüm adamları, qatıldığım tədbirləri seçəndə bu amilləri nəzərə alıram.

– Yəqin, siz görüşdüyünüz adamları biz tanımırıq. Ona görə belə qənaətə gəlmişik...
– Tanıdıqlarınız da var, tanımadıqlarınız da. Görüşdüyüm adamların içində gənclər çoxdur – solçu gənclər. Bundan başqa, tələbə yoldaşlarımla, sosial-demokrat vaxtlarımdan tanıdığım dostlarla tez-tez görüşürəm. Bunların hamısını yığsaq, bir kəndin adamı eləyər (gülür).

– Sizin sosializmi seçməyinizin səbəbi nə olub?
– Mən həmişə inanmışam ki, sol ideya yeganə bəşəri ideyadır. Yəni millətçiliyi, dinçiliyi, aradan götürən düşüncə tərzidir. Bu düşüncədə sosial ədalət var, insana insan kimi yanaşma var.

– Maraqlı burasındadır ki, sizin tələbəlik illəri millətçiliyin, millətçi düşüncənin intibah dövrünə düşüb. Sizinlə bir vaxtda ali məktəbdə oxuyan, hərəkata qoşulan, jurnalistikaya gələn yaşıdlarınız millətçiliyi, Xalq Cəbhəsini seçirdi...
– Məhz həmin dövrdən – məktəbin son illərindən oxuduğum siyasi ədəbiyyat düşüncələrimi bu yöndə formalaşdırdı. Leninin 50 cildliyinin, demək olar ki, önəmli bir hissəsini birinci kursda olanda artıq oxumuşdum. Meydan hərəkatı dövründə yaranan bütün suallara həmin əsərlərdə cavab tapırdım.

– O qarışıq dövrdə öz suallarınızın cavabını Leninin kitablarında tapırdınız?
– Bəli. Mən hərəkatın ilk illərindən sosial-demokrat olmuşam. Sol ideyadan başqa ideyaların arxasınca ona görə getməmişəm ki, soldan başqa bütün ideoloji düşüncələr özlərindən sonra yanğın və dağıntı qoyurlar. Onlar ancaq dağıdırlar, sol isə qurur. Son 25 ildə bütün dünyada gördüyümüz mənzərə buna tipik misaldır.

– Sol ideya ilə qurulmuş SSRİ də özündən sonra dağıntılar qoymuşdu...
– SSRİ dağıdılmışdı. Dövlət dağıdılırsa, dağıntının əmələ gəlməyi təbiidir. Bu ölkənin dağıdılması miqyasına və gətirdiyi fəlakətlərə görə dünya tarixində ən böyük əks-inqilab idi. Dünyanın 6/1-də sosial dövləti çökdürəndə onun yerində aclıq, səfalət, müharibə, insanın insana düşmənçiliyi və ziyanlı ideologiyaların aktuallaşması, elmin, mədəniyyətin, səhiyyənin məhvi labüd idi. Bütün bunlar əks-inqilabın nəticəsi idi.

– 20 Yanvar faciəsindən 25 il ötdü. Bu hadisəyə münasibət birmənalı deyil. Baş verənlərin qəhrəmanlıq tarixi olduğunu düşünənlər də var, məğlubiyyət olduğunu deyənlər də...

– 20 Yanvar şəksiz məğlubiyyətdir. Çünki o hadisənin bizə heç bir xeyri olmadı. Bu hadisə SSRİ-nin başında dayananların dövlətin dağılmasını sürətləndirmək üçün törətdiyi qırğın idi. O yerdə ki, sosial dövlət var idi, ideyaya bağlılıq var idi, orda sistemi ancaq qanla çökdürmək olardı. Ona görə də buna əl atdılar. Bu metoddan SSRİ-də, Yuqoslaviyada və Rumıniyada istifadə olundu. 20 Yanvarın səbəbkarı Moskvada oturanlar idi. Xalq Cəbhəsinin rəhbərliyi isə küyə getdilər. Baş verənlər imperialist qüvvələrə də sərf edirdi, çünki dünyanın 6/1-ni təşkil edən sosial dövləti çökdürüb, kapitalizmə keçid adı altında onun ərazilərini öz aralarında bölmək istəyirdilər. Bunun üçün də sosializm ideyasını bütün mümkün olan və olmayan yollarla ləkələmək lazımdır. Bəs bunu necə həyata keçirmək olar? Əlbəttə ki, çoxmillətli xalqlar arasında nifaq toxumu səpməklə. Onlar öz istədiklərinə nail olmaq üçün bu cinayətləri törətdilər. Bununla da SSRİ dağıldı və dağıntı özüylə birlikdə müharibələr gətirdi.

– Və sosialist Məmməd Süleymanov da könüllü Ermənistan-Azərbaycan müharibəsinə yollandı...
– Hə, 1992-ci ildə. Gəlin, belə təsəvvür edək: evimizə düşmən gəlir. Kişinin vəzifəsi odur ki, düşməni evinə buraxmasın. Mən buna görə getmişdim müharibəyə. Bir də tarixin şahidi olmaq istəyirdim. Bilirdim ki, orda məndən asılı heç nə yoxdur. Ancaq yenə də şahidlik etmək istəyirdim. Marina Svetayevanın gözəl bir sözü var, deyir, şairin öz həyatı poema deyilsə, o, şair deyil. Mən də yazdıqlarımı görməmişəmsə, yazar yox, nağılbazam.

– Nəyi gördünüz müharibədə, nəyin şahidi oldunuz?
– Müharibənin şahidi oldum. Və bir daha əmin oldum ki, müharibəni romantikləşdirmək olmaz, müharibə istənilən halda faciədir.

– Səhv etmirəmsə, döyüşdə iştirak edə bilməmisiniz. Nəsə sağlamlıqla bağlı problem olub.
– Yox, sadəcə, biz döyüşə gedənlərdən 150-200 metr arxada dayanırdıq ki, yaralılara təhlükəsiz yerdə ilk yardım göstərə bilək.

– Deməli, Tibb Universitetində oxumağınız köməyinizə çatırdı?
– İlk yardım göstərməyə, hə.

– Yəqin ki, müharibənin çox acı xatirəsi var sizdə.
– Yox, yoxdur. Xüsusilə də 21 yaşında olanda hər şey adama çox yüngül görünür.

– İllər öncə “Gündəlik  Azərbaycan” qəzetində bir tarixi məqamı yazmışdınız. 70-ci illərin sonlarında İranda nümayişlər başlayanda ön sıralarda Çe Gevara beretləri taxan sosialistlər var imiş. İranda baş verənlərin sonunu isə hamımız gördük. Tarixdə belə örnəklər çoxdur. Bütün bunlar inqilabın qələbəsinə olan inamı sarsıtmır ki?
– Qətiyyən! Sadəcə, inqilab olmayan hadisələr bizə inqilab kimi təqdim olunur. Biz sonradan görürük ki, baş verənlər inqilab yox, əks-inqilabdır. İran inqilabında yalnız bir qüvvənin konkret məramı var idi – İslamçıların. Yalnız onlar bilirdilər ki, hansı cəmiyyəti istəyirlər və onu necə quracaqlar. Sosialistlər isə bilmirdilər.

– Bəs nə çıxarmışdı sosialistləri o meydana?
– Sosialistləri ora ideologiya çıxarmışdı. Onlar düşünürdülər ki, biz cəmiyyət quracağıq, həmin cəmiyyət ədalətli olacaq. Ancaq bu, söz idi və söz olaraq qaldı. 1917-ci Fevral inqilabını yada salaq. Fevralda inqilab olur və hamı, o cümlədən, sosialistlər razılaşır ki, biz azad, demokratik, ədalətli burjua dövləti yaradırıq. Ona görə də bu inqilab burjua inqilabı adlanır. Yalnız bir nəfər – Lenin hamıya, hətta öz partiyadaşlarına qarşı çıxır və deyir ki, burjua inqilabını sosialist inqilabına çevirib sosialist cəmiyyəti qurmaq lazımdır. Lenin bunun taktikasını da bilirdi, həyata da keçirə bildi. Bu cəhətdən o, praktika ilə nəzəriyyəni birləşdirə bilən yeganə liderdir. Bir də yəqin ki, Fidel Kastro.

– Ancaq praktika ilə nəzəriyyənin birləşməyi də sonradan baş verənlərin qarşısını ala bilmədi. Söhbət Leninin ölümündən və Trotskinin çıxdaş edilməsindən sonra baş verənlərdən, Sovet dövlətinin tutduğu irticaçı mövqedən gedir...
– Sovet İttifaqı dünya tarixində ən ədalətli quruluş idi. Ancaq sovet quruluşu sosialist dövləti deyildi. İndi bəzən o dövrdən danışanda deyirlər ki, kommunizmi görmüşük. Halbuki, biz heç sosializmi də görməmişik. Biz Marksın, Leninin təlimlərinin təhrif olduğu cəmiyyətdə yaşayırdıq. Sadəcə, o cəmiyyət o biriləri ilə müqayisədə daha ədalətli idi. İndi axtarsaq, sovet quruluşunda o qədər səhv tapa bilərik ki... Sovet dissidentlərindən biri Aleksandr Zinovyev deyirdi ki, dünya tarixində ən böyük xəyanətlərdən biri Sovet İttifaqı Kommunist Partiyasının xəyanəti idi. Bir günün içində milyonlarla adam anti-kommunistə çevrildi. Deməli, o partiyada kommunistlər deyildi. Kommunistlərin ən mühüm hissəsi 30-cu illərdə məhv oldu. Daha sonra müharibə ən yaxşı kommunistləri apardı. Sonra bu təlim, sadəcə, karyerizmə və şüarbazlığa çevrildi.

– Brejnevin dövründə də bu şüarbazlıq özünün pik həddinə çatdı.
– Bəli, Brejnevin dövründə o ideologiyadan artıq de-fakto heç nə qalmamışdı. Ona görə də 1990-cı ildə həmin adamlar bir günün içində partiya biletlərindən imtina etdilər. Bəzən “Sovet dövrü dissidentləri” deyəndə liberalları, millətçiləri nəzərdə tuturlar. Halbuki o vaxtlarda dissidentlərin böyük hissəsini Varlam Şalamov, Aleksandr Tarasov, Zinovyev kimi kommunistlər tuturdu.

– Dissidentlərdən söz düşmüşkən, sizcə, sovet dövründə bizim əsl dissident deyə biləcəyimiz adam kim olub?
– Yəqin ki, ömrünün müəyyən müddətinə kimi Gülhüseyn Hüseynoğlu, bir də Süleyman Vəliyev. Asif Atanın da adını çəkə bilərik. O, ideologiyanı təftiş elədiyinə görə işdən qovulmuşdu, heç yerdə çap olunmurdu. Ədəbiyyatda axtarırsansa, bunu yoxlamağın ən yaxşı yolu odur ki, o vaxt yazdıqlarını çıxarıb qoysunlar ortaya. Artıq neçə ildir sovet hökuməti dağılıb, ancaq heç bir əsər üzə çıxmayıb.

– Sovet dövlətinin bəşər tarixinin ən ədalətli cəmiyyəti olduğunu, Leninin inqilabi bacarığını qeyd etdiniz. Bəs ADR-in, Məhəmməd Əminin yerini necə görürsünüz?
– Mən onların necə var, elə qəbul olunmasının tərəfindəyəm. Miflərin əleyhinəyəm. Ancaq miflər yaradılır və miflərlə onların fəaliyyəti arasında böyük uçurum var. Əvvəla ondan başlayaq ki, ADR-in yaradılması o vaxt öz-özünə baş verəcək yeganə mümkün ssenari idi. Bakı qırğınlarından 40 gün sonra erməni, Azərbaycan və gürcülər Zaqafqaziya Seymini yaratmışdılar. Gürcülər çıxır. Deməli, ermənilərlə azərbaycanlılar fəaliyyətə xitam verməlidir. Nəticədə mexaniki olaraq ADR yaranır. Yəni ADR-in yaranması mexaniki hadisə idi. Bu cür dövlətlər dağılmış rus imperiyasının hər yerində yaranırdı. Rusiyanın özündə 100-ə qədər belə respublika yaranmışdı. Krasnayrskdan tutmuş Dona, Kubandan tutmuş, Dağıstana qədər. Ona görə də 1920-ci ilin aprelində bir neçə saatın içində həmin hökumət təslim oldu. Biz bir epizodu həmişə unuduruq ki, Məhəmməd Əmin Rəsulzadə Stalinlə birlikdə Rusiyaya gedəndə Stalin ona Moskvada millətlər komissarlıgında və Mərkəzi Şərq nəşriyyatında vəzifə verib. Bundan başqa, Məmməd Əminin Polşa kəşfiyyatı ilə, nasistlərlə əlaqələri hamıya məlumdur. Necə ola bilər ki, Hitlerin Bakı tortunu kəsdiyi vaxt Rəsulzadə onunla danışığa getmək istəyirdi. Axı nasistlərin bizə müstəqillik vermək istəmədiyi gün kimi aydın idi.

– Axı Rəsulzadə sonralar nasistlərlə əlaqəni kəsmişdi...
– Rəsulzadənin Hitlerə çıxış cəhdləri yalnız Stalinqradda almanların məğlubiyyətindən sonra dayandı. Bir də ki, nasistlər daha cavan, daha perspektivli Düdənginski ilə əlaqə qurmağı üstün tutdular. Azərbaycan legionu və onun başında dayanan keçmiş sovet zabiti olan yerdə Məhəmməd Əminə ehtiyac qalmamışdı. Məhəmməd Əmin özü də Stalinqrad məğlubiyyətindən sonra başa düşdü ki, almanlarla əməkdaşlığın heç bir faydası yoxdur.   

– Bir jurnalist, fikir adamı kimi Məhəmməd Əmin Rəsulzadənin tarixdəki yerini necə qiymətləndirirsiniz?
– Məhəmməd Əmin Rəsulzadə öz xalqına dövlət vermək istəyən, ancaq nail ola bilməyən adamdır. Mən şübhə eləmirəm ki, onun niyyəti tam səmimi idi. O istəyirdi ki, müstəqil Azərbaycan dövləti olsun. Həmin dövləti hansı formada görürdü, hansı cəmiyyət modelini təklif edirdi, kimlərin köməyi ilə qurmaq istəyirdi, bu haqda heç nə deyə bilmərəm. Ancaq onu bilirəm ki, bu adam öz xalqına dövlət vermək istəyirdi.

– O dövlətin də rolunu çox epizodik görürsünüz...
– ADR-in tarixi əhəmiyyəti ondadır ki, uzun fasilədən sonra Azərbaycanın öz dövləti oldu. Bu tarixi faktdır və bunu heç kəs inkar edə bilməz. Ancaq nəyəsə nail olundumu, hansısa islahatlar keçirildimi, xalqın həyat şəraiti yaxşılaşdımı, bax bunlara vaxt qalmadı. 28 Aprel göstərdi ki, Cümhuriyyətin içəridə də dayağı yoxdur.

– ADR-in dayağı yox idi, Qızıl Ordunun var idi?
– Həmin vaxt Bakıda fəhlələr arasında kommunist ideyaları çox geniş yayılmışdı. Bəlkə də, ordusuz-filansız yerli bolşeviklər hakimiyyəti götürə bilərdilər. Bir tərəfdən hakimiyyət zəif idi, bir tərəfdən kommunistlər güclü. Bu hardasa 1992-ci ilin mayını xatırladır. Mütəllibovun xalqdan dayağı yox idi və Xalq Cəbhəsi hakimiyyəti asanlıqla ələ keçirdi. Bir şeyi də unutmayaq ki, həmin vaxt Bakının əhalisinin yarıdan çoxunu qeyri-azərbaycanlılar təşkil edirdi. Dəstəksiz qalmağın bir səbəbi də bu idi.

– Məmməd Süleymanov 1920-ci ilin 28 aprelində Bakıda yaşasaydı, ADR-in qalmağını istəyərdi, yoxsa Qızıl Ordunun gəlməyini?
– Mən sosialistəm. Mən ona çalışardım ki, sosialistlər hakimiyyətə gəlsin.

– Yəni Qızıl Ordu?
– Söhbət qızıl ordudan getmir. Söhbət Azərbaycanın öz sosialistlərindən gedir. İstənilən hadisəyə həmin hadisənin baş verdiyi şəraitə və vaxta görə qiymət vermək lazımdır.

– Deməli, siz həmin dövrdə parlamentdə Məmməd Əmini hakimiyyəti ruslara verməyə səsləyən bolşevik deputatlar kimi rəftar edərdiniz...
– Mən bu gün də sosialist dövlət arzu edirəm. Həmin vaxtda yaşasaydım yenə eyni şeyi arzulayardım. Nə Qızıl Ordudan, nə də indiki rus ordusundan söhbət gedə bilməz. Mən heç vaxt kənardan gələn xilasa inanmışam. Mirzə Şəfi Vazehin sözü ilə desək, “Sən özün qazanmasan, səadətini hərgah, onu sənə verəmməz nə bir Allah, nə bir şah”. İndi çox dəbdədir: gah Amerikanı xilaskar görürlər, gah Rusiyanı. Bu fikirlərin ikisinin də əleyhinəyəm. Mən müstəqil Azərbaycanda yaşamaq istəyirəm.

– Məmməd müəllim, səhv etmirəmsə, sizin partiya mənsubiyyətiniz də olub.
– Bəli, Sosial Demokrat Partiyasının üzvü və Mərkəzi Komitə üzvü olmuşam.

– Sonra istefa verdiniz, deyəsən?
– Yox, istefa vermədim, sadəcə, uzaqlaşdım.

– Hə, deməli üzvlük qalır hələ...
– Üzvlük də qalmır, çünki eşitdiyimə görə sənədlər itib.

– İtib, yoxsa itiriblər?
– Onu deyə bilmərəm.

– Niyə uzaqlaşdınız partiyadan?
– 2000-ci illərin əvvəllərində mən artıq özümü Sosial Demokrat hesab etmirdim. Çünki onlar bütün dünyada kapitalizmlə sazişə gedirdi. Hətta gülməlidir ki, bu gün ən mürtəce kapitalist rejimlərdə sosial demokratlar hakimiyyətdədir. Sosintern, sosial demokratiya mənə uzaq gəlməyə başladı. Əsas buna görə uzaqlaşdım.

– Zərdüşt müəllimlə münasibətləriniz necədir?
– Əla! Mən onu çox istəyirəm. Zərdüşt müəllim Azərbaycanda tanıdığım ən böyük intellektuallardan biridir.

Söhbətləşdi: Mövlud Mövlud                    modern.az

Комментариев нет:

Отправить комментарий