Страницы

27.01.2016

Yavər Əbdülov - Söz deyirəm dost yana

Söz deyirəm dost yana, səbrlə diqqət elə,
Özün də kulturnu ol, xalquva hürmət elə.

İnsanlığın qaydası bil ədəb-ərkandadu,
Şərafətli adamlar bizim bu dövrandadu.
Fikri, zikri, məqsədi gözəl arzu-kamdadu.
Fikir versən görərsən budur həqiqət elə,
Özün də kulturnu ol, xalquva hürmət elə.

Hər sözə assan qulaq, peşman olmazsan sonra,
Buxar bu nadanlığı, xər gedəcəksən gora.
Mənəm-mənəm deyənlər axır düşürlər tora.
Ay dolanım başıva, bax barı ibrət elə,
Özün də kulturnu ol, xalquva hürmət elə.

Gör necə ləzzətlüdü sözlərimin növrağı,
Fəxr bilmə məst olub eldə şuluq salmağı,
Tərk elə qol əhlinin bəzminə fırlanmağı.
Arifi-ürfanları gündə ziyarət elə,
Özün də kulturnu ol, xalquva hürmət elə.

Sülhsevər ol, eşq ilə oturginən, durginən.
Ləzzəti var, gündə bir meyxanada vurginən.
Gözəllərlə məhrəm ol, gözəl bəzmi qurginən.
Eybi yoxdu, həftədə bir kefi-işrət elə,
Özün də kulturnu ol, xalquva hürmət elə.

Birsi əyər söyləsə xeyrüvə söz, incimə,
Gör ki o hardan vurur mizrabi nazik simə.
Çıxma özünnən nahaq, bənd oluban him-cimə,
Mətləbi qan bir kərə, sonra ədavət elə,
Özün də kulturnu ol, xalquva hürmət elə.

Əqli-fərasət verib, tanrı binadan sənə,
Aparatıvı sal xoda, bəsdü ki verdün yelə.
Birisi əyər nahaqdan vursa səniynən çənə,
Üz çevir ondan geri, şeytana lənət elə,
Özün də kulturnu ol, xalquva hürmət elə.

Çünki yaraşmır bizə cəng-cida sövdəsi.
Canı cana qatmağın indi yetib növbəsi.
Bəli, sevindirir bu indi çatan hər kəsi,
Sən də qayıt haqq yola, haqqa riyayət elə, 
Özün də kulturnu ol, xalquva hürmət elə.
   
Bəs niyə icad olub bu boyda heyvanxana?
Əhlləşib vəhşilər, indi gəzir yan-yana.
Olsa qəbahət sözüm, bəxş elə sən mərdanə.
Sən ki fərasətlisən, hər sözə qiymət elə,
Özün də kulturnu ol, xalquva hürmət  elə.

Mən demirəm saç burax, ya geyin istilağa,
Quru cintlimenttək toxu özüvü arağa. 
Bununla getmək olmaz bir addım da qabağa.
Yoxsa məni bəyənmə, get yada rəğbət elə?
Özün də kulturnu ol, xalquva hürmət elə.

Bizim zəmanəmizdə bilginən mütləq gərək,
Qağa, lazımdır bizə düz sözü düz söyləmək,
Kişilikdə düz deyil dostu qeybət eyləmək.
Qeybət nədir, ortada başqa bir söhbət elə,
Özün də kulturnu ol, xalquva hürmət elə.

Bir də saxla yadında, bu sözüm zakonnudu;
Görsən biri papaqlı, o birsi fasonnudu-
Demə bu hardan gəlib, ya hansı rayonnudu?
Azərilər xalqıyıq, bu ada hörmət elə.
Özün də kulturnu ol, xalquva hörmət elə.

Комментариев нет:

Отправить комментарий