Страницы

21.02.2016

Ayətullah Meşkini, “Nəsihətlər” kitabından

◘İmam Cə’fər Sadiq (ə) buyurub: ”On dörd qüsul var: “Meyyit qüsulu, cənabət qüsulu, məssi-meyit qüsulu, cümə qüsulu, Qurban və Fitr bayramlarının qüsulu, Ərəfə gününün qüsulu, ehramdan ötrü alınan qüsul, Kə`bə evinə daxil olmaqdan ötrü alınan qüsul, Mədinəyə daxil olarkən alınan qüsul, hərəmə daxil olmaqdan ötrü alınan qüsul, ziyarətdən ötrü alınan qüsul, Mübarək Ramazan ayının on doqquz, iyirmi bir və iyirmi üçüncü gecələrində alınan qüsul. (Qeyd olunan ilk üç qüsul vacib, qalanları isə müstəhəb qüsullardandır. Bunlardan əlavə üç vacib qüsul da var ki, yalnız qadınlara məxsusdur.)

◘Əli ibn Əbutalib (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Mənim ümmətim on beş günaha aludə olduğu zaman onlardan ötrü bəla nazil olar; müharibədə əldə olunan qənimət xüsusi şəxslərin cibinə axar, camaatın əmanəti qənimət hesab olunar, zəkatı özlərinə zərər bilərlər, kişi öz qadınına itaət edər, ata-anaya zülm olunar, lakin dostlarla xoş rəftar olunar, rəhbərlər ən alçaq insanlardan ibarət olar, camat onlara qorxudan hörmət edər, məscidlərdə səs-küy olar, ipək paltarlar geyərlər, xanəndə kənizlər hazırlanar, saz çalınar və nəhayət, ümmət özlərindən əvvəlkilərə lə`nət edər. Belə bir zamanda qırmızı küləklərin yeri xaraba qoymasının və xilqətdə (məsx) əvəzolunmaların intizarında olun.”

◘Həzrət Sadiq (ə) buyurub: ”Nurədən istifadə etməyin müddəti on beş gündən birdir. Bu bir sünnədir. Hər kəs iyirmi bir gün keçdikdən sonra, nurə puluna malik olmazsa, Allahın hesabına borc alsın. Lakin, hər kəs qırx gün keçməsinə baxmayaraq nurə qoymazsa onun kəraməti yoxdur.”

◘Əsbəğ ibn Nəbatə Həzrət Əlinin (ə) belə buyurduğunu deyir: “Düz danışmaq əmanət, yalan xəyanət, ədəb böyüklük, uzaqgörənlik zirəklik, orta həddə yaşayış dövlət, israf yoxsulluq, yüngüllük zillət, səxavət tanışlıq, alçaqlıq qürbət, qəlbin yumşaqlığı təvazökarlıq, bacarıqsızlıq acizlik, nəfsani istəklərə itaət azğınlıq, vəfadarlıq meyar (yə`ni, bir kəsin dəyərini müəyyən etməkdən ötrü ölçüdür), xudpəsəndlik (özünübəyənmə) həlakət və səbr həyatın əsası və mehvəridir.”

◘Bir gün Həzrət Əli (ə) buyurdu: “İstəyirsinizmi ki, sizə ruzinin bol olmasından ötrü lazım olan səbəbləri bildirim?” Dedilər: “Bəli, ya Əmirəlmö`minin! Həzrət (ə) buyurdu: “İki namazı (zöhr və əsr, məğrib və işa) ardıcıl qılmaq və həmçinin sübh və əsr namazlarından sonra təqibat oxumaq, sileyi-rəhm, evin qabağını süpürmək, Allaha xatir din qardaşları ilə yoldaşlıq etmək, sübh tezdən qazanc dalınca getmək, bağışlanma diləmək, əmanətdarlıq, haq söz danışmaq (yə`ni, nahaq danışmaqdan uzaq olmaq), azan verənə cavab vermək (burada məqsəd ya, müəzzinin ardınca azanın cümlələrini təkrar etmək, ya da namazı əvvəl vaxtında, özü də camaatla birgə qılmaqdır. Çünki, müəzzin hamını namaza çağırdığı üçün namazı da camaatla əvvəl vaxtında qılmaq ona cavab hesab olunur.), ayaq yolunda olarkən sükut etmək (yə`ni, danışmamaq,) həris olmamaq, ne`mət sahibinə şükr etmək, yalandan and içməkdən uzaq olmaq, yeməkdən qabaq əlləri yumaq, süfrə üzərində olan çörək qırıntılarını yemək və hər kəs gündə otuz dəfə Allaha təsbih desə Allah da ondan yetmiş bəlanı uzaqlaşdırar ki, bu bəlaların da ən kiçiyi fəqirlikdir.

◘Əbu Səid Xidri Peyğəmbərin (s) belə buyurduğunu belə nəql edir: “Allah hər kəsə mənim əhli-beytimin məhəbbətini qismət edibsə, ona dünya və axirət xeyrini əta edib. Heç bir şübhə yoxdur ki, belə şəxslərin yeri behiştdir. Mənim əhli-beytimin dostlarının iyirmi xüsusiyyəti var ki, bu xüsusiyyətlərin onu bu dünyaya, onu isə axirətə aiddir. (Zahirən, burada məqsəd dostluq və məhəbbətlə yanaşı əməlin və vəzifələrin də yerli-yerində icra olunmasıdır.) Dünyaya aid olanlar bunlardır; zahidlik, elmə qarşı hərislik, təqva, ibadətə meyl, ölməmişdən qabaq tövbə, gecə namazını xoş halla qılmaq, camaatdan ümidi kəsmək, Allahın əmr və qadağalarına riayət etmək, dünyaya qarşı rəğbətsiz olmaq və səxavət. Axirətə aid olanları isə bunlardır; əməl dəftərini utanmamasından ötrü (sair insanların yanında.) açmazlar, ondan ötrü mizan qurulmaz, əməl dəftərini sağ tərəfdən verərlər, ona atəşdən xilas olma kağızı verərlər, üzü ağ olar, əyninə behişt paltarları geyindirilər, qohumları və yaxınlarından olan yüz nəfər barədə şəfaəti qəbul olunar, Allahın rəhmət nəzəri onun üzərində olar, başına behişt tacı qoyular və hesabsız behiştə daxil olar. Xoş Əhli-beyt (ə) dostlarının halına!!!”

◘Həmran ibn Əyn İmam Baqirdən (ə) İmam Cə’fər Sadiq (ə) barədə onun gözəl və ali xislətlərindən iyirmi üçünü nəql etmişdir: 
1. Həzrət (ə) gecə-gündüz min rükət namaz qılardı. Onun da Həzrət Əli (ə) kimi beş yüz xurma ağacı var idi ki, hər birinin altında iki rükət namaz qılardı. 
2. Namaz halında olarkən rəngi dəyişərdi. 
3. Namazda Allah qarşısında zəlil bir qulun əzəmətli bir padşah qarşısında dayandığı kimi dayanardı. 
4. Namaz halında bədəni titrəyərdi. 
5. Namazını elə qılardı ki, sanki bu, onun axırıncı namazıdır. 
6. Bir gün namaz halında olarkən əbasının bir tərəfi çiynindən sürüşdü. Namazını elə həmin halda da sona çatdırdı. Səhabələrindən biri ondan soruşdu: “Nə üçün əbanızı düzəltmədiniz?” Buyurdu: “Bilirsənmi kimin qabağında idim?“ Bəndənin namazından yalnız hüzuri-qəlblə qıldığı miqdarı qəbul olunar.” Həmin şəxs dedi: “Elə isə, biz həlak olduq!” Həzrət buyurdu: “Əsla! Allah bu nöqsanları nafilələr vasitəsilə ört-basdır edər.”
7. Hər gecə qaranlıq düşən zaman ya dirhəm və dinarlarla dolu olan pul kisələri, ya yemək, ya da odunla dolu xurcunları çiyninə atar, yoxsul və kimsəsizlərin evinə gəlib qapını döyər və onları qapıya gələn şəxsə verərdi. 
8. Fəqir və yoxsul kəslərə bir şeylər verərkən üzünü örtürdü ki onu tanımasınlar. Fəqir və yoxsullar o həzrətin (ə) vəfatından sonra onlara infaq edənin kim olduğunu başa düşdülər. 
9. Vəfatından sonra Həzrətə qüsul vermək istəyərkən gördülər ki, mübarək kürəkləri dəvənin dizləri kimi qabar bağlayıb. Bu fəqir və yoxsulların evlərinə daşıdığı yüklərin nəticəsində əmələ gəlmişdi. 
10. Bir gün həzrət (ə) xəz dəridən hazırlanmış bir əbanı çiyninə atıb harasa gedirdi. Yolda bir fəqir gəlib əbadan tutdu. Həzrət (ə) əbanı buraxıb yoluna davam etdi. 
11. Qışda xəzdən hazırlanmış paltarlar alar, istifadə edər, yayda isə onları satıb pulunu sədəqə verərdi. 
12. Ərəfə günü gözü dilənməklə məşğul olan bir dəstə insana düşdü. Üzünü onlara tutub buyurdu: “Vay olsun sizə! Belə bir gündə siz Allahdan başqasındanmı bir şey istəyirsiniz? Bu günlərdə Allahın lütf və rəhməti hər bir insana və hətta, ümid var ki, bətnlərdə olan körpələrə də şamil olar və onlar xoşbəxt olarlar. 
13. Anası ilə xörək yeməkdən həmişə çəkinərdi. Bir gün o həzrətdən (ə) soruşdular: “Ey Allah rəsulunun övladı! Siz hamıdan daha artıq ananıza qarşı xoş münasibətdə olursunuz. Bəs nə üçün onunla birlikdə yemək yemirsiniz?” Həzrət (ə) buyurdu: “Fikirləşirəm ki, birdən anamın meyli olduğu tikəni götürüb yeyərəm.”
15. İyirmi dəfə etdiyi həcc səfərində bir dəfə də olsun dəvəyə qamçı vurmadı. Dəvə ölən zaman dəvənin basdırılmasına göstəriş verirdi ki, yırtıcılar onun cəsədini yeməsin.
16. Bir kənizdən o həzrət (ə) barədə soruşdular. Kəniz dedi: “Müxtəsər deyim, ya müfəssəl?” Dedilər: “Müxtəsər.” Dedi: “Heç vaxt onun üçün nə yemək apardım, nə də yataq hazırladım.”
17. Bir gün həzrət (ə) onun qeybətini edən bir dəstəyə yetişdi. Dayandı və buyurdu: “Əgər düz deyirsinizsə Allah məni bağışlasın, yox əgər yalan deyirsinizsə sizi bağışlasın.” 
18. Əgər bir kəs onun hüzuruna elm öyrənməkdən ötrü getsəydi buyurardı: «Peyğəmbərin (s), qayğısına qalmağı tapşırdığı şəxslərə əhsən!»
19. Mədinə əhlindən olan yüz ailəli fəqiri öz himayəsi altına almışdı. 
20. Yetim, kor, miskin və binəva olan hər kəs süfrəsi başında oturarkən çox sevinərdi. Əgər, həmin kəs ailəli olsaydı həzrət (ə) onun ailəsindən ötrü də yemək göndərərdi.
21. Həmişə yeməmişdən öncə əvvəl yediyi miqdarda səqədə verib sonra yeməyə başlayardı.
22. Hər il yeddi səcdə üzvünün hər birindən bir qat dəri ayrılardı. Çünki, çox namaz qılmaqdan bu üzvlərinin dərisi sərtləşib qabar halına düşərdi. Həzrət (ə) dünyadan gedərkən də həmin hissələri onunla birgə dəfn etdilər.
23. Həzrət (ə) iyirmi il atasından ötrü ağladı. Nə zaman qarşısına yemək qoysaydılar Həzrətin mübarək gözlərindən yaş axmağa başlayardı. Bir gün xidmətçilərindən biri Həzrətdən soruşdu: “Ey Allah rəsulunun oğlu! Sizin bu qəm-qüssəniz bitmədimi?!” Buyurdu: “Vay olsun sənə! Yəqub peyğəmbərin on iki oğlu var idi. Allah birini gözünün qabağından apardı, ağlamaqdan gözləri kor oldu, saçı ağardı və beli büküldü. Halbuki, oğlu sağ-salamat idi. Mən isə öz gözümlə atam, qardaşım, əmim və on yeddi nəfərə yaxın qohumumun necə öldürülüb torpaq üzərinə düşməyini müşahidə etdim. Belə olduğu halda necə qəm-qüssəm sona yetsin?”

◘Zeyd ibn Suhan Əbdi Həzrət Əmirəlmö`mininə (ə) ərz etdi:
–Hansı qüdrət daha güclüdür?
–Nəfsin istəkləri.
–Hansı xarlıq daha zillətdir?
–Dünyaya həris olmaq.
–Hansı yoxsulluq daha çətindir?
–Dindarlıq və imandan sonra küfr və dinsizlik.
–Ən azdırıcı də`vət hansıdır?
–Mümkün olmayan şeyə də`vət.
–Ən üstün əməl hansıdır?
–Təqva və pəhrizkarlıq.
–Ən nicat verən əməl hansıdır.
–Mütəal Allahın yanında olanların arzusunda olmaq.
–Ən pis yoldaşlıq hansıdır?
–Allaha itaətsizliyi və Onun qarşısında günah etməyi sənin üçün yaxşı qələmə verən kəslə yoldaşlıq.
–Yaradılmışların ən bədbəxti hansıdır?
–Öz dinini dünyasına satan şəxs.
–Yaradılmışların ən qüvvətlisi hansıdır?
–Səbr və təmkinli şəxs.
–Yaradılmışların ən xəsisi hansıdır?
–Dinin icazə vermədiyi yollarla qazanc əldə edib onu dinin icazə vermədiyi yerlərdə də sərf edən.
–Camaatın ən zirəki hansıdır?
–Özünün səhv, yaxud düz yolda olduğunu dərk edib yanlışlıqdan hidayətə üz tutan.
–Ən təmkinli və ən dərrakəli kəs kimdir?
–Qəzəblənməyən kəs.
–İnsanlardan kim daha güclü və möhkəm fikir və rəyə malikdir?
–Camaatın onu özünübəyənən, xudbin və lovğa hesab etmədiyi və dünyanın aldadıcı bər-bəzəyinə, ləzzətlərinə uymayan şəxs.
–İnsanların ən axmağı kimdir?
–Dünyanın fani və müvəqqəti olduğunu bilə-bilə ona bel bağlayıb məftun olan kəs.
–Ən əfsuslanacaq insan kimdir?
–Dünyasını da, axirətini də əldən verən kəs. Həqiqətdə də bu, açıq-aşkar bir zərərdir.
–İnsanların ən koru kimdir?
–Allahdan qeyrilərindən ötrü əməl edib mükafatı Allahdan almaq arzusunda olanlar.
–Ən üstün qənaət (qane olma) hansıdır?
–Dinə bağlı olan müsibət.
–Allah-təala yanında ən sevimli əməl hansıdır?
–Ali-Məhəmmədin fərəcinin intizarında olmaq.
–Allah yanında insanların ən üstünü kimdir?
–Allahdan ən çox qorxan və ən təqvalı və bir də dünyaya qarşı ən rəğbətsiz olan.
–Allah yanında ən bəyənilmiş söz hansıdır?
–Onu çox yad etmək, dua və münacatla məşğul olmaq, Onunla razü-niyaz və təvazö edərək qarşısında öz acizliyini e`tiraf etmək.
–Ən düz söz nədir?
–Allahdan başqa bir mə`bud olmadığını iqrar etmək (yə`ni, “La ilahə illəllah” kəlməsi).
–Allah-təala yanında ən böyük əməl hansıdır?
–Təslim (yə`ni, Allahın göndərdiyi bütün qanunlara “niyə-nə üçün” demədən sözsüz tabe olmaq və başı aşağı salaraq ona itaət etmək) və zöhd (yə`ni, zahidlik.)
–İnsanların ən düz danışanı kimdir?
–Hər yerdə və hər bir danışığında düz danışan kəs.

◘İmam Cə’fər Sadiq (ə) Həzrət Peyğəmbərin (s) ümmətə belə tapşırdığını buyurur: “Ey ümmət! Allah-təala iyirmi dörd xisləti sizin üçün bəyənməyib və sizdən ötrü bu xislətlərə qadağa qoyub. Həmin xislətlər bunlardır: namaz halında olarkən (bir şeylə, yaxud bədənin hər hansı bir üzvü ilə məsələn barmaqla, yaxud saqqalın tükü ilə) oynamaq, sədəqə verərkən minnət qoymaq, qəbristanlıqda gülmək, icazə olmadan evlərə daxil olmaq, həyat yoldaşının övrətinə baxmaq, cinsi əlaqədə olarkən danışmaq, işa namazını qılmamış yatmaq, övrətini örtməmiş açıq havada qüsul almaq, sübh namazı qılarkən azan və iqamə arasında danışmaq, tufan zamanı dəniz səfərinə çıxmaq, ətrafı daşla tikilməyən damın altında yatmaq, bir otaqda tək yatmaq, heyz halında olan qadınla yaxınlıq etmək, cünub olduqdan sonra qüsul almamış yenidən yaxınlıq etmək, cüzam xəstəliyinə tutulmuş şəxslə bir zira (dirsəkdən barmaqların ucuna qədər olan miqdar) ara verməmiş söhbət etmək, axar suyun kənarında idrar etmək, ayaqqabını ayaq üstə geyinmək, qaranlıq otağa çıraqsız girmək və namaz məkanını aradan aparmaq. (Bütün bu işlərin hamısı məkruhdur, yalnız iki məsələdən başqa. Bu iki məsələ dində haram edilmişdir: 1) Evlərə icazəsiz daxil olmaq. 2) Heyz halında olan qadınla yaxınlıq etmək.

◘Zümrət ibn Həbib deyir ki, bir gün Peyğəmbərdən (s) namaz barədə soruşdum. Həzrət (s) belə buyurdu: “Namaz dinin vacib əməllərindəndir, Allahın bu əməldən xoşu gəlir və Onun razılığına səbəb olar, peyğəmbərlərin təriqətindəndir, mələklərin məhəbbətini cəlb edər, iman və hidayətdir, mə`rifət nurudur, ruzini bərəkətli edər, bədənin rahatlığıdır, şeytanın bu əməldən heç xoşu gəlmir, kafirlər müqabilində bir silahdır, duanın müstəcab və əməllərin qəbul olmasına səbəb olar, mö`minin axirət azuqəsidir, ölüm mələyi yanında insanın şəfaətçisidir, qəbirdə insana həmdəm və bədənin altında fərşdir, Nəkir və Münkərin cavabıdır, məhşərdə bəndənin başının tacı, üzünün nuru, bədəninin libası, atəşlə onun arasında həm pərdə, həm hüccətdir, onun Cəhənnəmdən nicat tapmasına və Sirat görpüsündən asan keçməsinə səbəb olar, Behiştin açarı, onun qiymətidir, Hurul-eynin mehr və məhəbbətinə səbəb olar, bəndələri ən uca məqamlara çatdırar. Çünki, namaz ibadətin bir çox növlərini, o cümlədən, təsbih, təhlil, təkbir, təmcid və təqdis kimi zikrləri, Allahla münacat dua və s.ni özündə birləşdirir.

◘Həzrət Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edirlər: “Elm öyrənin (Məqsəd üsuli-əqaid, əxlaq və əhkam kimi dini elmləri öyrənib onlara əməl etməkdir.) çünki, onu öyrənmək həsənə, mütaliəsi təsbih, bəhsi cihad, öyrədilməsi sədəqə, onu əhlinə əta etmək ibadətdir. Çünki, elm halalı haramdan ayırma vasitəsidir; onu öyrənəni Behiştə aparar, tənhalıqda insanın dostu, qorxu zamanı həmdəmi, çətinliklər zamanı yol göstərəni, düşmən müqabilində silahı, dostlar arasında ziynətidir. Allah elm vasitəsi ilə bə`zi insanları yüksəldib xeyir işlərdə insanların rəhbəri və müqtədası qərar verər. Gözlər həmin insanların əməllərinə dikilər, onların getdiyi yol hamı üçün nümunə olar, mələklər onlarla dostluq etməyə rəğbət bəsləyər, namaz qılarkən qanadlarını onlara sürtər; elm qəlblərin həyatı, gözlərin nuru və bədənlərin qüvvətidir. Allah alimləri dünyada da, axirətdə də yaxşı insanların cəmiyyətində qərar verər və onları yaxşı əməl sahibləri ilə dost edər; elm Allaha ibadət və itaət etməyə, Onun yeganəliyini iqrar etməyə, Ona doğru mə`rifətə, sileyi-rəhmə səbəb olar, elm əməlin rəhbəri, əməl isə onun ardıcılıdır, Allah elmi xoşbəxtlərə nəsib edər, bədbəxtləri isə ondan məhrum edər.

◘Əbuzər deyir: “Bir gün Peyğəmbər (s) məsciddə oturmuşdu. Məscidə daxil oldum. Fürsəti qənimət bilib həzrətə (s) yaxınlaşdım. Üzünü mənə tutub buyurdu: 
–Əbuzər, məscidin təhiyyəti var.
Ərz etdim:
–Məscidin təhiyyəti nədir, ya Rəsuləllah?
Buyurdu: 
–İki rəkət namaz.
Ərz etdim:
–Ya Rəsuləllah, siz bizə namazı tövsiyə edirsiniz. Bilmək istəyirəm ki, namaz nədir?
Həzrət buyurdu:
–Namaz əməllərin ən üstünüdür. Hər kəs istəyir az yerinə yetirsin, hər kəs də istəyir çox yerinə yetirsin.
–Ya Rəsuləllah, Allah yanında ən sevimli əməl hansıdır?
–Allaha iman və Onun yolunda cihad.
–Gecənin hansı vaxtı daha fəzilətlidir.
–Namazın ən fəzilətli hissəsi hansıdır?
–Gecə yarısıö
–Uzun qunutu.
–Hansı sədəqə daha üstündür?
–Yoxsul olan vaxtında ehtiyaclı olan qocaya verilmiş sədəqə.
–Ya Rəsuləllah, oruc nədir?
–Allahın qat-qat artıq əvəzini verəcəyi və dinin yerinə yetirilməsi vacib olan əməllərindən biri.
–Bəs, hansı bəndənin azad edilməsi daha artıq savaba malikdir?
–Qiyməti ən baha olub, sahibi yanında ən nəfis hesab edilən qulun.
–Ən əfzəl cihad hansıdır?
–Atından salınaraq qanı tökülən cihad.
–Qur`anın ən üstün ayəsi hansıdır?
–Ayətəl-kürsi.
–Ya Rəsuləllah, peyğəmbərlərin sayı neçədir?
–Yüz iyirmi dörd min.
–Mürsəl peyğəmbərlərin sayı neçədir?
–Üç yüz on üç nəfər.
–Birinci peyğəmbər kim olub?
–Həzrət Adəm (ə)
–Ya Rəsuləllah, həzrət Adəm (ə) də mürsəl peyğəmbər  olub?
–Bəli, Allah-təala onu Öz qüdrət əli ilə yaradıb Öz ruhundan ona ruh verdi. Əbuzər, peyğəmbərlərdən dörd nəfəri–Adəm, Şiys, Əxnux, yə`ni İdris (birinci dəfə yazı yazan şəxs) suriyalı olmuşdur. Dörd nəfəri də ərəb olmuşdur; Hud, Saleh, Şüeyb və sənin peyğəmbərin Məhəmməd. İsrailli peyğəmbərlərin birincisi Musa (ə), axırıncısı da, İsa (ə) olmuşdur. Bu iki peyğəmbər arasında da Bəni-İsrailə altı yüz peyğəmbər göndərilmişdir.
–Ya Rəsuləllah, Allah tərəfindən neçə kitab nazil olmuşdur?
–Dörd kitab. Əlli səhifə Şeys peyğəmbərə, otuz səhifə İdris peyğəmbərə, iyirmi səhifə İbrahimə, Tövrat, İncil, Zəbur və Qur`an.
–Ya Rəsuləllah, İbrahimin səhifəsi nə idi?
–Orada olanların hamısı məsəl və öyüd-nəsihətlərdən ibarət idi. O cümlədən orada belə yazılmışdı: “Ey məğrur padşah! Mən səni dünya malı cəm etməkdən ötrü göndərməmişəm, Mən səni bu vəzifəyə qoymuşam ki, qoymayasan məzlumların ahı Mənim dərgahıma ucalsın. Mən məzlumun duasını kafir də olsa geri qaytarmaram. Ağıllı insan heç bir üzrü olmadığı halda gərək öz vaxtının bir hissəsini öz Pərvərdigarı ilə münacata, özündən haqq-hesab çəkməyə, yaradılış aləmi barədə təfəkkür və düşüncəyə, halal ləzzətlərdən istifadə etməyə sərf etsin. Eləcə də, ağıllı şəxs gərək öz zəmanəsinin vəziyyətindən agah olsun, öz işləri ilə məşğul olsun, dilini artıq danışıqdan və faydasız sözlərdən qorusun. Ağıllı insan gərək daim üç şeyin ardınca olsun; yaşayışının rifahı və islahı, axirət tədarükü və halal ləzzətlər ardınca.”
–Musanın kitabı hansı dildə idi.
–İbrani dilində. Orada belə yazılmışdı: “Təəccüb olunmalı şəxs o kəsdir ki, öləcəyini yəqin bilir, lakin şadlıq edir və o kəs ki, atəşin mövcudluğuna yəqini var, lakin gülür və o kəs ki, dünyanın insanları tar-mar etdiyini görür, lakin ona bel bağlayır və e`tibar edir və o kəs ki, qəza-qədərə imanı var, lakin yersiz təlaş edib çalışır və o kəs ki, sabahın haqq-hesabına yəqini var, lakin əməl etmir.”
–Ya Rəsuləllah, sizə nazil olan Qur`anda elə bir şey varmı ki, İbrahimin və Musanın da səhifələrində olmuş olsun?
Həzrət (s) bu ayələri oxudu: 
Öz nəfsini paklayan, Rəbbinin adını zikr edib namaz qılan nicat tapdı. Siz dünya həyatını seçirsiniz, axirət isə daha xeyirli və əbədidir. Həqiqətən bunlar əvvəlki səhifələrdə də var idi. İbrahimin və Musanın səhifələrində.
–Ya Rəsuləllah, mənə bir nəsihət ver.
–Sənə təqvalı olmağı tapşırıram. Bu bütün işlərin başıdır.
–Bir az da artırın.
–Qur`an oxumağı əldən vermə və Allahı çox yad et. Belə etsən, səni də asimanda yad edərlər və nurani olarsan.
–Bir az da əlavə edin.
–Cihadı unutma, çünki o, mənim ümmətimin dünyaya arxa çevirməsidir.
– Bir az da əlavə edin.
–Sənə uzun-uzadı sükutu tövsiyə edirəm. Çünki, bu əməl şeytanı uzaqlaşdırar, sənə din işlərində kömək edər.
–Bir az da artırın.
–Çox gülməkdən çəkin. Bu iş qəlbi öldürər və üzün təravətini aparar.
–Bir az da əlavə edin.
–Həmişə özündən aşağıdakılara nəzər sal, özündən yuxarıdakılara yox. Əgər belə etsən Allahın sənə verdiyi ne`mətləri dəyərsiz hesab etməzsən.
–Bir az da əlavə edin.
–Öz qohumlarınla sənə qarşı bədrəftar olsalar da, xoş rəftar et.
–Bir az da əlavə edin.
–Yoxsulları və onlarla yoldaşlığı sev.
–Bir az da əlavə edin.
–Acı olsa da həmişə haqqı de.
–Bir az da əlavə edin.
–İlahi işlərdə heç kəsin danlağından qorxma.
–Bir az da əlavə edin.
–Özündə olan eyibləri başqalarında axtarma, öz etdiyin işlərə görə başqalarına qəzəblənmə. Kişi üçün bu eyib bəsdir ki, bu üç xislət onda olsun; eyni bir eybi özündə görmür, başqalarında görür, özündə pis və qəbih işlər var, lakin, həmin işləri başqalarında görəndə utanır və nəhayət, üçüncüsü budur ki, boş-boş məsələlər üstündə öz yoldaşını incidir. Ey Əbuzər! Tədbir kimi əql, günahdan çəkinmək kimi təqva və pəhrizkarlıq və gözəl əxlaq kimi də əsil-nəcabət yoxdur.”

◘Həzrət Sadiq (ə) buyurur: “Atamdan Qur`anda və Peyğəmbər (s) sünnəsində haram olan cinsi yaxınlıqlar barədə soruşdular. Buyurdu: Bunlar otuz dörddür, on yeddisinin adı Qur`anda, on yeddisinin adı isə Peyğəmbər (s) sünnəsində göstərilib. Qur`anda buyurulanlar bunlardır:
Zina; atanın arvadı ilə evlənmək; ana ilə yaxınlıq; öz qızı ilə yaxınlıq; bacı ilə yaxınlıq; bibi ilə yaxınlıq; xala ilə yaxınlıq; qardaşın qızı ilə yaxınlıq; süd anası ilə yaxınlıq; süd bacısı ilə yaxınlıq; qayınana ilə yaxınlıq; yaxınlıq etdiyi qadının qızı ilə yaxınlıq; doğma oğulun arvadı ilə yaxınlıq; iki bacı ilə yaxınlıq (biri öldükdən sonra ikincisi ilə evlənmək haram deyil); heyz halında olan qadınla yaxınlıq; e`tikaf halında yaxınlıq.
Sünnədə göstərilən haram yaxınlıqlar isə bunlardır:
Mübarək Ramazan ayının gündüzlərində olan yaxınlıq; “lian” edilmiş qadınla evlənmək; ehram halında öz qadını ilə yaxınlıq; ehram halında evlənmək, yaxud qarşı tərəf ehram halında olarkən onunla evlənmək; “zihar”dan  sonra kəffarə verilməmiş edilən yaxınlıq; müşrik qadınla evlənmək; doqquz dəfə talaq verilmiş qadınla evlənmək

◘Fəzl İbn Yəssar deyir: “Həzrət Sadiq (ə) buyurmuşdur ki, hər kəs şərab içsə qırx gün namazı qəbul olunmaz. Əgər bu günlərdə namaz qılmazsa əzabı iki qat olar. Hər kəs əvvəl qırx mö`min qardaşı üçün dua edib sonra özü üçün dua etsə, Allah həm onun duasını qəbul edər və həm də onun qardaşları barədə etdiyi duaları.”

◘Yenə İmam Cə’fər Sadiq (ə) buyurub: “Elə ki, bir mö`min dünyadan getdi və mö`minlərdən qırx nəfəri onun dəfn mərasimində iştirak edib “Pərvərdigara, biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik, Sən Özün onun vəziyyətindən daha agahsan.” - desələr Allah tərəfindən xitab olunar: “Mən sizin sözünüzü qəbul etdim və onun sizin xəbəriniz olmadığı günahlarını da qəbul etdim.” (Bir şərtlə ki, əqidəsi səhih olmuş olsun.)

◘Həzrət Əli (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Müsəlman qarnının altında (insanın cinsiyyət üzvünün ətrafında) olan tükləri təmizləməyi qırx gündən artıq tə`xirə salmamalıdır.”

◘Həzrət Riza (ə) ata-babalarından (ə) həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Me`racda olarkən ərşdən asılmış bir kişi gördüm ki, öz qohumlarından şikayət edirdi. Ondan soruşdum: “Şikayət etdiyin qohumunla sənin aranda nə qədər fasilə var?” Dedi: “Qırx ata.” (yə`ni insan gərək bacardığı və tanıdığı qədər öz ata-babalarını yad edərək, hətta, qırx nəsil özündən qabaqkıların da, əldən vermiş olduqları əməlləri yerinə yetirib, onlar barəsində dua və ehsan etsin.)

◘Yenə də həzrət Peyğəmbərdən (s) nəql olunur: “Mənim ümmətimdən hər kəs camaatın ehtiyac duyduğu məsələlər barədə qırx hədis əzbərləyib (onlara çatdırsa), Allah-təala Qiyamət günü onu fəqih kimi məhşur edər.”

◘Həzrət İmam Cə’fər Sadiq (ə) Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətlərində belə buyurduğunu nəql edir: “Mənim ümmətimdən olan hər kəs Allahın razılığını qazanmaqdan ötrü qırx hədis əzbərləsə, Allah-təala Qiyamət günü onu peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə məhşur edər. Bunlar çox gözəl dostlardır.” Həzrət Əli (ə) ərz etdi: “Ya Rəsuləllah, bu hədislərdə məqsəd nədir?” Həzrət buyurdu: “Məqsəd budur ki, heç bir şəriki olmayan yeganə Allaha iman gətirəsən, Ondan başqa heç kəsə pərəstiş etməyəsən, fərəh və həvəslə dəstəmaz alıb namazlarını öz vaxtında qılasan, çünki, heç bir üzrü olmadan namazı tə`xirə salmaq Allahın qəzəbinə səbəb olar, zəkat verəsən, Mübarək Ramazan ayının orucunu tutasan, imkanın çatsa Allah evinin ziyarətinə gedəsən, ata-ananı incitməyəsən, yetimin malını haqsız yerə yeməyəsən, riba yeməyəsən, şərab və heç bir məstedici içki içməyəsən, ləvat etməyəsən, söz gəzdirməyəsən, yalandan Allaha and içməyəsən, israf etməyəsən, heç kəs barəsində istər yaxın olsun, istərsə də uzaq, yalandan şahidlik etməyəsən, böyük, kiçik hər kəsdən haqqı qəbul edəsən, zalıma - yaxın qohumun olsa da, e`timad etməyəsən, nəfsani istəklərinə uymayasan, pakdamən qadınlara böhtan atmayasan, azacıq da olsa riya etməyəsən, çünki, azacıq riya Allaha şərik qoşmaq deməkdir. Eyiblərini üzlərinə vurmaqdan ötrü balaca boylu insana “balacaboy”, hündür boylu insana da “uzunduraz” deməyəsən, Allahın yaratdıqlarından heç birini məsxərə etməyəsən, bəla və müsibətlər müqabilində səbirli olasan, Allahın verdiyi ne`mətlərə görə Ona şükür edəsən, özünü etdiyin günahların cəzasından amanda hiss etməyəsən, Allahın rəhmətindən naümid olmayasan, günahlarından tövbə edəsən, çünki, tövbə edən günahı etməyən kimidir. Günahı israrla təkrarlamayasan və ardıcıl olaraq istiğfar edəsən. Günahda davamlı olmaq Allahı və peyğəmbərləri məsxərəyə qoymaq deməkdir. Bil ki, sənə yetişən hər hansı bir şey (Alahın təqdirinə uyğun olaraq) qarşısıalınmazdır və əlinə gəlməyən bir şeyin də yetişməsi qeyri-mümkün olmuşdur. Camaatı razı salmaqdan ötrü Allahı qəzəbləndirmə və heç vaxt dünyanı axirətdən üstün tutma. Çünki, dünya fani və müvəqqəti, axirət isə əbədidir. Əlində olanları xəsiscəsinə qardaşlarından gizlətmə. Batinin də zahirin də bir olsun, zahirin gözəl batininsə çirkin olmasın, çünki, belə olsa münafiq hesab olunarsan. Yalan demə, yalançılarla yoldaşlıq etmə və onlarla əlaqə saxlama, haqq sözü eşidəndə qəzəblənmə, özünə, həyat yoldaşına və övladlarına qarşı bacardığın qədər ədəbli ol, elminə əməl et, Allahın yaratdıqlarına qarşı düzgün rəftar et, onlarla nahaq davranma, qohumlara və yadlara qarşı sərt və xırdaçı olma, zülümkar və qəddar olma, “Sübhanallah” və “La ilahə illəllah” zikrlərini çox təkrar et, çoxlu dua et, ölümü və ölümdən sonrakı həyatı (məadı, cənnət və cəhənnəmi) çox yad et, çoxlu Qur`an oxu və öz rəftarını da ona uyğunlaşdır, mö`min və mö`minələrə ehsan etməyi qənimət bil, diqqətli ol, özün üçün bəyənmədiyin bir şeyi başqalarına da rəva bilmə, xeyir işdən bezmə, öz yükünü başqasının çiyninə atma. Elə ki, bir kəsə yaxşılıq etdin, bu yaxşılığına görə ona minnət qoyma. Dünyanı özün üçün zindan bil ki, Allah da sənə behişt qismət etsin. Hər kəs bu dediyim qırx hədisi əzbərləyib onlara əməl etsə və ümmətə çatdırsa Allahın rəhməti sayəsində behiştə gedər. Belə bir şəxs Allah yanında peyğəmbərlər və vəsilərdən sonra ən sevimli bəndələr hesab olunar və Qiyamət günü peyğəmbərlər, vəsilər, şəhidlər, salehlər və siddiqlərlə məhşur olar. Bunların nə gözəl dostları var!!!”

◘Həzrət Sadiq (ə) buyurub: ”Hər bir bəndə qırx yaşına qədər genişlik və rahatlıqda olur. Elə ki, qırx yaşına çatdı Allah-təala onun əməllərinə nəzarət edən mələklərə əmr edər ki, Mən Öz bəndəmə uzun ömür verdim. Artıq, bundan sonra onun hər bir kiçicik əməllərini də diqqətlə yazın və ona qarşı daha tələbkar olun.”

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий