Страницы

27.03.2016

Hacıbala Abutalıbovun keçmiş müavinindən sensasion açıqlamalar

Bakı Şəhər İcra hakimiyyətinin Nəzarət Şöbəsinin keçmiş müdiri Arzu Məmmədov «Bizim Yol» qəzetinə geniş müsahibə verib. O, işlədiyi dövrdə rastlaşdığı qanunsuzluqlar haqqında sensasiyalı informasiyalar açıqlayıb. O, dövlət əmlakının mənimsənilməsi, qanunsuz sərəncamlar, ev yıxma əməliyyatları və s. haqqında detallı bilgilər verib. Müsahibəni təqdim edirik.

-Arzu müəllim, necə oldu ki Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət Şöbəsinin müdiri vəzifəsində işlədiniz?
-Bakı Şəhər İcra Hakimiyyətində Nəzarət şöbəsi ümumiyyətlə nəyə lazımdır? Bolşevizmin rəhbəri Lenin də ötən əsrin əvvəlində “nə üçün qeydiyyat və nəzarət” sualını verirdi? Ona görə ki, qeydiyyat və nəzarət iqtisadiyyatın şəffaflığı deməkdir. Hacıbala Abdutalıbov 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə ayağını qoyan kimi bu idarəni ləğv etdirdi. Məqsədi də şəffaflığı aradan qaldırmaq idi. Təsəvvür edin ki, 2001-2011-ci illər arasında paytaxtın abadlaşdırılmasına 800 milyon manat ayrılıb, idarə ləğv olunanda isə həmin vəsaiti asanca mənimsəmək olur. Beləliklə, həmin idarə ləğv edildi, əvəzində Nəzarət Şöbəsi yaradıldı və məni də şöbənin müdiri vəzifəsinə dəvət etdilər. Mən o vaxta qədər Fizika İnstitutunda çalışırdım. Güman ki, icra başçısı düşünürmüş ki, bu, fizikdir, şöbənin səlahiyyətlərini bilməyən bir adamdır da, oturar orda. İşə başlayandan sonra gördüm ki, şöbənin 4 işçisi var, ikisi işə gəlmir, onlardan biri saatsazdır, digəri isə icra başçısının katibəsi Nailə xanımın həyat yoldaşıdır. Qalır iki nəfər, onlar isə maliyyə-təsərrüfat fəaliyyətini dərinliyinə qədər bilmirlər. Qısa müddətdə şöbənin mühasibat hesabatlarını oxuyub öyrəndim və Novxanı çimərliyində iş vardı, tapşırdılar, araşdırıb hesabat təqdim etdim. Gördülər ki, hesabatda mənimsəmələr də daxil olmaqla, hər şey araşdırılıb. Bundan sonra Hacıbala Abutalıbov və Aparat rəhbəri Əli Hacıyev məni sıxmağa başladılar. 

-Necə oldu ki, Hacıbala Abutalıov Sizi özü həmin vəzifəyə təyin etmişdi və sonra da təzyiqlərə başladı?
-Ona görə ki, o, mənim bu işləri tez bir zamanda öyrənəcəyimi təsəvvür etmirdi. 

-Bəlkə o, Sizi icra hakimiyyətinə ona görə gətirmişdi ki, yaxın adam kimi bu işləri yola verəsiniz?
-Məni o məqsədlə gətirmişdi ki, fizik olduğum üçün bu işlərdən anlayışım yoxdur, halbuki, mənim yerimə Prezident Administrasiyasından bir maliyyəçi göndərsəydilər, Abutalıbov üçün xoş olmayan günlər başlayacaqdı. İkinci, məni icra hakimiyyətinə gətirməklə hörmət etmək istəyirdi. Çünki onun oğlu və qardaşı qızı institutda imtahanda kəsiləndə, atamın sinif yoldaşı olan akademik Fərəməz Maqsudovdan xahiş edib problemlərini təmənnasız aradan qaldırmışam. 

-Hansı təhsil ocağından söhbət gedir?
-Oğlunu Ali Diplomatiya Kollecinə, qardaşı qızını isə Odlar Yurdu Universitetinə düzəltmişdim. Odlar Yurdu o zaman Sabunçu dairəsində yerləşirdi. Ona görə icra başçısı hörmət əlaməti olaraq məni həmin şöbəyə müdir təyin etmişdi, yəqin düşünmüşdü ki, “mal” kimi oturub onun üzünə baxacam. Ancaq mən şöbənin səlahiyyətlərini öyrənəndən sonra icra başçısının təzyiqləri ilə rastlaşdım. Çünki sərəncamları araşdıranda gördüm ki, icra başçısı İnqilab küçəsində fərdi yaşayış evlərinin tikintisinə sərəncamlar verib. Yəni 20-25 kvadrat metrlik “rus domikləri” var idi, MİS-dən böyük bir sxem alırdılar və bunun əsasında bütün dövlət torpaqlarını satırdılar. Məsələni qaldırdım ki, aparılan iş cinayətdir, heç olmasa «İnterservis»lə müqavilə bağlansın ki, buna görə pul köçürülsün. Ondan sonra icra başçısı tapşırdı ki, Arzu Məmmədova sərəncam verməyin, sadəcə, işə gəlib maaşını alıb getsin. Təsəvvür edin ki, mənim təqdimat yazmağıma imkan vermirdilər.

-Nəyə görə?
-Bilirdilər ki, mən iş tələb edirəm, yəni araşdırmaq üçün sərəncamları verin. Məsələ ondaydı ki, mən yarım ildən sonra səlahiyyətlərimi detallarına qədər tam öyrənmişdim, istənilən idarəyə yoxlamaya bu gün də göndərsələr, ağıllarına gəlməyən çatışmazlıqları üzə çıxardaram. 

-Şöbənin müdiri kimi səlahiyyətləriniz nədən ibarət idi?
-Əsas vəzifəm Abutalıbovun sərəncamlarının icra intizamına nəzarət etmək idi. İcra intizamında da ayrılan pulların necə istifadə olunması əsas yer tuturdu. Yuxarıda dedim, təkcə 2001-ci ildən 2011-ci ilə qədər abadlaşdırma üçün 800 milyona yaxın vəsait ayrılıb, halbuki, bu pula yeni bir Paris tikmək olardı. 

-Deyirsiniz ki, şöbə müdiri kimi verilən sərəncamların icra intizamına nəzarət etmək idi, belə olanda icra başçısının sərəncamlarını təftiş etmək səlahiyyətiniz var idimi?
-Mən sərəncamları təftiş etmirdim, sərəncamların icrasına nəzarət edəndə görürdüm ki, 20 kvadrat metrlik yeri hansı əsasla veriblər. İstər-istəməz cinayətlə rastlaşırdın, axı ərazini MİS müdirinin verdiyi bir sxemlə satmaq olmazdı.

-Başqa hansı maxinasiyalar olurdu?
-Asfalt çəkilişi, abadlıq işləri, hamısında maxinasiya yetərincəydi. Məsələn, asfaltın tərkibi, sıxlığı, asfaltın altının düzəldilməsi, smetaların tərtibi, bu prosesdə mənimsəmə saysızdır. Mənə verilən sərəncamlarda asfaltı icra hakimiyyəti çəkirdi, o zaman Nəqliyyat Nazirliyi bu işlərlə məşğul olmurdu. Hətta yol nişanlarını da icra hakimiyyəti çəkirdi. Yol nişanlarının 1 metrinə nə qədər rəngin getməsini araşdıranda başqa mənzərə ilə rastlaşdım. Və bir dəfə yağışın yağması ilə həmin rənglər sıradan çıxırdı. Beləliklə, vəsaitin mənimsənilməsini sübut etməyə ehtiyac yox idi, bu, açıq görünürdü. Ancaq etirazlarımı gündəmə gətirəndən sonra tədricən məni sıxmağa başladılar və işləməyə imkan vermədilər. Belə olanda, hər yarım ildən bir məndən plan tələb edəndə təqdimatda rastlaşdığım özbaşınalıqları yazıb qeydiyyatdan keçirmişəm. Bunu görəndə isə dedilər ki, sənin təqdimatlarını oxumadan qeydiyyatdan keçirməyəcəyik. Sadaladıqlarımı 1 saylı İnzibati-İqtisadi Məhkəməyə təqdim etmişəm. İşlədiyim zaman təqdimatlarımı qeydiyyatdan keçirməyəndə dedim ki, prezidentdə müraciət edəcəyəm, bunu eşidən icra başçısı başladı mənə “torba tikməyə”. Müraciətlərimdə icra hakimiyyətində korrupsiyanın baş alıb getdiyini, Hacıbala Abutalıbovun yaxın qohumlarını vəzifəyə təyin etdiyini qeyd etmişdim. 

-İcra başçısının qohumları kimlər idi?
-Məsələn, Reklam İdarəsinin rəhbəri Əli Əsgərov, Qanunsuz tikintiyə qarşı idarəsinin rəhbəri Qafar Əhmədov, yaxud qardaşının kürəkəni Vüqar Seyidov şöbə müdiri idi. Əsas işləri bu adamlar görürlər. Əslində kölgə idarəetməsini Azərbaycanda birinci dəfə Abutalıbov gətirib və bu özbaşınalığı Suraxanı rayonuna tətbiq edib. Bu rayonda Natiq Mehdiyevi oturdublar ki, bax divara, idarəetməni isə Vüqar Seyidov aparacaq. 

-İndiyə qədər Bakı Şəhər İcra Hakimiyyətindəki korrupsiya halları barədə müxtəlif səpkilərdə danışmışınız. Bəs icra hakimiyyəti Sizin haqqınızda məhkəmə iddiası qaldırıbmı?
-Mən Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə böhtan atmıram. Əgər yalan və böhtan desəydim, icra başçısı o dəqiqə məni məhkəməyə verərdi. O, məni nəyə görə məhkəməyə verməlidir? Əksinə, 11 il mənə işləməyə imkan vermədiyi üçün iddianı özüm qaldırmalıyam. Mən Abutalıbovun evində, yaxud atasının kooperativində yox, dövlət müəssisəsində işləmişəm. 

-Bakı Şəhər icra hakimiyyətini məhkəməyə verməkdə məqsədiniz işinizə bərpa olunmaqdır?
-Məqsədim prinsiplərimi qorumaq və göstərməkdir ki, iş adamı Maqsud Mahmudovdan başqa da Abutalıbovun qanunsuz əməllərinə qarşı çıxa bilən insanlar var. Nəhayət, məhkəmə vasitəsilə sübut etmək istəyirəm ki, insanların evlərini qanunsuzcasına başlarına uçurmaq yetər, bu adama dayan deməyin zamanıdır. 

-Məhkəmə uzanırsa, prosesdən razısınızmı?
-Xeyr. Çünki proses Avropa Konvensiyası ilə daban-dabana zidd keçirilir, birinci, iclaslarda fikir azadlığı boğulur. Məsələn, şahid Nəsrulla Bayramov iclasda söz demək istəyir, hakim imkan vermir. Mən Abutalıbovun şəxsiyyətini təhqir etmirəm, sadəcə, onun paroniadal şizofreniya xəstəliyindən əziyyət çəkdiyini xatırladıb bildirirəm ki, bu xəstəliyin kəskinləşmə dövrləri olur və bu proses başlayanda ətrafındakılar icra başçısının durumundan istifadə edib qanunsuz əməllər edir. Təəssüf ki, hakim bu barədə danışanda, imkan vermədi. Halbuki, bu məsələ şəxsiyyətin təhqiri ola bilməz, əgər Azərbaycanın Avropa strukturlarına inteqrasiyasının tərəfdarıyamsa, hansı təhqirdən söhbət gedə bilər?! 

-İcra başçısının durumundan istifadə edən məmurlar kimlərdir?
-İcra başçısının hazırkı aparat rəhbəri Rasim Quliyev, ümumi şöbənin müdiri Namiq Məmmədov və katibələri. Onlar paroniadal şizofreniyanın nə olduğunu bildiklərindən icra başçısına təsir göstərmək imkanındadırlar.c Beləliklə, Abutalıbov insanların evini başlarına uçurdur və vətəndaşlarda qanunlara inamı darmadağın edir. Bu mənada mən onun paytaxtın icra başçısı olmasının qəti əleyhinəyəm. Halbuki, vaxtilə o, icra başçısı təyin olunanda küçələrin təmizlənməsinə, alverçiləri yığışdırmasına, yəni bir nizam-intizam yaratmasına sevinirdim. Ancaq görəndə ki, alverçiləri Yaşıl və Keşlə bazarlarına yığıb özünə pul qazanır, o zaman bunların məqsədli edildiyini anladım. 

-Onlar iddia edir ki, Siz Qüdrət İsaqova məlumatlar ötürmüsünüz, bu doğrudurmu?
-Əvvəla, məni Abdutalıbovla İsaqov tanış edib, 1993-cü ildə. Onlar ötən əsrin 90-cı illərin əvvəlində xalq hərəkatında bir yerdə olublar. Yazı məsələsinə gəldikdə, İsakov prezidentliyə namizədliyini verən zaman proqramında məmur özbaşınalığına qarşı mübarizəni də qeyd etmişdi. Məsələ ondaydı ki, o, özü mətbuatda bu barədə danışırdı və Abutalıbovu sərt tənqid edirdi. Hətta Cəfər Hüseynovun iştirakı ilə bir dəfə dedi ki, Abutalıova çatdırın ki, məni qəbul etsin, onu siyasi səhnəyə mən çıxartmışam. Ondan sonra İsakov məqalə yazdı ki, Rasim Quliyev özünə dissertasiya yazdırır, amma bu məsələni ona Qəbul Otağının müdiri Tahir Məsimov danışıb. Tahir Məsimov deyirdi ki, kəndçisi, Fəlsəfə İnstitutunun işçisi Vahid Ömərov Rasim Quliyevə və onun qardaşı, “Səs” qəzetinin redaktoru Bəhruz Quliyevə pulla dissertasiya yazıb. Ondan sonra Tahir Məsimov bildirmişdi ki, 2011-ci ilin 29 yanvarında Ramiz Mehdiyevin yanında toplantı olub, iclasda Abutalıbov sərt tənqid edilib və bu hadisədən sonra Nərminə İsakova daha icra hakimiyyətinə gəlmir. Bir daha deyirəm, bunların hamısını Tahir Məsimov Qüdrət İsakova danışıb. Məni icra başçısı anonim məktub yazmaqda ittiham edir, axı anonim məktub o zaman yazılır ki, o idarədə fikir azadlığı boğulur. “Vətəndaşların müraciətinə baxılması haqqında” qanunun 7-ci maddəsində yazılıb ki, anonim məktublara baxılmır. O zaman icra başçısı qanunsuz addımda hansı qanuniliyi axtarır? Mən 2011-ci ilin sonunda Beynəlxalq Bankdan maaş pul dövriyyəsi olan hesabat kartımı çıxartmışam, təsəvvür edin ki, il ərzində 5 dəfə pul mükafatı almışam. Sual yaranır, etik davranış normalarını pozan, işlədiyi qurumun nüfuzunu aşağı salan işçiyə pul mükafatını niyə verirlər? 

-Əgər Sizi özünüz dediyiniz kimi sıxırdılarsa, bu qədər pul mükafatını niyə verirdilər?
-10 il ərzində onlarla bu cür mükafatlar veriblər ki, susum, danışmayım. Hətta “konvert”də təklif ediblər, amma imtina etmişəm, bundan sonra icra başçısı hər yerdə deyirmiş ki, Arzu Məmmədova ayda 2500 manat pul verirmiş. Sonra mənə çatdı ki, icra başçısı kimə hesabat verirsə, orda mənim adımın qarşısına həmin rəqəmi yazır. 

bizimyolinfo.com

Комментариев нет:

Отправить комментарий