Страницы

26.03.2016

O böyük azərbaycanlıda zənci qarışığı varmış

Azərbaycan prezidenti İlham Əliyev 2010-cu ildə böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovun 200 illik yubileyinin 2012-ci ildə keçirilməsi barədə sərəncam verdi. Sərəncamı rəhbər tutaraq atılan addımlardan biri də Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Axundov haqqında kitabın ərsəyə gətirilməsi oldu. "Axunzadə şəxsiyyəti" adlı kitabın müəllifi tanınmış tənqidçi Nərgiz Cabbarlıdır.
Kitab Axundov şəxsiyyəti ilə bağlı həddindən artıq dəyərli mənbədir.
Moderator.az maraqlı olduğunu nəzərə alaraq kitabdan Axundovun əsli-nəsli ilə bağlı ilginc faktları təqdim edir.
"...Axunzadənin dünyaya gəlişi və əsli-nəsli ilə bağlı danışdıqda qarşıya çıxan ilk "niyə?" sualı onun özünü fars kökənli adlandırması ilə bağlıdır və bu məqamda həmin maraqlı nüansa toxunmadan keçə bilmirəm. O nə üçün belə edib? Və nə üçün onun arxivində eyni məsələ ilə bağlı iki fərqli fikir "yaşayır"?! Məsələn, bir yerdə o yazır: "Mənim atam Mirzə Məhəmmədtəqi Hacı Əhməd oğlunun ulu babaları fars qəbilələrindən olmuşdur...
...Başqa bir məktubunda yazıçı yenə də bu məsələ ilə bağlı "söyləyir": "Qoy bütün iranlılar bir həqiqəti başa düşərək bilsinlər ki, bir parsların övladlarıyıq, İran bizim vətənimizdir... Mən özüm zahirən türk olsam da, əslim parslar nəslindəndir. Ulu babam Hacı Əhməd Rəştdən gəlib Azərbaycanda vətən tapmışdır. Atam Mirzə Məhəmmədtəqi və özüm Azərbaycanda doğulub böyümüşük".
...Xamnə qəsəbəsi nə dərəcədə türk əsilli bir yer olsa da orda əslən türklərin yaşadığı bildirilsə də, yazıçının öz qələmindən çıxan faktı diqqətə almamaq doğru deyil. Halbuki yenə də onun özünün əldə etdiyi başqa bir sənəddə (bu sənədin yazıçının İrana rəsmi səfərdə olarkən əldə etdiyi bildirilir. Amma Mirzə Fətəlinin "Xidmət dəftərçəsi"ndə onun İrana 1848-ci ildə rəsmi səfərə getdiyi qeyd edilir. Sənəd isə 1845-ci ildə tərtib edilib) onun babalarının türk tayfasından olduğu söylənilir: "Onun nəsli türk tayfasındandır. Bu nəsil uzun zamanlar Azərbaycanda yaşayıb, ölkənin nəcib adamlarından sayılıb, həmişə xalq arasında əziz tutulmuşlar. Onun atası şəniyüksək Mirzə Məhəmmədtəqi Əhmədağa övladından olub, təxminən 30 il bundan əvvəl Xamnə qəsəbəsinin kətxudası idi".
...Onun kökü ilə bağlı nəvəsi Mahmənzər Qacar da öz xatirələrində maraqlı bir fakta toxunub və nənəsinin dediklərinə əsaslanaraq yazıçının ana tərəfdən babasının qanında zənci qanı olmasını yazıb: "Mənim anam Nisə xanım Qacar Mirzə Fətəli Axundovun qızı idi. O, çox tez-tez məşhur atasını xatırlayır, onun haqqında bir çox əhvalatlar nəql edirdi. Anamın dediyinə görə, bizim şairimizin də rus şairi Puşkin kimi qanında zənci (qara qul) qarışığı varmış; onun anasının ulu babası Nadir şahın zamanında İrandan Nuxa şəhərinə vergi toplamaq üçün göndərilmiş Müzəffər adlı bir zənci imiş.
Mirzə Fətəlinin kürəkəni Xanbaba xanla qohum olan, daha dəqiq desək, Xanbala xanın qardaşı nəvəsi, alim Çingiz Qacarın isə əsasən nənəsinin xatirələrinə əsaslanaraq yazdığı "Tiflis, Vorontsovskaya 53, 55" kitabında deyilir: "Mirzə Fətəli Puşkin kimi onun da qanında həbəş qanı olması ilə bağlı zarafat etməyi xoşlayırmış. Həqiqətən də onun anası Nanə xanımın ulu babası həbəşistanlı olub və adı Müzəffər idi".
Beləliklə, yazılanlar və deyilənlər bir tərəfdən fars, digər tərəfdən isə zənci qarışığına işarə edir". /moderator.az/

Комментариев нет:

Отправить комментарий