Страницы

15.03.2016

Lerik kürdlərin əlinə keçib

Gəlmələrin əsas məskunlaşdığı yer Kəmaləddin Heydərova məxsus obyektlərdir 
“Lənkəran-Lerik magistralına yaxın ərazidə yerləşən ”Relax" istirahət kompleksinin əksər kotteclərinə Türkiyə və İraqdan çıxarılmış kürdlərin köçürülməsi planlaşdırılır. Artıq həmin kotteclərdə bütün kommunal problemlər həll edilib. Gələnlərin isə elə həmin kompleksdə işlə təmin ediləcəyi gözlənilir". Bu barədə Lerikdə ezamiyyətdə olan əməkdaşımıza yerli sakinlər xəbər verib. Bir qədər əvvələdək həmin istirahət kompleksində çalışan bir leriklinin dediyinə görə, artıq “Relax”da bir neçə kürd ailəsi məskunlaşıb. “Onlar öz dillərində danışır. Gün ərzində çanaq antennaları vasitəsilə Avropadan yayımlanan telekanalları izləyirlər.
Bizimkilərlə demək olar ki, təmas qurmurlar. Ancaq kimlərsə kürdcə telefonla danışır və bütün günü yeyib-içib yatmaqla məşğuldurlar. Bir qədər öncə isə kompleksdəki bir neçə kottec boşaldılıb. Xəbər yaydılar ki, bura guya Türkiyədən istirahətə adamlar gələcək. Amma kompleksdə hamı çox gözəl bilir ki, gələnlər kürd ailələridir. Çünki buranı işlədən Türkiyə vətəndaşının özü də kürddür”- deyə həmsöhbətimiz bildirdi.
Yeri gəlmişkən, rayonda olarkən öyrəndik ki, Lerikdə büdcə təşkilatlarından başqa əlavə iş yeri demək olar ki, yoxdur. Əhalinin əsas məşğuliyyəti isə heyvandarlıqdır. Buna imkanı çatmayanlar isə başqa iş yeri olmadığından son illərdə Lənkəran-Lerik magistral yolu boyunca yerləşən istirahət mərkəzlərinin tikintisində işləyir. Bu ərazidə ən məşhur istirahət mərkəzi isə “Relax”dır.
Turizm obyektlərinin tikintisində əsasən leriklilər işləsə də sonradan xidmət sahəsinə bircə nəfər də yerli sakin götürülməyib. Rayonda fəaliyyət göstərən “Qızıl qaya”, “Təbəssüm”, “Meşəbəyi”, “Xəyal”, “Elgün”, “Babək”, “Zuvand” və digər turizm-istirahət mərkəzləri bütün yay mövsümü ərzində geniş fəaliyyət göstərir. Obyektlərin yüksək vəzifəli məmurlara məxsus olduğu bildirilir. Bu sırada isə əsasən Kəmaləddin Heydərovun, Rövnəq Abdullayevin, Bəylər Əyyubovun adları çəkilir. Lerikdə olarkən onu da öyrəndik ki, gələn ildən etibarən bu rayon ümumiyyətlə qapalı bölgə elan ediləcək və bütünlüklə fövqəladə hallar naziri K.Heydərovun mülkünə çevriləcək.
Bayaq adını çəkdiyimiz “Relax” isə cənnəti xatırladır. Obyektin sahibinin iş adamı Hacı İqbal Məmmədov olduğu bildirilir. Xatırladaq ki, bu, həmin İqbal Məmmədovdur ki, bir qədər əvvələdək K.Heydərovun işçiləri sahibkarları məhz onun “Kaspian Yıldız” şirkəti tərəfindən Azərbaycana gətirilmiş yanğınsöndürən balonları ilə təhdid edir, məhz obyektlərində bu balonlardan olmayanları yerindəcə cərimələyir, obyektlərini bağlayırdılar. Lerikdə hamı bilir ki, “Relax”ın adı İqbalındır. Bu kompleksin əsas sahibi məhz K.Heydərovdur. Düzdür, obyektin yaradılmasında Rövnəq Abdullayevin də böyük əməyi olub. Amma hər şey “fövqəlnazir”in adı ilə bağlıdır.
Biz bu obyektdə də olduq. Sözün açığı, “Relax” istirahət mərkəzi demək olar ki, dünyanın ən yaxşı, adlı-sanlı istirahət guşələri ilə rəqabətə girə bilər. Burada kottec tipli evlərin otaqlarında yumşaq mebellər, isti-soyuq su, kabel televiziyası, telefon var. Mərkəzdə Şərq üslubunda qurulmuş külafirəngi, milli və Avropa mətbəxli 350 nəfərlik yay və qış restoranları, restoran-bar, diskoteka, uşaq əyləncə meydançası, bilyard, tennis oyunları üçün yerlər, çayda üzmək üçün qayıqlar bura gələnlərin istifadəsindədir.
Külafirəngi dağ çayının yuxarı hissəsində qurulub. Yerə sərilmiş həsir, sıra ilə düzülmüş döşəkçə, mütəkkələr, samovar çayı, sulu qəlyan...
“Relax”ın baş direktoru isə kim olsa yaxşıdır? Mehmet Aycan adlı milliyyətcə kürd olan Türkiyə vətəndaşı. Məhz onun patronajlığı altında xidmət göstərən personal da kürdlərdən ibarətdir. İndi bu cənnət məkan “böyük kürd köçü”nün yolunu gözləyir. Və artıq kotteclər də hazır vəziyyətdədir...

Səbuhi MƏMMƏDLİ, Bakı-Lerik-Bakı            musavat.com

Комментариев нет:

Отправить комментарий