Страницы

05.05.2016

HARADAN BAŞLANIR VƏTƏN

Qasid Nağıoğlu

Məşhur filmdəki bu mahnının ilk sözləri bir vaxtlar hamını bir azərbaycanlı kimi məni də dərindən düşündürürdü. Öz yurdunun tarixini bilmədən vətənsevər olmaq qeyri-mümkündür. Milli hisslərin kökü, cövhəri Vətən  torpağıdır. Bu torpağın yaşını bilmək, vətəndaşı olduğun ölkənin  tarixini öyrənmək azdır, gərək onu həm də yazasan.
«Tarixi tarix yazır!» Bu  sözlər tədqiqatçı-jurnalist Sabir Nəsiroğluna məxsusdur. Onun 25 il bundan əvvəl  Düşənbədə çap edilmiş «Sehrli diyarın sirri» kitabı ilə tanış olanda, məni heyrət bürüdü. Geniş bir ərazini əhatə edən Muğan haqqında fundamental tarixi materiallar, təkzibedilməz faktlar Sabir Nəsiroğlunun zəngin erudisiyaya  malik olduğunu göstərir. Bu materialları əldə etmək, qruplaşdırmaq, müqayisələr aparmaq bütöv bir ömür istəyir. Doğrudan da tarixi tarix özü yazır. Səninlə razıyam, həmkar!
Azərbaycan tarixi ilə bağlı çoxlu kitab yazılıb. Bir vaxtlar ötəri işıqlandırılmış sahələr yenidən  tədqiqat obyektinə  çevrilmiş, yeni-yeni mənbələr, qiymətli əlyazmalar üzə çıxarılmış, boşluq yaranmış məqamlara aydınlıq gətirilmişdir. Təəssüf ki, Şimali Azərbaycanın  cənub bölgəsi  tarixçilərin  diqqətindən yayınmışdır və bu barədə müəyyən qənaətə gəlmək üçün əsas da vardır. Tarixçilərin görmədiyi ağır işi Sabir Nəsiroğlu öz üzərinə götürmüş, ömrünün 30 ilini Muğanın tədqiqinə həsr etmişdir.
Tədqiqatçı-jurnalist S.Nəsiroğlunun yeni kitabı təkcə  cənub bölgəsində yaşayanlar üçün deyil, eləcə də bütünlükdə Azərbaycan üçün qiymətli  töhfədir. Müəllifin Muğana dair mülahizələri çox maraqlıdır. 
«Tarixən Muğan düzünün  ərazisi çox geniş olmuşdur, ilk dəfə adı 3500-4000 il bundan əvvəl çəkilən bu ərazi tarixi mənbələrdə bütöv, bəzən də hissə-hissə müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olmuşdur… Yüzlərlə tarixi sənədlərə müraciət edib, sonra isə xəritələrin miqyaslarını tutuşdurub dəqiq nəticəni  alaraq Muğan şəhərinin harada olmasını müəyyən etmişik. Məşhur ərəb  səyyahı İbn Xordabeh hələ IX  əsrdə yazırdı ki, Muğan Azərbaycanda şəhərdir. Əhməd İbn Əl As am  Əl Kufi məlumat verir ki, Azərbaycanda Muğan adlı şəhər və çay var. «Hududu-əl-aləm» əsərinin müəllifi  isə bizə  belə  soraq verir ki, «Muğan bir şəhərdir. Bu şəhərin bir nahiyəsi dəniz kənarında yerləşir. Muğan mahalında digər iki şəhər var ki, bunlara da «Muğan» deyilir».
Cəlilabaddakı təpənin «Nadir təpəsi» adlandırılmasını səhv sayan müəllif öz faktlarını tarixi dəlillər əsasında sübut  edir. «Biləsuvar-böyük  Atlılar qalasıdır» qənaətinə gələn müəllif qeyd edir ki, Biləsuvar iki tayfanın «Bilyər və suvarların  cəmləşib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer» mənasını verir… S.Nəsiroğlu tədqiqatlarında  bir sıra hallarda ehtimallara yer versə də, onun istinad nöqtəsi yenə də tarixi mənbələrdir. Müəllifə  görə «Biləsuvar» toponimini «Atlı əsgərlərin və çaparların keçid yeri» kimi də anlamaq olar. Biləsuvarla bağlı tarixi ekskursiya göstərir ki, tədqiqatçı movzu ilə bağlı məntiqi araşdırmalar, müqayisələr aparmışdır. Bunların ən gözəl nümunəsinə «Hasıllı Muğan şəhəridir» yazısı misal ola bilər. 
Hasıllının da Muğan şəhəri olmasını  tutarlı faktlarla sübut edən müəllifin  hər bir detaldan, ştrixdən yerli yerində  istifadə etməsi oxucunun yaddaşında dərin iz salır. Qədim Şərqin şəhərləri haqqında etnoqrafik  təsvirlərə Sabirin hər bir yazısında  rast gəlmək olar.
Muğanın son iki yüz ilini yazmaq çətin  olsa da, müəllif bu çətinliyin öhdəsindən gəlmişdir. Məncə, Azərbaycan tarixini yazanlar cənub  bölgəsi haqqında   S.Nəsiroğlunun təqdimatından bəhrələnməklə  tariximizə  hörmət etmiş olarlar! Muğanın  gözəl cənub guşəsində bu  günkü Cəlilabadda və Biləsuvarda məskunlaşan tayfa, nəsil və müxtəlif tirələr barəsində bilgilər, konkret tarixi məqamlar bu  yerlər haqqında bəsit təsəvvürlərə işıq saçır.
Kitabı oxuyun, əsl qiymətini siz verin. Sizin qiymətiniz tarixin qiymətidir.

Комментариев нет:

Отправить комментарий