Страницы

17.07.2016

“Eldar İbrahimov Naxçıvanda qatıq satırdı”

virtualaz.org və haqqin.az saytlarının daimi oxucusu Səbuhi Hüseynov deputat Eldar İbrahimovun kobudluğundan prezidentə şikayət edib. O, müraciətinin bir nüsxəsini də virtualaz.org saytının redaksiyasına göndərib. Həmin məktubu təqdim edirik.

“Hörmətli redaksiya! Milli Məclisin üzvü Eldar İbrahimovun Dövlət Yol Polisi (DYP) əməkdaşları barədə sözlər məni hiddətləndirib. Deputat Milli Məclisdəki çıxışında onun maşınının nömrəsini əzbər bilməyən DYP əməkdaşlarını “dana” adlandırmışdı.
Deputatın həmin sözlərini bir daha xatırladıram: “Serjantlardan soruşun ki, Milli Məclisin maşınlarının nömrəsi haradan başlayır, harada qurtarır. Prezident Aparatının nömrələri haradan başlayır, harada qurtarır. Məni maşına görə tanıyırsınız. Mənim alnıma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimov. Maşın nömrəm 10 AA 409-dur. Siz bilməlisiniz ki, bu hansı orqanın maşınıdır. Bilməlidirlər ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, keçin. Deyirlər ki, məsələ araşdırılıb sizə deyiləcək. Bizim polislərdə bu mədəniyyət çatmır. Mənə çox gileylər olub və başıma gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, bu kitabçadan hamıda var da. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana”,- üzr istəyirəm,- haradan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir.”.
Mən buradan belə başa düşdüm ki, əgər hər hansı maşının nömrəsi serjantın cib dəftərçəsinə düşməyibsə, onda o, həmin avtomobilin sahibi ilə kobud davranmalıdırmı. İbrahimov bunu demək istəyirmi? Bəs “xalqın seçdiyi” bu adama elə gəlmirmi ki, o, bununla özünü çəkib dağ başına qoyur? Bəlkə özünü istinad nöqtəsi sayır?
Bu “deftat”ın hansısa işgüzar təklifi və ya çıxışı barədə mətbuatda heç vaxt heç nə oxumamışam. O, ümumiyyətlə heç nə ilə yadda qalmayıb. O, ümumiyyətlə, orada niyə oturur, şalvarının ütüsünü niyə pozur? Boş-boşuna maaş alır? Sənə deputat kreslosu və nişanı veriblər (məlum deyil hansı xidmətinə görə), sakitcə otur və Allahına bir ömür boyu şükür elə. Amma özünü elə çəkir ki, bunun qarşısında sanki az qala hamı təzim etməli, DYP əməkdaşları isə hərbi salam verməlidir.
Bəs sən özün kimsən? Hə, deputat! Amma yuxarılardan xeyir-dua olmasaydı, deputat ola bilərdinmi?
Bu məqamda prezidentin sadəlik və təvazökarlıq haqda dediklərini yada salmaya bilmirsən. Bizim əksər məmur və deputatlarda məhz bu iki keyfiyyət çatışmır. Deputatlar xalqın xidmətçisidir, onun başının ağası deyil.
Mən deputat İbrahimovun DYP əməkdaşlarının ünvanına dediyi həmin sözləri çap edib Prezident Administrasiyasına göndərdim ki, başqalarının mədəniyyəti, mədəni səviyyəsi barədə mülahizələr irəli sürən bu adamın “mədəniyyəti”ni orada da görsünlər.
Eldar İbrahimov, xahiş edirəm ki, bunu yadda saxlayasınız: siz özünüz də yer belləyən kəndli və fermer, mal-qara otaran çoban, yaxud köhnə ayaqqabının altlığını dəyişən çəkməçi kimi bir vətəndaşsınız. Axı siz özünüz də həyatınıza uzaq Naxçıvan kəndi Cəhridəki balaca piştaxta arxasında qatıq satmaqla başlamısınız. Yadımdadır ki, həmin illərdə mən sizdən tez-tez qatıq alırdım. Mənim də qohumlarım Naxçıvandandır...
Bütün vətəndaşların hüquqları eynidir. Deputatların məsuliyyəti isə sadə vətəndaşların məsuliyyətindən daha çox və böyükdür. Deputat imtiyazlarından məhrum olandan sonra əldə çubuq yolda dayanıb “lazımi” maşınların nömrələrini əzbərləmək kimi hallar da mümkündür...”

virtualaz.org

Комментариев нет:

Отправить комментарий