Страницы

24.08.2016

Cavid Cabbarlı: Gizli Həqiqət: Nurçuluq və Səid Nursi gerçəkliyi - I hissə

Nurçu Hərəkatının yaranması və Səid Nursi

Nurçuluq hərəkatının yaradıcısı milliyətcə kürd olan Səid Nursi (rəsmi qeydlərdə adı Rza Səid Okur) 1878-ci il yanvarın 5-i, yaxud 12-də Türkiyənin Bitlis vilayətinin Hizan rayonunun Nurs kəndində (indiki adı Kəpirli) doğulub. (Səid Nursinin doğum tarixi müxtəlif mənbələrdə fərqli qeyd olunub. 1873, 1876, 1978 və başqa illər də göstərilir).
Haşiyə: Bitlis qəsəbəsi: “Van və Bitlisdə müsəlman əhalisinin cəmi 10 faizi sağ qalmışdı. Maddi dəlillər bizi belə bir ümumi faktlar həqiqətinə gətirib çıxarır ki, ermənilər müstəsna qəddarlıqla geniş miqyasda müsəlmanları qırmışlar. Nəticədə əhalinin dörddə bir qismi ancaq sağ qalmışdı. Ölkə dağılmışdı”. (Ermənistan terrorçu  “xristian” ölkənin gizlinləri. Bakı, 2004)
Daha sonra Türkiyədə soyad qanunu dəyişiləndə ona digər qohumları kimi Okur (“Oxucu”) soyadı verilib.  Lakin, o, “Molla Səid”, “Molla Səidi Məşhur”, “Səidi Kürdi”, “Səidi Nursi” ləqəbləriylə xatırlanmışdır.
Səid Nursini Anadolu alimləri zamanla “zamanın xariqəsi” mənasını verən “Bədiuzzaman” ləqəbilə çağırmışlar.
Onun əsas dayaqları torpaq islahatlarına qarşı çıxan feodallar və qəbilə başçıları olub.
1915-1917-ci illərdə, Birinci Dünya Müharibəsi dövründə Qafqaz cəbhəsində könüllü alay komandiri olan Səid ruslara əsir düşüb. 1917-ci ildə isə əsirlikdən qaçaraq almanlara sığınıb. Almanlar tərəfindən maliyələşdirilən “İslam birliyi” üçün çalışan gizli əks-kəşfiyyat orqanı “Təşkilati Mahsusa” üzvlərindən biri olub. Eyni zamanda o, “Alman malı Cihadi-Əkbər” fətvasını yazanlardan idi. Sonra İstanbula qayıdaraq o dövrün ali fətva qurumu sayılan “Darül Hikmətül İslamiyə”də işləməyə başlayıb.
1925-ci ildə Şeyx Səid üsyanı baş verdi. Üsyan yatırıldı, xalqı İslam yolunda mübarizəyə çağıran Şeyx Səid və üsyanın digər rəhbərləri həbs olunaraq, məhkəmə qərarı ilə edam edildilər. Səid Nursi isə üsyanla əlaqəsi olduğu iddia edilərək Burdura sürgün edildi. Vəfatına qədər (1960) Kastamonu, Emirdağ, Barla və İspartada sürgündə yaşayan Səid Nursi sonralar 2 dəfə həbs olunub, ümumilikdə isə 20 ay həbsdə qalıb.
Nursi soyadını alan Səidi Nursi yüksək elmə yiyələnməmişdi. O, “Tizyak” adlı risalənin 68-ci səhifəsində risalələrini köməkçilərinin (Nur şagirdlərinin) yazdığını etiraf edib.
Hökumətin elanından sonra Bitlisdə şeyxlik fəaliyyətinə başlayan Nursi sonradan İstanbula gələrək siyasi fəaliyyətə qatılıb və “İttihadi Məhəmmədi” Cəmiyyətinin qurucularından olub. 31 Mart hadisəsindən əvvəl “Dərviş Vəhdəti” ilə əlaqə yaratmış, o tarixdə çıxan “Volkan” qəzetindəki yazıları ilə 31 Mart Hadisələrini qızışdıraraq yenə o tarixlərdə qurulmuş olan “Kürd Teali Cəmiyyətinə” girir. 1912-ci ildə yazdığı bir kitabında “Oyan ey Səlahəddin Əyyubinin nəvələri Kürdlər”- deyərək kürdləri türklərə qarşı qaldırır. “Məktubat” adlı risaləsində isə “Özünün türk olmadığını, Türkiyədə kürd milləti deyə ayrı bir millətin olduğu” iddiasını irəli sürür.
O, “İstiqlal Döyüşü” əsnasında, Ankaranın xəlifəni qurtaracağı inancıyla Ankaraya gəlir, ancaq dünyəvi bir dövlət nizamının qurulması və respublika elanı üzündən Ankaranı tərk edərək Vana gedir. Səid Nursi 23 mart 1960-cı il tarixində Urfada vəfat edib (wikipedia.org).

Nurçu Hərəkatinin təməl prinsipləri

Nurçuluq cərəyanının əsas mənbəyi “Nur-Risalələri”dir. Bu risalələrin  Quranla eyni mənbədən göndərildiyi iddia olunur. Lakin “Nur-risalələri”ndə kifayət qədər əsassız fikirlərə və xəyali düşüncələrə rast gəlmək mümkündür. Ağıl və məntiqin qəbul etmədiyi fikirlər heç bir dəlilə əsaslanmır. Ona görə də nurçuların əsas hədəfi dini bilgisi az olan şəxsləri aldadaraq tərəfdar toplamaqdır. Bu kitab vasitəsiylə Nurçuluq hərəkatı və “Nur-Risalələri” haqqında danışılan uydurma “həqiqətlərin” yanlışlığını üzə çıxardıb, əsl mahiyyətini təqdim etməyə çalışırıq.

Nurçu hərəkatının əsasları

Səid Nursinin şəxsiyyəti barədə araşdırma aparmaq qadağandır. Qeyd-şərtsiz Nursini qəbul etmək hər bir kəsin vəzifəsidir.

Nurçu hərəkatının ilk təməl prinsipi cərəyanın lideri Səid Nursi barəsində araşdırma aparmamaq və dediklərini qeyd-şərtsiz qəbul etməkdir. Heç bir kəsin Səidin yazdığına və dediyinə etiraz etmək hüququ yoxdur. Bu prinsipin əsasını Səid Nursinin bütün elmləri 3 ay ərzində öyrənməsi təşkil edir: “...20 ildə öyrənilməli olan elm və fənlərin əsas məğzini 3 ay ərzində qavrayıb, təhsilini başa vurmuşdur. Hansı elmdən olursa olsun, ondan soruşulan bütün suallara tərəddüd etmədən və dərhal cavab vermişdir”. (“Səid Kürdi-Tarixçeyi-Heyat”, “Sözler” nəşriyyatı, İstanbul, 1991, s.34). Müqəddimədə göstərilir ki, bu kitab əslində 1958-ci ildə hazırlanmış, şəxsən Səid Kürdi tərəfindən yoxlanılıb, düzəldilmiş və elə onun redaktəsi əsasında nəşr edilmişdir.
Nurçular iddia edirlər ki, guya Səid Nursi Peyğəmbərdən (s) elm istəmiş, Həzrət də Quranın bütün elmlərini Səidə yuxuda öyrətmişdir: “Buna səbəb olaraq deyilir ki, Səid Kürdi yuxusunda peyğəmbərimizdən elm istəmiş, peyğəmbərimiz isə öz ümmətindən heç bir şey soruşmamaq şərti ilə ona Quran elmlərinin öyrədiləcəyini bildirmişdir. Elə bu səbəbə görə hələ uşaq ikən yaşadığı əsrin və öz dövrünün alimi kimi tanınmışdır. Səid Kürdi heç kimdən, heç bir sual soruşmamış, lakin özündən soruşulan bütün suallara mütləq cavab vermişdir” (“Səid Nursi- Haşiyə Tarixçeyi-Heyat”, s.33). 
Səid Nursinin elmi haqqında ortaya atılan iddia onun etdikləri və dedikləri ilə tam ziddiyyət təşkil edir. İddialar heç biri həqiqəti əks etdirmir. Səidin 3 ay ərzində bütün elmlərə sahiblənməsi reallıqdan çox uzaqdır. Digər tərəfdən guya Nursi məhz “Peyğəmbər vasitəsiylə elmlərə yiyələnib” iddiası onun xəyal danışdığını bir daha isbatlayır. Çünki İslam dini yuxunu gerçək dəlil hesab etmir. Eyni zamanda “Risaleyi Nur” real faktlardan daha çox bədii obrazları xatırladır. 
Fərz edək ki, Səid haqqında deyilənlər həqiqətdir. Yəni Həzrət Peyğəmbər üç ayın içində hər şeyi yuxuda ona öyrədib. Bu, Səid Nursi haqqında araşdırma aparmamaq üçün kifayət edirmi? Yaxud qeyd-şərtsiz ona itaət etməyə əsas verirmi? Əlbəttə, xeyr. Quran “Dində (seçməkdə) zorakılıq yoxdur...” deyir. Hətta Allah, özünü və təkliyini qəbul etdiyiniz zaman, “araşdırın” deyir. “Düşünün, həqiqət bildiyiniz şeyi qəbul edin, bunu Allah elçisi desə də belə”, məzmunlu yüzlərlə ayə və hədis var. İslam ancaq düşünənlərin dinidir. “Niyə düşünmürsünüz?” sonluğu ilə kifayət qədər ayəyə rast gəlirik. Bu qədər ayə və hədisə rəğmən, Nurçuluq Hərəkat liderləri haqqında araşdırmanı qadağan edir. Bu qadağanın iki səbəbi ola bilər. Ya Səid Nursini o qədər ilahiləşdirirlər ki, haqqında araşdırmaya ehtiyac duymurlar, ya da araşdırma zamanı Nursi haqqında deyilənlərlə həqiqət arasında böyük bir uçurumun olduğunu anlamaqdan qorxurlar. Qorxurlar ki, əsl həqiqət üzə çıxar, Nursinin xülyapərəst, Nurçuluğun da batil əqidə olduğunu anlayarlar.
“Risaleyi Nur”u oxumaq vacibdir, oxuya bilməyənlər dinləməlidirlər. Hər bir nurçunun evində Quran olmaya bilər, amma mütləq Nur-Risaləsi olmalıdır;
Bu prinsipə görə Nurçu hərəkatı Quranın nəsx olduğunu (qüvvədən düşdüyünü) düşünür. Nurçular hesab edir ki, “Risaleyi Nur” ilahi vəhy olaraq Səid Nursiyə göndərilib. Quranın da ilahi vəhy olduğunu deyirlər. Amma “Risaleyi Nur” zaman baxımından Qurandan sonra “göndərildiyi” üçün məhz ona əməl olunmalıdır. Səid bu məsələni belə izah edir: “Risaleyi Nur” otuz üç ədəd söz, otuz üç ədəd məktub və otuz üç ədəd ləmadır və Kitabi-Mübinin ayələrinin ayəsidir. Yəni, həqiqətin əlamətləridir. Quranın həqiqət olduğunu isbatlayan çox möhkəm dəlillərdir” (“Şüalar”, səh.709 )”. 
Nursinin nəzərinə görə Quran həqiqətlərini isbatlayan bir kitaba ehtiyac var və o da “Nur risaleleri”dir: “Kitabi Mübindəki ayələrin ayələridir”.
Nursi  bu cümlə ilə Quranın daha dəlil olmaq gücünü itirdiyini və onun həqiqət olduğunu ancaq “Risaleyi Nur” ilə sübut etməyin mümkünlüyünü deyir. Təbii ki, Quranı isbat edən kitab ondan daha üstün və kamil olmalıdır. Səid bu iddiasını Barla Lahiqəsi, 26-cı səhifədə qeyd edir: “Mübarək sözlər şübhəsiz Kitabi-mübinin nurlu lemalarıdır. İçində izaha möhtac yerlər olmaqla yanaşı, ümumi halda qüsursuz və nöqsansızdır”.
Gördüyünüz kimi “Risaleyi Nur” Quranın nurlu parıltısı kimi təqdim edilir. O, risalələrdə bəzi yerlərin izaha ehtiyacı olduğunu desə də, bunu bütövlükdə qüsursuz və kamil hesab edir: “İçində izaha möhtac yerlər olmaqla yanaşı, ümumi halda qüsursuz və nöqsansızdır”.
Quran isə belələrinə “vay olsun” deyir: “Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir!” - deyirlər. Öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına” (Bəqərə-79).

Qadınlardan uzaqlaşmaq, onlarla hər hansı bir əlaqəyə girməmək;

Səid Nursi qadını şeytana bənzədib və ona yaxınlaşmanı həqiqi imandan uzaqlaşmaq kimi təqdim edib. O, Quran həqiqətlərinə xidmət etmək üçün evlilikdən imtina edib: “Müvəqqəti dünya xanımlarını deyil, bəlkə bu dünyada on huri də mənə verilsəydi, ailə qurmazdım ki, saf ixlasla Quran həqiqətinə xidmət edə bilim”.
Səid deyir ki, mənə on huri verilsəydi də, Quran həqiqətərinə ixlasla xidmət etmək üçün evlənməkdən imtina etməyə məcbur idim: “Əvvəla, qırx ildən bəri çox dəhşətli bir zındıqa (dinsizlik) hücumu qarşısında, (dinə xidmət üçün) hər şeyini fəda edəcək həqiqi fədakarlar lazım gəldiyi bir zamanda, dünya səadətimi, bəlkə lazım olsa axirət səadətimi də fəda etməyə qərar verdim”.
Nursi özünü Quran fədaisi kimi göstərib, hətta axirət səadətindən vaz keçməkdə hazır olduğunu deyir: “Bəlkə lazım olsa axirət səadətimi də fəda etməyə qərar verdim”.
 Amma Quran insanın kamilləşməsi üçün evliliyi zəruri edib. Quran məntiqinə görə, insan tək olanda kamilləşə bilməz.
Nursi yanlış hərəkətinə haqq qazandırmaq üçün hətta ailə quran din alimlərini suçlayıb: “Bir qisim biçarə alim və təqva əhli ailə-uşağının məişət dərdi üçün şərii fətva verdi və ya (zalıma) tərəfdar göründü”.
O, ailə qurmağı insan üçün zəiflik hesab edib. Hətta bir az da cəsarət edərək, din alimlərinin yanlış fətva verdiklərini və zalımın tərəfində olduqlarını deyir. Amma Nursinin həyat və fəaliyyətində yüzlərlə fakt var ki, onun məqsədinə çatmaq üçün zalımın da əlini sıxmağa hazır olduğunu göstərir, hətta Vatikana məktub yazaraq, Papaya sevgisini nümayiş etdirdiyini də sübut edir. 
İslam dini haramdan, fəsad və əxlaqsızlıqdan uzaqlaşmaq üçün insana evlənməyi əmr edir, Nursi isə “mən haramlara girməməyim üçün evlənmədim” deyir: “Mən sünnət olan evlənmək adətini tərk etdim ki, daha çox haram etməyim və vacibləri əda edim”.
Səid evlənməyi sıradan bir sünnət hesab edərək, günaha girmək üçün vasitə kimi təqdim edir: “Bir sünnət üzündən yüz günaha girilməz”.
Belə çıxır ki, Peyğəmbər sünnəsi günaha yol açır. Səid bu sözüylə dolayısı ilə İslam şəriətinin yanlışlığını demək istəyir. Şəriət isə Quran və Sünnə (Həzrət Məhəmmədin (s) dedikləri və etdikləri) əsasında formalaşır. Səidin digər sözləri kimi bu sözünün də dinə aid olmadığı göz qabağındadır.
Nursi Quranın başqa göstərişlərini şəxsi rəyinə uyğun izah etdiyi kimi, dinin evlənməyə münasibətini də xəyali düşüncəsilə şərh edir: “İkincisi, Ayəti-kərimədə “Sizə halal olanlarla evlənin” və hədisi-şərifdəki “Evlənin, çoxalın” kimi əmrlər, əmri-daimi və vacib (davamlılıq ifadə edən və fərz olan əmrlər) deyil. Bəlkə müstəhəb və sünnə əmridir. Şərtlərə və şəxslərin şəxsi baxışlarına bağlıdır” (nurunalanur.com.tr).
Heç Peyğəmbərin (s) bu hüququ olmayıb ki, dinin hansısa göstərişini öz düşüncəsinə uyğun izah etsin və nəticədə ilahi tapşırığın həqiqəti təhrif olunsun. Amma Səid Quran ayəsini, Peyğəmbərin (s) açıq kəlamını istədiyi kimi izah edir.
Nurçu Hərəkatının ailə məsələsinə iki münasibəti var. Ya evlənməkdən imtina ediləcək, ya da kiminlə evlənəcəyi Hərəkatın liderləri tərəfindən seçiləcək. Hər iki halı İslam dini qətiyyətlə rədd edir. Din insana ailə qurmaqda tam sərbəstlik və seçim hüququ verir. Eyni zamanda ailənin daha möhkəm və sağlam olması məqsədilə tövsiyyələrini deyir.
Nurçu hərəkatının təməl prinsipi kimi qeyd olunan “qadından uzaq durmaq” məsələsi əslində həqiqətin gizlədilməsinə xidmət edir. Kişilərin zəif tərəflərindən biri də qadına münasibətdir. İnsanda fitri olaraq ehtiras və şəhvət hissləri qoyulub. Adətən bu hisslərin təmin olunmasında kişilər qarşı tərəfin razılığını qazanmaq üçün bütün tələblərini icra etməli olurlar. Bu da Nurçu Hərəkatının gizli məqsədlərini riskə atmaq deməkdir. Məsələni kökündən həll etmək üçün İlahi tapşırıq olan evlənməyi müxtəlif yanlış fikirlərlə mənfi obrazda təqdim etmək əlverişli seçim hesab olunur. Nurçuların ailə qurmasının birbaşa liderləri tərəfindən həll olunması da nisbi arxayınlıq üçündür. Çünki ailə qurduqları xanımın nurçu olması şərtdir. Bu halda onlar “mətbəx” sirrlərinin qorunmasını təmin etmiş olurlar.

Nurçu əqidəsindən başqa bütün düşüncələri batil hesab etmək və həmin insanları küfürdə suçlamaq;

Səid Nursi “Sönmez Risale”adlı kitabında qeyd edir: “Risaleyi Nur” Quranın aynasıdır, bir möcüzə xüsusiyyətindədir... “Risaləyi Nur”a kimsə etiraz edə bilməz; onunla heç nə ölçülə bilməz, heç bir kitab ona bərabər tutula bilməz”.
Yaxud “Sikkeyi-Təsdiqi-Qeybi”-də daha kəskin ittihama rast gəlirik: “”Risaleyi Nura” etiraz edənlər kəfənini boynuna keçirməli, rəzalətə bürünməli və mənəvi cəhənnəmə dünyada girməyi gözə almalıdır”.
Quranın heç bir ayəsində bu cür ağır ittiham yoxdur. Din inanc və əqidə məsələsi olduğu üçün ağıl və məntiq əsasında qəbul edilməlidir. Nursi isə “Risaleyi Nur”un şərtsiz qəbul olunmasını qeyd edir. Hətta qəbul etməyənlərin yaşayışını cəhənnəmə çevirəcəyi ilə hədələyir: “...rəzalətə bürünməli və mənəvi cəhənnəmə dünyada girməyi gözə almalıdır”.
Quran isə bunun tam əksini deyir: “Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar” (Ali-İmran - 85).
Bu, Quranın sakit və çox mülayim tərzdə müraciətidir. Sevgi və mərhəmətlə insanlara xatırladır ki, İslamdan başqa şəriətə əməl etmək yanlışlıqdır. Kim İslamdan başqa bir dinin yolçusu olarsa, axirətdə peşiman olar və əməlləri qəbul olunmaz. Əslində ayədə ilk nəzərə çarpan hissə insanlara verilən sərbəstlikdir. Qorxu dili ilə deyil, düşünərək qəbul etməyi tövsiyə edən Quran sanki rəhmət qapılarını açır.
Səid Nursinin təyin etdiyi dəyərlərə əməl edən dövlət inkişaf etməli, o dəyələri qəbul etməyən dövlət isə məhv edilməlidir;
Nurçu Hərəkatını dini cərəyan kimi xarakterizə etmək düzgün deyil. Bu hərəkat daha çox siyasi cərəyan hesab olunur. Cərəyanın siyasi məqsədləri bütün hallarda dini tərəfi kölgədə qoyur. Bu hərəkat fiqh məsələlərində hənəfilərə uyğun əməl etdiyini desə də, gerçəklikdə fiqhi məsələlər önəmli deyil.
Nursi dünyəvi dövlət quruluşuna qarşı çıxmış, dini dövlət modelini müdafiə etmişdir.

Nur Risaləsinin ağil və məntiqlə ziddiyyəti

Allah insanı başqa məxluqlardan fərqli yaradıb. Bu fərlilik insana böyük nemət kimi bəxş edilən ağıl və düşüncədir. Məsum İmamlar insanın hidayəti və həqiqəti dərk etməsi üçün iki yol göstərəninin olduğunu buyururlar: “Hər bir insan üçün Allah iki yolgöstərən təyin edib; daxili yolgöstərən – ağıl, xarici yolgöstərən – peyğəmbərlər, ilahi höccətlər və səmavi kitablar”.
Allah lütf edib peyğəmbərləri, səmavi kitabları və ilahi höccətləri göndərməsəydi də, insana verdiyi ağıl vasitəsiylə onu mühakimə edə bilərdi. Zira, ağılın yaxşını pisdən ayırmaq qabiliyyəti var və eyni zamanda xarici yol göstərəni də (peyğəmbərlər, səmavi dinlər və ilahi höccətlər) insan məhz ağıl vasitəsiylə qəbul etməlidir. Bütün səmavi dinlərin tələbi də budur ki, İnsan Allahı, peyğəmbəri və məadı (ölümdən sonrakı həyat) ağıl və məntiq əsasında qəbul etsin.
Böyük mütəfəkkirlər İslamı ağıl və məntiq dini hesab edirlər. Quran yüzlərlə yerdə “niyə düşünmürsünüz” deyə buyurur. Yaxud Allah-Təala təfəkkür əhlini xüsusi dəyərləndirir və çox önəmli məsələlərdə məhz onlara müraciət edir. Quran ayələrini və Məsumlardan (ə) gələn hədisləri nəzərdən keçirəndə görürük ki, İslam dini sağlam ağılın qəbul etmədiyi bir şey deməyib. Lakin təəssüflə qeyd etməliyik ki, Nurçu hərəkatında sağlam ağılın qəbul etmədiyi yüzlərlə fakt var.
Nurçu cərəyanının banisi Səid Nursi xəyali düşüncələrini reallıq kimi təqdim etməklə, ağılın qəbul etmədiyi fikirlər səsləndirib. O, özünü Peyğəmbərlə (s) eyniləşdirərək, Nur-Risalələrini guya Allahın Quranda imzaladığını iddia edir. Bununla kifayətlənməyib deyir ki, Həzrət Məhəmməd (s) başda olmaqla, Həzrət Əli (ə), Əbdülqadir Geylani, Muhyiddin Ərəbi və digər müqəddəs şəxslər Nur-Risalələrini imzalayıblar: “Nur Risaləsi Quranın aynası, bir möcüzə zənginliyidir” (Sönməz Risaləsi).
Nursi bir az da özündə “cəsarət” tapıb, elə həmin mənbədə yazır: “Risaleyi Nur”a kimsə etiraz edə bilməz. Ona bənzər söz və fikir ola bilməz”.
“Bədiuzzaman cavab verir, 1960” adlı risaləsində Nursi yazdıqlarının Allah tərəfindən göndərildiyini iddia edir. Lakin Allah dörd kitab və bəzi səhifələr göndərib. Bunlardan başqa kimsə, Allah tərəfindən kitab gəldiyini iddia edərsə yalançı və dindən çıxmış hesab olunar.
Səid yazır: “Rialeyi Nur” Quranın bir möcüzəsi olduğundan hər şeydən bir mərifət pəncərəsi açmışdır. Bu kitab Quranın bir çox sirlərini açıqlayaraq bir illik yolu sanki bir saata gəlmişdir. “Risaleyi Nur” Musa peyğəmbərin (ə) əsası kimi hara toxunsa, mütləq oradan su çıxmalıdır” (“Məsnəviyyi-Nuriyyə”).
Nursinin başqa bir iddiası çox təəccüb doğurur: “Nur risaləsi nübuvvətin (peyğəmbərlik) davamını miras olaraq ustada vermişdir” (İman həqiqətləri).
Səid Nursi Həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olduğunu qəbul etmir, Nur-Risaləsi vasitəsiylə RİSALƏTİN davam etdiyini deyir. Onun “Xidmət risaləsi” adlı kitabında bu sözlərə rast gəlirik: “Nur Risaləsinə qarşı etiraz etmək olmaz, hətta bu Qütbül-əzəmdən olsa belə...”
Nursi “Nur meyvələri” başlıqlı yazısında isə heç uşaq ağlının da qəbul etmədiyi bir tərzdə deyir: “Nur Risaləsini oxumaq və yazmaq alim olmaq üçün kifayətdir, başqa bir elmə ehtiyac yoxdur”.
Daha təəccüblüsü odur ki, bu fikirlərin cəfəngiyatdan başqa bir şey olmadığını bilə-bilə nurçuların mütləq şəkildə qəbul etmələridir.
Nursi, xəyali düşüncələrinə inananları cənnətlə müjdələməkdən də çəkinməyib: “Nur Risaləsi Qurana verilən ən həqiqi təfsirdir. Nur risaləsi ona xidmət göstərənləri, ən başlıcası isə nur tələbələrini mütləq cənnətə götürəcək”.

Səid Nursinin islami qaydalara yanaşması

Nursi dini göstərişlərə düşüncəsinə uyğun əməl edib. O, əməllərini xəyali dəlillərlə isbatlamış və hamını etdiklərinin gerçək olduğuna inandırmağa çalışmışdır.
Səid üzünü təraş etmiş (saqqal saxlamamış) və əməlinə çox gülünc açıqlama ilə haqq qazandırmışdır. Ondan soruşanda ki, niyə saqqal saxlamırsan, belə cavab vermişdir: “Bu, bir sünnətdir, müəllimlərə məxsus deyil. Bu millətdən, yüzdə doxsanı saqqalsız olanların içində kiçik yaşlarımdan saqqalsız oldum. Bu iyirmi ildə mənə olan hücumlarda bəzi dostlarımın saqqallarının kəsilməsi, mənim saqqal qoymamağımın ilahi hikmət olduğunu isbat etdi. Əgər saqqal qoysaydım, təraş etsəydilər “Nur Risaləsi”nə böyük zərər olardı. Buna dözə bilməzdim, ölərdim” (Əmirdağ Lahikası - 1, 24-cü Məktub).
Səidin saqqalla bağlı açıqlaması onun şəxsiyyəti barədə qaranlıq səhifələrin çoxluğundan xəbər verir. “Bu bir sünnətdir, müəllimlərə məxsus deyil”. Nursi məntiqinə görə sünnət ancaq sadə insanlara aiddir. Bu kəlmə ilə o, sünnətə əməl etmək məsuliyyətindən yayınır. Amma İslam dini bunun əksini deyir: “Sizin üçün ən gözəl nümunə Məhəmməddir” (Qurani Kərim).
İslam dininə görə Həzrət Məhəmməd (s) və Əhli-Beyti (ə) xüsusi imtiyazla hansısa göstərişə əməl etməkdən azad olunmayıblar. Vacib və müstəhəbb göstərişləri hamıdan yaxşı və gözəl şəkildə məhz onlar icra etməlidirlər, haram və məkruh əməllərdən də hamıdan çox onlar çəkinməlidir. 
Səid Nursi isə üzü təraş etmək kimi haram bir əməli (əksər din ailmləri üzü təlaş etməyi haram bilir) özünə aid etməməklə, özünü fövqəl-bəşər hesab edir.
Açıqlamanın sonrakı hissəsi daha maraqlıdır: “Bu iyirmi ildə mənə olan hücumlarda bəzi dostlarımın saqqallarının kəsilməsi, mənim saqqal qoymadığımın bir ilahi hikmət olduğunu isbat etdi”.
Nursi əksər din alimlərinin hesab etdiyi haram əməlini hətta ilahi hikmət kimi təqdim edir. Guya ona saqqal saxlamamağı Allah deyib.
O, deyir ki, saqqalı qırxılsaydı “Nur Risaləsi”nə böyük ziyan olardı: “Əgər saqqal qoysaydım, təraş etsəydilər “Nur Risaləsi”nə böyük zərər olardı. Buna dözə biməzdim, ölərdim”.
Ümidvaram ki, əziz oxucu bu fikirləri aydın başa düşüb, lazımi nəticə çıxaracaq. Səid Nursi İslamın çox əhəmiyyətli məsələlərindən olan evlilikdən də imtina edib. O, buna da özünəməxsus səbəblər gətirib: “Evlənmənin, kişinin durumuna görə vacib, məkruh, sünnət, mubah və haram tərəfləri vardır. Məsələn, kişi kasıbdırsa və ailəsinə haram yedirəcəksə, belə bir evlilik məkruh sayılır. 
Haram yeyən bir kişi başqasının qızına və ondan dünyaya gələn uşaqlara haram yedirərsə bu haram olar. Zinaya düşmə ehtimalı olan kişinin evlənməsi vacibdir. 
Həzrət Məsih və Həzrət Yəhya evlənməmişlər. Bunlar kimi imana xidmət edən, əxlaqsızlığa düşməyən çoxlu subay var. Evlilik mövzusu fərdi məsələdir. Kimisi evlənmədən ən yüksək iman zirvəsinə yüksələr, kimi evlənməz, ən alçaq mərtəbəyə enər. Kimisi evlənər imanı kamil olar, kimi evlənər zəlalətə düşər”.
Səid Nursi öz əməlinə haqq qazandırmaq üçün ilahi peyğəmbərlərdən misal gətirməklə dolayısı ilə özünün peyğəmbər olduğunu da iddia edir.
Nursi bir hədislə ailə qurmamağının səbəbini belə açıqlayır: “Allah bir qulunu sevdiyi zaman onu özünə xidmət etmək üçün seçər, qadın və övladı ilə məşğul etməz” (Levami-ül Ukul Şerhi, C: 1, sh: 173).
Səid cümə namazına da getməyib. O, cümə namazına getməməyini belə izah edir: “...Bu məsələdə böyük bəhanələrim var. Əvvəla, mən şafiiyəm. Şafii məzhəbində cümənin bir şərti, qırx adamın imam arxasında fatihə oxumasıdır. Daha başqa şərtlər də var. Onun üçün burada mənə cümə vacib deyil. Mən, məzhəbi azamiyə təqlid edərək, bəzən sünnə olaraq qılırdım. 
İkincisi, iyirmi ildir haqsız olaraq mənə insanlarla görüşməyi qadağan ediblər. Təqribən dörd ay əvvəl insanlarla gizli görüşdüyüm üçün tənbeh olmuşam. Eyni zamanda iyirmi beş ildir qaçaq yaşadığım üçün, izdihamlı yerlərə gedə bilmirəm və hər kəsin arxasında məzhəbimə görə namaz qıla bilmirəm” (Əmirdağ Lahikası - 1, 24. Mektub).

Səid Nursinin şiəliyə münasibəti

Səid Nursinin şiəiliyə qarşı münasibəti birmənalı olmayıb. Bəzi yerlərdə bu məzhəbi tənqid etdiyinə də şahid oluruq. Amma nurçuların təbliğatında bunun əksinə rast gəlirik. Nursini məzhəblər arası vəhdət tərəfdarı kimi təqdim etməyə çalışanlar, Əhli-Beyt məktəbinin parlaq simalarından nümunələr gətirməklə, xüsusən şiələrin rəğbətini qazanmağa cəhd edirlər. Təəssüflər olsun ki, nurçuların məkrli təbliğatına inananlar az deyil. Amma həqiqət qaynar bulaq kimidir, gözünü tutsan da başqa bir yerdən axacaq.
Nurçular Səid Nursinin şiələrə qarşı nifrət dolu münasibətini gizləməyə çalışsalar da, “Nur Risalələri”ndə bunu aydın görmək mümkündür.
Araşdırmaçı-yazar Fəqan Məmmədov “Səid Nursinin şiəlik haqqında yazdıqları və bəziərinin cavabları” adlı məqaləsində qaranlıq məsələlərə işıq tutub. (Məqalənin tam formasını bu linkdən oxuya bilərsiniz; fiqhusadiq.wordpress.com).
Səid Nursi Nur Risaləsinin, 4-cü Lemasının 4-cü nöqtəsində yazır: “Dördüncü Nöqtə; Əhli Sünnət və Cəmaat deyir ki, Həzrəti Əli xəlifələrin dördüncüsüdür. Həzrət Siddiq (Əbu Bəkri nəzərdə tutur. müəllif) daha fəzilətli və xilafət kürsüsünə daha layiq idi ki, ən əvvəl o xəlifə oldu. Şiələr deyirlər ki, haqq Həzrəti Əlinin idi. Ona haqsızlıq edildi. Hamısından fəzilətli Həzrət Əlidir. Şiələr dediklərini aşağıdakı dəlillərlə isbatlamağa çalışırlar: “Həzrət Əli haqqında çoxsaylı hadisələr, “Vilayət şahı” ünvanı ilə mütləq əksəriyyətin tanıması, döyüşlərdə şücaəti, ibadətdə xariqulsadə xüsusiyyətləri və Həzrət Peyğəmbərin ona və ondan dünyaya gələn əhli-beytə qarşı məhəbbəti göstərir ki, ən əfzəl odur. Xilafət onun haqqı idi, qəsb etdilər”.
Cavab: Həzrət Əli öz təkidi ilə iyirmi ildən çox üç əvvəlki xəlifəyə tabe olaraq, onların şeyxül-islam məqamını qəbul etməsi şiələrin iddiasını təkzib edir.  Demək Əhli-Sünnət və Camaatın iddiası haqlıdır.
Gördüyünüz kimi Səid Nursi şiələrin adından Həzrət Əlinin (ə) haqq olduğunu sübut edən “dəlil”lər gətirir və cavab verir. Əslində şiələrin bu məsələ ilə bağlı Qurandan gətirdikləri təkzib olunmaz ayələri və Peyğəmbərin (s) dişsındıran hədislərindən söz açmır. Ümumi şəkildə bir cümlə ilə deyir. Sonra isə heç bir məntiqə əsaslanmayan xəyali dəlillər gətirir.
Nurçuların özlərini imamətə yaxın və Həzrət Əli (ə) başda olmaqla digər məsum imamlar haqqında xoş sözlər demələri başa düşüləndir. Əvvəla, bu təbliğatı Azərbaycan vətəndaşlarına ünvanlayıblar. Digər tərəfdən, inadkarlıq və cəhalət üzündən həqiqəti qəbul etməsələr də Əhli-beytin (ə) haqqını dərk edirlər. Sadəcə açıq etiraf eləməyə cəsarətləri çatmır.
Səid Nursi yuxarıda göstərdiyimiz mənbədə Həzrəti Əli (ə) haqqında olan fəzilətləri bölgüyə alır və daha sonra Həzrət Əli (ə) barədə olan hədislərin digər səhabələr haqqında olan hədislərdən daha çox olmasına sözün əsl mənasında gülünc bir açıqlama verir: “Həzrəti Əli haqqında digər xəlifələrdən daha çox hadisələrin qeyd olunmasının səbəbi budur ki, Əməvilər və Xəvariclər ona haqsızlıq etdikləri üçün haqq əhli olan Əhli-Sünnət və Camaat onun barəsində çoxlu rəvayət dərc etdilər. Digər xəlifələr o qədər də tənqidə məruz qalmadıqları üçün onlar haqqında hadisələr nəql etməyə ehtiyac qalmadı.
Həzrət Peyğəmbər Əlinin daxili fitnələrlə üz-üzə qalacağını təxmin etdiyi, ümməti onun haqqında sui-zənndən qurtarmaq üçün “Mən kuntu mövlahu və Əliyun mövlahu” (“mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir”. Müəllif) kimi mühüm hədislərlə Əliyə təsəlli vermiş, ümməti irşad etmişdir”.
Əcəba, günəşdən aydın həqiqəti bu qədər sadə yolla gizlətmək olarmı? Məqsədi Həzrəti Əlini (ə) kiçiltmək olsa da, əslində onu böyüdüb. Özü etiraf edir ki, Həzrət Əlinin daxili fitnələrlə üz-üzə qalacağını Peyğəmbər bildiyi üçün bu hədisi buyurdu. O zaman bir sual ortaya çıxır. Bəs fitnəkar(lar) kim(lər) idi? Həmin fitnəkarlar haqqında niyə danışmır, Səid müəllim? Allah-Təala Peyğəmbərlə (s) bağlı “Nəcm” surəsinin 3-4 ayəsində belə buyurur: “O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir”. Deməli Peyğəmbərimiz (s) Həzrət Əlinin (ə) daxili fitnə ilə üz-üzə gələcəyini xəbər verirsə, bu, ilahi vəhydən başqa bir şey ola bilməz. 
Haqqında Allah ilə Peyğəmbər arasında danışılan bir şəxsə isə ancaq itaət düşür.
Əgər Həzrət Əli (ə) haqqında hədislərin çoxluğuna səbəb Səid Nursinin dediyi kimidirsə, bəs Həzrət Əli (ə) haqqında işarə olunan Quran ayələrinin səbəbi nədir? Misal üçün deyək: “Həqiqətən sizin başçınız Allah, Onun Peyğəmbəri və iman gətirənlər - namaz qılıb rüku halında zəkat verən kəslərdir” (Maidə - 55).
Həm şiə, həm də sünni mənbələrində nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkilində buyurulan bu ayənin yeganə nümunəsi Həzrət Əli (ə) və Onun rüku halında dilənçiyə üzük bağışlamasıdır.
“İnsanların eləsi də var ki, Allahın razılığı üçün öz canını satır. Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır” (Bəqərə - 207)
Bu ayə də Həzrət Əli (ə) barəsində nazil olub. Həzrət Əli (ə) hicrət gecəsi Peyğəmbərin əbasına bürünüb onun yatağında yatdı. Peyğəmbəri öldürmək üçün evinin ətrafına toplaşan insanların diqqətini özünə çəkdi və Həzrət Peyğəmbər (s) ölüm təhlükəsindən uzaqlaşdı. Peyğəmbərə (s) tuşlanan qılıncların qarşısına cəsarət və güclü imanla çıxan Həzrət Əli (ə) bu ayə ilə Allah tərəfindən mükafatlandırıldı.
“Və onlar yeməklərini, özləri(nin ehtiyacı çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər” (İnsan-8).
Bu ayə isə Həzrət Əlinin (ə) özünün və ailəsinin haqqında nazil olub. Həzrətin ailəsi oruc olduqları halda qapıya gələn dilənçiyə iftar yeməklərini verir. Bu hadisə üç gün davam edir. Sonra bu ayə nazil olur.
Həzrət Əli (ə) barəsində nazil olmuş yüzlərlə ayə göstərmək olar.

Səid Nursinin peyğəmbərlik iddiası

Səid Nursinin ən böyük iddiası da məhz budur. O, özünü Həzrət Məhəmmədlə, “Nur Risalələri”ni də Quranla müqayisə edir. Bu iddianı əsaslandırmazdan öncə Səid Nursinin  kimliyini bir türk tarixçisinin dilindən eşidək. Tarixçi Sinan Meydan “Atatürk ilə Allah arasında” adlı kitabının son bölümünü Səid Nursiyə həsr edib: 
“...Səid Nürsinin əsl adı Rza olsa da Səid Kürdi kimi tanınıb. Həzrəti Məhəmmədin (s) soyundan olduğunu iddia edir. Kiçik yaşlarında Nəqşibəndi təriqətinə girmişdir. İbtidai səviyyədə təhsil alıb. Yəni bir neçə mədrəsə müəllimi yanında olduğu barədə məlumat yayılıb. Bir müddət ruhi xəstəxanada müalicə aldığı da məlumdur”.
Səid Nursinin təhsil almadığına və yazdıqlarının da xəyal olduğuna dair bilgilərə bir çox mənbədə rast gəlmək mümkündür. Bu adamı din alimi kimi təqdim etsələr də həqiqətlər başqa şeyi diqtə edir. Onun haqqında gerçəyi əks etdirməyən xeyli uydurmalar mövcuddur. Bəziləri avamlıqdan, bəziləri yersiz təəssübkeşlikdən, bəziləri də şəxsi maraqlarına görə Nursini şişirdib, ondan “dahi heykəl” fiquru düzəldirlər. Səid ciddi təhsil almamış və dini bilgilərə vaqif olmamışdır. Ərəbşünas alim Ali Akın Nursinin elmi səviyyəsini belə açıqlayır: “Səid Kürdi o qədər savadsız olub ki, kitabının adını belə düz qoymayıb – “Ayatul- Kubra”. Bu tərkib nə ərəb dilinə uyğundur, nə də Osmanlıya. Ərəb dilində Əl-Ayətul-Kubra deyilir. Çünki sifətlə mosuf arasında bağlantı olmalıdır. Osmanlıcası isə “ayəti kubra” olmalıdır. Səid Kürdi özü etiraf edir ki, mən mədrəsədə “İzharul-əsrar” kitabına qədər oxumuşam. Bu kitab ərəb dilini öyrənmək üçün ilk qramatik kitablardan hesab olunur. Yəni, Səid Kürdi mədrəsədə ibtidai səviyyədə təhsil alıb. Bu səviyyədə olanlara mədrəsədə heç tələbə də demirlərmiş”.
Nursinin təhsil almaması “peyğəmbər”lik iddiasını bir qədər də möhkəmləndirir. O, heç kimdən nəsə öyrənmədən, hər şeyi bilməsini peyğəmbərə xas xarakter kimi dəyərləndirib, Allah tərəfindən vəhy aldığını deyir. Yazdığı risalələri Quranla eyni tutur. Hətta özünü Həzrət Məhəmmədlə eyniləşdirib: “Biz öz iradəmizlə bu kitabı yazmırıq, Allah tərəfindən yazdırılır” (“Məsnəviyi Nuriyyə” səhifə 68) iddiası ilə “Nur Risalələri”nin Allah tərəfindən göndərildiyini deyir.
Quranda “Müzzəmmil” adında bir surə var. O surənin birinci ayəsi belə başlayır: “Ya əyyuhəl müzzəmmil (ey libasına bürünmüş)”. Səid elə həmin mənbədə iddia edir ki, “müzzəmmil” Səid Kürdi deməkdir. Bütün İslam alimləri isə bu ayənin Həzrət Məhəmmədə (s) aid olduğunu bildirir. Nursi bu cür yalan və çürük iddialarla peyğəmbər olduğunu demək istəyir.
Yaxud daha bir maraqlı faktı diqqətinizə çatdırım. Allah-Təala “Hucurat” surəsinin 2-ci ayəsində buyurur: “Ey iman gətirənlər! səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın...”
Səid iddia edir ki, “Peyğəmbərin səsi “Risaleyi-Nur”dur, mənim kitablarımdır”. 
Fəth surəsinin 29-cu ayəsində Allah-Təala buyurur “Məhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir...”.
Səid Kürdi də Məhəmməd, Əl-Kürdi deməkdir, iddiasını edir: “Ayədəki Məhəmməd, Əl-Kürdi deməkdir, mənim ləqəbimdir. “Nur Risalələri” də Allah tərəfindən göndərilib” (“Məsnəviyi Nuriyyə”).
İstanbul Universitetinin İlahiyyat fakultəsinin professoru, ilahiyyat elmləri doktoru, professor Abdulaziz Bayındır Səid Nursi ilə bağlı bəzi iddiaları cavablandırır. 
Birinci iddia: “Tarixçeyi-həyat” kitabının 34-cü səhifəsində yazılır: “Səid Nursi yuxusunda peyğəmbərimizdən elm istəmiş, peyğəmbərimiz isə öz ümmətindən heç bir şey soruşmamaq şərtiylə ona Quran elmlərinin öyrədiləcəyini bildirmişdir. Elə bu səbəbə görə, hələ uşaq ikən o, yaşadığı əsrin və öz dövrünün alimi kimi tanınmışdır. Nursi heç kimdən bir sual soruşmamış, lakin özündən soruşulan bütün suallara mütləq cavab vermişdir”. 
Cavab: “Bir şəxsə Peyğəmbər (s) tərəfindən elm verilməsi şiələrə xass bir iddiadır. Onlar belə hesab edirlər ki, elm Peyğəmbərdən Onun öz nəslindən olan İmamlara miras qalıb. Şiələr belə deyirlər: “İmamların heç biri təhsil almamış, bir müəllimdən hər hansı bir şey öyrənməmiş, heç bir məktəb və mədrəsəyə getməmişlər. Buna baxmayaraq, Onlardan bir şey soruşulduğu vaxt dərhal ən düzgün cavabı verirlər. Onların dillərinə “bilmirəm” sözü gəlmir; bununla yanaşı, soruşulan suala cavab vermək üçün fikirləşmir və cavabı bir müddət gecikdirmirlər. 
Belə bir şey heç olmayıb. İmamın ilahi hökmlərə, ilahi mərifətə və bütün biliklərə malik olması Peyğəmbər, yaxud da o İmamın özündən əvvəlki bir İmam vasitəsilə həyata keçir”. (Məhəmməd Rza Əl-Müzəffər, “Əqaidul-İmamiyyə, Şiə inancları”. Türk dilinə tərcümə edən, Əbdülbaqi Gölpinarlı, İstanbul 1978, səh. 52-53).
İkinci iddia:  Səid Nursi yazır: “Mən 14 yaşımda idim. O vaxtlar icazə almağın bir simvolu kimi mənə də müəllim tərəfindən sarıq sarılmalı və eləcə də cübbə geyindirilməli idi. Lakin bunun qarşısında maneələr vardı. Məni, kiçik olduğuma görə böyük müəllimlərə məxsus olan o libaslardan geyinməyə layiq hesab etmirdilər. Digər tərəfdən də böyük alimlər mənim müəllimim deyil, əksinə rəqibim olur və qabağımda danışa bilmirdilər. Mənim olduğum yerdə heç kəs özünü müəllim hesab etmirdi, belə bir şəxs yox idi. Mən öz hüququmdan 56 il keçdikdən sonra istifadə edə bildim. Belə ki, bundan 100 il qabaq vəfat edən Şeyx Mövlana Zülcənaheyn Xalid Ziyəddin mənə öz cübbəsilə birlikdə bir sarıq göndərdi. İndi həmin cübbəni geyinirəm. Mən o mübarək əmanəti “Risaleyi-Nur” tələbələrindən və axirət qardaşlarımızdan olan Asiyə adlı möhtərəm bir xanımın əliylə aldım” (“Kastamonu Lahiqəsi”, 27-ci məktub, II cild, səh 1609).
Cavab: “Nursi özünün hələ 14 yaşında ikən rəqibi olmayan bir elm adamı olduğunu iddia edir. Onun bu iddiasının heç bir əsası yoxdur. Çünki onun “Tarixçeyi-Həyat” adlı əsərində bildirilir ki, 15-16 yaşlarına qədər bütün bilikləri “sünuhat” qəbilindən olub” (“Tarixçeyi-həyat” II cild, səh. 2128).
“Sünuhat”" sözü bir şəxsin ağlına və xatirinə gələn şeylərə deyilir (Şəmsəddin Sami, Qamusi-Türki, səh 738). Əgər bu cür şeylərə elm deyilsəydi, onda hamı alim olardı.
Üçüncü iddia: Səid Nursi özünü sonuncu peyğəmbər, “Risaleyi-Nur”u da Allahın nazil etdiyi sonuncu kitab hesab edir: “Risaleyi-Nur” deyilən 33 söz, 33 ədəd məktub və 31 ədəd ləma bu dövrdə Quran ayələrinin ayələridir. Yəni, Onun həqiqətlərinin əlamətləridir. Onun haqq və həqiqət olmasının qəti dəlilləridir. Quran ayələrindəki inancla əlaqədar həqiqətlərin çox güclü sübutlarıdır” (Şüalar, səh 709).
Cavab: Gördüyünüz kimi Nursi, “Qurani-Kərimin artıq sübut təşkil edən kitab olmadığını və onun özünün sübut edilməyə ehtiyacı olduğunu” deyir: “Risaleyi-Nurun ayələri Quran ayələrinin sübutudur”.
Belə bir kitab isə öz növbəsində nöqsansız olmalıdır.
Nursi başqa bir iddia da irəli sürür: “Heç şübhə yoxdur ki, “sözlər” Quranın nurlu parıltılarıdır. Onların izah edilməli olan yerləri də var, amma “Sözlər” bütövlükdə qüsursuz və tamdırlar” (“Barla lahiqası”, səh.26).
Dördüncü iddia: “Risaleyi-Nur” Quran göndərilən yerdən gəlib.
Cavab: “Bu iddia Risaleyi-Nurda çox yerdə ortaya atılır. Məsələn, Şüalar fəslinin 601-ci səhifəsində belə deyilir: “Risaleyi-Nur”lar nə Şərq mədəniyyət və elmlərindən, nə də Qərb fəlsəfəsi və elmlərindən iqtibas edilmiş (götürülmüş) bir nurdur. O, göydən nazil olmuş, Quranın həm Şərq, həm də Qərbin üstündə olan ərşdəki yerindən götürülmüşdür”.
Yaxud başqa bir yerdə “Risaleyi Nur”u Səid Nursi dövrün ürvətul-vüsqası adlandırır: “Risaleyi-Nur bu əsrdə, bu zəmanədə bir ürvətul-vüsqadır. Yəni o, çox möhkəm, qırılmaz bir zəncir və bir həblullahdır. Başqa sözlə, Allahın ipidir. Ona əlini atan, ondan tutan xilas olur” (Şüalar, Sözlər nəşriyyatı, istanbul, 1992, səh.231). 
Professor Abdulaziz Bayındır “Nur Risalələri”nin camaatı azdıracağından qorxduğunu deyir: “Səid Kürdi Allah qarşısında haqq-hesab verəcək. Bizi maraqlandıran məsələ onun kitablarını dinin qaynaqlarından hesab edən böyük bir camaatdır. Biz onları əsl məsələdən xəbərdar etməyə çalışırıq”.

 Səid Nursi və Həzrəti Məhdi

Məhdəviyyət mövzusu bütün dinlərdə, təriqətlərdə, məzhəblərdə və cərəyanlarda öz əksini tapıb. Bəziləri bu mövzunu olduğu həqiqətlə bərabər qəbul edir, digərləri isə görmək istədiklərini “həqiqət” timsalında göstərməyə çalışır. Ümumi nəticə isə bundan ibarətdir ki, Məhdəviyyət mövzusunu inkar edən yoxdur.
Səid Nursinin bu mövzuya münasibətini araşdırmağa çalışırıq. Əvvəlcə deyim ki, Həzrət Məhdi (ə.f) barəsində deyilən hədislər bütün məzhəblərin kitablarında təvatür həddində qeyd olunub. Yəni Həzrət Məhdi (ə.f) ilə bağlı hədislər, düzgünlüyü baxımından mübahisə mövzusu deyil. Sadəcə həmin hədislərin yozumlarında yanlışlıqlara rast gəlinir.
Nur şagirdləri iddia edirlər ki, Səid Nursi Həzrəti Məhdidir. Nursi özü isə, Həzrət Məhdidən əvvəl göndərilmiş və Həzrətin zühuru üçün münbit şərait yaratdığı iddiasındadır: “Lakin sonra gələcək o acib (təəccüb və heyrət doğuran, bənzəri görülməmiş, qəribə) şəxsin bir xidmətkarı, ona yer hazır edən bir dümdarı (ordunun arxadan hərəkət edən təhlükəsizlik qüvvələri) və o böyük sərkərdənin pişdar (öncül) bir nəfəri (əsgəri) olduğumu zənn edirəm. Və ondandır (ona görədir) ki, sən də yazılan şeylərdən o acib (qəribəlik) qoxusunu aldın” (Barla Lahikası, səh. 162). 
Səid Nursi Həzrət Məhdinin Peyğəmbərimizin soyundan olacağını xüsusi vurğulamaqla nur şagirdlərinin dediklərini nisbətən yalanlayır. Bir çox yerdə qeyd edir ki, Həzrət Məhdi Peyğəmbərimizin nəslindən olacaq: “Ona qarşı Əhli-beyti Nəbəvinin silsileyi nuranisinə (Peyğəmbərimizin nurani soyuna) bağlanan, əhli vilayət (vəlilərin) və əhli kamalın (kamil iman sahiblərinin) başına keçəcək Əhli-beytdən Məhəmməd həzrət Məhdi adında bir şəxsi-nurani (nurlu bir şəxs), o Süfyanın şəxsi-mənəvisi olan cərəyanı münafiqanəni (münafiqlik axınını) öldürüb (təsirsiz hala gətirib) dağıdacaq…” (“Mektubat” səh. 56-57).
Səid “Şüalar”da (səhifə 442) belə yazır: “…Axırzamanın o böyük şəxsi, Əhli-beytdən (Peyğəmbərimizin soyundan) olacaq”.
Nursi “Əmirdağ Lahikası-1”də isə (səhifə 267)- ikibaşlı danışır: “Mən özümü seyid (Peyğəmbərimizin soyundan) bilmirəm. Bu zamanda nəsillər bilinmir. Halbuki axırzamanın o böyük şəxsi, Əhli- beytdən (Peyğəmbərimizin ailəsindən) olacaq”.
Səid düşünür ki, yazdığı külliyyatı ilə (Nur risalələri) Həzrət Mehdi üçün zəmin hazırlayıb: “Şərq aləmindən bir nur zühur edəcək, bidətləri aradan qaldıracaq. Mən belə bir nurun zühurunu çox gözlədim və gözləyirəm. Lakin çiçəklər baharda gəlir. Belə qüdsi çiçəklərə zəmin hazırlamaq lazımdır və bu xidmətimizlə o nurani şəxsə zəmin göstəririk (“Sikkəyi Təsdiqi Qeybi” 189, “Məktubat” 34).
Nursi Həzrət Məhdinin özündən yüz il sonra gələcəyini bir neçə yerdə xüsusi vurğu ilə qeyd edib: “Ey yüzdən sonrakı (I əsr sonrakı) əsrin arxasında gizlənmiş, sakitcə mənim sözümü dinləyən və  gizli bir baxışla qeybə baxaraq məni seyr edən Səid, Həmzə, Ömər, Osman, Yusuf, Əhməd, və sair. Sizlərə xitab edirəm! Başlarınızı qaldırın, doğru söyləyin və belə demək sizlərə borc olsun. Öz dövründə (aləmində) yaşayanlar getsin, məni dinləməsinlər. Telsiz teleqrafla sizinlə danışıram. Nə edim, tələsdim, qışda gəldim. Sizlər cənnət kimi baharda gələcəksiniz. İndi əkilən nur toxumları, təməlinizdə (daxilinizdə) çiçək açacaq. Biz, xidmətimizin qarşılığı olaraq sizdən bunu gözləyirik ki, keçmiş qitəsinə keçmək üçün gəldiyiniz vaxt məzarımıza baş çəkin, o bahar hədiyyələrindən bir neçə dənəsini mədrəsəmin qəbir daşı deyilən, sümüklərimizi qonaq edən və Xorxor torpağının qapıçısı olan qalanın üzərindən asın. Məzarımızdan sizlərə qibtə edəcəyik. Hətta, qonaqlarımızın kölgələri belə məzar daşımızdan bu sədanı eşidəcək” (“Münəzzərat” səh 86,87,88).
Nurçular Səid Nursinin bu kimi fikirlərini bir az da şişirdib, onu ilahiləşdirməkdən çəkinmirlər. Nur tələbələri təkidlə israr edirlər ki, Səid bəşəriyyətin xilası üçün zühur edən Həzrət Məhdidir. Baxmayaraq ki, Səid, Həzrət Məhdinin ondan yüz il sonra gələcəyini, Həzrət Məhdinin İslam Peyğəmbərinin nəslindən olacağını və özünün isə seyid olmadığını açıq şəkildə, hamının başa düşəcəyi formada deyib. “Nur Risalələri”ndə bu barədə kifayət qədər yazılara rast gəlmək mümkündür.
Nur tələbələri isə Nursinin sözlərini müxtəlif istiqamətlərə yozub, özlərinə sərf edən kimi təhrif etməklə əziz İslam Peyğəmbərinin (s) Həzrət Məhdi (ə.f) haqqında dediklərini və digər hadisələri Nursiyə aid edib, onun Həzrət Məhdi olduğunu iddia edirlər.
Nursi Həzrət Məhdi barəsində deyir: “Axirzamanın o böyük şəxsi Ali beytdən olacaq. Baxmayaraq ki, mənəvi baxımdan mən Həzrət Əlinin (ə) vələdi-mənəvisi hökmündəyəm. Ondan həqiqət dərsi almışam və Ali Məhəmmədin (s) bir mənada həqiqi Nur şagirdlərinə şamil olmasına görə mən də Ali-Beytdən sayıla bilərəm. Lakin Nurun məsləyində heç bir cəhətdən mənlik, şəxsiyyət, şəxsi məqamları arzu etmək, şan və şərəf qazanmaq yoxdur. Nurdakı ixlası pozmamaq üçün axirət məqamı belə mənə verilsə, imtina etməyə özümü məcbur bilirəm deyə yarı müvafəqət şəklində cavab verilir və bu mehdilik təklifi açıq və qəti şəkildə rədd edilir” (“Şualar” səh. 381-382). 
Nursi İmam Zamanın üç böyük vəzifəsi olduğunu dəfələrlə qeyd edir və dolayısı ilə bu vəzifələri özünə aid edir: “Ümmətin gözlədiyi, axirzamanda gələcək zatın üç vəzifəsindən ən mühümü, ən böyüyü, ən qiymətdari imanı zəlalətdən xilas etməkdir. Bu, ən əhəmiyyətli vəzifəni eynilə “Risaleyi-Nur” da görmüşdür. 
İmam Əli, Qövs Əzəm və Osman Xalidi kimi zatlar bu cəhət üçündür ki, gələcək o zatın məqamını “Risaleyi Nur”un şəxsi mənəvisində kəşfən görmüş kimi işarət etmişlər…
O zatın ikinci vəzifəsi; şəriəti icra və tətbiq etməkdir. Birinci vəzifə maddi qüvvətlə deyil, bəlkə qüvvətli etiqad, ixlas və sədaqətlə olduğu halda bu ikinci vəzifə üçün çox böyük maddi qüvvət və hakimiyyət lazımdır. 
O zatın üçüncü vəzifəsi; xilafəti İslamiyyəni ittihadi İslama bina edərək İsəvi ruhanilərilə ittifaq edib dini İslama xidmət etməkdir. Bu vəzifə çox böyük səltənət, qüvvət və milyonlarla fədakarlarla tətbiq edilə bilər. Birinci vəzifə o iki vəzifədən üç-dörd dərəcə artıq qiymətdardır. Lakin o ikinci, üçüncü vəzifələr çox nəzərəçarpan və çox geniş bir dairədə olduğuna görə daha əhəmiyyətli görünürlər. Elə o xas nurçular və bir qismi övliya olan o qardaşlarımızın təbirə və təvilə möhtac fikirlərini ortaya atmaq əhli dünyanı, eləcə də əhli siyasəti təlaşa salır və hücumlarına vəsilə olur. Çünki birinci vəzifənin həqiqətini və qiymətini görə bilmirlər, digər cəhətlərə hücum edirlər” (“Sikkeyi Tasdiki Gaybi”, səh. 9-11).
Səid Nursi Həzrət Məhdinin üç vəzifəsinin olduğunu deyir, imanı qurtarmaq, şəriət hakimiyyəti qurmaq və xristian ruhaniləri ilə birləşib İslama yardım etmək.
İmanı qurtarmaq nə deməkdir? Heç peyğəmbərlərə bu kimi vəzifələr tapşırılmayıb. Allah Quranda bir neçə yerdə peyğəmbərlərin vəzifəsini açıqlayır. Görürük ki, Allah peyğəmbərlərini öz sözünü insanlara çatdırmaqda görəvləndirib.
“Elçilərin (peyğəmbərlərin) (Allahın hökmlərini) açıq-aşkar təbliğ etməkdən başqa vəzifəsimi var?” (Nəhl-35).
“De: Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” (Kəhf-110).
“De: Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm! (Bunu ancaq aləmlərin Rəbbi olan Allah edə bilər!).
De: Məni Allahın əzabından heç kim xilas edə bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm
Mənim işim ancaq Allahın dərgahından olanı və Allahın göndərdiklərini təbliğ etməkdir" (Cin-21, 22,23).
Səid Nursi özünə açıq şəkildə Məhdi deməsə də, bu fikri qətiyyətlə rədd etməyib: “Nurlara o ismi vermək münasib görünmür. Bəlkə “Mücəddiddir, onun pişdarıdır” deyilə bilər”. 
Nurçular Səidin bu ifadəsini  guya təvazökarlıq edirmiş kimi dəyərləndirib, onun bəşərin xilaskarı olan Həzrət Məhdi olduğunu isbatlamağa çalışırlar.
Səid Nursinin Həzrət Məhdi (ə.f) olmasını əngəlləyən yeganə amil Həzrətin Peyğəmbər nəslindən olması və Nursinin dəfələrlə “Mən seyid deyiləm” kəlməsidir. Nurçular isə dövrün ictimai-siyasi vəziyyətini bəhanə gətirərək deyirlər ki, guya Nursi seyid olduğunu siyasi hakimiyyətdən qorunmaq üçün gizlədib. Hətta Səid Nursinin Həzrət Peyğəmbərin nəslindən olmasını, həm Həzrət Həsən (ə), həm də Həzrət Hüseynə (ə) bağlılığını iddia edirlər. Əslində bu iddia əziz İslam Peyğəmbərinin (s) mütəvatir həddə günümüzə çatan kəlamlarında göstərilən Həzrət Məhdinin (ə.f) haqqındadır.
Haşiyə: İslam tarixinə əsasən Həzrət Əli (ə) ilə Həzrət Fatimənin mübarək izdivacından bəşəriyyətə bəxş olunan iki məsum İmamın övladları Peyğəmbər nəsli və seyid adlanır. Yəni imamət məktəbinin üçüncü parlaq günəşi Həzrət İmam Hüseynin oğlu və dördüncü məsum İmam Həzrət Əli ibni Hüseyn (Zeynul-abidin və yaxud Səccad) ikinci məsum İmam Həzrət Həsənin (ə) qızı xanım Fatimə ilə evlənir, beşinci məsum İmam Həzrət Məhəmməd ibni Əli (ə) (Məhəmməd Baqir) dünyaya gəlir. Sonra digər məsum İmamlar (ə) və seyidlər həm Həzrət Həsən (ə), həm də Həzrət Hüseynin (ə) vasitəsiylə Peyğəmbərimizin nəsli hesab olunurlar.
Məşhur sünnü alimlərindən olan Əhməd ibn Hənbəl “Müsnəd” kitabında belə qeyd edir ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dünya zülm və haqsızlıqla dolmayınca və ondan sonra mənim nəslimdən olan bir nəfər inqilab edib, dünyanı zülm və haqsızlıqla dolduğu kimi ədalətlə doldurmayınca qiyamət baş verməyəcəkdir” (“Müsnəd”, cild 3, səhifə 34).
Tirmizinin “Səhih” kitabının 9-cu cildinin 74-cü səhifəsində Abdullah ibni Məsuddan belə nəql olunmuşdur ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Adı mənim adımdan və özü mənim nəslimdən olan bir nəfər ərəb dünyasına (sonra bütün dünyaya) hakim olmayınca dünyanın sonu gəlməyəcəkdir”.
Hər kəsin başa düşəcəyi səviyyədə deyilən və bütün İslam alimləri tərəfindən qəbul olunan hədislərdə on ikinci məsum İmam bəşərin xilaskarı Həzrət Məhdinin (ə.f) cizgiləri açıq şəkildə göstərilib. Buna baxmayaraq, nurçuluğun daha bir ədalətsiz cəsarətinə şahid oluruq. Nurçular Səid Nursinin Həzrət Məhdi olduğunu isbatlamaq üçün onun Peyğəmbər nəslindən olduğunu iddia edirlər. Professor Əhməd Akgündüzün Səid Nursinin seyid və İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) nəslindən olmasını deyir. Bir az da qabağa gedib, hətta Nursinin əsl adının Məhəmməd olduğunu vurğulayır: “Bədiuzzamanın anası və babası hansı cəhətlə Həzrət Peyğəmbərin torunlarıdır? Əcəba, Həzrət Peyğəmbərin torunu olması kürdlüyünü inkar mənasına gəlirmi? Niyə özü bunu gizləmiş və bu zamana qədər açıqlamamışdır? Bütün bu sualları aydınladacağam. Cənablar, bildiyiniz kimi Quranda çox açıq bir ayə var. Rəsulullaha xitab olunan ayə belədir: “De ki, mən peyğəmbərlik vəzifəsi qarşılığında sizdən bir şey istəmirəm. Sadəcə mənim yaxınlarıma məhəbbət göstərməyinizi istəyirəm”.
Bildiyiniz kimi Həzrət Məhəmmədin nəslindən gələn insanlara əhli-beyt, ali beyt və yaxud seyyid deyirik. Tarixdə bütün dövlətlər bu insanlara ehtiram edib. Amma Osmanlı dövlətinin bu məsələdə yeri çox fərqlidir. Osmanlı dövləti Yıldırım Bayaziddən, xüsusən Fatih Sultan Məhmətdən bəri Həzrət Məhəmmədin nəslindən gələn insanlara fərqli münasibət göstərmək üçün özəl bakanlıq qurmuşdu. Peyğəmbərimizin nəsli Həzrət Əli və Həzrət Fatimə yolu ilə davam etmişdir. Bunların Həsən və Hüseyn adında iki oğlu olub. Osmanlı dövləti Həzrət Həsənin nəslindən gələnlərə şərif, Həzrət Hüseynin nəslindən gələnlərə isə seyyid demişdir. Arxiv bilgiləri əsasında deyə bilərəm ki, Bədiuzzaman ata tərəfindən Nəzrət Həsənin nəslindən Əbdulqadir Geylaninin torunu, anası Nuriyə xanım isə Həzrət Hüseynin nəslindəndir. 
Əməvi dövləti ilə Həzrət Hüseynin arasında baş verən acı hadisələr nəticəsində Peyğəmbər övladları Bağdada və Kufəyə köçmüşlər. Abbasilər dönəmində isə Əbdülqadir Geylaninin ailəsinə qarşı zülm başlamışdır. Geylaninin iki oğlu Əbdulrazzaq və Əbduləziz hicrət etmək məcburiyyətində qalmışlar. Çünki, Peyğəmbər nəslindən olanları öldürürdülər. Onlar da Mosula yaxın olan Sincar şəhərinin yaxınlığında dağlıq ərazidə yeni Cibal, yaxud da Xiyar adlı kənd qurmuşlar. Bir müddət sonra yəzidilər həmin kəndə hücum etmiş və Bədiuzzamanın babası Əbdulla Kürd Haqqarisinə gəlmişdir. Ordan da Səid Kürdinin doğulduğu Nurs kəndində yerləşmişlər. Bədiuzzamanın 33-cü babası Rəsulullaha bağlanır”.
Səid Kürdi niyə seyidliyini açıqlamamış? Akgündüz çıxışının davamında bu məsələyə aydınlıq gətirməyə çalışır: “Bədiuzzamandan bu barədə soruşanda, O, “mən seyyid olduğumu bilmirəm”, deyə cavab vermişdi. Bədiuzzaman seyyid deyil, şərifdir. Əbdül-Qadir Geylani də elədir. Çünki ata tərəfindən Həzrət Həsənə bağlıdır. Amma müxtəlif mənbələrə görə deyə bilərəm ki, Bədiuzzaman etiraf edib ki, mən həm şərifəm, həm də seyyid. Həm həsəniyəm, həm də hüseyni. Bədiuzzamanın seyid olması, peyğəmbərin nəslindən olması onun küdrlüyünə bir maneə olarmı? Bədiuzzamanın “Mən Kürdistanda doğuldum, kürd dilinə xidmət edəcəm” deməsi, onun peyğəmbər övladı olmasına xələl gətirmir. Kürd üsyanını başladan şeyx Übeydullahın atası çox tanınmış Seyyid Taha Nəhridir. Rəsulluahın nəslindən olmaq böyük şərəfdir. Nə kürdlüyə düşmənlik, nə də kürd olduğunu qısqanmaq mənasını düşünmək düzgün deyil. Bədiuzzaman küdr kəndində doğulmuş, o dildə danışmış, o dildə düşünmüş və kürd dilinin yayılmasında onun xidmətləri olmuşdur”.
Akgündüz Səid Nursinin Həzrət Məhdi oldğuna inandığını belə ifadə edir: “Bədiuzzaman seyyiddir və əsas adı Məhəmməd Səiddir. Mən onun Həzrət Məhdi olmasına 2x2-nin dörd olduğuna inandığım qədər iman edirəm”. (dosttv-nin youtube səhifəsi). 
Əhməd Akgündüzün çıxışında bir nüans diqqətimi daha çox çəkdi. “Cənablar bildiyiniz kimi Quranda çox açıq bir ayə var. Rəsulullaha xitab olunan ayə belədir: De ki, mən peyğəmbərlik vəzifəsi qarşılığında sizdən bir şey istəmirəm. Sadəcə mənim yaxınlarıma məhəbbət göstərməyinizi istəyirəm”. Bu, Quranın Şura surəsinin 23-cü ayəsidir. Ayədə Həzrət Məhəmmədin (s) yaxınlarına məhəbbət, sevgi tələb olunur. Kimdir Peyğəmbərin (s) yaxınları? Allah kimlərin məhəbbətini iman üçün şərtləndirir? Bu sualları təbii ki, Həzrət Peyğəmbər cavabsız buraxmayıb.
Əziz Peyğəmbərimiz (s) bu ayədə kimlərin nəzərdə tutulduğunu və kimlərə itaət və dostluğun vacib olduğunu izah etmişdir.
Bu ayədəki “zil-qurba” kəlməsindən məqsəd Əli, Fatimə, Həsən və Hüseyn (ə) həzrətləridir. 
Zəməxşəri öz “Kəşşaf” təfsirində belə yazmışdır: “Bir gün müşriklər, Məhəmməd öz risaləti (peyğəmbərliyi) üçün mükafat istəyirmi? - deyə danışırdılar ki, cavab olaraq bu ayə nazil oldu:
“Ey Peyğəmbər (müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm”.
Zəməxşəri yazır: Rəvayətə görə bu ayə nazil olandan sonra Həzrət Peyğəmbərdən (s) soruşdular: “Ya Rəsuləllah! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?
Peyğəmbər (s) cavabında buyurdu: “Onlar Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyndən ibarətdir”.
Əllamə Bəhrani bu hədisi Əhməd ibni Hənbəlin “Müsnəd” adlı kitabından orada zikr olunan silsilə sənədlə Səid ibni Cubeyrdən və o da ibni Abbasdan belə nəql edir: “Məvəddət ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: “Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?” O, Həzrət (s) belə buyurdu: “Əli, Fatimə və iki oğlanları”.
Təbəri, İbn Abbasdan nəql edir ki, “Məvəddət” ayəsi nazil olduqdan sonra, müsəlmanlar soruşdular: “Ey Allahın Peyğəmbəri (s) bizə məhəbbət və dostluğu vacib olan yaxın adamların kimlərdir? O həzrət (s) buyurdu: Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn”.
Bu hədisi Əhməd “Mənaqib” kitabında nəql etmişdir. İbni-Münzər, ibni Əbi-Hatəm, ibni-Mərdəveyh və Təbərani “Möcəmi-kəbir” kitabında ibni Abbasdan belə nəql etmişlər: “Məvəddət” ayəsi nazil olandan sonra müsəlmanlar dedilər: “Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan adamların kimlərdir? O həzrət (s) buyurdu: Əli, Fatimə, Həsən və Hüseyn”.
“Möcəmi-kəbir” kitabında Həsəndən (ə) nəql olunmuşdur ki, O həzrət (ə) bir gün xalqa müraciət edərək belə buyurdu: “Biz, Allah-Təala dostluğunu bütün müsəlmanlara vacib etmiş Əhli-beytdənik”.
Cənab Akgündüz ayəni deyən kimi dərhal Səid Nursinin Peyğəmbər əslindən olmasına diqqət çəkir. Bununla da dolayısı ilə ayənin Nursiyə şamil olduğunu çatdırmaq istəyir. Beləliklə Səidi qəbul etməyəni Quran ayəsinə qarşı çıxmış hesab etməyə zəmin yaratmış olur. Lakin bütün məzhəblər tərəfindən təsdiq olunan hədislərlə aydın olur ki, professorun gətirdiyi ayə kimin barəsində nazil olub və kimlərin məhəbbətini şərtləndirir.
Akgündüzün daha bir yalanı bu cümlədə təzahür edir: “Bədiuzzaman seyiddir və əsas adı Məhəmməd Səiddir”.
Səid Nursinin əsas adının Məhəmməd olduğu Akgündüzdən başqa heç kimin dilindən eşidilməyib. Eyni zamanda professor belə bir şübhəli açıqlama verərkən heç bir mənbəyə istinad eləmir. Sadəcə, əsas adı Məhəmməddir deməklə, mövzudan keçir. Bütün çıxışlarında özünü elm adamı və alim adlandıran Akgündüz bu iddiasını da etibarlı mənbələrə istinad etməlidir.
Səid Nursinin kürd olması, onun kürd dilinə, kürd mədəniyyətinə xidmət eləməsini etiraf edən Akgündüz İslamın əsas prinsiplərini unudub. İslam hansısa xalqın və dilin inkişafı üçün deyil, ümmətin saflaşması, hidayət olunması və gözəl əxlaqa sahiblənməsi üçün Allah tərəfindən göndərilib.
Səid Nursinin Həzrət Məhdi olduğu iddiası təkcə professor Ahmed Akgündüzə aid deyil. Səidin tələbələrindən və tanınmış nurçu simalardan biri Çantaçı Necmi də açıq şəkildə Nursinin Həzrət Məhdi olduğunu deyir: “Mən belə inanıram və belə bilirəm ki, Məhdiyi Əzəm Bədiuzzamandır. Təbii yalançı peyğəmbərlər olduğu kimi yalançı məhdilər də üzə çıxır. Amma yalançıların ömrü uzun olmaz” (youtube.com). 
Nurçu hərəkatına görə, Səid Nursi Həzrət Məhdi olaraq bəşərə xilas yolunu göstərir.

Səid Nursi Qiyamətin zamanını deyib?

Bəzi nur tələbələri iddia edirlər ki, Uca Yaradan qiyamət haqqında Səid Nursini məlumatlandırıb. Hətta dəqiq vaxt deyərək, Nursinin qiyamətin 300 il sonra qopacağını bildirdiyini iddia edirlər. Nur tələbələri qiyamət gününün zamanının qeybi xəbər olduğunu desələr də, “Allah dilədiyi quluna qeybi bildirər”, fikrindədirlər.
“De: Mən sizə vəd olunmuş (əzabın) yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm. O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən başqa. Həqiqətən, O, onların önündə və arxasında gözətçilər qoyur...” (Cinn-25,27)
Nur şagirdləri qeyd etdiyim ayələri dəlil gətirib Səid Nursini az qala Allahın yer üzündə höccəti kimi təqdim edirlər: “Ustadımız Bədiuzzaman həzrətləri, Allahın xüsusi elm əta etdiyi mübarək zatlardandır” (adnanoktar.az).
Ayədə Allah razı qaldığı peyğəmbərindən söz açır: “... Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən başqa...” Bu ayəni Səid Nursiyə aid etməklə onu peyğəmbərləşdirirlər. Nursi guya qiyamətin vaxtını deyib, kimi təqdim edirlər. Bu qədər müzakirəyə səbəb olan ifadə budur: “Ey yüzdən ta üç yüz ildən sonrakı əsrdə gizlənmiş, sakitanə (susaraq) mənim sözümü dinləyən və bir nəzəri həfiyyi qeybi (görünməyəni, qeybi görən), qeybi ilə məni tamaşa edən (seyr edən) Səid, Həmzə, Ömər, Osman, Yusif, Əhməd və başqaları, sizə xitab edirəm. Tarixin mazi (keçmiş) dərələrindən yüksək istiqbalınıza (dövrünüzə) çatan telsiz teleqrafla sizinlə danışıram. Nə edim, tələsdim, qışda gəldim. Siz, inşaAllah, cənnət kimi bir baharda gələcəksiniz. İndi əkilən nur toxumları torpağınızda çiçək açacaq. Sizdən xahişim, mazi qitəsinə keçmək üçün gəldiyiniz vaxt məzarıma baş çəkin. O çiçəklərin bir neçəsini məzar daşına, sümüklərimi müsafir edən torpağın başına taxın” (“Əmirdağ Lahikası” səh. 344).
Nursinin bu ifadəsini xəyali biliklərinə uyğun yozub, qiyamətin vaxtını deyirlər.  Nur şagirdləri Səidə istinadən iddia edirlər ki, Həzrət Məhdinin (ə.f) zühuru, Həzrət İsanın (ə) qayıdışı və qiyamət gününün olması hicri qəməri təqvimi ilə 1400 - 1500-cü illər arasında baş tutacaq. Guya Peyğəmbər dünyanın ömrünün 7000 il olacağını, bu müddətin də 5600 ilini arxada qoyduğumuzu deyib. Peyğəmbərin dediyindən təqribən 1400 il keçib. Bu hesablamaya görə artıq qiyamət olmalıydı. Amma...
Nur şagirdləri yenə iddia edirlər ki, guya Səid Nursi qiyamətin hicri təqvimi ilə 1545-ci ildə qopacağını bildirmişdir. Bəzi yerdə isə bu tarix 1577-ci ildə göstərilib. Onlar güman edirlər ki, ustadın fərqli tarix deməsi onun “lədün” elminə bağlı məsələdir. (Lədün elmi müəllimsiz bir başa Allah tərəfindən verilən elmə deyilir). Nursi iddia edir ki, Allah ona keçmişi və gələcəyi bir başa özü deyib.   
Səid Nursinin düşüncəsinə görə 2082-ci ildən başlayaraq İslam dini məğlub olacaq. Onun iddiasına görə, Həzrət Mehdi (ə.f) və İsa Məsih (ə) vəfat edəcək, İslam əxlaqı tənəzzülə uğramağa başlayacaq. Xristianlıq, yəhudilik yox olacaq, dinsizlik baş alıb gedəcək, müsəlmanlar ibadətlərini gizli yerinə yetirməyə çalışacaqlar. Bir sözlə, İslam məğlub olacaq. Bundan sonra təxminən Hicri 1545-ci ildə, yəni 2120-ci ildə qiyamət qopacaqdır.
Nursinin yaxın tələbələrindən biri və “Sunqurlar” qrupunun rəhbəri Mustafa Sunqur Ağabəy onun qiyamətlə bağlı açıqlamalarını belə izah edir: “Hal-hazırda dünyanın son dövründə, ən son dövründəyik. “La təzalü taifətün min ümməti zahirinə ələl haqqı.  La təzalü taifətün min ümməti” - nin 1542 etdiyini deyir bir məktubunda. O vaxta qədər Risaləi Nur davam edəcək. “Zahirinə ələl haq”, “haqq üzərində qalib olacaqdır”. “Bu, 1506-cı il tarixidir. Bu vaxta qədər zahir və aşkaranə bəlkə qalibanə. Bundan sonra düz 42-yə qədər 1506-cı ildən 1542-ci ilə qədər gizli və məğlubiyyət içində vəzifəyi tənviriyyəsinə (aydınlıq) davam edər. Demək ki, bu son zamanları... Nəisə bunlar, təbii ki, qeybi şeylərdir. Alakulla, 1-2 il olsa da, bunlar zamanla ortaya çıxacaqdır. Əminəm çıxacağına. Biz son dövrdəyik, son zamanda, yəni son əsrdəyik”.

Nurçu Hərəkatını Qurandan nələr fərqləndirir?

Səid Nursi “Nur Risalələri”nin Quranın izahı olduğunu deyir, yazdıqlarının Quranla eyni mənbədən göndərildiyini iddia edir. Amma Quranla Nurçu hərəkatının ciddi fərqlərini müşahidə edirik.
Quranla Nurçuluğun fərqlərini araşdırmazdan əvvəl Həzrət Əlinin (ə) Quran barəsində dediyi bir kəlamı diqqətinizə çatdırıram: “Quran sönməz əbədi nur və dərinliyi bilinməyən böyük bir dənizdir. Quran haqq yolu və ümid mənbəyidir. Bu yolun yolçuları qət etdikləri mərhələdə zülmət və qaranlıqlarla qarşılaşmaz və haqq yoluna hidayət olunarlar. Quranın gətirdiyi dəlil və sübutlar dəyişilməz və əbədidir. Quran bütün dərdlərin dərmanı və şəfa mənbəyidir. Quranı özündə yaşadan şəxslər daim alnıaçıq və vüqarlı olarlar. Quranın tərəfdarları bir an olsun belə, himayəsiz qalmaz və onu özlərinə ən böyük hami və dayaq hesab edərlər. Quran iman xəzinəsi, tükənməz elm mənbəyi, ədalət və qəzavət gülüstanıdır.
Quran İslamın təməli və geniş həqiqət düzənliyidir. Quran suyu tükənmək bilməyən dəniz və bulanmayan bir çeşmədir. Quran öz yolçularının yoluna nur saçan hidayət carçısıdır. Onun yolçuları qəflət və cəhalətdən uzaq olar və haqq yoldan bir an olsun belə, sapınmazlar. Allah-Taala Quranla elm susuzlarının susuzluğunu yatırar, fiqh alimlərinin qəlblərinə təravət bəxş edər və əməli-saleh insanları öz məqsədlərinə çatdırar. Qurana iman gətirənlər ömürlərini izzət və əmin-amanlıqla başa vurarlar. Quran ona pənah gətirmiş şəxsləri ümidsiz qoymaz və onları özünün səadət və xoşbəxtlik yoluna hidayət edər. Quran dəlil axtaranlar üçün ən tutarlı sübut və istidlal mənbəyidir. Quran mütəfəkkirlər üçün əlamət və nişanələr, silaha ehtiyacları olanlar üçün ən gözəl sığınacaq, alimlər üçün tükənməz elm mənbəyi, onu nəql edən kəslər üçün ən böyük hədis, hökm çıxaran qazilər üçün isə ən gözəl ədalət nümunəsidir” (Nəhcül-Bəlağə, səh.198).
İndi isə Nur Hərəkatını Qurandan fərqləndirən tərəfləri araşdıraq;
“Quran səmavi kitabdır, heç bir kitab Quranla müqayisə oluna bilməz”.
“Beləcə sənə ərəbcə Quran vəhy etdik” (Şura-7).
“Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq” (Yusif-3).
 “Cəbrayıla (vəhy mələyi) düşmən olan kimsəyə de ki, onu (Quranı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir” (Bəqərə-97).
“Onu Cəbrayıl (Ruhul-əmin) endirdi. (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi)” (Şüəra-193,194).
Göründüyü kimi bu ayələrdə Quranın Allah tərəfindən Cəbrayıl vasitəsilə Həzrət Məhəmmədə (s) nazil olduğu deyilir. Aşağıdakı ayələr isə Qurana bərabər ola biləcək bir kitabın olmadığını sübut edir.
“Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın” (Bəqərə-23).
“Həqiqətən bu Quran ən sağlam və ən doğru yola hidayət edir” (Әsra-9).
İngilis tarixçisi Tomas Karlil yazır: “Bəzi kitabları oxuyandan sonra onlar insanın zehnində dərin iz buraxır. Lakin onlar heç vaxt Quranla müqayisə oluna bilməz. Bu cəhətdən də etiraf etməliyik ki, Quranın ən birinci üstünlüyü və əsas bünövrəsi Onun mühüm məzmunları, məsələləri, seçilmiş ünvanları və pak hissiyyatlarla rabitəsidir. Deyilənlərdə heç bir şəkk-şübhə yoxdur. Əbədi səadətə və kamilliyə yetişmək üçün bütün fəzilətlər Quranda bildirilmişdir”. 
Səid Nursi iddia edir ki, “Nur Risalələri” Quran nazil olan yerdən göndərilib: “Qurani-Kərim və “Nur Risaləsi” Rəhman və Rəhim olan Allahın yеr üzərinə еndirilmiş bir nеmətidir. Qurani-Kərim və Nurun еndirilməsi Əziz və Həkim olan Allahdandır. Bеləcə o nur həm Qurani-Kərim həm də “Nur Risaləsi”dir”.
O, Nur risalələrini hətta Qurandan da üstün tutaraq, bu risalələri oxumağı vacib hesab edir və onu oxuyan şəxsə digər elmlərin ehtiyac olmadığını deyir: “Nur risaləsini oxumaq və ya yazmaq alim olmaq üçün kifayətdir, başqa bir еlmə еhtiyac yoxdur” (“Nur Mеyvələri”).
Quranda bütün ibadətlər Allahın adıyla başlanır, heç bir ad onun adı ilə bərabər tutulmur;
Allah Quranda ibadətin ancaq özünə məxsus olduğunu deyir: “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım” (Zariat-56)
Yaxud Quranda ibadətlə bağlı bu ayəyə rast gəlirik: “Biz hər ümmətə: Allaha ibadət edin, tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu” (Nəhl-37)
Hər bir ibadətin ümumi və xüsusi səbəbləri mövcuddur. Xüsusi səbəblərdən asılı olmayaraq, hər bir ibadətin niyyətində “Qurbətən iləllah” (Allaha yaxın olmaq) qəsd olunmalıdır. Allaha yaxın olmağı qəsd etməyən ibadət batil hesab olunur.
Allahın adı bütün adların fövqündə dayanır, heç bir adın onunla bərəbər tutulmağa haqqı yoxdur.
“Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur” (Ali-İmran-2).
Quran Allahın əzəli və əbədi varlıq olduğunu deyir. Ondan başqa heç bir varlıq əzəli və əbədi deyil. Zamana və məkana ehtiyacı olan hansısa bir yaranışın zaman və məkan əhatəsindən xali olan varlıqla müqayisəsi mümkünsüzdür. Buna görə də Allahın adı ilə bərabər tutula biləcək ad yoxdur. 
Başqa bir ayədə isə Allahın şəriksiz və mərhəmətli olduğu vurğulanır: “Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir” (Bəqərə-163).
Nurçular Səid Nursiyə fövqəladə qiymət verib, onun adını çox yüksəklərə qaldırıb, hətta şəfaətçi olduğunu iddia edirlər;
Əslində fövqəladə qiyməti şəxsən Səid Nursi özü verib. Nur şagirdləri iddia edirlər ki, Əbdülqadir Geylani səkkiz əsr əvvəl Nursi üçün bu şeiri yazıb:

“Bizi aracı yap, her korku ve darlıkda,                                                
Her şeyde her zaman, candan koşarım imdada.
Ben korurum müridimi korktuğu her şeyde,   
Koruyuculuq ederim ona, her şey ve fitnede.    
Müridim ister doğuda olsun, ister batıda,      
Hangi yerde olsa da yetişirim imdada”.   
(Sikkeyi-Təsdiqi-Qeybi, səh.119)
“Bizi vasitəçi et, hər qorxu və darlıqda,                                     
Hər şeydə hər zaman sidq-ürəkdən yetərəm imdada.
Mən qoruyaram müridimi qorxduğu hər şeydən,  
Qoruyuculuq edərəm ona hər şər və fitnədə.      
Müridim istər Şərqdə olsun, istərsə Qərbdə,     
Hansı yerdə olsa da yetişərəm imdada”.

Bu iddia Səidin şagirdləri (Süleyman, Səbri, Zəkai, Asim, Rəfət, Əli, Əhməd Xosrov, Mustafa əfəndi, Rüşdü, Lütfü, şamlı Tofiq, Əhməd Qalib, Zühdü, Bəkir bəy, Lütfi, Mustafa, Mustafa, Məsud, Mustafa çavuş, Hafiz Əhməd, Hacı Hafiz, Mehmed əfəndi, Əli Rza) tərəfindən ortaya atılıb.
İlahiyyat elmlər doktoru, İstanbul Universitetinin İlahiyyat fakultəsində Dünya Dinləri Mədəniyyəti kafedrasının müdiri, professor Abdulaziz Bayındır bu iddianı və Əbdülqadir Geylanin şeirini xəyalı düşüncə adlandırır: “Səid Kürdinin tələbələri əsasında bu iddianı ortaya atıblar. Bunu sübuta yetirmək üçün cifir elmi deyilən xəyali şeylərə istinad edir və bu şeirdə belə bir mənanın gizləndiyini deyirlər: O, Qəvsin müridi Səid Kürdi Rusiyada əsir olduğu, şimal-şərqi Asiyadan bidətçilərin əli ilə Asiyanın cənubuna sürgün edildiyi vaxtlarda Allahın izni sayəsində rəbbani qüvvə ona kömək edər və onun dadına çatar”.
Sonra bu köməyin necə olacağı barədə belə deyilir: “Bəli, həzrəti Qəvsin “mənim müridim” adlandırdığı Səid əsir olaraq 3 il Asiyanın şimal-şərqində məhvedici çətinliklər içərisində həmişə qorundu. 3-4 aylıq yolu qaçaraq keçmiş, çox şəhərləri gəzmiş, amma Qəvsin (Əbdülqadir Geylani) dediyi kimi həmişə mühafizə edilmişdir”.
Professor Abdulaziz Bayındır Səid Nursi ilə bağlı daha bir cəfəngiyatın üstünü açır.
Nurçuların iddiası; Ustadımız deyir: “Mən hələ 8-9 yaşımda olduğum vaxtlarda bizim nahiyəmizdə və onun ətrafında yaşayan bütün əhali Nəqşi təriqətinə daxil idi. Onlar Qəvsi-Hizan deyilən məşhur bir şəxsdən kömək dilədikləri halda, mən qohum-əqrəbamıza və bütün əhaliyə zidd olaraq: “Ya Qəvsi-Geylani”, deyirdim. Uşaq olmaq baxımından qoz kimi kiçik bir şeyim itsə, dərhal: Ya Şeyx! Sənə bir fatihə, sən mənim bu şeyimi tapdır, deyirdim. Bu təəccüb doğura bilər, lakin and içirəm ki, Həzrəti Şeyx bu cür min dəfə öz hümmət və duası ilə mənim dadıma çatıb, imdadıma yetişmişdir” (Sikkeyi-Təsdiqi-Qeybi, səh.120).
Cavab: Bu inancın Qurana zidd olduğunu göstərən ayələrdən bəziləri aşağıdakı kimidir: “Darda qalan şəxs dua etdiyi vaxt onun imdadına kim yetişib çətinlikdən xilas edər və kim sizi yer üzünün hakimləri edər? Məgər Allahla yanaşı başqa bir tanrı var? Siz nə qədər az düşünürsünüz” (Nəml-62).
Burda belə bir sual da meydana çıxır; əgər gücün çatmadığı məsələlərdə Allahdan başqa birisindən kömək almaq mümkündürsə, onda kim Allaha sığınar? Allah-Təala buyurur: “De, Allahdan başqa xəyalınızı qurduqlarınızı (tanrı güman etdiklərinizi) çağırın. Onların gücü nə sizin çətinliyinizi aradan qaldırmağa, nə də başqa bir tərəfə çevirməyə çatar. Onların çağırdıqları (tapındıqları) bu şeylər Rəblərinə hansı yaxındır deyə vəsilə axtarar, onun rəhmətini umub əzabından qorxarlar. Çünki Rəbbinin əzabı həqiqətən də qorxuncdur (dəhşətlidir)” (İsra-56,57).
“Onlar ölüdürlər, diri deyil! Nə zaman diriləcəklərini də bilmirlər”" (Nəhl-21).
“Onlardan “Göyləri və yeri kim yaratdı” – deyə soruşanda, onlar qətiyyətlə Allah – deyəcəklər. Sən de: “Allahdan başqa nəyi köməyə çağırdığınıza heç baxdınızmı? Allah mənə bir sıxıntı vermək (zərər toxundurmaq) istəsə, onlar bu sıxıntını apara bilərlər? Ya da mənə bir yaxşılıq (mərhəmət) etmək istəsə, onlar buna mane ola bilərlər? De: Mənə təkcə Allah bəsdir (kifayət edər). Təvəkkül edənlər ancaq ona təvəkkül etsinlər” (Zümər-38).
Quran eyni zamanda birləşdirmək kimi önəmli vəzifə daşıyır;
Allah-Təala Quran vasitəsilə insanlar üçün çox əhəmiyyətli vəzifələr təyin edib. İlahi missiyanı bəşərə çatdırmaq üçün sanki Quran görəvləndirilib. İslam dini “qardaşlıq dini” olduğu kimi, Quran da insanları birliyə, qardaşlığa, sevgi və səmimiyyətlə İslam bayrağı altında toplaşmağa dəvət edir.
“Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız” (Hucurat-10).
“Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir” (Tövbə-71).
Əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) də qardaşlığın carçısıdır:  “Müsəlman, müsəlmanın qardaşıdır. Heç bir zaman ona zülm etməz. Ona yardım etməkdən əl çəkməz. Onu hadisələr qarşısında tək qoymaz”.
Başqa bir hədisdə isə iki din qardaşı iki ələ bənzədilir: “İki din qardaşı iki əl kimidirlər ki, hər biri o birisini yuyar”.
Bu hədisdə insanların bir-birinə yardım etmələri nəzərdə tutulur. Yəni, iki din qardaşı bir-birinin eybini yuyub, pak edər.
Amma Səid Nursi deyir:  “Ey əhli haqq olan əhli sünnət və camaat! Və ey əhli beytin məhəbbətini məslək ittihaz edən ələvilər…”
Səidin bu çağırışı və müraciəti başlatdığı Hərəkatda təzahür edir. İstinad nöqtəsi “Nur Risalələri” olan ən azı on üç qrupu müşahidə edirik. Bu qrupların hər biri Nursini ustad hesab edir, onun “yol”una sədaqətini sübut etməyə çalışır. Araşdırmalar göstərir ki, Nurçu Hərəkatı Qərb tərəfindən siyasi məqsədlər üzərində yarandığı üçün Nursidən sonra Hərəkata liderlik iddiasında olanların sayı çoxdur. Bu da Qərbin məkrli siyasətinin tərkib hissəsidir. İslamı daim nəzarətdə saxlamaq və inkişafına maneələr yaratmaq məqsədi ilə yaratdığı hərəkatda da alternativ liderlər yetişdirməklə hərəkatı tam nəzarətə götürmüş olur.
Quran bəşərin xilaskarı, möminlərin şəfaətçisi kimi nazil olub;
“Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik..” (İsra-82).
“Ey İnsanlar! Rəbbinizdən sizə bir öyüd, sinələrdə olana bir şəfa və möminlər üçün hidayət və rəhmət gəldi” (Yunus-57).
“Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb (peyğəmbər)?! De: O, iman gətirənlərə hidayət və şəfadır. İman etməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Sanki onlar uzaq bir yerdən çağırılırlar” (Fussilət-44).
Gördüyünüz kimi Allah Quranı möminlər üçün şəfa olaraq göndərib. Bəşərin hidayət olunması üçün nazil edilib. Nurçular bu qədər açıq ayələri görməməzlikdən gəlib “Nur Risaləsi”nin xilaskar və şəfaətçi olduğunu iddia edirlər: “... O risalənin həm Ankara, həm də Dənizlidəki məhkəmələrdə qalib gəlməsi və gizlicə təsirli bir şəkildə intişarı (yayılması) ilə öz tələbələrinə bəraət qazandırmağa səbəb olduğu kimi” (On beşinci şüa, səh. 526).
“Nur Risaləsi”nin “xilaskar” olmasına aid başqa bir nümunə: “...Hökumət binaları biri gecənin ən soyuq vaxtında 3 saat cəhənnəm kimi yanıb kül oldu. Belə olan halda, o binanın bitişiyində yaşayan bir Risaleyi-Nur tələbəsi yanıma gəlib dedi ki, bəs biz yanıb məhv oluruq. Mən o tələbəyə həmin gecədən iki gün əvvəl demişdim ki, onların dükanında olan Ayətul-Kübranın nəşr edilmiş bəzi nüsxələrini mənə gətirsin; lakin hələ gətirməmişdir. Sən demə, o nüsxələr həmin gecəki yanğını söndürmək üçün orada qalıbmış... Mən Risaleyi-Nur və Ayətul-Kübranı şəfaətçi edib: Ey Rəbbim, xilas et – dedim.
O dəhşətli yanğın düz üç gün davam etdi. Həmin bina yanıb kül oldu. Binanın altındakı dükanlar da yandı. Yanğın Risaleyi-Nur və Ayətul-Kübranın qoruduğu o mağazaya heç toxunmadı. Həmin şagirdin yanan binanın alt mərtəbəsində dükanı var idi, onun dükanına heç nə olmadı” (Səid Nursi, Əmirdağ Lahiqəsi, sözlər nəşriyyatı, İstanbul-1992, səh.101).
Quran insana seçim hüququ verir və sərbəst düşünməyə səsləyir.
“Dində məcburiyyət (zorakılıq) yoxdur...” (Bəqərə-256).
“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru”. (Ali-İmran, 191).
“... Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik” (Yunus-24).
“(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr” (Həşr-21).
“Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?” (Məhəmməd-24).
“Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar” (Nisa-82).
Biz məhz düşüncəmizlə insanıq. Yaradan da insanı düşünməyə səsləyir. Çünki, düşünmək həqiqəti dərk etmək üçün ən yaxşı vasitədir. Lakin Nurçu hərəkatı düşüncələri dondurur. Allahın insana bəxş etdiyi, seçim hüququnu, azadlığını əlindən alır. Özlərinə Nur tələbələri deyən, Səid Nursinin müridlərinin bir sıra vəzifələri var;
a)  Nurçuların olduqları yerlərdə Nurçuluq ilə əlaqədar hadisələri nur böyüklərinə bildirmələri məcburidir;
b)  Nur risalələrini çoxaldıb paylamaq;
c) Nur tələbələrinin subay qalanları izlənilməli, evlənməsi lazımsa bir nurçu ilə ailə qurmalıdır (azvision.az “Nurchuluq nədir”).
Səid Nursi risalələrini paylamaq üçün hətta dini duyğuları da istismar edib: “Axirət qardaşlarıma mühüm bir xəbərdarlıq iki maddədir. Birincisi risaleyi nura intisab edən şəxsin ən əhəmiyyətli vəzifəsi onu yazmaq, yazdırmaq və intişarına kömək etməkdir. Onu yazan və yazdıran “Risaleyi Nur Tələbəsi” adı alar...” (Sönməz Risaləsi, səh.3).
Nursi, “Nur Tələbəsi” adını alan şəxsin azadlığını məhdudlaşdırır, hüquqlarını zorlayır. O, nur tələbəliyini buraxmanın günah olduğunu, nur tələbəsinə sataşanı isə vətən və millət xaini hesab edir.
Professor Abdulaziz Bayındır nurçuların düşünmə hüquqlarının məhdudlaşdırılmasını bu cümlə ilə izah edir: “Onlara bu kitabların Səid Nursiyə yazdırıldığı deyildiyi vaxt səsləri çıxmır. Onların hər biri o kitabları Quranı oxuyan kimi oxuyur. Çünki nurçular arasında başlıca kitab Risaleyi-Nurdur. Belə edənlərin də ağıllarını işlətdiklərini demək mümkün deyil”.

Səid Nursinin siyasi baxışı

Səid Nursi siyasi mövzuda olduqca məchul danışaraq ziddiyyətli fikirlər səsləndirib. Buna görə də özlərini Nursinin davamçıları hesab edən nur şagirdləri onun siyasi baxışlarını ya düzgün təhlil edə bilməyiblər, ya da siyasi məqsədini gizlətmək üçün fərqli fikirlər deyiblər. Bu da şagirdlərin bir neçə hissəyə bölünməsinə səbəb olub. Bəziləri belə zənn edir ki, “Səid Nursi siyasətdən tam kənarda dayanıb, həyatdan əl çəkib, zamanın idarəçilərinə haqqı və həqiqəti göstərmir və müsəlmanların ictimai-siyasi proseslərə qoşulmayaraq yalnız iman həqiqətlərini öyrənmələrini tövsiyə edir. Onlar fikirlərini Nursinin bu kəlmələri ilə əsaslandırırlar: “Ehtiyatlı olun, ehtiyatlı olun! Dünya cərəyanları, xüsusilə siyasi cərəyanlar və məxsusən xariclə əlaqəli cərəyanlar sizi təfriqəyə salmasın. Qarşınızda birləşmiş zəlalət firqələri qarşısında pərişan etməsin! “Əl-Hubbu fi lillah, vəl-Buğzu fi lillah” (Allah naminə sevmək, Allah naminə nifrət etmək) rəhmani (ilahi) düstur yerinə “Siyasət naminə sevmək, siyasət naminə nifrət etmək” şeytani düsturunun hökm edib, mələk kimi bir həqiqət qardaşına ədavət və xənnas (Şeytan) kimi bir siyasət dostuna məhəbbət və tərəfdarlıq ilə zülmünə razılıq göstərib, cinayətinə şərik etməsin!  Əuzu billahi minəş-Şeytani vəs-siyasə”. (Şeytandan və siyasətdən Allaha pənah aparıram)
Digərləri isə düşünür ki, Səid Nursi siyasətdən tam kənarda qalmayıb. Onlar iddia edirlər ki, Nursi İslam siyasətinə üstünlük verib. Bu cür düşünən nur-tələbələri düşüncələrini belə izah edirlər: “Bədiuzzamanın ümumi siyasəti tamamilə tərk edib, məsələnin daha yaxşı başa düşülməsi üçün “siyasət” sözünün mənasını və onun növlərini bilməyimiz zəruridir. “Sasə, yəsusu” sözündən yaranıb, lüğəvi baxımdan “heyvanların əhliləşdirilməsi və tərbiyə olunması, xalqın işlərinin idarə olunması və onlara rəhbərlik edilməsi” mənasını verən “siyasət” sözü, dini-şəri istilahda “xalqın irşad olunmaqla (düz yola çəkməklə) qısa, yaxud uzun zaman içində nicat yoluna doğru istiqamətləndirilməsi” mənasını verir. Siyasət əsasən iki hissəyə ayrılır:
1. Şeytani siyasət: Yalançılıq, xəyanət, hiylə, zülm, tamahkarlıq, cinayət və mənfəət kimi rəzilliklər üzərində formalaşan siyasətə şeytani siyasət deyilir. Siyasətin bu növünün islami siyasətlə heç bir bağlılığı yoxdur. Şeytani siyasətdə hakimiyyətin qorunub saxlanması üçün hər cür zülm və cinayətin edilməsi məqbul sayılır. Əxlaq və din məfhumlarından da iqtidara çatmaq, yaxud onu qoruyub saxlamaq üçün alət kimi istifadə olunur.
2. İslami siyasət: Cəmiyyətin fərdlər və cəmiyyət üçün məsləhətli olan nöqtəyə doğru istiqamətləndirilməsi və yönləndirilməsinə İslami siyasət deyilir. Belə bir siyasət peyğəmbərlər, övliyalar və ruhanilər üçün rəvayətlərdə sabit olmuş bir haldır.
Bəs həqiqət nədir? Səid Nursi özünü siyasi tərəfdən necə göstərib? Bunu bilmək üçün Nursinin fəaliyyətinə səthi  nəzər salmaq yetərlidir. “Volkan” qəzetindəki yazıları, fəaliyyəti dövründə bir neçə siyasi təşkilata üzv olması və hətta “Kürd Teali Cəmiyyəti” kimi siyasi təşkilatın yaradıcılarından olması onun siyasi baxışını bəlli edir.
“Şeytandan və siyasətdən Allaha pənah aparıram” deməsi və bu kimi ifadələr işlətməsinə gəldikdə, aydın olur ki, siyasi fəaliyyətinə dini düzən verən Nursi, niyyətinə daha tez çatmağı hədəfləyib.
Nursinin siyasətdən daha çox dinlə bağlı düşündüyünü iddia edənlər yəqin bəzi faktları tam unudublar. Tarixi məqamlar Nursinin nəinki siyasətlə məşğul olduğunu, hətta Qərbin və digər siyasi güclərin əlaltısına çevrildiyini üzə çıxardır. Nursinin müxtəlif xarici kəşfiyyat orqanlarına çalışdığını deyənlər, tarixin qaranlıq səhifələrinə işıq salmış olurlar. Onun rus xəfiyyəsinin agenti olduğunu iddia edən Nurəddin Pekər Türkiyədə çap etdirdiyi kitabında yazır: “Birinci dünya savaşında Nursi ilə bir yerdə döyüşürdük. Savaş zamanı Nursi ruslara, mən isə ingilislərə əsir düşdüm. Bundan bir qədər sonra o, yenidən geri qayıtdı və bildirdi ki, rusların əlindən qaçıb. Amma biz bilirdik ki, o, artıq rus xəfiyyəsinin nəzarətindədir və onu elə ruslar təlimatlandırırdı”.
Nurəddin Pekər o zaman Səid Nursinin rus kəşfiyyatçısı olması ilə bağlı yetərincə raport yazıldığını deyir.
Səid Nursinin həyatı və fəaliyyəti barədə araşdırmamız davam etdikcə, onun siyasi baxışları çılpaqlığı ilə özünü göstərəcək.
İlahiyyat elmlər doktoru, professor Neçet Çağatay Səid Nürsinin həyat və fəaliyyətini bir neçə cümlə ilə belə şərh edir: “Bu şəxsin ideologiyasının əsasında kürd millətçiliyi anlayışı durur. Atatürkçülük ideologiyasına qarşı “ümmətçilik” (vahid müsəlman milləti) anlayışı qoyan Nursinin əsas məqsədi kürd millətçiliyi ideyasını ortaya atmaqla türk millətçiliyini məhv etmək və bu prinsip əsasında müstəqil kürd dövləti ideyasını həyata keçirməkdən ibarətdir. 1945-ci ildən etibarən rəsmi olaraq Nurçuluq Hərəkatının ideoloji rəhbəri kimi qəbul edilib. Əsərlərinin bir qismində Məhəmməd Peyğəmbərin təqlidçisi olub, qeybdən səslər eşitdiyini, quşlarla danışdığını, ona vəhy verildiyini bildirib. Qurani-Kərimin ayrı-ayrı ayələrində “peyğəmbərliyinə” və yazdığı əsərlərə dair işarələr verildiyi iddialarını ortaya atan, ağlı azmış bir şəxsdir. Nə dediyini bilməyən bir psixi xəstənin öz sərsəm fikirlərini anlaşılmaz şəkildə ifadə etdiyi bir sıra əsərləri mövcuddur. Öz tərəfdarlarına daha çox kitab sataraq pul qazanmaq düşüncəsilə hərəkət edən Səid Nursinin müridləri bu əcaib kitabların ayrı-ayrı hissələrini bir yerə toplayaraq yeni kitablar çap edib. Bununla da Səid Nursinin yazdığı iddia olunan kitabların sayı 136-a çatdırılıb. Həmin kitabların çoxundan kürd Səidin xəbəri belə yoxdur.
Kürd Səidin ən böyük ideallarından biri “Kürdistan” adlandırdığı Şimal-Şərqi Anadolu ərazisində kürd dilində təhsil verən universitet yaratmaq və burada şəriətçi bir kürd dövlətinin təməlini qurmaq olub. 
Səid Nursi İstanbula ilk gəlişi zamanı kürd dilində təhsil verən universitet açmaq niyyətini həyata keçirmək üçün Sultan II Əbdülhəmidə bir müraciət göndərir. Müraciət “Kürdlər yenə möhtacdır” başlığı altında o zaman İstanbulda çap olunan “Şərq və Kürdistan” qəzetinin birinci nömrəsində dərc edilib. Altında “Molla Səidi Məşhur” imzası olan müraciətdə “Kürdistan” adlanan ərazinin üç nöqtəsində kürdlər üçün universitetler yaradılması tələb edilir”.

Səid Nursinin siyasi məqsədi

Səid Nursi hələ kiçik yaşlarında Nəqşibəndi təriqətinə girmiş, müxtəlif mədrəsələrdə (Molla Məhhəmməd Əmin mədrəsəsi, Mir Səid Vəli mədrəsəsi, Molla Fətullah mədrəsəsi) təhsil almışdır. Amma təhsilini hələ də məlum olmayan səbəblərə görə yarımçıq saxlamışdır. Gənc yaşlarında İstanbulda Sultan II Əbdülhəmid tərəfindən həbs edilmiş və dəlixanaya salınmışdır. (Sultan II Əbdülhəmid 1876-1908-ci illər Osmanlı imperatoru olub)
Nursi dəlixanadan çıxdıqdan sonra Əbdülhəmidə qarşı kəskin müxalifət mövqeyi sərgiləyib. O, “Dərviş Vəhdətin”, “Vulkan” və “Kürdistan” jurnalında məqalələr dərc etməklə bərabər, siyasi partiya olan “İttihadi Məhəmməd Firqəsi”nin qurucularından biri olub.
Bezmi Nüsrət Kaygusuz (Milli Mücadilə illərində Alaşehr Bələdiyyə sədri) Məşrutiyyət illərinə dair xatirəsində Səid Kürdi haqqında yazır: “İttihadçılar bu adamı çox təəccübləndirmişdilər. Əvəllər Səidi Kürdiyə böyük bir hörmət göstərdilər. Guya kürd məsələsində ondan istifadə edəcəkdilər. Halbuki göstərilən hörməti öz haqqı hesab edib, özünü yüksəklərdə hiss etdi. Zamanının Mehdisi kimi hərəkət etməyə başladı. İllərdən sonra da ağlı başına gəlməyib. Yeni bir təriqət və onun piri olmaq üçün çalışdığı eşidilir. Hələ də Nurçu olaraq bilinməkdədir”.  (Yaxın Şərq və Türk coğrafiyasında kürd kartı – keçmişi və bu günü)
Osmanlı məğlub olduqdan sonra Səid Nursinin fəaliyyəti daha da genişlənir. Kürd separatçılığını dəstəkləmək üçün İstanbulda qurulan “Kürdistan Teali Cəmiyyətinin” qurucuları arasında yer alır. Bununla birlikdə “Şərq və Kürdistan” və “Kürd təavün və tərəqqi” kimi qəzetlərdə kürdlük haqda məqalələr yazır. Bu məqalələr daha sonra davamçıları tərəfindən dəyişdirilsə də, fakt faktlığında qalır. Tarixi izləri tam silmək mümkün olmur. Türk (latın) hərfləri ilə çap olunan kitablarında kürdlüyə aid yerlər çıxarılmışdır. Məsələn, Nursinin “İki məktəbi müsibətin şəhadətnaməsi, yaxud Divani hərbi örfi və Səidi Kürdi” adlı kitabının “Hatimə” bölməsi latınca çap olunarkən tərəfdarları tərəfindən dəyişdirilmişdir.
“Hatimi”nin əsas mətni belədir: “Ey Assurilər və Keyanilərin cahangirlik zamanında piştar qəhrəman əsgərləri olan aslan kürdlər. 500 ildir yatdığınız bəsdir. Artıq oyanın, sabahdır. Həm də milliyət deyilən mazi (keçmiş) dərələrində və hal səhralarından və istiqbal dağlarında guşənişin olan Rüstəm Zal, Səlahəddin Əyyubi kimi kürd qəhrəmanları ilə bir çadırda oturan ailə kimi”.
Türkcə çap olunan mətn isə belədir: “Ey keçmiş dövrlərinin qəhraman, cahangir Asya ordularının davamçısı olan vətəndaşlarım və qardaşlarım. Səlahəddin Əyyubi və Xarəzmşah Cəlaləddin və Sultan Səlim və Barbaros Hayrəddin və Rüstəm Zal kimi əcdadlarımız  formasına gətirilmişdir”.
İngiltərə Hərbi Hava Qüvvələri Komandanlığının Bağdaddan yazdığı raportda, kürdləri türklərə qarşı üsyana qaldırmaq üçün qurulmuş “Kürdistan Teali Cəmiyyəti”nin qurucuları arasında Səid Nursinin də adı var. Nursi bu cəmiyyətə Müküslü Həmzə və Botkili Xəlil İbrahim bəylə bilrikdə üzv yığmaqla məşğul olmuşdur. İşğal dövründə işğal güclərinin (ABŞ, İngiltərə, Fransa) İstanbuldakı komandirlərilə görüşlər keçirən cəmiyyət üzvləri işğalçılardan “kürd milli haqqlarının əldə olunması üçün onlara kömək edilməsini” istəyirdilər. ABŞ baş komissarı ilə görüşdə Seyid Əbdülqadir, Emin Əli Bədirxan, Məhmət Şükrü ilə yanaşı Səid Nursi də iştirak edib. Yəni Nursinin də daxil olduğu kürd heyəti, İstanbul işğalı, türk milləti istiqlal müharibəsi verərkən işğalçılardan kürd dövləti qurulmasına kömək etmələrini istəyib. İttihadçılar “qövümçülüyü” (milliyətçiliyi) qəbul etməyən zaman, Nursi kürd milliyətçisi kimi fəaliyyət göstərirdi (Yaxın Şərq və Türk coğrafiyasında kürd kartı – keçmişi və bu günü).
Səid Nursi kürd milliyyətçiliyinə çox məharətlə dini libas geyindirə bilmişdi. Onun kürd təəssübkeşliyi ifrata varmışdı. Səid Diyarbakrda millətçilik sevgisini Mehmet Ziya Gökalpa (yazar, şair və siyasətçi, eyni zamanda Türkiyə Böyük Millət Məclisinin üzvü olub və türk milliyyətçiliyinin atası olaraq xatırlanır) belə izhar edir: “Bir baş soğanı, bir qızıl almaya dəyişmərəm”.
Bu ifadədə kürdləri soğana bənzədərək, digər millətlər qızıl olsa belə dəyişmərəm, deməklə siyasi hədəfini dolayısı ilə çatdırır.
Nursi haqqında 2011-ci ildə Amerikada çəkilmiş “Hürr adam” filmində də bəzi məqamlar diqqətimdən yayınmadı. Onun kürd millətçisi olduğu filimdə tam çılpaqlığı ilə gözə çarpır. Filmin çox şişirdildiyini, həqiqətləri əks etdirmədiyini nəzərə almasaq, belə, Səidin məqsədini gizlətmək olmur.
Türk tarixçisi Qadir Misiroğlu “Hürr adam” filiminin tarixi həqiqət üzündən deyil, nurçuların məkrli məqsədlərinə görə çəkildiyini vurğulayır. Tarixçi, filimdə göstərilən Səid Nursi ilə Mustafa Kamal Atatürkün dialoq səhnəsini misal gətirərək deyir: “Bu filmdə göstərilənlər düzgün deyil. Səid Nursi Mustafa Kamalla barışmaz mövqedə olub. Filmdə yer alan səhnələrin böyük əksəriyyəti yalandır. Heç kimin, hətta nurçuların da bilmədiyi bir şeyi demək istəyirəm. Mən Eskişəhr əsgəri cəza evində Ahmed Husrev Altınbaşakla dörd ay bir hücrədə yatmışam. (Ahmed Husrev Altınbaşak 1899-cu ildə İspartada dünyaya gəlib. Məktəbi bitirəndən sonra Bati Cəbhəsində Qurtuluş savaşına qatılıb. 1931-ci ildə Səid Kürdi ilə tanış olub. Eskisehir (1935), Denizli (1944), Afyon (1948), Isparta (1960), Eskisehir (1971) cəza evlərində yeddi il həbsdə qalmışdır. Nursinin çox yaxın silahdaşlarından hesab olunur. Müəllif). Ondan çox şey öyrəndim. Cəza evində olanda Husrev Altınbaşak mənə dedi ki, Səid Nursi Mustafa Kamalı xəncərlə qətlə yetirmək istəyirmiş. Nursi özü Altınbaşaka danışıb. O zaman Mustafa, Atatürk deyilmiş. Nursi qərara gəlir ki, Mustafanı öldürməlidir. Xəncərlə arxadan Mustafa Kamalı vurmaq istəyəndə, dövrün qütbü (zamanın sahibi) özünü çatdırır. Nursinin qarşısında dayanıb deyir ki, bu işi  görmə, öldürmə. Səid deyir: Mustafanın axırzaman fitnəsi olduğunu başa düşdüm və bu işdən çəkildim. Dövrün qütbünün məsləhəti ilə kənara çəkilib uyğun zaman gözlədim” (youtube.com).
Buradan daha bir həqiqət üzə çıxır. Nursi vəhy aldığını iddia edir. O, “Nur Risalələri”nin də məhz Quran göndərilən mənbədən gəldiyini dəfələrlə vurğulayıb.
Elə həmin filmdə Səid deyir: “Mən Kürdistan dağlarında hürr yaşamışam. Təhdidləriniz mənə təsir etməz”.
Filmdə Səidin müdafiəsinə qalxan və onun kitablarını yazanların böyük əksəriyyəti, xüsusən valideynləri bir kəlmə də türk sözü işlətmir, ancaq kürd dilində danışırlar. Səidin şagirdlərinə müraciətində daha çox millətçilik mesajları yer alır.
Filmdə bir epizodi qeyd edirəm. Valideynləri Səid Nursini cəza evində ziyarət etməyə gələndə anası ona Kürdistan dağlarının kəkotusu və doğulduğu kəndin torpağından gətirir. Kürd dilində Səidə deyir: “Oğlum bu, “Kürdistan” dağlarının kəkotusu və kəndimizin torpağıdır”. Nursi isə onları alıb qoxuyur və bağrına basıb, dodaqaltı nəsə pıçıldayır.
Əslində onun kürd dilində danışması və məhz kürdlərin onu müdafiə etməsi o qədər də şişirdiləsi məsələ deyil. Bu faktları deməkdə məqsədim Səid Nursinin əsl hədəfini açıqlamaqdır. Dini hərəkat adı ilə siyasi hədəflər cızmaq məsələnin görünməz tərəfi və əsas mahiyyətidir. Müstəqil dövlətini, İslam dünyasında idarəçiliyi ələ keçirmək üçün Qərbin istismarçı siyasəti əsasında deyil, xalqının istəyi və kürd cəmiyyətinin sosial tələbinə görə qurmalı idi.
Müasir türk tarixçisi Sinan Meydan “Atatürk ilə Allah arasında” adlı kitabında bu məsələyə toxunub: “... Səid Kürdinin yaratdığı Nurçuluq dini cərəyan olmaqdan daha çox siyasi hərəkatdır. Bu barədə “Kürdistan” jurnalında bir sıra yazılarına rast gəlinir. Nursinin 31 mart üsyanına görə həbs olunub, sonra sərbəst buraxılması həyatının qaranlıq səhifələrindəndir. “Dərviş vəhdəti” adlı təşkilatda yer alan Səid Nursi sonra “İttihadi Muhammadı” adlı siyasi təşkilat yaradır. “Kürdistan Təali Cəmiyyəti” və “Kürd nəşri Cəmiyyəti” ilə əlaqələri barədə əlimizdə xüsusi məlumatlar var. Xüsusən “Kürdistan Təali Cəmiyyəti”nin yaradıcılarından biri olub. Lakin bu fəaliyyətini gizli saxlamağa cəhd etsə də, Bağdadda fəaliyyət göstərən ingilis cəsusunun İngiltərə Xarici İşlər Nazirliyinə göndərdiyi raportda “Kürdistan Təali Cəmiyyəti”ndə təsisçi olduğu bildirilir. “Kürdistan Təali Cəmiyyəti”nin məqsədi bəllidir - Güney Anadoluda bir Kürd dövləti qurmaq...”
Tarixçi elə həmin mənbədə qeyd edir ki, Səid Nursinin birinci dünya savaşında fəaliyyətində alman təsiri görünür: “Bildiyiniz kimi birinci dünya müharibəsində Osmanlı imperiyası Almaniya ilə birlikdə savaşa girir. Almaniyanın Osmanlı imperiyasının yanında döyüşməsi üçün bir cihad fətvasına ehtiyacı var idi. Almaniyanın təkidilə həmin cihad fətvasını hazırlayanlardan biri də Səid Nursi olub. Qurana görə isə qeyri-müsəlmanın təkidilə cihad əmri verilə bilməz. Sonra ruslara əsir düşən Nursi yenə almanlara sığınır və 1918-ci ildə İstanbula gəlir”.
Müəllif Səid Nursinin ruslara əsir düşməsi, sonra Avropa üzərindən Türkiyəyə qayıdışı barəsində heç bir bilgi olmadığını yazır. Ruslardan necə qurtulub? Niyə ruslardan qurtulandan sonra Avropaya gedib? Bu kimi suallar hələ də cavabsızdır. Cavabsızlıq isə Səidin həyatında qaranlıq səhifələrin sayını çoxaldır. 
Səid Nursinin həyatında, onun formalaşmasında çox önəmli bir isimə rast gəlirik – Əhməd Zane. Bu şəxs Səidin mənəvi liderlərindən və onu yetişdirənlərdən hesab olunur. Faiq Buludun “Əhməd Zanenin qələmindən kürdlərin bilinməyən dünyası” adlı bir kitabı var. O kitabda Nursinin mənəvi lideri hesab etdiyi şəxsin yazdıqları yer alıb. Bir qədərini sizinlə bölüşmək istəyirəm. Əhməd Zane yazır: “Allahın iradəsinə çaşdım. Nədən hər kəsə bir dövlət verdi, bu kürd toplumunu dövlətsiz və sahibsiz buraxdı? Bizim də sahib çıxanımız, qoruyanımız və dövlətimiz olsaydı viran evimizdə bayquşlar oxuya bilməzdi. Biz də türklərin və taciklərin köləsi olmazdıq”.
Əhməd Zane müstəqil “kürd dövləti”nin yaradılması istiqamətində çalışıb və onun bu fəaliyyəti Nursinin həyatında çox ciddi iz buraxıb.
Nəhayət Nursi günəşinin qürubu yaxınlaşır. Ömrünün son 10 ilində, başlatdığı hərəkatın kim(lər) tərəfindən yarandığını və hansı məqsəd(lər)lə qurulduğunu dolayısı ilə bəlli edir. 1950-ci il Türkiyədə Demokrat Partiyasının hakimiyyətə gəlməsi və siyasi nitqlərində sıx olaraq “dindən” istifadə etməsi ilə Nursinin də “ulduzu” parlamağa başlayır. Demokrat Partiyası iqtidarının başlaması ilə Səid artıq Amerika libası geyinmişdi. Nursi ömrünün son illərində istənilən libasa girə biləcəyini məharətlə nümayiş etdirir. Amerikaya mədhiyyə düzən Səid aşağdakı cümlə ilə “hər dövrün adamı” olduğunu sübut edir: “Yer kürəsinin indiki ən böyük dövləti Amerikanın bütün qüvvəti ilə din həqiqətlərinə tərəfdar çıxması və İslamiyyətlə Asiya və Afrikanın sükunət, səadət və sülh tapa biləcəyinə qərar verməsi və yeni “parlayan” İslam dövlətlərini oxşaması, təşviq etməsi və onlarla ittifaq qurması 45 il əvvəlki müddəanı sübut edir”.
 Beləliklə, əvvəl almanları, daha sonra amerikanları İslamın qurtarıcıları elan edən Səid Nursi əsl məqsədinin İslam dini deyil, öz şəxsi mənafeləri olduğunu açıqca göstərir.

Səid Nursinin Vatikana məktubu

Səid Nursinin başlatdığı Nurçuluq Hərəkatı müxtəlif yollarla Qərbə, xüsusən, Vatikana bağlılığı ilə digər İslam təmayüllü cərəyanlardan fərlənir. Nurçuluğun Vatikana bağlılığı nə qədər gizlədilsə də, gün kimi aydın həqiqət hardansa təzahür etməlidir. O qədər də zəhmət tələb etməyən araşdırma bir çox həqiqəti üzə çıxardır. Nurçuluq hərəkatının banisi hesab olunan Səid Nursinin Qərbə daha çox meyllənməsi, başlatdığı hərəkatı şübhə altına alır. XX əsrin əvvəlləri ingilislərin Şərq ölkələri üzərində hegamonluq siyasətini və yuxarıda da qeyd etdiyimiz bir faktı – Bağdaddan ingilis cəsusunun İngiltərə Xarici İşlər Nazirliyinə göndərdiyi raportda Səid Nursinin adı xüsusi formada, altından qırmızı xətt çəkilərək qeyd olunmasını nəzərə alsaq, şühbələrə bir qədər aydınlıq gəlir. Bu faktlara Nursinin Vatikana məktubunu da əlavə etsək, şübhələr əminliyə çevrilə bilər. Belə ki, Mustafa Kamal Atatürk ölümündən 15 gün əvvəl bütün dünya müsəlmanlarına müraciət edir. Müraciətdə deyilir ki, hər bir müsəlman Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədi (s) örnək bilməli və ona itaət etməlidir. Nursi Mustafa Kamal Atatürkün ölümündən sonra bu müraciətdən ilhamlanıb Türkiyə Cumhur başkanına, bəzi millət vəkillərinə fəaliyyətini genişləndirməyə şərait yaradacaqlarını rica edən məktub yazır. Səid Nursi xüsusi olaraq Papaya da qardaşlıq məktubu ünvanlayır: “Yaz qardaşım Ceyla, Vatikan Papalıq Məqamına! Bu axır zamanda xristianlar, musəvilər və müsəlmanlar ixtilaf nöqtələrimizi bir kənara qoyub, ortaq düşmənimiz olan əxlaqsızlıq, dinsizlik və səfalətə qarşı birləşməliyik. Allah yolunda bir və bərabər olmalıyıq”. (“Hürr adam” filmindən parça).
Nursi bir neçə cümlə ilə bu günə qədər gəlib çıxan dinlər arası dialoqun əsasını qoyur: “... xristianlar, musəvilər və müsəlmanlar ixtilaf nöqtələrimizi bir kənara qoyub, ortaq düşmənimiz olan əxlaqsızlıq, dinsizlik və səfalətə qarşı birləşməliyik”.
Səid “ixtilaf nöqtələrimiz” deyəndə nəyi nəzərdə tutub? Bu üç səmavi dinin ixtilaf nöqtəsi nədir?  Nursinin nə düşündüyünü deyə bilməsəm də, səmavi dinlər arasında heç bir ixtilafın olmadığını tam məsuliyyətlə deyə bilərəm. Eyni mənbədən gələn dinlər arasında necə ixtilaf ola bilər? Quranda göstərildiyi kimi dinlər bir-birini təkmilləşdirir. Sonuncu din olaraq İslam dini ən kamil formada bəşərə təqdim olunub və özündən əvvəlki bütün səmavi dinləri nəsx edib. (Yəni əvvəlki dinlər təsir imkanlarını itirib və bəşərin sonuncu din olaraq İslama tapınması zəruridir). Bu məsələni bir misalla daha aydın izah etmək istəyirəm. Məsələn, Azərbaycan Respublikası Milli Məclisi 1992-ci ildə “Təhsil haqqında” qanun qəbul etdi. Bir müddət dövlət təhsil siyasətini həmin qanunla tənzimləyirdi. Sonra yeni tələblər qanunda əlavələri və dəyişiklikləri zəruri etdi və ölkəmizdə təhsilin daha səmərəli inkişafı üçün növbəti qanun qəbul edildi. Növbəti qanun qəbul edilən günə qədər təhsil siyasəti əvvəlki qanunla tənzimlənirdi. Son qanun əvvlkini sadəcə qüvvədən saldı. Bundan sonra kimsə əvvəlki qanunla hərəkət edə bilməz. Kimsə heç nəyə məhəl qoymadan əvvəlki qanuna uyğun nəsə eləsə, hətta cəzalana biləcək qədər ciddi təpki ilə üzləşə bilər.
Eyni zamanda heç kim deyə bilməz ki, yeni qəbul olunmuş qanun əvvəlki qanuna ziddir. Əksinə hamı sonrakı qanunu əvvəlkinin təkmilləşmiş forması hesab edir.
Səmavi dinlər də bu məntiqlə göndərilib. Mahiyyət eynidir – Allahın birliyi, peyğəmbərliyi qəbul etmək və ölümdən sonrakı həyata inam. Bu üç məsələ səmavi din(lər)in ana yasasının əsası hesab olunur. Əvvvəlki səmavi din daşıyıcılarının vəzifəsi də sonuncu ən kamil dinə - İslama etiqad etmələridir. Bu, əvvəlkilərin dini vəzifə borcudur. Kimlərsə bu vacib vəzifəni icra etməkdən çəkinirsə, deməli yersiz inadkarlıq edib və şəxsi maraqlarını düşünür. Quran deyir: “İslamdan başqa dinə uyğun əməl edən şəxslərin əməli qəbul olunmayacaq” (Ali-İmran surəsi).
Nursi “Allah yolunda bir və bərabər olmalıyıq” deməklə çox ciddi mesaj ötürüb. Məhz həmin mesaja istinad edən Fətullah Gülən xristian və yəhudilərin müsəlman olmadan cənnətə getmə ehtimalını gündəmə gətirir. Bu barədə daha geniş məlumatı Fətullah Gülənlə bağlı araşdırmada qeyd edəcəyik.

Nurçuluğun yaranmasında ingilis kəşfiyyatının izi

Nurçuluq XX əsrin ən mütəşəkkil dini cərəyanı hesab olunur. Gülənin “Hizmət”, Türkiyə cumhur başkanının isə örgüt adlandırdığı nurçuluq hərəkatının arxasında Qərbin maliyyə dairələrinin dayandığı da sirr deyil. “Rusiya-İslam-Dünyası” Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Şamil Sultanov hesab edir ki, Fətullah Gülən dünyada ən nəhəng, çoxqatlı, eşelonlaşmış mason təşkilatlarından birinə rəhbərlik edir: “Onun çol strukturu “Hizmət” hərəkatıdır ki, bütün dünyaya səpələnmiş yüzlərlə litsey, kollec, universitet, məscid, ibadət evləri, yataqxanalar və sair əhatə edir. Zahirən bu təşkilat cinayətə xidmət ideyasını təcəssüm etdirir. Daxilən isə heç kimə bəlli olmayan funksiyası var ki, o da istedadlı adamları arayıb tapmaq, təcrübəli kadrları əməkdaşlığa cəlb etməkdir. 
Gülən korporasiyası öz adamlarını ildən-ilə dövlət strukturlarına, hüquq-mühafizə orqanlarına, həmkarlar ittifaqına yerləşdirir. “Kadrlar hər şeyi həll edir” prinsipinin effektv realizasiyası dövlət içində dövlət yaradılmasına yol açır”.     
Araşdırmaçı-yazar İbrahim Həsənov “Nurçuluq təriqət deyil, sektadır” başlıqlı yazısında qeyd edir: “Bəhai cərəyanının Türkiyə variantı olan bu siyasi axarın başına o dövrdə Bitlisin Hizan rayonunda Nurs kəndindən Səid Nursini gətirdilər. Amma planı sırf kürdçülük təbliğatı və Səid Kürdi adı altında reallaşdırmaq çətin olduğundan, hansı ki bu yolla tərəfdar toplamaq mümkün olmadı, ingilis kəşfiyyatı ssenariyə dini don geyindirdi və Səid Kürdi adını Səid Nursiyə dəyişdi”.
Araşdırmaçı-yazar nurçuluğun yaranmasını XIX əsrin ortalarında yaranmış vəhhabizmlə müqayisə edir: “XIX əsrin ortalarından neftlə zəngin olan Ərəbistan yarımadasına girmək istəyən Britaniya həmin vaxt regiona nəzarət edən Osmanlı imperiyasını daxildən sarsıtmaq üçün ibn Vəhabı yeni islam təriqəti yaratmağa ruhlandırdı.
Bildiyimiz kimi bu gün dünyanı təhlükə içində saxlayan Vəhhabi cərəyanı, beləcə ingilislərin “parçala, hökm sür” planı əsasında meydana çıxdı. Nurçuluğun da vəhhabilik kimi eyni mərkəz tərəfindən və eyni məqsədlə yaradılması istər-istəməz insanı düşünməyə vadar edir.
Səid Nursi kürdistan cəmiyyətinin tapşırığı ilə milli kürd paltarı geyinir, boynunda durbin, belində tapança, başında poşu adlanan çalma İstanbula gəlir. Səid imzası altında yazdığı və mətndə kürd dilində təhsil verəcək məktəblər açmaq istədikləri deyilən məktubu böyük cürətlə Sultana verir. Bu cürətinə görə də o vaxt həbs edilir. Amma sonradan bağışlanaraq yaşadığı kəndə göndərilir”.
Qeyd edək ki, kürd xalqının öz dilində təhsil almaq istəyi yasaq deyil, bunu açıq şəkildə və heç bir siyasi rəng qatmadan etmək daha münasib olardı.
Səid Nursinin kitab yaza bilmək qədər savada sahib olmaması barədə tarixi mənbələrdə yetərincə məlumat yer alıb. Buna misal olaraq özünü “Bədiuzzaman” adlandıran bu şəxsin radiodan söz düşərkən işlətdiyi ifadələri demək kifayətdir. “Necə olur ki, burada danışanda dünyanın o başında eşitmək olur” – sualına Səid Kürdi belə cavab verib: “Radio bir qutudur, içində oturan mələklər bunu edir”. Amma çox maraqlıdır ki, ingilislərlə işbirliyinə girəndən sonra “fəlsəfi” kitabları üzə çıxır.     
Nur tələbələri isə Səid Kürdinin çox savadlı və müdrik filosof olduğunu iddia edirlər: “Sokrat və Pluton fəlsəfədə Səid Nursinin ancaq tələbəsi ola bilərlər”.

Səid Nursinin Musatafa Kamal Atatürkə məktubu: “İslam aləminin qəhrəmanı Paşa Həzrətləri”

Səid Nursinin Mustafa Kamalla barışmaz mövqeydə olmasına baxmayaraq, onun Atatürkü təqdir edən məktubuna da rast gəlirik. “İslam aləminin qəhrəmanı, Paşa həzrətləri” başlığı ilə başlayan məktubun 1922-ci ildə yazıldığı və Türkiyədə Cumhur Başkanlığı arxivində saxlanıldığı deyilir. 
Məktub Səid Nursinin fərqli düşüncəsini və mövqeyini ortaya çıxarır. Bir qədər əvvəl Mustafa Kamal haqqında axırzamanın fasiqi, dəccal və daha aşağılayan ifadələr işlətməkdən belə çəkinməyən Nursi məktubda Atatürkü İslam Qəhrəmanı adlandırır və onunla fəxr etdiyini vurğulayır: “İslam aləminin qəhrəmanı Paşa Həzrətləri! Ey şanlı Qazi, uca şəxsiyyətiniz həm müvəffəqiyyətli orduya, həm də uca Məclisə layiqli rəhbərlik edir”.
Nursi məktubu Mustafa Kamala nəsihətlə davam edir: 
 “Şübhəsiz ki, namaz müəyyən vaxtlarda möminlərə vacib olunub” (Nisa-103).  
İslam aləminin qəhrəmanı Paşa həzrətləri!
 Ey şanlı Qazi, uca şəxsiyyətiniz həm müvəffəqiyyətli orduya, həm də uca Məclisə layiqli rəhbərlik edir.
İki dünyada xoşbəxtlik və müvəffəqiyyətlərinizi cani- könüldən diləyən bu kasıbın, bir məsələdə 10 sözünü, tövsiyəsini, bir neçə nəsihətini dinləməyinizi rica edirəm.
Allahın verdiyi fövqəladə bu uğurların davamlı olması üçün bir təşəkkür lazımdır. Əgər nemətin şükrü olmasa əldən gedər. Allahın köməyilə Quranı düşmənin hücumlarından qurtardığınız üçün, Quranın ən açıq və qəti əmri olan “namaz” kimi fərzləri yerinə yetirməniz lazımdır. Beləcə namazın feyzi (elmi, bolluğu, həzzi) şahanə işləriniz üçün davamlı bir şəkildə üstünüzdə olsun və davam etsin.
İslam dünyasını xoşbəxt etdiniz, sevgilərini və yaxın maraqlarını qazandınız. Ancaq o yaxın maraq, əlaqə və sevginin davamlılığı, İslami həyatın gərəklərini yerinə yetirməklə olur. Çünki müsəlmanlar, İslam adına sizi sevərlər. Siz də İslami yaşantınızla axirətinizi gücləndirin və İslamiyyətə bağlılığınızı ortaya qoyun.
Siz və silah yoldaşlarınız olan qəhrəmanlar, bu dünyada Allah dostları hökmündə olan qazi və şəhidlərə komandirlik etdiniz. Bu sadə, boş, şan və şərəfli dünya sizin kimi uca ruhlu, xarakterli insanları aldatmaq gücündə deyil.
Bu millətin müsəlman icmaları dinini tam görmək istər. Hətta bütün Kürdistanda, vəzifə verilən bütün məmurlara istiqamətli ilk əvvəl soruşulan sual budur: “Görəsən namaz qılırmı?” Namaz qılan məmura qətiliklə güvənərlər, qılmayan məmur da nə qədər müvəffəqiyyətli və təsirli olsa belə onlara görə günahkardır. Bir zamanlar “Beytüşşəbab” tayfalarından üsyan vardı. Mən getdim, soruşdum: “Səbəb nədir?” Dedilər ki: “Bələdiyyə sədrimiz namaz qılmır, rakı içirdi. Elə dinsizlərə necə itaət edəcəyik?” Bu sözü söyləyənlər də namazsız, həm də quldur (oğru, quldur) idilər.
Peyğəmbərlərin əksəriyyətinin Şərqdən, alim və alimlərin əhəmiyyətli bir qisminin isə Qərbdən çıxması, əzəli bir qədərin işarəsidir. Bu səbəblə Şərqi ayağa qaldıracaq din və ürəkdir, ağıl və fəlsəfə deyil. Şərqi oyatdıq, haqq etdiyi yerə gətirdiniz, o halda təbiətinə uyğun davranın. Əks halda bütün əməyiniz ya boşa gedər və ya uğurlarınız çox səthi qalar.
Düşməniniz və İslamiyyət düşməni olan məlun İngilis, İslam dininə qarşı olan etinasızlığımızdan çox istifadə etdi və edir. İslamiyyətin faydası və millətin təhlükəsizliyi üçün bu laqeydliyi aradan qaldırmamız lazımdır. İttihatçılar o qədər böyük, çalışqan, sabit olmalarına və fədakarlıq göstərmələrinə baxmayaraq, hətta İslamın oyanışına səbəb olduqları halda, dində qismən qeyri-ciddilik rəftarı göstərdikləri üçün içəridəki millət onlara nifrət etdi və dəyərsiz görüldülər. 
Küfr aləmi bütün vasitələrilə - mədəniyyəti, fəlsəfəsi, elm və texnikası, missyonerliyi ilə İslam aləminə hücum etsə də qalib gələ bilməyib. İslam aləmi üçün əhəmiyyətli və inqilab xüsusiyyətində bir iş etmək, ancaq İslamiyyətin qaydalarına təslimiyyətlə mümkün ola bilər. Əks ola bilməz və olmamışdır. Olsa belə qısa müddətdə sönüb getmişdir.
 Dinin zəifləyib təsirini itirməsinə səbəb olan alçaq Avropa mədəniyyəti cırılmağa üz tutduğu bir zamanda və Quran mədəniyyətinin ortaya çıxmasının vaxtı gəldiyi bir anda laqeyd və səhlənkar bir şəkildə “müsbət bir iş edilə bilməz”; mənfi və dağıdıcı işə isə İslam onsuz da möhtac deyil. Napolyona deyil, bəlkə Səlahəddin Əyyubi kimi İslam qəhrəmanlarına tabe olmanız lazımdır.
Sizin bu müvəffəqiyyətinizi, uca xidmətinizi təqdir edən və sizi canı könüldən sevənlərin əksəriyyəti inananlardır və xüsusilə xalq təbəqəsidir ki, bunlar da sağlam müsəlmandırlar. Sizi ciddi mənada sevər, sizə minnət duyarlar. Fədakarlığınızı təqdir edər, oyanışa keçmiş ən böyük və ən müdhiş bir qüvvəti sizə təqdim edərlər. 
Bir yolda doqquz yox olma, bir qurtuluş ehtimalı varsa, insan o qurtuluş yolunu seçməlidir. İndi 24 saatdan bir saatı işğal edən namaz kimi bir dini zəruriliyi tətbiqində yüzdə 99 qurtuluş ehtimalı vardır. Yalnız qəflət və tənbəllik kimi bir hisslə bəlkə dünyəvi bir zərər ola bilər. Halbuki fərzlərin tərk edilməsində doxsan doqquz zərər ehtimalı var. Yalnız qəflətə, azğınlığa dayanan tək bir qurtuluş ehtimalı ola bilər. Görəsən fərzlərin tərkinə nə bəhanə ola bilər? Ləyaqət buna necə icazə verir?
Sirri təvatür (möhkəm məlumatların, etibarlı adlar tərəfindən nəsildən nəsilə nəql edilməsi) və fikir birlikliyini əhatə edən hədsiz, xəbərləri və dəlilləri dinləməyən adamlarla həqiqi və ciddi bir iş görülməz. Bu böyük inqilabın təməl daşlarının möhkəm olması lazımdır. Bilirsiniz ki, əbədi düşmənləriniz və rəqibləriniz İslamın tələblərini məhv edirlər. Elə isə məcburi vəzifəniz İslamın tələblərini yaşatmaq və qorumaqdır. İslamın dəyərlərini yüngülə alma, millətin zəifliyini göstərir, zəiflik isə düşməni durdurmaz, əksinə cəsarətləndirir.  
“Allah bizə bəs edər. O, nə gözəl vəkildir!” (Ali-İmran-173)
“... O ən gözəl havadar, ən yaxşı imdada çatandır!” (Ənfal-40)

23 noyabr 1922-ci il Səidi Kürdi Məclis rəyasət 5/3218 Evraka 2/12/338 Hifzi”.

Səid Nursi “İslam qəhrəmanı” adlandırdığı Mustafa Kamala namazın vacib əmr olduğunu xatırladır. Amma əvvəlcə Atatürkə Quranı düşmən əlindən aldığını deyir: “Madam Allahın yardımı ilə Quranı düşmən hücumlarından qurtardınız, Quranın ən açıq və qəti əmri olan namazı əda etməyiniz vacibdir”.
“Quranı düşmən hücumlarından qurtardınız” deyəndə, görəsən Səid hansı düşməni nəzərdə tutub? Sonralar özünü varisi hesab etdiyi Osmanlı dövlətinimi? Məktubun yazılma tarixini və hansı siyasi dövrə təsadüf etdiyini nəzərə alanda Nursinin siyasi manevrəsi aydın görünür. Bu məktub Türkiyədə Cümhuriyyətin bərpasının ilk illərində yazılıb. Bir qədər əvvəl və bir qədər sonrakı siyası vəziyyəti araşdıranda Nursinin məqsədi üzə çıxır. Onun bu məktubdan hədəfi yeni yaranmış cumhuriyyətdə özünə yer eləmək idi. Sonra hədəfinə çatmayacağını başa düşən Səid Cumhuriyyətə və Mustafa Kamala müxalif olub. 
Səid Nursinin Mustafa Kamala ünvanladığı məktubun bir necə cümləsini istisna etməklə ətraflı izah etmədən təqdim etdim. Lakin oxucuların düzgün nəticə çıxarmalarına yardımçı olmaq üçün bəzi məqamları qeyd etməyi zəruri hesab edirəm. 
Səid Türkiyədə respublika quruluşu tətbiq edildikdən sonra dünyəvi dövlətə qar¬şı çıxmış, yazılarında da dini dövlət modelini müdafiə etmişdi. O, müasir Türkiyə Cumhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkə qarşı mənfi münasibət göstərmiş və onu Dəccal adlandırmaqdan belə çəkinməmişdi. “Barla Məktubları” əsərində səhifə 53-də Atatürkü nəzərdə tutaraq yazır: “Tək gözlü Dəccal, ya iman et, ya bütün Dünyanın məsxərəsi olacaqsan”.
“Tiryak” risaləsi, səhifə 65-də “Türkiyənin siyasi rejimi Nur səadətini söndürməyə çalışmaqdadır. Kəmalistlər səviyyəsiz, anarxist kəslərdir” deyilmişdir.
“Məsnəvi Nuriyə” risaləsi, səhifə 80 və 82-də isə belə yazır: “İslam aləmində ediləcək inqilablar, İslami əsaslara uyğun olmaq məcburiyyətindədir. Əks təqdirdə qeyri-qanunidir, bu baxımdan Məclis eyni zamanda xilafət funksiyası yerinə yetirməlidir”.
Qeyd edim ki, bir qədər əvvəl qeyd etdiyim Səid Nursinin Mustafa Kamal Atatürkə ünvanladığı on maddədən ibarət məktubunu, bəzi tarixi mənbələr Nursinin Türkiyə Böyük Millət Məclisində çıxışı kimi göstərib. Orxan Babazadə “Nurçuluq və Fətullah Gülən camaatı” adlı kitabında yazır: “1920-ci ildə ingilislər İstanbulu işğal etdikdən sonra xalqın işğalçılara qarşı istiqlal mübarizəsinə qalxması üçün qəzetlərdə məqalələrlə çıxış etməyə başlayır. O, Mustafa Kamal Paşanın da yer aldığı Anadoludakı “Quvayi-milliyə” adlı müstəqillik uğrunda mübarizə aparan hərəkata qoşulur, lakin Şeyxulislam Dürrizadə bu hərəkatın “hakimə qarşı asilik” olduğunu, “Quvayi-bağiyə” (quldur, asi qüvvələr) adlandıraraq əleyhinə fətva verir. Bu fətva 20 aprel 1920-ci il “Dürrizadə fətvası” kimi tarixə düşmüşdür. Lakin Səid Nursi bu fətvanı rədd edir və düşmənə qarşı vuruşmağın asilik olmadığını bildirir. Onun bu davranışı azadlıq və müstəqillik uğrunda savaşanların diqqətindən yayınmır və Ankarada yeni qurulan Türkiyə Böyük Millət Məclisinə dəvət edilməsinə səbəb olur. Burada Atatürklə görüşdüyü bildirilir. Məclisin ikinci iclasında dinləyici kimi iştirak edən Səid Nursi Türkiyənin istiqlal mübarizəsində və yeni qurulan inzibati idarəetmə sistemində dini dəyərlərdən geniş istifadə edilməsini də özündə əks etdirən on maddəlik təklif irəli sürür. Səid Nursi gənclərin dünyəvilik prinsipini önə sürməsini bəyənmir və onlara müxalif mövqedən çıxış edirdi. Məclisdəki çıxışından istiqlal savaşına daha çox xilafət uğrunda mübarizə kimi baxdığı aydınlaşır və bu yanaşma millət vəkillərinin kəskin etirazlarına səbəb olur. 
Bu görüşdən sonra onun baxışları ilə yeni yaranan dövlətin dinə münasibətinin üst-üstə düşmədiyini anlayır və siyasətdən uzaqlaşmaq qərarına gəlir”. 

Nur şagirdləri və vəzifələri

Bir daha qeyd edirəm ki, Nurçuluq XX əsrdə Səid Nursinin yaratdığı ideoloji siyasi cərəyanın adıdır. Lakin bu cərəyanı daha çox dini hərəkat kimi təqdim etməyi bacarıblar. Bu cərəyanın ardıcıllarına “nurçular” deyilir. “Nurçu” sözünün həm “Səid Nursi tərəfdarı”, həm də “nur ideologiyasının ardıcılı” mənasını daşıdığını bildirirlər. Nurçular öz təbliğat şəbəkələrinin iş prinsipini “hizmət” (xidmət) adlandırırlar.
Nurçuluğun əsasları isə Nursinin “Risaleyi-Nur” külliyatında ifadə olunub.
Nurçuluqda ən əsas dini qaynaq “Risaleyi-Nur" sayılır. Nurçula¬rın hər biri “Nur məktəbi”nin şagirdi hesab olunur.
Nurçular fiqhi məsələlərdə hənəfi məzhəbinə inanclıdırlar. Lakin fiqhi məsələlər onlar üçün çox önəmli hesab olunmur. Ənənəvi sünni məzhəblərində güclü olan şəriətçiliyə nurçuluqda rast gəlmirik.
Nurçuluq sufilikdən də xeyli fərqlənir. Eyni zamanda sufiliklə bölüşdüyü cəhətlər də var. Nurçuluqda xüsusi zikr qaydaları, riyazət, xirqə almaq, çilə və sair ayinlərə rast gəlinmir. Lakin heç bir şərt filan olmadan Səid Kürdiyə tabe olmaq nurçuluğu onu sufilikdəki mürşid iyerarxiyasına yaxınlaşdırır.
Maraqlı və diqqətimi daha çox cəlb edən məsələlərdən biri də nurçuların fəaliyyətində missionerlərə xas olan cəhətləri aydın görməkdir. Bu barədə sonrakı bölmələrdə əhatəli bəhs edəcəm.
Səid Nursinin təlimlərində İslamın rəmzlərlə şərhinə (təvilə) böyük önəm verilir, əbcəd hesabı və sairədən geniş istifadə olunur. Nursiyə görə, Quran ayələrinin fərqli məna qatları vardır.  
Nur şagirdlərinin nurçuluğa girə bilmələri üçün o məhəllədəki ən böyük nurçuya qarşı bəzi təəhhüdlərdə olmaları lazımdır. Nurçuların olduqları yerlərdə nurçuluq ilə əlaqədar hadisələri nur böyüklərinə bildirmələri də məcburidir. Nurçuluğun xüsusilə ordu mənsubları arasında yayılmasına çox əhəmiyyət verilir.
Nur tələbələri haqqında həqiqətə uyğun olmayan kifayət qədər cəfəngiyata rast gəlirik. Səid “Risaleyi Nur"da nur tələbələri haqqında xəyalına gələn nə varsa danışıb. “Tarixçeyi Həyati” kitabında yazır: “Risaleyi Nuru həyat qayəsi edən nur tələbələrinin yüz adam qüvvəsində olmalarıdır. Yüz kitabın üzünü köçürən tələbənin İslama və imana xidmət etdiyi, əhli-həqiqət tərəfindən qəbul və təsdiq edilmişdir”.
Nursi guya nur tələbələri haqqında səmadan vəhy alırmış: “Qardaşlarım bu günlərdə biri Risaleyi Nur tələbələrinə, digəri isə özümə aid iki məsələ endirildi....Risaleyi Nurun sadiq tələbələri imanla qəbrə gedəcəklər və cənnət əhli olacaqları qüdsi bir müjdə və qüvvətli bir bəşarətlə göstərilmişdir” (Kastamonu Lahikası).
Bu fikir Quranla tam ziddir. Çünki Quran “...Allah yanında ən dəyərli şəxs təqvası çox olandır” deyir. Nursi isə nur tələbələrini cənnət əhli kimi təqdim etməklə, sanki Allahın görəcəyi işə müdaxilə edir.

Nurçuluğun bölünməsi

Nur şagirdləri arasında yaranmış ixtilafın əsası əslində 1955-1957 illərdə Qurani Kərimin və Nur risalələrinin yazılışı zamanı qoyulub. Nursinin vəfatından sonra daha aşkar hala keçərək müxtəlif qruplara bölünmüşlər.
Xosrov Altınbaşakın başçılığı altında bir qrup “Risaleyi-Nur”-un yalnız ərəb əlifbası ilə və əllə yazılmasını qəbul edir, bu kitabın çap olunmuş variantını düzgün hesab etmir. Bu qrupa “Yazıçı Nurçular” deyilir. Bunlara müxalif olan “Oxucular” qrupu isə “Risaleyi-Nur”un mətbəələrdə latın əlifbası ilə çap olunub xalq arasında yayılmasının tərəfdarıdır. Bunlardan əlavə, nurçuluğun əsasən öz liderlərinin adı ilə adlandırılan “Kutlular” (Yeni Asya), Sunqur Ağabey, Kırkıncı Hoca, Said Özdəmir, Mehmet Fırıncı (Nesil), Abdullah Yegin, Mehmet Kürdoğlu kimi şaxələri də mövcuddur. Bunlardan bir hissəsi kitab nəşrinə (“Risaleyi-Nur” külliyatının çapı və yayımı), bir hissəsi qəzet və jurnal nəşrinə, bir hissəsi də televiziya və radio yayımçılığına üstünlük verir. Türkiyədə bir çox iri nəşriyyat, qəzet, radio və telekanal bunların əlindədir.  Kütləvi İnformasiya Vasitələrində, vəqf qurumlarında, bank sistemində və dövlət orqanlarında hərəkatın şəbəkəsi yaradılır.
“Oxucular” qrupunun ən fəal və daha çox coğrafiyanı əhatə edən şöbəsi Fətullah Gülənçilər, yaxud “Hizmət” camaatıdır. Nurçuluq, Fətullaçılığı istisna etməklə Türkiyə sərhəddini aşa bilməyib. “Hizmət” cammatı kimi tanınan Fətullah Gülənçilər isə günümüzün ən təhlükəli dini cərəyanlarından hesab olunur.

Комментариев нет:

Отправить комментарий