Страницы

24.08.2016

Planer mühəndisliyindən səhra tülkülüyünədək: Rommelin hekayəti

Mətləb Ağa

Şimali Afrikadakı səhra əməliyyatları zamanı cəsarətli və aqressiv taktika ustalığını qeyri-insani vəziyyətlərdə insani davranışlarıyla tarazlaşdırması onun reputasiyasının tarix üçün özünəməxsus cizgilərini müəyyənləşdirir...
Söhbət, Liviyada və Misirdə “Çöl siçanları” adıyla tanınan ingilis silahlılarıyla döyüşlərdə hərbi bacarığına görə ingilis mətbuatının verdiyi və dostlarının hörmətlə, düşmənlərininsə rəğbət qarışıq qorxuyla razılaşdıqları “Səhra tülküsü” ləqəbli feldmarşal Ervin Rommeldən (tam adı-Ervin Eygen İohan Rommel) gedir .
Bu qeydləri yazarkən həm də 1951-ci ildə ABŞ-da rejissor Henri Heteueyin çəkdiyi “Çöl tülküsü: Rommelin hekayəsi” filminə baxdım. Ekran əsəri də saysız-hesabsız mənbələrdən fərqlənmir – Rommelin şəxsi və “soyuq”  hərbçi reputasiyasının “istiləş-məsinə” yönəlib.
Tarixçilərin çoxu onu mərd və alicənab biri sayırlar ki, II Dünya müharibəsində digər hitlerçi rəhbərlərdə məhz bu keyfiyyətlər çatışmırdı.
Rommelin məşhur Afrika korpusu hər hansı müharibə cinayətlərində günahkar bilinməyib.
Əskərləri arasında o, heyranlıqla yoğrulmuş hörmət mənbəyiydi. Əsir hərbçilərin edamına dair Hitlerin əmrlərini saya salmır, öldürülmüş düşmənlərin hərbi qaydada dəfninə etiraz etmir, yaralı müttəfiq əskərlərinə ərzaq verilməsinə və tibbi yardım göstərilməsinə  göz yumurdu. Mülki əhalinin məhvinə mane olur və “nifrətsiz müharibə” istəyirdi.
Rommelin fürerin əmrlərinə etinasızlığı barədə çoxlu faktlar var. Fransada döyüşərkən yəhudilərin deportasiyasına və öldürülməsinə qarşıydı. O, fürerə Üçüncü Reyxin irqi ayrı-seçkilik siyasətini bəyənməyən məktublar yazmış, Afrika əməliyyatlarında SS-çilərin kütləvi iştirakına razı olmamış və SS-in mülki şəxslərə qarşı törətdiyi vəhşiliklərə görə 1944-cü ildə Hitlerə şəxsən narazılığını bildirmişdi. Müttəfiqləri dayandırmaq məqsədi güdən “Atlantik Divarı”nın tikintisində fransız fəhlələrinin qul kimi istifadəsinə icazə verməmiş və əməklərinin qarşılığının ödənilməsini tapşırmışdı.
“Daş Reich” adlı dövlət qəzeti də daxil olmaqla rəsmi təbliğatın həmişə Rommelin faşizm pərəstişkarı və faşist hərəkatının öncüllərindən olduğunu gözə soxmasına baxmayaraq, onun heç vaxt Milli Sosialist Fəhlə Partiyasına  üzv olmadığını israr edənlər də var.
“Tər axıtmaq qan axıtmağın qarşısını alır”, “Qarşılıqlı müharibədə silahında bir güllə çox olan qalib gəlir” aforizmləri Rommelə məxsudur.
“İnsanların əsas cəhətləri ağıllılıq və axmaqlıq, çalışqanlıq və tənbəllikdir. Axmaq və çalışqan olanlar təhlükəlidir, mən onları kənarlaşdırıram, axmaq və tənbəl olanlara xırda vəzifələr tapşırıram, ağıllı və çalışqan olanlarla birlikdə işləyirəm, ağıllı və tənbəl olanlarısa rəhbərliyə gətirirəm.” Bu sözləri də, dəqiq olmasa da, Rommelə aid edirlər.
İki uşaq atası olan  Rommel 1913-cü ildə Valburqa Stremmerdən doğulmuş qızı Hertrudanı cəmiyyətdə tez-tez özünün bacısı qızı adıyla təqdim etməsinə baxmayaraq, əslində qayğıkeş ataydı. İllər boyu Hertrudaya yüz əllidən artıq  məktub yazması bunu təsdiq edir. Faktdır ki, Şimali Afrika əməliyyatlarında feldmarşalın taxdığı  dama-dama (şotland) şərfini qızı toxumuşdu.
Dövrümüzdə Hertrudanın nəvəsi Yozef Pan şahidlik edir ki, meyvə satıcısı olmuş ulu nənəsi Valburqa, Rommeli həmişə sevmişdi. 1928-ci ilə, Rommelin Lusiyayla rəsmi nigahdan oğlu doğulana qədər (Rommel Lusiya Mollinlə 1916-cı ildə evlənmişdi) o, ümidliydi ki, övladı olmadığından qızının atası yanına qayıdacaq, lakin Rommelin xələfi anadan olduqda qadın bütün ümidlərini üzmüş və xalq arasında pnevmaniyadan ölməsi deyilsə də, əslində artıq dozada dərman qəbul edib intihar etmişdi. (Ancaq tarixi mənbələrə əsasən, Valburqanın 1928-ci ilin oktyabrında ölməsini qəbul etsək, Manfredin həmin ilin 24 dekabrında doğulması təsdiq olunduğundan Valburqa öldüyü zaman oğlanın dünyaya gəlməsindən deyil, Lusiyanın hamiləliyindən söhbət gedə bilərdi). Rommel Valburqayla ilk dəfə 1911-ci ildə görüşmüşdü, sevdiyi qızla ailə qurmağa yenə də atası mane olmuşdu, yəqin ki, ata meyvə satıcısıyla evlənməyin oğlunun gələcək şöhrətini zədələməsindən qorxurdu.
Manfred Rommel böyüdükdə SS sıralarına yazılmaq istəsə də, atası buna icazə vermədi və bu səbəbdən yeniyetmə “Luftwaffe”yə qoşuldu. Manfred  1947-ci ildə ali hüquq təhsili almaq üçün Tubingen Universitetinə daxil oldu,  rəsm çəkir və şeir yazırdı, Xristian  Demokrat Partiyasının üzvü kimi siyasətlə məşğul olurdu və 1974-cü ildən 1996-cı ilə qədər 22 il ərzində Ştutqart şəhərinin meri vəzifəsini tutmuşdu. Oğul Rommel atasının rəqibləri olmuş Bernard  Monthomeri və Corc Pattonun oğlanlarıyla dostluq münasibətlərinə malikdi və 2013-cü ildə 84 yaşında əziyyət çəkdiyi parkinson xəstəliyindən öldü.
Ailənin dörd uşağının - üç qardaş və bir bacının ikincisi olmuş Ervin 15 noyabr 1891-ci ildə Cənubi Almaniyadakı Heydenheym şəhərində doğulmuşdu. Təbiətin verdiyi istedad sayəsində hərbçi olsa da, bu, Rommelin birinci seçimi və öz arzusu deyildi. Gələcək feldmarşal mühəndis olmaq fikrindəydi və texniki sahədə bacarığı da vardı, belə ki, yeniyetməlik dövründə qısa məsafələrə uça bilən planer də hazırlamışdı. Lakin mühəndislik qabiliyyətinə baxmayaraq, orta məktəbdə riyaziyyat müəllimi və sonralar direktor işləyən atasının təkidilə Rommel 1910-cu ildə Dansiqdə (indiki Polşa, Qdansk) aşağı və orta rütbəli zabitlər hazırlayan məktəbə qəbul edilir və 1912-ci ilin yanvarında  oranı bitirib leytenant rütbəsi alır.
Üç fərqli Almaniyaya - Almaniya İmperiyası, Veymar Respublikası və Faşist Almaniyasına xidmət etmiş Heydenheymlinin müharibəylə ilk tanışlığı 1914-cü ildə oldu. Beş nəfərlik əskərlə min beş yüz nəfərlik düşməni əsir götürən Rommel, Kayzerin on beş minlik Alp Korpusunun dağ diviziyasında cəsarətli zabit kimi fərqlənirdi. Bu müharibədə o, dəmir Xaç mükafatının I və II dərəcələrinə layiq görülmüş, müharibənin sonuncu ilində yüz nəfərlik dəstəsilə qarşı tərəfin yeddi min əskərini tələyə salmasıyla yenidən diqqəti cəlb etmişdi.
Rommel 1929-1933-cü illərdə Drezden Piyadalar Məktəbində, 1935-1939-cu illərdə Podstam Hərb Akademiyasında müəllimlik edir, bu dekada ərzin-də “Piyada qoşunlarının hücumu” və ”Tank qoşun-larının hücumu” kitablarını yazır. Almaniya Polşanı işğal edərkən, Hitlerin mobil  qərargahının mühafizəsinə rəhbərliyi həyata keçirən Rommel yazıb bitirməyə vaxt çatdırmadığı  zirehli döyüş texnikasına aid üçüncü kitab üzərində çalışırdı.
1940-cı ilin əvvəllərində dahi taktikaçı Yeddinci zirehli avtomobil və tank diviziyasının başına gətirildi. Tezliklə Rommelin sayəsində əldə etdiyi cəld yerdəyişmə və hücuma keçmə bacarığıyla bu ordu "kabus diviziya" adıyla məşhurlaşdı. Təkcə ingilislər və fransızlar Rommelin qarşısını almağa çətinlik çəkmirdi, hətta Alman rəhbərliyi belə onun olduğu yeri müəyyənləşdirməyə gecikirdilər.
1941-ci ildə Şimali Afrikada italyanlar ingilislərin Səkkizinci ordusu tərəfindən sıxışdırılanda general-leytenant rütbəli keçmiş müəllim Şimali Afrika korpusuna komandan təyin edildi və bu müddətdə o, rütbəcə də yüksələrək alman ordusunun tarixində ən gənc feldmarşal oldu.
Rommelin Şimali Afrika uğurlarına diqqətlə yanaşan  Uinston Çörçill Nümayəndələr Palatasındakı çıxışında "Bizim rəqibimiz çox  bacarıqlı və cəsarətli generaldır” sözlərini işlətmişdi.
Corc Patton, Bernard Monthomeri və digər əsas müttəfiq generalları Rommelə hörmətlərini izhar etməkdən heç vaxt çəkinməmiş və əvəzində düşmən feldmarşaldan qarşılıq görmüşdülər. Rommel Montho-merinin Afrikadakı komandanlığı haqqında “o, heç zaman ciddi bir strateji səhvə yol vermədi” demişdi.
Yeri gəlmişkən, Corc Patton özü Almaniyanın qərbini işğal etdikdən sonra, “Alman ordusuyla müttəfiqliyə girərək Sovet İttifaqını işğal etməli olduqlarını” bildirdikdən bir neçə gün keçmədi ki, Almaniyada şübhəli şəkildə avtomobil qəzasında öldü.
Rommelin Afrikadakı yüksəlişi 1941-1942-ci illərdə onu Hitlerin sevimlisinə və barəsində ağızdolusu danışılan alman sərkərdəsinə çevirmişdi. Hətta 1942-ci ildə Bernard Monthomeriyə II Əl Əlameyn döyüşündə məğlub olması da  onun professionallığına kölgə sala bilməmişdi. Belə ki, Hitlerin “ya qələbə, ya ölüm” kimi sərsəm əmrinə baxmayaraq, müqavimət göstərməyin bütün ordunun itkisinə gətirib çıxaracağını yaxşı bildiyindən öz əsgərlərini ən az itkilərlə Tunisə qədər geri çəkməyi bacarmışdı. Bundan çox keçməmiş, 1943-cü ilin iyununda Afrika korpusu alman və italyanların müttəfiq qoşunları tərəfindən Afrikadan qovulmasıyla ləğv edildi.
Yenə 1943-cü ildə fürer, Fransaya gözlənilən müttəfiq hücumlarının qarşısını almaq üçün Rommelə “B” Ordular qrupunu tapşırdı, 1944-cü ildəsə, Rommelin avtomobili İngilis Hava Qüvvələrinin hücumuna məruz qaldı və nəticədə Rommelin sürücüsü öldü, özü isə başından ciddi xəsarətlər aldı.
Hitlerin Şərqi Prussiyadakı qərargahına 20 iyul 1944-cü il tarixli bomba sui-qəsdini araşdıran müstəntiqlər Rommelin yaxın ətrafına və güman ki, şəxsən onun özünə çıxış əldə edirlər. Habelə, Faşist partiyasının Fransadakı rəsmiləri bildirmişdilər ki, Rommel orada olanda tez-tez faşist rejiminin cinayətlərindən danışırdı. Bundan başqa, Hitler polkovnik Hofackerin Rommelin əleyhinə ifadəsini şəxsən oxumuşdu. Hesab edilir ki, Rommel əslində Hitlerin həbs olunması və törətdiyi cinayətlərə görə məhkəməyə çıxarılmasının tərəfdarıydı. İndi bircə Rommeli necə aradan götürmək qalırdı. Feldmar-şalı  aşkar mühakimə etmək Hitlerin  nüfuzuna güclü zərbə vurardı, odur ki, ona zəhərli sianid kapsulu təklif edirlər. Əks halda, ona demişdilər ki, bütün yaxınlarını və ailəsini cəzalandıracaq, özüsə “xalq məhkəməsi”nə veriləcək.
Manfredin 27 aprel 1945-ci il tarixli ingiliscə yazılmış  məktubu atasının ölümünün təfərrüatlarını izah edir. General feldmarşal Vilhelm Keytelin zənginin ardından, 14 oktyabr 1944-cü ildə generallar Burgdorfla Meyzel Berlindən gələrək Rommellə iş otağında görüşür və birlikdə avtomobilə oturub çıxırlar. Yolda Meyzel və sürücü avtomobildən düşüb bir dəqiqə arasıyla avtomobilə qayıtdıqda Rommel artıq ölmüşdü. Hər halda, feldmarşal  generallarla getdikdən on beş dəqiqə sonra “dostları” ölümüylə bağlı zəng vurub ailəsinə başsağlığı vermişdilər (Hitler də daxil olmaqla, alman rəhbərliyi ard-arda dərin üzüntülərini ifadə edən başsağlığı məktubları imzalayırdılar). Rommelin müalicə edildiyi xəstəxananın baş həkimi də onun Müttəfiqlərin Normandiyada hava hücumları zamanı başından aldığı yaralardan öldüyünü bildirmişdi. Dramatik komediyanın finalında dəbdəbəli dəfn mərasimi təşkil edilir, milli matəm elan olunur və Rommelin müharibədə aldığı xəsarətlərdən ölməsi versiyası rəsmiləşdirilir.
Eyni zamanda, general feldmarşal Valter Model elan edir ki, ölkələrinin  böyük sərkərdələrindən birini aldığı yaralar səbəbiylə itiriblər.
Tarix ibrət götürməli hadisələrlə doludur, Model və Burgdorfun müttəfiq qüvvələrin qalibiyyətindən az əvvəl  başlarına atəş açaraq özlərini öldürmələri bu sıradandır. Keytelləsə, məsələ bir az başqa cür oldu, Müttəfiqlər onu Nurnberqdə mühakimə etdi və güllələnib öldürülmək barədə yalvarışlarına məhəl qoymayıb asdılar.
Müharibədən sonra Rommelin anti-faşist təqdimatına dair fikirlər xeyli artdı. Şərəfinə muzey yaradılmış III Reyx üzvü tək Rommeldir, hətta 1970-ci ildən 1998-ci ilədək xidmət etmiş raket eskadrilya mina gəmisinə adı verilmişdi. Almaniyada bir neçə küçə də onun adını daşıyır, doğma şəhərindəki heykəlisə, Rom-meli “tiraniyanın qurbanı, cəsur və mərd” bir adam kimi öyür.
Müəllif kimi, mənə gəldikdə isə, hesab edirəm ki, Rommel Hitlerə loyal və bacarıqlı bir hərbçiydi və Hitlerin anti-bəşəri cinayətlərinə görə Rommeli də mühakimə etmək lazımdır. Fikrimcə, feldmarşalı əvvəldən axıradək ancaq bir şey maraqlandırmış və o, təkcə bir məsələnin qayğısına qalmışdı ki, bu da onun öz hərbi karyerası və şəxsi reputasiyasıydı.
Hitlerin hakimiyyətə gəlişi zamanı onun yenidən silahlanma doktrinasını təqdir edən və Hitleri “millətin birləşdiricisi gücü” adlandıran, Polşanın işğalı zamanı arvadına “Hitler bizim üçün ən doğru olanı bilir” yazan, hətta fürerin imzalı “Mein Kampf” hədiyyə etdiyi Rommel müharibənin sonlarına yaxın yalnız ona görə müttəfiqlərlə danışıqların tərəfdarıydı ki, usta bir taktikaçı olaraq müharibənin tezliklə Almaniya üçün ən faciəli  sonluğla qurtaracağını yaxşı görürdü.
Çünki hər nə qədər insani keyfiyyətlərə malik olsa da, hər şeydən çox Rommel bu dünyaya gəlib-getmiş ən böyük hərb sənəti ustalarından biriydi, taktika sehrbazıydı və istəyəndə təbiəti və qazandığı təcrübə sayəsində “Səhra tülküsü” olmağı da çox yaxşı bacarırdı.

Комментариев нет:

Отправить комментарий