Страницы

26.08.2016

Müxalifət Əli İnsanovdan necə Mandella düzəldir: yaxud “ağ atlı həkim”

İnsanov vəzifədə olduğu dövrdə bircə dəfə olsun müsbət rəy qazana bilməyib

Keçmiş səhiyyə naziri Əli İnsanov Nelson Mandela ola bilməyəcək. Korrupsioner eks-nazir olsa-olsa hikkəli, xidmət etdiyi iqtidarın onu cəzalandırmasına görə sınmayan, prinsipial biri kimi tarixdə qala bilər.
Və o da bəllidir ki, Ə.İnsanov həbsdə olmasa və nazir postunda bu gün də qalsaydı, özünə qarşı nifrətin həddi-hüdudu ölçülməzdi. Zamanında medianı aşağılayan, kobud rəftarı ilə seçilən acıdil nazir səhiyyə sistemini ölümcül hala salmışdı. Bəli, Ə.İnsanov elədiyi əməllərin cəzasını yetərincə çəkib və məhkəməsində müxalifət liderlərindən də üzr istəyib. Doğrudur! Lakin… lakin kim zəmanət verə bilər ki Ə.İnsanov həbsdə yox, nazir postunda indi özünü necə aparacaqdı?!
Heç şübhəsiz ki, səhiyyə sahəsinin məhvində işini davam etdirəcək, korrupsiya fontan vuracaq, büdcə talanı, milyonların yeyintisi, xəstəxanalarda ölüm halları, şəxsi mal-mülklərini sayını artırmaq və s… Eynilə indiki səhiyyə naziri Oqtay Şirəliyevdən fərqli bir nazir olacağını gözləmək olmazdı. İctimaiyyət nazir İnsanovu da görüb, məhbus İnsanovu da…
Bu ayrı məsələdir ki, günahlarının yuyulması üçün tövbələr edib, səhvlərini etiraf edib, müxalifətə və mətbuata qarşı hərəkətlərindəki yanlışlığı anlayıb, məhkumluğu dövründə dustaqlara tibbi yardım göstərib, 11 il ərzində hakimiyyətə qarşı qətiyyətli, məğrur və yenilməz dayanıb, əfv yazmaqdan imtina edib və korrupsioner nazir şəxsi keyifyyətlərinə görə müsbət imic formalaşdıra bilib. Bu keyfiyyətləri həbsxanalarda müxtəlif dustaqlarda da tapmaq olar, qanuni oğru dünyasındakı nüfuzlu avtoritetlərdə də.
Ancaq müxalifət partiyalarının canfəşanlığı, dəridən-qabıqdan çıxması anlaşılan deyil. Sabiq nazir az qala liderə çevrilib, sanki azadlıqda olarkən düşərgəni pat vəziyyətindən çıxaracaq. Ömrünün 27 ilini həbsdə keçirən “dünyanın vicdanı” – Mandela ölkəsində ədalət və azadlığın bərqərar edilməsinə üçün aparteid rejiminə qarşı xalqla birgə mübarizə aparmışdı.
Onun təmiz bioqrafiyası, İnsanovdan fərqli olaraq xalq arasında nüfuzu, hörməti var idi və Mandela Cənubi Afrika Respublikasının prezidenti olur, qitənin inkişaf etmiş dövlətinə çevirir. Yəni vəzifə başında ikən ölkəsini talamır, korrupsiyanın çiçəkləndirmir, xalqa zülm etmir. Nazir İnsanov isə səhiyyəni uçuruma aparıb, xalqın narazı hakimiyyətinə xidmət edib, nənki qitənin, dünyanın ən geridəqalmış səhiyyə ölkələri siyahısında Azərbaycanı salmağa nail olub.
Belədirsə müxalifət İnsanovdan niyə qəhrəman düzədir? Müxalifət onun xalqın pullarına sahibləndiyi villalarını, obyektlərini, banklardakı hesablarını unudubmu? O Azərbaycan səhiyyəsinin onurğa sütununu qırıb, ölkə səhiyyəsini bərbad günə qoyub. Məhz korrupsioner fəaliyyətinə görə də həbs olunub. Müxalifət iqtidarın “vurulmuş”, nimdaş siyasətçilərinə bel bağlamaqdan yorulmadımı? Gültəkin Hacıbəyli, Rəsul Quliyev, Rüstəm İbrahimbəyov və indi də Əli İnsanov…
Təbii ki, İnsanova açılan yeni cinayət işi onun həbsdə saxlanmasına hesablanıb və sabiq nazirin hüquqları pozulub, qondarma ittihamla üzləşib. Onu həbsdə görmək arzusu da yoxdur. Hər halda 11 il cəza çəkmiş eks-nazir evinə getməli, ömrünün ahıl dövrünü ailəsinin yanında istirahət etməklə keçirməlidir. Amma heç bir halda müxalifətin lideri olmağa mənəvi haqqı yoxdur.
İndi düşərgənin tamamı gözünü 13 saylı cəzaçəkmə müəssisəsinə dikib: ən odioz fiqurlarından biri olan Əli İnsanov oradan çıxacaq və müxalifəti uğursuzluq zolağından çıxaracaq. Müxalifətin bir-biri ilə rəqabət aparan əsas komponentləri Əli İnsanovu öz yanlarında görmək üçün hər şeyə hazırdırlar. AXCP və Müsavatın Əli İnsanov uğrunda mübarizəsi xeyli əvvəldən başlayıb. Kənardan görünən isə budur ki, bu mübarizədə Müsavat Partiyası daha avantajlıdır – Müsavatın bir neçə rəhbər şəxsi Əli İnsanovla eyni müəssisədə cəza çəkib və onların yaxın dostluq münasibətləri var. Bu aspektdən yanaşanda Əli İnsanovun cəza evindən çıxandan sonra Müsavat Partiyasına qatılacağı ehtimalı daha yüksək görünür. Lakin məsələlər bəzən göründüyü kimi olmur…
Ümidləri çox şeydən üzülmüş, ənənəvi siyasət və manevrlərlə heç bir uğur qazanmayan müxalif elektorat bu dəfə də Əli İnsanov faktoruna ümidlənib. Düşərgənin bir sıra funksionerləri nə qədər desələr ki, onlarda lider problemi yoxdur.
Lakin görünən budur ki, belə bir problem var. Məhz bu səbəbdən də zaman-zaman kənar dalğalanmalar bütün düşərgəni həyəcanlandırır, ümidləndirir, yeni arzular yaradır. Əli İnsanov möhkəm və köhnə kişidir, yolundan dönmür, sınmır. Lakin onun başında hansı planların olduğunu kimsə bilmir.
İnsanovu tanıyanlar iddia edirlər ki, o, düşündüklərini, planlarını kənardan bəlli edən biri deyil və qəfil qərarlarla hər kəsi təəccübləndirə bilər. Eləcə də müxalifəti gözləntilərin sonunda məyus edəcəyi istisna deyil.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində, dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq, 2007-ci ilin aprel ayında əmlakı müsadirə və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunub. Allah qapısını açsın!!!

Çingiz Coşqun             cumhuriyyet.az

Комментариев нет:

Отправить комментарий