Страницы

07.08.2016

ƏƏSMN: YOXLAMALAR BAŞLAYIB, 250-300 MİN TƏLƏB EDİRLƏR

Nazirlikdəki “antikorrupsiya şousunun” mahiyyəti üzə çıxır!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) özünün tabeli qurumlarında – Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində (ƏSMM) yoxlamalara başlayıb.
Bu barədə azpolitika.info-ya nazirliyə yaxın mənbələrdən məlumat daxil olub. Lakin məlumatda bildirilir ki, bu yoxlamaların əsas hədəfi, Səlim Müslümovun nazir təyin olunduğu ilk dövrlərdə apardığı antikorrupsiya kampaniya şousunun görünən mahiyyəti ilə daban-dabana ziddiyyət təşkil edir. Belə ki, yoxlama aparılan Mərkəzlərin rəhbərlərindən sonda 250-300 min manat (!) pul tələb olunur.
“Bu işdə nazirliyin tələsik qərarlarına səbəb, Hesablama Palatasının onların “yetişdirdiyi məhsula” şərik ola biləcəyi qorxusudur. Belə ki, rayon ƏSMM-lərin fəaliyyətinin Hesablama Palatası tərəfindən yoxlanılması Səlim Müslümovu heç bir şəkildə qane etmir, hətta narazı salır. Odur ki Hesablama Palatasını qabaqlamağa çalışırlar”- deyə mənbə qeyd edir.
Mənbə nazirliyin yoxlamaya göndərdiyi şəxslərin rayon ƏSMM-lərin rəhbərlərindən tələb olunan məbləği almaq üçün xüsusi “innovativ” metoddan istifadə etdiyini iddia edir: “Belə ki, yoxlamaya gedənlər rayon ƏSMM-lərin rəhbərləri və işçilərini daha çox Kapital Bankın bankomatlarının yaddaşından fotoların çıxarılacağı ilə şantaj edir. Bilirlər ki, bəzi vətəndaşların ünvanlı sosial yardım kartları 7-8 ay işçilərdə olub. Sən demə indiyə qədər rayon ƏSMM-lərdə baş verən bu korrupsiya hallarına məqsədli şəkildə göz yumulurmuş ki, həmin idarələrə yoxlama göndərilən zaman daha çox pul qopara bilsinlər.
Yoxlama zamanı hiyləgərcəsinə işçilərə bildirilir ki, nazirlik sizdən, əvvəlki illərdə olduğu kimi aylıq haqq tələb etməyib, amma siz vətəndaşlardan bu qədər pul almısız. Hətta özlərini “təmiz” göstərmək üçün bildirirlər ki, əgər siz vətəndaşlardan rüşvət almasaydınız, nazirlik indi sizdən pul istəməzdi. Bu mexanizm həm də nazirlikdəki korrupsiya şəbəkəsini pərdələməyə imkan verir. Və yoxlama zamanı mərkəz işçilərindən daha çox pul almaq üçün istifadə edilir”.
Mənbənin sözlərinə görə, bununla həm korrupsiya şəbəkəsinin fəaliyyəti davam etdirilir, həm rahatca yüksək məbləğdə rüşvət toplanır, həm də ictimaiyyətdə və ölkə rəhbərliyində korrupsiyaya yol verilmədiyi rəyi yaradılır: “Bu hiyləgər metod kölgə iqtisadiyyatında olduğu kimi, korrupsiyanın da kölgə formasını yaratmaq deməkdir. Bu isə cəmiyyət və dövlət üçün ənənəvi korrupsiya şəbəkəsindən daha təhlükəlidir. Çünki yaradılan rəylə reallıq arasında ciddi təzad yaranır ki, bu da ikiqat təhlükəlidir. Hökumətin qeyd olunanların fərqində olmaması isə ancaq acı təəssüf doğurur. Ümid edirik ki, nəhayət, baş verənlərin ciddiliyini nəzərə alıb, ƏƏSMN-də korrupsiya şəbəkəsinə “dur” deyənlər tapılacaq”.

V. Nəsibov                azpolitika.info

Комментариев нет:

Отправить комментарий