Страницы

26.09.2016

Dilavər Əzimli Fazil Mustafaya: Sən deyildin Güləndən sarı yaxa cıran?

Sən deyildin ki, nurçuların məktəbləri bağlananda hay-küy salan? Sən deyildin ki, Fətullah Güləndən sarı yaxa cıran?

Tarixçi alim Dilavər Əzimli və deputat Fazil Mustafa arasında tarixi mövzular ətrafında mübahisə yaşanır. Bu mübahisə artıq ciddi qalmaqal səviyyəsinə çatıb. Tarixçi-alim Dilavər Əzimli musavat.com-a deputat Fazil Musatafa ilə yaşadığı mübahisə haqqında yazısını göndərib. Dilavər Əzimlinin həmin yazısını diqqətinizə çatdırırıq.

Fazil bəy hələ də başa düşmür ki, biz onunla nəyə görə döyüşürük? Başa düşür, amma söz fırlayır. Fazil bəy, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda tarixçilər komandası yetişibdir. Bu, Yaqub Mahmudovun əməyidir. İnstitutda qədim dilləri, ərəb və fars dillərini bilən tarixçilərin sayı artmaqdadır.
Gözümüzə öz kitablarını soxursan. Şəxsən mənim üçün maraqlı deyildir. Çünki mənim oxuduqlarım ondan qat-qat əhəmiyyətlidir. Mənim şöbə müdirim rəhmətlik Oktay Əfəndiyev deyirdi ki, əsl alim bütün ömrü boyu iki-üç monoqrafiya yaza bilər. Doğrudan da dünyanın əksər nəhəng tədqiqatçıları həyatında iki və yaxud üç monoqrafiya yazıblar. İstinad etdiyin Əhməd Zəki Vəlidir, Toğan da, Faruq Sümer də belələrindəndir. Çünki bir monoqrafiyaya an azı ömrünün 15-20 ilini verməlisən. Bu mənada gündə bir kitab yazanlar yalnız ondan-bundan köçürürlər.
Fazil bəy, Yaqub Mahmudov bizim instituta gələndən sonra əsl inqilab baş verdi. Bütün dövlər işlənməyə başlandı. Dünyanın bütün arxivləri bizim instituta gətirildi. Bunu Yaqub müəllim şəxsi kanalları ilə etdi. Yazırsan ki, institutda Dilavər Əzimlinin müridləri mənə qarşı hücum edirlər. Görünür ki, sən mürid və mürşid məsələlərini yaxşı bilmirsən. Çünki söykəndiyin təriqətlər ona qarşı olubdur. Səninlə teledebatda olanda da bunu anlamadın və qəbul etmədin. Mənə zəncir fəlsəfəsindən yazmağımı irad tutursan. Mən zəncir fəlsəfəsindən yazmamışam. Bu, sənin işindir. Çünki hüquqdan yaxşı bilgin olmadığı üçün fəlsəfəyə girişdin. Fəlsəfəyə kim istəsə gedə bilər. Çünki nə istəsən yaza bilərsən. Elmin var idisə, hüquqdan müdafiə edərdin. Bu, sənin ixtisasın idi. Amma nə edək, etmisən də...
Fazil bəy, mən zəncir vurmuşam. Etiraf edirəm. Amma bunu sən anlamazsan. Lənkəran batalyonu “Ya Hüseyn, ya Hüseyn” deyə-deyə ermənilərin mühasirəsini yarıb və onlara “Qurtuluş” batalyonu səs vermişdi. Onlar Qızılbaşlar idi. Sən Qızılbaşlığı qəbul etmirsən. Çünki təriqət baban - FETÖ bunun əleyhinədir.
Mən səndən nə istəyirəm: deyirəm ki, sözlərinə sərhəd qoy, təhqirə keçmə! Ayıbdır! Sən isə yazanda “axmaq” sözünü işlədirsən. Bu, sənin səviyyəndirmi? Yaxud hardan bilirsən ki, mən tarixi bilmirəm. Sən özün etiraf etmisən ki, o, yaxşı tarixçidir, amma düz danışmır. İndi isə dediklərini danırsan. Həmişə belə olmusan. Dediklərini dərhal danırsan.
Sən deyildin ki, nurçuların məktəbləri bağlananda hay-küy salan? Sən deyildin ki, Fətullah Güləndən sarı yaxa cıran? İndi isə hamısını danırsan. Mənim fazillik problemim yoxdur. Sənə də həmişə məsləhət görmüşəm ki, get hüquqla, fəlsəfə ilə məşğul ol.
Sən həvəskar tarixçi ola bilərsən, amma peşəkar ola bilməzsən. Mənim müdafiə işimdə 600-ə qədər ədəbiyyat var. Bunları iki mindən yuxarı ədəbiyyatdan seçmişəm. Yəni, iki min ədəbiyyata baxmışam. İndi sən deyirsən ki, savadsızsan. Mən BDU-nu səndən fərqli olaraq fərqlənmə ilə bitirmişəm. Aspiranturanı da fərqlənmə ilə bitirmişəm.
Rəhmətlik Ziya Bünyadov məndən Dövlət imtahanı götürüb. Daha sonra Ziya müəllim məni Şərqşünaslıq İnstitutuna dəvət etdi, amma getmədim, dedim ki, biz SSRİ-nin dağılması uğrunda döyüşürük. Onda səninlə eyni cərgədə döyüşürdük. Mənə dedi ki, peşiman olacaqsan, gəl bizimlə işlə. O zaman farsca təmiz bilirdim, amma getmədim. İndi düşünürəm ki, nahaq getmədim. Çünki onun dediyi düz çıxdı. O, demişdi ki, Elçibəyi ətrafı yaman günə qoyacaq və heç biri ona sədaqətli çıxmayacaq. O zaman inanmadım. Amma bunun şahidi oldum.
Mənim səninlə ədavətim yoxdur. Sadəcə sən Azərbaycanın tarixi şəxsiyyətlərini təhqir edirsən. Buna görə də sənə hücum edirik. Sənin kimilərinin fəaliyyətinə qarşı da orta məktəblərdə Yaqub Mahmudovun rəhbərliyi altında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” lahiyəsini davam etdiririk. Çünki bu ölkədən başqa heç bir ölkədə öz tarixi şəxsiyyətlərini təhqir etmirlər. Sonda bir daha vurğulayıram ki, nə zaman tarixi şəxsiyyətlərimizə qarşı çıxsan, qarşında məni görəcəksən!
P.S. Fazil bəy, adam böhtan atmaz. Sən palçığa batmısan və çıxa bilmirsən. Bu palçığın adı isə FETÖ-dür!!!”

Qeyd: Deputat Fazil Mustafanın mövqeyini də yayımlamağa hazırıq. /musavat.com/

Комментариев нет:

Отправить комментарий