Страницы

23.09.2016

Qəbul et səcdəmi

Gözəl insani keyfiyyətlərə malik, «Əməkdar müəllim» adına layiq görülmüş riyaziyyat müəllimim Hikmət Haqverdiyevə. Daim belə qürurlu görünəsiniz!

Qəbul et səcdəmi, odlu salamı,
Qəlbimdən kədəri sildir, Müəllim!
Çətin dolaylarda azan könlümü,
Şözünlə sevindir, güldür, Müəllim!

Yad edək, Müəllim, keçən günləri,
Köksümdə yaşayan məktəb illəri,
Hanı cavanlığın həzin yelləri,
Alışıb-yanıram, söndür, Müəllim!

Kefli İsgəndəri çağırım yenə,
Söyləsin bir fikir bu günkü günə!
Qibtə eyləyirəm Sabir dövrünə,
Qoy deyim "...Fəhlə"ni hündür, Müəllim!

Deyəsən, o "Mahnı dağlarda qaldı",
Nəsimi naləsi göyə ucaldı.
Ələsgər ah çəkdi, vaxtsız qocaldı,
Gözümdə dərdlərim mindi, Müəllim!

Durub yaddaşımda "26-lar"!
Neçə illərimi yedi yalanlar!
Daha qalmayıbdı Şamxal, Cahandar,
Söyləynən bu hansı gündür, Müəllim!

Deyirəm fələkdən nərd atım, udum,
Alınmır, özümü yandırır odum!
Qarlı zirvələrdə qalıb vücudum,
Kömək et, düz yola endir, Müəllim!

Xəzan üstələyir ömür bağımı,
Çevirir xəyala şirin çağımı.
Məndən küsüb gedən cavanlığımı
Şeirlə arxaya döndər, Müəllim!

...Nə qədər elimdən olsam da uzaq
Ruhum o dağlardan eyləyir soraq.
Göndərmək olarsa bir ovuc torpaq
Gözümə tutmağa göndər, Müəllim!

Od vurur könlümə fələyin işi,
Qocalan ömürə yetirir qışı.
Nə olar, vətəndə qalan keçmişi,
Xaliqin adından dindir, Müəllim!

Əkrəm Məlikov

Комментариев нет:

Отправить комментарий