Страницы

14.09.2016

TƏKLƏ ATLI POLKU

İbrahim Sel

 24 fevral 1885-ci ildə Rusiya İmperiyasının Xəzəryanı bölgələrində əmin-amanlığı qorumaq üçün Türkmən Atlı Dəstəsi yaradıldı. Həmin dəstə 7 noyabr 1892-ci ildə genişləndirilərək Türkmən Atlı-İrrequlyar Divizionuna çevrildi və konkret döyüş tapşırıqlarını yerinə yetirməyə başladı. Divizion podpolkovnik Pyotr Kalitinin rəhbərliyi altında İmperiyanın Əfqanıstan ilə sərhədlərini qoruyur və regionda kəşfiyyat işləri aparırdı. 10 iyun 1899-cu ildə Pyotr Kalitin Tersk Kazak Qoşunlarının 1-ci Volqa Polkuna komandir göndərildiyindən onun yerinə abxaz millətindən olan knyaz Malaxiy Marqaniya təyin olundu. Onun türkmənlər arasında böyük nüfuzu vardı. Türkmən əsgərlər ona “Mergen ağa” deyirdilər. Podpolkovnik rütbəsində olan Marqaniya hündürboy, əzələli adam idi, qışda qara, yayda ağ rəngli çerkeska deyilən Qarfaz milli geyimində gəzirdi. Ləyaqətli adam olduğundan hamıya hörmətlə yanaşırdı, dostlarına münasibətdə isə sadə və səmimi idi. Onun Aşqabaddakı evi həmişə qonaqlı-qaralı olurdu, onların içində türkmən igidləri üstünlük təşkil edirdi. Marqaniya hərbçi olmaqdan başqa həm də gözəl diplomat idi; türkmən və fars dillərində sərbəst danışdığndan onu tez-tez Türkistan xanları və İran şahının təbəələri ilə danışıqlara tərcüməçi kimi çağırırdılar. Marqaniya Divizionda nizam-intizama, əsasən də əsgərlər üçün şux atların seçilməsinə xüsusi fikir verirdi, ona görə də hərbi paradlarda onun divizionu öz əzəməti ilə heyranlıq doğururdu. Marqaniyanın at cinslərindən yaxşı başı çıxırdı, Axaltəkə atlarını yüksək qiymətləndirirdi. Məhz o tanınmış rus yazıçısı, tarixi romanlar müəllifi Vasili Qriqoryeviç Yan üçün qızılı-boz rəngli kəhər at seçmişdi ki, yazıçı İtalmaz adlı həmin səmənd atın belində Xivə, Əfqanıstan və İrana səyahət etmişdi. Səyahət zamanı Yanı Marqaniyanın tabeçiliyində olan türkmən döyüşçülər müşayiət etmişdi ki, yazıçı onlardan Xivədən olan igid Qılıc və Georgiyevsk mükafatına layiq görülmüş uryadnik Şaxnazar Qarabəyov haqında öz əsərində söhbət açmışdır.
 30 yanvar 1911-ci ildən Türkmən Atlı-İrrequlyar Divizionu Türkmən Atlı Divizionu adlanmağa başladı. Diviziondakı türkmən əsgərləri rus zabitlərinin rəhbərliyi altında təlim-məşq işləri ilə məşğul olur, hərbi elmin sirlərinə yiyələnir, sərhədçilərlə birgə ekspedisiya və inspeksiyalarda, eləcə də gizli tapşırıqların yerinə yetirilməsinə iştirak edirdi.
 Birinci Dünya Müharibəsi başlanan zaman Türkmən Atlı Divizionunun bazasında Türkmən Atlı Polku yaradıldı. Bu polka öz atları ilə müharibəyə könüllü yollanmaq istəyən türkmən gəncləri götürüldü. Türkmənlər Rus Çarına xidmət edəcək və müharibə meydanında düşmənə sinə gərəcək polkun yaradılması xəbərini böyük sevinclə qarşıladılar və polkun formalaşdırılması üçün əllərindən gələni etdilər. Mərv, Tecen və Aşqabad türkmənləri özləri polkun təhcizatı və müharibəyə göndərilməsi üçün 60 min rubl pul topladılar. Yerli əhali polku yaraşıqlı Axaltəkə cinsli atlarla təmin etdi. Türkmənlərin təşəbbüsünü Çar hökuməti yüksək qiymətləndirdi. Bu əlamətdar hadisədən mütəəssir olan imperator 2-ci Nikolay öz xətti ilə belə yazmışdı: “Türkmənlərə sidqi-ürəkdən təşəkkürümü bildirirəm”. 31 mart 1916-cı ildə Əlahəzrət İmperatorun əmri ilə polkun adı dəyişdirilərək Təklə Atlı Polku adlandırıldı, belə ki polk heyəti tamamilə Axal və Mərvin təklə elindən olanlardan təşkil edilmişdi.
 Qeyd edək ki, Divizionda xidmət könüllü olsa da, ora yazılmaq istəyən türkmənlərin sayı-hesabı yox idi. Bu hərbi hissədə türkmənlər öz milli xalat və papaqlarında xidmət edirdilər; özünəməxsus əyri qılınclarından başqa onlara berdanka tüfənglər verilirdi. Türkmən əsgərlər 25 rubl aylıq məvacib alırdılar. Divizionda xidmət iki il idi, həmin müddət başa çatdıqdan sonra əsgər öz razılığı ilə xidmətini davam etdirə bilərdi. Rus zabitləri və türkmən əsgərləri arasında qarşılıqlı səmimi münasibətlər yaranmışdı: türkmənlər zabitlərə tam etibar edir, hörmətlə yanaşır və onlara rus manerasına uyğun “boyar” deyə müraciət edirdilər. Tezliklə səliqəli və çevik türkmən igidlərlərindən təşkil olunmuş Divizionun şöhrəti bütün Türkistana yayıldı. Ömrü boyu at belindən düşməyən türkmən igidlərinə kavaleriyada xidmət etmək həzz verirdi. Çar ordusunun poruçiki olmuş türkmən Razzaq xan Hacıyev 1929-cu ildə divizionu belə xatırlayırdı: “Diviziona igidlik və şücaət axtaran, cəsurları sevən, macəra həvəsi ilə alışıb yanan və hərb sənətinin sirlərinə yiyələnməyə can atan adamlar daxil olurdular. Bunlar adlı-sanlı xanların, sərdarların, əsilzadə türkmənlərin övladları idi və öz atalarının hünərli yolunu davam etdirmək istəyirdilər. Bu arzu onlara ana südündən siyarət etmişdi”. Rusiya hərbi mütəxəssisləri türkmən atlılarını yüksək qiymətləndirirdilər. Müşahidəçilərin fikrincə, hətta Georgiyevski mükafatları almış təcrübəli rus əsgərləri belə təklə döyüşçülərinə heyranlıqla yanaşırdılar. General Nikolay Lomakinin bildirdiyi kimi, rus əsgərlərinin fikrincə, türkmənlər osmanlılar və Qafqaz dağlılarından da şücaətli döyüşçülər idi. “Kim ki Türkmən atlı polkunu görməyib, əsl altı ordunu görməyib”- müasirlərdən biri belə yazmışdı. O dövrün rus müəllifləri türkmənlərin qoçaqlığı, inadkarlığı və hərbi qabiliyyətləri barədə heyranlıqla söz açmışlar. Rus generalı, şərqşünas publisist və yazıçı Dmitri Loqofet 1909-cu ilə aid qeydlərində türkmən süvariləri haqqında belə deyirdi: “Türkmənlər bizim kavaleriyanın komplekt olunması üçün gözəl materialdır. Öz xarakterlərinə və əsrlərlə mənimsənilmiş dünyagörüşlərinə görə bu xalq xüsusən bizim ordu sıralarımız üçün arzuolunandır”. Rusiyanın hərbi naziri olmuş general Aleksey Kuropatkin də İmperiyaya canla-başla xidmət edən türkmən igidlərini yüksək dəyərləndirirdi. Onun məlumatlarından aydın olur ki, Divizionda xidmət keçən türkmənlərin bir çoxu artıq 1891-ci ildə göstərdikləri rəşadətlərə görə müxtəlif ordenlərlə təltif edilmişdilər. Kuropatkinin sözlərinə görə, türkmənlər soyuq silahla təkbətək döyüşdə mahirdirlər və onların gecə döyüşə girmək kimi qeyri-adi xüsusiyyətləri vardı. Yazıçı Vladimir Tuqan-Mirza-Baranovski 1881-ci ildə yazmışdı: “Təkləli çox gözəl çapar olmaqda və silahla mükəmməl davranmaqda hədsiz dərəcədə qoçaqdır və hətta öz düşmənlərində belə qoçaqlığı yüksək dəyərləndirir... İstənilən təkləlli söz verərsə, hətta canı və azadlığı bahasına olsa belə, o sözün üstündə durar. Ümumiyyətlə, təkləlilər böyük bacarıqlara sahibdirlər, həddən artıq tədbirlidirlər və öz vətənlərini hərarətlə sevirlər”. Türkistan general-qubernatoru Nikolay Qrodekov 1883-cü ildə yazmışdı: “Türkmənlər üçün özünkülərə xəyanət etməkdən böyük cinayət yoxdur, ona görə də hamı əmin idi ki, onların içindən xəyanətkar çıxa bilməz”. N.Latkin (1885-ci il): “Türkmənlər cəsurluqları və ölümdən qorxmamaları ilə fərqlənirlər. Onlar mətinliklə döyüşə atılır, özlərinə qıymadan vuruşurlar, eyni zamanda düşmənə də rəhm etmirlər. Türkmənlər, xüsusən də təkləlilər öz vətənlərini qızğıncasına sevirlər və onu son damla qanlarına kimi qorumağa hazırdırlar”. 1900-cu ildə Türkmənistanı gəzmiş yazıçı Yevgeni Markov türkmən əsgərlərini mədh edərək “qartal, bəbir, aslan” adlandırır və deyirdi: “Onların çoxu hündürboy, enlikürək, piysiz, əzələli atletlərdir”. Markov göstərirdi ki, təklə döyüşçüləri mühasirəyə düşəndə təslim olmurlar və sonadək vuruşurlar. Görkəmli Rusiya sərkərdəsi və strateqi Mixail Skobelyev də təklə döyüşçülərindən heyranlıqla söz açırdı və Avstriya-Macarıstan İmperiyası ilə sərhədə təklə kavaleriyası yeritməyin vacibliyini vurğulayırdıi. Bir müddət sonra Skobelyevin istəyi həyata keçdi və türkmən əsgərləri rus ordusunun tərkibində Venaya kimi irəlilədi.
 Birinci Dünya Müharibəsinin ilk aylarından Türkmən Atlı Polku Qərb cəbhəsində döyüşlərə qatıldı. 23 noyabr 1914-cü ildə Türkmən Atlı Polku Duplitse-Duje kəndi yaxınlığında alman piyada qoşununu darmadağın etdi. Tezliklə türkmən igidlərinin göstərdiyi şücaətlər haqqında əfsanələr dolaşmağa başladı. Əsir alınmış alman zabitlərindən biri türkmən döyüşçülərini “insan imkanlarından xaric igidliklər göstərən şeytanlar” adlandırmışdı. Birinci Dünya Müharibəsi zamanı Polk məğlubedilməzlik şöhrəti qazandı. Alman cəbhəsində cəmi iki ay yarım ərzində gedən döyüşlərdə iştiraka görə Polkun 627 əsgərindən 67 nəfəri Georgiyevski xaçı, 70 nəfərdən çoxu “İgidliyə görə” medalı, Müqəddəs Stanislav və Müqəddəs Anna ordenlərinin müxtəlif dərəcələri ilə təltif olundular. 1915-ci ildə Polk Qalitsiyada polkovnik Serqey Zıkovun rəhbərliyi altında şiddətli hücumlarla Avstriya piyada qoşunlarına tutarlı zərbələr endirdi. 28 may 1916-cı ildə Rus ordusu Dobronouts kəndi yaxınlığınlığındakı döyüşdə düşmənin nəhəng qüvvələrini məğlubiyyətə uğratdı. Həmin döyüşdə 600 nəfərdən ibarət türkmən polku 2 min Avstriya əsgərini öldürdü, 3 minini əsir götürdü, çoxlu sayda tüfəng, pulemyot, top, sursat, at, araba və s. ələ keçirdi. Təklə Atlı Polku Rusiya quru qoşunlarının əsas zərbə qruplarından birinə çevrildi. 
 Tarixçi Yuri Kiriçenko Təklə Atlı Polkunun əsgərlərini “qartal qanadlı, şir ürəkli” adamlar adlandırırdı. Türkmən igidləri özünəməxsus atletik görünüşləri, geyimlərinin orijinallığı və nizam-intizamları ilə tez bir zamanda diqqəti cəlb etdilər. İşəyarayan, əmrləri ani yerinə yetirən və gülümsər türkmənlər hərbçi kimi rus zabitləri tərəfindən yüksək qiymətləndirilirdilər. 1917-ci ildə general Lavr Kornilovun əmri ilə təkləlilər qoşunun ən sədaqətli kontingenti kimi ordu ştabını qorumağa götürüldilər. General Kornilovun türkmən döyüşçülər arasında böyük nüfuzu vardı. Kornilov türkmənlərin mənəvi xüsusiyyətlərini və hərbi keyfiyyətlərini gözəl duyurdu, türkmən dilini bildiyindən onlarla öz dillərində danışırdı. Rusiyada qatmaqarışıqlıq yarandığı və ordunun dağıldığı vaxtlarda da türkmən əsgərlər nizamnaməyə axıradək riayət etdilər, rus zabitlərinin əmrlərini cani-dillə yerinə yetirdilər. B.Budiloviç yazırdı ki, Təklə Polku öz xidməti borcunu yerinə yetirmək üçün ölümə belə hazır idi. Şair A.Braqin deyirdi: “Təklə igidləri Rusiyanın qürurunu qorudular”.
 Divizionda Rus-Yerli Məktəbi fəaliyyət göstərirdi ki, türkmənlər bu məktəbdə təhsil alırdılar və zabit rütbələrinə yiyələnirdilər. Hərbi xidmət keçən türkmənlər rus mədəniyyətini mənimsəyirdilər, həm də yerli adət-ənənələri dərindən öyrənən rus zabitləri onları ideoloji cəhətdən hazırlayırdılar. Nəticədə Divizionda xidmət edən türkmənlər Türkistan diyarının ən elitar və intellektual qrupu halına gəlmişdilər. Türkmən cəmiyyəti içərisində ən yüksək hörmətə malik kəsim də məhz onlar- rus orsusunda hərbi xidmət keçənlər idi. Yararlı təhsil və hərtərəfli dünyagörüş aldıqdan sonra onlar öz məkanlarında bacarıqlı idarəedicilərə, ədalətli hakimlərə və düz yola rövnəqləndirən müdriklərə çevrilirdilər. Qeyd etmək lazımdır ki, o dövrdə ən keyfiyyətli təhsil məhz hərbçilərə verilirdi. Rus ordusunda xidmət etmək insanı hərtərəfli mükəmmələşdirirdi. Orduda təkcə hərbi sirləri öyrətmir, insanı cəmiyyətin layiqli vətəndaşı kimi yetişdirirdilər. Türkmən polkunda xidmət keçənlər adətən yaşlaşandan sonra tayfa ağsaqqaları olurdular və bu tayfalar tədricən Rusiya maraqlarının qoruyucularına çevrilirdilər. Onlar regionda Rusiyaya sədaqətli və dövlətçilik maraqlarını qoruyan qrup formalaşdırırdılar. Get-gedə Rusiyanın regiondakı sədaqətli kontingenti yaranırdı. Yerli əhali Çar hökumətinə xidmət etməyi şərəf sayırdı. Türkmən gəncləri rus ordusunda xidmət çəkmələri ilə fəxrarət duyurdular. Məhz bu səbəblərə görə E.Bulanjye yazırdı ki, ruslar Ortaya Asiyada türkmənlərə tam güvənə bilər, belə ki onlar hazır ordudurlar. Təsadüfi deyil ki, təkləlilərin bayrağının bir üzünə qızılı haşiyələrlə ərəbcə “Allah” sözü yazılmışdısa, o biri üzünə kirilcə Rusiya imperatoru 3-cü Aleksandrın adının baş hərfi “A” və çar tacının şəkli həkk olunmuşdu.

“Avrasiya tarixinin bəzi aspektləri” kitabından

https://www.facebook.com/ibo.sel.1/media_set?set=a.1307111929329715.1073741857.100000927609745&type=3

https://www.facebook.com/ibo.sel.1/media_set?set=a.288309174883728.100000927609745&type=3

https://www.facebook.com/ibo.sel.1/media_set?set=a.1307079062666335.1073741856.100000927609745&type=3

Комментариев нет:

Отправить комментарий