Страницы

21.10.2016

Kərbəlayi Rəşayətin evdə yaratdığı muzey

Maştağa kənd sakini Kərbəlayi Rəşayətin yaratdığı bu muzeyin 25 yaşı var. Anadangəlmə əlil olan Rəşayət 8 yaşından başlayaraq dini və tarixi əhəmiyyətli eksponatları toplayıb şəxsi muzeyini yaratmaq qərarına gəlib.
Kiçik yaşlı uşaq bu istəyini yuxusu ilə əlaqələndirib, valideynlərindən dəstək alıb. Sonralar yuxunun çin çıxmasına şahid olan valideynləri, dostları və kənd sakinləri Rəşadətə daha yaxından dəstək olur, onun yaratdığı kiçik muzeyə hətta müqəddəs ocaq kimi yanaşıblar. O vaxtdan Rəşayət kənddə hər kəsdən Həzrət Abbas payı istəyərək qədim, tarixi əşyaları toplayıb. Hətta xəbər yayılandan sonra sakinlər özləri ona pay gətirməyə başlayıb, beləliklə muzeyi zənginləşdirib. Gənc kolleksiyaçının 18 yaşında olanda əldə etdiyi əşyaların sayı 300-ə çatıb.
Rəşayət ona hədiyyə edilən ən qədim əşyanın 3 min il yaşı olduğunu deyir. Onun sözlərinə görə bu kənddə aparılan qazıntılar zamanı tapılan və qara gildən hazırlanmış dolçadır. Həmin dolçanı bizə nümayiş etdirən kolleksiyaçı əlavə edib ki, arxeoloq və tarixçilər muzeydə 800 yaşı olan çırağın, 300 il bundan əvvələ məxsus olan Quran kitabının 2-3 ərs əvvələ məxsus qabların, digər bəzək əşyalarının tarixini də təsdiq ediblər. Eyni zamanda muzeydə Qurandan köçürülən əl yazılarına, müxtəlif dövrlərdə nəşr olunan dini kitablara da rast gəlinir. Muzey sahibinin yuxusunda gördüyü, sonralar məsciddə tapdığı mis qabın içərisinə isə müqəddəs kitabdan 14 ayə həkk olunub.
Üzərində yazılan tarixə əsasən eksponat XIII əsrə aid edilir. Muzeydə müxtəlif dövrlərə məxsus Gəncə, Qarabağ, Quba xalçaları, Bərdə, Maştağa, Gəncəbasardan tapılan qədim pullar, musiqi alətləri, vaxtilə kirkirə deyilən əl dəyirmanı, sud qabı kimi istifadə edilən sərnic, süfrəyə plov gətirmək üçün sərpuş, daha sonra abkeş, məcməyi, həvəngdəstə, kuzə adlanan məişət əşyaları toplanıb. Burada müxtəlif formalı, mis, layun qablama qazan, səhəng, dolça, samovar, çıraq, kasalar, daş və kömür ütü, güləbdan və digər qədimi əşyalara rast gəlmək olar. Xəncərlər, döyüş kəmərləri, bıçaqlar, müxtəlif heyvan buynuzları, fiqurlar, sandıqlar, tərəzi, balta, qadın bəzək əşyaları, təsbehlər də muzeydə diqqət çəkən eksponatlardır. Muzeydə Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı Hindistan, Özbəkistan, Varşava və digər yerlərdən gələn əşyalar da sıralanıb. Rəşayət deyir ki, belə əşyaları əhali hər zaman təmənnasız təklif etmir. O isə imkansızlıq ucbatından çox vaxt bu qiymətli nümunələri itirib.
İndi Rəşayətin 33 yaşı var. O, 3 dəfə Kərbəla ziyarətində olub. Əldə etdiyi bütün qiymətli nümunələrin nə vaxtsa dövlətə təhvil verəcəyini düşünür. Kolleksiyaçı deyir ki, əlil olduğu üçün dövlətə, xalqa yalnız bu cür xidmət edə bilir. O, öz səyi ilə yaratdığı muzeyi Azərbaycan tarixinin qorunması və gələcəyə çatdırılması yolunda xidmət kimi qələmə verir.

https://tohfaalekberova.wordpress.com/category/uncategorized/

Комментариев нет:

Отправить комментарий