Страницы

20.10.2016

Sabir Paşayev - Göz yaşı

Gözündən süzülən damcılar sənin,
Gizlənən sözündür dilində, bəlkə.
Dilinə gəlməyən acılar sənin,
Danışar gözünün selində, bəlkə.

Dil işə yaramır, hərdən kədərdə,
Göz qədər yanmır, o, səndəki dərdə,
Deyərsən sözünü, bəzən, qəhərdə,
Ən güclü silahdır əlində, bəlkə.

Bəzən də, içində ağlayır insan,
Üzündə təbəssüm saxlayır insan.
Güllərdən dəstələr bağlayır insan,
Şehidir göz yaşı gülündə, bəlkə.

Göz yaşın pak sənin, bilməz xəyanət,
O, bəzən, qorxudur, bəzən, cəsarət.
Sabira, gözündən sən ol muğayət,
Azaldar yükünü belində, bəlkə.

Комментариев нет:

Отправить комментарий