Страницы

15.11.2016

APA Azərbaycanda dini zəmində qarşıdurma yaratmaq istəyir?

Səmral Quluzadə

Bu gün kompüteri açanda bir tanıdığım adamın məni “Şiə silahlı dəstələri uşağı İŞİD üzvü olmaqda günahlandırıb tankla əzdi” başlıqlı bir xəbərə işarələdiyini gördüm. Ən əvvəldə xəbərin başlığı, əlbəttə ki, məni təəccübləndirdi. Çünki başlıq çox iddialı və təhdidkardı. Bilindiyi kimi, dünya müsəlmanlarının 15-20 %-i şiədir. Bu da ki, 250-350 milyon insan deməkdir. Azərbaycan əhalisinin isə ən azı 65 %-i şiədir. Bu da ki, ən azı təxminən 7 milyon insan deməkdir. Başlığa da məhz şiə adının çıxarılması insanda belə bir sual yaradır: “APA Azərbaycanda dini zəmində qarşıdurma mı yaratmaq istəyir?” (Əcəba, bəs APA-dakılar özləri şiə deyilmi?!)
Bu sualın məndə yaranması mənim şiə olmağımla əlaqədar deyil. Çünki başlıqda sünni və ya xristian (və ya hansısa başqa din, təriqət adı) yazılsaydı, bu zaman da eyni reaksiyanı verərdim. Ona görə ki mən də və azca məntiqi olan hər bir insan da dərk edir ki, hər hansısa bir dinin, təriqətin, etnik qrupun nümayəndəsinin etdiyi hansısa bir hərəkətə görə bütün o toplum ittiham oluna bilməz. Məsələn, deyək ki, hansısa xarici bir ölkədə 7 nəfəri öldürmüş bir azərbaycanlı həbs olunur. Və bütün saytlar bu xəbəri Azərbaycanlı sözünü qabardaraq verir. Sanki bütün azərbaycanlılar qatilmiş kimi… Bu APA da daxil (əgər orada azərbaycanlı varsa) hər bir azərbaycanlıya təsir etməzmi?
İndi isə xəbərin mətnini oxuyan və videosunu izləyən kimi məndə yaranan sualları, şübhələri və ilkin təəssüratları dilə gətirmək istəyirəm. Bu xəbərin harasından aydın olur ki, uşaqlara təzyiq göstərib, onları güllələyənlər nəinki şiə, İraq ordusunun əsgəri, ümumiyyətlə kimdir? APA TV və ya istinad etdiyi “Türkiyə mətbuatı”na bu haradan aydın olub? Bəlkə onların qeybdə müxbirləri var, biz bilmirik?! Növbəti bir sual. APA istinad olaraq göstərdiyi “Türkiyə mətbuatı”nın yazdığı hər iddianı, ittihamı, qısacası təxribatı, bilə-bilə ki, Azərbaycan əhalisinin əksəriyyəti- dövlət başçısı, Qafqaz Müsəlmanları İdarəsinin sədri, və bir çox tanınmış və tanınmayan əhalisi də daxil şiədir və bu cür həssas, insanları qarşıdurmaya, etiraz və mitinqlərə sövq edəcək başlıqla verirmi? Mən şəxsən görməmişəm.
Onu da qeyd etmək istəyirəm ki, 2003-cü ildən, Türkiyədə “Ədalət və İnkişaf Partiyası” (AKP) iqtidara gələndən bu ölkə “Yeni Osmanlı” siyasətinə keçib. Və bu siyasətin tərkib hissəsi olaraq Suriya, İraq kimi bir zamanlar öz ərazisi olmuş torpaqları yenə də öz ərazisi kimi görür və bu ərazilərə yiyələnməyə çalışır (Nəzərə alsaq ki, 1453-ə qədər İstanbul da Konstantinopol adı ilə Bizansın olub, Bizans da yunan dövlətidirsə belə çıxır ki, onlar da İstanbulda söz haqqına sahibdirlər). Hələ Əhməd Davudoğlu baş nazir olarkən bütün dünyanın radikal, amansız, cani terror təşkilatı olaraq tanıdığı, gördüyü və qəbul etdiyi İŞİD haqqında “Onlar sadəcə əsəbləşmiş sünnilərdir” ifadəsindən və indiki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2010-cu ilə kimi qardaşım dediyi Bəşər Əsədə qarşı 2011-ci ildən sonra birdən-birə düşmən kəsilib “xalq qatili” deməsindən Türkiyənin “Yeni Osmanlı” siyasəti bir daha bəlli olmuşdur. Son aylarda Türkiyə prezidenti və baş naziri dəfələrlə bəyan edib ki, bizim İraqla filan kilometr sərhədimiz var və ona görə də bizim oradakı hadisələrdə həm söz, həm də hərbi əməliyyatlarda iştirak haqqımız var. Əlbəttə ki azca siyasətdən başı çıxan hər kəs anlayır ki, bütün bu deyimlər, sözlər bəhanədir. Sərhədə qalsa, sadə riyazi məntiq bizə deyir ki, Türkiyənin İraqla neçə kilometr sərhədi varsa, İraqın da Türkiyəylə bir o qədər sərhədi var. Belə çıxır ki, İraqın da Türkiyənin əsasən kürdlərin yaşadığı ərazilərində keçirdiyi əməliyyatlarda söz haqqı var və istəsə o əməliyyatlarda iştirak edə bilər? Təsəvvür edirsiz belə bir hətta şayə yayılsa, Türkiyə dövləti buna necə reaksiya verər?
Və Türkiyənin Suriya siyasəti. Hər kəsə çox gözəl bəllidir ki, 2011-dən bu yana Türkiyə Suriya ilə sərhədini ağına-bozuna baxmadan Suriyada legitim, seçilmiş prezident Bəşər Əsədə qarşı döyüşmək istəyən bütün “mücahid”lər üçün açıb. Və hər kəsə çox gözəl bəllidir ki, Türkiyə və sələfi-vəhhabilərin “mücahid” adlandırdığı bu şəxs və qruplara bütün dünya və o cümlədən Azərbaycan da, Azərbaycanın təhlükəsizlik qurumları da radikal-terrorçu deyir. Türkiyə isə deyir ki, Əsəd xalq qatilidir, öz əhalisinin günahsız yerə qırır və ona görə də biz “müxalifətə” dəstək veririk. Buradan yenə bu nəticə çıxır ki, sabah Türkiyədə hansısa bir şəxs və ya şəxslər, qrup və ya qruplar Türkiyə prezidentini, hökumətini “xalqı qırır” ittihamı ilə qeyri-legitim hesab edib silahlı mübarizəyə başlasalar, Suriya da onlara dəstək verə bilər?
Bəlkə də mövzudan çox yayındım. Lakin məqsədim söhbətin məğzini başqa yerlərə dəyişmək deyil. Tam əksinə. Bu “şəklə” bütünlüklə baxmaq və fikrimi də “geniş pəncərə”dən çatdırmaq istəyirəm. Sözümün Mustafası odur ki, AKP iqtidarındakı Türkiyənin İraqı və Suriyanı öz təsiri altına almaq istədiyi bu zamanda “Türkiyə mətbuatı”nda bu cür xəbərlərin yayılması tam normaldır. Çünki Mosul əməliyyatı başlayandan və İŞİD İraq və Suriyada ciddi ərazilər itirməyə başlayandan Türkiyə iqtidarında bir təşviş, bir həyəcan hiss olunur. Əvvəlcə Suriyada İŞİD-ə qarşı ciddi nəticələr göstərən könüllü özünümüdafiə dəstələri Türkiyə qırıcıları tərəfindən dəfələrlə bombalandı və ara-sıra hələ də bombalanır. Sonra Suriyadakı İŞİD və “Nusra Cəbhəsi” kimi digər ekstrimist, radikal terrorçu qruplaşmaların mövqelərini bombalayan Rus qırıcısı Türkiyə tərəfindən vuruldu. Bütün bunlarla kifayətlənməyən Türkiyə Mosul əməliyyatı başlayandan da bu prosesə uğur diləmək, legitim İraq hökumətinə, prezidentinə, baş nazirinə dəstək vermək əvəzinə, əvvəlcə, haqqında İraqda həbs qərarı çıxarılan və axtarışda olan keçmiş İraq vitse-prezidenti Tariq əl-Haşimi və sonra da İŞİD Mosulu 1 güllə belə atmadan “işğal edərkən” Mosul valisi olmuş Əsil ən-Nüceyfiyə sığınacaq verdi. Bütün bunların fonunda Türkiyə prezidenti və xarici işlər naziri əməliyyatın başlamasından bu günə şiə könüllü xalq dəstələri “Həşd-Şabi” haqqında müxtəlif mənfi sözlər deməyə başladı. Son aylarda “Türkiyə mətbuatı”nın həqiqətən də yazdığım formada “iqtidar dırnağı” içərisinə düşməsini də nəzərə alsaq bu günlərdə məhz bu cür provakativ-təxribatçı videoların yayılması və onlara şiə, “Həşd-Şabi” adlarının yapışdırılması heç də ki, təəccüblü deyil.
Lakin bir daha qeyd edirəm ki, APA və bu və bu kimi xəbərləri, videoları yayan sayt, xəbər və agentliklər bilməlidir ki, onlar bu hərəkətlərilə Azərbaycan xalqı arasında dini zəmində qarşıdurma yaradırlar. Bütün bunlar Azərbaycan prezidentinin tez-tez vurğuladığı və bu ilə də adını verdiyi multikultural dəyərlərə də ciddi zərbədir. Bu dediklərimin ən bariz nümunəsi APA TV-nin rəsmi “facebook” səhifəsində sözügedən xəbərin paylaşıldığı statusun aşağısındakı rəylərdir. O rəylərə baxan istənilən insan görə bilər ki, elə o statusdaca dini zəmində qarşıdurmanın qığılcımları müşahidə edilir. Səhifənin idarəçiləri isə bu rəyləri sadəcə və sadəcə izləməklə kifayətlənir.

Комментариев нет:

Отправить комментарий