Страницы

16.11.2016

Elmi iddia: Bəzi qarabağlılarla ermənilər eyni gen daşıyıcılarıdır

Məşhur insanların, tarixi şəxsiyyətlərin haploqrupunu (insanın irsiyyətini, region mənsubiyyətini bildirən termin) müəyyənləşdirməklə onların hansı millətə məxsusluğunu aydınlaşdırmaq çətin məsələ deyil. Bəzən bu, millətlər arasında müəyyən narazılıq doğursa da, sonuc böyük marağa səbəb olur.
Məsələn, Böyük Britaniyanın “The Daily Mail” xəbər dərgisinin yazdığına görə, bir müddət əvvəl aparılan araşdırmadan məlum olub ki, dünyanın ən məşhur yəhudi əleyhdarı Adolf Hitlerin özü yəhudi əsillidir.
Haploqrupu öyrənilərkən Hitlerin dünyanın hər yerinə səpələnmiş yaxın qohumlarından DNT - dezoksiribonuklein turşusu (tüpürcək vasitəsilə) nümunələri götürülüb. Alimlər iddia edir ki, Hitlerin bütün qohumlarında DNT səviyyəsində E1b1b (Y-DNK) haploqrup aşkarlanıb ki, bu da alman və ümumiyyətlə, Qərbi Avropanın yerli sakinləri üçün yad bir qrupdur.
Sözügedən E1b1b (Y-DNT) haploqrupu əsasən afrikalı (Livan, Tunis və Əlcəzairin yerli əhalisi), daha çox Şərqi Avropada məskunlaşan və dağ yəhudiləri qrupuna adi edilən aşkenazi yəhudilərinə məxsusdur. Bununla da Hitlerin yəhudi əsilli olduğu sübuta yetirilir.
Bəs görəsən, Azərbaycanda necə, kiminsə haploqrupunu öyrənmək mümkündürmü? Bunu reallaşdıracaq tibb müəssisələri, elmi-tədqiqat mərkəzləri varmı?
Bəzi araşdırma apardıqdan sonra öyrənə bildik ki, ölkədə DNT analizlərini aparan və irsi xəstəlikləri müəyyənləşdirən yalnız bir mərkəz fəaliyyət göstərir ki, bu da Respublika Müalicə Diaqnostika Mərkəzidir. Amma mərkəzdə yalnız gələcək nəsillərə ötürülə biləcək irsi xəstəlikləri aşkarlayan DNT analizinin aparılması mümkündür. Analizlərinin nəticələrinin düzgünlüyünə heç mərkəz yetkililəri də zəmanət vermir.
Əksər xarici dövlətlərdə isə bu məsələyə böyük diqqət ayrılır, ölkə üzrə irsi qan xəstəliklərinin yayılma arealını da təyin etməklə gələcəkdə haploqrupu müəyyən etməyə yardım göstərmiş olurlar. Çünki haploqrup öyrənildikdə region faktoru da əsas götürülür.
Azərbaycanda aparılan araşdırmalara nəzər salsaq görərik ki, irsi xəstəliklər üzrə təsnifatlaşdırmaya görə Qobu qəsəbəsinin əhalisində birləşdirici toxumanın xəstəliyi olan ElersDanlos sindromuna, Buzovna əhalisində hemofiliya qan xəstəliyinə, Şəki, Qəbələ Ağdaş və bu rayonlara yaxın ərazilərin əhalisində anormal hemoqlobinlərə daha çox təsadüf edilir. Cənub bölgəsində ferment çatışmazlığına çox yüksək tezliklə rast gəlinir.
Ekspertlər bildirir ki, hər bir xalqın spesifik irsi xəstəlikləri var ki, bununla da bir toplumun haploqrupunu müəyyənlişdirmək mümkündür. Məsələn, son illər Azərbaycanda yeni doğulan uşaqlar arasında onurğa sütununun yırtıqlarına daha çox rast gəlinir. Bəzi rayonlarda sümük-əzələ sisteminin patologiyaları geniş yayılıb. Lənkəran, Astara və Zaqatalada çanaq oynaqlarının çıxıqları, sümük sisteminin patologiyalarına tez-tez təsadüf olunur.  Şəki, Qəbələ, Saatlı, Sabirabad rayonlarında isə rast gəlinən patologiyalar əsasən ferment çatışmazlıqları, talassemiya, anemiyalardır.
Genetik testlər öncəki nəsillərdə hər hansı xəstəliyin yaşanıb-yaşanmadığını öyrənmək, hansısa xəstəliyə gətirə bilən riskli genin mövcudluğunu təyin etmək və digər məqsədlər üçün həyata keçirilir. Hər bir halda genetik testlər informativ funksiya yerinə yetirir və bu müayinələrin peşəkar səviyyədə aparılması da vacib şərtdir. Ona görə də laboratoriyalarda götürülən analizlərin standartları təəssüf ki, yetərincə deyil. Bunu hətta həmin mərkəzlərdə çalışanların özləri də etiraf edir.
Paytaxtda SH Medical Group adlı tibb mərkəzində haploqrup və DNT analizləri aparıldığını öyrənib klinikaya müraciət etdik. Klinikadan bildirdilər ki, onlarda istənilən formada analizlər aparılır, amma nümunələr burada yox, xaricdə yoxlanılır. Nümunələr Almaniya, İsrail və digər müvafiq ölkələr göndərilir. Mərkəzdən indiyədək onlara haploqrupunu öyrənmək üçün müraciət edənlərin olmadığını dedilər.
Haploqrupunu öyrənmək istəyənlər reallaşdırılmasına 5 ildir başlanılan “Azərbaycan DNT layihəsi” çərçivəsində də bunu edə bilərlər. Layihənin adminstratoru Əkbər Əliyev deyir ki, dünyada DNT analizləri aparan xeyli şirkət var: “Beş il bundan əvvəl Azərbaycanda ilk dəfə olaraq bu layihəni reallaşdırmaq qərarına gəldik. Analoji layihə ermənilərdə çoxdur”.
Layihəyə qoşulmaqla hər kəs haploqrupunu öyrənə bilər. Bunun üçün sayta daxil olmaq lazımdır. Sonra test sifariş edilir, orada qiymətlərlə birgə cədvəl təqdim olunur. Bu prosesdən sonra poçt vasitəsilə müraciətçiyə qab göndərilir, həmin qaba ağız suyundan nümunə qoyub mərkəzə vermək lazımdır. Nümunələr Amerikaya göndərilir və bir müddət sonra nəticələr müraciətçiyə çatdırılır.
Əkbər Əliyev deyir ki, bu analizi Azərbaycandakı laboratoriyalarda aparmaq mümkün deyil, yaxın ölkələrdən isə ancaq Türkiyədə reallaşdırmaq olar: “DNT analizi ilə bağlı müraciətlər Amerikadakı kimi çox deyil. Onlarda bu məsələ seriallardan bizə tanış olan atalığın müəyyən olunması üçün deyil”.
Ekspert deyir ki, DNT yolu ilə müəyyənləşdirilib ki, dünyada təmiz etnos məfhumu çox azdır: “Olanlar da uzaq adalarda olan, neçə minilliklərdir eyni populyasiya üzrə inkişaf edən nəsillərdir. O ərazilərdə yaşayanlar digər millətlərlə qaynayıb-qarışmayıblar. Yəni genə nə əlavə olunub, nə də genin çıxışı olub, digər genlərlə qarışmayıb. Məsələn, Azərbaycan millətinin 50 faizi yerli Qafqaz Albaniyası kökənlidir. 20 faizi ərəb, 20 faizi türk-monqol, Orta Asiya kökənlidir. Çox az faiz hesabı ilə vikinqlərdən də var”.
Azərbaycanda eyni genom üzrə inkişaf edən məkanın Qubanın Xınalıq kəndi olduğunu deyən Əkbər Əliyevə görə, burada əhalinin 2-3 min ildir kənardan sanki təcrid olunmuş formada yaşaması genin qarışmaması ilə nəticələnib: “Azərbaycanda ancaq Xınalıq kəndində təmiz haploqrupa malik insanlar tapmaq mümkündür. Bunun mənfi tərəfi odur ki, orada yaxın qohumlarla mutasiya halları çox olduğu üçün genomları təmiz olsa da, ümumi xəstəliklər çoxdur”.
Bəzən deyirlər ki, bir insanın antropoloji quruluşuna görə hansı millətə məxsusluğunu müəyyən etmək olar. Əkbər Əliyev antropoloji quruluşun şəcərə haqqında dəqiq bilgi vermədiyini deyir: “Zahiri görünüşü, üz quruluşu ilə bunu müəyyən etmək mümkün deyil. Məsələn, irqə görə monqoloidlər bir-birinə çox bənzəyir, amma bu oxşarlıq onların eyni haploqrup daşıyıcısı olması anlamına gəlməz. Haploqrupun öyrənilməsi həm də bir çox insanların indiyədək özü haqqında iddialarına ya son qoya, ya da doğrulda bilər. Məsələn, bizdə testdən keçən bir nəfərin haploqrupu ilə müəyyən olundu ki, o, seyid şəcərəsinə bağlıdır. Halbuki bu insan indiyədək nəsillərində, ailələrində seyid olması ilə bağlı hər hansı məlumata rast gəlinmədiyini dedi”.
Qeyd edək ki, DNT analizi həm də son vaxtlar özünə “bəy” soyadı götürən və bəy nəslindən olduğunu deyənlərin iddialarının nə dərəcədə düzgün olduğunu da ortaya çıxara bilər: “Yoxlama zamanı bu iddiaların çoxu yalan çıxır, çünki həmin şəxslər ya şəcərəsini yaxşı tanımır, ya da bilərəkdən yalan danışır. DNT analizi ilə yalan informasiyaların da qarsısın almaq olar. Məsələn, İordaniya kralı II Abdulla deyirdi ki, mən seyid nəslindənəm. 10-15 il əvvəl bu test təzə çıxanda yoxladılar, gördülər ki, seyidlərin içərisində 80 faizi bu şəcərəyə daxildir. Yerdə qalan 20 faizi isə təsadüfi şəxslərdir və seyid sözündən status kimi istifadə edirlər. 
Avropada çoxlu aristokrat nəsillər var, 1500 il bundan qabaq yaşayan hersoqu özünə şəcərə sayanlardan bir neçəsi haploqrupunu öyrəndikdə məlum olub ki, həqiqətən, həmin nəsildəndir. Bu adam bilir ki, həqiqətən bu nəslə aiddir. Amma çox vaxt bu adla yaşayıb, sonradan nəticənin fərqli olduğunu gördükdə psixoloji sarsıntı keçirənlər də az olmur. Ona görə çoxları haploqrupunu öyrənməyə risk etmir".
Əkbər Əliyevin daha bir məlumatı vaxtilə Qarabağda məskunlaşan ermənilərlə bağlıdır. Onun sözlərinə görə, Qarabağ regionunda yaşayanların əksəriyyəti eyni kökənli, eyni populyasiyadan törəyən nəsillərdir: “Hətta o bölgədən olan bir çox azərbaycanlılarla ermənilər eyni gen daşıyıcılarına malikdirlər. Sadəcə sonradan onları dil və din bölüb”.
Müsahibimiz deyir ki, belə məlumatları açıqlamaq Azərbaycan üçün daha sərfəlidir, nəinki gizlətmək: “Bu yolla Qafqaz Albaniyası ilə bağlı yazılan tarixi kitablardakı yanlışlıqları da aradan qaldırmaq olar. Psixoloji məqamları nəzərə alaraq ört-basdır etmək düzgün deyil. Bu texnologiya dəqiqdir, yəni nə mülahizələrə, nə də birtərəfli yazılmış tarixi fikrilərə əsaslanır”.
Əkbər Əliyev deyir ki, DNT analizindən ancaq xırda məişət səviyyəsində yararlanmaq düzgün deyil: “Kriminalistikada, xüsusi xidmətlərdə, genetik xəstəlikləri öyrənməkdə bu, çox vacibdir. Əslində bu, Azərbaycan kimi qohum nikahların çox olduğu dövlətlər üçün vacib yoxlanışdır. Qohum nikahlar genetikaya təsir edən ən ciddi amildir”.

Naibə Qurbanova                    teleqraf.com

Комментариев нет:

Отправить комментарий