Страницы

16.11.2016

NİYƏ RUSİYA İLƏ DOST OLMALIYIQ?

Nadir Qocabəyli

Mən öz şəxsi mənafeyindən çıxış edən adamları haradasa başa düşürəm. Fikrini, mövqeyini qəbul etməsəm də, bilirəm ki, marağı, mənfəəti belə tələb edir. Yəni tutaq ki, Sorosdan qrant alan birinin ağzını demokratiya ilə açıb, insan hüquqları ilə yummasını, daim inteqrasiya, Avroatlantik məkan, demokratik islahatlar və s. bu kimi sözləri saqqız kimi çeynəməsini anlamaq çətin deyil.
Di gəl ki, heç bir işi-gücü olmayan, kasıb yaşayan, qardaşı Rusiyadan pul göndərməsə, ya da qohum-əqrəbası beşdən-üçdən kömək etməsə, acından öləcək bir adamın Qərbi, kapitalizmi, bazar iqtisadiyyatını müdafiə etməsini heç cür anlamıram. Qardaş, kasıb adam kasıbın mövqeyində olmalı, istismarçı kapitalın nəzarətində olan sağ, liberal ideyaları və qrupları yox, onun mənafeyini müdafiə edən solçu siyasi qüvvəni, partiyanı dəstəkləməlidir. Amma bizdə heç bir mülkiyyəti olmayan xüsusi mülkiyyətdən, bazarda satmağa heç nəyi, bazara getməyə pulu olmayan adamlar bazar iqtisadiyyatından danışır. Absurddu, vallah!
Dünən cümlə qura bilməyən biri mənə yazıb ki, ABŞ-ın əlaltısı olmaq pisdirsə, Rusiyanın əlaltısı olmaq da pisdir. Əlbəttə, doğru təsbitdir, ancaq Rusiya burada əlaltı saxlamır axı. Siz heç Rusiyanın mövqeyini müdafiə edən hər hansı siyasətçinin, partiya sədrinin, QHT rəhbərinin Rusiya səfirliyində qəbulda olduğunu gördünüzmü? Rusiya səfirinin onu müdafiə edən adamları başına topladığını gördünüzmü? Görmədiniz! Amma ABŞ səfirliyinin işi-gücü budur.
Mən Rusiya ilə dostluğu təbliğ etməyim müqabilində heç kəsdən heç nə almıram, buna ehtiyac da yoxdur. Bunun hər kəsə bəlli olan sadə səbəbləri var və mən bunu hər şeydən öncə ölkəmizin, xalqımızın, özümün, uşaqlarımın mənafeyi naminə edirəm.
1. Rusiya qonşudur, uzaq qohumdan yaxın qonşu yaxşıdır deyib atalarımız. Daha sonra, qonşunu iki inəkli istə deyiblər...;
2. 200 ilə yaxın eyni dövlətdə yaşamış, eyni siyasəti, iqtisadiyyatı, oxşar mədəniyyəti, mənəviyyatı paylaşmış, müəyyən mənada qaynayıb-qarışmışıq;
3. Biz müasir mədəniyyəti, elmi, təhsili Rusiyadan əxz etmişik;
4. Xırda təxribatları çıxsaq, Rusiyadan bizə heç vaxt ciddi ziyan gəlməyib, amma çoxlu xeyir, fayda gəlib, indi də gəlməkdədir;
5. Rusiya qonşuluğumuzda yerləşən çox böyük ölkədir, onun geniş ərazisi, zəngin ehtiyatları, mehriban xalqı bizim üçün orada böyük perspektivlər yaradır;
6. Türk xalqları Rusiyada say baxımından ruslardan sonra ikinci yerdədirlər;
7. 3 milyon azərbaycanlı o ölkədə yaşayır, işləyir və Azərbaycana hər il Rusiyadan külli-miqdarda vəsait daxil olur;
8. Dünyanın ən ədalətli, kasıbların mənafeyini ən çox qoruyan sosialist ölkəsi SSRİ məhz Rusiyada qurulub və biz də vaxtilə o ölkədə yaşayaraq, onun üstünlüklərindən faydalanmışıq və s.
Bu bəndlərin sayını istənilən qədər artıqmaq olar.
Şəxsi motivlərim nədən ibarətdir?
1. Mən indiyədək həmişə əlimin əməyi ilə yaşamışam, ona görə də, istər-istəməz zəhmət adamına üstünlük verən sol ideyanı dəstəkləməliyəm. Bu ideyanın lokomotivi, mərkəzi isə, şübhəsiz, Rusiyadır.
2. SSRİ dövründə pulsuz orta və ali təhsil almışam, hərbi xidmətdə olmuşam, hazırda dolanışığımı məhz rus dili vasitəsilə etdiyim tərcümələrdən təmin edirəm;
3. Bütün dünyaya rus dili vasitəsilə çıxıram. İnternetdən istənilə materialı, əsəri rus saytlarından pulsuz götürə bilirəm;
4. Azərbaycanın təhlükəsizliyini, terrorçu qruplardan sığortalanmasını məhz Rusiya ilə yaxın, mehriban münasibətlərdə görürəm;
5. Qarabağ münaqişəsinin həllini, gənclərimizin həlak olmasına son qoyulmasını da Rusiya ilə yaxınlıqda görürəm;
6. SSRİ dövünə düşən uşaqlığım, uşaqlarımın hazırda yaşadığı Qərb tipli kapitalist mühitdən daha sağlam, mədəni, mənəvi, keyfiyyətli mühitdə keçib;
7. Qonşuluq haqqını, ümumiyyətlə boynumda olan haqqı unutmayan, haqsız, ədalətsiz davranmaqdan qorxan adamam.
Bütün bunları nəzərə alaraq, Rusiya ilə mehriban qonşuluq, dostluq münasibətlərini müdafiə edir, ədalətli bir ittifaqda birləşməyi zəruri hesab edirəm. Yoxsa mən heç kəsin qara gözünə aşiq deyiləm.

Комментариев нет:

Отправить комментарий