Страницы

21.11.2016

Yerlibazlıq

"Kiçik torpaq" Naxçıvana, "Dirçəliş" Ermənistana, "Xam torpaq" isə Azərbaycan azərilərinə aiddir

Yazının başlığına yeni, daha yaraşıqlı ad, tutaq ki, "traybalizm", yaxud "regionçuluq" sözünün bəzəkli forması olan "regionalizm" də qoya bilirdik. Amma birinci etnik bazisə söykəndiyindən, ikinci isə daha çox ümumiləşdirici anlayış olduğundan qorxuram ki, o qədər də uğurlu alınmasın. Məqalədəki bəzi sistemsizliyə görə də oxuculardan üzr istəyirəm- mövzunun aktuallığını nəzərə alaraq onu birnəfəsə yazmaq məcburiyyətində qaldım.
Ötən əsrin 80-ci illərində Sov.İKP MK-nin baş katibi L.İ.Brejnevin məşur "Kiçik torpaq", "Dirçəliş" və "Xam torpaq" trilogiyasına aid çox maraqlı bir lətifə var idi. Lətifəni söyləyənlər yarızarafat-yarıciddi deyirdilər ki, "Kiçik torpaq" Naxçıvana, "Dirçəliş" Ermənistana, "Xam torpaq" isə Azərbaycan azərilərinə aiddir. Bu hələ o dövrdə ölkədə heyata keçirilən yerlibazlıq siyasətinə verilmiş ən sanballı qiymətlərdən biri idi.
Doğrudan da, əgər biz çağdaş Azərbaycan hakimiyyətinin bir əldə cəmlənməsi, onun möhkəmlənməsində fanatik səviyyəyə yüksəlmiş şəxsi sədaqət, qorxu, total təbliğat kimi vasitələrdən də güclü bir alətin- fundamentinin yerliçilik və tayfa prinsiplərinə söykənməsini söyləsək yəqin ki, oxuculara elə də dəhşətli bir sirr açmış olmarıq.
Siyasətdə yaxın ətraf anlayışı və "parçala və hökm sür" şüarı çoxumuza məlumdur. Orta əsrlərin sonuncu mərhələsi, yeni imperiyaların formalaşması və kapitalist əmək münasibətlərinin başlanğıcından sonra bu postulat instrumentallaşmağa başlamış, xarici siyasətin əsas elementlərindən birinə çevrilmişdir. Uzun tarixi təcrübədən sonra gəlinən nəticə belədir ki, "Parçala və hökm sür" siyasəti xeyli mahiyyət dəyişkənliyinə uğramışdır. İndi o təkcə siyasətin bir tərkib elementi deyil, həm də avtoritar rejimlər üçün daha çox daxili siyasətdə müraciət olunan əsas alətlərdən biridir.
Tarixə qısaca nəzər salaq. Bolşeviklər hakimiyyətə gəldikdən sonra idarəetmədə yerliçilik prinsipləri uzun müddət arxa plana keçsə də, ötən əsrin 50-ci illərindən təcrübə yenidən dirçəldilməyə başladı. Oxucuların nəzərinə çatdırmaq istərdim ki, tayfa və yerliçilik prinsipləri ərəb dünyası, Yaxın və Orta Şərqdə hələ də geniş istifadə edilən vasitələrdən biridir. Görünür islam dünyasının tərkib hissəsi olmağımız, bu dünya ilə mədəni və mənəvi bağlılığımızın da ölkəmizdə yerlibazlıq və tayfabazlığın inkişafında mühüm rolu vardır. Bu amilin təsiridir ki, funksionallıq baxımından kifayət qədər sınanılmış, eyni zamanda həyatın müxtəlif sahələrinə eyni bucaqdan nəzarət etməyə imkan verən tayfabazlıq burda yaxşı möhkəmlənə bilib.
Çağdaş yerlibazlıqdan danışarkən ilk növbədə onun ideoloji bazasına toxunmaq yerinə düşərdi. Azərbaycanda xalq hərəkatı yenicə başlayan zaman tayfabazlığın patriarxlarından biri olan Ramiz Mehdiyev təxminən belə bir ifadə işlətmişdi: "Naxçıvandan siyasətçi, Qarabağdan müğənni çıxar". Yəqin ki, bu ifadə çoxlarının yadında qalmış olar. Hələ o vaxtlar hamıya məlum idi ki, guya insanlar arasında ayrı-seçkiliyə yol verməyən Azərbaycan Kommunist Partiyası hansı yolla gedir. Elə o vaxtlar KP MK-nin tərkibi, rayon KP birinci katibləri təyinatlarına baxmaq kifayət idi ki, hansı bölgələrə üstünlük verilməsinə aydınlıq gəlsin. Ona görə də R.Mehdiyev cənablarının dilindən səslənən bu sözlər sadəcə kimlərəsə yerini göstərmək üçün deyilmiş sözlər deyildi. Onun arxasında onilliklərdən gələn bir təcrübə gizlənirdi.
Yerliçilik siyasəti bir tərəfdən dərin eşalonlaşdırılmış, təxminən mafiya qaydalarına söykənən bir siyasət olsa da, nisbətən sadə prinsiplərə malikdir. Bu prinsiplərin bəlkə də birincisi ölkədə mövcud olan regional subkulturlardan sui-istifadə etmək, beləliklə də siyasi idarəetməni asanlaşdırmaqdan ibarətdir. Məhz buna görə də Azərbaycanda yerliçilik sisteminin olduqca sadə bir sxemi cızılıb. Bu sxemə görə ölkənin ayrı-ayrı bölgələri mədəni və sosial həyatın ayrı-ayrı parametrləri üzrə rollar almalı, bu rolları bacarıqla ifa etməlidirlər. Belə olanda necə deyərlər, "həm canavar tox qalar, həm də qoyunlar salamat".
Kiçik bir misal: Qazax bölgəsinin adı çəkiləndə çoxları onu "şairlər vətəni" kimi identikləşdirir. Qazaxlının özü də bununla fəxr edir, bu xoş, duyğusal, başı uca edən, iftixar hissi oyadan dəyərləndirməni əzizləyərək sinəsinin üstünə qoyur. Bu artıq bizim bostanımızdır. Ora bir kimsə ayaq basa bilməz. Qazaxlıya Ramiz Rövşəni tərifləyə bilməzsən, çünki ondan şair çıxmaz- bu fəxri adi qazanmaq üçün o məhz qazaxda doğulmalı idi. Salam Sarvan? Vaqif Bayatlı? Onlar kimdir? Qazaxlının yanında Əliağa Şıxlinski haqqında hədyanlar danışarsınız, buna əhəmiyyət verməz, Qazax seminariyasının Azərbaycan təhsilində heç bir rol oynamadığını deyərsiniz, əlini yelləyib keçər. Amma onun yanında Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif haqqında ehtiyatsız bir ifadə səsləndirsəniz, anındaca düşmənə çevriləcəksiniz. Yəqin ki, Sərdar Cəlaloğlunun bu ehtiyatsızlığı hələ yaddaşlardadır.
Rol bölgüsünə görə Qarabağdan ancaq müğənni xanəndə çıxmalıdır- zatən Qarabağdan çıxan böyük sənətkarların çoxluğu, bu bölgənin bütöv bir musiqi məktəbi yaratması buna çox yaxşı əsaslar verir, məhz bu amil bölgənin adamlarının bu rolu məmnuniyyətlə qəbul etmələrinə imkan yaradır. Onlar üçün Xan Şuşinski, Səxavət Məmmədov, Qədir Rüstəmov kimi sözün həqiqi mənasında fitri istedada malik olan şəxslər əsl ilham mənbəyidir. Amma, tutaq ki, haradansa Alim Qasımov kimi birisi ortalığa çıxanda bu artıq qarabağlılar üçün şok effekti verəcəkdir. Nəzərə almaq lazımdır ki, muğam məsələsində Qarabağ, Şirvan və Bakı bölgüsünün özəllikləri də bu istiqamətdə uzaqgedən planların cızılmasına şərait yaradır.
Bəs bizlərə Məmmədəmin Rəsulzadə, Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi dahilər vermiş Bakı regionunda vəziyyət necədir? Ölkə tarixinin yaddaşında həmişə ön yer tutan bu bölgənin adamlarına heç nə çatmırmı? Təəssüf ki, tarixi, iqtisadi və mədəniyyət mərkəzi olan bu bölgə çoxdandır ki, qara siyahıya salınıb. Adı çəkilən sxemə görə Bakı sadəcə olaraq gözdən düşməli, aşağılanmalı və həyatın bir küncünə atılmalıdır. Hamı mərdlik, dürüstlük, intellekt və vətən üçün əsl oğul olan bakılıları bu gün "quşbaz", "nəşəxor" kimi tanımalı, onların daha çox kriminal olması qənaətini bölüşməlidir…
Azərbaycanda yerliçilik 1969-cu ildən, H.Əliyev ölkəyə rəhbər gətiriləndən sonra çiçəklənməyə başlayıb. Bu yerliçiliyin əsas nüvəsini Naxçıvan və keçmiş Ermənistan Respublikasında yaşayan azərilərin kütləvi surətdə vəzifələrə irəli çəkilməsi təşkil edir. Bu gün Naxçıvanla heç bir əlaqəsi olmayan bölgədən məhz naxçıvanlının deputat olması, əksər rayonlara təyin edilən icra hakimiyyəti başçıları, xüsusən də cəza aparatı rəhbərləri- prokuror, məhkəmə sədrləri, polis rəisi və MTN şöbələrinin rəhbərlərinin məhz naxçıvanlı və ya pis halda ermənistanlı olması heç kim üçün sirr deyildir. Təbii ki, bu kadrların bacarığı, intellektual səviyyəsi, insanlara qayğısı və digər məsələlər söz konusu deyildir- onların da içərisində bu keyfiyyətlərə cavab verən insanlar vardır. Amma, yenə fakt faktlığında qalır.
İndi vəziyyət elə gətirib ki, ölkə siyasətini başqa cür təsəvvür etmək də mümkün deyildir. Bu iki regiondan çıxmış və bir vaxtlar Azərbaycanın müstəqilliyi, ikinci respublikanın yaranmasında müstəsna rolu olmuş insanların əksəriyyəti  indi sanki siyasi yerliçiliyin əsirinə çevrilib. Acı həqiqət bundan ibarətdir ki, hətta ölkədə demokratiya, insan haqları, azad bazar iqtisadiyyatının inkişafı, azad və bərabər seçkilər tələb edən çoxsaylı insanlar da bu siyasi maqnetizmin təsirindən çıxa bilmir. Bunu ən son hadisələr zamanı təkcə hakimiyyət daxilində deyil, həm də hakimiyyətin tənqidçiləri sıralarında yerliçilik zəminində baş verən təmərküzləşmələrdən də hiss etmək mümkündür.
Bu gün Naxçıvanda doğulub naxçıvançılıq siyasətinə qarşı çıxmaq hər bir naxçıvanlı üçün özünə ölüm hökmü çıxarmaq kimi bir şeydir. Sistem olduqca gözəl işləyir- bunu edən naxçıvanlı həbsxana, aclıq, davamlı işgəncə və təhqirlərlə üzləşməli olacaq. Çoxları bu işgəncələrə davam gətirə bilmir; ya ölkədən qaçır, ya da deyilən şərtləri qəbul etmiş olur...
Azərbaycanın hakimiyyət sistemini araşdırarkən, onu kobud olaraq dörd müxtəlif pilləyə bölə bilərik.
1-ci pillə, hakimiyyət piramidasının ən yuxarı hissəsini əhatə edir. Bu təbəqə rəsmi dövlət vəzifələrinin ranqlaşdırma ardıcıllığından kənara da çıxa bilir və istisnasız olaraq bir bölgədən çıxan adamları- naxçıvanlıları özündə birləşdirir. Tutduqları vəzifələrin böyüklüyü-kiçikliyindən asılı olmayaraq bu pillənin adamları ölkədəki siyasi vəziyyətə nəzarət edirlər. Ramiz Mehdiyevin vəzifəsi ranqlaşma cədvəlində nisbətən aşağı yer tutur, amma bu ona ölkəni idarə etməyə qətiyyən mane olmur. Eləcə də, adları heç bir siyahıda olmayan digərləri…
2-ci pillə, son zamanlar bir qədər zəifləsə də əsasən Ermənistandan çıxan şəxslərdən ibarətdir. Bu pillənin adamları bir qayda olaraq Milli Məclis rəhbərliyi, nazir, nazir müavini, komitə sədri, idarə rəisləri, yaxud Elmlər akademiyasının rəyasət heyətində təmsil olunurlar. Onlar Heydərizm məktəbinin layiqli davamçıları, sistemin mühafizəçisidirlər. Bu adamlar ölkənin biznes və iqtisadi sferasının əsas hissəsinə nəzarət edirlər.
3-cü pilləni şərti olaraq xidmət pilləsi də adlandıra bilirik. Bu pillə Gürcüstandan çıxan Zakir Qaralov, yaxud Qarabağın təmsilçiləri Ramil Usubov, Cavid Qurbanov, şirvanlı Ziya Məmmədov kimi nazirlərin çiyni üzərində dayanır. Yüksək rəsmi vəzifə tutan, əslində isə müstəqil heç bir qərar qəbul edə bilməyən bu nazirərin əsas vəzifəsi rejimi müdafiə etmək yolu ilə öz vəzifələrini qorumaqdan ibarətdir. İlk baxışda belə görünür ki, onlar sərhəddi sonsuzluğa qədər gedib çıxan sərvətlərə- maddi imkanlara malikdir. Amma əslində yaxın dostlardan birinin söylədiyi kimi, bu məmurların rolu yalnız “menecerlikdən” ibarətdir. O sərvətlərin əsl sahibləri isə ən yuxarı pillədə əyləşənlərdir və istədikləri an, istədikləri zaman kəsiyində, heç bir sorğu sualsız həmin sərvətlərə əl qoya bilərlər.
Hakimiyyətin dördüncü pilləsi Məzahir Pənahov, yaxud Paşayevlərdən ibarətdir. Oxucular yəqin ki, bu pillənin ara-sıra önə çıxmağa çalışması, özünə hardasa birinci iki pillənin arasında yer tutmağa cəhd etməsini sezməmiş deyildir. Lakin onlar hələlik bu gücə malik deyillər.
Ali pillədə dayanan İlham Əliyev və ona yaxın olan kiçik bir qrup haqqında da danışmaq yerinə düşərdi. Genetik köklər istisna olmaqla bu şəxsin yerliçiliklə o qədər də bağlılığı yoxdur, baxmayaraq ki atasından miras qalmış yerliçilik amilindən istifadə etməsi qaçılmazdır. İlham Əliyevin öz şəxsi komandası əsasən Bakı və keçmiş SSRİ-nin digər iri şəhərlərində böyüyüb başa çatmış, bir qayda olaraq komsomol məktəbi keçmiş əski vəzifə adamlarının övladlarından ibarətdir. Bu gün üçün məlum olanı budur ki, İlham Əliyev klanın maddi mərkəzidir. Gələcəkdə onun və komandasının aqibəti necə olacaq, bunu demək çətindir.

Hacı Hacılı           haqqinaz.wordpress.com

Комментариев нет:

Отправить комментарий