Страницы

12.01.2017

"Fazil Mustafa Azərbaycanda qarşıdurma yaratmağa çalışır"

"Fazil Qəzənfəroğlu deyir ki, Azərbaycan Türkiyənin arxa bağçasıdır"

Son günlər millət vəkili Fazil Mustafa ADP sədri Sərdar Cəlaloğlu barəsində müxtəlif ittihamedici fikirlər səsləndirir.
Millət vəkilinin sözlərinə görə, ADP sədri onun “bütün şiələr siğədən doğulanlardır”, “Bizim tərəfimizdən Azərbaycana Suriya senarisi gətirilir” və s. bu kimi ifadələri səsləndirdiyi ilə bağlı açıqlamalar verib.
Məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu Faktor.az-a açıqlama verib. O, bildirib ki, Fazil Mustafa onun fikirlərinə zidd cavab verənləri qəbul edə bilmir: “Fazil Qəzənfəroğlu onun fikirlərinə opponentlik edənləri elmi şəkildə çıxış etməyə çağırmışdı. Mən də Tarix fəlsəfəsi, Tarixin nəzəriyyəsi, Azərbaycan tarixi salnamələrindən çıxış edərək ona 120 səhifəlik cavab yazdım. Bununla onun tamamilə yanlış mövqedə olduğunu, Səfəvilər tarixi təhrif etdiyini, dini məsələləri məzhəbçi nöqteyi-nəzərdən Azərbaycan tarixinə yansıtdığını və burada da məqsədinin hansısa bir həqiqəti üzə çıxarmaq deyil, sünni-şiə münasibətlərini qızışdırmaq olduğunu qeyd etmişdim. Həmin məqalədə nə sünnilər haqqında təhqiramiz fikir, nə Fazil Qəzənfəroğlu haqqında fikir söyləmişəm, nə Sultan Səlimdən danışmışam, nə Qanuni Süleyman haqqında nəsə yazmışam. Sadəcə Fazil Qəzənfəroğlu tarixdə baş verənləri tamamilə təhrif olunmuş formada təhqiramiz formada ifadə edərək sünni-şiə münasibətlərini qızışdırır. Aydındır ki, burada məqsəd heç də tarixi məsələlərə aydınlıq gətirmək, vaxtilə Osmanlı-Səfəvilər arasındakı münasibəti aydınlaşdırmaq deyil, məqsəd günümüzdə sünni-şiə qarşıdurması yaratmaqdır. Etiraf edək ki, həqiqətən də qısa müddət ərzində bu qarşıdurma yarandı”.
ADP sədri hazırki vəziyyəti Ərəb baharı ilə müqayisə etdiyini bildirib: “İndiki vəziyyətə nəzər saldıqda gördüm ki, Ərəb baharında da eynən bizdəki kimi öncə Ərəb Baharı inqilabının ideyaları yayıb, çoxlu tərəfdaş toplayıb daha sonra küçələrə tökülüblər. İraq, Suriya, Yəmən, Liviya və digər ölkələrdə baş verən hadisələri törədiblər. Analogiya apardıqda Fazil Qəzənfəroğlunun apardığı bu siyasət olduğu kimi Ərəb baharına uyğundur. İkincisi, 15 iyulda Türkiyədə FETÖ-çülər çevriliş etdilər və dövlət həmin çevrilişin qarşısını aldı. Türkiyə dəfələrlə bəyanatında FETÖ-çülərin hələ də müxtəlif istiqamətlərdən stabilliyi pozmağa çalışdığını bildirib. Türkiyənin ən əsas strateji müttəfiqlərindən biri də Azərbaycandır. Əgər FETÖ-çülərin doğrudan da Türkiyəyə qarşı hansısa planı varsa, həmin planı ilk növbədə Azərbaycandan başlayaraq həyata keçirməlidirlər. FETÖ-nün Türkiyəyə gücü çatmırsa, onun qardaşına gücü çatar. Sual olunur ki, bəs, həmin proseslərdən sonra Azərbaycanda nələr baş verə bilər? Fazil Qəzənfəroğlunun fəaliyyətinə nəzər salaq. Bilirəm ki, bir vaxtlar Türkiyədə Nurçuların təsiri altına düşüb, təriqəti qəbul edib. Nurçuluqla bağlı kitablar yazıb, özü də nurçudur. Şiələri də nurçu olduğu üçün təhqir edir. Onun bu münasibətinin Azərbaycanda qarşıdurma yaratmağa çalışdığı açıq-aydın görünür. Əgər elmi diskussiya aparılırsa, o zaman söyüş və təhqirə nə gərək var? Biri söyləyəndə ki, Səfəvi türkdür, deyir sən İrançısan. Deyəndə ki, Səfəvilər Azərbaycan imperiyasıdır, deyir sən Xomeynin tör-töküntüsüsən. Məni müsahibəsinin birində “Xomeynin tör-töküntüsü”, bir digərində “Neo-irançı” adlandırıb. Mətbuata nəzər salaq. Son bir ildə onun Türkiyə ilə bağlı yazdıqlarına baxaq, bir də mənim. Rusiya-Türkiyə münasibətləri gərginləşəndə Azərbaycanda yeganə şəxs mən idim ki, Türkiyəni müdafiə edirdim. Dekabrın 26-da İran televiziyasında “Kompas” adlı verilişdə Suriya-İraq-İran münasibətləri ilə bağlı debat keçirilirdi. Mən də həmin verilişə skype vasitəsilə qoşuldum. Həmin veriliş internetdə də yerləşdirilib. Həmin verlişdəki çıxışıma baxın. Görün mən İrançıyam, Türkiyəçiyəm, ya kiməm. Ancaq Fazil Qəzənfəroğlu havadan tərəf müqabillərinə ağzına gələni deyir. Bu da onu göstərir ki, burada söhbət hansısa elmi diskussiyadan, tarixin üzə çıxarılmasından deyil, aranı qızışdırmaqdan gedir. Mətbuatda onun fikrinə zidd informasiya gedərsə, həmin mətbu nəşri İrançı adlanır. Fazil Qəzənfəroğluna görə, Şiə= İran=Türkiyə və Azərbaycanın düşməni... Məlumdur ki, Azərbaycan əhalisinin 99 faizi şiədir, Türkiyədə də 10 milyon şiə yaşayır. Bu nə deməkdir? Əgər, biz hamımız düşməniksə, o zaman Türkiyənin dostları kimlərdir?. Fazil Qəzənfəroğlu deyir ki, "Azərbaycan Türkiyənin arxa bağçasıdır". Belədirsə, o zaman Azərbaycanı ciddi təhlükə gözləyir deməkdir. Siyasətçi kimi düşünürəm ki, bu ayrı-seçkilik dini dözümsüzlük nümunəsi, konstitusiya və qanunlara, o cümlədən, beynəlxalq normalara ziddir. Türkiyə prezidenti də məsələylə bağlı mövqe səsləndirdi ki, sünni də, şiə də müsəlmandır, hər ikisi qardaşdır. Bu, təriqət qarşıdurması yaratmaqdır. Amma Fazil Qəzənfəroğlu belə hesab etmir. Cübbəli Əhməd kimi Azərbaycanda həmin siyasəti aparır. Cübbəli Əhməd də nurçuların tərəfdarlarından biridir. Görünür ki, bunun arxasında da Azərbaycanda məzhəb fərqliliyi əsasında çaxnaşma yaratmaq cəhdləri durur. Bir sözlə, Fazil Qəzənfəroğlu heç kəsə şiə olmağı qadağan edə bilmədiyi kimi, heç kəs də ona nurçu olmağı qadağan edə bilməz”.

faktor.az

Комментариев нет:

Отправить комментарий