Страницы

14.01.2017

Namaza Dəvət

Amil Tovuzlu

Qulaq as, ey bəni adəm, mənə diqqətlə bir az,
Nə qədər söz deyərəmsə, sən onu qəlbinə yaz.
Hələ dərk eyləməyirsən nəyə lazımdı namaz?
Bunu dərk eylə ki insanlığa zinətdi Namaz,
Həm ubudiyyətə, həm Tovhidə dəvətdi Namaz.

İnsan ömrü elə azdır ki, hər an bitmədədir,
Namazı olmayan ömrün dəyəri itmədədir.
Namaz insanı gözəlliklərə sövq etmədədir,
Nə gözəllik var, onun hamsına sahibdi Namaz,
Elə zənn eyləmə xaişdi, bu vacibdi Namaz.

Niyə dərs almadın o Fatiməylə Heydərdən?
Nəyin üstündü sənin Fizzə ilə Qəmbərdən?
Varmı insan görəsən pak ola Peyğəmbərdən?
Nə qədər pak ola qəlbin dadına yetməyəcək,
Namazın yoxdusa, Allah da güzəşt etməyəcək.

Dost olub şeytana, Allahına üsyan eləmə,
Qayıt Allaha tərəf bir daha tüğyan eləmə,
Bu qədər eyləmisən, bəsdi ey insan, eləmə.
Vay sənin halına, bir vəxt ölüm anı gələr,
Nə qədər aciz adamsan hamı aşkarda bilər.

Namazı olmayan insan iki dünyadə yanar,
Qorxu həsrətlə  keçər ömrü onun, qəmdə yanar,
Əbədiyyətdə isə nari-cəhənnəmdə yanar,
And ola Qurana, Quran nə deyib baş verəcək
O cəhənnəm odu həqdi, bunu hərkəs görəcək.

Vəli bir fərqi də vardır, bunu hər kəs seçəcək,
Kim ki mömindi Sirat körpüsün asan keçəcək,
Günaha teşnə olan ğəssaqı daim içəcək.
Amma möminlərə altdan çay axan bağlar var,
Və o bağlardada ləzzət dolu irmağlar var.

Həm üst-üstə otaqlar da var o cənnətdə,
Bər-bəzək orda hər insanı qoyar heyrətdə,
Huri-qılman özü məmurdu belə xidmətdə.
Yox, bu söz səhvidi- cənnət özü xidmətdə olar,
Nə gözəllik düşünürsənsə, o cənnətdə olar.

Çalış öz qədrini bil, ruhunu aldatma, bəşər,
Nəki cənnətdən ucuzdur, ona can satma, bəşər,
Daha qəflətdən oyan, getdi ömür yatma, bəşər.
Nə qədər qafil adamsan, sənə söz kar eləmir,
Yəni vicdan səni bundan belə bidar eləmir?

Bilirəm bəlkə də vicdan səni peşman edəcək,
Nəfsi ləvvamə içindən sənə üsyan edəcək,
Onda bir tövbə elə rəhmini Rəhman edəcək.
Daha bundan belə ömr eylə çalış pak və təmiz,
Olacaqsan yenə Allahına bir qul tək əziz.

Vəli vay olsun o insana namaz əhli ola,
Etinasız ola hər dəm onu bivəxti qıla,
Düşəcək hər iki dünyada başı qalmaqala.
Sən də, Amil, Namazın vaxtına diqqətlə yanaş,
Allahın əmrinə hər yerdə məhəbbətlə yanaş.

Комментариев нет:

Отправить комментарий